BİRİNCİ FƏSİL
RUHU SAFLAŞDIRMANIN YOLLARI
Cənab Şeyxin nəfəsi çox tə᾽sirli idi və iste᾽dadlı ruhların tərbiyə olunmasında yüksək quruculuq qabiliyyətinə malik idi. Onun şagirdlərindən biri belə deyir:
«Bir gün mən və Şeyx mərhum Ayətulluh Məhəmməd Əli Şahabadi ilə birlikdə Təcriş meydanında gedirdik.[1] Şeyx, Ayətullah Şahabadini çox sevirdi. Bir nəfər bizə yaxınlaşıb mərhum Şahabadidən soruşdu: Siz düz deyirsiniz, yoxsa bu ağa (Şeyxə işarə edirdi)?
Ayətullah Şahabadi buyurdu: Nəyi düz deyir? Siz nə istəyirsiniz?
O şəxs dedi: Sizlərdən hansı biriniz düz deyirsiniz?
Ayətullah Şahabadi buyurdu: Mən dərs deyir və tələbələri öyrədirəm, o isə insan hazırlayıb cəmiyyətə təhvil verir.
Bu sözlər, o böyük rəbbani və kamil insanın təvazökarlıq nümunəsi olmasından əlavə, cənab Şeyxin tə᾽lim-tərbiyə və insan ruhunun saflaşdırılmasındakı qüdrət və kəlamının dərin tə᾽sirini bəyan edirdi.
ALTMIŞ İL YOLU TƏRSİNƏ GETMİŞƏM!
Doktor Həmid Fərzam, cənab Şeyxin mə᾽nəvi cazibəsini və kəlamının tə᾽sirini belə bəyan edir: Tehran universitetinin məşhur ustadlarından olan Cəlaləddin Hümayi elm və maarifdə, xüsusilə fars ədəbiyyatında və islami irfanda dövrümüzün məşhur şəxsiyyətlərindən biri idi. O, həm də mənim müəllimim idi. İlk dəfə altmış yaşında ikən Şeyxlə görüşə bilmişdi.
Mən on yeddi yaşımda olarkən ustad Humayinin hüzuruna getdim. O, həmin vaxtlarda Əbu Reyhan Biruninin «Əttəfhimu li əvailis-sənaəti təncim» kitabını, eləcə də İzzuddin Məhmud Kaşaninin «Misbahül-hidayət» və «Miftahul kifayət» adlı kitablarını təshih etmiş, eləcə də imam Məhəmməd Qəzzalinin əsərləri ilə bağlı «Ğəzzalinamə» kitabını çox dəqiq və incəliklə yazmışdı. Onun «Misbahül-hidayət» kitabına yazdığı müfəssəl müqəddimə demək olar ki, nəzəri və əməli irafanın tam külliyatıdır.
Bəli, altmış yaşlı bu böyük irfani şəxsiyyət mənim ustadım idi. Adətimizə görə bir gün cənab Şeyxin hüzuruna çatdıqda mənə buyurdu:
«Sənin ustadın cənab Cəlaləddin Humayi mənim yanıma gəlmişdi. Ona bir neçə cümlə dedim. Dərindən təsirləndi, həsrət və peşmançılıq əlaməti olaraq öz alnına bir sillə vurdu və öz-özünə dedi: «Qəribədir: Altmış il yolumu tərsinə getmişəm!!»
Bəli, cənab Şeyxin cazibəsi və kəlamının tə᾽siri elə bir dərəcədə idi ki, ustad Humayini kimi böyük irfani və elmi məqamda olan şəxsin həyatında əsaslı bir dönüşə səbəb olur. Allah ona rəhmət eləsin!
Şeyx qızğın söhbətə məşğul olduğu dua və raz-niyaz məclislərində buyururdu:
«Dostlar! Mənim sizə dediyim bu sözlər irfanın axırıncı səviyyəsindədir!»
Doğrudan da belə idi.
Şeyxin şagirdlərindən biri deyir: Şeyxin dərsləri misi qızıla çevirirdi.
Buna əsasən, Şeyxin insan quruculuğunun bəyanında ilkin məsələ onun dinləyicilərə tə᾽sirinin sirrini açmaq, bu ilahi şəxsiyyətin insan quruculuğu yolunda və insan tə᾽lim-tərbiyəsində seçdiyi üslubu araşdırmaqdan ibarətdir.
ƏMƏL İLƏ TƏ᾽LİM-TƏRBİYƏ
İslami rəvayətlər və hədislər baxımından əxlaq tərbiyəçilərinin, əxlaq ustadlarının tə᾽lim-tərbiyəsinin daha tə᾽sirli olmasının ilkin şərtlərindən biri də tərbiyəçi şəxsin özünün öz dediklərinə əməl etməsindən ibarətdir. Əmirəl-mö᾽minin Əli (ə) bu barədə buyurur:
«Hər kəs özünü camaata rəhbər seçsə, gərək başqalarını öyrətməkdən qabaq özünü tə᾽limləndirsin, (və başqalarına) sözlə tə᾽lim-tərbiyə verməkdən əvvəl onları öz rəftarı ilə tərbiyələndirməlidir».[2]
Şeyxin nəfəsinin tə᾽sirinin və onun tə᾽lim-tərbiyədəki qüdrətinin əsil sirri Əmirəl-mö᾽minin Əli (ə)-ın bu tövsiyələrinə əməl etmək, camaatı Allah yoluna sözlə deyil, ilk növbədə əməllə də᾽vət etməsi idi.
Şeyx başqalarını tovhidə də᾽vət etdiyi zamanda özü «Ərbabun mütəfərriqun»u[3] pərakəndə vəziyyətdə olan rəbbləri) onların da başında öz nəfs bütünü sındırmışdı. Başqalarını bütün işlərdə ixlas və sədaqətə də᾽vət etdiyi zaman özünün bütün hərəkətləri, bütün əməlləri yalnız Allah üçün idi. Əgər bir anlığa Allahdan qafil olurdusa, yenə də haqqın mərhəməti onun dadına yetişirdi. O, özü bu barədə belə buyurur:
«Allahdan başqası xatirinə vurduğum hər bir iynə əlimə batırdı».
