Azəri
Tuesday 23rd of July 2024
0
نفر 0

Tanrı payı

Hekayə Borçalı mahalının barlı-bərəkətli, şirin və dadlı meyvəli bağları olan kəndlərindən biri olan Saralda çox qədim zamanlarda üç qardaş yaşayır, Tanrının onlara vermiş olduğu ömrün şirin-şəkər günlərini keçirirdilər. Bu qardaşların böyüyü Əhməd, ortancılı Güləhməd, kiçikləri isə Xanəhməd adlanırdı. Allah Güləhmədlə Xanəhmədə həm var, həm də istədikləri qədə
Tanrı payı

Hekayə

Borçalı mahalının barlı-bərəkətli, şirin və dadlı meyvəli bağları olan kəndlərindən biri olan Saralda çox qədim zamanlarda üç qardaş yaşayır, Tanrının onlara vermiş olduğu ömrün şirin-şəkər günlərini keçirirdilər. Bu qardaşların böyüyü Əhməd, ortancılı Güləhməd, kiçikləri isə Xanəhməd adlanırdı. Allah Güləhmədlə Xanəhmədə həm var, həm də istədikləri qədər oğul-uşaq qismət etmiş, Əhmədə isə var-dövlətdən hər şey vermiş, oğul-uşaq sarıdan isə qismət ayırmamışdı… Bu var-dövlətin içində xoş gün-güzəran keçirən o vaxt ayılmışdı ki, yaş gəlib əlliyə çatıbdı. Oğuldan-qızdan onun adına Tanrı payı olmadığı üçün Güləhmədlə Xanəhməd ondan kənar gəzir, soyuq davranırdılar. Züryətin olmaması Əhmədi o qədər üzmürdü. Qardaşlarının ona qarşı olan soyuq münasibəti, fərqli davranışı Əhmədi daha çox narahat edirdi. Elə bu səbəbdən də o, elinin-obasının xeyir işlərinin başında əyləşsə də qardaşlarının hər-hansı bir məclisinin ayaq ucunda otururdu.

Əhməd yaşamış olduğu bu ömrün keçib getmiş anlarında bir dəfə də olsun Allahından, ona vermiş olduğu bu sakat qismətindən şikayətçi olmamışdı. Amma, son günlər nədənsə özü də hiss etmədən bədbinlik yükü onu elə basmışdı ki… Evinin xanımı, həyatının və ömrünün altun qiyməti və bəzəyi olan Zərnişan xanım da hiss eləmişdi bunu.

Bir axşam süfrə başında üzünü Əhmədə tutub dedi:
- Başımın tacı! Son vaxtlar səni bir az fikirli, düşüncəli görürəm. Səbəbini soruşmuram, ona görə ki, bu, mənə aydındır. Bilirəm ki, oğul-uşaq sarıdan Allah bizim üçün pay ayırmayıb. Neyləmək olar. Tanrının özü bilən məsləhətdi. Amma, sənə bir tövsiyəm var. Özün görürsən ki, var-dövlət sarıdan şikayətimiz yoxdur. Allah ver dedikcə verib. Baxıb görürəm ki, innən belə nə qədər ömrümüz var işləməyib xərcləsək yenə bizə bəsdir. Deyirəm bir öynə süfrəsi açaq. Yol ilə gəlib keçən qərib adamları süfrəmizin başında əyləşdirək, acların qarnını doyuraq. Belə etsək bizim də qismət məqamımız Allah taala yanında, el-oba qarşısında, qohum-əqraba dilində qiymətlənər – inşallah!..

Xanımının bu sözləri Əhmədin xoşuna gəlmişdi. Elə həmin gündən el yolunun kənarında bir öynə süfrəsi açır. Aşpazlar çağırır, el ağsaqqalırını bir yerə yığıb fikrini onlarla bölüşür. Ürəyi təmiz, dili şirin, könlü açıq adamlardan yol kənarına gözətçi qoyur gəlib-gedənlər süfrəyə dəvət olunur. Əhmədin süfrəsində təam kəsməyən adam qalmır. Tezliklə onun adı və səxavəti Borçalıya yayılır, hər yerdə, hər məclisdə Əhmədin səxavətindən danışır, söz açır, söhbət edirlər.
Əhmədin qardaşları Xanəhmədlə Güləhməd hansı kəndə ayaq basır, harada olur, hansı məclisin qapısını açırlarsa Əhmədin səxavəti haqda eşidirlər, hiss edirlər ki, onlara Əhmədə görə hörmət edir, başa çəkirlər…

