Azəri
Sunday 30th of June 2024
0
نفر 0

Həzrət Rəsulallahın (s) Mövluduna həsr olunmuş konfrans keçirildi

Həzrət Rəsulallahın (s) Mövluduna həsr olunmuş konfrans keçirildi

İçərişəhər "Cümə" məscidi dini icması və DEVAMM-ın (Dini Etiqad və Vicdan Azadlıqları Müdafiə Mərkəzi) təşkilatçılığı ilə BMM-də (Beynəlxalq Mətbuat Mərkəzi) əziz İslam Peyğəmbəri Həzrət Muhəmmədin (s) mövluduna həsr olunmuş elmi konfrans keçirilib.

Həzrət Rəsulallahın (s) Mövluduna həsr olunmuş konfrans keçirildi

Əhli Beyt (əleyhimus səlam) -ABNA- Xəbər Agentliyinin verdiyi xəbərə əsasən, İçərişəhər "Cümə" məscidi dini icması və DEVAMM-ın (Dini Etiqad və Vicdan Azadlıqları Müdafiə Mərkəzi) təşkilatçılığı ilə BMM-də (Beynəlxalq Mətbuat Mərkəzi) əziz İslam Peyğəmbəri Həzrət Muhəmmədin (s) mövluduna həsr olunmuş elmi konfrans keçirilib.

Tədbirə yüzlərlə inanclılar, ictimaiyyət nümayəndələri, partiya rəhbərləri qatılıb.

İçərişəhər "Cümə" məscidi dini icmasının imam camaatı Hacı İlqar İbrahimoğlu tədbiri açıb və bütün gələn qonaqları salamlayıb. Daha sonra Qurani Kərimin tilavət olunması ilə tədbir açıq elan edilib.

Daha sonra Əhli-beyt (ə) aşiqləri dini yaradıcılıq qrupu dəvət olunub və Dövlət Himni, ardınca isə İslam Peyğəmbərinə (s) həsr olunmuş İlahi oxunub.

Bunun ardınca Əziz İslam Peyğəmbərinin (s) Mövludu günü münasibətilə Bakıda təşkil edilmiş FLASMOB təqdim olunub.

Daha sonra Hacı İlqar İbrahimoğlu çıxış edib: "Bizlər özünəməxsus müsəlmanlarıq. Sovetlərin dağılmasından sonra damcı-damcı, hissə-hissə özümüzə qayıtmışıq.

Peyğəmbərimiz (s) insanlığın yaradılış fəlsəfəsidir. Yaradan ilə yaradılan arasında keçid Peyğəmbərimizlə (s) başlayıb.

Savadsız bir topluma xitab edərkən Peyğəmbərimiz (s) onları elmə yiyələnmək üçün Çinə getməyi tövsiyə edirdisə, indi elmin-maarifin tərəqqi tapdığı günlərdə əziz Peyğəmbərimiz (s) hansı tövsiyəni edərdi?

Suyun qıt olduğu bir cameədə təmizliklə bağlı elə minimal şərtlər qoyub ki, indiki dövrün insanların bəzən tutumu onlara riayət etməyə çatmır".

Daha sonra söz qonaqlar sırasından Nardaran ağsaqqalı Kərbəlayi Natiqə verilib: "Mən burada iştirak edən və edə bilməyən bütün Azərbaycan xalqını bu bayram münasibətilə təbrik edirəm. Burda tanıdığəm və tanımadığım çox mübariz insanlarımız iştirak edir. Peyğəmbərin (s) ilk Mövludunu keçirən insanlar hazırda dünyada yoxdur.

Peyğəmbərin (s) haqqında o qədər dəyərli insanlar danışıblar ki, mən Onun (s) haqqında danışmağa acizəm. Hər kəsi onun yolu ilə getməyə çağırıram".

Daha sonra Müsavat başqanı İsa Qəmbər çıxış edib: "Mən Hacı İlqara və sizlərə təşəkkür edirəm ki, belə gözəl tədbir təşkil etmisiniz. Peyğəmbərimiz (s) son peyğəmbərdir və dünya tarixinə ən çox təsir etmiş şəxsdir. Bunu tək biz müsəlmanlar deyil, bütün bəşəriyyətin mütəfəkkirləri, aparılmış sorğular deyir.

Bizim hərəkatımızın lideri Əbülfəz Elçibəy dinə çox bağlı insan idi. Onun bu mövzularda çox sözlərini xatırlayıram. Onun sözlərindən birində keçirdi ki, Allah Təala Peyğəmbərə (s) yaxın insanlar göndərər xalqlar üçün. Belə insanlardan biri Məhəmməd Əmin Rəsulzadə olub. Bildiyiniz kimi, o da dinə çox bağlı insan olub.

Mən Hacı Əlikramı da xatırlamaq istəyirəm. Onun da bu din yolunda zəhmətləri sonsuz olub.

Hər birinizin bayramını bir daha təbrik edirəm".

AXCP sədrinin müavini Gözəl Bayramlı: "Müsəlman kimliyimizi öyrənmək üçün Peyğəmbərimizin (s) keçdiyi yolu dərindən öyrənməliyik. Bu bir dəryadır. Hər birimiz bu dəryaya baş vurub bir damla götürsək İslamın həqiqətlərini anlayarıq.

Peyğəmbərimizdən (s) öyrənəcəyimiz çox şeylər var. Hər birinizin bayramı mübarək olsun".