Şeyx başqalarını Allaha məhəbbət bəsləməyə də᾽vət etdiyi zaman özü pərvanə kimi Allahın eşq şö᾽ləsi ətrafında yanırdı. Başqalarını ehsana, fədakarlığa, xalqa xidmət etməyə də᾽vət etdiyi zaman özü bu işlərdə hamıdan öndə gedirdi. Dünyanı «qoca qarı» kimi tə᾽bir etdiyi və başqalarını da ona qarşı məhəbbət göstərməkdən ciddi şəkildə çəkindirdiyi halda, onun zahid sayağı olan sadə həyatı dünya malına rəğbətsiz olduğunu göstərirdi. O, başqalarını həvayi-nəfslə Allah yolunda mübarizəyə də᾽vət etdiyi zaman özü bu cəbhənin ön xətlərində dayanmış və həzrət Yusif kimi çox çətin imtahanlardan başıuca çıxmışdı.
TƏRBİYƏ METODLARI
Cənab Şeyxin şagirdlərinə verdiyi tə᾽lim-tərbiyə üsullarını iki yerə bölmək olar: Ümumi məclislərindəki tə᾽lim-tərbiyə üsulları və xüsusi rəftar və tərbiyə üsulu.
1. Ümumi məclislər;
Şeyxin ümumi iclasları adətən, onun öz evində təşkil olunurdu. Həmçinin əksər bayram günlərində, mə᾽sumların (ə) şəhadət və təvəllüd günlərində, məhərrəm və səfər aylarında, eləcə də mübarək Ramazan ayında hər gecə öz evində moizə təşkil edirdi.[4] Bə᾽zi hallarda bu yığıncaqlar növbə ilə dostlarının evində təşkil olunurdu və iki il müddətində davam edirdi.
Həftəlik yığıncaqlar adətən cümə axşamları olurdu. Məğrib və işa namazları cənab Şeyxin imaməti ilə qılınırdı və o, namazdan sonra çıxışının əvvəlində mərhum Feyz Kaşaninin istiğfarla əlaqədar olan şe᾽rlərindən bir neçə beyt oxuyurdu:[5]
Ze hər çi ğeyri yar əstəğfirullah
Ze bude müstəar əstəğfirullah
Dəmi ki an beqzərəd biyadi ruyəş
Əz an dəm bişumar əstəğfirullah
Zəban ki an tər bezikri dust nəbovəd
Ze sirrəş əl həzər əstəğfirullah
Səraməd ömro yek saəti ze ğəflət
Nəgəştəm huşyar əstəğfirullah
Cəvani rəfto piri həm səraməd
Nə kərdəm hiç kar əstəğfirullah
Şeyxin şagirdlərindən biri belə deyir: «Bu beytləri elə halla oxuyurdu ki, ağlamağımızın qarşısını ala bilmirdik. Bundan sonra imam Zeynül-abidin (ə)-a mənsub edilən on beş münacatdan birini vəsfolunmaz halla oxuyurdu.[6]
Başqa birisi belə deyir: «Şeyxin dua mərasimlərində heç kəs onun kimi göz yaşı axıtmırdı. Doğrudan da onun göz yaşları insanın qəlbini riqqətə gətirirdi.
Dua mərasimi sona yetdikdən, çay paylandıqdan sonra çıxışında moizə, nəsihət etməyə başlayırdı. Cənab Şeyxin bəyanı çox gözəl idi. Danışarkən çalışırdı ki, özünün Qur᾽an və islam hədislərindən çıxardığı, eləcə də yəqinə yetişdiyi həqiqətləri başqalarına çatdırsın.
Onun məclisində iştirak edənlərə «dostlar» deyə xitab edirdi. Onun sözünün əsil mehvəri tovhid, ixlas, Allaha məhəbbət, həmişə özünü Allahın hüzurunda hiss etmək, Allahla ünsiyyətdə olmaq, insanlara xidmət, Əhli-beytə (ə) təvəssül etmək, on ikinci imamın (ə) zühurunun intizarını çəkmək, dünyaya məhəbbətdən və xudbinlikdən uzaq olmaq, həvayi-nəfsə itaət etməkdən çəkinmək və s. Bunların hamısı gələcək fəsillərdə qeyd olunacaqdır.
Cənab doktor Səbati özünün cənab Şeyxlə necə tanış olması, eləcə də onun məclisləri barədə belə deyir: «Orta məktəbin axır illərində mərhum doktor Əbdül Əli Quyanın (o, Fransada atom fizikasında doktorluğu müdafiə etmişdir.) vasitəçiliyi ilə Şeyxlə tanış oldum və təqribən on il müddətində onun moizə məclislərində iştirak etdim. Onun məclisləri çox müxtəsər bir yığıncaq idi və çox az və xüsusi şəxslərin vasitəsi ilə təşkil olunurdu, ümumi yönə malik deyildi. Hər vaxt onun məclislərində çox adam iştirak etsəydi və məclisə məhrəm olmayan şəxslər gəlsəydi, moizəsini müvəqqəti olaraq dayandırardı. Yə᾽ni o, heç vaxt özünə çoxlu mürid toplamaq fikrində deyildi.
Onun moizə və nəsihət məclislərində bir qədər söhbət olunur, moizə və nəsihət edilir və bir dua oxunurdu. Söhbətlər də əksər hallarda bir-birinin təkrarı idi. Lakin məclisə mə᾽nəvi bir fəza hakim olduğundan insan o söhbətlərin oxşarını və təkrarını nə qədər eşitsəydi, yenə də yorulmazdı. Bu sanki Qur᾽ana oxşayırdı! İnsan nə qədər tilavət etsə, yenə də təravətli və ürəkoxşayandır. Onun söhbətləri də belə idi.
