ŞӘRLӘR - ӘDALӘT PRINSIPI BAXIMINDAN
Beləliklə, «dualizm» iradı, varlığın iki mənşə və kökə malik olma xülyası aradan gedir. Çünki, söhbətimizdə sübut etdik ki, aləmdə iki cür mənşənin olmasını tələb edən iki cür varlıq yoxdur.
Amma bundan əvvəl dediyimiz kimi, şərlərin yoxluq olmaları məsələsi, təkcə, ilahi ədalət məsələsinin həll edilməsi üçün kifayət etmir. Bu ilkin mərhələdir və hal-hazırda həmin bəhsdən əldə edilən nəticə yalnız budur ki, varlıqlar iki növ deyildir, yə`ni varlıq olmaları baxımından pis və yaxşı qismlərə bölünmürlər. Demək varlıq, varlıq olması baxımından xeyir, yoxluq isə yoxluq olması baxımından şərdir. Varlıqlar yoxluqlarla birgə olduqları və ya bir sıra yoxluqların mənşələri olmaları baxımından şərdirlər. Deməli, varlığın özündə heç bir ikilik hökm sürmədiyi üçün bizdə varlığın iki kökə malik olması fikri də yaranmamalıdır. Yoxluq da, yoxluq olduğu üçün ayrı bir mənşə və başlanğıcın olmasını tələb etmir.
Amma şərlər məsələsi, ilahi ədalət baxımından başqa formadadır. Həmin baxımdan, şeylərin ikiliyindən söhbət getmir. Burada söhbət budur ki, şeylərin iki və ya bir cür olub-olmamalarından asılı olmayaraq, varlıq aləmində nə üçün naqislik, çatışmazlıq, fanilik və yoxluq vardır? Nə üçün biri kar, digəri kor, üçüncüsü isə şikəst yaradılıb? Karlıq, korluq və sairənin yoxluq olması bu iradın həll edilməsi üçün kifayət etmir. Çünki, həmin halda da bu sual öz yerində qalır ki, nə üçün varlıq həmin yoxluqların yerini doldurmayıb? Məgər bu feyzin bir növ əsirgənilməsi və o da öz növbəsində bir növ zülm deyilmi? Dünyada narahatçılıqlara səbəb olan boşluqlar var və ilahi ədalət onların doldurulmasını tələb edir!
Bundan əvvəl dediyimiz kimi, bir sıra varlıqlar da var ki, onlar nadanlıq, acizlik, yoxsulluq və bu kimi yoxluqlara səbəb olurlar və bir sıra fanilik, naqislik və çatışmazlıqların yaranma amilidirlər. Xəstəlik, tufan, yanğın və zəlzələləri buna misal göstərmək olar. Ilahi ədalət, naqislik və çatışmazlıq kimi nəticələrin olmaması üçün həmin şeylərin özlərinin də olmamalarını tələb edir.
Məsələyə bu cəhətdən yanaşanda iki mətləbə diqqət yetirmək lazımdır.
Həmin məsələlərdən biri budur ki, görəsən bu naqislik və çatışmazlıqların dünyanın işlərindən ayrılması mümkündür, yoxsa yox? Yə`ni dünya bu çatışmazlıqlarsız mövcud ola bilərmi? Yoxsa, bunlar dünyanın ayrılmaz zərurətləridir və onların olmaması dünyanın olmaması deməkdir?
Digər bir məsələ isə budur ki, görəsən naqislik və çatışmazlıq adlandırılan şeylər tamamilə şərdirlər və onlarda heç bir xeyir yoxdur, yoxsa onlar tamamilə şər deyildir və onlarda çoxlu xeyir və mənfəət də vardır və onlar olmasa dünyanın nəzmi bir-birinə dəyər və xeyirlər yaranmazlar?
Bizim bundan əvvəl də işarə etdiyimiz şərlər bəhsimizin ikinci və üçüncü hissəsi bu iki mətləbdən ibarətdir. Bəhsin ikinci hissəsi birinci hissə barəsində danışanda aydınlaşdı və gələcəkdə daha da aydın olacaq. Amma üçüncü hissənin aydınlaşması üçün daha çox söhbətə ehtiyac var və biz dördüncü fəsldə onun barəsində geniş surətdə danışacağıq.
DÖRDÜNCÜ FӘSIL
ŞӘRLӘRIN FAYDASI
1. Ümumi quruluş;
2. Çirkinlik gözəlliyin aynasıdır;
3. Kütlə, yoxsa fərd?
4. Tutumların fərqi;
5. Bədbəxtliklər xoşbəxtliklərin anasıdır;
6. Övliyalar üçün bəla;
7. Bəla və çətinliklərin tərbiyəvi tə`siri;
8. Allahın təqdirinə razılıq;
9. Bəla və ne`mət nisbidir;
10. Ziddiyyətlər toplumu;
11. Ziddiyyətlərin fəlsəfi əsası.
Keçən fəsldəki söhbətimiz şərlər barəsində fəlsəfi və əqli bir bəhs idi. Amma bu fəsldə həmin məsələni başqa bir baxışdan araşdıracağıq.
