Azəri
Thursday 18th of July 2024
0
نفر 0

MÜTLƏQ İLAHİ HÖKMRANLIĞIN ZÜHURU

 

Qiyamət aləmində bütün həqiqətlər aşkar olar. İlahi hökumət və səltənət tam mənada zühur edər. Varlıqlar elə bir heybət və əzəmət görərlər ki, heç kəs ucadan bir söz danışmaq qüdrətinə malik olmaz. Və hər kəs öz taleyinin fikrində olar aqibətinin nə ilə qurtaracağı barədə fikirləşər. Hətta, bir ata-anadan olan övladlar, qohum-əqrəbalar və yaxın adamlar bir-birindən qaçar. Ümumiyyətlə, səbəblər və qohumluq əlaqələri bir-birindən ayrılar. Dünyəvi və şeytani meyarlar və mənafelər əsasında olan dostluqlar düşmənçiliyə çevrilər. Keçmiş günah əməllərindən yaranan təəssüf və peşmançılıq qəlbləri bürüyər.

İLAHİ ƏDALƏT MƏHKƏMƏSİ

Bu zaman ilahi ədalət məhkəməsi təşkil olunar və bütün bəndələrin əməlləri hazır edilər. Nameyi-əməllər (əməl dəftərləri) paylanar. Qiyamət gününün xüsusiyyətlərindən biri də budur ki, hər bir işi həmin işi görənə aid edilməsi o qədər açıq-aşkar məlum olur ki, artıq bir kəsdən “nə etmisən?” - deyə soruşmağa heç bir ehtiyac qalmır.

Bu məhkəmədə Allahın mələkləri, peyğəmbərlər və seçilmiş insanlar şahidlik edərlər. Hətta, insanın əli, ayaqları və dərisi belə şəhadət verər. Bütün insanların əməllərinin hesabı diqqətlə araşdırılar və ilahi mizanla ölçülər. Onların barəsində ədalətli hökm çıxarılar və hər kəs özünün dünyadakı fəaliyyət və əməllərinin nəticəsini görər. Yaxşı əməl sahiblərinə əməllərinin on qat arıq mükafatı verilərvə heç kəs başqasının günahlarına görə cəzalandırılmaz. Başqalarını haqq yoldan azdıran şəxslərə gəldikdə isə, onları öz günahlarından əlavə, aldadıb azdırdıqları şəxslərin də günahlarına görə də məhkum edərlər. Heç kəsdən fidyə (əvəz) qəbul olunmaz. Heç bir şəxsin şəfaət və vasitəçiliyi qəbul edilməz. Yalnız o şəxslərin şəfaəti qəbul olunar ki, Mütəal Allah tərəfindən onlara icazə verilmiş olsun və onlar da məhz Allahın razı olduğu meyarlar əsasında şəfaət edərlər.

ƏBƏDİ İQAMƏTGAHA DOĞRU

Daha sonra Allahın hökmü elan edilər. Yaxşı əməl sahibləri ilə pis əməl sahibləri bir-birindən ayrılar: möminlər üzüağ, şad və gülər üzlə behiştə tərəf, kafirlər və münafiqlər isə üzüqara, qəmgin, zillət və xarlıqla cəhənnəmə yola salınar. Bütün insanlar cəhənnəmdən keçirilər, bu zaman möminlərin siması nur saçar və onların yollarını işıqlandırar, kafirlər və münafiqlər isə qaranlıqda, mütləq zülmətdə qalarlar.

Dünyada möminlərlə qaynayıb-qarışan münafiqlər onları çağırıb “Üzünüzü bizə tərəf döndərin, sizin nurunuzdan istifadə edək!” - deyərlər, amma belə cavab eşidərlər: “Nur kəsb etmək üçün arxaya (dünyaya) qayıdın!” Daha sonra deyərlər: “Məgər dünyada biz sizinlə deyildikmi?” Belə cavab eşidərlər: “Əlbəttə ki, zahirdə bizimlə idiniz, lakin özünüzü giriftar etdiniz və qəlbləriniz şəkkə, tərəddüdə və qəsavətə düçar oldu. Bu gün işiniz bitmişdir, sizdən və kafirlərdən heç bir əvəz qəbul edilməz.” Nəhayət, kafirlər və münafiqlər cəhənnəm oduna tökülər.

