Azəri
Monday 14th of October 2024
0
نفر 0

NÜBUVVӘT VӘ IMAMӘTӘ IMAN

Indi də məsələnin digər bir tərəfini araşdıraq. Görəsən təkallahlı və qiyamətə imanı olan və Allah yolunda iş görən qeyri-müsəlmanların vəziyyəti necə olacaq?

Kitab əhli arasında elələri var ki, onlar nə Isanı və nə də Üzeyri Allahın oğlu hesab edir və nə də atəşpərəst və dualistdirlər. Onlar nə «Isa Allahın oğludur», nə «Üzeyr Allahın oğludur» və nə də «Әhrimən pisliklər allahıdır» deyirlər. Belə adamlar qiyamət gününə də inanırlar. Bu qism adamların aqibəti necə olacaq?

Burada bizim söhbətimiz materialist və Allahı inkar edən və təbii ki, elmi məqsədləri maddiyyat çərçivəsindən kənara çıxmayan ixtiraçı alim və bəşəriyyət xidmətçilərindən getmir. Keçən söhbətimizdə bizim, onlar barəsində Islam məntiqi əsasında olan nəzərimiz mə`lum oldu. Indiki söhbətimiz dünyanın başlanğıc və sonuna imanı olan və təbii ki, əməl cərəyanında yuxarı gedə bilən və qeyri-maddi məqsədlər üçün iş görə bilən şəxslər barəsindədir. Deyirlər ki, Edison və Pastor bu cür adam olublar. Onların dindar və Allahpərəst insan olmaları da bildirilir. Belə ki, onlar dindar müsəlmanlar kimi işə Allahın razılığı üçün və ilahi niyyətlərlə başlayırlarmış. Bunlar əslində xristian olmayan xristianlardırlar, çünki onlar həqiqi xristian olsaydılar və xristianlığın mövcud əsaslarına iman bəsləsəydilər və Isanı ilah hesab etsəydilər, onların təkallahlı olmaları mümkün olmazdı. Bu günki xristian alimlər bəlkə də triada e`tiqadı (üç üqnumaya inam) xurafatına daha az inam bəsləyirlər.

Bu bölmədə irəli sürülən suallara cavab vermək üçün nübüvvət və imamətə imanın nə üçün lazım olmasına nəzər salmaq lazımdır. Nübüvvət və imamət nə üçün lazımdır və onlar nə üçün əməlin qəbul olma şərti sayılırlar?

Peyğəmbərlər və Allah övliyalarına imanın əməllərin qəbul edilməsində dəxaləti olması iki səbəbdəndir.

Həmin səbəblərdən biri onların tanınmalarının Allahın tanınmasına bağlı olmasıdır. Әslində Allah və Onun sifətlərinin tanınması Allah övliyalarını tanımayınca kamilləşmir. Başqa sözlə desək, Allahı tam surətdə tanımaq hidayət və istiqamətləndirmə nümunələrini tanımaqdır.

Digər bir səbəb isə peyğəmbər və imamların məqamlarının tanınmasının lazımlığı, onları tanımayınca kamil və düzgün həyat proqramı əldə etməyin mümkün olmamasıdır.

Bir xeyirxah müsəlmanla xeyirxah kafir arasındakı fərq budur ki, xeyirxah kafir düzgün proqrama malik olmadığı üçün onun müvəffəqiyyət qazanma ehtimalı çox azdır.

Amma müsəlman özünü hərtərəfli və düzgün proqramı olan dinə tapşırdığı üçün öz proqramını düzgün həyata keçirsə müvəffəqiyyət qazanması qətidir. Saleh əməl təkcə xalqa yaxşılıq etməkdə deyil. Bütün vacib, haram, müstəhəb və məkruhlar saleh əməl proqramına daxil olan şeylərdəndirlər. Islamdan uzaq düşdüyü üçün bu düzgün proqrama malik olmayan dindar xristian, bu proqramın böyük ne`mətlərindən məhrumdur. Çünki o, yerinə yetirilməsi qadağan edilmiş bir sıra işlər, məsələn içilməsi qadağan edilmiş şərab içir. Bildiyiniz kimi, şərab içilməsinin qadağan edilmə səbəbi onun fərdi, ictimai və ruhi ziyanlarına görədir və onu içən şəxs təbii ki, həmin ziyanlara düçar olur. Həmin şəxs bu baxımdan həkimin məsləhətlərindən məhrum qalmış şəxsə bənzəyir. O həmin məhrumluq nəticəsində öz qəlb, ciyər və sinir sisteminin vaxtından qabaq xəstəliyə tutulması və ömrünün qısalmasına səbəb olan işlər görür.