Adətən, dünya şərləri barəsində danışaraq ona irad tutanlar, dünyanın həmin şərlər olmayan formasının necəliyi barəsində fikirləşmirlər. Onlar ancaq sadə və qısa formada «kaş ki, dünya ləzzətlə dolu olaydı; hamı öz arzusuna çataydı və ortada heç bir əziyyət və narahatçılıq olmayaydı» deyirlər. Aşağıdakı şe`r Xəyyama nisbət verilir:
Bər daştəmi mən in fələkra zemyan
Әz no fələki çenan həmi saxtəmi
Kazade be kame del rəsidi asan
Mə`nası: Әgər fələyə əlim çatsaydı, mən bu fələyi götürüb onun yerinə başqa birini qoyardım; yerində elə bir fələk qurardım ki, insan orada öz arzusuna çata bilsin.
Biz indi şairin, arzuladığı mövcud dünyadan yaxşı bir dünya qurmağın mümkün olub-olmamasını araşdıracağıq. Biz «dünya» qurmaq üçün işə başlamalı olsaq, necə deyərlər, «fələyin damını söküb onu yenisi ilə əvəz etmək istəsək» yalnız bir insanın yaşayışına layiq məhdud və uşaqvari düşüncələrimizdən əl çəkərək böyük və geniş bir plan fikrində olmalıyıq. Mən bu mühəndisliyin asan olmasına və bəlkə də müəyyən qərara gələ biləcəyimizə inanmıram.
Hər halda ilk növbədə mövcud vəziyyəti araşdıraraq onu daha yaxşı tanımağımız və ondan sonra «daha yaxşı layihə» fikri ilə zehnimizi yormamağımız yaxşı olar. Bəlkə də ciddi bir araşdırma aparsaq, mövcud vəziyyətin qənaətbəxş olduğunu görəcəyik. Dünyanı araşdırmaq üçün bəla, müsibət və hadisələri iki baxımdan tədqiq etmək lazımdır.
1. Dünyanın ümumi quruluşunda şərlər hansı mövqedə dururlar?
2. Şərlər öz mövqelərində hansı dəyərə malikdirlər?
Birinci sualda söhbət dünyanın ümumi quruluşunda şərlərin aradan götürülüb-götürülə bilinməmələrindən gedir. Başqa sözlə desək, şərlərsiz dünya mümkündür, yoxsa ilk baxışda zehnə gələn fikrin əksinə olaraq, onarın dünyadan çıxarılmaları və dünyanın şərlərsiz olması qeyri-mümkündür, bəla və müsibətlərin olmaması isə dünyanın olmaması deməkdirmi? Daha dəqiq desək, dünyanın şərləri onun xeyirlərindən ayrılmazdırlarmı?
Ikinci hissədə isə məsələ budur ki, görəsən şərlər yalnız ziyan və zərərvericidirlər? Onlar yalnız mənfi dəyərə malikdirlərmi? Yoxsa, şərlərin müsbət tə`sirləri də var və onların mənfi cəhətləri onların müsbət və xeyirli cəhətlərinin kənarında sıfra bərabərdirmi?
FӘRQLӘNDIRMӘ PRINSIPI
«Ayrı-seçkilik» və «şər nisbidir» başlıqlı söhbətlərimizdən, şərlərin xeyirlərdən ayrılmazlıqları mə`lum oldu. Çünki, yoxluq növündən olan şərlər, başqa sözlə desək, yaradılış aləmində nadanlıq, acizlik və yoxsulluq qismindən olan boşluqların yaradılış aləminə aid olan hissəsi tutumsuzluq və qabiliyyətlərin naqisliyi qismindəndir. Belə ki, yaradılış aləmində hər bir varlığın malik olduğu naqislik, feyzin əsirgənilməsi səbəbindən deyil, həmin varlığın tutumunun naqisliyinə görə olduğu üçün bu, zülm və ayrı-seçkilik sayılmır. Bu işlərdən tutumsuzluq və iste`dadların naqisliyinə bağlı olmayan şey insanın ixtiyar, məs`uliyyət və iradəsi dairəsində olanlardır və insan muxtar, azad və özü və cəmiyyəti qurmaq məs`uliyyəti daşıyan bir varlıq olduğu üçün, onları quraraq boşluqları doldurmalıdır. Insanın «Allahın xəlifəsi» olmasının cəhətlərindən biri də budur. Insanın belə yaradılması və bu cür məs`uliyyət daşıması da ən yaxşı quruluş layihəsinin bir hissəsidir. Amma mövcud olan və öz-özlüyündə xeyir, başqaları üçün isə şər olan şərlərin pislikləri, dediyimiz kimi nisbi olduğu üçün onların həqiqi vücudlarının ayrılmaz zərurətlərindəndir və bu, onların xeyirli cəhətlərindən ayrılmazdır.
