IMANSIZ SALEH ӘMӘL
Indi əvvəla, bizim söhbətimizin ümumi xarakter daşıması və ayrı-ayrı şəxslər barəsində danışmaq istəməməyimiz mə`lum oldu.
Ikincisi, bizim söhbətimiz haqq dinin bir və ya bir neçə olmasında da deyil. Biz haqq dinin bir din olması və hamının onu qəbul etmək məs`uliyyəti daşımasını da qəbul etmişik.
Üçüncüsü, bəhsimiz bundadır ki, bir nəfər haqq dini qəbul etmədən haqq dinin təsdiqlədiyi və bəyəndiyi yaxşı işi görmüş olsa, həmin şəxsə gördüyü yaxşı işə görə mükafat veriləcək, yoxsa yox?
Məsələn, haqq din xalqa yaxşılıq etməyi tövsiyə edərək həmin məsələni vurğulayıb. Məktəb və elmi mərkəzlər tikmək, kitab yazmaq, dərs vermək və bu kimi mədəni xidmətlər, təbabət və xəstələrə qulluq etmək və tibbi mərkəzlərin yaradılması kimi səhiyyə xidmətləri, küsənləri barışdırmaq, yoxsullar və iş qabiliyyətini əldən verənlərə kömək etmək, aşağı təbəqələrin hüquqlarını qorumaq, təcavüzkar və zor işlədənlərlə mübarizə aparmaq, məhrum siniflərin sıralarının gücləndirilməsi və peyğəmbərlərin göndərilmələrininin əsas hədəflərindən olan ədalətin bərpası, müsibət görənləri sakitləşdirmək və onlara ürək-dirək vermək və bu kimi ictimai xidmətlər hər bir din və peyğəmbərin tövsiyə etdiyi şeylərdəndir. Bundan əlavə, hamının ağıl və vicdanı da bu əməllərin gözəl və bəyənilən olmasını təsdiqləyir.
Indi sual budur ki, əgər müsəlman olmayan bir şəxs bu qism xidmətlərdən etsə, onun üçün ilahi mükafat var, ya yox? Haqq din insanlara düz və əmanətdar olaraq yalan danışmamağı tövsiyə edir, indi əgər müsəlman olmayan bir şəxsin əməlləri həmin göstərişlərə uyğun olsa, o mükafatlandırılacaqmı? Başqa sözlə desək, müsəlman olmayan şəxslərin xəyanət etmələri ilə sadiq olmaları arasında fərq var, yoxsa onların bu əməlləri bərabərdir? Söhbətimizin indiki mövzusu budur.
IKI TӘFӘKKÜR TӘRZI
Adətən ziyalılıq iddiasında olanlar tam qətiyyətlə müsəlmanla qeyri-müsəlman və hətta təkallahlı ilə müşrik arasında heç bir fərqin olmamasını iddia edirlər. Onlar iddia edirlər ki, hər bir xeyir iş görmüş, xeyriyyəçilik, ixtira, kəşf və ya digər yolla xalqa xidmət etmiş şəxs Allah tərəfindən savab və mükafat alacaq.
Onlar deyirlər ki, Allah ədalətlidir və ədalətli Allah, bəndələri arasında ayrı-seçkilik salmaz. Allah üçün bəndəsinin Onu tanıyıb-tanımaması, iman gətirib-gətirməməsinin nə fərqi vardır? Allah heç vaxt bir bəndəsinin Onunla dostluq əlaqəsi olmamasına görə yaxşı əməlinə göz yummaz və onun savabını əsirgəməz. Allahı tanıyaraq Onun elçilərini tanımayıb onlarla tanışlıq əlaqələri və dostluq peymanlarına malik olmayan bəndənin yaxşı əməllərini isə hədər etməz.
