Azəri
Friday 27th of September 2024
0
نفر 0

MƏADA ETİQAD BƏSLƏMƏYİN ƏHƏMİYYƏTİ

 

Gündəlik həyat fəaliyyətlərində əsas məqsəd ehtiyacları, istəkləri təmin etmək, dəyərlərə və məramlara nail olmaq və nəhayət yekun səadət və kamala çatmaqdır. İşlərin keyfiyyət, kəmiyyət və istiqamətləndirilməsi o hədəflərin ayırd edilməsinə bağlıdır ki, həyatdakı edilən səy və faliyyətlər məhz onlara çatmaq üçün yerinə yetirilir. Deməli, həyatın yekun və son hədəfləri barəsində mərifət kəsb etmək iş və fəaliyyətlərin seçilib onlara istiqamət verilməsində əsas rol oynayır. Həqiqətdə həyatın hansı istiqamətdə seçilməsinin əsl amilini insanın öz həqiqəti, kamalı və səadətini tanıması və onun barəsindəki nəzəri təşkil edir. Öz həqiqətinin yalnız bir sıra maddi ünsürlərdən, mürəkkəb kimyəvi reaksiyalardan ibarət olduğunu təsəvvür edən, öz həyatını bu dünyanın bir neçə günlük ötəri həyatında məhdudlaşdıran və həmin həyatla əlaqədar olan bəhrələrin arxasında heç bir səadət, kamal və ləzzət olduğunu qəbul etməyən şəxs öz rəftar və davranışlarını yalnız özünün dünyəvi istək və ehtiyaclarını təmin etmək əsasında tənzim edir. Amma öz həqiqətini maddi varlıqlardan daha yüksəkdə olduğunu bilən, ölümü həyatın sonu hesab etməyən və onu yalnız ötəri dünyadan əbədilik dünyasına keçid hesab edən, özünün layiqli əməl və davranışlarını əbədi kamal və səadətə çatmaq üçün vasitə olduğunu bilən bir insan həyat proqramlarını elə tənzim və icra edir ki, əbədi həyatı üçün mümkün qədər daha artıq faydalı olsun. Digər tərəfdən, dünya həyatındakı məğlubiyyətlər və çətinliklər onu ümidsiz etmir, vəzifənin yerinə yetirilməsi, əbədi səadət və kamalın əldə olunması yolunda heç vaxt işgüzar fəaliyyətdən usanmır.

İnsan barəsində bu iki növ mərifətin təsiri fərdi həyatla xülasələnmir, əksinə, ictimai həyatda və ayrı-ayrı fərdlərin qarşılıqlı rəftarlarında da özünə layiq təsir qoyur. Əbədi həyata, əbədi mükafat və ya cəzalara etiqad bəsləmək başqalarının hüququna riayət etmək, ehtiyaclılara ehsan etmək və öz haqqından keçmək kimi məsələlərdə mühüm rol ifa edir. Belə etiqadların hakim olduğu bir cəmiyyətdə ədalətli qayda-qanunların icra olunması, həmçinin başqalarının haqqına təcavüz və zülm edilməsinin qarşısının alınması üçün güc işlədilməsinə və təzyiqlərə çox az ehtiyac duyulur. Təbiidir ki, bu etiqad ümumdünya səviyyəsində bərqərar olarsa, beynəlxalq çətinliklər də nəzərə çarpacaq dərəcədə azalacaqdır.

Bu məsələyə diqqət yetirməklə məad məsələsinin dəyəri və onun barəsində geniş tədqiqat aparılmasının mühüm təsirləri aydın olur. Hətta təklikdə tövhidə etiqad (məada etiqad olmadan) həyata istənilən istiqamət verilməsində kamil və geniş təsir qoya bilməz. Buna görə də səmavi dinlərin, xüsusilə müqəddəs İslam dininin bu etiqad prinsipinə ciddi əhəmiyyət verməsinin, həmçinin ilahi peyğəmbərlərin bu əqidənin insanların ruhuna yeridilməsində nə üçün bu qədər fəaliyyət göstərmələrinin sirri aşkar olur.

Axirət aləminə etiqad bəslənməsi özünün ictimai və fərdi rəftarlara və davranışlara istiqamət verməkdəki rolunu o zaman ifa edə bilər ki, insanın bu dünyadakı əməl və fəaliyyətləri ilə o dünyadakı xoşbəxt və ya bədbəxt olması arasında səbəb-nəticə qanunu qəbul edilsin və heç olmazsa, axirət nemətləri bu dünyadakı layiqli əməllərin mükafatı, axirət əzabları isə bu dünyadakı yaramaz və pis əməllərin cəzası kimi qəbul edilsin. Əks halda, əgər axirət səadətini elə bu dünyada kəsb etməyin (yəni, dünya bəhrələrini də elə bu dünyada əldə etməyin) mümkünlüyü təsəvvür olunsa onda axirət həyatına etiqad özünün bu dünyadakı rəftar və davranışlarda təsirli rolunu əldən verəcəkdir. Çünki belə təsəvvürə əsasən, dünyəvi səadətin əldə edilməsi üçün yalnız bu dünyada, axirət səadətinə nail olmaqdan ötrü isə elə axirət aləmində çalışmaq lazımdır!

Deməli, məad və ölümdən sonrakı həyatın isbat olunmasından əlavə bu iki həyatın (dünya və axirət) arasındakı qırılmaz əlaqə, eləcə də insanın ixtiyari rəftar, əməl və davranışları ilə onun əbədi bədbəxtliyi və ya xoşbəxtliyi arasındakı olan əlaqəsi isbat olunmalıdır.