Burada əvvəlki söhbətlərimizə artırılması zəruri olan digər bir mətləb də var və o, dünyanın müxtəlif hissələrinin «əndamvariliyi» prinsipidir. Dünya parçalanmaz bir quruluşa malikdir.
Fəlsəfi və elmi dünya görüşlərində olan mühüm məsələlərdən biri, dünya hissələrinin bir-birləri ilə əlaqə və bağlılıq baxımından necəliyidir. Dünyanın müxtəlif hissələri bir-birləri ilə necə əlaqədədir və onlar bir-birləri ilə necə bağlanıblar? Görəsən onların əlaqə və bağlılıqları bir sıra pərakəndə işlər kimidir? Dünyanın bir hissəsinin olmaması və ya onun varlıqlarının bir hissəsinin məhv olaraq yoxa çıxması dünyanın digər hissələri baxımından mümkündürmü? Yoxsa, dünyanın bütün hissələri bir-birlərinə bir növ bağlıdırlar?
Biz «Fəlsəfənin əsasları və realizm üsulu» kitabının beşinci cildində bu barədə söhbət etmişik. Burada ancaq bunu deyirəm ki, həmin məsələ fəlsəfə tarixinin ən qədim zamanlarından diqqət mərkəzində olub və Әrəstu dünyanın «əndamvari birliyi» nəzəriyyəsinin tərəfdarıdır. Bu məsələ Islam dünyasında da həmişə təsdiqlənib. Səfəvilər dövrünün məşhur arif və filosofu Mirfendriski şe`r dili ilə belə deyib:
Həqq can cəhanəsto cəhan həmçu bədən
Әsnafe məlaek çu qovayi intən
Әflako ənasero məvalid ə`za
Tohid həmin əsto degərha həme fənn
Mə`nası: Haqq dünyanın ruhudur və dünya bədən kimidir; mələklər, fələklər, ünsürlər, varlıqlar və bədən üzvləri bu dünyanın qüvvələridir; tövhid də bu deməkdir və qalan hər bir şey puçdur.
Məşhur Alman filosofu Hegel öz fəlsəfəsində bu məsələyə diqqət edib. Hegel fəlsəfə və məntiqindən çox tə`sirlənmiş Marks və Engelsin materialist fəlsəfəsi isə bu məsələni «qarşılıqlı tə`sir prinsipi» adı ilə qəbul edib.
Biz indi geniş surətdə, həmin bəhsə daxil ola bilmərik. Әlbəttə bunu da qeyd etmək lazımdır ki, dünyanın müxtəlif hissələri arasında əndamvari əlaqə və bağlılıq barəsində söhbət edənlərin hamısı eyni səviyyədə bəhs etməyiblər.
Həmin məsələdən məqsədimiz dünyanın parçalanmaz və ayrılmaz bir quruluşa malik olmasıdır. Yə`ni dünyanın varlıqları arasındakı əlaqəni, onun bə`zi hissələrini aradan götürərək digər hissələrin saxlamaq fərz edilməsi mümkün olan şəkildə deyil. Onun bir hissəsinin saxlanılması hamısının saxlanılması demək olduğu kimi, bə`zi hissələrinin aradan götürülməsi də hamısının aradan götürülməsi deməkdir.
Buna görə də təkcə yoxluqlar varlıqlardan və nisbi varlıqlar həqiqi varlıqlardan deyil, hətta həqiqi varlıqlar da bir-birlərindən ayrılmazdırlar. Deməli, şərlər yuxarıda dediyimiz iki cəhətdən əlavə və həmin iki cəhəti nəzərə almadan da xeyirdən ayrılmazdır. Hafizin dili ilə desək, «Mustafanın çırağı» ilə «Әbu Ləhəbin pisliyi» bir birinin kənarındadır.
Dər in çəmən qole bi xar kəs nə çid ari
Çerağe musətəfəvi ba şərare buləhəbist
Mə`nası: Bu çəməndə heç kəs tikansız gül dərməyib; bəli, Mustafanın çırağı Әbu Ləhəbin pisliyi ilədir (yə`ni yaxşı ilə pis bir-birindən ayrılmazdır).
O, aşağıdakı şe`rində də dünya varlıqlarının bir-birlərindən ayrılmazlıqlarına işarə edib.
Mə`nası: Eşq məktəbində küfrün olması, qarşısıalınmazdır (yə`ni nə qədər ki, dünya var, pislik də olmalıdır); Әbu Ləhəb olmasa, atəş kimi yandırar?