Möminlər behiştə yaxınlaşan zaman onun qapıları açılar və Allahın rəhmət mələkləri onların pişvazına çıxar, salam və ehtiramla onlara əbədi səadət müjdəsi verərlər. Digər tərəfdən kafirlər və münafiqlər cəhənnəmə çatdıqda onun qapıları açılar, əzab mələkləri kobudluqla onları danlayar və onlara əbədi əzab vədəsi verərlər.

BEHİŞT

Behiştdə genişliyi yerin və göylərin genişliyi qədər olan bağlar və müxtəlif ağaclarla örtülən, hər növ meyvəsi olan və əlçatan yerdə olan ağaclar, əzəmətli qəsrlər və zülal kimi suyu olan çaylar, həmçinin süd, bal və pak şərabdan ibarət olan çaylar, behişt əhlinin istəyinə uyğun və onların arzularına müvafiq olan hər bir şey vardır.

Behişt əhli ipək paltar geymiş, müxtəlif zinətlərlə bəzənmiş olar. Bir-birinin qarşısında taxtların üzərində və yumşaq yataqlarda söykənmiş halda Allaha həmd-səna edərlər. Dillərinə əbəs və lazımsız söz gətirməzlər. Belə sözlər də eşitməzlər. Onlara nə soyuq əziyyət verər, nə də istilik. Onların nə əzab-əziyyəti və yorğunluğu olar, nə də qorxuları və qəm-qüssələri. Qəlblərində bir kəsə qarşı kin-küdurət də olmaz.

Onların ətrafında gözəl xidmətçilər hərəkət edərək onlara, ləzzət və təsəvvürolunmaz ruh yüksəkliyi verən behişt camlarında şərablar içirdərlər və onlara heç cür bəla dəyməz. Onlar növbənöv meyvələrdən, quş ətlərindən yeyər, gözəl, mehriban və heç bir çirkinliyə aludə olmayan pak zövcələrdən, bunlardan da ən yüksəkdə Allahın razılığından mənəvi nemət kimi bəhrələnərlər. Onlar öz Pərvərdigarları tərəfindən çoxlu lütf və mərhəmətlərə nail olarlar. Bu da onları təsəvvürolunmaz dərəcədə şadlığa, sevincə qərq edər. Bu misilsiz səadətlər, vəsfolunmaz nemətlər, Allahın rəhmət, razılıq və dərgahına yaxınlıq həmişəlik olaraq davam edəcək. Və onların sonu olmayacaqdır

CƏHƏNNƏM

Cəhənnəm qəlblərində heç bir iman nuru olmayan kafirlər və münafiqlərin əbədi yeridir. Onun həcmi o qədər böyükdür ki, bütün günah əhlinin qəbul etdikdən sonra yenidən “yenə varmı?» deyər. O, başdan-başa oddur, od üstündən od, əzab üstündən əzab!!!

Atəş şölələri hər tərəfdən zəbanə çəkir, qəzəbli, ürək yandıran uğultusu onların vəhşət və iztirablarını daha da artırır. Onların zahiri görkəmləri pis, qara, çirkablıdır. Hətta, cəhənnəm əhli üçün təyin olunmuş məmur mələklərinin üzlərində belə mehr-məhəbbət, nəvaziş və mülayimlikdən heç bir əsər-əlamət yoxdur.

