Bəhailik Hicrətin 13-cü əsrində Şeyxiyyə firqəsinin tə᾿siri ilə İranda Babiyyə adlanan başqa bir cərəyanın davamçısı olan Əli Məhəmməd Şirazi (Bab) tərəfindən tə᾿sis olunmuşdur. Əli Məhəmməd Babın ölümündən sonra «Bəhaullah» ləqəbi ilə şöhrət tapmış Mirzə Hüseynəli Nuri bu firqənin rəhbərliyini öz üzərinə götürdü və bir çox əlavələr etməklə onu yeni məzhəb kimi formalaşdırdı. Bu dərsdə ilk növbədə Əli Məhəmməd Bab və onun canişinlərinin tərcümeyi-halı, daha sonra isə babilik e᾿tiqadları bardə söhbət açacağıq.
ƏLİ MƏHƏMMƏD BABIN TƏRCÜMEYİ-HALI
Bab təxəllüsü ilə məşhur olan Əli Məhəmməd Şirazi Hicrətin 1235-ci ilində(1815 m.) Şirazda dünyaya gəlmişdir. Hələ uşaq ikən atasını itirmiş və ticarətlə məşğul olan dayısının himayəsinə keçmişdir.[1]
Yeddi yaşında ibtidai təhsilə başlamış, dərsə qarşı maraq və istedadı həddindən artıq zəif olduğu üçün elmdə müəyyən nailiyyət əldə edə bilməmişdir. Təhsil aldığı məktəbin müəllimlərindən biri Şeyx Əhməd İhsainin şagirdi Şeyx Abid adlı bir şəxs olduğu üçün, bəlkə də Şeyxiyyə firqəsinin bə᾿zi əqidələri ilə orada tanış olmuşdur.
BUŞEHRƏ GƏLMƏSİ
Şirazda bir neçə il təhsil aldıqdan sonra Əli Məhəmməd Şirazi (Bab) iyirmi yaşına çatmamış dayısının məsləhəti ilə ticarətlə məşğul olmaq üçün Buşehrə gəlir. Bu şəhərin İranın ən isti yerlərindən biri olmasına baxmayaraq, Babi və Bəhai tarixçilərinin nəql etdiklərinə görə, o, günəşi öz ixtiyarına almaq və ulduzların ruhani aləminə nail olmaq üçün yayın qızmar çağında səhərdən axşamadək evinin damında namaz qılar və zikr etməklə məşğul olardı.[2]
Buşehr limanı o dövrdə əlverişli coğrafi mövqeyə malik olduğu üçün Hindistan tacirlərinin daimi gediş-gəliş mərkəzinə çevrilmişdi. Bəlkə də Əli Məhəmməd Bab saatlarla qızmar günəşin hərarətinə dözüb onu öz ixtiyarına almağı onlardan öyrənmişdi.
Ümumiyyətlə, ab-havası mülayim olan Şiraz kimi bir yerdə böyüyüb boya-başa çatmış bir şəxsin Buşehrin qızmar günəşi altında saatlarla ibadət etməsi və hafizəsini gücləndirmək üçün həddindən artıq ruhi məşğələlərlə məşğul olması istər-istəməz Əli Məhəmməd Babın qeyri-adi davranış və təfəkkürə yiyələnməsinə səbəb oldu. Belə ki, dayısı onu fikrindən döndərə bilmədiyini görüb məcburi olaraq, Buşehri tərk edib imam Əli (ə) və imam Hüseyn (ə)-a təvəssül etmək üçün Nəcəf və Kərbəlaya göndərdi.[3]
BABİLİK İDDİASI
Əli Məhəmməd Kərbəlada Seyyid Kazimin şagirdlərinin bir neçəsi ilə tanış olub onun dərslərində iştirak etməyə başladı və bir neçə müddətdən sonra onların əqidəsinə meyl göstərdi. Seyyid Kazimin özünü Bab yə᾿ni, zamanın imamı və dörd bünövrəyə iddia etməsi xüsusi olaraq onun diqqətini cəlb etdi. Hicrətin 1259-cu ilində Seyyid Kazim vəfat etdikdən sonra Əli Məhəmməd onun canişini olduğunu iddia edərək özünə «Bab» təxəllüsünü götürdü. Əvvəlki dərsimizdə qeyd etdik ki, Şeyxiyyə tərəfdarlarının bir çoxu Seyyid Kazim Rəştidən sonra Hacı Məhəmməd Kərim Xana üz tutaraq Əli Məhəmməd Şiraziyə heç bir əhəmiyyət vermədilər. Bu səbəbdən də Əli Məhəmməd Bab, Şeyxiyyədən ayrılıb öz əqidəsini təbliğ etmək üçün doğma vətəni Şiraza qayıtdı. İlkin fəaliyyətindən sonra on səkkiz nəfəri ətrafına yığa bilib, «Hurufi-həyy» adlandırdıqları babiyyə firqəsinin əsasını qoyur. (Əbcəd əlifbasında «h» hərfi 8, «ya» hərfi isə 10 rəqəmini bildirir, bu da cəm halda 18 rəqəmini təşkil edir.