Bunların müqabil nöqtələri təqribən bütün insanları əzaba layiq bilən digər bir qrupdur. Bu qrupun fikrincə çox az insanın qəbul olunmuş əməli və yaxşı aqibəti vardır. Bunların çox sadə bir hesablamaları var. Deyirlər ki, insanlar ya müsəlman, ya da qeyri-müsəlmandırlar. Dünya əhalisinin dörddə üçünü təşkil edən qeyri-müsəlmanlar, müsəlman olmadıqları üçün cəhənnəm əhlidirlər. Müsəlmanlar da ya şiə, ya da qeyri-şiədirlər. Müsəlmanların da təqribən dörddə üçünü təşkil edən qeyri-şiələr, şiə olmadıqları üçün cəhənnəmə gedəcəklər. Şiələrin əksəriyyəti, təqribən dörddə üçünün yalnız adları şiədir və onlar özlərinin ilkin və ibtidai vəzifələri olan və bütün əməllərinin düzgünlüyü ondan asılı olan müctəhiddən təqlid məsələsi ilə tanış deyildirlər. Təqlid edənlərin çoxu da əməl əhli deyil. Buna görə də nicat əhli olan adam çox azdır.
Bu iki qrupun, yə`ni biri təqribən ümumi sülh, digəri isə ilahi qəzəb nümunəsi olan və qəzəbi rəhmətdən qabağa salan qrupların məntiqləri budur.
ÜÇÜNCÜ MӘNTIQ
Burada üçüncü bir mövqe də var və o, Qur`ani-kərimin məntiqidir. Qur`ani-kərim bu məsələdə bizə bundan əvvəl dediyimimz iki fikirdən fərqli olan yeni bir mövqe göstərir və bu üslub yalnız ilahi kitaba məxsusdur. Qur`anın nəzəri nə dırnaqarası ziyalıların puç düşüncələri ilə və nə də bizim üzdəniraq müqəddəsliyimizlə uyğun gəlir. Bu ilahi kitab xüsusi bir məntiqə əsaslanır ki, hər bir kəs onunla tanış olandan sonra bu məsələdəki düzgün sözün ondan başqa bir şey olmadığını e`tiraf edir və bu mətləb bizim bu böyük və əzəmətli kitaba olan imanımızı artırır, onun ali tə`limlərinin insanların yer kürəsi çərçivəli fikirlərindən müstəqil və səmavi olmasını göstərir.
Biz indi üçüncü məntiqə, yə`ni Qur`anın bu məsələ və onun xüsusi fəlsəfəsi barəsindəki məntiqinə yaxınlaşmaq üçün bir-birinə zidd olan həmin iki qrupun, yə`ni dırnaqarası ziyalılar və üzdəniraq müqəddəslərin dəlillərini araşdıraraq onları tənqid edəcəyik.
DIRNAQARASI ZIYALILAR
Bu qrupa daxil olanlar öz iddialarının isbatı üçün iki növ sübut, yə`ni əqli və nəqli dəlillər gətirirlər.
1. Әqli dəlil: Onların «kimliyindən asılı olmayaraq, hər bir kəsin yaxşı əməli mükafatlandırılacaq» məntiqi və əqli dəlilləri iki müqəddiməyə əsaslanır.
a) Allah-taalanın bütün varlıqlarla nisbəti bərabər və yeksandır. Allahın bütün zaman və məkanlarla da nisbəti bərabərdir. O, şərqdə olduğu kimi, qərbdə də var, yuxarıda olduğu kimi aşağıda da mövcuddur. Allah taala indiki zamanda var, keçmişdə də olub və gələcəkdə də olacaqdır. Keçmiş, indi və gələcək Allah üçün fərq etmir. Yuxarı, aşağı, şərq və qərb Onun üçün bərabər olduğu kimi, onun yaratdıqları da onun üçün yeksandırlar. Onun heç kəslə qohumluğu və xüsusi əlaqəsi yoxdur. Buna görə də Allahın bəndələrinə olan qəzəb və lütf nəzəri də yeksandır, əlbəttə bəndələrin özləri tərəfindən fərqlər mövcud olmayana qədər. (Bu sözlərin mə`nası, bütün şeylərin də Allahla bir cür nisbətə malik olmaları və onların hamısının ləyaqətinin bir olması demək deyil. Әşyaların Allahla olan nisbətləri yeksan deyil, amma Allahın onlarla olan nisbəti bərabərdir. Allah-taala bütün əşyalara bir cür yaxındır, amma əşyalar Ona yaxınlıq və uzaqlıqları baxımından bir-birlərindən fərqlənirlər. «Iftitah» duasında bu barədə çox maraqlı bir cümlə var. Həmin cümlədə Allah belə vəsf edilir: «O, uzaq olduğu üçün görünməyən, yaxın olduğu üçün pıçıltıları eşidəndir.»