Onun təşkil etdiyi məclislər o qədər mə᾽nəvi yönə malik idi ki, heç kəs maddi və dünyəvi söhbətlər etməyə cür᾽ət etmirdi. Əgər bə᾽zi hallarda bir kəs maddiyyatdan söhbət etsəyədi, ətrafdakılar o söhbətdən narahat olurdular. Cənab Şeyxin söhbətləri Allah dərgahına yaxınlıq, Allaha məhəbbət və Allaha doğru seyr ətrafında cərəyan edirdi. O, Allah dərgahına yaxınlaşmağı iki cümlədə xülasələndirir və deyirdi:
«Elə indidən ustadı dəyişmək lazımdır, yə᾽ni indiyə qədər etdiyin hər bir işi özün üçün etmisən. Bundan sonra görəcəyin işlərin hər biri Allah xatirinə olsun və bu, Allah dərgahına yetişməyin ən yaxın yoludur. İnsanın bütün xudbinlikləri özünü pərəstişdən irəli gəlir. Nə qədər ki, Allaha pərəstiş etməyibsən, bir yerə çatmayacaqsan.
İşlərini Allah üçün yerinə yetirməlisən, özü də məhəbbətlə! Yə᾽ni, Onu sevməlisən və əməllərini Onun dostluğu xatirinə yerinə yetirməlisən. Allaha məhəbbət bəsləmək və əməlləri Allah xatirinə yerinə yetirmək bəşərin bütün mə᾽nəvi tərəqqilərinini sirridir. Bu da nəfsin istəkləri ilə müxalifət sayəsində əldə oluna bilər. Buna əsasən, bəşəriyyətin bütün mə᾽nəvi tərəqqilərini nəfsani istəklərlə müxalifətdə axtarmaq lazımdır. Nə qədər ki, nəfslə güləşməmisən və onun arxasını yerə vurmamısan, tərəqqiyə nail olmayacaqsan.
Yenə də buyururdu:
«Sənin dəyər və qiymətin istəyinin qədərincədir. Əgər Allahı istəsən, sənin istəyin sonsuz və mütləq olar və əgər dünyanı istəsən, sənin dəyər və qiymətin istədiyin şeylər qədərdir.
Heç vaxt demə ki, ürəyim «bunu istəyir, onu istəyir». Bax gör, Allah nəyi istəyir. Əgər qonaqlıq verirsənsə, bax gör Allahın istədiyi şəxsləri də᾽vət edirsən, yoxsa ürəyin istədiyi adamları? Nə qədər ki, ürəyinin istədiklərinin ardınca düşmüsən, heç bir yerə çatmayacaqsan. Qəlb Allahın evidir, orada Allahdan başqasına yer vermə. Öz qəlbində hökumət etmək üçün yalnız Allaha yer verməlisən, başqasını yox! Həzrət Əli (ə)-dan soruşdular ki, bu məqama necə nail olmusan? Buyurdu:
«Qəlbimin darvazasının qapısında oturdum və Allahdan başqasına yol vermədim».
Onun bu çıxışlarından sonra məclisdə iştirak edənlərə yüngülvari xidmət olunur, çay verildikdən sonra münacat oxunurdu. Onun münacatları çox eşitməli, keçirdiyi ruhi vəziyyətlər isə doğrudan da görməli idi. Duanı çox sadə oxuyur, rəsmi şəkildə bəyan etmirdi. Əksinə o, öz məhbubu ilə vüsala çatan bir şəxs kimi danışırdı. Münacatlarda Allaha o qədər qovuşurdu ki, sanki ana öz itirmiş övladını axtarırdı. Ürəkdən ağlayır və öz sevimili Rəbbi ilə söhbət edirdi.
Bə᾽zi vaxtlar hiss olunurdu ki, dua əsnasında bə᾽zi mükaşifələri görür, belə ki, onun əsər-əlamətləri söhbətlərində və onun ruhi halətlərində aşkar olurdu. Dostları onun istədiyi kimi irəli getmədiyindən çox qəmgin olurdu. İstəyirdi ki, dostlarının gözü tez bir zamanda açılsın, mələkələri, imamları görə bilsinlər.
Ziyarətə gedən bir şəxsdən soruşdular: O mübarək vücudu görmüsənmi?
Əlbəttə, bə᾽ziləri bu işə müvəffəq olur və çox yüksək mə᾽nəvi məqamlara çatır, bə᾽zən mükaşifə vəziyyətinə düşürdülər. Qalanları da yıxıla-dura onun ardınca hərəkət edirdilər.
Ümumiyyətlə, onun münacatları insana dərin tə᾽sir bağışlayır, başqalarını da həyəcanlı vəziyyətə salırdı. Duaların mə᾽nalarını çox yaxşı bilirdi, duanın cümlələrində dayanır, bə᾽zən təkrar edir və bə᾽zən də izah edirdi. «Yəstəşiru» «Xəmsətə əşərə» dualarını çox oxuyardı. O, inanırdı ki, «yəstəşiru» duası məhbubla eşq əsasında olan deyişmədir.[7]
Məhərrəm mövsümündə çox az söhbət edir, əksinə Taqdis kitabından Əhli-beytin (ə) başına gələn müsibətlərdən bir neçə səhifə oxuyub ağlayır və sonra münacata başlayardı.
ALLAHA İTAƏT VƏ NƏFSİN İSTƏKLƏRİLƏ MÜXALİFƏTƏ TƏ᾽KİD
Şeyx inanırdı ki, yaradılışın hikməti, insanın Allahın yer üzündəki nümayəndəlik məqamına və xilafətə çatmasıdır.[8] İnsan bu məqama çatsa, Allahın gördüyü işləri görə bilər. Ona çatmağın yolu da Allaha itaət etmək və nəfsani istəklərlə müxalifətdən ibarətdir. O, bu barədə buyururdu: Hədisi-qüdsidə buyurulur:
«Ey Adəm övladı, hər şeyi sənin üçün, səni isə Özüm üçün yaratmışam»[9].
