Quranda kainat barədə nə deyilir?
Ənbiya surəsinin 32-ci ayəsində deyilir:"Asimanı hifz olmuş səqf (dam, tavan) qərar verdik. Onlar (kafirlər) isə asimanın nişanələrindən boyun qaçıranlardır".
Asiman sözünün Quranda nə mənada işləndiyi dəqiq məlum deyil. Bətləmyus (ptolomey) və Ərəstu təlimatında asimanlar bir-birini əhatə edən kürəvi, şəffaf bərk cismlər kimi təsvir edilir. Bu təlimata görə birinci asiman yer kürəsini əhatə edir və onun daxili səthində ay nəsb olunur. Bu asiman yerin ətrafında fırlanıb və ayı da özü ilə birlikdə hərəkət etdirir.
Lakin indi bu təlimiqəbul etmək olmaz, çünki aya gedən insanlar orada heç bir şəffaf kürəvi bərk cism, yəni ay üçün fərz edilən asimanı tapmamışlar. Bundan əlavə Zühəl ( Saturn) səyyarəsinə göndərilmiş aparatlar ondan aşağıdakı asimanları, yəni ay, Ütarid (Merkuri), Zöhrə (venera), Mirrix (Mars) və Müştəri (yupiter) üçün fərz edilən və güya bərk cismlərdən ibarət olan beş kürəvi səthi keçə bilmişlər. Halbuki, əgər bərk cismlərdən ibarət olan bütöv kürə səthləri, yəni asimanlar mövcud olsaydı, kosmik gəmilər Aydan o tərəfə keçə bilməzdilər. Buradan məlum olur ki, Mətləmyus təlimində deyilən asiman yoxdur. Quranda işlədilən asiman sözü isə ya səma cismləri, ya onların məsiri (orbiti) mənasında ola bilər.
Bu ayədə işlənən "asiman" isə atmosfer mənasına uyğun gəlir, çünki "hifz olunmuş dam" ifadəsində dam (səqf), ancaq yerin damı ola bilər, bu isə yeri əhatə edən hava təbəqələridir ki, onların hamısı birlikdə atmosfer adlanır.
Həqiqətən, atmosfer yer kürəsi üçün bir dam mənziləsindəndir. Kainatın müxtəlif güşələrindən gələn on minlərlə xırda və iri daşlar daim yerin cazibə sahəsinə düşüb, ikinci kosmik sürətlə yer səthinə yaxınlaşırlar. Əgər atmosfer olmasaydı, onlar yer üzərində bütün canlıları tələf edərdilər. Lakin inlar çox böyük (saniyədə 11 kilometr və ya saatda 39600 km) sürətlə atmosferə daxil olarkən, onların hərəkət enerjisi istiliyə çevrilir. Onlar havada közərib yanırlar və gəlib yerə çatmırlar. Gecələr onları axan ulduzlar (tiri-şihab) .şəklində müşahidə edirik.
Kainatın dərinliklərindən elementar zərrəciklər işıq sürətinə yaxın sürətlə fasiləsiz olaraq yerə tərəf hərəkət edirlər bu kosmik zərrəciklər və ya "kosmik şüalar" həyat üçün çox təhlükəlidir. Lakin onlar atmosferin yuxarı qatlarında hava malekolları ilə toqquşub tormozlanır, hava atomlarını parçalayır və öz enerjilərini itirərək gəlib yerə çatmırlar. Günəş şüalarının insan həyatındakı əhəmiyyəti hamıya məlumdur. Ancaq onun şüalarının ultrabənövşəyi hissəsi həyat üçün təhlükəlidir. Burada da atmosfer bir pərdə kimi bu şüaların qarşısını kəsir, udur və onların cüzi bir hissəsi gəlib yerə çatır ki, bunun özü də canlılar üçün lazımdır.
Bütün bu hallarda atmosfer yer kürəsi üçün bir adam, bir sipər vəzifəsini görür, yer üzərindəki canlıları mühafizə edir. Əgər atmosfer (hava) olmasaydı. Aydakı şərait yerdə də hökmfərma olardı. Həyat olmazdı, kölgədə-dəhşətli şaxta, gündə-yandırıb yaxan isti olardı. Bir-birindən bir xətti ilə ayrılan kölgə ilə gün arasında 200 dərəcəyə qədər fərq əmələ gələrdi.