Әslində biz Ondan uzaq, O isə bizə yaxındır. Maraqlıdır, necə ola bilər ki, iki şey bir-birinə yaxınlıq və uzaqlıq baxımından iki müxtəlif nisbətə malik olsun? Bəli, burada belədir, Allah əşyalara yaxındır, amma əşyalar Ona yaxın deyildirlər, yə`ni müxtəlif nisbətlərlə uzaq və ya yaxındırlar.
Bu cümlədə olan maraqlı nöqtə burasıdır ki, Allahı uzaqlıqla vəsf edəndə məxluqatın sifətlərindən olan «görmək» məfhumunu Ona misal gətiririk. Yə`ni heç kəs onu görə bilmir. Amma Allahı yaxınlıq sifəti ilə vəsf edəndə Onu öz sifətlərindən biri olan hüzur və agahlıq məfhumları ilə yad edirik. Söhbət bizim işimizdən gedəndə Allaha uzaqlıq, Onun işindən gedəndə isə yaxınlıq nisbəti veririk.
Sə`di gözəl deyib:
Məzmunu: Yar mənə mənim özümdən yaxındır və təəccüblüsü burasıdır ki, mən ondan uzağam; mən nə edim və kimə deyim ki, yar mənim kənarımdadır, mən isə ondan uzağam.
Buna görə də Allahın yanında heç kəs səbəbsiz əziz və ya xar deyil. Allahın heç kəslə qohumluq və ya yerlilik nisbəti yoxdur və həmçinin heç kəs Onun sevgili dürdanəsi deyil.
Allahın bütün varlıqlarla nisbəti yeksan olduğu üçün, yaxşı əməlin bir nəfərdən qəbul edilərək digərindən rədd edilməsinin heç bir dəlili ola bilməz. Әməllər yeksan olsa, onların cəzaları da yeksan olacaq. Çünki biz, Allahın bütün varlıqlarla nisbətinin yeksan olmasını fərz etmişik. Deməli ədalət, Allahın müsəlman və qeyri müsəlmanlığından asılı olmayaraq yaxşı iş görmüş bütün insanları bərabər mükafatlandırmasını tələb edir.
b) Әməllərin yaxşı və pisliyi şərti deyil, həqiqi və gerçəkdir. Kəlam və «Üsuli fiqh» alimlərinin dili ilə desək, «işlərin yaxşı və pis olmaları zatidir», yə`ni yaxşı işlərlə pis işlər bir-birlərindən zatən fərqlənirlər. Yaxşı işlər zatən yaxşı, pis işlər isə zatən pisdirlər. Düzlük, doğruluq, yaxşılıq, xalqa xidmət və sairə zatən yaxşı, yalan, oğurluq, zülm və sairə isə zatən pisdirlər. Düzlüyün yaxşı, yalanın isə pis olmasının səbəbi, Allahın onlardan birinə əmr edərək digərini qadağan etməsinə görə deyildir. Әksinə, düzlük yaxşı olduğu üçün Allah-taala onu əmr edib və yalan pis olduğu üçün onu qadağan edib. Daha qısa ifadə ilə desək, Allahın əmr və ya qadağan etməsi işlərin yaxşı və pis olmalarının zatiliyindən asılıdır.
Bu iki müqəddimədən belə bir nəticəyə gəlirik ki, Allah-taala ayrı-seçkilik əhli olmadığı və yaxşı əməl onu edənin kimliyindən asılı olmayaraq yaxşı olduğu üçün, yaxşı iş görənin mükafatlandırılması zəruri və qətidir.
Pis iş görənlər və günahkarlar barəsində də məsələ dediyimiz kimidir və həmin əməlləri görənlər arasında fərq yoxdur.
2. Nəqli dəlil: Qur`ani-kərim özünün bir çox ayələrində yuxarıdakı əqli dəlildə dediyimiz mətləbi, yə`ni insanların yaxşı və pis əməllərinin cəza və ya mükafatlandırılması arasında ayrı-seçkilik olmamasını təsdiq edib. Qur`an, ayrı-seçkilik düşüncəsinə malik olan yəhudilərlə kəskin şəkildə mübarizə edib. Yəhudilər, Israil soyunun Allahın ən sevimli qəbiləsi olmasına inam bəsləyirdilər və indi də həmin fikirdədirlər. Onlar deyirdilər ki, biz Allahın oğulları və Onun dostlarıyıq, əgər Allah bizi cəhənnəmə aparsa da bizim orada qalmağımız çox məhdud bir müddət olacaqdır. Qur`an bu cür fikirləri «arzu» və «puç xülyalar» adlandırıb və onunla kəskin mübarizə aparıb. Qur`an bu cür yersiz qürurlara düçar olmuş müsəlmanları da tənqid edib. Indi Qur`anın bu barədə olan bə`zi ayələrinə nəzər salaq.