Onlar Əli Məhəmmədin «Babi İmam Zaman» iddiasını qəbul edərək onun əqidəsini təbliğ etməyə və camaat arasında onu «ilk nöqtə» və «Əlahəzrət» kimi tanıtdırmağa başladılar. Beləliklə, Hicrətin 1260-cı ilində Babiyyə firqəsinin bünövrəsi qoyuldu və müxtəlif şəhərlərdə fəaliyyət göstərən babi mübəlliğləri öz ifratamiz çıxışları ilə sadəlövh camaatı özlərinə cəlb edib onlarda babiliyə inam yaratmağa başladılar.
PEYĞƏMBƏRLİK İDDİASI
Tərəfdarlarının çoxaldığını və əqidəsinin geniş şəkildə yayıldığını görüb babilik iddiası ilə fəaliyyətə başlayan Əli Məhəmməd bir qədər sonra İmam Zaman Mehdi, daha sonra peyğəmbərlik iddiası edərək Allah tərəfindən ona vəhy olunduğunu bildirdi. Hətta, «Bəyan» adlı kitabın ona Allah tərəfindən nazil olduğunu bildirdi. Hər bir fəsli «Vahid» adlanan bu kitab 19 fəsildən ibarət olmalı idi. Lakin o yalnız kitabın 11 fəslini tamamlaya bildi, onun e᾿dam olunması qalan 8 fəslin «nazil olmasına» imkan vermədi!!
İmamiyyə alimləri Babiliyin şiə cəmiyyətinə nüfuz etməsini və orada geniş şəkildə təbliğ edilib yayılmasını gördükdə, onların küfr etmələrinə dair hökm verdilər. Eləcə də dövlətdən, ciddi tədbirlərə əl atıb bunların fəaliyyətinə son qoymasını istədilər. Yaranmış belə bir ağır şəraitdə babilər də özlərindən əks-əməl göstərməyə başladılar. Belə ki, Babul, Zəncan və başqa şəhərlərdə dövlət ordusu ilə qarşı-qarşıya durub ciddi müqavimət göstərdilər. Bu qarşıdurmalarda hər iki tərəf böyük itkilər verdi. Qeyd olunan məlumatlara əsasən, yalnız Babul şəhərində qətlə yetirilən babilərin sayı min beş yüz nəfərə yaxın idi.
BABIN TÖVBƏSİ
Dövlət və imamiyyə alimləri Əli Məhəmməd Baba təzyiq göstərərək onu təslim olmağa məcbur etdilər. Əvvəl Tehrana, sonra isə oradan Qacar şahın əmri ilə Makuya göndərilərək oradaca həbs olundu. Təbrizə hakim olan Qacar şahın vəliəhdi Nasirəddin Mirzə, şahın göstərişi ilə Əli Məhəmməd Baba öz iddialarını sübuta yetirmək üçün Təbriz alimləri ilə mübahisə etmək imkanı verdi. Əli Məhəmməd hətta verilən ən sadə və ibtidai suallara cavab verə bilmədi, bütün iddialarından əl çəkib tövbə etdi.
