Azəri
Thursday 18th of July 2024
0
نفر 0

ZATİ SİFƏTLƏRİN İSBAT OLUNMASI

 

Allahın həyat, qüdrət və elmini isbat etməyin ən sadə yolu bundan ibarətdir ki, bu məfhumlar məxluqat barəsində işlədilən zaman onların kamallarından söhbət açır. Deməli, onların ən kamil mərhələsi varlıq bəxş edən səbəb kimi mövcud olmalıdır. Çünki hər bir məxluqda mövcud olan hər hansı kamal Mütəal Allahdandır və onu bəxş edən onlara malik olmalıdır ki, başqalarına əta edə bilsin. Həyatı yaradan bir şəxsin özünün ondan məhrum olması, yaxud məxluqata elm və qüdrət verən şəxsin özünün cahil və bacarıqsız olması qeyri-mümkündür. Deməli, bəzi məxluqlarda bu kimi kamal sifətlərinin olması onların Mütəal Allahda mövcud olmasını göstərir. Bunların heç birində nöqsan və məhdudiyyət yoxdur. Başqa sözlə desək, Mütəal Allah sonsuz həyata, elmə və qüdrətə malikdir. İndi isə bu sifətlərin hər biri barədə əlavə izahat veririk.

HƏYAT

Həyat (diri olmaq) məfhumu iki dəstə məxluq barəsində istifadə olunur: Biri inkişaf etmək qabiliyyətinə malik olan bitkilərdə, ikincisi isə şüur və iradəyə malik olan heyvan və insanda. Birinci məna naqisliyi və ehtiyacı tələb edir. Çünki inkişaf etmək inkişaf edən varlığın ilk əvvəldə kamaldan məhrum olmasını, xarici amillər nəticəsində onda müəyyən dəyişikliklərin yaranmasını və tədrici olaraq yeni kamal mərhələsinə çatmasını tələb edir. Səlbiyyə sifətlərdə qeyd olunduğu kimi, belə xüsusiyyətləri Allaha aid etmək olmaz. Amma həyatın ikinci mənası kamal məfhumudur, onun mümkün nümunələrinin nöqsan və məhdudiyyətlərlə yanaşı olmasına baxmayaraq, Onun üçün heç bir nöqsan, məhdudiyyət və ehtiyacın olmadığı sonsuz bir mərtəbə nəzərə almaq olar. Belə ki, kamalın və vücudun məfhumu da belədir.

Əsas etibarı ilə iradə üzündən olan failiyyət, elm ilə yanaşı olan həyat qeyri-maddi varlığın tələbidir. Çünki həyatın canlı maddi varlıqlara aid edilməsinə baxmayaraq, həqiqətdə isə bu, onların ruhunun sifətidir, bədənlər isə ruhla əlaqədar həmin xüsusiyyətlərə malik olurlar. Başqa sözlə desək, həcm cismlərin, cismani varlıqların tələbi olduğu kimi həyat da mücərrəd (qeyri-cismani) varlığın tələbidir. Bu mətləbə diqqət yetirməklə Allahın diriliyinə başqa bir dəlil də tapılır və o da bundan ibarətdir: Allahın müqəddəs Zatı mücərrəd və qeyri-cismanidir. (Bu, keçən dərsdə isbat olundu.) Hər bir mücərrəd varlıq zatən həyata malikdir, deməli, Mütəal Allahın da zatən həyatı vardır.

ELM

Elmin məfhumu ən açıq-aşkar məfhumlardandır, lakin onun məxluqlar arasında mövcud nümunələri məhdud və nöqsanlıdır və bu xüsusiyyətlərlə Mütəal Allaha aid edilə bilməz. Amma qeyd olunduğu kimi əql bu kamal məfhumu üçün heç bir nöqsan və məhdudiyyəti olmayan, alimin zatı ilə eyniyyət təşkil edən müəyyən nümunələr nəzərə ala bilər, bu da Mütəal Allahın Zatının elmidir.