Bir gün Xanəhməd Güləhmədə deyir:
- Bizim ki, belə addı-sannı, səxavətdi qardaşımız var, biz nə üçün bir dəfə də olsun onun qapısını açıb, süfrəsində oturmayaq!?. Gəlsənə, biz də bir öynəmizi onun süfrəsində keçirək.

Elə də edirlər. Əhmədin zövcəsi Zərnişan xanım eşidir ki, Xanəhmədlə Güləhməd öynə süfrəsində iştirak etmək üçün onlara gəlmək fikirləri var, başlayır onlar üçün ayrıca hazırlıq görməyə. O, Əhmədi Babakərə göndərir ki, oradan bir uzun daş gətirsin. Əhməd onun dediyini yerinə yetirir. O, uşaq boyda uzun bir daş tapıb gətirir. Amma bir şey Əhməd üçün sirr olaraq qalır. Payızın soyuq günlərindən biri olsa da qucağında gətirdiyi daş canlı insan kimi onun köksünü isindirir… Əhmədə elə gəlir ki, atın üstündə qucağına alıb gətirdiyi daş parçası nəfəs alır, tərpənir… Beləcə daş gəlib çıxır evə. Zərnişan xanım o daşı isti su ilə yaxşıca yuyub təmizləyir. Sonra uşaq kimi bələyib beşiyin içinə qoyur. Üzünü Əhmədə tutub:

- Qoy qadaşların deməsinlər ki, Allah taala öz payını bizdən də əsirgəməyib. Öz səxavəti və Adilliyi ilə bizim gönlümüzü də sevindirib. Əhməd qardaşlarını qarşılamağa çıxanda Zərnişan xanım üzü qibləyə dayanıb, əllərini qaldırır Allah dərgahına və deyir:

- Ey böyük Allah! Sənin səxavətin və Adilliyin qarşısında bu işi gördüyüm üçün məni bağışla, əfv et! Bu dünyanı yaradan da sənsən, verən də, alan da sənin əlindədir. Elə et ki, Əhmədin qardaşları bü yüyrükdə yatanın daş olduğunu bilməsin!..

Duanın bu yerində qardaşlar evə daxil olur. Əhməd onları öynə otağında açılmış süfrəyə deyil, hörmət əlaməti olaraq özləri üçün ayrılmış otağa gətirir. Zərinşan xanım «xoşgəldin» dedikdən sonra süfrəyə dəvət edir. Qardaşlar keçib əyləşirlər. Zərnişan xanım həm süfrəyə qulluq edir, həm də hərdən əlinin ucu ilə yuyrüyə toxunur, «uşağı» yırğalayırdı.

Xanəhməd beşiyi görən kimi daxili bir sevinc həyəcanı və təəccüb keçirdi. Yerindən durub beşiyin başına gəldi. İstədi ki, əlini atıb uşağın üzünü açsın, elə bu vaxt Zərnişan xanımın köksündən çox dərin, adamın ürəyini dağlayan bir «Ah!» qopdu. Elə bu aha bəndmiş kimi tir-tap evin içinə yıxıldı. Qardaşlar onun hayına qaldılar… Allahın köməkliyi ilə hər şey yaxşı qurtardı. Zərnişan xanım özünə gəldi. Uşağın üzünü açmaq da yaddan çıxdı. Qardaşlar yenə süfrə başına yığışdılar. Amma, Xanəhməd gözünü beşikdən çəkə bilmirdi. Özünə də bəlli olmayan daxili bir hiss onu beşiyə tərəf meyilləndirirdi.

-Uşağın adını nə qoymusunuz? – qəfildən çönüb qardaşına sual verdi. Əhməd dillənənə qədər Zərnişan xanım ona cavab verdi:

- Körpənin adını Əhməd Babakər çağırır. Razı olsanız qırxı çıxan kimi sizi «ad qoydu» məclisinə də dəvət edərik.