QURANIN MƏAD MƏSƏLƏSİNƏ CİDDİ DİQQƏT YETİRMƏSİ

Quran ayələrinin üçdə-birindən çoxu əbədi həyat olan axirət aləmi ilə əlaqədardır. Bu ayələrdən bir neçəsində axirət aləminin varlığına iman gətirmək təkid olunur, başqa ayələrdə isə onun inkar edilməsinin ağır və acınacaqlı nəticələri xatırladılır. Üçüncü qism ayələr əbədi nemətlərdən,  dördüncü dəstədən olan ayələr isə əbədi əzablardan söz açır.  Həmçinin çoxlu ayələrdə insanın yaxşı və pis əməlləri ilə bunların axirət nəticələri arasındakı əlaqə qeyd olunur. Qiyamətin olacağı və zərurəti müxtəlif yollarla təkid edilir. Bunu inkar edənlərin şübhələrinə cavab verilir. Çünki insanın yoldan azması və yaramaz işlərə qurşanması ya qiyamətin inkar ediməsindən, ya da unudulmasından irəli gəlir.

Quran ayələrinə diqqət yetirməklə məlum olur ki, peyğəmbərlərin sözlərinin və onların insanlarla apardığı mübahisələrin ən ümdəsi məad məsələsinə aid olmuşdur. Hətta bunu da demək olar ki, onların bu məsələni isbat etmək üçün göstərdikləri səylər tövhidi isbat etmək üçün göstərdiyi səylərdən qat-qat artıq olmuşdur. Çünki camaatın əksəriyyəti məadı qəbul etmək üçün daha artıq əks-reaksiya göstərir. Səbəbini də iki amildə xülasələndirmək olar. Birincisi, hiss olunmayan qeybi işlərin inkar olunması, digəri isə məad məsələsi, yəni insanların cavabdehlik daşımamağa və məsuliyyətsizliyə olan meylləridir. Çünki qeyd olunduğu kimi, qiyamətə və hesab-kitaba etiqad bəsləmək məsuliyyət hissi keçirməyi, əməl və rəftarlarda müəyyən məhdudiyyətlərin qəbul olunmasını tələb edir, zülm, təcavüz, fəsad və günahdan çəkinmə də müsbət təsir göstərir. Onun inkar olunması ilə isə həvəsbazlar, şəhvətpərəstlər və özbaşınaçılıq edənlər üçün yollar açılır.

Qurani-kərim buna işarə edərək buyurur:

“Yoxsa insan onun sümüklərini (çürüyüb aradan getdikdən sonra) bir yerə toplamayacağımızı zənn edir? Əlbəttə (bu işi görəcəyik), halbuki onların barmaqlarının bəndlərini belə (əvvəldə olduğu kimi) vücuda gətirməyə qadirik. Xeyr, insan öz qarşısında olan maneələri aradan qaldırmaq (açıq-saçıq olmaq) istəyir.»

Məadın qəbul edilməsindən imtina etmək ruhiyyəsini öz danışıq və yazılarında Quranın məad barəsində işlətdiyi “qiyamət” və “sonrakı gün” və s. kimi təbirləri bu dünyanın varlıqlarına, millətlərin dirçəlişinə, sinifsiz və ədalətli bir cəmiyyət təşkil etməyə, yer üzündə olan behişt mənasına yozmaq istəyən şəxslərdə görmək olar ki, axirət aləmini və onunla əlaqədar olan məfhumları şərti məfhumlar və əfsanələr kimi qələmə vermək istəyirlər.

Quran belə adamları “insandan olan şeytanlar” və “peyğəmbərlərin düşmənləri” kimi qeyd edir. Belə ki, onlar zahiri gözəl olan aldadıcı və bəzədilmiş söz-söhbətlərlə qəlbləri yoldan azdırır, camaatı imandan, düzgün etiqaddan və ilahi hökmlərə vəfadar qalmaqdan saxlayır:

“Beləliklə, hər peyğəmbər üçün insanlardan və cinlərdən olan şeytanlar qərar verdik ki, camaatı aldatmaq üçün bir-birinə bəzədilmiş sözlər ilham edərlər. Əgər Allah istəsəydi (məcburi olaraq onların qarşısını alardı və), onlar belə işlər görməzdilər (lakin Allahın istəyi bu olmuşdur ki, insanlar yaxşı və pis işləri seçməkdə azad olsunlar). Belə isə onları, öz yalanları ilə birlikdə boşla. (Şeytanlar bu işi görürdülər ki,) axirətə iman gətirənlərin qəlbləri onların bəzədilmiş sözlərinə uysun və onları bəyənsinlər, (nəticədə) istədikləri şeylərə mürtəkib olsunlar.»

Nəticə:

Hər kəs şəxsi həyatında onu həqiqi kamala və səadətə çatdıra biləcək bir yolu seçib «onun həyatı ölümlə sona çatırmı, yoxsa ondan sonra digər bir həyat da vardır?» -deyə fikirləşməlidir. Görəsən bu dünyadan başqa bir dünyaya nəqlolunma, bir şəhərdən başqa bir şəhərə getmək kimidirmi ki, həmin yerdə yaşayış vəsaitlərini tədarük görmək mümkün olsun, yoxsa bu dünya həyatı axirət aləmindəki yaxşı və ya pis həyatın müqəddiməsidir və bu dünyada işləri görüb onların son nəticələrini orada əldə etmək lazımdır? Bu kimi məsələlər həll olunmayınca yol və həyat tərzinin, eləcə də proqramların ayırd edilməsinə növbə çatmır. Çünki səfərdə məqsəd məlum olmayınca oraya gedən yolun ayırd edilməsi də mümkün deyildir.