Islami proqramlarda bir sıra göstərişlər var ki, onlara əməl edilməsi ruhi və mə`nəvi təkamülə çatmağın şərtlərindəndir. Mə`lumdur ki, bir nəfər qeyri-müsəlman hər nə qədər təəssübsiz və inadsız olsa da, kamil insanlıq proqramından məhrumluğuna görə onun üstünlüklərindən bəhrəsiz qalacaqdır.

Belə şəxs beş vaxt namaz, Ramazan ayının orucu və Allah evinin ziyarəti kimi böyük ibadətlərdən məhrum qalır. O, əkinçilik proqramına malik olmadan toxum əkən şəxsə bənzəyir. Bu cür proqramsız əkinçiliklə məşğul olan şəxsin əldə etdiyi məhsul heç vaxt düzgün və hərtərəfli proqram üzrə torpağı əvvəlcə şoxumlayan, münasib vaxtda toxum səpən və alaqları təmizləyən, bir sözlə lazım olan bütün texniki və elmi hazırlıqlarla əkin əkən şəxsin məhsulu kimi olmayacaq.

Müsəlman xeyirxahla qeyri-müsəlman xeyirxah arasındakı fərq barəsində belə demək olar ki, müsəlman xeyirxah dərin mə`lumatlı bir həkimin nəzarəti altında müəyyən proqrama malik olan və bütün dava- dərman və yeməklərini həkimin nəzarəti altında qəbul edən xəstəyə bənzəyir. Amma müsəlman olmayan xeyirxah şəxs isə proqrama malik olmayan və əlinə düşən dərman və yeməyi özbaşına qəbul edən xəstəyə bənzəyir. Bu xəstənin faydalı bir dərman ataraq sağalması mümkündür. Lakin onun, ziyanlı bir dərmandan istifadə edərək həlak olmaq ehtimalı da vardır. Həmçinin ola bilər ki, faydalı bir yemək yesin, amma sonra pərhizkarlıq etməməsi və münasib olmayan yeməklər yeməsi səbəbindən əvvəlki faydalı yeməyin tə`sirini də aradan aparsın.

Bu bəyanla mə`lum olur ki, müsəlmanla müsəlman olmayan Allahpərəst arasındakı fərq, müsəlmanın düzgün proqrama malik Allahpərəst, qeyri-müsəlmanın isə işləri düzgün proqramla olmayan Allahpərəst olmasıdır. Başqa sözlə desək, müsəlman hidayət yolunda olan, qeyri-müsəlman isə Allahı tanımasına baxmayaraq, hidayət yolunda olmayandır. Qur`ani-kərim bu barədə belə buyurur:

فَإِنْ أَسْلَمُواْ فَقَدِ اهْتَدَواْ

«...Әgər təslim olarlarsa (İslamı qəbul edərlərsə), doğru yola yönəlmiş olarlar...» (Ali-Imran-20).

