Azəri
Monday 23rd of December 2024
0
نفر 0

ŞİƏNİN MƏŞHUR HƏDİS ALİMLƏRİ




Abbasilər xilafətinin ilk 200 ili şiə hədisçiliyi üçün də məhsuldar və əhəmiyyətli bir dövr olmuşdur. Şiə məzhəbində mötəbər sayılan bir neçə böyük hədis alimi bu dövrdə yaşamış və öz dəyərli əsərlərini yaratmışdır. Onların əsas qaynağı məsum imamlar idi. İmam Sadiq (ə), İmam Kazim (ə) və İmam Rza (ə) müxtəlif mövzularda onlarla risalə qələmə almış, səhabələrin suallarına yazılı şəkildə cavab vermiş, onlara faydalı mətləbləri diqtə etmişlər (məsələn: Mufəzzəl ibn Ömərə diqtə edilmiş «Tövhidi-Mufəzzəl», Hişam ibn Hakəmə ünvanlanmış «Fel risaləsi» və s.).

Şiə hədis alimlərinin bu dövrdəki ilk təbəqəsini imamların səhabələri təşkil edirdilər. Bunlar bilavasitə məsum imamlarla görüşərək, onların dilindən hədis eşidir və sonrakı nəsillər üçün rəvayət edirdilər. Səhabələrin bir çoxu eşitdiyi hədisləri kağıza da köçürürdü. Belə yazılı hədis mənbələrinə «əsl» deyirdilər. Əsllərin həcmi adətən kiçik (onlarla hədisdən ibarət) olurdu. Hər əsldə yalnız bir ravinin rəvayət etdiyi hədislər toplandığından, kitabın quruluşu çox zaman pərakəndə halda olurdu. Nadir hallarda hədislər mövzular üzrə qruplaşdırılırdı. Əsllərin sayı 400-ə yaxın idi; buna görə də onları «400 əsl» adlandırırlar. Əsllərin hamısı bu günümüzə gəlib-çatmamışdır.

Bu dövrdə əsllərdən əlavə, müstəqil kitablar da qələmə alınırdı. Kitab deyərkən, bir neçə mənbə əsasında hazırlanan, müəllifin araşdırmalarını və şəxsi rəyini də əhatə edən yazılı əsərlər nəzərdə tutulur. Kitab müəllifləri sırasında Zurarə ibn Əyən (vəf. 765), Əbu Bəsir (vəf. 765 vəya 767), Əbu Həmzə Sumali (vəf. 767), Məhəmməd ibn Numan Muminu't-taq (vəf. 765-ci ildən sonra) və s. mühüm yer tuturlar.

Bu dövrdə yaşamış Əhməd ibn Məhəmməd Bəzənti (vəf. 836) əvvəllər şiəliyin başqa qoluna mənsub olmuş, sonra İmam Rzanın (ə) dəvəti ilə cəfəri məzhəbini qəbul etmişdi. Bəzəntini «əshabi-icma»dan sayırlar. Yəni onun başqa ravilər vasitəsilə imamlardan rəvayət etdiyi hədisləri yoxlamağa ehtiyac yoxdur; əgər Bəzənti hər hansı hədisi bir kəsin dilindən rəvayət etmişdirsə, deməli, həmin hədis səhihdir. Bu fakt Bəzəntinin nə qədər böyük etibar sahibi olduğuna dəlalət edir. Bəzənti «Came», «Nəvadir» və «Məsail» kitablarının müəllifidir.

Bu sırada doqquzuncu, onuncu və on birinci imamların səhabəsi olmuş Fəzl ibn Şazanın (vəf. 874) adını xüsusi qeyd etmək lazımdır. Əbu Məhəmməd Fəzl ibn Şazan Nişaburi səhabələr arasında ən mötəbər şəxslərdən sayılır. İbn Şazanın həyatından bəhs edən müəlliflər onun 180 kitab müəllifi olduğunu bildirmişlər. Bu kitablar şiə əqidəsi, kəlam, şəriət və s. sahələri əhatə edir.

XII imamın kiçik qeybət dövrünün lap əvvəllərindən etibarən şiə alimləri əldə olan hədisləri toplamağa və məcmuə halında birləşdirməyə başladılar. İmamla rabitənin məhdudlaşması dini məsələlərdə qarşıya çıxan sualları vaxtında həll edə bilmək üçün bütün ana mənbələrin sistemləşdirilməsini və istifadə üçün əlverişli hala gətirilməsini tələb edirdi. Bu sahədə atılan ilk addımlar alimlərin gərgin zəhmətindən xəbər verir. Həmin dövrün ən məşhur simaları Əbu Cəfər Məhəmməd ibn Həsən Səffar Qummi (vəf. 903), Əbu'l-Qasim Səd ibn Abdullah Əş'əri Qummi, Əbu'l-Abbas Abdullah ibn Cəfər Himyəri Qummi, Əbu Əli Məhəmməd ibn Humam İskafi (vəf. 943-944 və ya 947-948) və başqaları idi.

