Azəri
Friday 3rd of May 2024
0
نفر 0

Qurani-kərim əvvəlki peyğəmbərləri xatırlayıb parlaq və bərəkətli həyatlarını şərh edərkən

Qurani-kərim əvvəlki peyğəmbərləri xatırlayıb parlaq və bərəkətli həyatlarını şərh edərkən, onların nurani tarixlərində istər qəsdən olan, istərsə qəsdən olmayan təhrifləri təmizləmək məqsədi ilə peyğəmbərlərin dəvətləri müqabilində ümmətlərin göstərdikləri reaksiyanı bəyan etməyə çox diqqət yetirmişdir. Bir tərəfdən camaatın ilahi peyğəmbərlər qarşısında sərt mövqe tutaraq müxalifət etmələrinin səbəb və amillərini araşdırır, digər tərəfdən isə peyğəmbərlərin insanları hidayətetmə və tərbiyələndirmə üslublarına, onların küfr, şirk və inhiraf amilləri əleyhinə mübarizələrinə işarə edir. Həmçinin, cəmiyyətin idarə olunmasında, xüsusilə, camaatın peyğəmbərlər müqabilindəki əlaqə cəhətdən mövcud olan ilahi qanunları xatırladır ki, onların hamısı da çox ibrətli dərslərdir.

Belə bəhslərin etiqadi və kəlami məsələlərlə birbaşa əlaqədar olmamasına baxmayaraq, nübüvvətlə bağlı çoxlu müəmmaları və anlaşılmazlıqları aradan qaldırmasının, həmçinin, insanlara təlim verib onların ruhiyyəsini qurmağın və mühüm tarixi hadisələrdən ibrət almaq əhəmiyyəti baxımından son dərəcə böyük əhəmiyyət kəsb edir. Buna görə də bu dərsdə onların ən mühümlərini qeyd edəcəyik.

CAMAATIN PEYĞƏMBƏRLƏRƏ MÜNASİBƏTİ

İlahi peyğəmbərlər qiyam edərək camaatı yeganə Allaha pərəstiş edib Onun göstəriş və əmrlərinə itat etməyə, bütlərdən və batil məbudlardan imtina edib şeytani və tağut qüvvələrdən çəkinməyə, zülm, fəsad, günah və çirkin işləri tərk etməyə dəvət etdikləri zaman camaatın müxalifət və inkarları ilə qarşılaşırdılar. Xüsusilə, bu dünyada eyş-işrətlə məşğul olan, dünya malı, öz elm və bilikləri ilə məğrur olan cəmiyyətin sərvətliləri və hakimləri onlarla çox ciddi şəkildə mübarizə aparır, müəyyən kütlələr də öz ardınca çəkir və onları haqq yoluna getməkdən saxlayırdılar. Əksər hallarda cəmiyyətin məhrum təbəqəsi olan az bir qrup peyğəmbərlərə iman gətirirdi. Çox az hallarda düzgün əqidəyə malik olan, haqq-ədalət meyarları ilə uyğun olan, Allahın və peyğəmbərlərin fərmanlarına itaət edən bir cəmiyyət təşkil olunurdu. Misal üçün, həzrət Süleymanın (ə) dövründə belə bir hakimiyyət və cəmiyyət təşkil olunmuşdu. Buna baxmayaraq, peyğəmbərlərin təlimlərindən bir qismi tədricən cəmiyyətə hakim olan mədəniyyətə nüfuz edir, bir cəmiyyətdən digər cəmiyyətə nəql olunur və bəzi hallarda küfr başçılarının öz şəxsi nəzəriyyələri kimi təqdim olunurdu. Belə ki, dünya hüquq sistemlərinin çoxu asimani şəriətlərdən əxz olunmuşdur, amma onun mənbəyini qeyd etmədən onu öz fikir və rəyləri kimi təqdim etmişlər.

PEYĞƏMBƏRLƏRLƏ MÜXALİFLİYİN SƏBƏBLƏRİ

Peyğəmbərlərlə müxalifliyin, həvayi-nəfsə itaət və açıq-saçıqlığa meyl etmək kimi ümumi bir məqsəddən əlavə digər səbəbləri də olmuşdur. O cümlədən, bəzilərinin qürur və təkəbbürləri, özünü hamıdan üstün hesab etmələri (istikbar ruhiyyəsi) olmuşdur ki, bu da əksər hallarda özünü cəmiyyətin varlıları arasında büruzə verirdi. Digər səbəblər kimi ata-babalarının yanlış adət-ənənələrinə vəfadar qalmaq, onların təəssübünü çəkmək, müxtəlif cəmiyyətlər arasında yaranan yanlış dəyərləri qeyd etmək olar.