Son iki fəsildə dediklərimizin hamısından belə mə`lum oldu ki, qeyri-müsəlman şəxslərin hamısı xeyir əməllərinə görə Allah tərəfindən mükafatlandırılmaq baxımından bərabər deyildirlər. Allah və qiyamətə inamı olmayan qeyri-müsəlmanla Allah və qiyamətə imanı olan, amma nübüvvətə iman bəsləməkdən məhrum olan qeyri-müsəlman arasında çox böyük fərq vardır. Birinci dəstənin Allah dərgahında qəbul edilən iş görmək imkanı yoxdur, amma ikinci dəstə üçün bu imkan var. Bu dəstə müəyyən şərtlərlə cənnətə gedə bilər. Amma birinci dəstənin cənnətə getməsi mümkün deyil. Deyəsən Islamın birgə yaşayış prinsipi baxımından kitab əhli ilə müşrik arasında fərq qoyması, kitab əhlinə güzəştə gedərək müşrikə güzəştə getməməsi, müşriki əqidəsini tərk etməyə məcbur etməsi, kitab əhlini isə həmin işə məcbur etməməsinin fəlsəfəsi müşrik və ya Allahı inkar edən şəxsin şirk və inkarla nicat qapısını əbədi olaraq öz üzünə bağlaması və özünü maddi təbiətdən keçərək mələkut aləmi və əbədi cənnətə tərəf ucalmaqdan həmişəlik məhrum etməsi, kitab əhlinin isə naqis də olsa saleh əməl yerinə yetirmək və onun nəticəsini görmək şəraitində yerləşməsidir. Qur`ani-kərim kitab əhlinə xitab edərək belə buyurur:

قُلْ يَا أَهْلَ الْكِتَابِ تَعَالَوْاْ إِلَى كَلَمَةٍ سَوَاء بَيْنَنَا وَبَيْنَكُمْ أَلاَّ نَعْبُدَ إِلاَّ اللّهَ وَلاَ نُشْرِكَ بِهِ شَيْئًا وَلاَ يَتَّخِذَ بَعْضُنَا بَعْضاً أَرْبَابًا مِّن دُونِ اللّهِ فَإِن تَوَلَّوْاْ فَقُولُواْ اشْهَدُواْ بِأَنَّا مُسْلِمُونَ

«...Ey kitab əhli, sizinlə bizim aramızda eyni olan (fərqi olmayan) bir kəlməyə tərəf gəliin! (O kəlmə budur ki,) Allahdan başqasına ibadət etməyək. Ona şərik qoşmayaq və Allahı qoyub bir-birimizi (özümüzə) Rəbb qəbul etməyək!...» (Ali-Imran-64)

Qur`ani-Kərim kitab əhlinə belə bir çağırış verib, amma müşriklərə heç vaxt bu şəkildə müraciət etməyib.
ZӘRӘR-ZIYANA UĞRAMA

Imanın dəyəri barəsindəki söhbətimizə uyğun olaraq diqqət edilməsi lazım olan üçüncü məsələ, küfr və inadkarlığın mənfi dəyəridir. Yə`ni, görəsən küfr və inadkarlıq xeyir əməlin məhv olaraq tə`sirini əldən verməsinə səbəb olur və bir «bəla» kimi onu xarab edirmi? Başqa sözlə desək, görəsən insan bütün lazımı şərait və faili və fe`li yaxşılığı ilə bir yaxşı iş görsə və digər tərəfdən həqiqət, xüsusilə dinin əsaslarından olan bir həqiqət müqabilində inadkarlıq etsə, onun öz zatında xeyir, mələkuti və nurani olan, ilahi və mələkuti baxımdan naqisliyi olmayan əməli bu inadkarlıq və ya digər ruhi azğınlıq ucbatından məhv olurmu? Burada söhbət afət və bəladan gedir.

Әməl həm fe`li və həm də faili yaxşılığa, başqa sözlə desək, həm normal bədən və həm də sağlam ruha malik ola bilər və həm mülki və təbiət, həm də mələkuti cəhətdən xeyir ola bilər, amma eyni zamanda bəlaya uğraması səbəbindən mələkuti cəhətdən məhv olaraq puça çıxa bilər. Məsələn münasib yerdə əkilən və məhsul verən, amma istifadə edilməmişdən qabaq bəlaya düçar olan, çəyirtgə və ya ildırımın məhv etdiyi toxum kimi. Qur`ani-kərim bu zərər-ziyan və bəlaya uğramağı «həbt» adlandırır.