Yenə buyurur:
«Ey Mənim bəndəm, Mənə itaət et ki, səni də Özüm kimi, yaxud Öz məsəlim qərar verim».[10]
Bu hədislərə uyğun olaraq, ey dostlarımız, siz Allahın yer üzündəki xəlifəsisiniz. Öz qədir-qiymətinizi bilin və həvayi nəfsə, nəfsani istəklərə tabe olmayın, Allaha itaət edin, bu halda elə məqama çatarsınız ki, Allah görən işləri görə bilərsiniz. Allah bütün aləmi sizin üçün, sizi isə Özü üçün yaratmışdır. Baxın, görün sizə necə böyük bir məqam əta etmişdir!
Şeyx inanırdı ki, insan ilahi xilafət məqamına çatmayınca adam sayılmır. Bu barədə buyururdu:
«Qaşıq yeməyi yemək üçün, fincan çay içmək üçündür. İnsan da yalnız adam olmaq üçün yaradılmışdır».
O, təkrar buyurardı:
«Allah mənə mərhəmət etmişdir. Siz də Allah bəyənən işləri görün, sizə də əta edər. Cənab bənna! Cənab dərzi! Siz qoyduğunuz bu kərpicləri, tikdiyiniz bu tikişləri Allah eşqi ilə edin, Allaha diqqət yetirin. Demə ki, geydiyim bu paltarı yüz tümənə almışam, de ki, bunu Allah mənə vermişdir. Özünü yox, Allahı tanıtdıranlardan ol!»
BATİNİ HALƏTLƏRİN AYIRD EDİLMƏSİ
Şeyx batini hiss və duyğularla məclisdə iştirak edənlərin daxili vəziyyətlərini ayırd edirdi. Lakin, heç vaxt bir kəsin zəifliklərini, nöqsanlarını camaat arasında bəyan etməzdi. O, elə tərzdə bəyan edərdi ki, nəzərdə tutduğu şəxs onun məqsədini anlasın və özünü islah etmək fikrinə düşsün. Bu barədə iki nümunəni nəzərinizə çatdırırıq.
ŞEYXİ İMTAHAN ETMƏK
Məşhur xətiblərdən biri buyururdu: 1335-ci şəmsi ilində (1956) bir gün axşam çağı Tehran bazarında «Şeyx Əbdülhüseyn» məscidinin yaxınlığında yerləşən «Hacı Şeyx Əbdülhüseyn» mədrəsəsində idim. Mərhum Şeyx Rəcəbəlinin tələbələrindən olan Şeyx Əbdülkərim Hamid mənim yanıma gəldi və öz ustadı Şeyx Rəcəbəli Xəyyatın gözəl əxlaqı, mə᾽nəvi məqamı, ixlas və mə᾽nəviyyatı barəsində danışdı. Axırda məndən istədi ki, cümə axşamı onun məclisinə gedək. Birlikdə yola düşüb Şeyxin məclisinə daxil olduq. Şeyx üzü qibləyə oturmuşdu, həzrət Əli (ə)-ın münacatını oxuyurdu. Müridlərindən bir dəstəsi də onun arxasında birlikdə dua oxuyurdular. Mən məclisin axır tərəfində, hamıdan arxada oturdum və öz-özümə dedim: Pərvərdigara, əgər o Sənin dostlarındandırsa, bu il mənim Tehrandakı mənbərim yaxşı olsun və yaxşı qazanc əldə edim.
Bu fikir mənim zehnimdən keçən kimi Şeyx duanı kəsib ortada buyurdu:
«Mən deyirəm puldan keçin, amma o, gəlib ki, məni pulla imtahan etsin!»
Şeyx həmin duanı oxuduğu müddətdə bu cümlədən başqa farsca heç nə demədi və sonra duasını davam etdirdi.
BİR CASUSUN HADİSƏSİ
Tədricən dövlət başçıları və məşhur adamlar Şeyxin məclislərində iştirak etməyə başlamışdı. Şeyxin dediyi kimi, onlar özlərinin dünyəvi çətinliklərinin həlli üçün gəlir və burada öz çətinliklərini həlletmək istəyirdilər. Əlbəttə, onların arasında Şeyxin moizələrindən öz səviyyəsində bəhrələnən şəxslər də var idi
Elə şəxslərin həmin məclislərə gəlməsi ilə əlaqədar şah rejiminin təhlükəsizlik orqanları Şeyxin məclislərinə qarşı diqqətli olmağa başlamışdılar. Şahın üsul-idarəsi Həsən Elbəyi adlı bir polkovnikə əmr etmişdi ki, tanınmaz paltarda başqa bir neçə nəfərlə Şeyxin məclisinə getsinlər və dövlət məqamlarının orada iştirak etməsinin səbəbini öyrənsinlər.
Savakın mə᾽murları o məclisə gəldikdə Şeyx nəsihət və moizə edirdi. Söhbət əsnasında orada iştirak edənlərə buyurdu:
«Allaha diqqət yetirin, Allahdan başqa qəlbinizdə heç bir şeyə yol verməyin. Çünki, qəlb güzgü kimidir. Əgər kiçik bir ləkə qəlbinizə düşsə, onu tez göstərir. Bə᾽ziləri casus kimi gəlir və başqa adlarla iştirak edirlər. Məsələn, onun adı Həsəndir və filan adla gəlib».
Bu sözlər savak mə᾽murlarını, xüsusilə Həsən Elbəyini çox təəccübə gətirdi. Çünki, o vaxta qədər heç kəs onun həqiqi adını bilmirdi. O, Şeyxin sözlərindən o qədər tə᾽sirləndi ki, sonralar öz vəzifəsindən iste᾽fa verdi.