Bunu da qeyd etməliyik ki, belə bir həyatın varlığı ehtimalı nə qədər zəif olsa belə, ağıllı və ayıq bir insanı onun barəsində tədiqat aparmağa vadar edir. Çünki ehtimal edilən şeylərin miqdarı sonsuzdur.

CANLI VARLIQLARDA VƏHDƏTİN MEYARI

İnsanın bədəni digər canlı varlıqlar kimi müəyyən hüceyrələrdən, toxumalardan təşkil olunmuşdur ki, onların daxilində daim kimyəvi reaksiyalar və maddələr mübadiləsi baş verir. Amma onların sayı dünyaya gəldiyi gündən ömrünün sonuna qədər dəyişilmir. Toxumaların sayı həmişə sabit qalır.

Bütün canlıların, xüsusilə insanın bədənində baş verən bu dəyişikliklərə diqqət yetirməklə belə bir sual yaranır ki, daim dəyişilməkdə olan bu məcmuə hansı əsasa və meyara görə vahid bir varlıq hesab olunmalıdır? Halbuki həyat boyunda onun hissələri bir neçə dəfə tamamilə dəyişir.

Bu suala verilən sadə cavab bundan ibarətdir ki, hər bir canlı varlıqda vəhdətin meyarı onun hissələrinin həm eyni zamanda, həm də müxtəlif zamanlardakı bağlılıqlarıdır. Baxmayaraq ki, müəyyən hüceyrələr tədrici olaraq ölür və onların yerini yeni hüceyrələr tutur. Amma bu cərəyanın bağlılığı (tədricən baş verməsi) baxımından yenidən qurulan bu məcmuəni vahid bir varlıq hesab etmək olar.

Amma bu, qaneedici cavab deyildir. Çünki biz sayı müəyyən olan kərpiclərdən təşkil olunan müəyyən bir binanı təsəvvür edə bilərik. Belə ki, onun kərpiclərini tədrici olaraq elə dəyişmək olar ki, müəyyən müddətdən sonra əvvəlki kərpiclərdən heç biri qalmasın. Təzə kərpiclər məcmuəsini əvvəlki bina hesab etmək olmaz. Amma zahiri formasını nəzərə aldıqda ona bu adı vermək olar. Xüsusilə həmin məcmuəni təşkil edən kərpiclərin dəyişilməsindən xəbərsiz olan şəxslər tərəfindən belə həmin təbir işlədilə bilər.

Yuxarıdakı cavabı belə təkmilləşdirmək olar ki, bu tədrici dəyişikliklər məcmuənin vəhdətinə o zaman zərər yetirmir ki, təbii və batini amil əsasında baş vermiş olsun. Belə ki, canlı varlıqlarda bu tamamilə müşahidə olunur. Amma hər hansı bir binanın kərpiclərinin dəyişdirilməsi xarici amillər tərəfindən olduğundan hissələrin dəyişdirilməsi dövründə bu həqiqi vəhdəti onlara mənsub etmək olmaz.

Bu cavab vahid təbii amilin qəbul edildiyi təqdirdədir. Belə ki, o bu dəyişikliklər cərəyanında həmişə qalır, orqanizmin üzvlərinin nəzm və həmahəngliyini qoruyub saxlayır. Deməli, bu amilin özü barəsində sual yaranır və “onun həqiqəti nədən ibarətdir? Onun vəhdətinin meyarı hansıdır?” - deyə soruşulur.

Məşhur fəlsəfi nəzəriyyəyə uyğun olaraq hər bir təbii varlıqda vəhdətin meyarı bəsit (qeyri-mürəkkəb) və hiss olunmayan bir varlıq olan təbiət, yaxud surətdən ibarətdir ki, maddədəki dəyişikliklərdən təsirlənmir. Qidalanma, inkişaf, nəsil artırma və s. kimi müxtəlif felləri və fəaliyyətləri yerinə yetirən canlı varlıqlarda bu amil “nəfs “ adlandırılır.

Qədim filosoflar bitki və heyvanlara məxsus olan nəfsi maddi, insana məxsus olan nəfsi isə mücərrəd hesab edirdilər. Lakin İslam filosoflarından çoxu, o cümlədən, Sədrül-Mütəəllihin Şirazi heyvan nəfsinin də təcərrüdün müəyyən mərtəbəsinə malik olduğunu demiş, şüur və iradəni mücərrəd varlığın əlamətlərindən hesab etmişdir. Amma varlığın yalnız maddədə və onun xassələrində çərçivələndiyini iddia edən materialistlər mücərrəd ruhu inkar edirlər. Müasir materialistlər (pozitovistlər kimi) hiss olunmayan hər bir şeyi inkar edir, heç olmazsa hiss olunmayan bir şeyi də qəbul etmirlər və təbiidir ki, onlar canlı varlıqlarda vəhdətin meyarı üçün düzgün bir cavab da verə bilmirlər.