Vüqar Bayramov: "Bir iqtisadçı olaraq deyə bilərəm ki, bu gün İslam Peyğəmbərinin (s) iqtisadiyyata baxışı bütün dünya üçün nümunə ola bilər. İslam bankçılığı iqtisadiyyatın daha uzun müddətli, daha dayanıqlı inkişafını təmin edir".

Pənah Hüseyn: ""Dünyada çox az insan var ki, onların dünyaya gəldiyi gün biz bir birimizi təbrik edirik. Ve o insanlardan ən birincisi Muhamməd (s) peyğəmbərdir. Bir gün gələcək biz hər birimiz ürəklə, "Ya Muhammed (s)" deyəcəyik!" Cəmiyyətimizdə yaxşı nə varsa, dinimizdən, Peyğəmbərimizdən (s) gəlir. Nə boşluqlar, nə çatışmazlıqlar varsa da, onları dinimizə sadiq qalmaq, Peyğəmbərimizdən (s) örnək götürməklə aradan qaldırmaq olar".

Mirvari Qəhrəmanlı: "Ölkəmizdə ədalətsizlik, haramçılıq baş alıb gedir. Bunun birinci səbəbi insanların ürəyində Allah sevgisinin olmamasıdır. İnsanlar Peyğəmbərə (s) sevgisi olsa, bunları hamısı cəmiyyətdən yox olub gedər".

İlahiyyatçı Hacı Ceyhun: "Bu gün bizim üçün çox əziz gündür. Biz Peyğəmbəri (s) görmədən sevənlərik. Amma Ona (s) nə qədər məhəbbət var ki, insanlar vaxt ayırıb, Onun (s) Mövluduna qatılıb".

AXCP sədrinin müavini Nurəddin Məmmədli: "Həm öz adımdan, həm də AXCP sədri Əli Kərimlinin adından hər birinizi təbrik edirəm.

Bu gün çox xoşdur ki, insanlarımız dininə, dini etiqadına qayıdır. Kimsə Peyğəmbərin (s) vida çıxışını və beynəlxalq konvensiyalarını araşdırıbsa, görərik ki, bütün konvensiyaların kökü həmin çıxışdadır.

Bizim ən böyük problemimiz ondadır ki, bizlər Peyğəmbərimizin (s) göndərdiyi dəyərləri yaşatmırıq".

Arif Hacılı: "Çox şadam ki, bu gün Peyğəmbərin (s) mövludu belə gözəl şəkildə keçirilir. Biz din haqqında yalnız yas mərasimlərində eşitməməliyik. Bu gün burada çox dəyərli çıxışlar oldu. İslamın elmi cəhətdən tanıdılması olduqca zəruridir. Bir daha hər birinizi Mövlud günü münasibətilə təbrik edirəm".

Rövşən Əhmədli: "Mən də öz adımdan, hazırda zindan həyatı yaşayan İslam Partiyasının sədri Hacı Mövsüm Səmədov adından hər birinizi təbrik edirəm.

Hacı İlqar bu gün bir növ nümunə qoyur ortalığa. Göstərir ki, İslam maarifçiliyi üçün imkan, fürsət olmadığı barədə fikirlər bəhanələrdir.

Azərbaycan cəmiyyətinin vəhdətini bu mövludda görürük. Bu olduqca müsbət bir haldır. Vəhdət həftəsinin bu formada yaşadılması indiki cəmiyyət üçün olduqca zəruridir".

Sərdar Yusifoğlu: "Peyğəmbər (s) dünyaya çox geniş baxan insan idi. Bunun sayəsində idi ki, insanları öz əxlaqı ilə cəzb edə bilmişdi.

Bu gün ən böyük arzum budur ki, bizlər Peyğəmbərimizin (s) çağırdı elmə yiyələnə bilək. Eyni zamanda, bir-birimizə qarşı Peyğəmbərin (s) tövsiyə etdiyi tolerantlığa riayət edə bilək".

Bundan sonra digər qonaqlar da çıxışlar ediblər.

Tədbirin sonunda Hacı İlqar İbrahimoğlu çıxış edib və tədbirə qatıldığına görə hər bir kəsə təşəkkür edib: "Səmimi onu bildirmək istəyirəm ki, ictimaiyyət nümayəndələrinə dəvət göndərərkən fikirləşirdim ki, hər kəs çıxış edərkən öz pəncərəsindən yanaşacaq. Amma onların heç birinə müdaxilə etməmək qərarına gəldik.

Ümid edirəm ki, gələn illərdə dəvətlərimiz daha geniş olacaq. Bir daha bütün qonaqlara, çıxışçılara təşəkkür edirəm. Burada hər birimizi birləşdirən ən mühüm hadisə Rəsulallahın (s) Mövlududur. Bu gün bundan daha mühüm hadisə ola bilməz ki, insanlar onun ətrafında toplaşıb bu günü qeyd etsin".


Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır

 


source : www.abna.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Xanım Zeynəb (ə) - Aşura qiyamının fəryadı...
İmam Hüseyn Aşura məktəbi bizim şərəfimizdir
İslamçı Yazar Vüsal Nadiroğlunun məhkəməsi keçirilib
QURAN SÜRƏLƏRİNİ OXUMAQLIĞIN FƏZİLƏTLƏRİ
Etika və dini əxlaq
Namaz haqqında bir neçə söz
ORUCLUQ AYƏSİNİN NƏSXİ
Cütlüyün təhlükəsi
İmam Əlinin (ə) kəlamlarında behiştə daxil olmağın 6 amili
Danışıq ədəbi

 
user comment