• Bərqi

IX əsrdə yaşamış hədisçilərin ikisi ata-oğul idi. Əbu Abdullah Məhəmməd ibn Xalid Bərqi Qum şəhərində yaşasa da, mənşə etibarilə kufəli idi. Onun atası Kufədən qaçıb, Qum ətrafındakı kəndlərin birinə sığınmışdı. Məhəmməd ibn Xalid Bərqi imamların səhabəsi idi. Onun təfsir, hədis, tarix, rical, kəlam və s. sahələrdə kitabları vardır, lakin əsərləri günümüzə qədər gəlib çatmamışdır.

Onun oğlu Əbu Cəfər Əhməd ibn Məhəmməd Bərqinin adı şiə mənbələrindəki 800-dən artıq hədisin sənəd zəncirində mövcuddur. Qələmə aldığı kitabların əksəriyyəti itib-batıb. Müəllif öz kitablarının bir çoxunu «Məhasin» adı altında birləşdirmişdi. Onlarla bölümdən ibarət olan və minlərlə hədisi əhatə edən «Məhasin»in təqribən üçdə bir hissəsi dövrümüzə qədər gəlib çatıb. Bərqi 887-888-ci və ya 893-894-cü illərdə Qumda vəfat etmişdir.

• İbn Babiveyh

Əbu'l-Həsən Əli ibn Hüseyn ibn Babiveyh Qummi cəfəri alimləri arasında xüsusi mövqeyə malikdir. O, XI imam Həsən Əsgəri (ə) ilə görüşmüş, həmçinin, imamdan ona məktub gəlmişdi. Bu məktubda İmam Əsgəri (ə) İbn Babiveyhi «bizim şeyximiz və etimad sahibimiz» adlandırırdı. İbn Babiveyh ömrünün çox hissəsini Qum şəhərində keçirmişdir. O, məşhur alim Şeyx Səduqun atasıdır. İbn Babiveyhin daha bir oğlu da (Hüseyn) məşhur fiqh və şəriət alimi idi. Rəvayətə görə, İbn Babiveyh lap qocalsa da, oğul övladı olmurdu. O, İmam Mehdinin (ə) naibinə məktub yollayaraq xahiş edir ki, İmamdan onun barəsində dua etməsi üçün ricada bulunsun. Az sonra İmamdan cavab gəlir ki, tezliklə İbn Babiveyhin iki fəzilətli oğlu doğulacaq. Həqiqətən, bu dua sayəsində dünyaya gəlmiş Şeyx Səduqla qardaşı böyük alim olurlar.

İbn Babiveyhin müxtəlif mövzularda qələmə aldığı 20 kitabın adı mənbələrdə qeyd olunub. Bu böyük alim 941-ci ildə Qum şəhərində vəfat etmişdir.

• Şeyx Kuleyni

Şeyx Əbu Cəfər Məhəmməd ibn Yəqub Kuleyni Rey şəhərinin 38 kilometrliyində yerləşən Kuleyn kəndində anadan olmuşdur. Onun həyatı barədə məlumatlar azdır. Kuleyni bir müddət Qum şəhərində yaşadıqdan sonra Bağdada köçür və Dəclə çayının qərb sahilində, Kufə qapısının yanındakı bir məhəllədə məskunlaşır. Elə burada o, özünün şah əsərini – «əl-Kafi» hədis məcmuəsini toplamağa başlayır. Kuleyni bu işə ömrünün 20 ilini sərf edir.

«Əl-Kafi»dən əlavə, Kuleyninin «Təbiru'r-ruya» (Yuxu yozmaları), «Rical», «Rəsailu'l-əimmə» (İmamların məktubları), «Rəddu qəramitə» (Qərmətilərin əleyhinə risalə) adlı əsərləri də vardır. O, məsum imamlar barəsində yazılmış şerləri də kitab halında toplamışdır.

Lakin, şübhəsiz, Kuleyniyə dünya şöhrəti gətirən əsər – «əl-Kafi»dir. Məhz bu kitaba görə o, «Siqqətu'l-İslam» (İslamın etibarlı şəxsi) fəxri ləqəbini qazanmışdır. «Əl-Kafi» cəfəri məzhəbində ən əsas hədis mənbələri sayılan 4 kitabdan («kutubu'l-ərbəə») biridir.