ÜMUMI QURULUŞ
Bura kimi olan söhbətimiz varlıq aləmindəki şeylərin bir-biri ilə əlaqə və bağlılığı, dünyanın parçalanaraq bölünməsinin qeyri-mümkünlüyü barəsində idi. Bundan əlavə digər bir məsələni də nəzərə almaq lazımdır ki, şeylər yaxşılıq və pislik baxımından tək və digər əşyalardan ayrı nəzərə alınanda bir hökmə, ümumi bir quruluşun bir hissəsi və əndamın bir üzvü kimi nəzərdə tutulanda isə, digər bir hökmə malik olurlar və bu hökm bə`zən birincinin ziddinə olur. Mə`lumdur ki, həqiqətən tək olan şeylər bir sistemdə fərz ediləndə, onların həqiqi vücudları fərdi, cəmdəki orqanik vücudları isə şərti və e`tibari olduğu kimi, həqiqətən və yaradılış baxımından bir quruluşun üzvü olan varlıqlar tək nəzərdə tutulanda da, onların orqanik vücudları həqiqi vücudları, fərdi vücudları isə şərti vücudları olur. Indi belə deyirik:
Әgər bizdən düz və ya əyri xəttin hansının yaxşı olmasını soruşsalar, əlbəttə düz xəttin əyri xətdən yaxşı olmasını deyərik. Lakin soruşulan xətt ümumi bir quruluşun bir hissəsi olsa, hökm çıxarmaq üçün həmin ümumi quruluşun tənasübünü nəzərə almalıyıq. Hər hansı bir cəmdə, mütləq formada nə düz və nə də əyri xətt yaxşı deyil. Insanın alnında qaşın əyri, burunun düz, dişlərin ağ, göz bəbəyinin isə qara olması yaxşıdır. Aşağıdakı cümlənin sahibi çox gözəl deyib.
Mə`nası: Qaşın gözəlliyi onun əyri olmasındadır; əgər düz olsaydı, yaxşı görünməzdi.
Ümumi bir quruluşda hər bir şey öz simmetriya qanununa uyğun olduqda gözəl görünür.
Әz şir həmle xoş budo əz ğəzal rəm
Mə`nası: Şirin yaxşılığı onun başqa heyvanlara hücum etməsi, ceyranın yaxşılığı isə onun qaçmasındadır.
Rəsm əsərində müxtəlif rənglər və çalarlar olmalıdır, hər bir şeyin bir rəngdə olması isə düzgün deyildir.
Biz dünyanı ümumi və cəm şəklində nəzərə alanda, ümumi quruluş, simmetriya, harmoniya, tənasübdə alçaqlıq və yüksəkliklərin, eniş-yoxuşun, qaranlıq və işığın, ləzzət və narahatçılıqların, müvəffəqiyyət və uğursuzluqların hamısının lazımlığını qəbul etmək zərurətindəyik.
Ke hər çizəş be caye xiş neykust
Mə`nası: Dünya qaş, göz, xal kimidir ki, onların hər biri öz yerində gözəldir.
Ümumiyyətlə, əgər ixtilaf və ayrılıq olmasa, çoxluq və rəngarənglik və habelə müxtəlif varlıqlar olmayacaq. Onda istər gözəllik, istərsə də çirkinlik və ya pis və yaxşı quruluşun heç bir mə`nası olmayacaq. Әgər dünyada fərq və ixtilaf olmasaydı, onda dünyanın hamısı, məsələn karbon kimi sadə və bəsit bir maddədən yaranmalı idi. Dünyanın əzəmət və gözəlliyi onun sonsuz rəngarəngliyindədir. Qur`ani-kərim rəng, dil, gecə-gündüz, insanlar və sairə şeylər arsındakı fərqləri Hakim və Həkim yaradanın qüdrət nişanələrindən hesab edir.
ÇIRKINLIK GÖZӘLLIYIN AYNASIDIR
Çirkinliklərin mövcud olması, onların təkcə dünyanın bir hissəsi olmaları və ümumi quruluşun onlara bağlı olması cəhətindən zəruriliyindən əlavə, gözəllikləri daha yaxşı göstərərək əks etdirmək baxımından da lazımdır. Әgər gözəlliklə çirkinlik bir-birlərinin qarşısında dayanmasaydılar, nə gözəl gözəl, nə də çirkin çirkin olardı. Әgər dünyada çirkin olmasaydı gözəl də olmazdı. Dünyada hamı gözəl olsaydı, heç kəs gözəl olmazdı. Çirkin də belədir, yə`ni əgər hamı çirkin olsaydı, daha heç kəs çirkin sayılmazdı. Әgər hamı Yusif kimi gözəl olsaydı, gözəllik aradan gedərdi. Həmçinin əgər hamı Cahiz kimi çirkin olsaydı, dünyada çirkinlik mövcud olmazdı. Güc məsələsi də belədir. Әgər bütün insanlar qəhrəman gücünə malik olsaydılar, qəhrəmanlıq mövcud olmazdı. Qəhrəmanların bu qədər tə`riflənmələrinin səbəbi onların saylarının az olması ilə bağlıdır. Həqiqət budur ki, insanların gözəllikləri dərk və hiss etmələri bu gözəlliklərin müqabilində çirkinliyin olması şəraitində mümkündür. Insanların gözəlliklərə tərəf hərəkət edərək onlara vurulmaları, başqa sözlə desək, gözəlliyə doğru cəzb edilməyin səbəbi, onların çirkinlikləri görərək onlardan üz döndərmələridir. Həmçinin əgər dağlıq və yüksəkliklər olmasaydı, düzənlik olmazdı və su yuxarıdan aşağı axmazdı.