Həmçinin, kölgədə tam zülmət, gündə isə göz qamaşdırıcı işıq olardı. Axı biz kölgədə oturub asudə surətdə oxuyub, mütaliə edirik. Bu onun sayəsindədir ki, günəş şüası hava zərrəciklərindən əks oluna-oluna kölgə düşən yerləri də işıqlandırır. Havanın hərəkəti sayəsində gündə qızmış hava kölgəyə tərəf hərəkət edərək oranı da qızdırır, kölgədəki soyuq hava isə əksinə hərəkət edib, orada qızır. Beləliklə, havanın hərəkəti sayəsində hər yerə istilik yayılır.
Bunlara ibrət nəzəri ilə baxdıqda Allah-Taalanın qürdəti və bu aləmin xilqətində xərcə verdiyi sənətkarlıq xariqələri aşkar olur. Bu əlamətlərin hər biri ayrılıqda Allahın varlığına möhkəm dəlildir.
Oxucularımızın nəzər-diqqətinə çatdırdığımız bu yazıda isə kainatın təbəqələri barədə bətləmyusun (ptolomeyn) modelindən, yəni bu modelə əsasən 9 asiman olduğundan, Qurani-kərimin bəqərə surəsinin 29-cu ayəsində isə yeddi asimandan söhbət gedir. Aşağıda bu barədə məlumatı diqqətinizə çatdırırıq.
Bəqərə surəsinin, 29-cu ayəsində deyilir: ", haman Allahdır ki, yerdə olan şeylərin hamısını sizdən ötrü xəlq etdi, sonra asimana tərəf təvəccüh (qəsd) edib, yeddi asiman düzəltdi (yaratdı), o, hər şeyi biləndir (bir vücuddur)".
Bu ayədən məlum olur ki, yer kürəsində hər nə varsa, onların hamısı insanlar üçün yaranıb. Cansız təbiətdə olan torpaq, daş, dağlar, dənizlər, müxtəlif mədənlər, həmçinin canlı təbiətdəki nəbatat, çəmənlər, meşələr və heyvanat aləmində olan ən kiçik canlılardan filə qədər, eləcə də quşlar və dəniz heyvanları-bunların hamısı insanlara xidmət edir. Onların bəzilərindən insanlar biləvasitə istifadə edir, bəziləri isə dolayı yolla insanlara fayda verir məsələn, elə bitkilər göyərtilər var ki, insan onları yeyib qidalanır. Elə otlar da var ki, insan üçün qida ola bilməz, insan onları yemir, lakin onlar heyvanların qidasıdır. Bu heyvanlar isə ya insana xidmət edir, ya da insanların qidasına çevrilir.
Başqa misal. Elə xırda həşərat və cücülər var ki, ilk baxışda onlar lazımsız və hətta ziyanlı hesab olunur. Lakin bu həşərat quşların qidasını təşkil edir. Quşlar isə bağ və bostanlarda meyvələrin çiçəklərini tozlandırmaq və onlarda olan ziyanverici həşəratı tələf etməklə insanlara xidmət edirlər.
Heyvanat aləmi və cansız təbiət də belədir. Insanların beləvasitə istifadə etdikləri şeylərin əhəmiyyəti məlumdur, lakin zahirdə insanların istifadə etdikləri şeylər də dolayı yollarla zəncir kimi bir-birindən asılı olaraq insan həyatının davamı üçün lazımdır. Bu asılılıq silsiləsini izlədikcə, deyilənlərə inanmaq olar. Bəzi hallarda isə bu zəncirin həlqələri arada qırılır, onun ardınca axıra qədər getmək olmur. Bunun səbəbi isə odur ki, hələ təbiət haqqında tam və mükəmməl elmi əsaslar əldə edə bilməmişik. Təbiət elmləri haqqında hansı bir yeni kəşf olursa, o, bizim qarşımızda ondan daha dərin və qaranlıq, həm də əlçatmaz məsələlər qoyur ki, onların həlli müasir elm üçün mümkün deyil, bəzi məsələlərin həlli isə hələlik mümkün olmayacaqdır. Deməli, yerdə olan bütün şeylər mürəkkəb maşının hissələri kimi bir-birilə bağlıdır, onların hamısı birlikdə kompleks halında və ahəngdar sürətdə işləyərək insanın adi həyatını təmin edir. Ayənin davamında deyilir ki, Allah-Təla "yeddi asiman düzəltdi". Asiman-bizim dildə "göylər" mənasında işlədilir. Lakin göylər sonsuz, oradakı şeylər də nəhayətsizdir. Bəs "yeddi asiman" nədir?
