Növrəstə xanım İbrahimova: "Müşriklər deyərlər, sizi dünya malından qəni edərik, ya da əksinə, acından öldürərik, evinizi dağıdarıq, balalarınızı həbs edərik, açın hicabı. Biz deyəcəyik ki, tutduğumuz yoldan dönən deyilik, çünki bunu Quran bizə göstərib. Mənim Allahımın buyurduqları sizlərin sözlərindən üstündür"
AİP Qadınlar Şurası Peyğənbərin Mövludun qeyd etdi
Əhli Beyt -ABNA- xəbər agentliyinin verdiyi xəbərə əsasən Azərbaycan İslam Partiyası Qadınlar Şurasının və «Əsgər Analarına Dəstək» İctimai Birliyinin sədri Növrəstə xanım əziz Peyğəmbərimiz Həzrət Mühəmmədin mövludu ilə əlaqədar qadınları bir yerə toplamışdı.
Qadınlar Şurasının sədri Hacı Növrəstə xanım İbrahimova ilk olaraq əziz Peyğəmbərimiz Həzrət Məhəmmədin mövludu münasibəti ilə hamını təbrik elədi: «Allah-Təalanın göndərdiyi bütün Peyğəmbərlər əziz olub. Amma bu da bir həqiqətdir ki, onların hamısı Həzrət Mühəmmədin gəlişini təsdiq edərək, öz kitablarında və kəlamlarında buyurublar».
Bütün yaranmışların Həzrət Mühəmmədə xatir yarandığını qeyd edən sədr daha sonra sözlərinə belə davam etdi: «Aallah-Təala Həzrət Peyğəmbərə buyurub: «And olsun mənim izzət və cəlalıma Səndən əvvəlkiləri sənə xatir nazil etmişəm. Ancaq Əli olmasaydı, səni də xəlq etməzdim. Həzrət Fatimeyi Zəhranın özündən əvvəl nuru və sonra vücudu Mən tərəfindən yaranmasaydı Həzrət Əlini yaratmazdım. Bəli bu məsumların əxlaqı, ləyaqəti barədə tərif eləməyə 100 il ömür də kifayət etməz. Əslində biz onları tərifləyə bilmərik, məqsədimiz onlardan iltimas, dua istəməkdir».
Həzrət Məhəmməd (s) fil ilinin rəbiül-əvvəl ayında dünyaya gəldiyini bildirən Hacı xanım onun doğum günü haqqında iki versiya olduğunu bildirdi: «Sünni qardaşlarımız Həzrət Məhəmmədin rəbiül-əvvəl ayının 12-də, şiə alimlərimiz isə rəbiül-əvvəl ayının 17-də cümə günündə müqəddəs gözlərini bu dünyaya açdığını deyirlər. Biz də müsəlmanlar arasında ikitirəlik düşməməsi xatirinə vəhdət həftəsi kimi hər iki tarixi qeyd edirik. O dünyaya gələndə bir çox möcüzəvi hadisələr baş verib. Həmin günü bütün abidlər qorxulu yuxular görüb, Səvan gölü quruyub, atəşpərəstlərin min illərdir yanan atəşgahı sönüb».
«Əsgər Analarına Dəstək» cəmiyyətinin sədri Peyğəmbərin uşaqlıq və gənclik illərindən də danışdı: «Qədimlərdə uşaqla süd analarına təslim edilərmiş. Həlimə xanım ona dayəlik etmək istəyini bildirəndə Əbdül Mütəllib ondan hansı nəsildən olduğunu soruşur. O da Səd nəslindən olduğunu deyir... Beləliklə də Peyğəmbər Həlimə xanıma təslim edilir. Həzrət Mühəmməd bu qadını o qədər çox sevirdi ki, artıq neçə illərdən sonra belə Həlimə onlara qonaq gələndə durub öz əbasını xanımın altına salardı. Onun dəfn-kəfn məsələsini də Peyğəmbər özü yerinə yetirib. Peyğəmbərimiz gənc olanda isə təqvası və həyası ilə ün salmış Həzrət Xədicə ilə evlənir. Bu mübarək izdivacdan da Peyğəmbərin məsum qızı vasitəsilə 12 pak sülalə meydana gəldi. Hər gün ən azından üç dəfə namaza duranlar Peyğəmbər və onun pak Əhli-beytinə salam və salavat göndərir.».
