Həzrət Məhdi əleyhissalamın zühururnun intizarında olmaq, hazırkı mövcud şərait və vəziyyətə qane olmamaq və o həzrətlə birlikdə din yolunda fədakarlıq üçün özümüzü hazırlamaqdan və zülmə qarşı mübarizə aparmaqdan ibarətdir.
İmam Zamanın (ə) təvəllüdü mübarək! Bu gecənin və sabahısı günün əməlləri
Əhli Beyt -ABNA- xəbər agentliyi- Bu gecə mübarək Şəban ayının on beşinci gecəsidir. İslam Peyğənbəri Muhəmməd İbn Əbdullahın (səlləllahu əleyhi və alih) nəslindən olan məsum övladı, Bəşəriyyətin Xilaskarı on ikinci İmam, Məhəmməd ibn Həsən Əskərinin (əleyhiməs səlam) anadan olan gecəsidir.
Bu gecə və sabahısı gün, bəşəriyyətin ən sevincli günlərindən biri sayılır. Bu anlar Alah Təalaya edilən duaların qəbul olan anlarıdır. Biz ABNA olaraq dünya xalqlarının bu sevincinə qoşulur və misilsiz bayram münasibəti ilə başda İmam Zaman (Allah Təala onun şərəfli gəlişini tezləşdirsin) Həzrətlərinin özünü və onun haqq naibi İmam Xameneyi cənabları olmaqla bütün bəşəriyyəti səmimi qəlbdən təbrik edirik.
İmam Zaman (əleyhis səlam) barədə qısa məlumat.
Məhdi ibn Həsən Əskəri (əleyhiməs səlam) hicrətin 255-ci ili şaban ayının 15-də Samirra şəhərində anadan olmuşdur.
Onun adı İslam Peyğəmbərinin adından, yəni, M.U.H.Ə.M.M.Ə.D, künyəsi də Peyğəmbərin künyəsindəndir, yə᾽ni, Əbülqasimdir. Ən məşhur ləqəbi Məhdidir. Atası on birinci İmam Həsən Əskəri , anası isə çox hörmətli Nərcis (Nərgiz) xanım olmuşdur. Anası, Reyhanə, Süsən və Səqil adları ilə də tanınmışdır. Nərcis xanımın fəzilət və mənəviyyatı o dərəcədə çox olmuşdur ki,ailəsinin fəzilətli qadınlarından biri olan Əliyyən-Nəqinin bacısı Həkimə xanım onu (Nərcisi) öz nəslinin ən fəzilətli xanımı, özünü isə onun xadiməsi adlandırmışdır.
İslam peyğəmbəri həzrət Mühəmməd səlləllahu əleyhi və Alihi və səlləmin on ikinci canişini müəyyən səbəblər üzündən qeybə çəkilmiş və Allahın icazəsi ilə zühur edib dünyada olan zülmkarlığı aradan aparacaq, həmçinin dünyada ədaləti bərqərar edəcəkdir.
Hal-hazırda (yəni 2012-ci ildə) həzrət Məhdi əleyhissalamın 1178 yaşı vardır və Allah taalanın istədiyi vaxt zühur edəcəkdir.
Lakin bəzi şəxslər o həzrətin (ə) indiyə qədər sağ qala bilməsi barəsində şübhə edirlər. Allah taala Qur'ani kərimdə buyurur:
(Onlar) dünyanın zahirindən başqa bir şey bilmir və onlar axirət (əbədi) həyatdan qafildirlər.[Rum surəsi, ayə 7]
Həzrət Məhdi (əleyhis-salamın) indiyədək sağ qalmasını inkar edənlər də yalnız dünyanın zahirindən xəbərdar olanlardır. Onlar Allahın qüdrətini unudaraq insanların yalnız 60-70 il yaşadığını güman edir və o həzrətin bu qədər uzun müddətli həyatını dərk edə bilmirlər.
Qurani-kərimə nəzər saldıqda, İmam Zaman əleyhissalamın bu qədər ömür sürməsini Allahın qüdrətində adi bir iş olduğunu görürük. Belə ki, Allah taala Nuh peyğəmbəri 950 il öz qövmu arasında yaşatmış, Əshabi-kəhfi 300 ildən artıq mağarada yuxu halında saxlamış, İsa əleyhissalamı neçə əsr bundan qabaq göylərə aparmış və hələ də yerə qaytarmamışdır.