Allahın elmini müxtəlif yollarla isbat etmək olar. Onlardan biri zati sifətlərin isbat olunmasında qeyd olunan yoldur. Yəni məxluqların arasında elm mövcud oluduğuna görə onun ən kamil mərtəbəsi onları yaradanda mövcud olmalıdır.

Digər bir yol isə nəzm bürhanından istifadə etməkdir. Yəni, hər hansı bir varlıq nə qədər dəqiq nizam-intizama malik olsa onu yaradanın elm və biliyinin bir o qədər artıq olmasına dəlalət edəcəkdir. Belə ki, elmi bir kitab, yaxud gözəl şer kitabı, yaxud digər incəsənət əsəri onu yaradanın elm, zövq və məharətinə dəlalət edir. Heç bir aqil insan elmi, yaxud fəlsəfi bir kitabın nadan və savadsız şəxs tərəfindən yazılmasını iddia etməz. Elə isə bu böyük kəhkəşanın, mövcud olan heyrətli sirlər və qəribəliklərin elmsiz varlıq tərəfindən yaradılmasını necə ehtimal vermək olar?!

Üçüncü yol isə nəzəri-fəlsəfi (yəni qeyri-bədihi) müqəddimələrdən istifadə etməkdir. Misal üçün bu fəlsəfi qaydanı qeyd etmək olar: “Hər bir müstəqil mücərrəd varlığın elmi vardır.” Bu məsələ əlaqədar kitablarda isbat olunmuşdur.

Allahın elminə diqqət yetirmək insanın özünü və ruhunu saflaşdırmasında çox mühüm rol ifa edir. Buna görə də Qurani-kərim təkrar-təkrar və təkidlə buyurur:

“Allah xəyanətkar gözlərdən və qəlblərin gizlətdiyi şeylərdən agahdır.”

QÜDRƏT

Öz iş və fəaliyyətini iradə və ixtiyar üzündən görən hər bir fail barəsində deyilir ki, “özünün gördüyü işlərə qüdrəti çatır”. Deməli, qüdrət faili-muxtarın (ixtiyar sahibi olan failin), ondan baş verməsi mümkün olan iş üçün başlanğıc (məbdəiyyət) olmasından ibarətdir. Vücudi mərtəbə baxımından fail nə qədər kamil olsa, bir o qədər artıq qüdrətə malik olacaqdır. Təbiidir ki, sonsuz kamala malik olan varlığın qüdrəti də sonsuz olacaqdır.

“Həqiqətən Allah hər bir şeyə qadirdir.”

Burada bir neçə məsələni xatırlatmaq lazımdır:

1.Qüdrətin aid olduğu bir işin gerçəkləşməsi mümkün olmalıdır. Deməli, qüdrəti zatən qeyri-mümkün olan, yaxud qeyri-mümkün olmayan, amma öz ardınca qeyri-mümkün bir işi gətirən şeyə aid etmək olmaz. Allahın hər bir işə qadir olmasının mənası bu deyildir ki, misal üçün Özü kimi başqa bir Allah da yaratsın (çünki Allah yaradılası deyildir), yaxud iki ədədini üç ədədindən böyük etsin, yaxud övladı, övlad olmaq məqsədi ilə atasından qabaq xəlq etsin.

2.Hər bir işə qadir olmaq onların hamısını yerinə yetirilməsini tələb etmir. Əksinə istədiyi hər işi görə bilməyi nəzərdə tutur. Hikmətli Allah da layiqli və hikmətli işlərdən başqa heç nə istəməz və heç bir iş görməz. Halbuki, Onun xoşagəlməz və çirkin işlər görməyə qüdrəti vardır. (Gələcək dərslərdə ilahi hikmət barəsində artıq izahat veriləcəkdir.)