Təfsirçilər burada kainatın Bətləmyus (ptolomey) modelin nəzərdə tutaraq səyyarlərin orbitini asimanlar hesab edirlər.
Bətməlyusun kainat haqqında modeli doqquz asimandan ibarətdir.
Bu modeldə yer kürəsi kainatın mərkəzi hesab olunur. Qalan səma cisimlərinin hamısı onun ətrafında aşağıdakı tərtiblə fırlanır.
Birinci asimanda ay yerləşir, o, yerə ən yaxın olan səma cismidir. İkinci asimanda Ütarid (merkuri) səyyarəsi (planeti), üçüncüdə zöhrə (venera), dördüncüdə günəş, beşincidə mirrix (mars), altıncıda Müştəri (yupiter), yeddincidə Zühəl (saturn) yerləşir. Səkkizinci asimanda bütün tərpənməz ulduzlar nəsb edilib ki, ona da Fələkül-büruc deyilir, doqquzuncu asimanda heç bir səma cismi yoxdur, ona görə də Fələki-ətləs, yəni saya fələk adlanır, buna Fələkül-əflak, yəni fələklər fələyi və ya Ərşi-Əla, yəni "ən uca dam (tavan)" da deyilir. Bu modelə görə həmin asimanlar bir-birini əhatə edən şəffaf kürə səthlərindən ibarətdir. Səyyarələr, ay, günəş və ulduzlar bu kürə səthinin üzünə bərkinib.
Təfsirçilər Bətləmyusun bu modelini ayənin şərhi üçün istifadə etmək istəyirlər. Lakin asimanların sayında ixtilaf əmələ gəlir. Bətləmyus modelində 9 asiman olduğu halda ayədə 7 asimandan söhbət gedir.
Qeyd edək ki, müasir astronomiyada Bətləmyus modeli Kopernik modeli ilə əvəz edilmişdir. Həm də Bətləmyus dövründən indiyə kimi səma haqqında yeni kəşflər olunmuşdur. Teleskop icad edildikdən sonra üç yeni səyyarə (planet)-uran, neptun və pluton kəşf edilmişdir.
Kopernik modelində günəş mərkəzdə, onun ətrafında isə 9 planet dövr edir. Bu sistemdə yer kürəsi də planetlərin biridir.
Planetlər aşağıdakı kimi düzülmüşdür: Günəşə ən yaxın olan planet Ütariddir (merkuri) Ondan sonra Zöhrə (venera), Yer, Mirrix (mars), Müştəri (yupiter), Zühəl (saturn), Uran, Neptun, pluton gəlir.
Bu planetlərin hamısı günəş ətrafında qərbdən şərqə doğru hərəkət edirlər. Onların çoxunun öz peykləri var. Bu peyklər hər planetin ətrafında öz orbitləri üzrə hərəkət edirlər. O cümlədən də yerin peyki ay onun (yerin) ətrafında dövr etməklə, həm də yerlə birlikdə günəş ətrafında dövr edir.
Beləliklə, bu sistem Bətləmyus sistemindən fərqli olsa da, asimanların (və ya orbitlərin) sayı yenə də doqquz olur. Lakin ayədə yeddi asimana işarə edilir.
Mövcud təfsirlərin heç birində kopernik sistem və yeni kəşf edilmiş üç sonuncu planet haqqında heç bir şey yoxdur. Bu təfsirçilər, biri o birinə əsaslanaraq, həmişə Bətləmyus sistemini nəzərdə tutubdur.
XX əsrdə kainat haqqındakı təsəvvür xeyli genişlənmiş, xüsusilə kosmik uçuşlar yer və digər planetlər haqqında yeni məlumat vermişdir. Bu son nailiyyətlər həmin ayədə deyilən "yeddi asiman" rəmzinə işıq saçır. Hərçənd ayələrin dəqiqi mənasını və məqsədini bilmədən onları şərh etməyi Quran özü qadağan edir, lakin müasir elmi nailiyyətlərin 14 əsr bundan qabaq Quranda xəbər verildiyinin bir möcüzə hesab etsək və bunu aşkara çıxarmasaq, Quranın nə kimi bir elmi kitab olduğunu gizlətmiş olarıq. Bu isə cahil "alimlərin" dilinin uzanmasına səbəb olar.