Ziyanverici və bəlaya düçar olmaq ancaq kafirlərə məxsus deyil. Bu müsəlmanların yaxşı əməllərində də baş verə bilər. Məsələn ola bilər ki, bir mö`min müsəlman Allah yolunda və Allaha xatir bir yoxsula sədəqə versin və onun sədəqəsi Allah dərgahında qəbul edilsin, amma o sonra minnət qoymaq və ya ona başqa cür ruhi əziyyət verməklə həmin sədəqəni məhv edərək puça çıxarsın.

Qur`ani-kərim buyurur:

يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ لاَ تُبْطِلُواْ صَدَقَاتِكُم بِالْمَنِّ وَالأذَى كَالَّذِي يُنفِقُ مَالَهُ رِئَاء النَّاسِ وَلاَ يُؤْمِنُ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ فَمَثَلُهُ كَمَثَلِ صَفْوَانٍ عَلَيْهِ تُرَابٌ فَأَصَابَهُ وَابِلٌ فَتَرَكَهُ صَلْدًا لاَّ يَقْدِرُونَ عَلَى شَيْءٍ مِّمَّا كَسَبُواْ وَاللّهُ لاَ يَهْدِي الْقَوْمَ الْكَافِرِينَ

«Ey iman gətirənlər! Sədəqələrinizi malını riyakarlıqla (özünü xalqa göstərmək üçün) sərf edən, Allaha və axirət gününə inanmayan şəxs kimi minnət qoymaq və əziyyət verməklə puça çıxarmayın...» (Bəqərə 264).

Xeyir əməlin afətlərindən biri həsəddir. Hədislərin birində bu barədə belə deyilir: «Alov, odunu yandıraraq aradan apardığı kimi, həsəd də insanın xeyir əməllərini udaraq məhv edir.»

Həmin afətlərdən biri «cuhud», yə`ni həqiqət qarşısında dayanaraq onunla mübarizə aparmaqdır. Cuhudun mə`nası, insanın həqiqəti dərk etməsinə baxmayaraq, onun əleyhinə çıxmasıdır. Başqa sözlə desək, cuhud fikir və düşüncənin dəlil vasitəsi ilə təslim olması və həqiqətin əqli baxımdan aydınlaşması, ruh və hisslərin isə eqoistlik və təkəbbürcəsinə boyun qaçıraraq təslim olmamasıdır. Küfrün ruhu, həqiqəti tanıya-tanıya onunla mübarizə apararaq onun əleyhinə çıxmaqdır. Biz təslimin dərəcələri barəsində danışanda bu hal barəsində bə`zi izahlar verdik. Indi isə afətlərə düçar olma bəhsi ilə əlaqədar mə`lumat verəcəyik.

Әmirəl-mö`minin Әli (ə) Islamın tə`rifində belə buyurub: «Islam həqiqətə təslim olmaqdır».

Yə`ni, şəxsi mə`nafesi, təəssübkeşliyi və adəti həqiqətlə üz-üzə dayananda insan özünü həqiqətə təslim edərək ondan başqa bütün şeylərdən üz döndərməlidir.

Cuhud, Әbu Cəhlin malik olduğu qərəzli kafirlik halətidir. O, Peyğəmbərin (s) öz peyğəmbərlik iddiasında düzgün olduğunu bilirdi, amma qərəzli kafirlik halətinə düçar oduğu üçün iman gətirmirdi. Bə`zən bə`zilərinin «biz cəhənnəmə getməyə hazırıq, amma bu işi görmərik» kimi ifadələr işlətdiklərini eşidirik. Bunun mə`nası odur ki, həmin iş həqiqət olsa da, onu qəbul etməyə razı deyilik. «İki ayağı bir başmağa dirəmək» kimi ifadələr də həmin cuhud sifətinin nişanələrindəndir. Qur`ani-kərim bu çirkin sifətin bə`zi şəxslərdə olmasını çox ali formada təsvirə çəkib. Әnfal surəsinin 32-ci ayəsində belə oxuyuruq: «Bir zaman da: Ya Allah! Әgər bu sənin tərəfindən gəlmiş haqdırsa, onda başımıza göydən daş yağdır və ya bizə şiddətli bir əzab göndər!- demişdilər.»

