Cənab Şeyxin ən dəyərli və ibrətamiz sözlərindən biri də budur: «Hər şey yaxşıdır, amma gərək Allah üçün olsun!»
Bə᾽zən özünün tikiş maşınına işarə edib buyurardı: Bu dərzilik çarxını görün; onun kiçikli-böyüklü bütün hissələrinin xüsusi markaları vardır... Bunu demək istəyirlər ki, bu maşının ən kiçik hissəsi belə bizim zavodun markasına malik olmalıdır. Mö᾽min insanın da bütün işləri Allah nişanəsinə malik olmalıdır.
Şeyxin tərbiyəvi məktəbində dərs alan bir şəxs hər hansı bir işi yerinə yetirməmişdən əvvəl düşünməlidir: Əgər o iş qanunsuz bir işdirsə, Allaha görə tərk edilməli, qanuna uyğun və nəfsani meyllərə müxalifdirsə, Allah üçün yerinə yetirilməlidir. Əgər qanuni iş olub nəfsin xoşuna gəlirsə, əvvəldə öz nəfsani meyllərindən istiğfar etməli, sonra isə Allah yolunda bu işi görməlidir.
ALLAH ÜÇÜN YE VƏ ALLAH ÜÇÜN YAT
Peyğəmbəri Əkrəm (s) Əbuzərə buyurdu:
«Ey Əbuzər! Gərək hər bir işdə pak niyyətin olsun. Hətta yemək və yatmaqda da belə«».[1]
Cənab Şeyx öz şagirdlərinə təkrar tə᾽kidlərlə buyurardı: Bütün işlər Allah üçün olmalıdır, hətta yemək və yatmaq da.
Sonra buyururdu:
«Əgər bu stəkandakı çayı Allahın razılığı üçün içsən, sənin qəlbin ilahi nurla nuraniləşər. Amma əgər nəfsin ləzzəti üçün içsən, elə istədiyin şey olacaqdır».
Ayətullah Məhdəvi Kəni buyurur: Təhsilin və tələbəçiliyin əvvəllərində özüm üçün bir paltar almaq istədikdə—mərhum Burhandan kirayəyə götürdüyüm paltarları təhvil vermək istədikdən sonra—Şeyx Rəcəbəli adlı bir şəxsin yanına getdim. O vaxt 14-15 yaşım var idi. Parçanı gətirdim, onun iş yeri də yaxınlıqdakı otaqda idi. Bir qədər oturduq, gəldi və dedi: Yaxşı, indi nə olmaq istəyirsən?
Mən dedim: Tələbə olmaq istəyirəm.
Dedi: Tələbə olmaq istəyirsən, yoxsa adam?
Mən bir qədər təəccübləndim və fikirləşdim ki, nə üçün ruhani libasında olan bir şəxs bu sözləri demir? Sonra dedi:
«Narahat olma! Tələbəlik yaxşıdır. Gərək sənin məqsədin insan olmaq olsun. Sizə bir nəsihət edirəm, onu unutmayın.. Elə cavan olduğun və günaha batmadığın indiki vaxtda belə ilahi hədəfləri unutma, hər nə iş görürsənsə Allah xatirinə gör. Hətta əgər kabab yeyirsənsə bu məqsədlə ye ki, qüvvətlənib Allaha ibadət edəsən. Bu nəsihəti ömrün boyu unutma».
ALLAH ÜÇÜN TİK
Şeyx ayaqqabı tikənə buyurardı: Ayaqqabını tikəndə əvvəlcə Allah xatirinə iynəni sanc, daha sonra möhkəm tik ki, tez dağılmasın. Dərziyə deyərdi: Tikdiyin hər paltarı Allah xatirinə, Allah yad etməklə möhkəm tik.
ALLAH XATİRİNƏ GƏL
Şeyxin şagirdlərindən biri onun ixlas barəsindəki tövsiyələrini belə nəql edir. Şeyx buyurur: Buraya (yə᾽ni Şeyxin evinə) gələndə Allah xatirinə gəlin. Əgər mənə xatir gəlirsinizsə uduzmusunuz.
Onun çox qəribə halı vardı: Camaatı özünə yox, Allaha doğru də᾽vət edirdi.
ALLAHA GÖRƏ ÜFÜR
Şeyxin oğlu deyir: Şeyx Əbdül Kərim Hamid atamın yaxşı şagirdlərindən biri idi. Bir gün daş kömürlə işləyən ütünü üfürürdü. Atam dedi: Əbdül Kərim! Ütünü necə üfürməyi bilirsənmi?
Cavab verdi: Xeyr, ağa! Necə üfürüm?
Atam dedi: Dodaqlarını qönçə şəklinə sal və Allah xatirinə üfür!