Bitkilərdə vəhdətin meyarının onlardakı nəbati nəfs olduğunu qəbul etdikdə nəbati həyat müstəidd (istedadlı) maddələrdə xüsusi nəbati nəfs və surətin varlığına bağlı olur və maddənin istedadarı aradan getdikdə nəbati surət, yaxud nəfs də məhv olub aradan gedir. Həmin maddənin yenidən nəbati surəti qəbul etmək istedadına malik olmasını fərz etdikdə onlara yeni nəbati nəfs verilir. Lakin biri köhnə, digəri isə təzə olan bitki bir-birinə tam oxşar olduğu halda onların həqiqi vəhdəti olmayacaq və dəqiq nəzərlə yeni bitkini əvvəlki bitki hesab etmək olmaz.

Amma heyvan və insana gəldikdə isə, onların nəfsi mücərrəd olduğundan bədənləri çürüyüb aradan getdikdən sonra da qala bilər. Yenidən bədənlə əlaqə yaratdığı halda şəxsin vəhdətini (“bu, elə odur” deyilə biləcək surətdə) hifz edər. Belə ki, ölümdən qabaq da həmin ruhun vəhdətinin şəxsin vəhdət meyarı idi. Bədəndəki maddələrin dəyişikliyə uğraması şəxsin birdən artıq şəxsə çevrilməsinə səbəb olmur. Amma əgər bir şəxs insanın və ya heyvanın varlığının yalnız hiss olunan bədən və onun xassələri və zahiri xüsusiyyətləri ilə xülasələndirsə, ruhu da bədənin xüsusiyyətlərindən təşkil olunan məcmuədən biri saysa, hətta əgər onu hiss olunmayan surət deyil, amma maddə hesab etsə və “bədənlərin çürüyüb aradan getməsi ilə o da aradan gedir” desə, belə bir şəxs məad barəsində düzgün təsəvvürə malik ola bilməz. Çünki bədənin həyat üçün yeni istedad tapması fərz olunduqda onlarda yeni xüsusiyyətlər vücuda gəlir və bu zaman vəhdət üçün həqiqi bir meyar qalmır, çünki əvvəlki xasiyyətlərin tamamilə məhv olması və yeni xasiyyətlərin yaranması fərz olunur.

Bir sözlə, ölümdən sonrakı həyatı yalnız o zaman düzgün şəkildə təsəvvür etmək olar ki, ruhu bədəndən, bədənin xüsusiyyətlərindən tamamilə başqa bir şey hesab edək. Hətta onu bədənə daxil olan və onun aradan getməsi ilə məhv olan maddi surət də hesab etməməliyik. Deməli, əvvəla, ruhun varlığını qəbul etməliyik. İkincisi, onu bədənə oxşar xüsusiyyətlər deyil, xüsusi mahiyyətə malik olduğunu qəbul etməliyik. Üçüncüsü, onu müstəqil və bədənin məhv olmasından sonra yaşamağa qabil olan bir mücərrəd varlıq hesab etməliyik. Amma bədənə daxil olub və bədənin məhv olması ilə məhv olan surət kimi qəbul etməməliyik.

RUHUN İNSAN VARLIĞINDAKI MÖVQEYİ

Burada qeyd olunmalı digər bir məsələ də budur ki, insanın ruh və bədəndən təşkil olunması oksigen və hidrogendən təşkil olunan su kimi deyildir ki, onların bir-birindən ayrılması ilə mürəkkəb birləşmədən ibarət olan müstəqil bir varlıq məhv olub aradan getsin. Əksinə, ruh insanın əsl ünsürüdür və o qaldığı bir müddətə qədər insanın insaniyyəti və şəxsiyyəti qorunub saxlanılır. Məhz buna görə də bədənin hüceyrələrinin və toxumalarının dəyişilməsi şəxsin vəhdətinə heç bir zərər vurmur. Çünki insanın həqiqi vəhdətinin meyarı onun ruhundan ibarətdir.

Qurani-kərim bu həqiqətə işarə etməklə məadı inkar edən və “insanın bədəninin çürüyüb dağıldıqdan sonra yeni bir həyata qədəm qoyması necə mümkündür?!» deyən inkarçıların cavabında buyurur:

“De: (Siz tam məhv olmursunuz, əksinə,) sizə vəkil olunan ölüm mələyi sizi (sizin canınızı) alır.»

Deməli, hər kəsin insaniyyət və şəxsiyyətinin həqiqəti ölüm mələyinin aldığı şeydir, nəinki, onun yerdə qalıb çürüyən bədəni.

RUHUN MÜCƏRRƏDLİYİ

Məlum oldu ki, məad məsələsi ruh məsələsi üzərində qurulmuşdur. Yəni o zaman “öldükdən sonra dirilən şəxs elə əvvəlki şəxsdir» demək olar ki, onun bədəni çürüdükdən sonra ruhu diri qalsın. Başqa sözlə desək, hər bir insan maddi bədəndən əlavə, qeyri-maddi (mücərrəd) və bədəndən fərqlənən, xüsusi mahiyyətə malik olan ruha da malikdir. Belə fərz olunmadığı halda isə həmin şəxsin yeni bir həyat təsəvvür etməsi ağlasığan olmayacaqdır.

Deməli, məadın isbat olunması, məad və onunla əlaqədar məsələlərin bəyan olunmasından öncə bu mətləb isbat olunmalıdır. Buna görə də bu dərsi həmin mövzu ilə əlaqələndirir, onun isbat olunması üçün iki yolla: əql və vəhy yolu ilə dəlil gətiririk.