Qur`an necə də qəribə bir səhnəni canlandırıb! Bir cümlə ilə bə`zi insanların ruhi xəstəliklərini necə də gözəl təsvir edib?

Sözləri bu ayədə nəql edilmiş bu tərs insan «ilahi, əgər bu məsələ haqdırsa və Sənin tərəfindəndirsə mənim qəlbimi onu qəbul etməyə doğru yönəlt» demək əvəzinə, «ilahi, əgər haqdırsa əzab göndərərək məni məhv et», mənim sağ qalıb onu görməyə taqətim yoxdur, deyir.

Bu hətta çox kiçik məsələlərdə olsa belə, çox qorxulu bir haldır. Bizim çoxumuz, Allah eləməmiş, ona düçar ola bilərik. Məsələn ola bilər ki, dünya şöhrətli çox yüksək məqama malik bir təbib, müctəhid və ya mütəxəssis öz elmi sahəsində bir söz deyərək nəzərini bildirsin və sonra tanınmamış bir təbib və ya tələbə həmin şəxsin nəzərinə zidd bir fikir söyləyərək qəti dəlillər gətirsin. Belə bir vəziyyətdə yüksək məqama malik olan həmin şəxs öz ürəyində həmin gəncin sözlərini təsdiq edir, amma camaat həmin nəzərdən xəbərsiz qalır. Belə olan halda əgər həmin məşhur mütəxəssis bu tələbənin sözlərinə təslim olsa, yə`ni həqiqətə təslim olsa və öz səhvini e`tiraf etsə, doğrudan da «müsəlman» (təslim olan)-dır. Çünki Islam həqiqət müqabilində təslim olmaqdır. Demək olar ki, o bir növ Quranın «...Özünü Allaha təslim edənlər» tə`birinin nümunəsidir. Belə olan şəxs çirkin cuhud sifətindən pak və uzaqdır. Amma əgər həmin tanınmamış tələbənin sözlərini inkar edərək öz heysiyyət və şöhrətini qorumaq üçün həqiqətlə mübarizə aparsa, inadkar kafir və cuhud edəndir.

Həmin təbib əgər çox insafsız olmasa sözünü yox, əməlini geri götürər. Amma əgər çox insafsız olsa, əməlini də dəyişdirməyərək həmin nüsxəni yazar, xəstəni öldürər və sonra «xəstənin sağalmasına ümid yoxdur» deyər. Yüksək məqama malik olan alimlər də bu cürdür. Bu halətin əksi də çox baş verir. «Kafi» kitabında olan bir rəvayət bu həqiqəti aydınlaşdırır:

Məhəmməd ibni Müslim deyir ki, imam Baqirin (ə) belə buyurduğunu eşitdim: «Iqrar, təslim və qəbul etmə ruhunun nəticəsi olan hər bir şey iman, inadkarlıq və haqdan boyun qaçırmanın nəticəsi olan hər bir şey isə küfrdür. «(səh 347)

Deyirlər ki, «Cəvahirul-kəlam» kitabının müəllifinin şagirdlərindən olmuş və sonralar məşhur müctəhid kimi tanınmış ayətullah Seyyid Hüseyn Kuhkəməri hər gün həmişə olduğu kimi Nəcəf məscidlərindən birinə gələr və orada dərs keçərdi.

Bildiyimiz kimi, fiqh və üsul elmlərinin xaric dərsininin tədrisi, müctəhidliyə hazırlıq kimidir və müctəhid olmaq tələbə üçün sonsuz bir məqama çatmaq deməkdir. Çünki tələbə müctəhid olmayınca heç nə sayılmır və onun rə`y və əqidəsinə e`tina edilmir. Buna görə də müctəhid olmaq ehtimalı olan tələbə həssas bir mərhələ keçir. Mərhum Seyyid Hüseyn Kuhkəməri belə bir mərhələdə olub.