Әslində gözəllərin cazibə qüvvəsi çirkinlərin dəf etmə qüvvəsindən güc alır. Gözəlliyin əfsun və cadugərliyi çirkinliyin nursuzluğundan doğur. Çirkinlərin gözəllərin boyunlarında çox böyük haqları var. Çünki, çirkinlər olmasaydı, gözəllər seçilməz və məşhurlaşmazdı. Onlar öz mə`na və məfhumlarını çirkinlərdən alıblar. Әgər hamı bir cür olsaydı nə hərəkət, nə cazibə, nə eşq, nə qəzəl, nə dərd, nə ah-nalə, nə yanğı, nə hərarət və nə də heç nə olmazdı. «Dünyada hər şey bir olsaydı, dünya daha yaxşı olardı» demək, xam bir xəyaldır. Onlar elə bilirlər ki, ədalət və hikmət hər şeyin bir və bərabər olmasını tələb edir, halbuki, bütün yaxşılıq və gözəlliklər, həyacan və hərəkətlər, yerdəyişmələr və təkamüllər həmin yeknəsəqlik və bərabərlikdə məhv olur. Әgər dağla dərə bir olsaydı, nə dağ və nə də dərə olardı. Әgər eniş olmasaydı, yoxuş da olmazdı.
(Eşq məktəbində küfrün olması, qarşısıalınmazdır.)
Әlbəttə belə təsəvvür etmək olmaz ki, hikmət sahibi olan Allah, mövcud quruluşun ən gözəl quruluş olması üçün, əsas diqqəti cəm və ümumi kütləyə olduğuna görə, hamısı pis və ya yaxşı olmaq imkanı baxımından bərabər olan varlıqların pis olmaq imkanı ola bilənini yaxşı, yaxşı ola bilənini isə pis yaradıb, püşk və əsassız bir iradə ilə onların hər birini öz vəzifəsinə tə`yin edib.
Bundan əvvəl dedik ki, dünya şaquli və üfüqiliyi nəzərə alınmadan zəruri bir quruluşa malikdir və Allah-taala hər bir varlığa qəbul edə biləcəyi vücud, kamal və gözəllik verir və bu barədə olan nöqsanlar ilahi feyz tərəfindən deyil, həmin varlığın öz zatı tərəfindəndir.
«Çirkinliyin filan faydası var» deməyin mə`nası, gözəl yaradıla bilən filan şəxsin digər bir şəxsin gözəlliyinin üzə çıxması üçün çirkin yaradılması demək deyil və buna görə də «nə üçün iş, bunun əksinə olmadı?» sualı mə`nasızdır. Həmin cümlənin mə`nası budur ki, hər bir varlığın özünün mümkün gözəllik və kamilliyinin ən yüksək həddini əldə etməsi ilə yanaşı bu ixtilafların gözəlliyin dəyər qazanması, cazibə və hərəkət yaranması və bu kimi bir sıra müsbət tə`sir və faydaları da vardır. Indi çəkəcəyim misal, bəlkə də məsələni daha yaxşı aydınlaşdıracaq.
CӘMIYYӘT, YOXSA FӘRD?