3.Qüdrət özünün qeyd olunan mənası ilə yanaşı, ixtiyara da malikdir. Mütəal Allah ən yüksək qüdrətə malik olduğu kimi ixtiyarın da ən yüksək, kamil mərhələsinə malikdir. Heç bir amil Onu bir işi görmək ilə əlaqədar təzyiqə məruz qoya, yaxud ixtiyarı Ondan ala bilməz. Çünki hər bir varlığın vücudu və qüdrəti məhz Ondandır və Özünün başqalarına verdiyi qüdrətlər qarşısında heç vaxt məğlub olmaz.

Əvvəlki dərsdə qeyd olunduğu kimi, feli sifətlər Allahın müqəddəs Zatının Onun məxluqları ilə müqayisə olunması zamanı nisbət və xüsusi rabitəni nəzərə almaqla Ona aid olunan məfhumlardan ibarətdir ki, yaradan və yaradılan bu əlaqənin iki tərəfini təşkil edir. Yəni, yaratmaq məfhumunun özü məxluqatın vücudunun Mütəal Allaha bağlılığını mülahizə etməklə əldə olunur. Əgər bu bağlılıq nəzərə alınmasa, heç vaxt belə bir məfhum əldə oluna bilməz.

Allah ilə məxluqların arasında nəzərdə tutulan izafələr və rabitələrin həddi-hüdudu yoxdur, lakin bir baxımdan onları iki ümumi qismə bölmək olar: Birinci qism birbaşa Allah ilə məxluqatın arasında nəzərə alınan əlaqələrdir, o cümlədən, icad etmək, xəlq etmək və s. Amma digər əlaqələr başqa rabitə və əlaqələri nəzərə aldıqdan sonra əldə olunur. Məsələn, ruzi vermək. Çünki əvvəlcə ruzi yeyəni onun qidalandığı şey ilə birlikdə nəzərə aldıqdan sonra Allah tərəfindən onun təmin olunması diqqət mərkəzində saxlanılmalıdır ki, “raziq” və “rəzzaq” kimi məfhumlar alınsın. Hətta mümkündür ki, bəzən Mütəal Allaha bir feli sifət aid olunmazdan qabaq məxluqlar arasında bir neçə rabitə və əlaqə növü nəzərə alınsın, yaxud Allah ilə məxluq arasında əvvəlcədən olan bir neçə əlaqə nəzərə alındıqdan sonra onların Allah ilə olan rabitəsi nəzərə alınsın. Məsələn, məğfirət (bağışlamaq) Allah tərəfindən təklifi (vacib) hökmlərin təyin edilməsi, Onun hüquqi rübubiyyəti və bəndələrin bu hökmlər qarşısında itaətsizlik etməsi nəticəsində yaranır.

Bir sözlə, feli sifətləri əldə etmək üçün Mütəal Allahla məxluqlar arasında müqayisə aparılmalı, yaradan ilə yaranan arasında bir növ rabitə və əlaqə nəzərə alınmalıdır ki, əlaqənin iki tərəfi ilə vücuda gələn mütəzayif məfhum əldə olunsun. Buna görə də Allahın müqəddəs Zatı öz-özünə və bu nisbət və əlaqələri nəzərə almadan feli sifətlərin ayrı-ayrı nümunələri meydana gələcəkdir. Zati və feli sifətlər arasında əsaslı fərq də məhz bundan ibarətdir.

Əlbəttə, əvvəllər qeyd edildiyi kimi, feli sifətlərin, onların mənşəyini nəzərə almaqla zati sifətlərə qaytarılması da mümkündür. Belə ki, əgər xaliq, yaxud xəllaq “yarada bilən şəxs” kimi nəzərdə tutulsa qüdrət sifətinə qayıdır, yaxud səmi (eşidən) və bəsir (görən) sifətləri əgər “eşidilənlərə və görünənlərə alim olmaq” mənasınadırsa, elm mənasına qayıdır.