O, bir gün hardansa, məsələn kiminsə görüşündən qayıdırmış. Tədrisinin vaxtına yarım saatdan artıq vaxt qalmayıbmış. Buna görə də özlüyündə fikirləşir ki, bu məhdud vaxtda evə getsə heç nə edə bilməyəcək, ona görə də həmişəki yerdə oturub şagirdləri gözləmək yaxşı olar. O, məscidə gedir və görür ki, şagirdlərindən hələ heç kəs gəlməyib, amma məscidin küncündə köhnə-külə geyinmiş bir qoca və bir neçə şagird oturub və həmin qoca şeyx onlara dərs keçir. Mərhum Kuhkəməri onun sözlərinə qulaq asır və çox maraqlı halda həmin köhnə-külə geyimli şeyxin ondan daha dəqiq dərs keçdiyini hiss edir. O, səhərisi gün bilərəkdən tez gəlir və həmin şeyxin sözlərinə qulaq asır və dünənki əqidəsinə olan inamı bir az da artır. Bu hadisəni bir neçə gün təkrar etdikdən sonra Kuhkəməriyə tam yəqinliklə mə`lum olur ki, həmin şeyx ondan üstündür və özü də, şagirdləri də onun dərsindən bəhrələnsələr daha yaxşı olar.

Bəli o, burada özünü təslimlə inad, imanla küfr və dünya ilə axirət arasında görür.

Səhəri gün şagirdləri gələndən sonra onlara deyir ki, dostlar, bu gün sizə yeni bir mətləb demək istəyirəm və o budur ki, kənarında bir neçə şagird oturmuş bu şeyx dərs deməyə məndən daha layiqlidir və mənim özüm də onun dərsindən bəhrələnirəm, hamımız gedib onun dərsində iştirak edək. O, həmin gündən gözlərində bir az xəstəlik olan və onda yoxsulluq nişanələri görünən həmin şeyxin şagirdləri sırasına qoşulur.

Bu köhnə-külə geyimli şeyx sonralar hacı Mürtəza Әnsari adı ilə tanınan məşhur alim idi. O, Şuştərdən olub və «ustadul-mütəəxxirin» (müasir alimlərin ustadı) ləqəbini alıb.

Şeyx həmin vaxt Məşhəd, Isfahan və Kaşan səfərindən təzə qayıdıbmış və həmin səfərdə Kaşanda Molla Әhməd Nəraqidən çoxlu elmi azuqə əldə edibmiş.

Kimdə bu halət olsa «Özünü Allaha təslim edənlər» ayəsinin nümunələrindəndir.

Deməli, küfr və cuhud qərəzli kafirlik və inadkarlıq etməkdir.

Biz sonra bu məsələni açıqlayacağıq ki, kafir Qur`an baxımından həqiqəti dərk etməsinə baxmayaraq, onun qarşısında inadkarlıq göstərdiyinə görə kafir adlandırılıb. Elə əməlin puça çıxması və xeyir əməlin afəti də həmin halətdir.

Buna görə də Allah-taala kafirlərin əməlləri barəsində belə buyurub:

«Rəbbini inkar edənlərin (dünyadakı yaxşı) əməlləri fırtınalı bir gündə küləyin sovurub apardığı külə bənzəyir.»

Biz Pastorun, mikrobun kəşf edilməsinə səbəb olan elmi araşdırmalarının Allaha görə olmasını və onun məqsədinin Allaha yaxınlaşmaq niyyəti ilə xalqa xidmət olduğunu fərz etsək, bu, onun Allah dərgahında mükafatlandırılması üçün kifayət deyil.Әgər o, cuhud və bu kimi sifətlərə malik olubsa, yə`ni məsələn öz əqidəsində təəssübkeşlik göstərirmişsə və ona «xristianlıq sənin üçün coğrafi və irsi bir dindir, sən ondan yaxşı və kamil bir dinin olmasını araşdırmısanmı?» deyilsəydi, o da razılaşmayaraq «varsa da xristianlıqdır, yoxsa da!» cavabını verərmişsə və hətta araşdırma aparmaqla belə razılaşmasaydı, onun əməllərinin puça çıxması barəsində söz ola bilməzdi. Çünki bu fərzdə o, «qərəzli kafir»dir və bu sifət insanın bütün əməllərini məhv edir. Bu sifətə malik olan insanın əməlləri tufan qarşısında olan kül kimidir.

