Azəri
Saturday 20th of July 2024
0
نفر 0

Qədir – ideal örnək simvolu

Qədir – ideal örnək simvolu

 

Mövcud dinlərin imtiyazlarından biri budur ki, insanlara yüksək, ülvi hədəfləri və bu hədəflərə çatmağın yollarını göstərməklə yanaşı müəyyən örnək və ülgülər də tanıtdırırlar.

 

Həmin dinə sitayiş edən insanlar dinin göstərdiyi örnəkləri, onların keçdiyi həyat yolunu nəzərə alıb ülvi məqsədlərə daha tez çatırlar. Çünki psixoloqların fikrincə kamil bir örnəklə həqiqətə doğru gedən yolu daha tez qət etmək olar.

Peyğəmbərdən (s) sonrakı imamət və xilafət mövzusu bir cəhətdən tarixi olmasına baxmayaraq, İslamın erkən çağlarının tarixi olması etibarı ilə böyük əhəmiyyətə malikdir. Peyğəmbərdən (s) sonra imamət məsələsi əslində imamın imamət üçün layiqli olmasının və Allah tərəfindən təyin olunmasının zərurəti məsələsidir. Daha dəqiq desək, burada söhbət Peyğəmbərdən (s) sonra bəşəriyyət üçün kimin örnək olmasından gedir.

Dövrümüzdə "İmamət" mövzusu haqqında danışmaq həmin ideallardan, örnəklərdən danışmaq deməkdir. Burada örnək deyildikdə bütün sahələrə aid edilməlidir; İbadət, ailə, ictimai və fərdi öhdəliklər və s. İnsanların gələcəyini formalaşdıran həmin örnəklərdir. Uşaq yaşlarından başlayaraq "Zillət bizdən uzaqdır" şüarı yazılmış parçaları alnına bağlayan, İmam Hüseynin (ə) əza mərasimində iştirak edən, onu öz idealı sanan kimsə heç bir zaman, ömrünün ixtiyar çağlarında belə zülmə tabe olmaz. Necə ki, idealı, örnəyi olan İmam Hüseyn (ə) zülmə boyun əymədi. İnsan hər an ülgünü, idealı gözü önündə canlandıraraq ona hər cəhətcə yaxınlaşmaq, onun kimi olmaq istəyir. Ona yaxınlaşmaq Allaha yaxınlaşmağa yol açır. Elə buna görə də örnəklərin seçimində olduqca dəqiq olmaq lazımdır. Onlar ömür boyu xətaya yol verməyən, qəbahətdən kənar olan kimsələr olmalıdırlar. İnsan üçün yaxşını pisdən, haqqı batildən, fəziləti qəbahətdən ayıran imamdır. İmamət xəttinə qoşulmaqla insan iki yoldan birindən ayrılır. Əgər mən Hüseyn ibn Əlinin (ə) ardıcılı olaramsa, heç bir zaman fasiq, zalım bir hakimə beyət əli uzatmaram. Lakin Abdullah ibn Ömər kimi birinin ardıcılı olaramsa, tarixin ən məşhur qan içəni olan Həccac ibn Yusif Səqəfinin ayağı ilə belə beyət edərəm. Necə ki, Əhməd ibn Hənbəl Abdullah ibn Öməri nümunə götürərək Mütəvəkkilə beyət etdi. Deməli, meyar və şüarları araşdıran "İmamət" müddəasıdır. "İmamət" və "Qədir" məsələləri tarixi və faydasız, əhəmiyyətsiz məsələlər deyil. Bu, İslam ümməti, habelə bəşəriyyət üçün həyati məsələlərdəndir. "İmamət" insan ruhu ilə sıx əlaqəli bir mövzudur. "İmamət" insanın dünya və axirəti ilə sıx bağlı olan, bir sözlə insan həyatının bütün sahələrində təsirli olan məsələdir.

Bəzilərinin fikrincə, hazırda "Qədir" məsələsi və hәzrәt Əlinin (ə) imamlığı haqqında danışmaq (o dövrlə uzun müddət fasilə düşməsini nəzərə alaraq) faydasız və ziyanlıdır. Çünki haqqında söhbət etmək istədiyimiz tarixi hadisənin baş verdiyi zamandan əsrlər keçir. İndi Peyğəmbərdən (s) sonra onun canişininin kim olduğunu və hazırda bu məsuliyyətin kimin üzərinə düşdüyünü bilməyimiz nəyə lazımdır? Əli (ə), yoxsa Əbu Bəkr? Bu və ya digər suallar bizim əsrimizdə səmərəsiz olmaqla yanaşı, bir çox hallarda fitnə və kin-küdurətlərin yaranmasında başlıca amil rolunu ifa edir. Başqa sözlə desək, hazırkı dövrdə məzhəblərin vəhdətinə son dərəcə ehtiyac duyulduğu bir halda, bu növ ayrıseçkiliyə səbəb olan məsələlər hansı əsasla müzakirə olunur?