1.
وَقَالُواْ لَن تَمَسَّنَا النَّارُ إِلاَّ أَيَّاماً مَّعْدُودَةً قُلْ أَتَّخَذْتُمْ عِندَ اللّهِ عَهْدًا فَلَن يُخْلِفَ اللّهُ عَهْدَهُ أَمْ تَقُولُونَ عَلَى اللّهِ مَا لاَ تَعْلَمُونَ بَلَى مَن كَسَبَ سَيِّئَةً وَأَحَاطَتْ بِهِ خَطِيـئَتُهُ فَأُوْلَـئِكَ أَصْحَابُ النَّارِ هُمْ فِيهَا خَالِدُونَ وَالَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ أُولَـئِكَ أَصْحَابُ الْجَنَّةِ هُمْ فِيهَا خَالِدُونَ
Onlar: «Cəhənnəm odu bizə bir neçə gündən artıq əzab verməz» deyərlər. (Ya Məhəmməd!) Onlara söylə ki: «Siz Allahdan belə bir və`d almısınızmı? (Әgər belədirsə) Allah heç vaxt Öz əhdindən dönməz. Yoxsa Allaha qarşı bilmədiyinizi söyləyirsiniz? Bəli, günah qazanan və qazandığı günahlarla əhatə olunan şəxslər cəhənnəmlikdirlər və orada həmişəlik qalacaqlar. Iman gətirənlər və yaxşı işlər görənlər isə behiştlikdirlər və orada əbədi olacaqlar.»(Bəqərə 80-82).
2. Bu ilahi kitab, digər bir yerdə yəhudilərin həmin xülyasına cavab olaraq belə buyurur:
ذَلِكَ بِأَنَّهُمْ قَالُواْ لَن تَمَسَّنَا النَّارُ إِلاَّ أَيَّامًا مَّعْدُودَاتٍ وَغَرَّهُمْ فِي دِينِهِم مَّا كَانُواْ يَفْتَرُونَ فَكَيْفَ إِذَا جَمَعْنَاهُمْ لِيَوْمٍ لاَّ رَيْبَ فِيهِ وَوُفِّيَتْ كُلُّ نَفْسٍ مَّا كَسَبَتْ وَهُمْ لاَ يُظْلَمُونَ
«Onları öz dinləri barəsində düzəltdikləri uydurmalar aldadıb yoldan çıxartmışdır. Elə isə vaqe olacağına şübhə edilməyən bir gündə (qiyamət günündə) onları (bir yerə) topladığımız zaman onların halı necə olacaq? O gün hər kəsə qazandığının (gördüyü əməllərin) əvəzi ödəniləcək və onlara heç bir haqsızlıq edilməyəcəkdir.» (Ali-Imran 24-25).
3. Başqa bir ayədə xristianlar da yəhudilərə əlavə edilərək birlikdə tənqid ediliblər:
وَقَالُواْ لَن يَدْخُلَ الْجَنَّةَ إِلاَّ مَن كَانَ هُوداً أَوْ نَصَارَى تِلْكَ أَمَانِيُّهُمْ قُلْ هَاتُواْ بُرْهَانَكُمْ إِن كُنتُمْ صَادِقِينَ بَلَى مَنْ أَسْلَمَ وَجْهَهُ لِلّهِ وَهُوَ مُحْسِنٌ فَلَهُ أَجْرُهُ عِندَ رَبِّهِ وَلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ
«(Yəhudilər və xaçpərəstlər) dedilər: Cənnətə yəhudilərdən və xaçpərəstlərdən başqası girməyəcək! Bu ancaq onların xülyalarıdır. (Ya Məhəmməd!) Onlara söylə: Әgər (bu iddianız) doğrudursa, dəlilinizi gətirin. Xeyr, onların dediyi kimi deyil, əksinə, yaxşı işlər görüb özlərini Allaha təslim edənlərin Rəbbi yanında mükafatı (əvəzi) vardır. Onların (axirətdə) heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər.» (Bəqərə 111-112).