ƏVVƏLCƏ ATANI RAZI SAL
Cənab Şeyx müəyyən vaxtlarda bə᾽zi şəxslərə, onun məclislərində iştirak etmək icazəsi vermir və ya müəyyən şərtlər qoyurdu. İyirmi ilə qədər Şeyxin hüzurunda olmuş müridlərindən biri, özü ilə Şeyxin necə rabitə bərqərar etməsi barəsində belə deyir: «Əvvəlcə nə qədər çalışdımsa, onun hüzuruna getməyə icazə ala bilmədim. Nəhayət bir gün Came məscidində onunla görüşdüm, salam verib hal-əhval tutduqdan sonra dedim: Nə üçün mənə məclisinizdə iştirak etmək icazəsi vermirsiniz?
Buyurdu: Əvvəlcə atanı özündən razı sal, sonra səninlə söhbət edərəm.
Gecə evə getdim və atamın əl-ayağına düşdüm, çox iltimasla israr etdim ki, məni bağışlasın. Atam bu işləri məndən gördükdə heyrətləndi və soruşdu: Nə olmuşdur?
Dedim: Sənin heç bir işin olmasın, mən başa düşməmişəm, məni bağışla. Nəhayət atamı özümdən razı saldım.
Sabahı Şeyxin mənzilinə getdim. O, məni görən kimi buyurdu:
Bərəkallah! Yaxşı gəlmisən. İndi mənim yanımda otura bilərsən.
İkinci dünya müharibəsi qurtarandan vəfat etdiyi vaxta qədər onunla birgə oldum.
2. Xüsusi göstərişlər;
Kamil tərbiyəçi və ustadın səciyyəvi xüsusiyyətlərindən biri də budur ki, Allah-taala dərgahına yaxınlaşmaq məqamında şagirdlərinə verdiyi göstərişlər bu yolun yolçularının müxtəlif mərhələlərdəki ehtiyaclarına tam uyğun olsun. Bu kimi tədbirlər başqalarının iştirak etdiyi ümumi toplantılarda mümkün deyildir.
Həkim nə qədər dərin ixtisaslı və təcrübəli olsa da, ona müraciət edən xəstələrin hamısına eyni nüsxə və eyni dərman yazaraq müalicə edə bilməz. Hər xəstənin müalicəsi üçün xüsusi dərmanlara ehtiyac vardır. Hətta ola bilsin ki, eyni xəstəliyə düçar olan iki şəxsə də müəyyən səbəblərə görə ayrı-ayrı dərmanlar yazsın. Ruhi xəstələrin də müalicəsi eynilə belədir.
Əxlaq ustadı həqiqətdə insanların ruhunun təbibidir. O zaman əxlaqi xəstəlikləri müalicə edə bilər ki, əvvəla xəstəliklərin kökünün nə olduğunu bilsin, ikincisi həmin xəstəliyin müalicəsi üçün münasib dərmanları da olsun.
Bəşəriyyətin həqiqi ruhi təbibləri sayılan böyük ilahi peyğəmbərlər də ümumi halda bu xüsusiyyətdən istisna olunmurlar. Onlar bəşər cəmiyyətlərinin müxtəlif sahələrdəki ümumi ehtiyaclarını ayırd etməkdən əlavə, həm də ümmətin ayrı-ayrı fərdlərinin hər birinin xüsusi ehtiyaclarından da tamamilə agahdırlar.
İmam Əli (ə), Peyğəmbəri-əkrəmin (s) bu xüsusiyyəti barədə belə buyurur:
O, bir təbib idi, özünün tibbi elmi ilə gəzir və xəstələrin yanına gedirdi. Onun tibbi ləvazimatı və dərmanları hər bir cəhətdən hazır idi. Ehtiyac duyulan hallarda onlardan istifadə edir və (mə᾽nəvi) karlıq, korluq və lallığa düçar olan xəstələrin ruhlarına şəfa bağışlayırdı. O, öz dərmanları ilə qəflət evlərini, heyrət məkanlarını axtarırdı».[11]
Peyğəmbərlərin həqiqi canişinləri və onların vəsiləri sayılan tərbiyəçi alimlər bu xüsusiyyətlərdən bəhrələnmişlər. Belə ki, Əmirəl-mö᾽minin Əli (ə) buyurur:
«Elm həqiqi görüş əsasında onlara üz gətirmiş və (onlar) yəqin ruhunu tapmışdılar».[12]
İmam (ə) da belə buyurur:
«Onlar, Allaha and olsun ki, say baxımından ən azlar, lakin Allah yanında qədir-qiymət baxımından ən əzəmətli şəxslərdir».[13]
KAMİL TƏRBİYƏÇİNİN ƏHƏMİYYƏTİ
Mərhum Ayətullah Mirza Əli Qazidən nəql olunur ki, o, belə buyururmuş:
«Bu yolda lazım olan şeylərin ən əhəmiyyətlisi tam mə᾽nada agah olan, həvayi nəfsin hakimiyyətindən çıxan və kamil insan olan bir ustaddır. Belə ki, hər kəs Allaha yetişmək yollarını axtarsa və bu yolda ustad tapmaq üçün hətta ömrünün yarısını belə sərf edib ustad taparsa, yenə də dəyərlidir. Hər kəs ustadı tapsa, lazım olan yolun yarısını getmişdir».
Şeyxin öz şagirdlərinə etdiyi tövsiyələrini araşdırdıqda mə᾽lum olur ki, o, nəfslə mübarizə nəticəsində, ixlas və qeybi yardımlar səbəbi ilə elə bir mə᾽nəvi kamal məqamına çatmışdı ki, ruhi dərdləri, başqalarının həyatında baş verən müşkül və kor nöqtələri ayırd edir və münasib nüsxələrlə onu müalicə edə bilirdi. Bu həqiqət Şeyxlə tanışlığı olan hər bir şəxsə gün kimi aydındır.