Həmçinin iqtisadi mənbələrin, ictimai məqam və mövqeyin qorunub saxlanması sərvətlilər, hökmranlar və alimlər üçün güclü bir məqsəd idi. Digər tərəfdən xalq kütlələrinin cəhalət və məlumatsızlığı onların küfr başçıları tərəfindən aldadılmasında, cəmiyyətin əksəriyyətinə və böyüklərinə tabe olmaqda böyük bir amil idi ki, bu da onların öz yanlış təsəvvürləri ilə özlərinə təskinlik vermələrinə səbəb olurdu, nəticədə az bir dəstədən başqasının qəbul etmədiyi ayinə iman gətirməkdən imtina edirdilər. İman gətirənlər əksər hallarda da ictimai baxımdan yüksək mövqeyə malik olmayan, cəmiyyətin böyükləri və əksəriyyət təşkil edənlər tərəfindən qovulan şəxslər idi. Bu məsələdə hakim təbəqənin və zorakıların göstərdiyi təzyiqləri də nəzərdən qaçırmaq olmaz.

PEYĞƏMBƏRLƏRLƏ QARŞIDURMA

Peyğəmbərlərin müxalifləri onların işinin irəliləməsinin qarşısını almaq üçün müxtəlif mübarizə üsullarından istifadə edirdilər:

a) Təhqir və istehza. İlk əvvəldə müəyyən bir qrup istehza, məsxərə vasitəsilə ilahi xəbər gətirənin şəxsiyyətini alçaltmaq istəyirdi ki, kütlə onlara etinasız olsun.

b) İftira və yersiz nisbətlər. Daha sonra iftira və yalana əl atır, onlara yersiz nisbətlər verirdilər. O cümlədən, peyğəmbərləri səfeh və dəli adlandırırdılar. Onlar möcüzə göstərdikdə isə onları sehrkarlıq, cadugərlik və gözbağlayıcıqda ittiham edirdilər. Allahın buyurduğu xəbərləri isə “əsatir” və “əfsanə” hesab edirdilər.

v) Yersiz mübahisə və höcətlər. Allahın elçiləri camaat ilə hikmət və bürhan əsasında danışdıqda, yaxud gözəl mübahisə və müzakirə üslubundan istifadə edərək söhbət etdikdə, camaata moizə etdikdə öyüd-nəsihət verdikdə, yaxud da küfr, şirk və tüğyanın acı nəticələri barəsində xəbərdarlıq edib Allaha pərstiş etməyin gözəl faydalarını xatırlatdıqda, möminlərə və salehlərə dünya və axirət səadətini müjdə verdikdə küfr başçıları camaatı onların sözlərinə qulaq asmaqdan çəkindirir və sonra çox zəif məntiqlə onlara cavab verib xalq kütlələrini zahirdə gözəl olan sözlərlə aldatmağa çalışır, onları peyğəmbərlərə tabe olmasının qarşısını alır və əksər hallarda ata-babalarının keçmiş adət-ənələrinə istinad edirdilər. Onlar özlərinin mal-dövlətlərini və iqtisadi inkişaflarını peyğəmbərlərdən üstün olmaları kimi göstərir, ardıcıllarının maddi çətinlikdə, gerilikdə və zəiflikdə olmalarını onların rəftar və əqidəsinin düzgün olmamasına bir əsas gətirirdilər. Misal üçün deyirdilər: “Nə üçün Allah Öz rəsul və peyğəmbərlərini mələklərin arasından seçməmişdir?” “Onunla yanaşı niyə bir mələyi göndərməmişdir?”, yaxud “Nə üçün onları böyük maddi və iqtisadi imtiyazlarla bəhrələndirməmişdir?”. Bəzi vaxtlarda onların inadkarlıqları elə bir həddə çatırdı ki, deyirdilər: “Biz özümüzə vəhy olunmayınca, yaxud Allahı gözümüzlə görməyincə və arada heç bir vasitə olmadan, Onun sözlərini eşitməyincə, heç vaxt Ona iman gətirmərik.”

q) Təhdidetmə və ya mal-dövlət vədəsi vermə. Qurani-kərimdə nəql olunur ki, Allahın peyğəmbərlərini və onların ardıcıllarını şəhərdən çıxartmaq, diyarından və vətənindən sürgün etmək, daşqalaq edib öldürmək və işgəncələrlə təhdid edirdilər. Digər tərəfdən də onları mal-dövlətlə tamahlandırırdılar və həm də çoxlu miqdarda mal-dövlət sərf edərək camaatın peyğəmbərlərə tabe olmasına mane olurdular.

e) Kobud rəftar və qətl. Nəhayət onlar, peyğəmbərlərin və onların həqiqi ardıcıllarının səbr, müqavimət və dözümlülüyünü, bu yolda ciddi və dönməz olduqlarını gördükdə, hər bir tədbir və əks təbliğatların təsir qoyacağından ümidsiz olduqda, onlara qarşı öz təhdidlərini əməli olaraq həyata keçirməyə və onlarla çox rəhmsiz davranmağa başladılar. Belə ki, onlar, peyğəmbərlərin çoxunu qətlə yetirirvə insan cəmiyyətini belə bir böyük ilahi nemətlərdən, ən səlahiyyətli və ləyaqətli islahatçılardan, ictimai rəhbərlərdən məhrum edirdilər.