Cəhənnəm əhli dəmirdən olan zəncirlərə bağlanmışlar, Allahın qəzəb odu onları hər tərəfdən əhatə edir. Onların özləri cəhənnəmin yanacaqlarıdır. Cəhənnəmin fəzasında cəhənnəm əhlinin fəryadından, naləsindən və qışqırığından başqa heç bir səs eşidilmir. Günah əhlinin üzərinə dağ su tökərlər ki, onların daxillərini də əridib suya döndərər. Hər zaman susuzluğun və iltihabın şiddətindən su istəsələr onlara çirkablı, qaynar və üfunətli su verilər. Onu da hərisliklə və acgözlüklə içərlər. Onların yeməkləri özü atəşdən göyərən zəqqum ağacıdır. Ondan yedikləri vaxt daxildəki yanğıları daha da artar. Onların paltarları yapışqanlı və qara maddədəndir ki, bu da onların əzablarını daha da artırır. Onlar günahkar cinlər və şeytanlarla bir yerdə olarlar. Lakin, onlardan uzaq olmağı arzu edər və bir-birinə lənət yağdırarlar.

Allahın dərgahında öz günahları müqabilində üzrxahlıq etmək istədikləri zaman “rədd olun!”, “susun!”, “mumlayın!” kimi fərmanlar verilər. Daha sonra cəhənnəm keşikçilərinə pənah aparıb deyərlər ki, Allahdan bizim əzabımızı bir az azaltmasını istəyin. Onlar belə cavab eşidərlər: “Məgər Mütəal Allah sizə Öz peyğəmbərlərini açıq-aşkar möcüzələrlə göndərməmişdimi?”

Yenidən ölüm arzusu edərlər, amma cavabında onlara, siz həmişəlik olaraq cəhənnəmdə qalacaqsınız”–deyilər. Ölüm hər tərəfdən onlara tərəf şığıdığına baxmayaraq heç vaxt ölməzlər. Onların bədənlərinin dəriləri nə qədər yansa da, əzabı yaxşı dadsınlar deyə, yenidən ona təzə dəri verilər və əzabları davam etdirilər.

Onlar behişt əhlindən bir az su və yemək istəyər, amma cavabda: “Mütəal Allah behişt nemətlərini sizə haram etmişdir” – cavabını eşidərlər. Behişt əhli onlardan soruşar: “Hansı şey sizin bədbəxtliyinizə səbəb olub sizi cəhənnəmə çəkdi?” Deyərlər: “Biz namaz qılıb Allaha ibadət edənlərdən deyildik. Kasıblara da kömək etməzdik. Günahkarlarla oturub-duran və qiyamət gününü təkzib edərdik.”

Daha sonra bir-biri ilə çarpışmağa, didişməyə başlayarlar. Aldanılanlar onları yoldan çıxaranlara deyərlər: “Bizi yoldan azdıran siz oldunuz!” Onlar cavabda deyərlər: “Siz öz istəyiniz ilə bizə tabe oldunuz!”

Bu dünyada başqalarının əlinin altında olub yolunu azanlar orada öz rəislərinə deyərlər: “Bizi bu bədbəxtliyə çəkənlər siz olmusunuz!” Onlar da: “Sizi zorla haqq yoldan saxladıqmı?!” – deyərlər.

Nəhayət, şeytana deyərlər: “Bizim yoldan azmağımıza sən bais olmusan!” O isə cavab verib deyər: “Allah sizə doğru vədə verdi, qəbul etmədiniz. Mən isə yalan vədələr verdim, qəbul etdiniz. Belə isə, məni danlamaq yerinə özünüzü məzəmmət edin. Bu gün bizim heç birimiz digərimizin fəryadına çata bilmərik.” Beləliklə, öz itaətsizlik və küfrlərinin cəzasını çəkməkdən başqa heç bir çıxış yolu görməz və əbədi olaraq ilahi əzab içində qalarlar.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ŞƏHADƏT YATAĞINDA MEHRAB ŞƏHIDINDƏN BIR NEÇƏ SÖZ
TƏQLİD
ISLAM KӘLAM ELMININ ISLAM FӘLSӘFӘSINӘ TӘ`SIRI
Şeytanın (lən) ən çox istifadə etdiyi anlar
QӘDİR-XUM HADİSӘSİ
CƏBR VƏ İXTİYAR
Xəlifəlik və xəlifələr
YALANÇI PEYĞƏMBƏRLƏR
Əməvilər
ŞAGİRDİN HAQQI

 
user comment