Alimlər «cəmiyyət, yaxud fərdin əsaləti» adı ilə fərd və ya kütlənin əsas olması barəsində bəhs edirlər. Bu barədə bə`zən fəlsəfi cəhətdən bəhs edilir və bu sual irəli sürülür ki, fərd və şəxs həqiqi, kütlə isə e`tibari və intizaidir? Yoxsa, məsələ bunun əksinədir və fərd e`tibari və intizai, cəmiyyət isə həqiqidir? Әlbəttə burada üçüncü bir forma da fərz edilə bilər və o, bunların hər ikisinin əsil və həqiqiliyidir və bizim fikrimizcə bu, düzgün olan yeganə fərziyyədir. Bə`zən isə bu məsələ barəsində hüquqi və qanunun fəlsəfəsi baxımından söhbət edilir və məqsəd qanunun hədəfidir. Sual budur ki, görəsən qanunun hədəfi «fərdin xoşbəxtliyidir», yoxsa «kütlənin qüdrəti?» Fərdi əsalətin tərəfdarları deyirlər ki, qanunverici mümkün olan qədər fərd və şəxslərin asayiş, rifah, azadlıq və rahatlığını nəzərdə tutmalıdır və ilk növbədə əhəmiyyət daşıyan məsələ, fərdin xoşbəxtliyidir; cəmiyyətin dağılaraq məhv edilməsindən başqa heç bir şəraitdə, cəmiyyətin mənafeyi bəhanəsi ilə fərdlərin rahatlıq və xoşbəxtliyini əllərindən almaq olmaz. Yalnız belə bir yerdə cəmiyyətin mənafe və məsləhətini fərdi mənafedən üstün tutmaq olar. Çünki, cəmiyyət dağılanda təbii olaraq fərd də məhv olacaqdır və əslində burada da fərdin məsləhət və mənafeyi nəzərdə tutulub. Amma cəmiyyətin əsaləti nəzəriyyəsinin tərəfdarları deyirlər ki, ilk növbədə əhəmiyyət daşıyan məsələ, cəmiyyətin qüdrətli və izzətli olmasıdır və qanunverici və siyasətçilər öz sə`ylərini cəmiyyətin izzət, güclülük və qüdrətliliyi istiqamətində toplamalıdırlar. Fərdin nailiyyət, asayiş, şadlıq, səadət, xoşbəxtlik və azadlığı, bir sözlə fərdlə bağlı olan hər bir şey cəmiyyətə qurban verilməlidir, hətta əgər bütün fərdlər əzab-əziyyət və bədbəxtçilik çəkməli olsalar belə, cəmiyyət başıuca olmalıdır.
Bu iki fikri müqayisə etmək üçün ölkənin dövlət büdcəsini nəzərdə tutaq. Әgər ölkə başçıları fərdin əsaləti düşüncəsinə malik olsalar, cəmiyyətin ümumi inkişafı zəifləsə belə, öz ölkələrinin büdcələrini fərdlərin asayişini tə`min etmək və ölkə əhalisinin ümumi iqtisadi vəziyyətinin yaxşılaşması istiqamətində olan proqramlara sərf edəcəklər. Amma onlar, cəmiyyətin əsaləti təfəkkürünə malik olsalar, fərdi ehtiyaclara əhəmiyyət verməyərək cəmiyyətin gələcək inkişafını və digər cəmiyyətlər arasında baş ucalığını tə`min edəcək proqramlar hazırlamağa çalışacaqlar. Dünyanın qüdrətli ölkələrinin kosmik uçuş proqramları həmin təfəkkür tərzinə əsaslanır. Bildiyimiz kimi, həmin proqramlar səhiyyə və ümumi tə`lim-tərbiyə proqramlarından qabaqda durur. Həmin proqramları hazırlayanlar üçün ölkələrində insanların ac, xəstə, nadan və cahil olmaları əhəmiyyət daşımır. Onlar üçün mühüm olan şey, ölkələrinin baş ucalığı və iftixar məsələsidir. Bu proqramların xərci o qədər ağır və çoxdur ki, həmin xərclər ölkə əhalisinin belini sındırır və həmin dövlətlər, incə hiylələrlə dünya sərvətlərinin əlli faizini oğurlamalarına baxmayaraq, yenə də büdcə çatışmamazlığı ilə üzləşirlər.
Məsələ burasındadır ki, həmin böyük büdcələr iqtisadi, mədəni və səhiyyə proqramı ilə ümumi kütlənin xeyrinə sərf edilsə, xalq üçün rifah, asayiş və azadlıq yarana bilər. Amma həmin büdcələr əhalinin əzilməsinə baxmayaraq, dediyimiz proqramlara sərf ediləndə cəmiyyətin fəxr və ağalığına səbəb olur.
Cəmiyyətin əsaləti nəzəriyyəsinin tərəfdarları deyirlər ki, ilk növbədə cəmiyyətin qüdrət və iftixar məsələsini nəzərə almaq lazımdır. Fərdi əsalətin tərəfdarları isə, ilk növbədə fərdin mənafe, asayiş və azadlığının mülahizə olunmasını vurğulayırlar.
Bizim bu məsələni irəli sürməkdən məqsədimiz, diqqəti fərdin hesabının kütlənin hesabından ayrı olmasına cəlb etməkdir. Fərd üçün ziyanlı və çirkin olan şey, cəm üçün xeyirli və gözəl ola bilər.
TUTUMLARIN FӘRQI
Dediyimiz kimi, insan cəmiyyətlərində bə`zən fərd ilə cəm arasında qarşıdurma və ziddiyyət yaranır, yə`ni bə`zən fərdin, cəmiyyətin mənafeyi üçün öz hüququndan məhrum olması lazım gəlir. Amma dünyanın təbii quruluşlarında məsələ belə deyil. Orada dünyanın ümumi quruluşunun gözəl olması üçün heç bir fərd və hissəyə zülm edilməyib.