«Əl-Kafi» şərti olaraq, 2 hissədən ibarətdir. «Usulu'l-Kafi» adlanan birinci hissə əqidə və əxlaq bəhslərini (üsuliddin), «Furuu'l-Kafi» adlanan ikinci hissə isə şəriət və ehkam mövzularını (füruuddin) əhatə edir. Kuleyni kitaba «Rəvzətu'l-Kafi» adlı daha bir cild də əlavə etmişdir ki, buraya əsasən, imamların xütbələri və kiçik risalələri daxildir. «Usulu'l-Kafi» aşağıdakı kitablardan ibarətdir: 1. «Əql və cəhl»; 2. «Elmin fəziləti»; 3. «Tövhid»; 4. «Hüccət»; 5. «İman və küfr»; 6. «Dua»; 7. «Quranın fəziləti»; 8. «Muaşirət» (rəftar, davranış). «Furuu'l-Kafi» isə təharət, namaz, oruc, zəkat, xüms, cihad, həcc, nikah, talaq, yemək və içmək, ticarət, irs, cəza və s. mövzularda hədisləri ehtiva edir. «Əl-Kafi»dəki hədislərin ümumi sayı 16 mindən artıqdır. Bu, dəqiq şəkildə bablar üzrə bölünmüş, demək olar ki, bütün mövzuları əhatə edən ilk şiə hədis məcmuəsi sayılır. Bu baxımdan, «Əl-Kafi» özündən əvvəlki hədis kitablarından (xüsusilə, 400 əsldən) köklü surətdə fərqlənir.

Rəvayətə görə, Kuleyni «Əl-Kafi»ni tərtib etdikdən sonra naib vasitəsilə İmam Mehdiyə (ə) təqdim etmiş və İmamdan belə bir cavab almışdır: ««Əl-Kafi» bizim tərəfdarlarımıza kifayət edər» (yəni bu, hədis sahəsində kifayət edəcək mənbədir).

«Əl-Kafi»yə çoxlu şərhlər yazılmışdır. Bunların arasında Əllamə Məclisinin «Miratu'l-uqul», Molla Xəlil Qəzvininin «Safi» (fars dilində) və «Şafi» (ərəb dilində, natamam) şərhləri və Molla Sədranın natamam şərhi (cəmi 449 hədisi əhatə edir) xüsusi diqqətə layiqdir.

Şeyx Kuleyni 941-ci ildə Bağdadda vəfat etmiş və Kufə qapılarının kənarında torpağa tapşırılmışdır. Vəfatından yüz illər keçdikdən sonra qəbri açılarkən, cəsədinin zərrəcə çürümədiyi aşkara çıxmışdır.

• İbn Qavliveyh

İlk Abbasi dönəminin sonlarında yaşamış məşhur hədisçilərdən biri də «İbn Qavliveyh» adı ilə tanınan Əbu'l-Qasim Cəfər ibn Məhəmməd Qummidir. Onun atası və qardaşı da məşhur hədisçilərdən sayılırdılar. İbn Qavliveyh Qumdakı şiə icmasının başçılarından idi. O, özündən əvvəlki və müasiri olduğu bir çox alimlərdən fərqli olaraq, hədisləri təkrarlamaqla kifayətlənmir, bunların əsasında ictihad edib fətva verirdi. İbn Qavliveyhin bir neçə əsəri qalmışdır ki, bunların ən görkəmlisi «Kamilu'z-ziyarat» kitabıdır. 108 babdan ibarət olan kitabda İslam müqəddəslərinin məzarlarını ziyarət etmək qaydaları izah olunur.

İbn Qavliveyh 978-980-ci illər arasında Kazimeyndə vəfat etmişdir.

• Kəşşi

Cəfəri məzhəbində rical (hədis ravilərinin şəxsiyyətini tədqiq edən elm) mövzusunda müstəqil və kamil kitab yazmış ilk müəlliflərdən biri Məhəmməd ibn Ömər Kəşşidir. Kəşşi hədis ravilərinin tərcümeyi-halını və etibar dərəcəsini özündə əks etdirən «Mərifətu əxbari'r-rical» kitabını tərtib etmişdir. Lakin kitabda şiə və sünni məzhəbli ravilər haqqında məlumatlar bir-birindən ayrılmadan, qarışıq şəkildə yerləşdirilib. Buna görə də, təqribən 150 ildən sonra Şeyxu't-taifə Tusi kitabdakı sünni ravilərinin adını və bəzi mətləbləri ixtisar edərək, «İxtiyaru'r-rical» və ya «İxtiyaru'l-Kəşşi» adlanan əsəri hazırlamışdır. Kəşşinin qələmindən çıxmış oricinal variant isə itib batmışdır. Kəşşinin vəfat tarixi dəqiq bilinmir. Məlum olan budur ki, o, Kuleyni və Əli ibn Babiveyhin müasiri olmuşdur.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ŞÜCAƏT HƏDƏFI
Sevgililər Günü olan İmam Əli ilə Xanım Fatimənin (ə) İzdivacının ildönümü ...
MÖ᾽CÜZƏNİ TANIMAQ
ŞİƏNİN MƏŞHUR HƏDİS ALİMLƏRİ
FİDYƏ AYƏSİNİN NƏSXİ
Rəcəb, tövbə və duaların qəbul olunan Mübarək Ay daxil olur – Bu gecənin ...
ELMİ SİRLƏR
Dəccal kimdir
“Xəlqi-aləm səbəbi Zəhrada (s.ə) imiş” şeri
İslam təlimləri nəzərindən insandan başqa sair canlı varlıqlar üçün də ...

 
user comment