Kamil insan
Əmirəlmöminin Əli (ə) kamil insanın xüsusiyyətlərini bir din qardaşının şəxsiyyəti üzərində şərh edir. Həzrət (ə) buyurur: “Keçmişdə bir dostum vardı, gözümdə çox böyük idi. Çünki haram dünya gözlərində dəyərsiz idi, qarınqululuqdan uzaq idi, əli çatmayanı arzulamazdı, əli çatanı qamarlamazdı. Çox vaxt susardı. Amma danışanda başqalarından yaxşı danışar, sual verənləri qane edərdi. Zahirən zəif və məzlum idi. Amma söhbət ciddiləşəndə şir kimi coşar, ilan kimi sıçrayardı… Əməl etdiyini deyərdi, əməl etməyi barədə danışmazdı… Unutmayasınız belə əxlaqi dəyərlərə üz tutmağı, onları qazanmaq üçün rəqabət aparmağı.”
Dəyər və fəzilətlərə diqqət
Nəhcül-bəlağə nəzərindən o insan kamildir ki, bütün əxalqi dəyərə və fəzilətlərə əhəmiyyət verir, onları gücləndirmək üçün çalışır, gecə-gündüz Allahı zikr edib, nemətlərin şükrünü yerinə yetirir. Əmirəlmöminin Əli (ə) ən yüksək kamil insan nümunəsi olan təqva əhli haqqında buyurur: “Təqvalıların, pəhrizkarların nişanələrini belə görərsən: dindarlıqda güclü, xoşxasiyyət, uzaqgörən, imanda əmin, elm təhsilində çalışqan, elmə çatdıqda təvazökar, orta imkanlı, ibadətdə müti, yoxsulluqda nikbin, çətinliklərdə dözümlü, halal ruzi ardınca, doğru yolda şad, tamahdan uzaq. Onlar xeyir iş görər, Allahdan qorxarlar. Gün uzunu şükr edər, gecəni zikrlə keçirərlər. Gecə Allahdan qorxan halda yuxuya gedərlər. Yuxudan duranda şad olarlar. Bu qorxu onları qəflətdən qoruyar, nazil olan mərhəmətə görə sevinərlər.”
Dünyapərəstlikdən uzaqlıq
İnsanı süquta uğradan, kamillik yolundan çıxaran ən güclü amil dünyapərəstlikdir. Rəvayətlərdə dünya sevgisi bütün günahların kökü kimi dəyərləndirilib. Dünyadan çəkinmək, onun cazibədar simasına aldanmamaq kamil insanların əsas xüsusiyyətidir. Əmirəlmöminin (ə) buyurur: “İnsanların bir qismi dünyapərəst deyil. Dünyada yaşasalar da, onun çirkabına bulaşmırlar. Agah və bəsirətlə iş görürlər. Çirkin işlərdən uzaqlıqda birincidirlər. O qədər çalışırlar ki, sanki axirətdədirlər. Dünya əhlinə baxar, cisimlərin ölümünü müşahidə edərlər. Amma qəlbin ölümünü daha ağır sayarlar.”
Bəsirət və agahlıq
Kamil insanın xüsusiyyətlərindən biri də bəsirət və agahlıqdır. Qəflət, diqqətsizlik insanı özündən asılı olmayaraq yoldan çıxarır, həqiqət və ədalətə meylli fitrət rəngini dəyişir. Həzrət Əli (ə) buyurur: “O insan görən insan sayılır ki, düzgün eşidir və düşünür. Baş verən hadisələrdən ibrət götürür. Sonra işıqlı yolu seçir, uçurumlardan, quyulardan özünü qoruyur. Çalışır ki, ədalətli olsun və azğınlara etiraz üçün bəhanə yeri qoymur. O doğru danışmaqdan qorxmur. Ey insan! Qəflət yuxusundan oyan, tələsmə, Peyğəmbərin (s) dilindən çıxanlar barədə fikirləş. Başqa yol yoxdur, bu göstərişləri yerinə yetirməlisən.”