Digər tərəfdən, zati sifətlərdən hesab oluna bilən məfhumlardan bəzilərinin əlavə və feli mənada olması da mümkündür, bu surətdə feli sifətlərdən hesab olunacaqdır. Belə ki, elmin məfhumu Qurani-kərimin çox yerlərində feli sifət formasında işlədilmişdir.

Qeyd olunmalı mühüm məsələ bundan ibarətdir ki, Mütəal Allahla maddi varlıqlar arasındakı rabitə nəzərə alınan və bunun əsasında Allah üçün xüsusi feli sifətlər müəyyən olunan zaman qeyd olunan sifətin əlaqənin bir tərəfini təşkil edən maddi varlıqlara aid olan təqdirdə, zaman və məkan məfhumları da qeydə alınır. Halbuki, həmin sifətlər bu əlaqəni digər tərəfi olan Allaha aid edilərkən zaman bu cür qeyd və şərt hüdudlarından uzaq olur. Məsələn, ruzi yeyən bir varlığa ruzi verilməsi xüsusi zaman və məkan daxilində baş verir. Amma bu, həqiqətdə ruzi verənə deyil, ruzi yeyən varlıqla əlaqədardır, Allahın müqəddəs Zatı hər növ zaman və məkan qeydlərindən uzaqdır.

Bu mühüm məsələ Allahın fel və sifətlərini tanımaqla əlaqədar mühəqqiqlər arasında yaranan şiddətli ixtilafları və çoxlu çətinlikləri həll edə bilər.

XALİQİYYƏT

Vacibül-vücudun mümkünül-vücudların yaranışı üçün ilkin səbəb ünvanı ilə isbat edilməsindən sonra onların hamısının öz varlığında Allaha ehtiyaclı olmalarını nəzərə almaqla Vacibül-vücuda “xaliqiyyət”, mümkünlərə “məxluqiyyət” sifəti mənsub edilir. Bu vücudi rabitə əsasında əldə olunan xaliq məfhumu icad edən və varlıq bağışlayan illətlə bərabərdir. Ehtiyaclı və mümkün varlıqların hamısı onun əlaqəsinin bir tərəfində olub məxluqiyyət sifəti adı ilə müəyyən olunur.

Lakin bəzən xəlq etmək kəlməsi daha məhdud mənada işlənərək yalnız əvəlki maddədən vücuda gələn və onun əlaqədar olduğu tərəf mövqeyində dayanan varlıqlara aid edilir. Bunun müqabilində ibda məfhumu durur ki, ilkin maddədən yaranmayan (məsbuq olmayan) varlıqlarda işlənir (mücərrədlər və ilkin maddə). Beləliklə, icad etmək xəlq və ibda olaraq iki yerə bölünür.

Allahın xəlq etməsi insanların əşyalardan istifadə edib ondan müxtəlif şeylər hazırlaması mənasına deyildir ki, bədənin hərəkət edib işləməsinə ehtiyac duyulsun və hərəkət “fel”, ondan hasil olan varlıq isə “felin nəticəsi” kimi cilvələnsin və nəticədə yaratmaq yaradılmışla fərqlənsin. Çünki Mütəal Allah cism və cismani varlıqların xüsusiyyətlərindən və hərəkətlərindən pak olmaqdan əlavə, əgər Allahın yaratmağı yaradılanın zatına olunan əlavə olsaydı, mümkünül-vücuddan və Allahın məxluqatından olan bir varlıq hesab olunacaqdı. Deməli, feli sifətlərin tərifində deyildiyi kimi, bu cür sifətlər Allah və məxluqların arasında nisbət və sifətlərdən əldə olunan məfhumlardır, yəni əlavə və nisbət əqlin mülahizəsinə bağlıdır.