ALLAH XATİRİNƏ SEV!
Şeyxin şagirdlərindən biri deyir: Şeyx xüsusi məclislərdə mənə buyurdu: Fikrin filan yerdədir. Lakin, bu Allaha görə olmalıdır.
Bir gün dostlarımdan biri ilə onun hüzurunda idik. Dostumun qəlbinə işarə edib dedi: Burada iki qız, ya oğlan görürəm.[2] Bu yaxşıdır, lakin qəlb Allahın yeridir, övlada məhəbbət də Allah xatirinə olmalıdır.
Yenə buyururdu: Müqəddəslərin bütün işləri yaxşıdır, yalnız «mənəm»liyi Allahla əvəz etmək lazımdır.
ALLAHA GÖRƏ ÖP
Ayətulllah Fehri Şeyxin ixlas barəsindəki tövsiyələrini belə vəsf edirdi: Onun kəlamının əsas mehvəri «Allaha görə işləmək» idi. Öz kəlamlarında bunu «Allaha görə işləyin» sözünü o qədər təkrar edirdi ki, şagirdləri üçün «Allaha görə işləmək» bir səciyyəyə (mələkə) çevrilmişdi. Sanki fil sürən bir adam kimi idilər. Belə ki, filin üzərində oturan şəxs çəkiclə onun başına vurur. O da öz şagirdlərinin beyninə «Allah üçün iş görmək» məsələsini yeridirdi.
Özündən və başqalarından çoxlu misallar gətirirdi ki, bu xüsusiyyət dinləyicilərdə mələkə səciyyəsi halətinə düşsün. Hər yerdə və hamıya tə᾽kid edirdi ki, işi Allah üçün görün.
Sonra buyururdu: Axşam evə gedəndə və arvadını öpəndə də Allah xatirinə öp.
Şeyxin məktəbində tə᾽lim görən şəxslərin mükaşifə və mə᾽nəvi məqamları bu göstərişə əməl etmək sayəsində olmuşdur.
ALLAH ÜÇÜN NƏ ETMİSƏN?!
Şeyxin oğlanlarından biri belə deyir: Bir gün atamla bibi Şəhrəbanu ziyarətgahına getmişdik. Yolda bir murtazla rastlaşdıq. Atam ona dedi: Sənin riyazətlərinin nəticəsi nədir?
Murtaz əyilib yerdən bir daş götürüb əlində armuda çevirdi və atama təklif edib dedi: Buyurun, yeyin!
Şeyx ona bir nəzər salıb dedi: Bu işi mənim üçün gördün. De görüm Allah üçün nə etmisən?!
Murtaz bu sözü eşitdikdə ağlamağa başladı.
VAY OLSUN MƏNƏ, VAY OLSUN MƏNƏ!
Şeyxin hüzurundan 30 il müddətində bəhrələnən şagirdlərindən biri deyir ki, Şeyx mənə buyurdu: İranın böyük şəhərlərindən birində yaşamış mə᾽na əhlindən olan alimlərdən birini bərzəx aləmində gördüm. O, daim təəssüflənir və dizlərinə vuraraq deyirdi: Vay olsun mənə, gəldim amma özümlə heç bir xalis əməl gətirmədim!
Ondan soruşdum ki, nə üçün belə edirsən? Cavab verdi: Sağlığımda bir gün kəsb-ticarətlə məşğul olan mə᾽na əhlindən biri ilə rastlaşdım. O, mənim batini xüsusiyyətlərimdən bə᾽zilərini özümə xatırlatdı. Ondan ayrıldıqdan sonra qərara aldım ki, riyazətlə məşğul olub, o şəxs kimi bərzəx gözümü açım və qeybi mükaşifələrə və müşahidələrə əl tapım. Otuz il müddətində riyazət çəkdim və bu işə nail oldum. Bu zaman əcəlim gəlib çatdı. İndi mənə deyirlər: Mə᾽na əhlindən olan o şəxsi gördüyün vaxta qədər həvayi-nəfsin əlində giriftar idin. Ondan sonra da təqribən ömrünün otuz ilini mükaşifə və bərzəx halətlərini görməyə sərf etmisən. İndi de görək, bizim üçün gətirdiyin xalis əməl hansıdır?!
ALLAH XATİRİNƏ YAXŞI OLMAQ
Böyük irfan və əxlaq ustadlarından və müasir alimlərdən biri buyururdu ki, cənab Şeyx Rəcəbəlidən özüm barəsində (necə olduğumu) soruşdum O, cavab verdi: Cənab Şeyx! Ürəyin yaxşı olmağı istəyir amma, özün üçün! Çalış yaxşı olmağı Allaha görə istə!