Biz burada Pastoru misal olaraq qeyd etdik və məqsədimiz onun, elə dediyimiz kimi olmasını demək deyil. Allah bilir. Haqqa qarşı inadkarlıq etsək həmin ümumi qanun bizə də şamildir. Ilahi, bizi küfr və inadkarlıq halətinə düçar olmaqdan qoru!

Әməllərin, dediklərimizdən başqa afətləri də vardır və bəlkə onlardan biri də haqq və həqiqətin qorunmasına e`tinasızlıqdır. Insan nəinki həqiqətin müqabilində inadkarlıq və cuhud göstərməməli, hətta ona qarşı bitərəf və e`tinasız də olmamalıdır. Bəli, insan haqq və həqiqəti müdafiə etməlidir. Kufə əhalisi imam Hüseynin (ə) haqq olmasını bilir və e`tiraf da edirdilər, amma haqqı himayə və müdafiə etməkdə səhlənkarlıq edirdilər, möhkəm dayanaraq müqavimət göstərmirdilər. Әslində haqqı himayə etməmək əməli cuhuddur.

Həzrət Zeynəb (s) kufəlilərə söylədiyi məşhur xütbəsində onları haqqın himayəsində səhlənkarlıqda və ona qarşı zülm və cinayət törətməkdə günahlandıraraq buyurub:

«Ey Kufə əhli! Ey yalançı və vəfasız hoqqabazlar! Göz yaşı tökürsünüz. Sizi görüm göz yaşlarınız heç qurumasın və nalələriniz sönməsin! Siz pambığı əyirərək sap toxuyan və sonra toxuduqlarını sökərək yenidən pambıq edən arvada bənzəyirsiniz.»

Məğrurluq və özünü öymək də əməlin afətlərindəndir.

Әməldən sonra olan riya da həsəd, məğrurluq və cuhud kimi əməli məhv edən amillərdəndir. Hədisdə deyilir:

«Insan bə`zən saleh və nurani bir iş görür və onun əməli «Illiyyun»da yer tutur, amma o, sonralar cəmiyyət içində öz əməlini başqalarına danışır və camaata minnət qoyur. Bu həmin şəxsin əməlinin tənəzzülə uğramasına səbəb olur. Şəxs həmin əməli barəsində bir də danışır və əməl daha bir tənəzzülə uğrayır. O, bu haqda üçüncü dəfə danışanda əməl tamamilə aradan gedərək məhv olur və bə`zən hətta şər əmələ çevrilir».

Imam Baqir (ə) buyurub:

«Әməlin qorunması onu yerinə yetirməkdən daha çətindir».

Ravi deyir ki, əməlin qorunmasından məqsədiniz nədir? Imam buyurur:

«Yə`ni insan Allaha görə camaatın gözündən uzaq bir iş görür və həmin işi onun əməl dəftərində olduğu kimi qeyd edilir, amma o, sonra həmin əməli başqalarına danışır və nəticədə əməl dəftərində gizli əməl formasından xaric olaraq aşkar bir əməl kimi yazılır. Şəxs onu bir daha başqalarına danışır və bu vaxt əməl yaxşılıqlar siyahısından silinərək pis əməllər siyahısına salınır».

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ISLAM FӘLSӘFӘSI
Quran təfsirinin qayda-qanunları
Əhli-sünnə alimlərinin kütləvi surətdə qırılmasına qərar
Peyğəmbər (s) və onu xatırladan hər şeyin təbərrük olması
BRAHMAN AYİNİ (2)
DÜNYANIN QURULUŞU ONUN ZATIDIRMI?
Putin Netanyahu ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
ÖLÜM ANLAYIŞI
İMAMƏT
Sədaqət, bəsirət, aram qəlb, İlahi diqqət – zakirlərin xüsusiyyətləri

 
user comment