İrad tutanın "vəhdət" sözünə böyük əhəmiyyət verdiyini nəzərə alaraq, öncə bu sözün həqiqi anlamını aydınlaşdırmağı zəruri hesab edirik.

Burada iki mühüm termin bir-biri ilə yanaşı nəzərə alınmalı və heç biri digərinə qurban verilməməlidir; biri müsəlmanların vəhdəti, birliyi, digəri isə İslam dininin bir din olaraq qorunması.

Şübhəsiz ki, bu əsl dini qoruyub saxlamaq və onu təbliğ etmək hər bir müsəlmanın vəzifəsidir. Elə buna görə də bu məsələdə hamı məsuliyyət daşıyır. Müsəlmanlar, İslam və müsəlmanları məhv etmək istəyən düşmənlər qarşısında birləşərək İslam və müsəlmanların varlığını qorumalıdırlar.

Lakin bu heç də məsələnin digər tərəfini unudaraq, İslamın danılmaz həqiqətlərini bəyan etməkdən boyun qaçırmalı olduqları demək deyil. Biz heç bir zaman vəhdət məsələsini başlıca məqsəd kimi önə çəkərək, şəriət həqiqətlərini əsassız şəkildə ona qurban verməməliyik. Əksinə, İslamın müsəlmanlar arasında birliyə diqqət yetirməsi dinin toxunulmazlığı və təhlükəsizliyi istiqamətindədir. Belə olan halda necə ola bilər ki, "vəhdət" məsələsi bir çoxları üçün daha əhəmiyyətli mövzuya çevrilir. Belə ki, din və məzhəbin bir sıra danılmaz reallıqlarına göz yumaraq məsələni yersiz və məntiqsiz şəkildə izah etməyə çalışırlar.

Bəli, Peyğəmbər (s) İmam Əlinin (ə) imamlığı barəsində qiyamət gününə qədər fikir ayrılığının davam edəşəyini tam yəqinliklə bilir, lakin yenə də hәzrәt Əlinin (ə) vilayətini bu cür təkidlə vurğulayır. Belə ki, hətta "Qədir" günü ürəklərdən hər növ şübhəni silmək məqsədi ilə o həzrətin әlini yuxarı qaldırır və bununla onun vilayətinə hədsiz önəm verdiyini xalqa çatdırmaq istəyir.

Deməli, "vəhdət" - və ya birlik - anlayışının düzgün mənası öz əsas əqidələrini qorumaq şərtilə ortaq düşmən qarşısında eyni mövqedən çıxış etmək deməkdir. Bu isə bizi sırf elmi və təssübkeşlikdən uzaq diskussiyalara sövq edir. Çünki əslində bütün bunlar İslam şəriətinin qorunması məqsədini daşıyır.

Hər bir məzhəbin müştərək cəhətlərə diqqət yetirməsi, daha çox həmkarlığa zəmin yaradacaq, müştərək olmayan cəhətlərə diqqət yetirməsi isə haqqı üzə çıxarmaq və digərlərinin görüşlərini bəyan etmək üçün elmi tədqiqat işlərində daha çox səy göstərmələrinə səbəb olacaqdır. "Əhli-beyt (ə) vilayətinə tapınmaq" şüarına qapılaraq, Allah və Peyğəmbərə (s) şəhadət verməyin fiqhi nəticələrini inkar etməyin düzgün olmadığı kimi, "İslamda məzhəblərarası vəhdət" şüarı və təəssübdən uzaq olmaq adı ilə imanın şərtlərində müştərək olmayan cəhətlərə və onların nəticələrinə göz yummaq da düzgün deyildir.

Təəssübdən qaçmaq həqiqətlərə göz yummaq demək deyil. Onun mə`nası tədqiqat və elmi müzakirələrdə, elmə müvafiq ideoloji əsasların əsasını qoymaqdır. Bu nəzəri sistemin nəticəsində isə müxtəlif məzhəblərin bir-biri ilə rəftarı sağlam və normal səmtə doğru yönələcəkdir.