Doğru yolda addım
Kamilliyə çatmaqda ilk mərhələ elm öyrənmək, doğru yolu tanımaqdır. Sonra ilahi göstərişləri həyatına şüar seçir, diqqətli olur, uzun-uzadı arzulardan çəkinir, sabitqədəm olur. Bütün bunlar xoşbəxtlik və kamilliyə çatmaq üçün əsas amillərdir. Əmirəlmöminin Əli (ə) buyurur: “Allah rəhmət etsin o kəsə ki, hikmətli söz eşidəndə qəbul edir, doğru yolu tutur. Doğru yola çağıranın əlindən tutub, ehtiyatla hərəkət edir, özünü qoruyur. Elə bir insan ki, günahlarından qorxur, ixlasla addım atır, xeyir iş görür, axirəti üçün azuqə hazırlayır, nəfs istəkləri ilə mübarizə aparır, puç istəkləri qəlbindən çıxarır, əzmlə addım atır, axirət üçün təqvanı azuqə seçir. Elə bir insan ki, aydın doğru yolda qədəm götürür, bu yoldan uzaqlaşmır, bir neçə günlük dünya həyatını qənimət sayır, ölüm qapını döyməmiş hazırlaşır, xeyir əməllərdən axirət gününə ehtiyat yığır."
Gecə minacatları
Allahın layiqli bəndələrinin bir xüsusiyyəti də gecəni oyaq qalmaqdır. Gecələr yuxu hamını aparır, dua, minacat üçün münasib sükut yaranır. Təqva əhli, salehlər səccadələrini açır, məbudla raz-niyaza başlayır. Onlar Quran oxuyur, nurani ayələr barədə düşünür, gecəni oyaq qalmaqla öz məqamlarını yüksəldirlər. Təqvalılar mövlası belə buyurur: “Təqvalılar gecəni ayaq üstə namaza məşğuldurlar. Quranı hissə-hissə, düşüncə ilə oxuyurlar. Dərdlərinə Quranla çarə qılırlar. Təşviq olan ayəyə çatanda behişt xəyalı ilə oxuduqlarından ləzzət alırlar. Bu nemətlər sanki gözləri qabağındadır. Xəbərdarlıq olan ayələrə çatanda cəhənnəm alovunun səsini eşidirlər. Rükuya gedir, alınlarını torpağa qoyur, cəhənnəm odundan qurtuluş istəyirlər.”
Allah qorxusu
Mömin insanın rəftarlarına təsir edən amillərdən biri Allah qorxusudur. Həzrət Əli (ə) bu barədə buyurur: “Allahdan düşüncə sahibi olaraq qorxun. Elə bir insan ki, zehni düşüncəyə məşğuldur, Allah qorxusu vücudunu bürüyüb, yuxu gözündən qaçıb, savab ümidi ilə gündüzü susuz keçirib, şəhvətlərini boğub, dilində Allahın adı olub. Onu heç nə lovğalandırmır, çətinliklər və şübhələr onu kor etmir. Behişt müjdəsi, əbədi və aram həyat vədi onu sevindirir. Dünya həyatından ən rahat yolla ayrılır. Çünki axirət üçün azuqə göndərib, qiyamət qorxusu ilə saleh işlər görüb. Həyatını Allaha ibadət-itaətdə keçirib, çirkin işlərdən qaçıb, bu gün sabah üçün çalışıb, indi də gələcəyini görür.”
Təqva, pəhrizkarlıq
Təqvaya, pəhrizkarlığa əhəmiyyət vermək kamil insanın əsas xüsusiyyətlərindəndir. Təqva insanı doğru yola yönəldir, azğınlıqlardan qoruyur. Həzrət Əli (ə) buyurur: “Təqvalılar dünyada da bir sıra fəzilətlərə sahibdirlər. Onların danışığı düz, geyimi orta, yerişi sadədir. Onlar Allahın haram buyurduğu şeylərə göz yumar, yalnız faydalı sözlərə qulaq asarlar. Çətin günlərdə və rahatçılıq zamanı halları dəyişməz. Gözlərində Allah böyük, başqaları kiçikdir. Sanki behişti görürlər, onun nemətlərindən bəhrələnirlər. Cəhənnəmi görmüş kimi ona inanırlar.”