GÜNAH VƏ HƏYAT MÜSİBƏTLƏRİ
İslam nəzərindən insanın yaramaz və nalayiq əməlləri onun giriftarçılığa və müsibətlərə düçar olmasında əsaslı rol oynayır. Qur᾽ani-Kərim aşkar şəkildə belə buyurur:
«Sizə çatan müsibətlər öz əməllərinizin nəticəsidir».[14]
İmam Əli (ə) bu ayənin təfsirində belə buyurur:
«Günahlardan uzaq olun, çünki bütün bəlalar, ruzinin çatışmamazlığı, günah vasitəsilədir. Hətta bədəndə baş verən cızılmalar, yerə yıxılmaq və müsibət görmək də. Çünki, Allah-taala belə buyurur: “Sizə çatan hər bir müsibət, sizin öz əllərinizlə gördüyünüz işlərin nəticəsidir».[15]
Əgər insan doğrudan da öz çirkin əməllərinin təkcə axirətdə onu əzab-əziyyətə salmasına deyil, həm də dünya həyatında müxtəlif çətinliklərə düçar etməsinə səbəb olmasına inansa, heç vaxt çirkin işlərə əl atmaz, ona yaxın da düşməz. Bu inanc nə qədər qüvvətlənsə saleh insanların tərbiyəsi üçün lazım olan şərait bir o qədər artacaqdır.
Cənab Şeyx ilahi bəsirət və bərzəx gözləri sayəsində insanın yaramaz əməlləri ilə onun düşdüyü çətinliklər arasındakı əlaqəni görür və onu bəyan etməklə camaatın müsibətlərinin aradan qalxmasını və çətinliklərinin həll olmasına kömək edirdi. Onların ruhi cəhətdən saflaşdırılmasında bu yoldan istifadə edərək onları insani kamallara doğru hidayət edirdi.
HƏTTA SİZƏ BELƏ NİSYƏ VERİLİR
Şeyxin övladlarından biri deyir: Bir gün mərhum Mürşid Celuyi Mə᾽ruf, Şeyxin hüzuruna gələndə qazancının azalmasından gileylənib dedi: Qardaş! Bu nə vəziyyətdir ki, biz buna düçar olmuşuq? Əvvəllər vəziyyətimiz çox yaxşı idi, gündə üç-dörd qazan plov bişirib satırdıq, müştərilərimiz olduqca çox idi. Amma vəziyyət birdən-birə dəyişdi, müştərilər azalmağa başladı. Gündəlik bir qazan bişiririk, onu da sata bilmirik.
Şeyx bir az fikirləşib dedi:
«Öz təqsirindir ki, müştəriləri qapıdan qaytarırsan».
Mürşid dedi: Mən bir kəsi qaytarmamışam, hətta uşaqları belə qəbul edir və onlara kababın yarısını verirəm.
Şeyx buyurdu:
«O seyyid kim idi ki, üç gün nisyə xörək yedikdən sonra, axırıncı dəfə itələyib dükandan çölə saldın?!»
Mürşid vahiməli halda Şeyxin yanından çıxdı və qaça-qaça o seyyidi axtarmağa başladı. Tapdıqdan sonra üzürxahlıq etdi, daha sonra dükanının qabağından bir tablo asıb üzərində belə yazdı: «Nisyə verilir, imkanımız miqdarında əl borcu da verilir!”[16]
UŞAĞI İNCİTMƏK
Şeyxin məşhur şagirdlərindən biri deyir: İki yaşlı oğlum (hal-hazırda təqribən qırx yaşı vardır) evi buladığına görə anası onu möhkəm döydü, az qaldı ki, nəfəsi kəsilsin. Bir saatdan sonra həyat yoldaşım şiddətli qızdırmaya düçar oldu. Həkimə müraciət etdik, o günün ağır iqtisadi şəraitində altımış tümənlik dava-dərman yazdı. Lakin qızdırması kəsilmədi, üstəlik yenə də şiddətləndi. Yenidən həkimə müraciət etdik, bu dəfə qırx tümənlik dava-dərman yazdı. Bu məbləğ pulu ödəmək o zaman bizim üçün çox ağır idi.
Gecə Şeyxi maşına mindirdim ki, onun məclisinə gedək. Həyat yoldaşım da maşında idi. Cənab Şeyx mindikdən sonra həyat yoldaşıma işarə edib dedim: Uşaqlarımın anasıdır, qızdırması var. Həkimə apardıq, qızdırması kəsilmədi.
Şeyx dərin bir baxışla nəzər salıb həyat yoldaşıma xitabən buyurdu:
«Uşağı ki, o cür vurmazlar! Tövbə et, uşağın qəlbini ələ al, onun üçün dükandan bir şey al, yaxşı olacaqdır.
Biz o cür etdik və xanımın qızdırması dərhal kəsildi.
HƏYAT YOLDAŞINI İNCİTMƏK
O yenə belə nəql edir: Bir gün Şeyxlə birlikdə cənab Radmənişin mənzilində idik. Mən ona dedim: Atam təqribən 1352-ci hicri qəməri ilində (1933) dünyadan getmişdir.[17]
Onların vəziyyətinin necə olmasını bilmək istəyirəm.
Şeyx buyurdu: «Bir Fatihə surəsi oxu».
Bir qədər diqqət etdikdən sonra dayandı və dedi: Qoymurlar buraya gəlsin, arvadının əlində giriftardır!
Dedim: Mümkünsə onun həyat yoldaşı ilə söhbət edin.
Buyurdu: Ögey anan gəldi.
O, kənd əhlindən idi və atam onunla evləndikdən sonra bir neçə arvad da almışdı. Buna görə də ömrünün axırına qədər atamla dava-dalaşda idi. Atam qapıdan girəndə, o qapıdan çıxırdı.