Vəhdətin son məqsədi həqiqətlərdən uzaqlaşmaq deyil, əslində vəhdət özü həqiqətə doğru gedən yoldur. "İ`tisam" ayəsi İslam məzhəbləri arasında birliyin meyarını təyin etməklə, son dərəcə əhəmiyyətli bir sirrin üstünü açır. Belə ki, müxtəlif məzhəblər arasında mövcud olacaq bu birlik, Allah ipindən yapışmadan müyəssər olmur. İlahi ipdən yapışmaqla islam ümməti pərakəndəlikdən və bədbəxtlik bataqlığına düşməkdən, eləcə də məhvedici fitnələrdən yaxa qurtarır.

İmamət məsələsindən danışdıqda iki cəhətə diqqət yetirmək lazımdır; tarixi və dini cəhətlər. İmamət məsələsinin tarixi baxımdan vaxtı keçsə də dini baxımdan öz əhəmiyyətini itrməmiş və itirməyəcəkdir. İmamətdən söhbət olunduqda, təbii ki, "dini mərcəimiz kimidir"! və ya "Dinimizi kimdən öyrənməli, əxz etməliyik?" sualları haqqında düşünməyə bilmərik. Biz Peyğəmbərin (s) həqiqi sünnəsini kimlər daha yaxşı bilir? Dinimizi, İslam maarifini Əbül-Həsən Əşəridənmi, İbn Teymiyyədənmi öyrənməliyik? Fiqhimizi, dini-hüquqi məsələlərimizi Əhli-sünnət və vəhhabilərin dediyi kimi dörd məşhur məzhəbin öndərlərindənmi, yoxsa Peyğəmbərin (s) əhli-beyti olan məsum kimsələrdənmi öyrənməliyik?

Ayə və rəvayətlərdən məlum olduğuna və Şiə etiqadına görə hər bir müsəlmanın, İslamın erkən çağlarından günümüzə qədər uzun zaman keçdiyini, müxtəlif fikir ayrılığının yarandığını nəzərə alaraq Peyğəmbərin (s) sünnəsini, din maarifini daha etibarlı yollarla əldə etməsi zəruridir. Elə buna görə də Əlini (ə) Peyğəmbərdən (s) sonra xəlifəlik məqamına təyin olunması siyasi-ictimai rəhbərliyin formalaşması ilə yanaşı həm də dini idealın, müsəlmanların dini-hüquqi problemlərini aradan qaldıracaq bir qüvvənin mövcudluğu zərurəti idi. Təbii ki, bu kimi problemlər Peyğəmbərin (s) vəfatından sonra nəinki azalmır, əksinə şiddətlənirdi.

QƏDİR HADİSƏSİNİN İNSANLARA MÜRACİƏTİ

Yaşadığımız dövrdə bir çoxları "Qədir" hadisəsini dirçəltməklə onun amallarını İslam cəmiyyətində həyata keçirmək istəyirlər. İndi bu mövzunu - "Qədir" hadisəsinin amallarını, insanlara müraciətini dəqiq və konkret şəkildə tədqiq etməyin vaxtıdır. "Qədir" hadisəsi bizə nə demək istəyir? Onun qarşıya qoyduğu məsələlər, verdiyi mesajlar yalnız Peyğəmbər (s) dövrünəmi aiddir? Yoxsa Qiyamət gününədək icrası mümkün və zəruridir? İndi isə "Qədir" hadisəsinin və onun keçirilən mərasimlər yolu ilə anılmasının hansı məqamları ehtiva etdiyinə nəzər salaq:

1. Hər bir peyğəmbərdən sonra onun xəttində olan, onun yolunu davam etdirən, məqsəd və məramlarını açıqlayan məsum bir şəxsin mövcudluğuna ehtiyac var. Həmin şəxsin heç olmazsa şəriəti bir küll şəklində qorumalı, dinin keşiyində durmalıdır. Peyğəmbər (s) də özündən sonra canişin olaraq belə bir şəxs təyin etmişdir. Hаl-hazırda isə bu şəxs həzrət Məhdidir (əc.).

2. Peyğəmbərlərin canişinləri Allah tərəfindən təyin edilməli, Peyğəmbər tərəfindən isə ümmətə tanıtdırılmalıdır. Necə ki, Peyğəmbərin (s) canişini, onun öz vasitəsilə (Allah tərəfindən) təyin edildi. Çünki "İmamət" məqamı ilahi bir məqamdır. Hər bir imam bu məqama Allah tərəfindən təyin edilməlidir.

3. "Qədir" hadisəsində nəzərə çarpan məqamlardan biri də rəhbərlik, rəhbərin səciyyəvi keyfiyyətləri məsələsidir. İslam cəmiyyətində hər bir fərd Peyğəmbərin (s) canişinliyi vəzifəsini öz üzərinə götürə bilməz. Rəhbər Əli (ə) kimi Peyğəmbər (s) xəttində olan, onun göstərişlərinə əməl edən bir şəxs olmalıdır. Əks təqdirdə xalq ona beyət etməməlidir. Nəticə etibarı ilə "Qədir" məsələsi İslamın siyasi məsələləri ilə bilavasitə əlaqəlidir.

