Azəri
Thursday 26th of December 2024
0
نفر 0

«Qırx Birinci Görüş»


Əllamə Bəhrul-Ülum Məkkədə yaşadığı illərdə qohum-əqrəbadan, dost-tanışdan uzaq olsa da, tələbələrin və yoxsulların ehtiyaclarını ödəməkdə heç vaxt biganə deyildi. Bəhrul-Ülumun maliyyə üzrə mühasibi bir gün ona deyir: Büdcədə artıq bir dirhəm də olsun pul qalmamış və bir şey fikirləşmək lazımdır. O isə bu xəbərdarlığa bir cavab vermir. Məkkədə olduğu illərdə adəti üzrə, hər səhər Kə`bəni təvaf edər, sonra da istirahət etmək üçün mənzilə qayıdardı. İstirahət vaxı isə qabaqcadan hazırladığım qəlyanı çəkəndən sonra, o biri otağa keçib tədrisə başlayardı. Həmin gün yenə səhər Kə`bənin təvafından qayıtdıqdan sonra həmişəki kimi, qəlyanını hazırlayıb qarşısına qoymuşdum. Birdən, qapının döyültüsü eşidildi və bunu eşitcək, çox həyəcanlı halda mənə dedi: Götür qəlyanı ortalıqdan. Özü də tez yerindən qalxıb, xidmətçilərdən qabaq qapıya tərəf yüyürüb qapını açdı.

Ərəb qiyafəsində çox yaraşıqlı, alicənab bir seyyid içəri daxil oldu və hər ikisi Bəhrul-Ülumun şəxsi otağına keçdilər. Bəhrul-Ülum böyük hörmət və ehtiramla qapı qabağında əyləşdi.

Onlar iki saata qədər təklikdə söhbət etdilər. Seyyid getmək istəyərkən, Bəhrul-Ülum tez ayağa qalxıb qapını açdı və sonra onun əlindən öpüb həyətdəki dəvəyə mindirdi. Nəhayət, qonaq getdi və özü də otağa qayıtdı. Amma onun rəngi-ruhu tamamilə dəyişilmişdi. Sonra əlindəki qətfəni mənə verib dedi: Apar bunu Səfa dağının ətəyindəki dükanda filan sərrafa[1] ver və nə qədər pul versə, al gətir. Mən də qətfəni götürüb dediyi şəxsin yanına getdim. Həmin şəxs qətfəni görcək, öpüb gözləri üstə qoyaraq dedi: Bir neçə nəfər fəhlə gətir. Elə də etdim. Sonra sərraf onların gücləri çatdığı qədər kisələrə pul doldurub mənə təhvil verdi.

Bir gün qərara gəldim ki, həmin sərrafın yanına gedib həm hal-əhval tutum, həm də ondan qətfə sahibi haqda soruşum. Amma ora çatdıqda, belə bir dükan gözümə dəymədi. Qonşu dükanların birindən onun kim və harada olduğunu soruşdum. Dedi ki, hələ bu vaxta qədər burada belə bir sərraf görməmişdir. Başa düşdüm ki, bu da ilahi sirlərdən və İmam Zaman (ə)-ın bizə lütf etdiyi bəxşişlərdən biri imiş.


«Qırx İkinci Görüş»
Bütün İslam dünyasında özünün fövqəladə iste`dad, bilik və zəkası ilə şöhrət tapmış, bə`zi alimlər tərəfindən “fəqih və müctəhidlər simvolu” ləqəbi verilmiş dahi şiə alimi, məşhur səhabə Cabir ibn Abdullahın nəslinə mənsub mərhum Şeyx Mürtəza Ənsari haqda (Allah ondan razı olsun) Əllamə Nuri yazır: “Allah-təala Cabirə böyük fəzilət bəxş etmiş və onun nəslindən elə bir alim yetirmişdir ki, özünün dərin elmi, yüksək iste`dad və bacarığı ilə din və ümmətə misilsiz xidmət göstərmişdir...”

O, fəaliyyət göstərdiyi dövrdə müsəlmanların mərcə` müctəhidi və İmam Zamanın (ə) naib və xadimi olmuşdur. Mürtəza Ənsari, fədası olduğumuz İmam Zaman (ə)-ın həqiqi aşiqi olmaqla yanaşı, daim onun hüzurunda olduğunu hiss etmiş və bir an da olsun Həzrətin məqamından qafil olmamışdır. Şagirdlərindən biri onunla əlaqədar başına gələn bir əhvalatda deyir:

Bir gün gecə yarısı Kərbəlada küçə ilə gedirdim. Küçələr qaranlıq və palçıq olduğundan özümlə neft lampası da götürmüşdüm. Birdən, uzaqdan bir şəxs gördüm və yaxınlaşdıqda bildim ki, ustadım Şeyx Ənsaridir. Öz-özümə dedim: Görəsən, gecənin bu vaxtı gözləri də zəif gördüyü halda palçıq küçələrlə hara gedir? Kimsə tə`qib etməsin deyə onu qorumaq üçün arxasınca düşdüm. Şeyx yavaş-yavaş gedib bir evin qapısına çatdı və elə dayandığı yerdə səlis “Came`” ziyarətnaməsini oxumağa başladı. Sonra evə daxil oldu və daha nə baş verdiyini bilmədim. Amma diqqətlə qulaq asarkən Şeyxin orada kiminləsə danışdığı eşidilirdi. Bir saatdan sonra İmam Hüseyn (ə)-ın ziyarətgahına getdim və Şeyxi orada gödüm.