4. «Nisa» surəsində müsəlmanlar da yəhudi və xristianlara əlavə ediliblər. Qur`an yersiz ayrı-seçkilik düşüncəsinin kimdən olmasına baxmayaraq, kəskin tənqid atəşinə tutur. Sanki müsəlmanlar da kitab əhlinin fikirlərindən tə`sirlənərək onların, özlərini yersiz olaraq əziz sanmaları müqabilində iddialar edirlərmiş. Qur`an bu xam xəyalları puça çıxarmaq üçün belə buyurur:
لَّيْسَ بِأَمَانِيِّكُمْ وَلا أَمَانِيِّ أَهْلِ الْكِتَابِ مَن يَعْمَلْ سُوءًا يُجْزَ بِهِ وَلاَ يَجِدْ لَهُ مِن دُونِ اللّهِ وَلِيًّا وَلاَ نَصِيرًا وَمَن يَعْمَلْ مِنَ الصَّالِحَاتَ مِن ذَكَرٍ أَوْ أُنثَى وَهُوَ مُؤْمِنٌ فَأُوْلَـئِكَ يَدْخُلُونَ الْجَنَّةَ وَلاَ يُظْلَمُونَ نَقِيرًا
«Bu, (Cənnətə daxil olmaq) nə sizin, nə də kitab əhlinin arzusu ilə deyildir. Pislik edən şəxs, onun cəzasını görəcək və o, Allahdan başqa özünə nə bir dost, nə də bir imdada yetən tapacaqdır! Mö`min olmaqla bərabər yaxşı işlər görən kişilər və ya qadınlar Cənnətə daxil olarlar. Onlara xurma çərdəyi qədər haqsızlıq edilməz.» (Nisa 123-124).
5. Yersiz yaxınlıq və izzətləri pisləyən ayələrdən əlavə, məzmunu Allah-taalanın heç kəsin işinin əvəzini puça çıxarmamasını bildirən ayələr də vardır.
Həmin ayələr də müsəlman və qeyri-müsəlmanlığından asılı olmayaraq, hamının yaxşı əməlinin qəbul edilməsinin dəlili hesab edilir.
فَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ خَيْرًا يَرَهُ وَمَن يَعْمَلْ مِثْقَالَ ذَرَّةٍ شَرًّا يَرَهُ
«Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onun xeyrini görəcəkdir. Kim zərrə qədər pis iş görmüşdürsə, onun zərərini görəcəkdir.» (Zilzal 7-8).
Başqa bir yerdə isə belə buyurur:
إِنَّ اللّهَ لاَ يُضِيعُ أَجْرَ الْمُحْسِنِينَ
«...Həqiqətən, Allah yaxşı işlər görənlərin mükafatını zay etməz!» (Tövbə-120).
Kəhf surəsinin 30-cu ayəsində isə belə buyurur:
إِنَّا لَا نُضِيعُ أَجْرَ مَنْ أَحْسَنَ عَمَلًا
«...Biz (o cür) yaxşı işlər görənlərin mükafatını zay etmərik!»
Bu ayələrin məzmunu elədir ki, onların ümumi hökmlərini məhdudlaşdırmaq mümkün deyil.
Üsul alimləri deyirlər ki, bə`zi ümumi hökmlər məhdudlaşdırıla bilməyən və istisna qəbul edilməzdir. Yə`ni ümumi məzmun və ifadə tərzi elədir ki, onları məhdudlaşdıraraq onlara istisna qail olmaq mümkün deyil. «Biz yaxşı iş görənin əcrini zay etmirik» deməyin mə`nası budur ki, Bizim Allahlıq məqamımız yaxşı əməli qorumağımızı tələb edir. Deməli, Allahın bir yerdə Öz Allahlıq məqamından əl çəkərək yaxşı əməlin savabını zay etməsi qeyri-mümkündür.