4. "Qədir" olayının daim bizə ünvanlanan bir müraciəti də Peyğəmbərdən (s) sonra İslam cəmiyyətinə rəhbərlik edəcək şəxslərin Əli (ə) və məsum imamlar olmasıdır. Biz onların hakimiyyəti altında olmalı və onlara yaxınlaşmaqla onlardan bəhrələnməliyik.

5. "Qədir" hadisəsi və bu münasibətlə təşkil olunan mərasimlər Şiəlik simvoludur. Əslində "Qədir" hadisəsi daim haqqı - Əlinin (ə) və övladlarının öz haqlarından məhrum olmalarını təsdiq etmək və qələbəyə nail olmaq deməkdir.

6. "Qədir" hadisəsi bizə daim haqqı, həqiqəti deməkdə israrlı olmağa səsləyir. Çünki Peyğəmbər (s), vəfatından sonra onun sözlərinə əməl olunmayacağını bilməsinə baxmayaraq, öz sözünü dedi və insanların bəhanə yolunu bağladı. O, haqqı söyləmək uğrunda heç bir fürsəti qaçırmadı, hətta son Həcc mərasiminidə, "Qədir-Xum"da belə haqqı deməkdən çəkinmədi.

7. "Qədir" hadisəsi Əhli-beytin (ə) dini "Mərcə" olması mesajını verir. Peyğəmbər (s) "Səqəleyn" hədisini məhz həmin ərəfələrdə buyurmuş və insanları məsum Əhli-beytə (ə) tapınmağa səsləmişdir.

8. "Qədir" olayına görə, bir çox mühüm anlarda daha əhəmiyyətli məsələlərə görə mühüm məsələlərin üstündən keçmək lazımdır. Əli (ə) Allah tərəfindən, Peyğəmbərin (s) vasitəsi ilə İslam cəmiyyətinin rəhbəri təyin olunmasına baxmayaraq, öz haqqı uğrunda savaşa girməyi, qan tökməyi ümumilikdə dinin xeyrinə tamamlanmayacağını görüb susdu və yalnız çıxışlarında öz haqqının əlindən alınmasına toxunmaqla kifayətləndi. Təbii ki, Əli (ə) məsələni başqa şəkildə həll etməyə çalışsaydı İslam ümməti üçün ümumdini bir problem yaranacaqdı. Bu, "Qədir" hadisəsinin müsəlmanlara verdiyi ən boyük dərsdir.

9. Dinin təkmilləşməsi və nemətin tamamlanması haqqın insanlara çatdırılması ilə gerçəkləşir. Hansı ki, "İkmal" ayəsində bu məsələyə açıqca toxunulmuşdur.

10. Haqqı üzə çıxarmaq üçün hər hansı bir məxfi addım atmaq lazım deyil. Necə ki, Peyğəmbər (s) son Həcc mərasimi zamanı ziyarətə gələnlər dağılışmadan öz sözünü açıq şəkildə elan etdi.

11. Peyğəmbərin (s) canişinliyi, İslam ümmətinin rəhbərliyi məsələsi daim ön planda olmuşdur. Necə ki, Peyğəmbər (s) Mədinədə təhlükəli xəstəlik yayılmasına baxmayaraq, öz səfərini təxirə salmadı və səfər zamanı rəhbərlik məsələsini müsəlmanların diqqətinə çatdırdı.

12. Düzgün rəhbərlik mövzusu İslamın başlıca məsələlərindəndir. Elə buna görə də Quran bu haqda buyurur:

وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ

"Əgər (bunu) etməsən, (Allahın) risalətini (sənə həvalə etdiyik elçilik, peyğəmbərlik vəzifəsini) yerinə yetirmiş olmazsan".

 


source : azeri.irib.ir
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Kazimdən (ə) ibrətli əhvalatlar
İNTİZARIN TƏSİRLƏRİ
Şəhid Edoardo ( məhdi ) Anielli kim olub?
Zilhiccənin doqquzuncu günü – Ərəfə günü
İMAM MƏHDİ (Ə) QURAN VƏ RƏVAYƏTLƏRDƏ
HƏSƏD
İMAMİYYƏ
Kamil arif Əllamə Qazi
QUR᾽ANDA ÜMUMİ NƏZARƏT QANUNLARI
MƏDƏNİYYƏT VƏ TƏRƏQQİ

 
user comment