Sonralar Şeyx Ənsaridən həmin gecə nə baş verdiyini soruşdum və çox isrardan sonra buyurdu: Bə`zən İmam Zamanın (Allah zühurunu yetirsin) hüzuruna yetişmək üçün icazə alıram və bundan sonra sənin heç vaxt tapa bilməyəcəyin həmin evin yanına gedib, orada “Came`” ziyarətnaməsini oxuyuram. İkinci icazə verildikdə isə Həzrətin hüzuruna daxil olub, ondan məni maraqlandıran sualların cavabını soruşuram.

Sonra Şeyx (Allah ona rəhmət etsin) mənə tapşırdı ki, özü dünyadan köçməmiş heç kəsə bu əhvalatı danışmayım.


«Qırx Üçüncü Görüş»
Bəhreyn Avropa və hegemon dövlətlərin istismarı altında olduğu dövrlərdə müsəlmanları razı salmaq üçün, bir sünni məzhəbli nasibini[2] ora hakim tə`yin etmişdilər. Onun şiələrə qatı düşmən olan bir vəziri var idi. Bəhreyn əhalisinin əksəriyyəti şiə və Əhli-beyt aşiqi olduğu üçün onlara qarşı düşmənçilik edərdi. O, daim şiələrə əzab-əziyyət verər, onların məhv olub aradan getməsi üçün müxtəlif hiylələrə əl atardı.

Günlərin bir günü vəzir hakimin yanına gəlib ona üzərində «La İlahə illəllah Muhəmmədun Rəsullullah və Əbu Bəkru və Uməru və Usmanu və Əliyyu xuləfai rəsulullah.» (Allahdan başqa Allah yoxdur. Məhəmməd onun rəsuludur. Və Əbu Bəkr, Ömər, Osman və Əli Allah peyğəmbərinin xəlifələridir.) yazılmış təbii işarələri olan bir nar təqdim edir. Hakim diqqətlə nara baxdıqdan sonra tam yəqinliklə belə qənaətə gəlir ki, narın üzərindəkilər şiələrin Əlinin Peyğəmbər (s)-dən sonra xəlifə olmasına dair iddialarını batil edəcək qəti dəlil ola bilər. Üzünü vəzirə tutub deyir: İndi nə fikirləşirsən? Biz onlarla nə edək? Vəzir deyir: Şiələr təəssübkeş bir camaatdır. Onlar hətta, əsaslı dəlilləri belə qəbul etmirlər. Bunun üçün də gərək onların ən böyük alimlərini çağırıb bu narı göstərək və onlara dörd yol təklif edək; ya əsassız məzhəblərindən əl çəkməli, ya zillətlə cizyə[3] verməli, ya kişiləri öldürülüb qadınları əsir olmalı, ya da bu narın müqabilində əsaslı dəlil gətirməlidirlər!

Hakim xəbis vəzirin təklifini qəbul edir. O, vaxt tə`yin edib şiə alimlərini saraya çağırtdıraraq onlara xəbər göndərir ki, mühüm bir məsələ barədə söhbət etmək istəyir. Alimlər yığıncaqda hazır olduqdan sonra hakim narı onlara göstərib vəzirin təklifini söyləyir və tələb edir ki, tez bir vaxta dürüst cavab versinlər. Əks təqdirdə, onların özlərini öldürəcək, qadınlarını əsir götürəcək və var-dövlətlərini isə qarət edəcəkdir. Sonra bildirir ki, onlara edəcəyi ən böyük güzəşt onlardan zillətlə cizyə alması olacaqdır. Bir sözlə, şiələrlə eynilə İslam dövlətinə tabe olan qeyri-müsəlmanlarla necə rəftar olunursa, elə rəftar olunacaqdır.

Şiə alimləri narı görüb hakimin sözlərindən bədənləri lərzəyə düşür və özlərini itirirlər. Onlar nə edəcəklərini və nə cavab verəcəklərini bilmirlər. Alimlərdən bir neçəsi hakimə deyir: Əgər mümkündürsə, bizə üç gecə möhlət ver, sənə cavab verə bilək. Yox, əgər verə bilməsək, hər nə istəsən bizə qarşı həyata keçirə bilərsən. Hakim onlara üç gecə möhlət verir.

Alimlər qorxu və hürkü içində bir yerə toplaşıb, birgə məşvərət edirlər. Nəhayət, hamılıqla belə bir qərara gəlirlər ki, təqva əhlindən olan on nəfər zahid alim seçsinlər və onların da arasından üç nəfər üstününü tə`yin edib, hər gecə biri səhraya getsin və İmam Zaman (ə)-a təvəssül etməklə məsələnin həlli yolunu tapsınlar. Onlar belə də edirlər. Birinci gecə onlardan birinə deyirlər: Bu gün səhraya gedib orada ibadətlə məşğul ol və dua, münacat edərək Allahın qapısını döy. Sonra isə İmam Zaman (ə)-a təvəssül edib ondan kömək dilə. Bəlkə, Həzrətdən bu müəmmanın cavabını öyrənə bildin.