Əziz oxucular! Gördüyünüz kimi cənab Şeyx ilahi bəsirətlə tövhidlə şirkin çox incə sərhədlərini ayırd edir və camaata xəbərdarlıq verir! Bəli, bu çox incə sərhədlər olub, tükdən də nazikdir. Bundan başqa yolla tövhidin həqiqətinə, cənnəti-liqaya nail olmaq qeyri mümkündür.
ALLAHA GÖRƏ ZİYARƏTƏ GET!
Şeyxin şagirdlərindən biri deyir: Bir gün Şeyxə ərz etdim ki, icazə versəniz birlikdə imam Riza (ə)-ın ziyarətinə gedək.
Buyurdu: İcazəm öz əlimdə deyil.
Əvvəlcə bu mətləb mənim üçün bir qədər ağır gəldi və fikirləşdim ki, necə yə᾽ni «icazəm öz əlimdə deyil» deyə cavabını versin. Nəhayət bir müddət keçdikdən sonra başa düşdüm ki, bu Allah bəndəsinin Haqqın iradəsindən başqa özünün heç bir rə᾽yi yoxdur, işlərinin hamısı Allahın razılığına və icazəsinə bağlıdır. Bir müddətdən sonra ixlas və mübarək vücudun imamlıq ziyarəti haqda söz düşdükdə buyurdu: Əgər biz Allaha görə ziyarətə getsək və Allahın razılığından başqa heç bir şeyi nəzərə almasaq, Həzrət bizi tam başqa cür qəbul edəcəkdir.
Səfərlərimin birində Allahın razılığından başqa heç bir şeyi nəzərdə tutmamışdım. İmam Riza (ə) mənə elə mərhəmət göstərdi ki, məhəbbətinin çoxluğundan valeh oldum. Əgər bu məhəbbətin zahiri görünüşü də olsaydı sizin üçün deyərdim, lakin bu məhəbbəti eynilə, olduğu kimi dərk etmək istəsən, gərək özün nəfsini saflaşdırıb, əməllərini xalis edəsən ki, mənim nə gördüklərimi biləsən!
İXLASIN TƏ᾽SİRLƏRİ
Şeyxin kəlamının məğzi bundan ibarət idi: Mən kanə lillah kanəllahu ləh—(Hər kəs Allah üçün olarsa, Allah da onun üçün olar.)[3]
Hər kəs tam mə᾽nada Allah üçün işləsə, Allah da onun üçün olacaqdır.
Yenə buyurur: Sən Allah üçün ol, Allah və mələklər də sənin üçün olar.
Bə᾽zən belə deyərdi: Əgər insan ona (ixlasa) əməl etməyə müvəffəq olmasa da, onun barəsində söhbət etmək şəxsin ruhiyyəsində gözəl tə᾽sirlər buraxır.
İLAHİ HİDAYƏT
Şeyx xüsusi ilahi hidayətdən bəhrələnməyi ixlasın mühüm bərəkətlərindən biri kimi hesab edirdi. Və bu e᾽tiqad da aşağıdakı ayəyə istinad edirdi:
«Vəlləzinə cahədu fina lənəhdiyənnəhu subuləna».[4]
Mətləbin bəyanında belə buyurulur: Əgər sən Allah üçün qiyam etsən bütün xilqət aləmi sənə yol göstərəcəkdir. Çünki, onların kamala yetməsi səndə fani olmalarındadır. Onlar da fitrətlərində olanları təhvil vermək istəyirlər ki, həqiqi kamala nail olsunlar. Əgər insan Allah üçün iş görsə, bütün vücud aləmi onun yolu üzərində səfə düzülər ki, özlərində olanı həmin şəxsə təqdim edib ona yol göstərsinlər.
Şeyx həqiqətdə xüsusi tərbiyədən başqa sözlə xüsusi ilahi hidayətdən bəhrələnmək üçün ixlasın ən yüksək mərhələsinə çatmağı zəruri bilir və buyururdu ki, insanın öz sə᾽y və fəaliyyətlərində Allahın razılığından başqa heç bir hədəfi olmamalı, hətta öz kamalını da nəzərdə tutmamalıdır. Bu barədə buyururdu: Nə qədər ki, insan öz kamalını nəzərdə tutur, həqiqətə nail ola bilməz. İnsanın qabiliyyət və iste᾽dadları Allaha çatmaq yolunda istifadə olunmalıdır. Məhz bu halda mütəal Allah insanı özü üçün tərbiyə edər.