CƏMİYYƏTİN İDARƏ OLUNMASINDA BƏZİ İLAHİ QANUNLAR

Peyğəmbərlərin göndərilməsində əsas hədəf insanların onları dünya və axirət səadətinə yetirə biləcək lazımi maarifə yiyələnib vəhy vasitəsilə əql və təcrübələrinin mövcud çatışmazlıqlarını aradan qaldırmaqdır. Başqa sözlə desək, məqsəd höccətin onlara tamam edilməsi olmasına baxmayaraq, peyğəmbərlər zahir olarkən Allah-taala onların dəvətinin qəbul olunması üçün Özünün sonsuz rəhməti və hikmətli tədbirləri ilə xüsusi ruhi-mənəvi bir şərait yaradır ki, camaatın təkamül yolundakı hərəkətlərinə müəyyən qədər kömək olsun. Haqq qarşısında kafir olub Allahdan və peyğəmbərlərdən üz döndərməyin ən böyük amili ehtiyacsızlıq hiss etməkvə məxluqatın hərtərəfli ehtiyaclarından qafillik olduğundan hikmətli Pərvərdigar elə bir şərait yaratmışdır ki, camaat öz ehtiyaclarını dərk etsin, qəflət, qürur və təkəbbürdən əl çəksin. Buna görə də müəyyən çətinliklər yaradırdı ki, istər-istəməz özlərinin aciz və bacarıqsız olduğunu dərk edib Allah dərgahına üz gətirsinlər.

Amma bu amilin də hərtərəfli və ümumi bir təsiri olmadı. Camaatın çoxu, xüsusilə, daha artıq maddi rifah halında yaşayan, uzun illər başqalarına zülm edərək özləri üçün eyş-işrət vasitələri hazırlayan və Quranın təbiri ilə desək “qəlbləri daş kimi bərkimiş” insanlar ayılıb özlərinə gəlmir, qəflət yuxusunda qalaraq öz batil yollarını davam etdirirdilər. Peyğəmbərlərin xəbərdarlıqları, öyüd-nəsihətləri və moizələri də onlara təsir göstərmirdi. Mütəal Allah göndərilən bəlaları və giriftarçılıqları aradan qaldırdıqdan və Öz nemətlərini camaata bir daha nazil etdikdən sonra deyirdi ki, bu cür dəyişikliklərin baş verməsi, çətinlik və asayişin bir-birini əvəz etməsi, qəmin şadlığa çevrilməsi həyatın tələbidir və elə keçmiş nəsillər üçün də baş vermişdir. Bunun ardınca yenidən zülm edərək mal-dövlət toplamağa, qüdrət dairələrini genişəndirməyə başlayır, amma elə bu maddi imkanların artmasının Allah tərəfindən onların dünya və axirətdəki bədbəxtliklərinin artmasına səbəb olmasından qafil idilər. Halbuki peyğəmbərlərin ardıcılları say və qüdrət baxımından elə bir həddə çatırdılar ki, artıq müstəqil bir cəmiyyət təşkil etmək, özlərini müdafiə etmək və Allah düşmənləri ilə mübarizə aparmaq imkanı kəsb edirdilər. Onların vasitəsilə kafirlərə və zalımlara ilahi əzab nazil olurdu. Bəzən möminlər peyğəmbərlərin göstərişi ilə kafirlərdən ayrılıb kənara çəkilirdilər. Haqq yoluna qayıdacaqlarına ümidi olmayan bir cəmiyyətə Allahın əzabı başqa bir yolla nazil olurdu. Allahın bəşər cəmiyyətlərini idarə etməkdəki dəyişilməz qayda-qanunu məhz bundan ibarətdir.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

KƏRBƏLA TÜRBƏTİ BARƏDƏ RƏVAYƏTLƏR
QƏZA VƏ QƏDƏRİN MƏFHUMU
İbadətdə tövhid və şirk
Vahabilərin digər dəlili
NAMAZ
Xəlifəlik və xəlifələr
Zəkat
CAVANLARA XÜSUSI ƏHƏMIYYƏT VERMƏK
ƏLI (ƏLEYHISSALAM)-IN MÜAVIYƏ ILƏ OLAN MACƏRASI
Əxlaqı dəyişdirmək mümkündürmü?

 
user comment