Qəlbi iman və təqva ilə dolu həmin alim ixlas və sədaqətlə səhraya uz tutur və səhərə qədər Allahla münacat etdikdən sonra, İmam Zaman (ə)-a təvəssül edir. Lakin, təəssüflər olsun ki, bir şey görmir və cavabsız qayıdır. İkinci axşam o biri təqvalı alim səhraya üz tutur. O da birinci alim kimi səhərə qədər münacat və dua edib, İmam Zaman (ə)-a andlar versə də cavabsız gəlir. O da mə`yus halda camaatın yanına qayıdıb bir nəticə vermədiyini bildirir.

Vəziyyəti belə görən şiələr sonuncu gecəni iztirab içində keçirirlər. Daha onların cavab üçün yalnız bir gecələri qalırdı. Əgər bu gecə də cavab əldə edə bilməsələr, çarələri kəsiləcəkdi. Hamı bir nəfər kimi əllərini duaya qaldırır və seçilən üçüncü alim və təqvalı şəxs Məhəmməd ibn İsa səhraya göndərilir. O da ayaqyalın, başı açıq səhraya tərəf üz tutur. O gecə həmişəkindən çox qaranlıq olur. O, bir guşəyə çəkilib dua və münacatla məşğul olmağa başlayır. Allahın dərgahına üz tutaraq düçar olduqları bəlanı İmam Zaman (ə)-ın vasitəsilə aradan qaldırmasını istəyir. O gecə xeyli ağlayır və çalışır ki, özündə qeyri-adi ixlas əldə etsin. Səbirsizliklə İmam Zamanın intizarını çəkir. Gecənin sonunda birdən, qulağına bir səs gəlir. Diqqətlə qulaq asdıqda, mə`lum olur ki, kimsə onu adı ilə çağırıb deyir: Ey Məhəmməd ibn İsa! İxtiyar sahibindən nə istəyin var? Cavab verir: Əgər sən doğrudan da ixtiyar sahibimsənsə, mənim nə istədiyimi bilməlisən və mənim deməyimə heç bir ehtiyac yoxdur! Deyir: Elədir, düz deyirsən. Sən şiələrin düçar olduqları bəlaya – hakimin üzərində yazı olan narla əlaqəli olan məsələyə cavab tapmaq və onun hədə-qorxusundan yaxa qurtarmaq üçün bu səhraya gəlmisən.

Məhəmməd ibn İsa deyir: Ağamdan mö`cüzəli sözləri eşitcək, üzümü ona tutub dedim: Bəli, siz bizim başımıza gələnlərdən agahsınız. Siz bizim imamımız, həm də bu bəlanı bizdən dəf etməyə qadirsiniz. Həzrət buyurdu: Ey Məhəmməd ibn İsa! Allahın lə`nətinə gəlmiş vəzirin evində bir nar ağacı vardır. Onun meyvələri böyüməyə başladıqda, vəzir onlara gildən hazırlatdığı məxsus qəliblər keçirir. Qəliblərdə həmin yazılar vardır ki, narlar böyüdükcə onların üzərinə həkk olur. Səhər açıldıqda hakimin yanına get və ona cavab verməyə hazır olduğunu bildir. Sonra de ki, şəxsən vəzirin evinə getməyincə kimsəyə bir söz deməyəcəyəm. Evə daxil olduqda, hakimə de ki, bunun cavabını sağ tərəfdəki otaqda deyəcəyəm. Vəzir bunu eşitdikdə, sizi həmin otağa daxil olmağa qoymayacaq. Lakin, sən israr et və qoyma ki, vəzir otağa tək daxil olsun. Çalış, otağa birinci sən özün girəsən. Otaqda taxçanın üzərində bir kisə var və qəliblər də onun içindədir. Onu götürüb hakimin yanına apar. Sonra narı həmin qəlibə qoy və bununla da o, həqiqətdən agah olsun. Sizə başqa bir sirr də açıram. O da budur ki, hakimə deyərsən İmamın bir mö`cüzəsi də var. O deyir ki, əgər narı iki yerə bölsəniz, onun içində gilələr yerinə kül görəcəksiniz. Camaatın gözləri önündə vəzirdən narların birini bölməyi tələb edin, qoy hamı bu həqiqətin şahidi olsun. Vəzir bu işi gördükdə, narın içindən çıxan kül onun saç-saqqalına yapışacaqdır.

 Məhəmməd ibn İsa bu sözləri fədası olduğumuz İmam Zaman (ə)-dan eşitdikcə, qol-qanad açır və sevindiyindən Həzrətin ayaqları altındakı torpağı öpməyə başlayır. Sonra o, böyük fərəhlə camaatın yanına qayıdır. Səhər tezdən yerli şiələrlə birlikdə hakimin yanına gedir və İmam Zaman (ə)-ın ona dediklərini yerinə yetirir. Hakim soruşur: Sizin İmamınız kimdir? Məhəmməd ibn İsa İmam Zaman (ə)-a qədər bütün mə`sum imamların adlarını çəkməyə başlayır. Hakim ona deyir: Əlini ver, səninlə bey`ət edim! Mən bu andan şiə məzhəbini qəbul edirəm.

Beləliklə, hakim özü də aşkar mö`cüzəni müşahidə etdikdən sonra şiə məzhəbini qəbul və vəzirini isə edam edir. Özü də bir daha şiələrdən üzrxahlıq istəyib, həqiqi müsəlman olur.

“Nəcmus-Saqib”də nəql olunan bu əhvalat Bəhreyndə çox məşhurdur. Hamı bu əhvalatı danışır və indinin özündə də Məhəmməd ibn İsanın qəbrini böyük ehtiramla ziyarət edirlər.