RUHUN MÜCƏRRƏDLİYİNƏ DAİR ƏQLİ DƏLİLLƏR

Qədim zamanlardan filosoflar və hikmət sahibləri ruh barəsində (bu, fəlsəfi istilahda nəfs adlanır) çoxlu bəhslər aparmışlar, xüsusilə İslam filosofları bu məsələ ilə əlaqədar həddindən artıq ciddiyyət göstərmiş, öz fəlsəfi kitablarının mühüm bölmələrini bu məsələyə həsr etmişlər. Həmçinin, bu zəmində ayrıca kitablar yazmış, ruhu bədənin bir hissəsi, yaxud maddi surətə malik olan varlıq kimi təsəvvür edənlərin nəzərlərini çoxlu dəlillərlə rədd etmişlər.

Aydındır ki, belə bir mühüm mövzu barədə geniş bəhs aparmaq bu kitabın həcmi ilə münasib deyildir. Buna görə də qısa bəhs aparmaqla kifayətlənəcək və çalışacağıq ki, bu fəsildə aydın və eyni zamanda dəlil-sübut əsasında olan bəyanları təqdim edək. Bir neçə əqli dəlildən ibarət olan bu bəyanları aşağıdakı müqəddimə ilə başlayırıq:

Biz bədənimizin rəngini və formasını öz gözlərimizlə görür, onun yumşaq və ya bərk olmasını lamisə hissi ilə ayırd edir, bədənimizin daxili aləmindən yalnız birbaşa olmayan yollarla məlumat əldə edə bilirik. Amma özümüzün qorxu, mehr-məhəbbət, qəzəb, iradə və təfəkkürümüzü bədənimizin hiss üzvlərinin köməyi olmadan dərk edirik. Həmçinin bu kimi ruhi halətlər, atifələr və hisslərə malik olan «mən» barəsində hiss üzvlərinə ehtiyac duymadan agahlıq əldə edirik.

Deməli, insan ümumi halda iki növ idrakdan faydalanır: Biri bədənin hissi üzvləri vasitəsilə olan idrak, digəri isə bu hiss üzvlərinə ehtiyacı olmayan idrak.

Digər məsələ bundan ibarətdir ki, hissi idraklarda baş verən müxtəlif xətalara diqqət yetirməklə bu idrakda xəta ehtimalının olması nəticəsinə gəlirik. Amma ikinci qism idraklarda heç bir xəta, səhv, şəkk və şübhədən söhbət gedə bilməz. Məsələn, birinin öz dərisinin rəngini həqiqətdə də hiss etdiyi kimi olub-olmamasında şəkk etməsi mümkündür. Amma heç kəs özünün idraka malik olub-olmamasında, qərara gəlib-gəlməməsində, şəkkə düşüb-düşməməsində şəkk edə bilməz! Bu da fəlsəfədə aşağıdakı təbirlə bəyan olunan mətləbdir:

Hüzuri-elm birbaşa həqiqətlərin, gerçəkliklərin özünə nüfuz edir və buna görə də onda xətaya yer yoxdur, amma hüsuli-elm idrakı surət vasitəsilə baş verdiyindən zatən onda şəkk və tərəddüdə ehtimal verilir.

Yəni insanın məlumat və elmləri içərisində ən çox yəqinliyə malik olanı hüzuri elm və şühudi məlumatlardır ki, bu da insanın öz nəfsinə, hisslərinə, atifələrinə və s. ruhi halətləri barəsində olan elmdən ibarətdir. Deməli, dərk edən, düşünən, qərara gələn «mən»in varlığında qətiyyən şəkk oluna bilməz. Eləcə də qorxu, mehr-məhəbbət, qəzəb, həyəcan, düşüncə və iradə barəsində də şəkkə yol yoxdur.

İndi belə bir sual yaranır ki, bu «mən» maddi və hiss olunandırmı və bu kimi ruhi halətlər də bədənin zahiri xüsusiyyətlərindən sayılır, yoxsa, onların varlıqları bədənin varlığından tamamilə başqadır? «Mən»in bədənlə çox sıx və qırılmaz rabitəyə malik olmasına və öz işlərindən çoxunu bədənin vasitəsilə yerinə yetirməsinə baxmayaraq, həm ona təsir qoyub, həm də ondan təsirlənirmi?

Yuxarıdakı müqəddiməyə diqqət yetirməklə bu sualın cavabı asanlıqla məlum olur. Çünki:

Əvvəla, «mən»i hüzuri elm ilə başa düşürük. Lakin bədəni hiss orqanları vasitəsilə dərk etməliyik. Deməli, «mən» (nəfs və ruh) bədəndən tamamilə fərqlənir.

İkincisi, «mən» elə bir varlıqdır ki, uzun illər boyu vəhdət halında və şəxsiyyətin həqiqətilə qalır və biz bunu xətaya yol verilməyən hüzuri elm ilə dərk edirik. Halbuki, bədən üzvləri dəfələrlə dəyişikliyə məruz qalır, əvvəlki və sonradan gələn üzvlər həqiqi bir vəhdət təşkil etmir.

Üçüncüsü, «mən» bəsit və hissələrə ayrılmayan bir varlıqdır. Misal üçün, onu «mənim yarım» olaraq iki yerə bölmək olmaz. Halbuki, bədənin üzvləri çoxdur və bölünməyə qabildir.

Dördüncüsü, hiss, iradə və sair kimi ruhi halətlərdən heç biri maddiyyatın əsl xasiyyətlərinə, yəni dartılma, bölünmə və s. malik deyildir. Belə qeyri-maddi işləri maddənin (bədənin) xüsusiyyətlərindən hesab etmək olmaz. Deməli, bu xüsusiyyətin əsası qeyri-maddi (mücərrəd) mahiyyətə malikdir.