Fürsətlərdən istifadə
Fürsətlərdən düzgün istifadə, istedadlardan yararlanma xoşbəxtliyin əsasıdır. Kamil insan qısa ömründə fürsəti əldən vermir, bütün imkanlardan öz xoşbəxtliyi üçün istifadə edir. Fürsətlər əldən çıxmamış, vücudu əldən düşməmiş axirət yükünü hazırlayır. Həzrət Əli (ə) buyurur: “Ey insanlar! Nə qədər ki, sağlamsınız, gücünüz var, Allahdan qorxun. Əliniz açıq ikən, ümid qapıları bağlanmamış bir iş görün. Gecənin yarısı oyaq qalmaqla, qarınqululuqdan uzaqlıqla ibadət-itaətə məşğul olun. Malınızdan infaq edin, cisminizdən alıb ruhunuzu gücləndirin. Əliniz açıq olsun!”
İlahi rabitələr
Nəhcül-Bəlağə prizmasından kamil insan ətrafındakı insanlarla ilahi meyarlar əsasında rəftar edir. Həzrət Əli (ə) bu barədə buyurur: “İnsanları pis ləqəblə çağırmayın, qonşuları incitməyin, başqlarının qəm-qüssəsinə sevinməyin, yersiz müdaxilədən çəkinin, haqq yoldan çıxmayın. Mömin susanda bu sükut onu yormaz, güləndə səsi qalxmaz. Ona zülm ediləndə dözüb Allahın intiqam almasını gözlər. Nəfsini incidər, insanlara zəhmət verməz. Axirəti üçün özünü zəhmətə salar. İnsanların rifah və asayişinə çalışar. Zöhd və paklığına xatir bəzilərindən uzaqlaşar, mehribanlıq və mərhəmətinə görə bəzilərinə yaxınlaşar. Lovğalıq səbəbindən üz çevirməz, hiylə ilə yaxınlaşmaz.”
Ən sevimli bəndə
Kamil insanların başqa bir xüsusiyyəti özünütərbiyə, azğın nəfsin islahıdır. Ləyaqətli bəndə çirkin xasiyyətləri ilə mübarizə aparır, gözəl əxlaq əldə etmək üçün təlaş göstərir. Həzrət Əli (ə) buyurur: “Ey Allahın bəndələri, Allah yanında ən sevimliniz o bəndədir ki, nəfslə mübarizədə yardım alıb. Onun libası Allah qorxusudur. Bu libas altından qəm-qüssə geyinib. Qəlbində hidayət çırağı yanır, ruziyə çatmaq üçün imkanları var, çətin işləri özü üçün asanlaşdırıb. Dünya həqiqətlərinə qəlb gözü ilə baxır, daim Allahı düşünür, saleh işlər görür.”
Allah və axirəti xatırlamaq
Kamil insanın başqa bir xüsusiyyəti Allah və axirət barədə düşünməsidir. Həzrət Əli (ə) buyurur: “Elə insanlar var ki, dünya yox, Allah haqqında düşünürlər. Heç bir alış-veriş Allahı onların yadından çıxarmır. Allahın zikri dillərindədir. Öz xəbərdarlıqları ilə, cəza gününü yada salmaqla insanları qorxudur, doğru yola çağırırlar. Özləri ədalətlidirlər, insanları da bu yola dəvət edirlər. Ətrafdakıları pis işdən çəkindirir və özləri də pis işdən uzaq dayanırlar. Dünyada yaşasalar da sanki ona arxa çeviriblər. Bərzəx əhlindən xəbərdar imiş kimi axirəti seyr edirlər, bərzəx əhli haqqında vədlərin yerinə yetdiyini görürlər. Onlar gözlərindəki pərdələri çəkiblər, xalqın görmədiyini görür, eşitmədiyini eşidirlər."