6. Burada başqa bir ayə də vardır ki, bu mövzuda ona çox istinad edilir və onun müddəanı aşkar tə`kid etməsi bildirilir.
إِنَّ الَّذِينَ آمَنُواْ وَالَّذِينَ هَادُواْ وَالصَّابِؤُونَ وَالنَّصَارَى مَنْ آمَنَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وعَمِلَ صَالِحًا فَلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ
«Şübhəsiz ki, iman gətirənlərdən - yəhudilərdən, sabiilərdən və xaçpərəstlərdən Allaha və axirət gününə inanıb yaxşı iş görənlərin heç bir qorxusu yoxdur və onlar qəm-qüssə görməzlər!» (Maidə-69).
Bu ayədə qurtuluş və Allah əzabından amanda qalmaq üçün üç şərt bildirilib: Allaha və qiyamət gününə iman və bir də yaxşı əməl! Burada, dediklərimizdən başqa digər bir şərt yoxdur.
Dırnaqarası ziyalıların bə`ziləri deyirlər ki, peyğəmbərlərin hədəfi ədalət və yaxşı işlərə də`vət olub və «hədəfi tut və müqəddiməni (vasitəni) tərk et (yə`ni onun nə olmasına elə də fikir vermə)» qanununa əsasən, demək lazımdır ki, ədalət və yaxşı işlər hətta Allah və qiyamətə qarşı kafir olan insanlardan belə qəbul edilir. Buna görə də Allah və qiyaməti inkar edib bəşəriyyətə mədəni, iqtisadi, tibbi, siyasi və ictimai sahələrdə böyük xidmətlər göstərmiş insanlar böyük mükafatlar alacaqlar.
Әlbəttə, «Kim (dünyada) zərrə qədər yaxşı iş görmüşdürsə, onun xeyrini görəcəkdir» və ya «Həqiqətən, Allah yaxşı işlər görənlərin mükafatını zay etməz!» kimi ayələrə istinad edə bilirlər. Amma həmin qism ayələr onların iddialarının əksini bəyan edir.
Indi isə digər qrupun dəlillərinə baxaq.
IFRATÇILIQ
Yaxşı əməlin, Allah dərgahında kimliyindən asılı olmayaraq, hamıdan qəbul ediləcəyini iddia edən dırnaqarası ziyalıların müqabilində dırnaqarası ifratçı müqəddəslər dayanırlar. Bunlar həmin qrupun müqabil nöqtəsi sayılırlar. Bu qrupa daxil olanlar deyirlər ki, müsəlman olmayandan hansısa əməlin qəbul edilməsi qeyri-mümkündür. Kafirlərin və şiə olmayan müsəlmanların əməllərinin bir qəpik belə dəyəri yoxdur. Kafir və şiə olmayan müsəlmanın özü rədd edilirsə, əməli özündən qabaq rədd edilməlidir. Bu qrup da öz iddiasının sübutu üçün iki dəlil, yə`ni əqli və nəqli dəlil gətirir.
1. Әqli dəlil: Bu qrup öz əqli dəlilində deyir ki, əgər Allah dərgahında qeyri-müsəlman və ya qeyri-şiənin əməli qəbul edilirsə, onda müsəlmanla qeyri-müsəlman və həmçinin şiə ilə qeyri-şiə arasında nə fərq var? Onlar arasındakı fərq ya yaxşı əməlin müsəlman və şiədən qəbul edilməsi, qeyri-müsəlman və qeyri-şiədən isə qəbul edilməməsi, ya da müsəlman şiənin pis əməlinin cəzalandırılmaması, qalanların pis əməllərinin isə cəzalandırılması formasında olmalıdır. Amma əgər hər iki dəstənin yaxşı əməllərinə mükafat və pis əməllərinə cəza veriləcəksə, bəs onda onlar arasında nə fərq var? Belə olan təqdirdə Islam və şiəliyin tə`siri nədir? Kafirlə müsəlman və həmçinin şiə ilə qeyri-şiənin əməllərinin qiymətləndirilmə baxımından bərabər olmalarının mə`nası budur ki, Islam və şiəlik puç və lazımsız bir şeydir.
2. Nəqli dəlil: Bu qrup yuxarıdakı dəlildən əlavə, Qur`anın iki ayəsi və bir sıra hədislərə də istinad edir.
Bir çox rəvayətlərdə qeyri-şiənin, yə`ni Әhli-beytin vilayətini qəbul etməyənin əməlinin qəbul edilməməsi bildirildiyi kimi, Qur`anın bir neçə ayəsində də kafirin əməlinin qəbul edilmədiyi aşkarcasına bildirilib.