Şeyxə dedim: Ondan soruşun ki, nə etməliyəm ki, atamdan razı olsun.
Şeyx buyurdu: Bir neçə ac doyursun.
Dedim: Neçə nəfəri?
Şeyx dedi: Yüz nəfəri.
Dedim: Bu qədərə gücüm çatmaz.
Nəhayət qırx nəfər acı doyuzdurmaqla razılaşdı. Bunu qəbul etdikdən sonra Şeyx dedi: «Atanın səsi ucaldı, o qadın razı olduqdan sonra atanı azad etdilər. O, deyir: Oğluma de ki, nə üçün iki arvad almışdır! Gör başıma nə bəlalar gətirmişəm. Ona de ki, diqqətli olsun, arvadların arasında ədalətlə rəftar etsin.
Şeyxin dostlarından biri deyir: Soruşdum ki, bərzəxdə atamın vəziyyəti necədir?
Buyurdu: O, sənin ananın əlində giriftardır.
Gördüm ki, düz buyurur. Atam ikinci arvad almışdı. Buna görə də anam ondan narazı idi. Gedib anamı razı saldım, Şeyxin hüzuruna getdiyim başqa bir səfərdə məni görən kimi buyurdu: Nə qədər yaxşı işdir ki, insan iki nəfərin arasında barışıq yaratsın. Atan artıq rahatlıqdadır.
ƏRİ İNCİTMƏK
Şeyxin şagirdlərindən biri belə nəql edir: Bir qadının əri seyyid idi və Şeyxin dostlarından sayılırdı. O, ərinə çox əzab-əziyyət verirdi. Bir müddətdən sonra vəfat etdi. Onun dəfn mərasimində Şeyx də iştirak edirdi. Sonra buyurdu: Bu qadının ruhu yersiz mübahisə edir, deyir: Yaxşı, indi ki, öldüm, necə oldu! Onu dəfn etmək istədikdə əməlləri yırtıcı qara bir it sifətinə düşdü, itin onunla dəfn olunacağını başa düşdükdə, anladı ki, necə böyük bəlalar onun yolu üzərindədir. Buna görə də ağlayıb yalvarmağa və nə᾽rə çəkməyə başladı! Çox narahat olduduğunu gördükdə seyyiddən xahiş etdim ki, arvadını halal etsin. O da mənim xatirimə halal etdi, it yox oldu, sonra onu dəfn etdilər.
BACININ NARAZILIĞI
Şeyxin övladlarından biri deyir: Bir mühəndis ev tikib satmaqla məşğul olurdu və o vaxta qədər yüz bina tikmişdi. Lakin borclu olduğuna görə iqtisadi vəziyyəti ağır idi. Məhkəmə onun müflisləşməsinə dair hökm çıxarmışdı. O, atamın evinə gəlib dedi ki, evə gedə bilmirəm, özümü gizlədirəm ki, bir kəs məni görməsin.
Şeyx diqqətlə baxıb buyurdu: «Get, bacını özündən razı sal».
Mühəndis dedi: Bacım məndən razıdır.
Şeyx buyurdu: «Xeyr!»
Mühəndis bir qədər fikirləşib dedi: Düzdür. Atam dünyadan getdikdə onun irsi bizə çatdı. Bacımın payı min beş yüz tüməndən ibarət idi. İndi yadıma düşdü ki, bu miqdarı ona verməmişəm.
Gedib gəldikdən sonra dedi: Bacıma beş min tümən verib onu razı saldım.
Atan deyir ki, hələ də razı olmamışdır... Bacının evi vardırmı?
Mühəndis dedi: «Xeyr, kirayədə qalırlar».
Şeyx dedi:
«Get indiyə qədər tikdiyin evlərin ən yaxşısını onun adına keçir və ver. Sonra gəl görək nə edə bilərik».
Mühəndis dedi: « Şeyx, biz iki nəfər şərikik, bu işi təklikdə necə edə bilərəm?»
Şeyx dedi: «Bundan başqa bir şey fikrimə gəlmir. Çünki, Allahın bu bəndəsi hələ də razı olmayıbdır».
Sonra o şəxs getdi və evlərdən birini bacısının adına keçirtdi, mənzil avadanlıqlarını orada qoyub qayıtdı.
Şeyx dedi: «İndi işlər düzəldi».
O günün sabahı onun tikdiyi evlərdən üçü satışa getdi və iqtisadi çətinlikləri aradan qalxdı.
BACIYA QARŞI E᾽TİNASIZLIQ
Bazar tacirlərindən biri müflisləşmişdi. Dostu ilə dərdləşərək özünün pərişan vəziyyətindən nalə edirdi. Bu zaman Şeyx onun dükanının qabağından keçirdi. Dostu ona dedi: Öz çətinliyini bu kişiyə de.
Tacir dedi: Axı onu tanımıram. Nəhayət çox isrardan sonra dostu Şeyxin yanına gedib salam verdikdən sonra deyir: Mənim qarşıma bir çətinlik çıxıb, sizinlə danışmaq istəyirəm.
Tacir bu barədə mə᾽lumat verdikdən sonra Şeyx başını aşağı salıb deyir: «Sən çox rəhimsiz adamsan. Dörd aydır ki, bacının əri dünyadan getmişdir, sən isə bacını və onun uşaqlarını arayıb axtarmamısan. Sənin giriftarçılığın bu işdən ötrüdür».
Tacir dedi: «Axı ixtilafımız vardır?»
Şeyx dedi: «Sənin bu müşkülünün kökü oradadır, indi özün bilərsən».
Tacir öz dostunun yanına qayıdır və baş verən hadisəni danışır. Sonra bir qədər mənzil avadanlığı alıb bacısının yanına gedir. Barışdıqdan sonra onun bütün çətinlikləri düzəlir.