Ruhun varlığına, bədən öldükdən sonra onun müstəqil şəkildə qalmağına dair ən çox ürəyəyatan və xatircəmlik gətirən dəlillərdən biri doğru yuxulardır. Belə ki, bəzi şəxslər öldükdən sonra düzgün məlumatları yuxugörənin ixtiyarına verirlər. Eləcə də ilahi övliyaların kəramətləri və hətta yoqların işlərindən bəziləri də ruhun varlığı və onun mücərrəd olmasını isbat etmək üçün faydalıdır. Bu məsələ ilə əlaqədar geniş bəhs bu barədə olan müfəssəl kitablarda gətirilmişdir.

QURAN DƏLİLLƏRİ

Quran nəzərindən insanın ruhunun mövcud olmasında heç bir şəkk-şübhə yoxdur. Elə bir ruh ki, şərafətinin artıq dərəcədə olmasından Mütəal Allaha mənsub edilir. Belə ki, insanın yaradılışının necəliyi barəsində buyurulur:

«Allah ona – insana Öz ruhundan üfürdü.»

Bədəni yaratdıqdan sonra Özünə mənsub olan ruhu ona üfürdü. (Amma nəuzu billah, Allahın Zatından bir şey ayrılaraq insana nəql olunmadı). Həzrət Adəmin (ə) yaradılışı barəsində belə buyurulur:

«Ona Öz ruhumdan verdim.»

Başqa ayələrdən də məlum olur ki, ruh bədəndən, onun əlamət və xüsusiyyətlərindən tamamilə fərqlidir, hətta, bədənsiz qalmaq qabiliyyətinə belə malikdir. Quranda kafirlərin sözü nəql edildikdən sonra buyurulur:

Kafirlər “Biz (öldükdən və) yerdə itib-batdıqdan (bədənimizin hissələri torpağa dağıldıqdan) sonra yeni həyata malik olacağıqmı? - deyirlər.”

Onların cavabında buyurulur:

«De: (Siz itib-batmırsınız, əksinə) sizin üçün təyin olunan ölüm mələyi sizi (sizin ruhunuzu) alır və sonra Pərvərdigarınıza tərəf qaytarılırsınız.»

Deməli, insanın mahiyyət və şəxsiyyətinin həqiqəti onun ruhundan ibarətdir ki, ölüm mələyi vasitəsilə alınıb saxlanılır. O, bədən kimi deyildir ki, çürüyüb torpağa qarışsın.

Digər bir ayədə buyurulur:

«Allah (əcəli çatan kimsələrin) canlarını (ruhlarını) onlar öldüyü zaman, ölməyənlərin (hələ əcəli çatmayanların) canlarını isə yuxuda alar. Ölümə hökm olunmuş kimsələrin canlarını (ruhlar aləmində) saxlayar. Digər (ölümə hökm olunmamış) kimsələrin canlarını isə müəyyən bir müddətədək (əcəlləri gəlib çatana qədər yuxudan oyandıqda bədənlərinə) qaytarar.»

Zalımların necə ölməsi barəsində buyurulur:

«Kaş sən zalımları ölüm əzabı içində çabalayan, mələklərin də (bu zaman) əllərini onlara tərəf uzadıb: «öz canlarınızı çıxarın (təslim olun)! Siz bu gün Allaha qarşı nahaq sözlər danışdığınıza və Onun ayələrinə təkəbbür göstərdiyinizə görə alçaldıcı bir əzabla cəzalandırılacaqsınız!»-dediklərini görəydin.»

Bu və bu kimi çoxlu ayələrdən məlum olur ki, (biz ixtisara riayət olunsun deyə bundan artığını qeyd etmirik) hər kəsin həqiqəti o şeydən ibarətdir ki, Allah, ölüm mələyi və ruhun bədəndən çıxarılması üçün təyin olunan digər mələklər onu alır. Bədənin məhv olması ilə ruhun davamına və insanın şəxsi vəhdətinə heç bir zərər vurulmur. Belə nəticə alınır ki, əvvəla, insanda ruh adlı bir şey vardır, ikincisi, insan ruhu bədəndən ayrı müstəqil şəkildə qalmağa qabildir və məhəllin aradan getməsi ilə məhv olan maddi surətlər və xüsusiyyətlər kimi deyildir, üçüncüsü, hər bir fərdin mahiyyəti onun ruhuna bağlıdır. Başqa sözlə desək, hər insanın həqiqəti onun ruhudur. Ruh ilə bədəni müqayisə etdikdə məlum olur ki, bədən sadəcə olaraq ruh üçün bir vasitə rolu oynayır.

MƏADIN İSBAT OLUNMASI

Kitabın əvvəlində qeyd olunduğu kimi məada, yəni hər bir insanın axirət aləmində yenidən dirilməsinə etiqad bütün səmavi dinlərin ilkin etiqadlarından olmuş, ilahi peyğəmbərlər bu prinsipə çox əhəmiyyət vermiş, bu barədə təkid etmiş və bu əqidənin insanların qəlbində nüfuz etməsi üçün əzab-əziyyətlərə sinə gərmişlər. Qurani-kərimdə məada və Allahın ədalətli olmasına etiqad yeganə Allaha etiqadla bərabər tutulmuşdur. İyirmidən artıq ayədə Allah kəlməsi «yəvmul-axir» kəlməsi ilə birlikdə işlənmişdir (axirət aləmi ilə əlaqədar iki mindən artıq ayədə söhbət açılmışdır).