- Əlbəttə, gələrik!- hər iki qardaş birdən dilləndi – Körpəmizə payımız da olacaq, əmilərindən.

Qardaşlar Allahdan və özlərində razı halda bir-birinin üzünə baxdılar. Hamısının baxışından təbəssüm yağırdı. Bu dəfə də Xanəhməd məmnun-məmnun üzünü beşiyə tutub zarafatla körpəni səslədi:

- Ya Allah, kişi, qardaşoğlu! Gəl, bizim süfrəyə otur, bizimlə birlikdə də çörək ye!..

Evdə olanların hamısı heyrətdən donub qaldılar. Beşikdən uşaq dilləndi:
Çox kiçiyəm yaşdan mən,
Yeyəmmərəm aşdan mən.
Babakərdən gəlmişəm,
Yaranmışam daşdan, mən.

Təəccüb və heyrət içərisində qalan qardaşlar bir neçə dəqiqə dinib-danışa bilmədilər. Sonradan-sonraya kiçik qardaş Güləhməd üzünü o birilərinə tutub:
- Bu körpənin belə dil-dil ötməsi qardaşımız üçün xoşbəxtlik gətirər, inşallah!- dedi və salavat çevirib, şükür etdi.
Onlar qismətlərini təam etdikdən sonra qalxıb getdilər.
Əhməd axşam süfrə başında arvadına dedi:
- Səhər yadıma sal, daşı aparıb öz yerinə qoyaq.
Zərnişan xanım hövləng dilləndi:
- Hansı daşı deyirsən, Əhməd? O bələkdəki daşı deyirsənsə onu atmaq olmaz…
Əhməd cavabında üzünü arvadına tutub dedi:
- Sən məni xalq içində xəcalətlimi etmək istəyirsən? Əgər qardaşlarım bunun adicə daş olduğunu bilsə idilər, mən xəcalətdən ölərdim… hazırlaş, səhər aparıb öz yerinə qoymaq lazımdır.

Səhər gün bir çatı boyu qalxan vaxt Əhməd ilə Zərnişan xanım «daş uşaq»da qucaqlarında atlanıb üz tutdular Babakərə. «Sarı qaya»nın qənşərində atlarının başını çəkib dayandılar. Əhməd atdan enib uşağı aldı. Zərnişan xanımın yanaqları boyu iki damla göz yaşı aşağı yuvarlandı. Qəlbində bu «daş uşağa» qarşı bir meyl, özünə də bəlli olmayan bir istək baş qaldırdı, ürəyi sıxılan kimi oldu. İçindən gələn bir hıçqırtı dilindən qopan ana harayına qarışaraq «Sarı qaya»da əks-səda verdi… və him-cimlə ərini başa salmaq istədi ki, uşağı atmasın. Elə bu zaman quağındakı bələkdən xoş, həlim bir səs eşidildi:

Yaşım elə deyil ki,
Siz deyəni anlayım.
Məni çölə atmayın,
Daş deyiləm, canlıyam.
Bu səsi eşidən Əhməd üzü gün çıxana dayanıb, əllərini Tanrı dərgahına qaldırdı. Əlləri Allah dərgahında, qucağında Allahın onlara bəxş etmiş olduğu «daş balası» dizi üstə çöküb şükr edir… Salavat çevirirdi!..

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

111-ci xütbə
Niyə İslamı məhv etmək səyləri həmişə təsirsiz qalmışdır?
İmamzadə İbrahim bin İmam Baqir (ə) ziyarətgahının açılışı oldu
1969-cu il Azərbaycana total qorxu gətirirdi (1)
İmam Baqir (ə) bu ayəni oxuduqdan sonra buyurmuşdur:
Tezliklə kafirlərin qəlblərinə Allahın, (haqq olmasına dair) heç bir yetərli ...
Təqvası ilə seçilən mərhum Axund Kaşi...
Hz. Əbülfəzlil Əbbasın (ə) hərəmində “İmam Hüseyn (ə) Sərdabı” layihəsi
BƏDƏNIN MÜDAFIƏ SISTEMI
Əhli-sünnə alimin Fatimeyi-Zəhra (s.ə) haqda nəql etdiyi kəramət

 
user comment