RÜBUBİYYƏT

Allah ilə məxluqlar arasında mülahizə olunan əlaqələrdən biri də budur ki, məxluqlar təkcə vücudun əslində və yaradılışlarında Allaha ehtiyaclı deyillər, həm də onların vücudi işlərinin hamısı Mütəal Allaha bağlıdır, onların heç bir növ müstəqillikləri yoxdur, Allah onlarda istədiyi kimi təsərrüf və onların işlərini idarə edir.

Bu əlaqəni ümumi tərzdə nəzərə alsaq, bundan “rübubiyyət” məfhumu irəli gəlir. Rübubiyyət bütün işlərdə tədbir tələb edir. O cümlədən, qoruyub saxlamaq, həyat vermək, öldürmək, ruzi vermək, inkişaf etdirib kamala çatdırmaq, yol göstərmək, əmr və nəhy etmək və s. qeyd etmək olar.

Rübubiyyətin müxtəlif işlərini iki ümumi dəstəyə bölmək olar:      

1.Təkvini rübubiyyət. Bu bütün varlıqların işlərinin idarə edilməsinə, ehtiyaclarının təminatına bir sözlə, kainatın idarə olunmasına aid edilir.

2.Təşrii (hüquqi) rübubiyyət. Bu, şüurlu və ixtiyar sahibi olan varlıqlara aid olub, peyğəmbərlər göndərmək, asimani kitablar nazil etmək, təklif və vəzifələri təyin etmək, hökm və qanunlar yaratmaq kimi işlərə şamildir.

Allahın mütləq rübubiyyətinin mənası budur ki, məxluqlar hər bir vücudi işdə Mütəal Allaha bağlıdırlar. Bir-birinə olan bağlılıqlar da axırda Ona bağlılıqla nəticələnir. Məxluqların bəzilərini digərlərinin vasitəsilə idarə edən, canlıları Özünün yaratdığı ruzi ilə qidalandırıb təmin edən məhz Odur. O, şüurlu varlıqları həm batini vasitələrlə (əql və s. kimi idrak qüvvələri), həm də xarici vasitələrlə (peyğəmbərlər və asimani kitablar) hidayət edir, mükəlləflər üçün hökmlər və qanunlar yaradır və vəzifələr müəyyən edir.

Xaliqiyyət kimi, rübubiyyət də əlaqəli bir məfhumdur. Fərqləri bundan ibarətdir ki, onun (rübubiyyətin) müxtəlif hallarında məxluqatın özləri arasında da xüsusi bir əlaqə nəzərə alınır. (Belə ki, bu, rəzzaqiyyət barəsində deyildi.)

Xaliqiyyət və rübubiyyət məfhumlarına və onların əlaqəli olmasına diqqət yetirməklə aydın olur ki, bu ikisinin arasında zərurət vardır və aləmin Rəbbinin onun Xaliqindən başqası olması qeyri-mümkündür, yəni məxluqları xas səciyyələrlə bir-birinə bağlı yaradan elə onları qoruyub idarə də edir. Həqiqətdə rübubiyyət və tədbirin mənası məxluqatın yaradılışı və onların arasında bağlılığın necəliyindən irəli gəlir.

ÜLUHİYYƏT

“İlah” və “üluhiyyət”in mənaları barədə nəzər sahibləri və mütəxəssislər arasında çoxlu mübahisələr baş vermişdir ki, bunlar da təfsir kitablarında qeydə alınmışdır. Bizim nəzərimizə görə, onun ən yaxşı mənası budur ki, “ilah” pərəstişedilmə, yaxud ibadət və itaətə layiqolma mənasınadır. Necə ki, onunla eyni vəzndə olan “kitab”ın mənası “yazmaq və yazmağa layiq olan bir şey”dir.