Ayənin əvvəlində deyilir ki, yerdə olan şeylərin hamısını Alah insanlar üçün yaratdı, sonra isə asimana təvəccüh etdi. Yəni insanların yaşayışı üçün lazım olan şəraiti yerdə asimanda (yuxarıda) da işləri sahmana saldı və orada da insanlar üçün əlverişli şərait yaradıb "yeddi asiman" düzəltdi.
Axı yer kürəsindən çox uzaqlara, başqa səyyarələrə gedib çıxmazdan qabaq yerin ətrafındakı mühit insan həyatı üçün ən təsirli bir şərait ola bilər. Bu baxımdan "yeddi asiman" yeri əhatə edən mühitdə atmosferdə olmalıdır.
Son ilərdə atmosfer haqqındakı məlumat onu 7 təbəqəyə ayırmağa gətirib çıxarıb.
Yer səthindən yuxarı qalxdıqca havanın hərarəti düşməyə başlayır, 15-17 kilometr hündürlükdə 55,-75 dərəcə şaxtaya çatır. Hərarəti azalan bu təbəqəyə troposfera deyilir.
Sonra yuxarı qalxdıqca, hərarət artmağa başlayır və 55 kilometr hündürlükdə 0 dərəcəyə çatır. Hərarəti artan bu təbəqə stratosfer adlanır. 55 kilometrdən yuxarı qalxdıqca, hərarət yenə azalır və 90 kilometr hündürlükdə 85 dərəcə şaxta olur. Getdikcə hərarəti azalan bu təbəqəyə mezosfera deyilir.
90 kilometrdən yuxarı qalxdıqca hərarət yenidən qalxmağa başlayır və 400 kilometr hündürlükdə 1000-1200 dərəcə olur Bu, Kelvin şkalası ilə olan hərarətdir. Selsi şkalası ilə 727-927 dərəcə olur. Bu təbəqə termosfera adlanır.
Atmosferin 90 kilometrdən yuxarıda olan təbəqəsində hava çox seyrəkdir. Bu təbəqədə təzyiq çox kiçik, hərarət isə sabit qalır və təxminən termosfera hərarətinə bərabər olur. Bu təbəqəyə ekzosfera deyilir.
Yer səthindən 50-100 kilometr məsafədə olan təbəqəyə isə ionosfera deyilir. Bu təbəqədə hava hissəcikləri elektriklə yüklənmiş olur-ionlaşır. Elektrik yüklü hava zərrəcikləri ion adlanır.
Bunlardan başqa, yer kürəsi ətrafında yer meqnatizmi hiss olunan kürəvi təbəqə vardır ki, ona maqnitosfera deyirlər.
Beləliklə, yeri əhatə edən 7 kürəvi səth və ya təbəqə bunlardır:
1. troposfera,
2. 2. Stratosfera,
3. 3. Mezosfera,
4. 4. Termosfera,
5. 5. Ekzosfera,
6. 6. İonosfera,
7. 7. Maqnitosfera.
Çox ehtimal ki, bu ayədə yuxarıda adları çəkilən 7 təbəqəyə işarə olunur.
Atmosferin təbəqələrinin hər birinin xüsusiyyətləri və yer üzərindəki həyat üçün xüsusi əhəmiyyəti var. Onları bu kiçik və müxtəsər yazıda şərh etməyə imkan yoxdur. Ancaq bu qədər bilmək lazımdır ki, atmosfer təkcə insanların tənəffüsü üçün deyil, həm də inları kosmik təhlükələrdən mühafizə edən əsas vasitədir.
Ayənin axırında deyilir ki, Allah hər şeyi bilən müdrik və qadir bir vücuddur. Yəni o, yer üzündə həyatı təmin etmək üçün lazım olan bütün şərtləri çox yaxşı bilir və onları həm yerdə həm də göydə insanlar üçün qabaqcadan düzəldib mühəyya etmişdir.