ANANIN NARAZILIĞI
İçərisində bir cavan olmaqla bir neçə nəfərin e᾽dam olunması haqda hökm çıxarılmışdı. O cavanın yaxın adamları Şeyxin yanına gəlib ondan iltimas edirdilər ki, bu barədə bir çıxış yolu buyursun. Şeyx deyir: «O, anası tərəfdən giriftar olmuşdur».
Anasının yanına gəlirlər, o deyir: Nə qədər dua edirəmsə tə᾽siri yoxdur.
Deyirlər: Cənab Şeyx buyurdu ki, siz ondan narazısınız.
Anası deyir: Oğlum təzə evlənmişdi. Bir gün yemək yeyəndən sonra süfrəni yığıb, qabları bir siniyə qoydum və gəlinə verdim ki, mətbəxə aparsın. Oğlum sinini onun əlindən alıb dedi: Sizin üçün kəniz almamışam!
Axırda anası razılıq verdi və övladının bu işdən qurtarması üçün dua etdi. Sonrakı gün e᾽lan etdilər ki, onu e᾽dama məhkum edərkən səhvə yol verilmişdir. O cavan azad edildi.
BİBİNİN QƏLBİNİN SINMASI
Şeyxin dostlarından biri nəql edirmiş ki, onun atası ağır xəstəliyə düçar olmuşdu. Nə qədər dava-dərman işlətdilərsə, faydası olmadı. Axırda Şeyxə dedim ki, atam xəstələnmişdir, bir ildir ki, xəstəlik yatağında yatır. Şeyx dedi: «Bibin varmı?»
Dedim: Bəli.
Buyurdu: O bibinin ucbatından giriftar olmuşdur. Əgər bibin dua etsə atan sağalar.
Bibimdən xahiş etdim ki, atamı dua etsin. O, da dua etdi. Lakin, atam sağalmadı. Yenidən Şeyxin hüzuruna gəlib dedim: Bibim razı oldu, lakin atam sağalmadı?!
Şeyx, bibimin dörd yetim qalmış övladına qarşı ehsan etməyi tövsiyə etdikdən sonra dedi: «Bu işləri etdikdən sonra onlara de ki, atanı dua etsinlər».
Mən də belə etdim, sonra bibimdən soruşdum: Sənin atamdan narazı olmağının səbəbi nədir?
Dedi: Ərim rəhmətə gedəndən sonra atan məni və dörd yetim övladımı öz evinə apardı. Bir gün sənin ananla dava etdiyimiz zaman atan gəldi, dərhal məni və balalarımı evdən çıxartdı. Orada mən həddindən artıq narahat oldum.
Nəhayət bibimin razı olması ilə atamın halı yaxşılaşdı. Lakin tamamilə sağalmamışdı. Yenidən Şeyxin hüzuruna gedib, hadisəni dedim. Bu dəfə göstəriş verdi ki, seyyidlərdən birinə ehsan edim. Bu işdən sonra atam tamamilə sağaldı.
--------------------------------------------------------------------------------
[1] O, Həzrət imam Xomeyninin ustadıdır.
[2] «Mizanul-hikmət», 1/222/147/850.
[3] Yusif surəsi, 39-cu ayə
[4] Cənab Şeyx öz övladlarına belə tövsiyə edirdi: Yadınızda olsun, həmişə rövzələrin axır günlərinə gedin çünki, həzrət Zəhra (ə) orada iştirak edir.
[5] Mərhum Məhəmməd Möhsün ibni Mürtəza [molla Feyz adı ilə məşhurdur] on birinci hicri əsrinin məşhur şair, müfəssir, arif, filosof və alimlərindən biridir. [1006/hq]
[6] «Xəmsətə əşərə» [on beş münacat] çox qısa, lakin gözəl münacatdan ibraətdir ki, imam Zeynül-abidin (ə)-a mənsub edilir. Bu «Məfatihul cinan» kitabında qeyd olunmuşdur.
[7] Yəstəşiru» duasının 214-cü səhifəsinə bax.
[8] Nəql olunmuşdur ki, Şeyx belə buyurub: Mə᾽na əhlindən və alimlərin bə᾽zilərindən soruşdum ki, Allah insanı nə üçün xəlq etmişdir? Qaneedici cavab eşitmədim. Nəhayət Ayətullah Məhəmməd Əli Şahabadidən soruşdum və o, belə buyurdu: Allah-taala insanı Öz nümayəndəlik məqamına yetirmək üçün yaratmışdır: «İnni cailun fil ərzi xəlifətən».
[9] «Şərhi əsmai hüsna», 1/139/202; «Rəsaili kərəki» 3/962.
[10] Biharul-ənvar, 105/165, «Məqami imam Əli (ə)» 3/185 azacıq fərqlə.
[11] «Nəhcul-bəlağə» 108-ci xütbə
[12] «Nəhcul-bəlağə», 148-ci hikmət
[13] «Nəhcul-bəlağə», 148-ci hikmət
[14] Şura surəsi 30-cu ayə
[15] Xisal, 10/616, Biharul-ənvar, 73/350/47.
[16] Mürşid Celuyi Mə᾽ruf Mö᾽cüzə təxəllüsü götürmüş şair Heydər Əli Tehraninin atasıdır ki, onunla Şeyxin arasında olan əhvalatlar gələcəkdə qeyd olunacaqdır.)
[17] O, axund Mirza Caninin övladlarından olan axund molla Məhəmməd Baqir idi. Qəzvinin məşhur mübarizlərindən və təqvalı alimlərindən biri sayılırdı ki, 1290-cı hicri qəməri ilində anadan olmuşdur. O, də «Kifayə» kitabının müəllifi Axund Xorasaninin, hacı Şeyx molla Xorasaninin və hacı Məhəmməd Hadi Tehraninin tələbələrindən idi. «Gəncineyi danişməndan» kitabı, 9-cu cild səh. 219.