Bu bölmənin əvvəlində – məadşünaslıq barəsində tədqiqat aparmağın əhəmiyyəti bəyan olundu. Orada qeyd etdik ki, məadın düzgün təsəvvür olunması hər insanın şəxsiyyətinin meyarı sayılan və onun ölümündən sonra diri qalan ruhun qəbul olunmasına əsaslanır ki, “dünyadan gedən həmin şəxs bir daha axirət aləmində diriləcəkdir” - deyilə bilsin. Sonra isə belə ruhun varlığını əql və vəhy yolu ilə isbat etdik ki, insanın əbədi həyatı ilə əlaqədar əsas bəhslərə şərait yaransın. İndi isə bu mühüm etiqad prinsipini isbat edirik.

Ruh iki yolla - əql və nəql yolu ilə isbat olunduğu kimi, bu məsələ də iki yolla isbat edilir. Bu dərsdə məadın zərurətinə dair iki əqli dəlil gətirəcək, sonra isə məadın əvvəlcə mümkünlüyü, daha sonra isə zərurəti haqqında Quran ayələrini araşdıracağıq.

İLAHİ HİKMƏT

Allahşünaslıq bölməsində qeyd olunduğu kimi, Allah heç nəyi əbəs yerə yaratmamışdır. Əksinə, Allahın Zatının eyni olan xeyir və kamala məhəbbət ilkin olaraq zatın özünə, sonrakı mərhələdə isə xeyir və kamalın müəyyən mərtəbələrinə malik olan əsərlərinə şamil olur. Buna görə də Allah dünyanı elə yaratmışdır ki, ona mümkün olan ən çox xeyir və kamal çatsın. Beləliklə, hikmət sifətini isbat etmiş oluruq ki, o da məxluqları özlərinin ləyaqəti qədər son kamal həddinə çatdırmağı tələb edir. Lakin maddi dünya təzadlar evi, maddi varlıqların xeyir və kamalları bir-biri ilə ziddiyyətdə olduğundan Allahın hikmətli tədbiri bunu tələb edir ki, onları məcmu halında daha artıq kamal və xeyirə çatacaqları mümkün olan bir şəkildə tənzim etsin. Başqa sözlə, dünya ən gözəl xilqətə malik olsun. Məhz buna görə də onların növləri, kəmiyyət, keyfiyyət felləri elə tənzim olunmuşdur ki, bitkilərin, heyvanların və nəhayət, bu dünya varlıqlarının ən kamili olan insanın yaradılışı üçün şərait yaransın. Əgər maddi aləm canlı varlıqların yaranıb inkişaf etməsinin qeyri-mümkün olduğu bir tərzdə yaradılsaydı, hikmətin ziddinə olardı.

İnsan əbədi yönə malik olan, eləcə də əbədi kamallara malik olma qabiliyyətinə yiyələnə biləcək bir ruha sahib olduğundan, (elə kamallar ki, vücud dəyəri və mərtəbə baxımından maddi kamallarla əsla müqayisə olunası deyildir) əgər onun həyatı bu dünyəvi həyatla xülasələnsəydi, ilahi hikmətlə uyğun gəlməzdi. Xüsusilə, buna diqqət yetirsək ki, dünya həyatı daim əzab-əziyyət, çətinliklər və xoşagəlməzliklərlə yanaşıdır və əksər hallarda bir ləzzəti müəyyən əzab-əziyyətlərə qatlaşmadan əldə etmək mümkün olmur. Belə nəticə alınır ki, bu qədər xoşagəlməz hadisələrə, əzab-əziyyətlərə dözmək məhdud və ötəri bir ləzzətin əldə olunmasına dəyməz. Məhz buna görə də puçluğa, əbəsliyə meyl yaranır və hətta, həyata ifrat dərəcədə meylləri olan şəxsləri belə tənəzzülə doğru sürükləyir.

Doğrusu, əgər insan həyatı yalnız əzab-əziyyət çəkmək, təbii və ictimai çətinliklərlə qarşılaşıb onlara sinə gərmək və nəticədə müəyyən anları şadlıq və ləzzətlə keçirmək, daha sonra yorğunluğun şiddətindən bədənin yenidən fəaliyyətə hazırlığı olan vaxta qədər yatıb növbəti günü yeni işlərə başlamaqdan başqa bir şeyə malik olmasaydı (misal üçün, onun bütün səyləri bir tikə çörək əldə etmək və yalnız onu yediyi zaman ləzzət almaq olsaydı və bundan başqa heç bir şey olmasaydı) onda belə bir sonsuz ziyan və insanı bezikdirən həyatı əql heç vaxt qəbul etməzdi. Belə bir həyatın ən yaxşı oxşarı bu ola bilər ki, sürücü öz maşınını benzindoldurma stansiyasına çatdırmağa və benzin bakını doldurmağa tələssin, sonra isə bu benzinlə özünü yalnız növbəti benzindoldruma stansiyasına çatdırsın və avtomobili köhnəlib işdən düşənə, yaxud başqa bir maneələrlə qarşılaşıb məhv oluncaya qədər bu vəziyyət təkrar olunsun. Aydındır ki, insan həyatına belə baxışın məntiqi nəticəsi puçluğa meyl etməkdən başqa bir şey olmayacaqdır.

