Azəri
Tuesday 21st of May 2024
0
نفر 0

QUR᾽ANDA ÜMUMİ NƏZARƏT QANUNLARI

QUR᾽ANDA ÜMUMİ NƏZARƏT QANUNLARI

Qur᾽an yaxşı işlərə də᾽vət, pis işlərdən çəkindirməyi müəyyən şəxslərə deyil, «ümumi nəzarət qanunu» adı altında hamıya eyni səviyyədə vacib etmişdir.

Ümumi şəkildə şamil olan belə bir qanun, ümumbəşəri bir inanc olan müqəddəs İslam dininə əbədilik ruhu vermişdir.

İslam, cəmiyyətin bütün üzvlərini və hər bir ailə üzvlərini bir-birlərinin üzərində nəzarətçi və haqq-ədalətə sövq edən hidayətçi tə᾽yin etmişdir. Başqa sözlə desək, hər bir müsəlman yaşadığı cəmiyyətdə bir növ hüquq-mühafizə işçisi rolunu oynayır. O, cəmiyyətdə yaranmış fitnə-fəsadın, pozğunluğun qarşısını almalı və ictimai ədalətin bərqərar olunması üçün əlindən gələni əsirgəməməlidir.

Diqqət edin, cəmiyyətin maddi-mə᾽nəvi maraqlarını qoruya biləcək bundan böyük, qüdrətli və tə᾽siredici ordu yaratmaq olarmı?!

Yaşadığımız əsrdə ölkə və şəhərlərə nəzarət etmək üçün xüsusi tə᾽yinatlı polis və ordu hissələrindən istifadə olunur. Amma bununla belə, ictimai problemlərin, qanun pozğunluqlarının qarşısı tamamilə alınmır. Çünki hər bir nəzarətçi orqan nə qədər güclü və təchiz olunmuş olsa da, daim cəmiyyətin arasında olmaq imkanına nail ola bilmir. Daha dəqiq desək, bu iş onlar üçün qeyri-mümkündür.

Amma İslam «yaxşı işlərə də᾽vət, pis işlərdən çəkindirmək» proqramını tərtib etməklə, ümumdünya müsəlmanlarından ibarət olan əzəmətli, könüllü ordu yaratmışdır. Belə bir ordu, kimsə tərəfindən maliyələşdirilmədən hər zaman, hər yerdə üzərinə düşən məs᾽uliyyəti lazımınca yerinə yetirir və ictimai sabitliyin bərqərar olunması üçün tam zəmanət verir.

QUR᾽ANDA BƏRABƏRLİK QANUNU VƏ ÜSTÜNLÜK ME᾽YARI

Qur᾽anın hər şeydən daha çox əhəmiyyət verdiyi məsələ, bərabərlik prinsipləridir. Belə bir prinsipin həyata keçməsilə sinfi, irqi ixtilaflar aradan qaldırılmış, birinin digərindən güc, var-dövlət və s. baxımdan üstün tutma tərz-təfəkkürünə birdəfəlik son qoyulmuşdur. Üstünlük me᾽yarı isə, Qur᾽an nöqteyi-nəzərindən elm və təqva qəbul olunmuşdur. Bu haqda Qur᾽an ayələrində deyilir:

إِنَّ أَكْرَمَكُمْ عِندَ اللَّهِ أَتْقَاكُمْ

 «Allah yanında ən hörmətli olanınız Allahdan ən çox qorxanınızdır.» (Hücurat-13).

قُلْ هَلْ يَسْتَوِي الَّذِينَ يَعْلَمُونَ وَالَّذِينَ لَا يَعْلَمُونَ

 «Heç, bilənlərlə bilməyənlər [alimlə cahil] eyni ola bilərmi?!» (Zümər-9).

Peyğəmbər (s)-dan nəql olunmuş hədisdə deyilir: «O böyük Allah, cahiliyyət dövründə xar və rüsvay olanlara İslam kölgəsi altında, izzət və hörmət bəxş etdi. İslamı qəbul etməklə, cahiliyyət dövründəki ata-babaları və qəbilələri ilə etdikləri iftixar hislərini kənar qoyub, birliyə, bərabərliyə nail oldular. İstər ərəb olsun, istərsə də əcəm, istər ağ olsun, istərsə də qara, bütün insanlar Adəmin övladlarıdırlar və Adəm torpaqdan xəlq olunmuşdur. Qiyamət günü Allah yanında ən hörmətliniz, pərhizkarlar [günahdan çəkinənlər] olacaqdır.» (Fürui Kafi. 2-ci cild, 21-ci fəsil).

Başqa bir hədisdə buyurur: «Alimlərin digər insanlardan fəzilətli [üstün] olması, mənim sizlərdən fəzilətli olmağım kimidir.» (Mənavinin şərhi. 4-cü cild, 432-ci səh).