Bu mənaya uyğun olaraq üluhiyyət elə bir sifətdir ki, onun həqiqətini müəyyən etməkdən ötrü bəndələrin itaət və ibadətini də nəzərə almaq lazımdır. Baxmayaraq ki, yolunu azanlar batil və puç məbudları özlərinə ilah seçmişlər, amma itaət və ibadət olunmağa ləyaqəti olan Kəs məhz onların Xaliqi və Rəbbidir. Bu da hər bir şəxsin Mütəal Allah barəsində malik olduğu etiqadın meyarıdır. Yəni Allah-taalanı Vacibül-vücud, dünyanın ixtiyar sahibi, idarə edəni və yaradanı hesab etməkdən əlavə Onu ibadət və itaət olunmağa layiqli də bilməlidir. Ona görə də bu məfhum İslamın şüarı olan “La ilahə illəllah”da əxz edilmişdir.

DİGƏR FELİ SİFƏTLƏR

Kəlam elmində münaqişəli məsələlərdən biri də ilahi iradə məsələsidir. Bu barədə bir çox cəhətlərdən, məsələn, “iradə zati sifətdir, yoxsa feli sifət”, yaxud “qədimdir, ya yeni?”, “vahiddir, yoxsa çoxdur?” deyə ixtilaf və mübahisə yaranmışdır. Bütün bunlar fəlsəfədə iradə, xüsusilə ilahi iradə barədə aparılan bəhslərdən ayrıdır.

Aydındır ki, indiki mövzu barədə geniş bəhs bu kitaba sığmaz. Ona görə də əvvəlcə iradənin məfhumu haqqında şərh verir, daha sonra ilahi iradə ətrafında qısa söhbətə başlayırıq.

İRADƏ

Camaat arasında “iradə” kəlməsi iki mənada işlədilir: biri sevmək, digəri isə işi görmək üçün qərara gəlmək.

Birinci mənası işlənmə baxımından çox geniş yayılmışdır. Həm xarici əşyaları, həm şəxsin öz işlərini, həm də başqalarının işlərini sevməyə deyilir. Amma ikinci mənası yalnız şəxsin öz işlərilə bağlı işlədilir.

İnsan barəsində iradənin birinci mənasının (məhəbbət, istəmək) nəfsani səciyyələr və nəfsin zahiri xüsusiyyətlərindən olmasına baxmayaraq, əql onun nöqsanlı cəhətlərini təcrid etməklə cövhəri (əsli, mahiyyəti olan) varlıqlara, hətta Mütəal Allaha belə aid edilə bilən ümumi bir məfhum əldə edə bilər. Belə ki, elm barəsində də həmin işi görür. Buna görə də Allahın Öz Zatına nisbət verdiyi məhəbbətə aid edilən “hübb” kəlməsi zati sifətlərdən biri hesab olunur. Əgər “ilahi iradə” dedikdə məqsəd kamalı sevmək olsa (belə ki, ilk mərtəbədə sonsuz ilahi kamala aid olur. Sonrakı mərtəbələrdə digər varlıqların kamallarına aid edilir), məhz Onun kamalının əsərləri olduğuna görə bunu zati, qədim, vahid sifətlərdən və Müqəddəs Zatının eyni hesab etmək olar.

Amma bir işi görmək üçün qərara gəlmək mənasında olan iradə, şübhəsiz, feli sifətlərdəndir. Hadis (yeni) və yaranan işə aid olması baxımından zamanla şərtlənməyə qabildir. Buna Quranda da rast gəlmək olur. Lakin diqqət yetirmək lazımdır ki, Mütəal Allahın feli sifətlərlə vəsf olunmasının mənası Onun zatında dəyişikliyin hasil olması, yaxud Onda bir ərəzin (zahiri xüsusiyyətin) yaranması deyildir. Əksinə, mənası budur ki, Allahın zatı ilə məxluqatın arasında olan əlaqə və nisbət xüsusi nəzərdən və müəyyən şəraitlərdə mülahizə olunur. Buradan da feli sifətlərdən biri olan məfhumun meydana çıxmasına səbəb olur ki, məhdud və müqəyyəd (qeyd və şərti olan) şeyə aid edilmə baxımından müəyyən şərtlərə malik olacaqdır. Bu da “harada isə olmaq” və “çoxluq” ifadə edən əlaqəli bir məfhumdur. Çünki əlaqə iki tərəfə tabedir. Tərəflərdən birinin hadis və çoxluğu bu xüsusiyyətlərin əlaqəyə də sirayət etməsi üçün kifayətdir.