Allah-taala kainatı, günəş sistemini, planetləri, müxtəlif qalaqtikaları və sair varlıq aləmlərini Öz tükənməz qüdrəti ilə yaratmışdır.
İmam Zaman əleyhissalamın da bu qədər ömür sürməsi heç də Allah üçün çətin bir məsələ deyildir.
On ikinci imam həzrət Məhdi əleyhissalam beş yaşında ikən qeyb olmuşdur ki, O, Həzrətin iki növ qeybi olmuşdur.
1-Qısa müddətli qeyb, (Qeybəti-süğra);
2-Uzun müddətli qeyb, (Qeybəti-kubra);
O həzrətin qısa müddətli qeybi, qəməri tarixi ilə 260-329-cu illərdə baş vermiş və bu qeyb 69 il davam etmişdir. Bu müddət ərzində o həzrətlə (ə) xalq arasında olan rabitə aşağıdakı dörd nəfər vasitəsi ilə olmuşdur:
1-Osman ibni Səid Əmri, (5il);
2-Mühəmməd ibni Osman ibni Səid Əmri, (40 il);
3-Əbul-Qasim Hüseyn ibni Ruh Nubəxti (21 il);
4-Əbul-Həsən Əliyyibni Mühəmməd Səməri, (3 il);
Həzrət Məhdi əleyhissalamın uzun müddətli qeybi isə Əliyyibni Mühəmməd Səmərinin vəfatından sonra başlamış və bu günədək davam etməkdədir. [Tarixi əsre qeybət, səh.164-166]
Şiə və sünnü alimlərinin əqidəsinə görə dünyanın axırlarında Həzrət Məhdi əleyhissalam zühur edib, ədalət və İslamı bütün dünyada hakim edəcəkdir.
Nəql olunmuş rəvayətlərə əsasən, o Həzrət zühur etdikdən sonra göylərə aparılmış İsa peyğəmbər də yerə enəcək və imam Məhdi əleyhissalamın ən yaxın köməkçilərindən biri olacaqdır.
Dünyada ədaləti bərpa edən imam Zaman əleyhissalama təkcə müsəlmanlar deyil, həm də qeyri-müsəlmanlar inanırlar.
Məsələn; miladi tarixi ilə 1000-ci illər ərəfəsində dünyada böyük bir dəyişikliyin intizarını çəkib, ruhi həyəcanlara düşmüş yəhudi və məsihilər 2000-ci ilin ərəfəsində bir daha həyəcanlanmış və bu ildən sonra nə isə böyük bir hadisənin baş verəcəyini gözləyirlər.
Həzrət Məhdi əleyhissalamın zühuru Qurani-kərimdə və Əhli-beytin rəvayətlərində də gəlmişdir.
Qurani-kərimdə oxuyuruq:
Allah təala sizlərdən iman gətirib saleh əməllər verənləri onlardan qabaqkılar (peyğəmbərlər) kimi yer üzərində hakimiyyətə çatdırmağı vədə vermişdir. [Nur surəsi, ayə 55 Bu haqda Əl-mizan, Məcməul-bəyan, Nurus-səqəleyn, Əl- burhan və s... təfsirlərə baxa bilərsiniz]
Bir çox təfsirlərdə bu ayənin Məhdi haqqında nazil olması qeyd olunur və bu haqda çoxlu rəvayətlər nəql olunmuşdur.
Əyyaşi öz təfsirində bu ayənin izahında həzrət Peyğəmbərin bu hədisini nəql' etmişdir:
"Dünyanın axırına bircə gün qalsa belə Allah təala o günü o qədər uzadacaq ki, adı mənim adım və özü Əhli-beytimdən olan bir nəfər gələrək yer üzünü zülm və haqsızlıqla dolduğu kimi, ədalət və insafla dolduracaqdır."
Qeyd etmək lazımdır ki, bu hədis, əhli sünnətin Səhihi-Termezi, Musnəd, ibni Əhməd, Yənabiul- məvəddət kitabları və bir çox hədis və təfsirlərində də nəql olunmuşdur.