Milliyyətcə ərəb olmayan Salman Farsi öz imanı ilə hamıdan fərqlənir və məhz belə bir xüsusiyyətinə görə Peyğəmbər (s)-ın nəzərində daha da ucalır. Əhli-beyt üzvlərindən biri kimi tanınmağa başlayır. Lakin Əbu Ləhəb, Peyğəmbər (s)-ın əmisi olmasına baxmayaraq, Allaha şərik qoşduğu üçün müsəlman ümmətinin sıralarından xaric olunur.

Peyğəmbər (s)-ın tarixini mütaliə edərkən bir daha bunun şahidi oluruq ki, o böyük insan heç vaxt öz qohum-əqrəbası, qəbiləsi ilə fəxr etməmişdir. Elm və təqvanı hər şeydən üstün tutur, insanları təkallahlığa, bərabərliyə, birliyə, qardaşlığa də᾽vət edirdi. Beləliklə o, qəlblərə yol tapıb cahiliyyət dövrünün qeyri-insani adət-ən᾽ənələrini vəhdət və bərabərliyə çevirdi. Bir qədər əvvəl bə᾽zi qəbilələrə xiffət gözü ilə baxan Məkkənin ə᾽yan-əşrəfi, öz qızlarını İslamı qəbul etmiş və heç bir maddi imkanı olmayan şəxslərə ərə verməyə razı olurdular.

NƏTİCƏ

Göründüyü kimi, Qur᾽anda bəyan olunan ilahi qanunlar müəyyən dövr və şəxslər üçün deyil, nazil olduğu ilk gündən qiyamət gününədək bütün bəşəriyyətə şamil olmuş və olacaqdır. Bəşəriyyətin maddi və mə᾽nəvi ehtiyaclarını tə᾽min edən bu qanunlar həm dünya, həm də axirət xarakteri daşıyır. Bütün bunları nəzərə alaraq Məhəmməd (s)-ın haqq peyğəmbərliyinə şəkk və tərəddüdlə yanaşmaq olarmı? Halbuki, o, yarımvəhşi və nadan bir cəmiyyətdə peyğəmbər tə᾽yin olunmuş və öz də᾽vətini o dövr və məkanın əqidəvi məsələləri ilə heç bir əlaqəsi olmadığı bir şəraitdə həyata keçirmişdir. Belə ki, onun risaləti ərəb qəbilələrinin təsəvvür etdiklərindən daha yüksək idi.

QUR᾽ANDA DƏYİŞİLMƏZ HƏQİQƏTLƏR

Qur᾽ani-Kərimin ayələrində bir çox mətləblərə toxunulmuş, bə᾽ziləri haqda ötəri mə᾽lumat, bə᾽ziləri haqda isə ətraflı izahlar verilmişdir. Bə᾽zən, olduqca böyük əhəmiyyət kəsb edən Allahtanıma, təfəkkür, yaradılış, qiyamət, metafizika aləmi, ruh, mələklər, cin, Şeytan, qalaktika, keçmiş peyğəmbərlərin və onların davamçılarının tarixi haqda söhbət açılmış və nəsihətamiz məsəllər çəkilmişdir. Bütün bunlarla yanaşı, bə᾽zən ailə hüquqları, döyüş, ölkənin idarə olunması, ictimai-sosial qanunlarına da toxunulur. Eyni zamanda siyasət, ictimai əlaqələr, iqtisadiyyat, evlənmə və s. məsələlərə də toxunaraq bəşəriyyətə ədalətli üsul və qanunlar təklif edir.

Bütün bunlar bəşəriyyətin ixtiyarına qoyulmuş ən kamil, nöqsan və çatışmazlıqlara yol verilməyən ilahi qanunlar silsiləsidir.

Demək, insanlar belə bir qanunlar silsiləsini tərtib etməkdə, sadəcə olaraq acizdir. Xüsusilə yarımvəhşi və cahil bir cəmiyyətdə bunun həyata keçməsi qeyri-mümkündür.

Bir anlığa nəzəri elmlər haqda yazılmış əsərlərə nəzər salaq. Bu sahədə bir çox alimlər minlərlə məqalə və əsərlər yazıb-yaratmışlar. Amma çox keçmədən onların hər birində nəzərə çarpacaq dərəcədə nöqsan və çatışmazlıqlar müşahidə olunmuşdur. Çünki nəzəri elmlər ətrafında nə qədər araşdırmalar aparılarsa, bir o qədər çatışmazlıq və boşluqlarla qarşılaşmaq olar. Həqiqət bəhs və araşdırmaların səmərəsidir.