HİKMƏT

İlahi iradə haqqında qeyd olunan izahlara diqqət yetirməklə aydın olur ki, bu iradə bir şeyin icad olunmasına elə-belə, boş-boşuna aid olmur. Əksinə, əşyaların ilahi iradə əsasında yaranması onların kamal, xeyir və məsləhətinə əsaslanır. Maddiyyatın qarşılıqlı mübarizəsi onlardan bəzilərinin digərinin vasitəsi ilə azalıb-artmasına səbəb olduğundan ilahi məhəbbətin kamalı tələb edir ki, onların məcmusu, onlara daha artıq xeyir və kamal çata biləcəyi şəkildə olsun. Bu kimi əlaqələrin müqayisə olunmasından “məsləhət” məfhumu əldə olunur. Halbuki məsləhət məxluqatın vücudundan ayrı bir iş deyildir, buna görə də o, nəinki ilahi iradəyə, hətta, onların yaranmasına da təsir qoya bilməz.

Bir sözlə, Allahın işləri Onun elm, qüdrət, kamal və xeyrə məhəbbət kimi zati sifətlərindən qaynaqlandığından həmişə məsləhətə malik olan bir şəkildə gerçəkləşir, yəni onlara ən çox kamal və xeyir çatır. Belə bir iradə “hikmətli iradə” adlandırılır. Buradan da Mütəal Allah üçün fel məqamında həkim adlı digər bir sifət də irəli gəlir ki, feli sifətlərdə olduğu kimi zati sifətlərə qayıtmağa qabildir.

Əlbəttə, diqqət yetirmək lazımdır ki, hər hansı bir işi məsləhətə görə yerinə yetirməyin mənası məsləhətin Mütəal Allah üçün əsas məqsəd olması deyildir; əksinə, o bir növ ikinci dərəcəli hədəf sayılır, əsl səbəb işlərin görülməsi üçün sonsuz zati kamala olan məhəbbətdir ki, onun nəticəsində bu, varlıqların kamalına da aid olur. Məhz buna görə də deyilir ki, Allahın felləri üçün əsl (köklü) səbəb elə faillik səbəbidir və Mütəal Allah Öz zatına əlavə ola biləcək digər hədəf və məqsədə malik deyildir. Amma bu məqsədin varlıqların kamal, məsləhət və xeyrinin ikinci dərəcəli və əsas hədəf ünvanı kimi hesab olunması ilə ziddiyyət təşkil etmir. Bu mənaya əsasən Qurani-kərimdə Allahın felləri müəyyən işlərlə əlaqələndirilmişdir ki, onların da hamısı məxluqatın xeyir və kamalına qayıdır. Necə ki, işlərin ən yaxşısının seçilməsi, imtahan, Allaha bəndəçilik, Allahın əbədi və xüsusi rəhmətinə nail olmaq da insanın yaradılışı üçün müəyyən hədəflər kimi zikr olunmuşdur ki, onlardan hər biri digərinin müqəddiməsidir.

ALLAHIN KƏLAMI

Allah-taalaya mənsub edilən məfhumlardan biri də danışmaqdır. Qədim zamanlardan etibarən mütəkəllimlər arasında Allahın kəlamı barəsində geniş təhqiqat aparılmış və bəhslər irəli sürülmüşdür. Hətta, kəlam elminin belə adlandırılmasının səbəblərindən biri də bu elmin ardıcıllarının ilahi kəlam barədə təhqiqat aparmalarıdır. Əşərilər onu zati, mötəzililər isə feli sifət hesab etmişlər. Bu iki dəstədən olan mütəkəllimlərin arasındakı kəskin ixtilaflı məsələlərdən biri də Allahın kəlamı olan Quranın məxluqmu, yoxsa qeyri-məxluq olmasıdır. Hətta onlar bu məsələ ilə əlaqədar bir-birlərini kafir hesab edirdilər.