"Onlar səndən əzabın tez gəlməsini istəyirlər. Allah Öz vədinə əsla xilaf çıxmaz. Rəbbinin yanında olan bir gün sizin saydığınızın min ili kimidir!" (Həcc, 47)
Onlar qəbul edirlər ki, bu "əzab vədi" Hz Mehdinin zühurudur. Çünki hədislərə görə O zühur edəndə əksəriyyət Onu inkar edəcək. Belə bir inkar isə bəndə üçün əb böyük əzabdır, həm bu dünyada, həm də axirətdə. Çünki hər dövrdə Allahın təmsilçisi yer üzündə gəlir, onu qəbul etməyənlər əzaba düçar olurlar.
"Biz elçi göndərməmiş (heç kəsə) əzab vermirdik." (İsra, 15)
Digər tərəfdən onlar deyirlər ki, bu vəd yalnız Quranda deyil İncildə də vardır:
"Öz iki şahidimi göndərəcəyəm ki, çula bürünərək həmin 1260 gün ərzində peyğəmbərlik etsinlər." (İncil, Vəhy, 11:3)
Bibliya mətninə görə, hər gün 1 il kimi hesablanır (Yezekiel,4:6, Saylar, 14:34). Burdan çıxış edərək, bu 1260 gün 1260 ilə bərabər sayılır.
Burada diqqətinizi həzrət peyğəmbərdən (s) nəql olunmuş bir rəvayətə cəlb edirik:
Həzrəti Peyğəmbər (səlləllahu əleyhi və Alihi və səlləm) buyurmuşdur:
Ümmətimin ən fəzilətli və ən üstün cihadı, (Həzrət Məhdi əleyhissalamın zühurunun) intizarını çəkməkdir. [Tuhəful-uqul, səh-37, hədis: 25]
Həzrət Məhdi əleyhissalamın zühururnun intizarında olmaq, hazırkı mövcud şərait və vəziyyətə qane olmamaq və o həzrətlə birlikdə din yolunda fədakarlıq üçün özümüzü hazırlamaqdan və zülmə qarşı mübarizə aparmaqdan ibarətdir.
NİMEYİ-ŞƏBAN ƏMƏLLƏRİ
Şəban ayının on beşinci gecəsi. Bu gecə çox mübarək gecədir.
İmam Baqirdən (ə) bu gecənin fəziləti haqqında soruşdular. Həzrət buyurdu: «Qədr gecələrindən sonra ən fəzilətli gecədir. Allah Təala o gecə bəndələrinə fəzl (və bərəkət) əta edir. Onların günahlarını öz kəraməti ilə bağışlayır. Belə isə, Allaha təqərrüb üçün çalışın. Allah Təala öz müqəddəs zatına and içibdir ki, bu gecə, heç bir əli, nəqədər ki, məsiyət tələb etməyib, öz dərcahından boş qaytarmayacaqdır».
Bu gecənin bərəkətlərindən biri də Əsrin Sultanı İmam Zaman Həzrət Mehdinin (ə.f.) bu gecədə dünyaya gəlməsidir. Həzrət (ə.f.) 255-ci hicri qəməri ilinin şəban ayının 15-ci günü, səhərə yaxın Samirra (İraq) şəhərində dünyaya göz açmışdır.
Bu gecənin bir neçə əməli vardır:
1. Qüsl etmək - bu gecə qüsl etmək günahların yüngülləşməsinə səbəb olar;
2. Bu gecəni dua, namaz və istiğfarla (Allah Təaladan günahların bağışlanmasını istəmək - Dəyərlər) əhya saxlamaq (gecəni yatmamaq - Dəyərlər). (İmam Zeynulabidin (ə) bu gecəni əhya saxlayarmış);
3. İmam Hüseynin (ə) ziyarəti - bu gecənin əməllərinin içində ən fəzilətli əməl İmam Hüseynin (ə) ziyarətidir. Bu gecə İmam Hüseyni (ə) 124 min peyğəmbərin ruhu şad edər.