İstər keçmiş nəsillərdən gəlib çatmış həll olunmayan elmi əsərlər, istərsə də keçmişdə yazılmış fəlsəfi kitablar, sonrakı nəsillər tərəfindən oxunub nəql edilmişdir. Belə ki, bir çox hallarda, keçmiş alimlərə müxtəlif dəlillər yolu ilə sabit olmuş böyük əhəmiyyət kəsb edən məsələlər, sonralar daha ətraflı araşdırılmışdır. Amma yüz illər keçməsinə, Qur᾽an ayələri ətrafında yüzlərlə təhqiqatlar aparılmasına baxmayaraq, ilahi qanunlara kiçicik də olsa nöqsan və iradlar tutulmamışdır. Əgər bu barədə nə isə yazılmışsa da, çox keçmədən tutarlı dəlillərlə batil olunmuşdur. Bu barədə gələcək fəsillərdə ətraflı səhbət açacağıq.

QUR᾽ANDA QEYBİ XƏBƏRLƏR

Qur᾽anın bə᾽zi ayələrində gələcəkdə baş verəcək mühüm tarixi hadisələrə işarə olunur. Belə ki, tarixə nəzər saldıqda, bu haqda xəbər verən Qur᾽an ayələri nazil olduqdan sonra həmin hadisələr baş vermiş və azacıq da olsa səhvə yol verilməmişdir.

1. BƏdr dÖyüşünün ƏvvƏlcƏdƏn xƏbƏr verilmƏsi

وَإِذْ يَعِدُكُمُ اللّهُ إِحْدَى الطَّائِفَتِيْنِ أَنَّهَا لَكُمْ وَتَوَدُّونَ أَنَّ غَيْرَ ذَاتِ الشَّوْكَةِ تَكُونُ لَكُمْ وَيُرِيدُ اللّهُ أَن يُحِقَّ الحَقَّ بِكَلِمَاتِهِ وَيَقْطَعَ دَابِرَ الْكَافِرِينَ

«O zaman Allah, sizə iki dəstədən birinin [Şamdan qayıdan karvanın və ya Məkkədən qalxıb onların köməyinə gələn Qüreyş əsgərlərinin] sizin olmasını və᾽d edirdi. Siz, silahsız karvanın sizin olmasını arzu edirdiniz. Allah isə öz sözlərini [bu barədə nazil etdiyi ayə] ilə haqqı [İslamı] bərqərar etmək və kafirlərin kökünü kəsmək istəyirdi.» (Ənfal-7).

Döyüş başlamazdan əvvəl İslamı təzə qəbul etmiş mö᾽minlər həm silah və sursat, həm də canlı qüvvə baxımından azlıq təşkil edirdilər.

Müsəlmanlardan yalnız Zubeyr ibni Əvvamın və Miqdadın miniyi vardısa, Qüreyş əsgərləri həm ordu baxımından çoxluq təşkil edir, həm də hamılıqla döyüş silahları ilə təchiz olunmuşdular. Bu səbəbdən də onlar qorxuya düşərək mə᾽nəvi sarsıntı keçirirdilər. Lakin ayə nazil olmaqla, onların sayca az olmalarına baxmayaraq, qalib gələcəklərinə və kafirlərin məğlubiyyətə uğrayacağına bəşarət verilir.

1. PEYĞƏMBƏRin (S) DÜŞMƏNLƏRİ HAQDA VERİLƏN XƏBƏRLƏR

فَاصْدَعْ بِمَا تُؤْمَرُ وَأَعْرِضْ عَنِ الْمُشْرِكِينَ إِنَّا كَفَيْنَاكَ الْمُسْتَهْزِئِينَ الَّذِينَ يَجْعَلُونَ مَعَ اللّهِ إِلـهًا آخَرَ فَسَوْفَ يَعْمَلُونَ

«[Ya Məhəmməd!] Sənə əmr olunan Qur᾽anı açıq-aşkar təbliğ et və müşriklərdən üz döndər! Şübhəsiz ki, istehza edənlərin [şərindən] səni qorumağa Biz kifayət edərik. O kəslər ki, Allaha şərik qoşdular, onlar [başlarına gələcək müsibəti, düçar olacaqları əzabı, bütün bəd əməllərinin aqibətini] mütləq biləcəklər.» (Hicr 94-95-96).

Ayə İslamın zühur etdiyi ilk günlərdə Məkkədə nazil olmuşdur. Bəzzaz və Təbərani kimi müfəssirlər ayənin nazil olma səbəbləri haqda Ənəs ibni Malikdən nəql etdikləri hədisdə deyirlər: «İslamın zühur etdiyi ilk günlərdə Peyğəmbər (s) Məkkə müşriklərinin yanından keçərkən onlardan biri istehza ilə dedi: özünü peyğəmbər sanan və daim Cəbraillə birgə olduğunu güman edən şəxs budur.» həmin anda ayə nazil olur və Peyğəmbərə (s) qeyb aləmindən yardım və kafirlərin tezliklə xar və rüsvay olacaqları bildirilir.