Zati və feli sifətlər barədə verilən izah və təriflərə diqqət yetirməklə asanlıqla anlamaq olar ki, danışmaq feli sifətlərdəndir və bunu müəyyən etmək üçün xitab olunan şəxsi nəzərə almaq lazımdır ki, səsi eşitmək, yazını görmək, zehnində bir məfhumu tapmaq, yaxud başqa bir şey vasitəsilə danışanın məqsədini başa düşsün. Əslində bu məfhum həqiqəti bir şəxs üçün aşkar etmək istəyən Allah ilə o həqiqəti dərk edən məxluq arasındakı əlaqədən irəli gəlir. Əgər danışıq üçün başqa bir məna nəzərə alınsa və misal üçün söz danışmağa qadir olmaq, yaxud sözün mənasından agah olmaq mənasına yozulsa, bu halda zati sifətlərə aid olur. (Bunun oxşarını feli sifətin digər qismləri barəsində demişdik.)

Amma Qurani-kərim yazılar, sözlər, zehnlərdə mövcud olan məfhumlar, nurani və mücərrəd həqiqət mənasında nəzərdə tutulsa, o zaman o, məxluqdur. Bir şəxs Allahın zati elmini Quran həqiqəti kimi qələmə versə, o halda o, zati sifət olan elmə qayıdacaqdır. Lakin Allah kəlamı, Qurani-kərim və s. barəsində bu cür yozumlar mövcud ürfdən kənardadır və bundan uzaq olmaq lazımdır.

SİDQ (DOĞRUÇULUQ)

Allahın sözləri əmr, nəhy və inşa surətində olsa, bəndələrin əməli vəzifələrini müəyyən etdiyi halda “doğru” və ya “yalan” kimi məfhumlar vasitəsilə ifadə olunmaz. Amma mövcud həqiqətlərdən, yaxud keçmişdə olmuş və ya gələcəkdə olacaq hadisələrdən xəbər vermək surətində olsa, doğruçluqula vəsf olunur. Belə ki, Qurani-kərim buyurur:

“Danışmaq baxımından kim Allahdan daha doğruçu ola bilər?!”

Bunları qəbul etməməkdə heç kəsin üzürlü bəhanəsi olmayacaqdır.

Bu sifət əsas etibarı ilə dünyagörüşün fəri məsələlərinin, eləcə də ideoloji məsələlərdən çoxunun isbat olunması üçün digər bir istidlalın əsasını təşkil edir. Bu sifətin isbat olunması üçün gətirilə bilən əqli dəlillərdən biri budur ki, Allahın ilahi rübubiyyət işləri, insan və dünyanın idarə olunması barəsində danışması elm və hikmət əsasında olub, varlıqları hidayət etmək və dinləyicilər üçün düzgün mərifət vasitəsi hazırlamaq məqsədi ilədir. Əgər reallıqla müxalifət mümkün olsaydı onlara etimad edilməz və bu da əsas məqsədi poza bilərdi ki, ilahi hikmətin əksinə olardı.

 


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ŞƏHADƏT YATAĞINDA MEHRAB ŞƏHIDINDƏN BIR NEÇƏ SÖZ
TƏQLİD
ISLAM KӘLAM ELMININ ISLAM FӘLSӘFӘSINӘ TӘ`SIRI
Şeytanın (lən) ən çox istifadə etdiyi anlar
QӘDİR-XUM HADİSӘSİ
CƏBR VƏ İXTİYAR
Xəlifəlik və xəlifələr
YALANÇI PEYĞƏMBƏRLƏR
Əməvilər
ŞAGİRDİN HAQQI

 
user comment