ƏMƏLDƏ İLAHİ RƏNG
Cənab Şeyx tə᾽kid edib buyururdu: Allahı tanıdığın zaman görəcəyin hər iş xaliscəsinə və aşiqcəsinə olmalıdır. Hətta öz kamalını da belə nəzərə alma. Nəfs çox hiyləgər və mürəkkəbdir. İnsandan heç vaxt əl çəkməz. O, hər vasitə ilə olursa olsun insanın niyyətinə dəxalət etmək istəyir. İnsan nə qədər ki, özünü istəyir və özünə diqqət yetirir, onun işləri həvayi-nəfs üzündəndir və əməllərində ilahi rəng yoxdur. Lakin əgər xudbinliyi və özünü istəməyi bir tərəfə qoyub Allahı istəsə, onun işləri ilahi rəngdə olur, əməlləri ilahi rəngə boyanır. Onun da bir nişanəsi vardır ki, imam Səccad (ə) belə buyurur:
«Vəma ətyəbə tə᾽mə hubbikə»[5].
ŞEYTANA QƏLƏBƏ ÇALMAQ
Allah üçün görülən işlərin bərəkətlərindən biri də şeytana qələbə çalmaqdır. Şeyx bu barədə belə buyururdu: Hər kəs Allah üçün bir iş görmək istəsə, onun nəfsi yetmiş beş leşkərlə, şeytan isə öz qoşunları ilə onu aradan aparmaq üçün hərəkətə gəlirlər. Əqlin də yetmiş beş ləşkəri vardır o, Allahın müxlis bəndəsinin məğlub olmasına yol verməz.[6]
Əgər Allahdan başqasına meylin olmazsa, nəfs və şeytanın sənə gücü çatmaz və hər ikisi sənin qarşında məğlub olar.
Hər nəfəs çəkməkdə bir imtahan vardır, bax gör bu, ilahi məqsədlə başlanır, yoxsa şeytani məqsədlərlə də qarışıqdır!
QƏLB GÖZÜNÜN AÇILMASI
Cənab Şeyx inanırdı ki, insan nə qədər ki, Allahdan başqasına diqqət yetirib və Ondan başqasını istəyir, həqiqətdə müşrikdir və onun qəlbi şirk çirkabına bulaşmışdır. Bu barədə aşağıdakı ayəyə istinad edirdi:
(İnnəməl-müşrikunə nəcəsun)
«Həqiqətən müşriklər nəcisidir».[7]
Şirkin toz-torpağı qəlbin güzgüsündən təmizlənməyincə, insan varlığın həqiqətləri ilə tanış ola bilməz. Bu barədə Şeyx buyururdu: Nə qədər ki, insanın diqqəti Allahdan başqasındadır, varlığın həqiqətlərindən məhrumdur və xilqətin batinindən agah deyildir.
Amma əgər insan xalis olsa, şirk toz-torpağı onun qəlbindən silinəcək və yaradılışın sirləri ilə tanış olacaqdır. Şeyx bu barədə buyururdu: Əgər bir kəs Allah üçün iş görərsə, onun qəlbinin gözü açılar. Əgər qəlbinizi başqa şeylərdən qorusanız, onda başqa bir şeyə yer verməsəniz, başqalarının görmədiyini görəcək, başqalarının eşitmədiyini eşidəcəksiniz.
[1] «Mizanül-hikmət», 13/6578/3984/20999.
[2] Şəkk nəql edən tərəfindəndir.
[3] Bu cümlə hədis mənbələrində, o cümlədən, «Biharul-ənvar», 82/197, «Vafi», 5/784, «Rovzətul-müttəqin», 3/195 kimi kitablarda hansı mə᾽sumdan nəql olunması qeyd edilmədən «kəma» vərədə» yaxud «qəd vərədə kimi qeyd olunmuşdur ki, bu da onun hədis olmasına dəlalət edir. Sədrul-Mütəəllihin Şirazi öz təfsirinin birinci cildinin 76-cı səhifəsində onu Peyğəmbərə (s) aid etmişdir. Aparılmış tədqiqatlara əsasən bu hədisin ən qədim mənbəsi Xacə Nəsrəddin Tusinin yazdığı «Əxlaqi möhtəşəmi» kitabıdır. Bu hədis həmin kitabın 12-ci bölməsinin 122-ci səhifəsində qeyd olunmuş, lakin, dəqiq şəkildə hansı mə᾽sumdan nəql olunduğu bəyan edilməmişdir.0
[4] Bizim yolumuzda çalışanları hökmən Öz yolumuz hidayət edərik. «Ənkəbut» surəsi, ayə 69
[5] Pərvərdigara, Sənin məhəbbətinin dadı necə də gözəldir!» «Məfatihül-cinan», Xəmsətə əşərə, münacatul-arifin.
[6] (Ey İblis), «Bil ki, Mənim xalis bəndələrimə yol tapa bilməzsən» Hicr surəsi, 42-ci ayə.
[7] Tövbə surəsi, ayə 28.
source : الشیعه