«Qırx Dördüncü Görüş»
Seyyid Həsən Əbtəhi deyir ki, rəhmətlik atam seyyid Rza Əbtəhi dəfələrlə bu əhvalatı müxtəlif vaxtlarda söyləmişdir. Deyirdi ki, təxminən on altı yaşım olardı. Atam da vəfat etmişdi. Özümdən böyük bacım Məşhədin “Yuxarı Mayun” adlı ətraf yaylaqlarından birində ərdə idi. Məşhəddə havalar qızdığından biz də “Yuxarı Mayun”a getmək istəyirdik. O vaxtlar həmin məntəqələrə maşın getmirdi. Bunun üçün də bir neçə uzunqulaq kirayə edib birinə anamı, birinə özümdən kiçik olan bacımı mindirib, o birinə də şəxsi əşyalarımızı yükləyib yola düşdük. Uzunqulaqların ədəbsiz sahibi cavan oğlan da bizimlə birgə gəlirdi. Mayun çayına təxminən üç kilometr qalmış o, bizdən aralı bir nəfərlə söhbətə başladı. Biz isə qaya tərəflə hərəkət edirdik. O, uzaqdan bizi səsləyib dedi ki, çayın alt tərəfi ilə gedin. Biz isə onun sözlərinə e`tina etməyib yolumuza davam etdik. Çünki, əvvəlcədən demişdik ki, biz Yuxarı Mayuna tərəf gedəcəyik.

Yuxarı Mayun çayına üç kilometr qalmış Aşağı Mayun çayının başlanğıcında, sıx ağaclıqlar altında özünü bizə çatdırıb dedi: Uzunqulaqların kirayəsini verin və yolun qalan hissəsini isə piyada gedin. Anam ondan çox xahiş etdi ki, bizi Yuxarı Mayun çayına çatdır və nə qədər istəyirsən, əlavə pul al. Amma o, bunu qəbul etmədi. Anam isə havanın qaralmasıyla onun fürsətdən istifadə edərək bizimlə olan qadın və cavan qıza qarşı cinayətə əl atacağı ehtimalını fikirləşdikcə, bərk nigarançılıq keçirirdi.

Hava artıq tam qaralmış və sıx ağaclar altında isə göz-gözü görmürdü. Anam o qədər nigarançılıq hissi keçirirdi ki, bilmirdi nə etsin. Birdən, ayağa qalxıb mənimlə bacımı kötəkləyə-kötəkləyə dedi: Məgər siz seyyid deyilsiniz, nə üçün cəddinizi köməyə çağırmırsınız? Biz də ağlaya-ağlaya “Ya Cədda!” (Ey cəddimiz!) – deyərək fəryad etməyə başladıq. Bir də gördük ki, çayın aşağı tərəfindən əyinində zolaqlı əba, başında yaşıl əmmaməli uca boylu, yaraşıqlı bir seyyid gəlir. Bizə yaxınlaşandan sonra bir şey soruşmadan həmin cavana tərəf gedib dedi: Ay nanəcib! Peyğəmbər övladını bu qaranlıq havada, çayın ortasında iztirab içində qoyursan? O, bu sözləri deyərkən nə bizi tanıyır, nə də ki, bizdə seyyidliyimizi bildirən bir əlamət var idi. Cavan isə bir söz demədən tez aradan çıxdı. Sonradan bizə mə`lum oldu ki, o, olduqca bədəxlaq, hamını incidən bir mərdimazar imiş. Seyid ardınca düşüb, onu tutub gətirdi və dedi: Get uzunqulaqları gətir və onları istədikləri yerə çatdır. O da bir söz deməyib itaət etdi və yol boyu bir kəlmə də olsun danışmadı. Sonra seyyid buyurdu: Məqsədə çatana qədər sizinlə birgə olacağam. Biz isə havanın qaraldığını tam unutmuşduq. Çünki, gündüz tək hər tərəfi görür və yolumuza çox asanlıqla davam edirdik. Bacımgilin evi elə bir yerdə idi ki, ətrafında nə bir ev, nə də ki ağaclıq var idi. O, bizi çatdırıb soruşdu: Çatdınızmı? Dedik: Bəli və dərin minnətdarlığımızı bildirdik. Anam tam əmin idi ki, o, İmam Zaman (ə)-dır. Mənə dedi: Ağanı evə də`vət elə, bir az istirahət etsin. Bir də baxıb gördüm ki, artıq yoxdur və hava da qaralmışdır. Nə qədər onu səslədimsə, kimsə səsimə cavab vermədi. Sonra yadıma düşdü ki, çayın kənarında hava qaranlıq olsa da, biz onun əynindəki paltarın rəngini, üzünün bütün cizgilərini belə görə bilirdik.

Atamın bu əhvalatı nəql etməsində əsas məqsədi seyyidliyimizi sübuta yetirmək olmuşdur. Çünki, Həzrət həmin cavanı tənbih edərək demişdi: Ay nanəcib! Peyğəmbər övladını bu qaranlıq havada, çayın ortasında iztirab içində qoyursan? Atam və nənəm əmindirlər ki, həmin şəxs İmam Zaman (ə) olmuşdur.