Əməllərin hesabı
Nə gözəl olar ki, insan günün sonunda əməllərini yada salsın. Batdığı günahlara görə tövbə etsin, bir daha onları təkrarlamamaq qərarına gəlsin. Gördüyü yaxşı işləri davam etdirməkdə israrlı olsun. Təqvalı insanlar bu xüsusiyyətlərlə kamillik qüllələrini bir-bir fəth edirlər. Əmirəlmöminin (ə) buyurur: “Əgər zikr əhlini təsəvvüründə canlandırsan, onların bəyənilmiş məqamı və məclislərini seyr etsən, görərsən ki, əməl namələri əllərində açıqdır, sorğu-suala hazırdırlar. Daim düşünürlər ki, hansı göstərişi düzgün yerinə yetirməyiblər. Harada səhvə yol verdiklərini düşünüb narahat olurlar. Günah yükünü çiyinlərinə alıb, onu aparmaqda çətinlik çəkir, ağlayır, peşmanlıqla etiraf edirlər.”
İdeal insan
Kamil insan həyatın bütün sahələrində nümunədir. Fərdi və ictimai əxlaqda, ailə tərbiyəsində, dini göstərişlərdə diqqətlidir. Həyatın eniş-yoxuşları onun əxlaqına ləkə salmır, əməl və rəftarlarına təsir göstərmir. O boş söz danışmaz, halal ruzi qazanar, xalqı incitməz. Əmirəlmöminin (ə) kamil, ideal insan haqqında buyurur: “Xoş o insanın halına ki, özünü kiçik sayır, qazancı halaldır, vücudu pakdır, əxlaqı gözəldir. Ehtiyacından artıq qalanı Allah yolunda infaq edir, dilini artıq sözdən saxlayır, ətrafdakılara acı söz demir. Peyğəmbər sünnəsi ona bəs edir, bidətə əl atmır.”
İnsanın dəyəri
İnsanın dünya və axirət səadətində əsas amillərdən biri onun özünü tanımasıdır. Əxlaq ustadları özünütanıma elmini dini təlimlər əsasında ən faydalı elm sayıblar. Seyr-süluk yolunda birinci iş özünü tanımaqdır. Allahşünaslıq insanın özünü tanıması ilə başlayır.
Bəli, özünü tanıyan, Allahın əta etdiyi ilahi ruhun dəyərini bilən, mələklərdən yüksəyə qalxmaq imkanını görən insan dünyanın zahirinə aldanmır, dünya malına əsir olmur. Həzrət Əli (ə) dünya və onun dəyəri ilə bağlı buyurur: “Azad bir insan yoxdurmu ki, dünyanın haram çeynənmiş loxmasını öz əhlinə versin?! Sizin dəyəriniz yalnız behiştdir, özünüzü bundan ucuz satmayın.”
Təqvanın təsiri
Təqva Allahın layiqli bəndələrinin ən üstün xüsusiyyətidir. Quran və rəvayətlərdə təqva ilə bağlı tövsiyələr çoxdur. Əgər insan vücudunda təqva olsa əxlaqi fəzilətlər onun ardınca gələcək, Qəflət aradan qalxacaq, insan günahdan uzaqlaşacaq. Bu məqamda Allahın rəhmət və bərəkəti nazil olacaq. Əmirəlmöminin (ə) təqvanın təsiri haqqında buyurur: “Təqva yolunu seçən insandan çətinliklər uzaqlaşar, acılıqlar şirin olar, nigarançılıqlar və sıxıntılar aradan qalxar. Ardıcıl və yorucu çətinliklər asan görünər. Böyüklük və əzəmət yağış damlaları kimi başına enər. Mərhəmət və nemətlər geri qayıdar, tükənməkdə olan bərəkət yenidən artar.”