O, tövbənamə yazıb şaha göndərdi. İran İslam şurasının kitabxanasında saxlanılan və şaha müraciət olunan tövbənamənin orjinal nüsxəsində deyilir:
«Ruhum sənə fəda olsun! Şükr olsun Allaha ki, Öz rəhmət və fəzilətini bütün hallarda kafir və abidlərə şamil edir. Həmd və şükr olsun Allaha ki, Həzrətin vücuduna (Qacar şahı nəzərdə tutur) Öz rəhmət və sevgisindən bəxş etmiş, o da günahkar bəndələrinə qarşı mehriban olub günahlarının üzərinə pərdə çəkərək onları əfv etmişdir. Allah şahiddir ki, bu zəif bəndənin Allahın, islamın və Onun rəhbər (hakim) tə᾿yin etdiyi şəxslərin narazılığına səbəb olacaq bir iş görmək məqsədi olmamışdır. Özümə qarşı günah etmiş olmuşamsa da, qəlbən Allahın birliyinə, həzrət Məhəmmədin (s) haqq olaraq peyğəmbərliyə göndərilməsinə və onun vilayətinə iman gətirərək Allah tərəfindən nazil olanları zikr etmişəm. Onun rəhmətinə ümid bəsləyirəm və qətiyyətlə iqrar edirəm ki, Onun narazılığına səbəb olan heç bir şey istəməmişəm. Əgər dilimdən və ya qələmimdən Allahın narazılığına səbəb olan bir şey çıxmışsa da, məqsədim Ona qarşı çıxmaq olmamışdır. Amma necə olursa-olsun, Ona tövbə edib bağışlanmağımı istəyirəm və mənim iddia etməyə heç bir elmim yoxdur. Gördüyüm hər bir işə və dediyim hər bir sözə görə Allahdan əfv və bağışlanmaq diləyirəm və mən həzrət Hüccətullahın (İmam Zamanı nəzərdə tutur) naibliyini tamamilə batil hesab edirəm. Mən nə bunu, nə də başqa bir şeyi iddia etməmişəm. Həzrət şahənşahın öz lütf və mərhəməti sayəsində məni əfv edəcəyinə ümid bəsləyirəm. Vəssəlam.
BABIN AQİBƏTİ
Babın tövbə etməsi artıq çox gec idi. Çünki o vaxtadək onun tərəfdarları bir çox şəhərləri qarət etmiş və sakinlərini amansızcasına qırmışdılar. Onların işğal etdikləri məntəqələrdə hərc-mərclik baş alıb gedir, heç bir nizam-intizam və əmin-amanlıq hiss olunmurdu. Qacar hökuməti babilərin qarşısını almaq üçün daim onları təzyiq və nəzarət altında saxlamalı olurdu. Bütün bunları nəzərə alaraq, Qacar şahı getdikcə alovlanmaqda olan iğtişaşların qarşısını almaq məqsədilə Babın e᾿dam olunmasına dair hökm verdi. Hökm Hicrətin 1266-cı ilində Təbrizdə icra olundu. E᾿damdan sonrakı aqibəti barədə babilər arasında ixtilaf yaransa da, belə bir iddia irəli sürmüşlər ki, onun cənazəsi 18 ildən sonra Fələstinə aparılmış, dəfn edildikdən ora «Məqami-əəla» adlandırılmışdır. E᾿dam olunmasının qarşısını almaq məqsədilə Babın tövbə etməsi heç bir fayda vermədiyi kimi, onun e᾿dam olunması ilə də tərəfdarlarının üsyan və qarətlərinin qarşısını almaq mümkün olmadı. Əli Məhəmməd e᾿dam olunduqdan sonra babilər Bəhailik adı ilə öz fəaliyyətlərini davam etdirdilər.
--------------------------------------------------------------------------------
[1] Tarixi-Nəbil, Nəbil Zərəndi.
[2] Səkkiz cənnət/Mirza Ağa xan Kermani Babi.
[3] Miftahu babul-əbvab/Zəimud-dövlə.
source : الشیعه