«Qırx Beşinci Görüş»
Seyyid Həsən Əbtəhi deyir: Bir vaxtlar Tehranda Əbdülkərim adlı pinəçi bir seyyid var idi ki, bir çox alimlərin dediyinə görə, bə`zən İmam Zaman (ə) onun kiçik dükanına gələr, yanında əyləşərək onunla söhbət edərmiş. Bunun üçün də bə`zən onlar da İmam Zaman (ə)-ı görmək ümidi ilə saatlarla onun dükanında oturardılar ki, bəlkə Həzrətlə görüşmək səadəti onlara da nəsib ola. Seyyid Əbdülkərim isə dünyaya bağlı adam olmamış, hətta şəxsi evi belə yox imiş və yeganə gəlir mənbəyi də köhnə ayaqqabılara pinə vurmaq olmuşdur. Tehran bazarının hörmətli və bir çox böyük alimlərin e`timad etdiyi tacirlərindən biri belə bir əhvalat nəql edir:

Seyyid Əbdülkərim Tehranda kirayə evdə yaşayırdı. Ev sahibi onun gəlirinin aşağı olduğundan daha mənzili başqa birisinə vermək qərarına gəlib, ona evdən çıxmaq üçün on gün möhlət verir. Müddət başa çatdıqda Seyyid Əbdülkərim münasib ev tapa bilmədiyi üçün söz verdiyi kimi, ev əşyalarını götürüb küçənin bir küncünə yığır. O, nə edəcəyini və harada qalacağını belə bilmir. Elə bu vaxt İmam Zaman (ə) onun yanına gəlib deyir: Heç narahat olma, əcdadlarımız da çox müsibətlər çəkiblər. Seyyid Əbdülkərim deyir: Düzdür, amma onlardan heç biri kirayə müsibətinə düçar olmayıb. Fədası olduğumuz İmam Zaman (ə) gülümsəyərək buyurur: Düzdür, amma biz bütün işləri yoluna qoymuşuq. Mən gedirəm, bir neçə dəqiqədən sonra işin həll olacaq.

Tacir əhvalatın davamında deyir ki, bir gecə fədası olduğum İmam Zaman (ə)-ı yuxuda gördüm və mənə dedi: Filan evi alıb açarlarını apar ver filan küçədə oturan Seyyid Əbdülkərimə.

Səhər yuxudan durub saat səkkizdə həmin mənzilə getdim. Ev sahibi nə üçün gəldiyimi biləndə, təəccüblə mənə dedi: Borcum var idi, axşam İmam Zaman (ə)-dan kömək dilədim və gecə yatıb yuxuda onu gördüm. Mənə evimi satıb borcumu ödəməyi əmr etdi.

Mən də həmin evi alıb, açarlarını aparıb Seyyid Əbdülkərimə verdim. Ora çatdıqda, İmam Zaman (ə) təzəcə oradan getmişdi.

Allah-təala o səxavətli tacir və Seyyid Əbdülkərimə rəhmət etsin.


«Qırx Altıncı Görüş»
“Riyazül-Üləma” kitabında İbn Cünö`mani barədə deyilir: İmam Zamanla (ə) görüşən şəxslərdən biri də İbn Cünö`manidir. O deyir: Bir dəfə İmam Zamanla (ə) görüşümdə Həzrətdən soruşdum: Ey mənim sərvərim! Sizin həm Nö`maniyyədə yeriniz var, həm də Hillədə. Nə zaman Nö`maniyyədə və nə zaman Hillədə olursunuz? Buyurdu: Çərşənbə axşamı axşamlar və çərşənbə günləri Nö`maniyyədə, cümə axşamı axşamlar və cümə günləri isə Hillədə oluram. Amma Hillə camaatı mənim ziyarət məqamıma xass olan əməlləri yerinə yetirmirlər. Əgər hər kəs bu məqama xass əməlləri yerinə yetirsə, yə`ni mənə və mə`sum imamlara on iki dəfə salavat göndərib salam versə və iki rükət namaz qılıb Allah-təala ilə münacat etsə, Allah-təala onun hər diləyini qəbul edər.

Dedim: Ey mənim sərvərim, namazda Allah-təala ilə necə münacat etməliyəm? Buyurdu: Namazda bu duanı söylə:

«Allahummə, qəd uxizət-tə`dibu minni hətta məssəniyəz-zurru və əntə ərhəmur-rahimin. Və in kanə maqtərəftuhu minəz-zunubi, əstəhiqqu bihi əz`afə əz`afə ma əddəbtəni bihi və əntə həlimun zu ənat. Tə`fu ən kəsirin, yəsbiqu əfvukə və rəhmətukə əzabək.»

İmam Zaman (ə) üç dəfə bu duanı təkrar etdi və mən də onu əzbərlədim.

Mərhum Hacı Nuri deyir: Nö`maniyyə, İraqın Bağdadla Vasit arasında yerləşən şəhərlərindən biridir. Çox güman ki, “Qeybət” kitabının müəllifi Şeyx Nö`mani elə həmin şəhərdən olmuşdur.