Ikinci fəsildə «Fərqlərin sirri» adı altında etdiyimiz söhbətdə mə`lum oldu ki, dünyanı kamil və gözəl tablo şəklinə salmış fərq və ixtilaflar zatidirlər. Yaradılışda varlıqlar üçün müəyyənləşdirilmiş yer və mövqeylər dəyişilə bilən ictimai mövqe və vəzifələr kimi deyil.
Həmin vəzifə və yerlər həndəsi fiqurların xüsusiyyətləri kimi, zati xüsusiyyətlərdir. Bizim «üçbucağın bucaqlarının cəmi iki düz bucağa (yə`ni 180 dərəcəyə) bərabər olmasını, dördbucağın bucaqlarının cəmi isə dörd düz bucağa (yə`ni 360 dərəcəyə) bərabər olmasını» deməyimizin mə`nası bu deyil ki, ona 180 dərəcə olmaq, digərinə isə 360 dərəcə olmaq (xaricdən) verilib. Buna görə də «nə üçün üçbucağa zülm edilərək ona dörd bucağın xususiyyəti verilməyib?» sualı mə`nasızdır. Bəli, üçbucaq həmin müəyyən xüsusiyyətdən başqa heç bir xüsusiyyətə malik ola bilməz. Üçbucağı heç kəs üçbucaq etməyib, yə`ni məsələ belə deyil ki, o, əvvəl başqa bir şəkildə və başqa xüsusiyyətlərə malik bir şey olub və sonra kimsə gəlib onu üçbucaq edib və yaxud üçbucaq, dördbucaq və sairə öz varlıqlarının hansısa bir mərhələsində və öz həqiqi məqamlarının hansı birindəsə heç bir xüsusiyyətə malik olmayıblar və sonra məcburi bir qüvvə gəlib həmin xüsusiyyətləri onların arasında bölüb və üçbucağa bucaqlarının cəminin 180 dərəcəyə bərabər olması xüsusiyyətini, dördbucağın bucaqlarının isə 360 dərəcəyə bərabər olma xüsusiyyətini verib. Buna görə də «nə üçün ayrı-seçkilik edilib?» sualının yaranmasına heç bir yer yoxdur. Yaxud üçbucaq «mənə cəfa edilib, gərək mən də dördbucaqlının xüsusiyyətlərinə malik olum!» e`tirazını edə bilməz.
Dünyanın varlıqları arasındakı fərqlər də bu cürdür. Cansız əşyaların inkişaf və dərk etmə qüvvəsinə malik olmamaları, bitgilərin isə inkişafa malik olaraq dərk etmə qüvvəsindən məhrum olmaları, heyvanın həm inkişaf və həm də dərk etmə qüvvəsinə malik olmasının səbəbi cansız əşya, bitgi və heyvanın vücudunun məqam və dərəcəsinin zati xüsusiyyətlərindəndir, yə`ni məsələ belə deyil ki, onların hamısı əvvəl bir olublar, amma yaradan sonra birinə dərk etmə və inkişaf xüsusiyyəti verib, digərinə isə heç nə verməyib və üçüncüsünə digər bir şey verərək digərini həmin şeydən məhrum edib. Әbu Әli ibni Sinanın məşhur bir cümləsi var ki, həmin cümlə bu həqiqəti açıqlayır. O deyib: «Allah əriyi ərik etməyib, onu yaradıb!»
Burada ərik misal olaraq qeyd edilib və məqsəd bütün varlıqlardır. Allah əşyaları yaradıb və onların xilqətdə bir-birləri ilə fərq və ixtilafları var. Allah ərik, alma, nar və sairəni yaradıb. Amma məsələ belə deyil ki, məsələn, onların hamısı əvvəl bir cür olublar və Allah onların arasında fərq qoyub.
Allah zamanı yaradıb. Zamanın keçmiş, indiki və gələcək kimi müəyyən xüsusiyyətləri vardır. Allah zamanı necə yaradıb? Görəsən zamanı, əvvəl bütün hissələri bir toplum şəklində olan sap yumağı kimi yaradıb və sonra onu çəkib açaraq bu şəklə salıb? Allah cismi də yaradıb. Cismi məsələn, əvvəl həcm, uzunluq və tutumsuz yaradıb və sonra ona həcm və tutum verib, yoxsa cismi yaratmaq tutum, həcm və uzunluğun yaranması ilə bərabərdir və cismin yaradılması ilə uzunluq və tutumun yaranması arasında hansınınsa əvvəl və ya sonra olması və ikilik yoxdur.
Qur`ani-kərimin bu barədə də çox incə bir ifadəsi var. Qur`an Musa ibni Imranın dilindən nəql edir ki, Fir`on ondan və qardaşı Harundan sizin Rəbbiniz kimdir? deyə soruşanda Musa belə cavab verir:
قَالَ رَبُّنَا الَّذِي أَعْطَى كُلَّ شَيْءٍ خَلْقَهُ ثُمَّ هَدَى
«...Rəbbimiz hər şeyə Öz surətini və şəklini verən, sonra da ona doğru yolu göstərən Allahdır» (Ta-ha 50).