İmam Hüseyni (ə) ziyarət etmək üçün dama çıxıb, sağa və sola baxıb, sonra başını göyə tərəf tutub, aşağıdakı dua ilə Həzrəti ziyarət etmək olar:
Əssalamu əleykə ya Əba Əbdillah, əssəlamu əleykə və rəhmətullahi və bərakətuh.
Hər kəs, harada olmağından asılı olmayaraq, bu qayda ilə Həzrəti (ə) ziyarət etsə, həcc və ümrənin savabı onun üçün yazılar.
İmam Hüseynin (ə) bu gecə məxsusi ziyarəti vardır ki, onu «Məfatih-ul cinan» kitabından oxumaq olar (2006-cı il nəşri, səh. 951, «İmam Hüseynin (ə) şəban ayının 15-də ziyarəti» bölməsi).
4. Şeyx və Seyidin nəql etdiyi duanı oxumaq (bax: elə orada, səh. 422);
5. Şeyx İsmayıl ibn Fəzl Haşimidən belə rəvayət etmişdir: «İmam Sadiq (ə) şəban ayının 15-nə keçən gecəsində oxumaq üçün bu duanı mənə təlim etdi...» (bax: elə orada, səh. 424);
6. İslam Peyğəmbərinin (s) oxuduğu bu duanı oxumaq:
«Allahummə iqsim lənə min xəşyətikə mə yəhulu bəynənə və bəynə məsiyətikə, və min taətikə mə tubəlliğunə bihi rizvanəkə və minəl-yəqini mə yəhunə ələynə bihi musibatud-dunyə. Allahummə əmtinə biəsməinə və əbsarinə, və quvvətinə mə əhyəytənə vəcəlhul-varisə minnə vəcəl sərənə əla mən zaləmənə vənsurnə, əla mən ədənə və lə təcəl musibətənə fi dininə, və lə təcəlid-dunyə əkbərə həmminə, və lə məbləğə ilminə, və la tusəllit ələynə mən lə yərhəmunə. Birahmətikə yə Ərhəmər-Rahimin».
(bax: elə orada, səh. 425).
Peyğəmbərin (s) bu duası came və kamil duadır. Bu gecədən başqa vaxtlarda da onu oxumaq olar. Rəvayət olunmuşdur ki, Həzrət Rəsuli Əkrəm (s) bu duanı həmişə oxuyardı;
7. Zaval vaxtı oxunan salavatı oxumaq;
8. Kumeyl duasını oxumaq;
9. Aşağıdakı zikrlərin hər birini 100 dəfə demək:
Sübhənallah, Əlhəmdulillah, Allahu Əkbər, Lə iləhə illəllah;
10. Şeyx Misbah, Əbu Yəhyadan belə nəql edir: «Mövlam İmam Sadiqdən (ə) şəban ayının 15-ci gecəsində hansı duanın yaxşı (daha savablı) olduğunu soruşdum. Həzrət buyurdu: «İşa namazı qıldıqdan sonra iki rəkət namaz qıl. O namazın birinci rəkətində «Həmd»dən sonra «Cəhd» surəsini, yəni «Qul, yə əyyuhəl kafirun»u, ikinci rəkətdə isə «Həmd»dən sonra «Tövhid» surəsini, yəni «Qul, huvəlluhu Əhəd»i» oxu. Namazı salamla tamamladıqdan sonra, 33 dəfə sübhanallah, 33 dəfə əlhəmdulillah, 34 dəfəAllahu Əkbər zikrlərini de. Daha sonra bu duanı oxu (bax: elə orada, səh. 426)»;
11. Bu duanı oxumaq (bax: elə orada, səh. 425);
12. Cəfəri Təyyarın namazını qılmaq.
ŞƏBAN AYININ ON BEŞİNCİ GÜNÜ
On ikinci İmam - Həzrət İmam Sahib-əz-Zamanın (ə.f.) mövlud günüdür.
İmamı (ə.f.) istənilən məkan və zamanda ziyarət etmək, zühuru üçün dua etmək müstəhəbdir. İmamı (ə.f.) Samirra şəhərində sərdabda ziyarət etmək, təkid olunmuş müstəhəb əməllərdəndir.
Diqqət: Xəbərdən istifadə etdikdə mənbəyə istinad lazımdır
source : www.abna.ir