«Qırx Yeddinci Görüş»
Mərhum Əllamə Məclisi (Allah ondan razı olsun) “Biharül-Ənvar” və mərhum Nuri “Nəcmus-Saqib” kitabında Hillədə Əbu Racih Həmmami ilə bağlı məşhur və bir çox inanılmış şəxslərdən nəql olunmuş bir əhvalat qeyd etmişlər. Əhvalatı zöhd və ibadətdə şöhrət qazanmış tədqiqatçı alim Şəmsəddin Məhəmməd ibn Qarun belə nəql edir:

Bir vaxtlar Hilləyə şiələrlə müxalif olan nasibi Mərcan Səfir adlı şəxs hakim tə`yin olunmuşdu. Bir gün şiələrə kin bəsləyən bir qrup adam ona deyir ki, Əbu Racih adlı bir şiə səhabələrdən bə`zilərinə lə`nət deyir. Mərcan dərhal onu yanına çağırtdırır və əmr edir ki, onu tez şallaqlasınlar. Mə`murlar onu o qədər vururlar ki, az qalır həlak olsun. Çubuq və qamçı ilə bütün bədənini yaralayır və dişlərindən bir neçəsini də sındırırlar. Dilini bayıra çıxarıb simlə bağlayır, burnunu isə deşib ip keçirir və ipin ucundan tutub çəkə-çəkə Hillənin küçələrində onu dolandırırlar. Bir sözlə, ona o qədər əzab-əziyyət verirlər ki, verilən işkəncələrə dözə bilməyib özündən gedir. Mə`murlar onun vəziyyətini hakim Mərcana xəbər verdikdə, o qəddar insan Əbu Racihin öldürülməsini əmr edir. Camaat hakimə müraciət edərək deyirlər: Əbu Racih qoca və əldən düşmüş bir insandır. O, elə ağır vəziyyətdədir ki, siz onu öldürməsəniz də özü bu gecə dünyasını dəyişəcəkdir.

Əbu Racihin övladları atalarının yarımcan bədənini evə aparırlar və sağ qalacağına əsla ümid etmirlər. Lakin həmin günün səhəri camaat onu yoluxmağa getdikdə ayaq üstə namaz qıldığının şahidi olurlar. Onun bədənində nə bir yara yeri var idi, nə də ağızında bir sınıq dişi. Camaat heyrətə gəlib ondan nə baş verdiyini soruşurlar. Əbu Racih deyir: Gecə yarısı ölümcül hala düşmüşdüm və ölüm mənim bir addımlığımda idi. Qəlbimdə Allahdan dadıma çatmasını və ağam İmam Zaman (ə)-dan mənə kömək etməsini dilədim. Otaq qaranlıq idi, bir də gördüm hər yer nura qərq oldu və İmam Zaman (ə) gözlərim önündə təcəlli etdi. O, mübarək əlini bədənimə çəkib buyurdu: «Get ailənin ehtiyaclarını tə`min etmək üçün işə başla. Və bil ki, Allah-təala sənə şəfa vermişdir.» İndi də gördüyünüz kimi tam sağlamam.

Əhvalatı nəql edən Şeyx Şəmsəddin Məhəmməd ibn Qarun deyir: And olsun Allaha, daim Əbu Racihlə sıx əlaqədə olurdum və hər zaman onun hamamından istifadə edirdim. O arıq, sarışın, qozbel və zahirən yaraşıqsız bir şəxs idi. Camaat onun evinə getdiyi gün mən də onlarla birliklə idim. Amma həmin gündən e`tibarən o olduqca yaraşıqlı qiyafə almış, sağlam, gümrah və cüssəli bir şəxsə çevrilmişdi. Hətta ilk baxışda onu tanımadıq və sanki qarşımızdakı iyirmi yaşlı yaraşıqlı bir cavan idi. Ən təəccüblüsü isə bu ki, o, ömrünün sonunadək bu görünüşdə qalıb əsla dəyişilmədi.

Bu əhvalat camaat arasında yayıldıqda, hakim onu öz yanına çağırır. O, Əbu Racihi dünən qanına qəltan, bu gün isə sağlam və iyirmi yaşlı yaraşıqlı cavan qiyafəsində gördükdə, çox qorxur və həmin gündən e`tibarən öz sarayında İmam Zaman (ə)-ın Hillədəki məqamına tərəf arxasını belə çevirməkdən çəkinir. Bu hadisədən sonra Hillə şiələrinə yaxşılıq edib məhəbbət göstərməyə çalışsa da, lakin çox keçməmiş Allahın qəzəbinə gələrək cəhənnəmə vasil olur.


«Qırx Səkkizinci Görüş»
Mərhum Hacı Nuri “Nəcmus-Saqib” kitabında Mühyəddin Ərbilidən belə bir əhvalat nəql edir:

Bir gün atamla birgə bir yerdə əyləşmişdik və yanımızda oturan başqa bir şəxs isə divara söykənib mürgüləyirdi. Birdən onun başındakı əmmamə sürüşüb düşdükdə, başında bir neçə qılınc yarasının izlərini gördüm. Atam ondan təəccüblə soruşdu: Bunlar nədir belə? Dedi: Siffeyn döyüşündə başıma dəyən zərbələrdir. Atam daha da təəccüblənərək dedi: Siffeyn döyüşü Əli (ə)-ın zamanında baş vermişdir, sən isə o zaman yox idin! Dedi: Bir neçə il bundan qabaq Misirə gedirdim. Yolda “Qərrə” qəbiləsindən bir nəfərlə tanış oldum və yol boyu biri-birimizlə müxtəlif mövzular barədə söhbətimiz düşdü. Söhbət əsnasında Siffeyn döyüşünə də toxunduq. O dedi: Əgər Siffeyn döyüşündə olsaydım, qılıncımı Əli və tərəfdarlarının qanı ilə sirab edərdim. Dedim: Əgər mən də o zaman olsaydım, qılıncımı Müaviyə və tərəfdarlarının qanı ilə sirab edərdim. Belə isə mən Əli (ə)-mın, sən isə Müaviyənin səhabələrindənsən. Haydı, gəl döyüşək!