Mübarək «Ibrahim» surəsinin 18-ci ayəsində Allah-taala kafirin əməlini, küləyin sovuraraq yoxa çıxardığı külə bənzədib.
مَّثَلُ الَّذِينَ كَفَرُواْ بِرَبِّهِمْ أَعْمَالُهُمْ كَرَمَادٍ اشْتَدَّتْ بِهِ الرِّيحُ فِي يَوْمٍ عَاصِفٍ لاَّ يَقْدِرُونَ مِمَّا كَسَبُواْ عَلَى شَيْءٍ ذَلِكَ هُوَ الضَّلاَلُ الْبَعِيدُ
«Rəbbini inkar edənlərin (dünyadakı yaxşı) əməlləri fırtınalı bir gündə küləyin sovurub apardığı külə bənzəyir. Onlar (dünyada) etdikləri əməllərdən heç bir fayda (savab) əldə edə bilməzlər. Budur (haqq yoldan) azıb uzaqlaşmaq!...»
Mübarək «Nur» surəsinin 39-cu ayəsində isə kafirlərin əməlləri uzaqdan baxanda suya oxşayan, amma yaxından baxanda heç nə olmayan ilğıma bənzədilib.
Həmin ayədə deyilir ki, gözləri qamaşdıran və bə`zi avamların gözündə, hətta peyğəmbərlərin xidmətlərindən də böyük olan xidmətlər, əgər Allaha imanla birgə olmasa puçdur və ilğım kimi, xülyadan başqa bir şey deyil. Ayənin mətni belədir:
وَالَّذِينَ كَفَرُوا أَعْمَالُهُمْ كَسَرَابٍ بِقِيعَةٍ يَحْسَبُهُ الظَّمْآنُ مَاء حَتَّى إِذَا جَاءهُ لَمْ يَجِدْهُ شَيْئًا وَوَجَدَ اللَّهَ عِندَهُ فَوَفَّاهُ حِسَابَهُ وَاللَّهُ سَرِيعُ الْحِسَابِ
«(Allahın vəhdaniyyətini danan, Qur`anı yalan hesab edən) kafirlərin əməlləri ucsuz-bucaqsız çöldəki (səhradakı) ilğıma bənzər ki, susuzluqdan ürəyi yanan onu su bilər. Nəhayət gəlib ona yetişdiyi zaman onun heç nə olduğunu görər. O öz əməlinin yanında ancaq Allahın cəzasını tapar. Allah da onun cəzasını (layiqincə) verər. Allah tezliklə haqq-hesab çəkəndir.»
Bu, kafirlərin nəzərə yaxşı gələn əməllərinin misalıdır. Aman onların pis əməllərinin əlindən! Vay onların halına!
Sonrakı ayədə onun misalını belə oxuyuruq:
أَوْ كَظُلُمَاتٍ فِي بَحْرٍ لُّجِّيٍّ يَغْشَاهُ مَوْجٌ مِّن فَوْقِهِ مَوْجٌ مِّن فَوْقِهِ سَحَابٌ ظُلُمَاتٌ بَعْضُهَا فَوْقَ بَعْضٍ إِذَا أَخْرَجَ يَدَهُ لَمْ يَكَدْ يَرَاهَا وَمَن لَّمْ يَجْعَلِ اللَّهُ لَهُ نُورًا فَمَا لَهُ مِن نُّورٍ
«Yaxud onların əməlləri əngin dənizin zülmətinə bənzər. Onu bir dalğa, o dalğanın üstündən bir dalğa, bu (ikinci) dalğanın üstündən də bir dalğa zülmət üstündən zülmət örtər. O, əlini çıxartdıqda, demək olar ki, onu görməz. Allah bir kəsə işıq verməsə, onun işığı olmaz.»
Bu ayəni əvvəlki ayənin kənarına qoyanda belə bir nəticə əldə edilir ki, kafirlərin yaxşı əməlləri aldadıcı zahirlərinə baxmayaraq, əsası olmayan ilğımdır və onların pis əməlləri şər üstündən şər, zülmət üstündən zülmətdir.
Həmin ayələr, kafirlərin əməlinin vəziyyətini aydınlaşdırır.