Ayə nazil olarkən kimsə, iqtidarda olan qüdrətli və adlı-sanlı Qüreyş qəbiləsinin tez bir zamanda məğlubiyyətə uğrayacağını güman etmirdi. Lakin, ayə nazil olmaqla hər şey əvvəlcədən bəyan oldu və çox keçmədən həqiqət öz yerini tapdı.

3. İSLAMIN BÜTÜN DİNLƏRƏ QALİB GƏLMƏSİ

هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَى وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ وَلَوْ كَرِهَ الْمُشْرِكُونَ

«Müşriklərin xoşuna gəlməsə də, İslamın bütün dinlərdən üstün olduğunu göstərmək üçün öz Peyğəmbərinə doğru yolu göstərən, rəhbərlə [Qur᾽anla] və haq dinlə göndərən Odur!» (Səf-9).

Ayə nazil olarkən hələ İslam dini Ərəbistan yarımadasında bütünlüklə yayılmışdı. Lakin, bir neçə il əvvəl bu ayə nazil olmaqla, İslam dininin bütün dinlərə qalib gələcəyi və qiyamət gününədək öz əzəmətini qoruyub saxlayacağı bildirildi.

4. İRAN-RUM MÜHARİBƏSİ

غُلِبَتِ الرُّومُ فِي أَدْنَى الْأَرْضِ وَهُم مِّن بَعْدِ غَلَبِهِمْ سَيَغْلِبُونَ

«Rumlular [bizanslılar iranlılara] məğlub oldular. [Ərəbistana] ən yaxın bir yerdə [Şamda ya İordaniyada] lakin onlar [bu] məğlubiyyətlərindən sonra qalib gələcəklər.» (Rum 2-3).

 

5. İSLAM DÜŞMƏNLƏRİNİN MƏĞLUBİYYƏTİ

أَمْ يَقُولُونَ نَحْنُ جَمِيعٌ مُّنتَصِرٌ  سَيُهْزَمُ الْجَمْعُ وَيُوَلُّونَ الدُّبُرَ

«Yoxsa onlar: «Biz [Məhəmməddən və mö᾽minlərdən] intiqam ala biləcək bir zümrəyik!» - deyirlər? [Bədr vuruşunda] bu dəstə mütləq məğlub olacaq və arxa çevirib qaçacaqdır!» (Qəmər 44-45).

Bədr döyüşü baş verməzdən əvvəl, Məkkə müşriklərinin böyük məğlubiyyətə uğrayacağı haqda Peyğəmbərə (s) xəbər verilir. Hər tərəfli təchiz olunmuş doqquz yüz nəfərlik Qüreyş ordusunun müqabilində duran, hərbi ləvazimat baxımından olduqca acınacaqlı vəziyyətdə olan üç yüz nəfərlik müsəlman qoşunu üçün bu xəbər hər şeydən mühüm ola bilər.

6. ƏBU LƏHƏBİN AQİBƏTİ

تَبَّتْ يَدَا أَبِي لَهَبٍ وَتَبَّ مَا أَغْنَى عَنْهُ مَالُهُ وَمَا كَسَبَ  سَيَصْلَى نَارًا ذَاتَ لَهَبٍ وَامْرَأَتُهُ حَمَّالَةَ الْحَطَبِ

«Əbu Ləhəbin əlləri qurusun, qurudu da! [Qiyamət günü] ona nə mal-dövləti fayda verəcək, nə də qazandığı [və ya oğul-uşağı]. O, alovlu atəş görəcəkdir. Onun odun daşıyan [Peyğəmbərlə düşmənçilik edən, adamlar arasında söz gəzdirən] övrəti də həmçinin.» (Ləhəb 1-4).

Ayə Əbu Ləhəbin həyatı haqda nazil olmuşdur. Göründüyü kimi onun özünün və övrətinin cəhənnəmin dəhşətli əzabına düçar olacağı onlar hər ikisi sağ ikən bəyan olunur.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Həzrət Əli (ə) - Uşaqlıq dövrü
Quran və hədislərin Həzrət Sahib əz-Zəman (əccələllahu təala fərəcəh)-ın ...
MƏHƏMMƏD FİZULİNİN FƏLSƏFİ GÖRÜŞLƏRİ (4)
QURAN VƏ KOSMOLOJİ ELMLƏR
ƏŞ᾿ƏRİLƏR (1)
Azyaşlı İmam
Orucluq
Din və nikah
HƏZRƏT ƏLİ ƏKBƏRİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ
Tibb sahəsində Müsəlmanların elmi nailiyyətləri

 
user comment