Bir sözlə, qılınclarımızı siyirib biri-birimizə zərbələr endirdik. Nəhayət, aldığım yaralardan huşumu itirib yerə yıxıldım. Bir azdan əlində nizə tutan bir şəxs məni silkələyib oyatdı. Gözümü açıb başım üzərində bir süvari gördüm. O, atdan düşüb mübarək əllərini bədənimdəki yaralara çəkdi və onlar dərhal sağaldı. Sonra buyurdu: Burda gözlə. Bunu deyib, dərhal gözdən itdi. Bir azdan sonra bir əlində həmin şəxsin başı, o biri əlində isə atının yüyəni ilə qayıtdı. Mənə buyurdu: Bu da düşməninin başı. Sən bizə kömək etdin, biz də sənə. Kim Allaha yardımçı olsa, Allah da ona yardım edər.

Onun kim olduğunu soruşduqda, buyurdu: Mən Höccət ibn Həsən, İmam Zamanam. Bundan sonra kim səndən başındakı yaralar barədə soruşsa, ona de ki, Siffeyn döyüşündən qalıb.


«Qırx Doqquzuncu Görüş»
Seyyid Həsən Əbtəhi deyir ki, o vaxtlar Qumda tələbələrindən biri ailə qurmaq istədikdə, oxuduğu mədrəsədə artıq ona otaq verilmirdi. O da təbii olaraq qalmaq üçün özünə bir ev kirayə etməli idi. Biz də o vaxt imkanımız olmadığından bizimlə qohumluğu olan yoldaşlarımdan biri ilə üç otaqlı bir mənzil kirayə etdik. Otaqlardan birini mütaliə, kitabxana və dostlarla görüş yeri, o biri iki otağı isə yataq və istirahət üçün ayırdıq.

Bir gün kitabxana otağında oturub mütaliə edirdim. Birdən, ev sahibəsi qapını döyüb evə daxil oldu və həyat yoldaşıma bəhanə ilə yersiz iradlar tutdu və şikayətləndiyini bildirdi. Bu sözləri eşitcək, qəlbim qırıldı və elə həmin an dostumla birgə fədası olduğumuz İmam Zaman (ə)-a təvəssül etmək üçün Cəmkəran məscidinə yola düşdük. Gün batana yaxın idi və orada dua və münacatla məşğul idik. Birdən, özümdə vəsf edə bilmədiyim qeyri-adi bir halın yarandığını hiss etməyə başladım. Elə həmin an İmam Zaman (ə) mənə buyurdu: Evə qayıtdıqda, görəcəksən ki, sizin üçün ev alacağı şəxs qonaq otağında oturub sizi gözləyir.

Mən eşitdiklərimi dostuma dedim və birbaşa evə qayıtdıq. Qapını açdıqda, gördük ki, qəbul otağının işığı yanır. Həyat yoldaşımdan soruşdum: Qonağımız var? Dedi: Bəli, filankəsdir (Tehranda al-verlə məşğul olan dostlarımdan birinin adını çəkdi. O, Quma gələrkən bizə də baş çəkərdi. Amma bizə ev alası qədər də dövlətli deyildi).

Nə isə, görüşüb biri-birimizlə hal-əhval tutduq. Sonra şam süfrəsi açıldı. Şam yeməyini yeyib qurtardıqdan sonra qonağımız dedi: Eşitmişəm Qumda hazır qəbir yerləri satırlar. Mən gəlmişəm ki, qohumlardan birinə qəbir yeri alım. Dedim: Eybi yoxdur, düzələr. Bundan sonra aramıza bir müddət sükut çökdü.

Mən həmin gecə İmam Zaman (ə)-a təvəssül edib dedim: Mə`lum olur ki, ömrümüzün sonudur və dostumuz da bizim üçün qəbir yeri almaq istəyir. Biz onunla dost-yoldaş olduğumuz üçün sözsüz ki, bizi özü dəfn edəcəkdir. Amma səhər yeməyi vaxtı gördük ki, onun fikri tamamilə dəyişilib. Yeməyini yeyib qurtardıqdan sonra dedi: İnsan harada dəfn olursa-olsun, fərqi yoxdur. Əsas odur ki, insanın əməli xeyirli olsun ki, bərzəx aləmində də narahatlıq keçirməsin. İndi istər qəbri üzərində tikili olsun, ya olmasın.

Biz isə bir söz demədən onu dinləyirdik. Sonra dedi: Məncə, bu mənzil sizin üçün darısqaldır. Belə fikirləşdim ki, sizə Qumda heç olmasa dörd otaqlı bir ev alım. Onun iki otağı sizin, iki otağı isə Quma gəldiyimiz zaman mən və dostlarım qalmağı üçün. Mən dedim: Siz ev alın, amma biz orada qalmayacağıq.

Belə bir cavabın əsas səbəbi isə bu idi ki, adətən Tehran əhalisindən bə`ziləri Qumda ev aldıqları zaman onu bir tələbəyə verərdilər ki, özləri və ya dostları gecə-gündüz Quma gəldikləri zaman onlara qulluq etsin. Bu isə demək olar ki, hər həftə təkrar olunurdu.

Qonağımız dedi: Elə isə mənim üçün Qumda bir ev alın, nə vaxt daha yaxşısını tapsanız mənə xəbər verin. Sonra o, Tehrana qayıtdı.