Şiələrin nəzərində, qeyri-şiənin əməlinin vəziyyətini Әhli-beytdən (ə) nəql edilmiş hədislər aydınlaşdırır.
Bu barədə çoxlu hədislər nəql edilib və maraqlananlar «Kafi» kitabının birinci cildi «Kitabul-höccə», ikinci cildinin «kitabul-iman vəl-kufr» fəsillərinə və «Vəsailuş-şiə» və «Müstədrəkul-vəsail» kitabının birinci cildlərinin «müqəddimatul-ibadət» fəsillərinə, «Biharul-ənvar» kitabının 18-ci fəslinin məad bəhsləri və qədim çapının yeddinci cildinin 227-ci fəsli, 15-ci cildinin əxlaq hissəsinin 187-ci səhifəsinə müraciət edə bilərlər.
Biz nümunə üçün «Vəsailuş-şiə» «kitabından bir rəvayət nəql edirik:
«Məhəmməd ibni Müslim deyir ki, imam Baqirin (ə) belə buyurduğunu eşitdim: Әgər kimsə Allaha ibadətdə özünü əziyyətə salsa, amma Allahın ona tə`yin etdiyi imama bağlı olmasa, əməli qəbul deyil və özü də yolunu azmış və sərgərdandır və Allah onun əməlini düşmən bilir. Әgər həmin şəxs bu halda ölsə, onun ölümü Islam ölümü deyil, küfr və nifaq ölümüdür. Ey Məhəmməd ibni Müslim, bil ki, zülm başçıları və onların davamçıları Allah dinindən xaricdirlər, özləri yollarını azıblar və başqalarını da azdırıblar. Onların yerinə yetirdikləri əməllər tufanlı bir gündə küləyə düçar olan kül kimidir ki, hazırladıqları şeydən heç nə əldə etməzlər, budur əsaslı azğınlıq.» (Vəsailuş-şiə; 1-ci cild, birinci hissə; səh 90.)
Bu, səadət və xoşbəxtliyin əsasını iman və e`tiqad hesab edənlərin dəlilləri idi.
Bə`zən, bu qrupa daxil olanların bə`ziləri ifrata vararaq ancaq iman iddiasını, daha doğrusu hökm çıxarmaq üçün mənsubiyyət məsələsini sırf me`yar hesab edirlər. Məsələn Mürciə, Bəni-üməyyənin hakimiyyəti zamanı həmin fikri təbliğ edirmiş. Xoşbəxtlikdən Bəni-üməyyənin kökünün kəsilməsi ilə onların da kökləri kəsilib. Həmin əsrdə Әhli-beytdən (ə) ilham alan şiə təfəkkürü Mürciənin müqabil nöqtəsi olub, amma bədbəxtlikdən son əsrlərdə Mürciənin fikirləri başqa bir formada avam şiələrin arasına da nüfuz edib. Şiələrin avam kütləsinin bir qrupu, Әmirəl-mö`mininə zahirdə də bağlı olmağı nicat tapmaq üçün yetərli hesab edirlər. Bu fikir, şiəliyin son əsrlərdəki çətinliklərinin əsas amili sayılır. Son əsrlərin dırnaqarası dərviş və sufiləri dini hökmlərə əməl edilməsini başqa yollarla təhqir edirlər. Onlar qəlbin saflığı məsələsini əllərində şüar ediblər, halbuki qəlbin həqiqi saflıq və paklığı əmələ zidd bir şey deyil, əməlin yerinə yetirilməsinin təşviq və təsdiq edicisidir.
Bunun müqabilində əməlin dəyərini həddindən artıq şişirdərək böyük günahlara mürtəkib olanı da kafir hesab edənlər meydana çıxıblar. Xəvaric belə əqidəyə malik olub. Mütəkəllimlərin bə`ziləri böyük günaha mürtəkib olanı nə kafir və nə də mö`min hesab edir, həmin şəxsin iki mənzil arasında yerləşdiyini deyirdilər.
Indi bu nəzəriyyələrin hanısının düz olmasını araşdıraq. Görəsən ancaq e`tiqadın əsas olmasını vurğulayan nəzəriyyənin tərəfdarı olmaq lazımdır, yoxsa əməlin əsaslığına təkid edən nəzəriyyənin? Yoxsa burada üçüncü bir mövqe də var?
Indi iman və e`tiqadın dəyəri bəhsinə başlayaq.