Digər tərəfdən, insanın əsaslı qərizələrindən (instiktlərindən) biri əbədiyyətə məhəbbətdir ki, Allah bu hissi onun fitrətində qoymuşdur. Bu da eynilə öz işçi qüvvəsini artıran güclü mühərrikə bənzəyir ki, bu mühərrik onu əbədiyyətə doğru sövq edir və onun hərəkət sürətini daim artırır. Əgər belə mühərrikin hərəkətinin ən sürətli anında böyük bir daşa, yaxud qayaya dəyib dağılması fərz olunsa, onda belə bir mühərrikin icad olunması bu cür tale və hədəflə uyğun gəlirmi? Deməli, belə fitri meylin varlığı o zaman ilahi hikmətlə uyğun olacaqdır ki, qarşıda fəna və ölümə məhkum olunan bu həyatdan başqa bir həyat da olsun.

Bir sözlə, bu iki müqəddiməni, yəni Allahın hikmətini və insan üçün əbədi həyatın mümkünlüyünü bir-biri ilə müqayisə etməklə belə nəticə alırıq ki, insan üçün onun bu dünyadakı məhdud həyatından başqa, digər bir həyat da olmalıdır ki, Allahın hikməti ilə müxalif olmasın.

Əbədiyyətə olan fitri bir meyli də digər bir müqəddimə ünvanı ilə qeyd etmək və ilahi hikməti ona əlavə eləməklə digər bürhan da düzəltmək olar.

Deməli, insanın əbədi həyatı başqa quruluşa malik olmalıdır ki, dünyadakı həyat kimi öz ardınca çoxlu əzab-əziyyət gətirməsin. Əks halda, elə bu dünyəvi həyatın davam etdirilməsi (hətta əbədiyyətə qədər mümkün olsa belə) ilahi hikmətlə uyğun gəlməyəcəkdir.

İLAHİ ƏDALƏT

Bu dünyada insanlar yaxşı və pis işləri seçib yerinə yetirməkdə tam azaddırlar. Bir tərəfdən bəzi adamlar bütün ömrünü Allaha ibadətdə, Onun bəndələrinə xidmətdə keçirir, digər tərəfdən bəzi əxlaqsız insanlar da öz şeytani məqsədlərinə nail olmaq üçün ən alçaq zülmlərə, ən çirkin günahlara qurşanırlar. Ümumiyyətlə, insanın bu dünyadakı yaradılışında, ona bir-birinə zidd olan meyllər, iradə və seçki qüvvəsi verilməsində, eləcə də növbənöv əqli və nəqli mərifətlərlə təchiz olunmasında, müxtəlif əməl və rəftarlar üçün şərait yaradılmasında, onun haqq və batil, xeyir və şər kimi iki yol ayrıcında qərar verilməsində əsas hədəf bundan ibarətdir ki, saysız-hesabsız imtahanlara düçar olsun, öz təkamül yolunu ixtiyar və iradə əsasında seçsin ki, ixtiyari əməlin nəticələrinə, mükafat və cəzalarına nail ola bilsin. Həqiqətdə, insan üçün dünya həyatı başdan-başa imtahan və sınaqlar vasitəsilə özünün insani şəxsiyyətinin formalaşdırmaqdan ibarətdir. Hətta insan həyatının son anlarında belə imtahandan azad olunmur, təklif və vəzifələrin yerinə yetirilməsi onun üzərindən götürülmür. Amma bu dünyada yaxşı əməl sahibləri ilə pis əməl sahibləri öz əməllərinə layiq olan mükafat və ya cəzaya tam mənada çatmırlar. Üstəlik çox hallarda pis əməl sahibləri daha artıq nemətlərdən bəhrələnirlər. Ümumiyyətlə, bu dünya həyatının insanın əməllərinin çoxunun mükafat və ya cəzasına tutumu yoxdur. Məsələn, minlərlə günahsız insanı qətlə yetirən bir şəxsdən qisas almaqla onu bir dəfədən artıq öldürmək olmaz. Şübhəsiz, belə olan halda onun sair cinayətləri cəzasız qalacaqdır. Halbuki, Allahın ədalətinin tələbinə görə hər kəs ən az miqdarda olsa belə, yaxşı və ya pis iş görsə belə onun nəticəsini mütləq görməlidir.

Deməli, bu dünya təklif və sınaq dünyası olduğu kimi başqa bir dünya da olmalıdır ki, onda insanların əməllərinin nəticələri kamil şəkildə hasil olsun, onların əməllərinə müvafiq olaraq mükafat və ya cəza verilsin, hər bir insan layiq olduğu fərdi şeylərə nail olsun ki, ilahi ədalət əyani şəkildə gerçəkləşsin.

Bunu da qeyd etmək lazımdır ki, axirət aləmi artıq yolun seçilməsi və təklif yerinə yetirilməsi yeri deyildir. Gələcəkdə bu barədə daha çox bəhs aparacağıq.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Kafirlə müşrikin fərqi nədir?
YOL VӘ ÜSLUBLAR
SÜDƏMƏRLİK VAXTI
Cəhənnəm və cənnət
HİSS OLUNMAYAN VARLIĞA ETİQAD
İBTİDAİ DİNLƏR (1)
Ali Məhəmməd" kəlməsi olmayan salavat hansı səbəblə naqis və qadağan ...
İBTİDAİ DİNLƏRİN ORTAQ XÜSUSİYYƏTLƏRİ
Allah insanı niyə yaratmışdır?
İSLAM FƏLSƏFƏSİNİN MÜHÜM BƏHSLƏRİ

 
user comment