Bu əhvalatdan sonra mən neçə gün idi ki, özümü çox narahat hiss edirdim. Çünki, mənə ev və`d verilmişdi. İndi də ki, əvvəl qəbirdən danışılır, sonra isə ev əvəzinə bizi evə qulluqçu götürürlər. Bütün bunlara görə İmam Zaman (ə)-dan bərk gileyləndim. Bir gün yuxuda gördüm ki, başında araqçın, çiyininə əba atmış bir tacir bizimlə görüşüb deyir: Gəlin mənzilə baxın, əgər xoşunuza gəlsə sizin üçün alaq. Biz onunla altı otağı olan bir mənzilə getdik. Evin sütunlarından birində çat olsa da, mən onu bəyəndim və həmin şəxs evi qonağımızdan pulla alıb bizə verdi.

Yuxadan ayılıb yuxuda gördüklərimi dostuma danışdım. O da belə yozdu ki, Allahın istəyi ilə ev-eşik sahibi olacağıq. Lakin həmin gün həmin Tehranlı qonağımızdan belə bir məktub aldıq. Filan ünvanda ev satılır, xahiş edirəm gedib baxasınız, əgər xoşunuza gəlsə ev sahibinə deyin mənə xəbər etsin və mən də gəlim evi alım.

Biz də onun dediyi ünvana getdik və orada bizi dünən gecə yuxuda gördüyümüz şəxs qarşıladı. Hətta onun başında həmin araxçın çiyinində də həmin əba var idi. Dostuma dedim: Əgər bu ev mənim yuxuda gördüyüm həmin ev olarsa, onda deməli ev bizim üçün alınır.

Həmin şəxs bizi evə də`vət etdi, baxıb gördüm ki, o mənim yuxuda gördüyüm altı otaqlı və sütunlarından birində çat olan həmin evdir. Amma ev sahibi evin qiymətini olduqca çox deyib bizimlə razılaşmadı. Bizi gətirən dəllal dedi: Bu ev onun dediyi qiymətə dəymir, gedək sizin üçün başqa bir ev tapaq. Dostuma yavaşca dedim: Bu evi biz alacağıq və o elə bizə də məxsus olacaqdır. Amma bunun necə olacağını bir Allah bilir.

Həmin günün səhəri ev sahibi məni həzrət Mə`sumənin ziyarətgahının həyətində görüb dedi: Səhər açılandan sizi axtarıram. Həyat yoldaşım dünən gecə yuxuda görmüşdür ki, bir şəxs ona deyir: “Nə üçün onlarla razılaşmamısınız? Niyə onları qapıdan geri qaytarmısınız?” Xülasə, əgər evi almaq istəyirsinizsə, hər qiymətə sizinlə razılaşarıq.

Bundan sonra mən Tehranlı dostumun sifariş göndərdiyi həmin şəxsin evinə gedib hər şeyi ona danışdım. O da dedi: Elə deyil, Tehranlı dostumuz evi sizin üçün almaq istəyir. Bunu deyib dəhal ona bir məktub göndərdi və o da bir neçə gündən sonra Quma gəlib həmin evi bizim üçün aldı. Amma əxlaqım  buna yol vermədiyi üçün pulu ondan almaq istəmirdim. O, israr etdiyimi görüb dedi: Bunu bil ki, evin pulunu mən vermirəm. Onu verən şəxs nə sizi tanıyır, nə də ki, siz onu. Bunun üçün də kimsənin minnətini çəkməyəcəksiniz. Siz yalnız və yalnız İmam Zaman (ə)-a təşəkkür edin.

Sonradan Cəmkəran məscidinə getdiyim zaman yenə də özümdə qeyri-adi hal hiss etməyə başladım. Həmin halda İmam Zamana (ə) üzümü tutub dedim: Bəs nə üçün elə birinci gecədə ev həmin şəxsin vasitəsilə alınmadı, əvvəl qəbir yerindən söz açıldı, bundan sonra başqa birisi üçün ev alınmaq qərarına gəlindi. Və nəhayət,  iki aydan sonra verdiyiniz və`dəyə əməl edib bizə ev verdiniz?!

Buyurdu: Əgər elə birinci gün verilsəydi qədrini bilməyəcək və bundan çox sevinəcəkdiniz.

 

--------------------------------------------------------------------------------

[1] Pul dəyişən.

[2] Nasibi – Əliyə (ə) düşmən olanlara verilən ad.

[3] Vergi.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Yəmən qüvvələri 30 İŞİD-çi terroristi öldürdü
-IKi məKtəbin Peyğəmbəri ƏKrəm ¡-in hədisini rəvayət edənlər barəsindəKi ...
Təbrizdə Azərbaycan konsulluğu yaxınlığında Nardaran Şəhidləri yad edildi
Əli(ə.s)-nin qəbrin kənarında söylədiklərindən bir hissə.
Ərəbistanının Sanada İşlədiyi Qorxunc Cinayətdə Həyatını itirənlərin sayı ...
Səadətli təvəllüd
Ədalətsiz hakim Zeynal Ağayev jurnalistləri məhkəmədən qovdu-"Nardaran işi ...
Vəhhabilər Nigeriyada 90 məktəbli qızı oğurlayıblar
Uşaq qatili olan yəhudilər südəmər Fələstinli uşağı qətlə yetirdilər
Talış Bölgəsi ictimaiyyəti Ali Təqlid Mərcələrinin Xalqa düşmən kimi ...

 
user comment