Növrəstə xanım Həzrət Məhəmmədin gözəl əxlaqından, ləyaqətindən, rəhbərliyindən də söhbət açdı: «Dünya qurulandan bu günə qədər heç bir dövlət başçısı müharibədə iştirak etməyib, amma Həzrət Mühəmməd şəxsən 26 döyüşdə iştirak edib. Mübarək dişləri, alnı param-parça olub. Balaca qızı öz körpə əli ilə ona məlhəm qoyub. İlahi Pərvədigarı buyurub ki, Həzrət Məhəmməd ona görə hamıdan üstündür ki, o və Əhli beyti Mənim yolumda özlərindən keçdilər».
Əvvəlki Peyğəmbərlərin üsuliddinin yalnız üç şərti - Allah təkdir, nübüvvət və məad gətirdiyini deyən AİP Qadınlar Şurasının sədri Həzrət Mühəmmədin bu şərtlərə daha ikisini artırdığını da deyib: «Bu da onu digərlərindən daha üstün edir».
Növrəstə xanım insanın istədiyi təqdirdə mələkdən üstün olacağını da bildirdi: «Bünun üçün ağac formasında xüsusi sxem də verilib. Bu yolun birinci budağı insanın dünyaya gəlməsi, ikinci, Allaha iman gətirməyi, üçüncü - təqva, yəni günahlardan pəhriz saxlaması, dördüncü - mələk, yəni məsumluq rütbəsi, beşinci - nəbi, yəni peyğəmbər».
«Əsgər Analarına Dəstək» İB sədri bu gün Peyğəmbərdən iltimasi -duaya gəldiyini bildirdi: «Günlərimiz qara keçir, imanımız zəifləyə bilər. Peyğəmbərimiz hələ gənc ikən mürtədlər Əbu Talibin həyətinə yığışaraq dedilər: «Get, qardaşın oğluna de ki, atalarımızdan qalan və əllərimizlə yaratdığımız allahlara toxunmasın. Ona bu dünya malından nə istəsə verərik». O zaman Məhəmməd Peyğəmbər əmisinə dedi: «And olsun Allahın izzət və cəlalına, sağ əlimə Günəşi, sol əlimə Ayı qoyalar, bütün dünyanı mənə təhvil verələr, mən yolumdan dönmərəm. Çünki, Allah bu yolu istəyir». Peyğəmbər bu cavabı ilə yaşadığı dövrdən, ta qiyamətə kimi ibrət qoyub getdi. Bəli, şeytan Qiyamətə qədər bizim pusqumuzdadır. Çünki, o, insan övladına Qiymətə qədər yoldan çıxaracağına and içib. Kimin imanı qüvvətlidir onu daha çox yoldan çıxarmağa çalışır. Yəni ki, müşriklər deyərlər, sizin acından öldürərik, evinizi dağıdarıq, balalarınızı həbs edərik, açın hicabı. Biz deyəcəyik ki, tutduğumuz yoldan dönən deyilik. Çünki bunu Quran bizə göstərib. Mənim Allahımın, Kitabının buyurduqları sizlərin sözlərindən üstündür».
AİP Qadınlar Şurasının sədri Növrəstə xanım İbrahimova sonda Allahı, Quranı sevən, Peyğəmbəri, onun Əhli-beytini tanıyan bütün müsəlmanları bu günkü mübarək gün münasibəti ilə səmimi qəlbdən təbrik edərək, bayramlarını təbrik etdi.
Məclis ehsan süfrəsi ilə başa çatdı.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
source : www.abna.ir