Burada, «xələqəh» kəlməsində maraqlı bir nöqtə var. Kəlmənin əvəzliyə izafə edilməsindən belə başa düşülür ki, hər bir şeyin xüsusi bir yaradılışı var və həmin yaradılış yalnız həmin şeyə məxsusdur. Belə ki, hər bir şey yaradılışın yalnız bir formasını qəbul edə bilər və Allah, ona həmin yaradılışı əta edir. Belə fikirləşmək olmaz ki, məsələn əşyalar hansısa başqa bir formada olublar və Allah onları indi olduqları şəklə salıb. Həmçinin bu fikir də səhvdir ki, əşyalar heç olmasa indikindən pis və ya yaxşı başqa cür və başqa yaranışda ola bilərlərmiş, amma həmin imkanların mövcud olmasına baxmayaraq, Allah bu xüsusi formanı seçib. Həqiqət budur ki, dünya yalnız mövcud forma və quruluşda ola bilərdi və onun hər bir hissəsi yalnız müəyyən yaradılış formasında olmaq imkanında olub və Allah hər bir şeyə həmin mümkün formanı verib.
Qur`an bu mətləbi çox ali və lətif bir təmsillə bəyan edib. Qur`an, yuxarıdan tökülərək tədricən sel yaradan və müxtəlif çay və arxların axarlarında yer tutan yağış suyunu misal çəkərək belə buyurur:
أَنزَلَ مِنَ السَّمَاء مَاء فَسَالَتْ أَوْدِيَةٌ بِقَدَرِهَا
«Allah göydən bir yağmur endirdi, vadilər öz tutumlarına görə onunla dolub daşdı...» (Rə`d-17)
Yə`ni Allahın rəhməti şərait və iste`dada malik heç bir varlığı məhrum etmir, amma varlıqların iste`dad və tutumları da bərabər deyil. Iste`dadlar müxtəlifdir, hər bir qab Allahın rəhmətindən öz tutumu qədər bəhrələnə bilər.
Bu nöqtə, bizim ikinci fəsildə «fərqlərin sirri» adı ilə bəyan etdiyimiz mətləb idi. Onu burada təkrar etmək təkmilləşdirmə faydasından əlavə, dünyanın yaradılışında cəmiyyətin əsalətinin nəzərdə tutulmasının və ümumi quruluşun gözəlliyi üçün bə`zi hissələrə zülm edilməsinin güman edilməməsi məqsədi daşıyırdı. Bəli, burada gözəl bir toplum yaranıb və onun gözəlliyi fərq və ixtilafların olmasına borcludur. Burada həm fərdi haqlara və həm də şəxsi mənafelərə riayət edilib.
Şərlər məsələsinə edilmiş iradların cavabında yalnız, ümumi quruluşda fərqlərin olmasının lazım və zəruriliyinə istinad edənlərin cavabları naqisdir, çünki, belə olan surətdə nöqsanlı yaradılan fərd və hansısa bir hissənin nə üçün məhz onun naqis olması məsələsinə e`tiraz etmək haqqı var. Bəli, həmin naqis şəxs «əgər ümumi quruluşda biri kamil, digəri isə naqis yaradılmalı idisə, nə üçün başqası deyil, məhz mən naqis yaradıldım?» sualını verə bilər. Nə üçün iş bunun əksi olmayıb? Həmçinin çirkin olan da e`tiraz edə bilər ki, «indi ki, yaradılış aləmində həm gözəl və həm də çirkin olmalıydı, nə üçün mən çirkin, başqası isə gözəl oldu? Nə üçün bunun əksi olmayıb? Әgər vücuddan biri çox, digəri isə az bəhrələnməlidirsə, nə üçün məsələn «A»-ya çox «B»-yə isə az çatmalı idi?»
Buna görə də dünyanın ümumi quruluşunda, gözəllə çirkinin, kamillə naqisin birlikdə olmasının zəruriliyini demək məsələni həll etmir və tutulan irada cavab olmur. Bu mətləbi də artırmaq lazımdır ki, bütün bunlarla yanaşı varlıqların hər biri və dünyanın hər hansı bir hissəsi, özünün ala bilməsi mümkün olan haqq və payını alıb.
Başqa sözlə desək, şərlər və pisliklər üçün «fayda», «hikmət» və «mənafe» adı ilə zikr edilən şeylərin hamısı, bizim səbəblərlə nəticələr, həmçinin müqəddimə ilə nəticə və hədəflə nəzərdə tutulan şey arasındakı əlaqələrin zəruriliyi və ilahi sünnənin dəyişməzliyini başa düşməyimizdən sonradır.