Azəri
Monday 14th of October 2024
0
نفر 0

Qadının ailə qurması və atanın icazəsi

Qadının ailə qurması və atanın icazəsi

 


     Bəzi insanlar qızın ailə qurmasında atanın icazə verməsini qadın azadlığının məhdudiyyəti kimi qiymətləndirmişlər. Halbuki:
      Birinci: Fəqihlər arasında bu sahədə fikir ayrılıqları mövcuddur. Belə ki, fəqihlərin bəzisi, xüsusilə də yeni fəqihlər nikahda atanın icazəsi və izninin lazım olmadığını bildirirlər.
      İkinci: Atanın icazəsi şərtini bildirən fəqihlər bunun yalnız bakirə qızlara aid olduğunu bildirirlər. Həmçinin atanın izninin şərt olmasını bildirən şəxslər atanın icazəsi olmadan evlilik həyata keçdiyi təqdirdə belə, bu nikahı batil və səhv bilmirlər.
      Üçüncü: Qızların ailə həyatı qurmaq məqsədilə atalarından icazə almalarının lazım və yaxud bəyənilən olmasının fəlsəfəsi, qadınların ictimai inkişafdan geri qalmaları mənasını daşımır. Əgər belə olsaydı, dul qadın da atasından icazə alardı. Halbuki, dul qadının ailə qurması üçün atadan icazə alması lazım deyil.
      Dördüncü: Atanın izni məsələsi psixoloji bir məsələdir. Bu bir tərəfdən kişilərin ovçuluq hissinə, digər tərəfdən isə qadının kişinin sədaqətinə tez inanıb aldanması məsələsinə qayıdır. Kişi şəhvətin quludur, qadın isə məhəbbətin. Kişi qadını eşq-məhəbbətdən, sədaqət və vəfadan söz açmaqla özünə əsir edir. Qız bakirə olduğu və kişilərlə heç vaxt təmasda olmadığından, onların eşq-məhəbbət barədəki sözlərinə daha tez aldanırlar. Belə olduqda təcrübəsiz qızlar kişilərin hisslərindən daha yaxşı baş çıxardan və demək olar ki, həmişə öz qızlarının səadət və xoşbəxtliyini istəyən atalarından məsləhət almalıdırlar. Çünki ataları ilə bu sahədə məsləhətləşmək və onların iznini almaq qızların öz xeyrinədir. Burada qanun heç vaxt qadına qarşı təhqirlə yanaşmamışdır, əksinə onu daha da dəstəkləmişdir.
      Beşinci: Fəqihlər deyirlər: Bakirə qızın atasının izni və icazəsi olmadan ailə qurması düzgün olmadığı kimi, qızın və yaxud qadının da şəxsi icazəsi olmadan ərə verilməsi düzgün deyildir, onların tam olaraq icazəsi olmalıdır. Deməli, qadın onun üçün gəlmiş elçilərə “yox” deyərək, qəbul etməyə bilər və heç kim onu bu işə məcbur edə bilməz. Bu hökm adət-ənənələrlə də üst-üstə düşür.
      Altıncı: Fəqihlər deyirlər: Əgər qızın sahibi (yəni atası) ona öz həqiqi həmtayı ilə ailə qurmağa icazə verməzsə, həmin şəxsin sahiblik və vəlilik öhdəliyi ondan götürülür. Deməli, qadın atası icazə verməsə belə, özünün düz bildiyi şəxslə ailə qura bilər. Çünki sahibin və vəlinin kim olduğu açıqlanarkən bildirilir ki, o, qızı üçün məsləhət bilinən məsələləri həyata keçirməlidir.
     

 

 

 

 

Hamilə qadın oruc tuta bilərmi?

 

Bəzi hamilə xanımlar oruc tutmağın hamiləlikdə qoyduğu mənfi təsirləri hiss edib oruc tutmurlar, digərləri isə, hamiləliyin axırlarında taqətdən düşməklərinə baxmayaraq, Ramazan ayının orucunu tuturlar. Onlardan hansının düzgün qərar verdiyini necə bilmək olar? Rəvayətlərə nəzər saldıqda və hamilə xanımların fiziki durumlarını araşdırdıqda hamilə xanımların doğru qərar verməkləri asanlaşar. Belə ki, hamiləlikdə uşağın və ananın sağlam inkişafına önəm verildiyi üçün İslam məsələnin həllini xanımların öz ixtiyarına qoyur. Həmin rəvayətlərdən bəzisini nəzərinizə çatdırırıq: İmam Cəfər (ə) oruc tutanın və xəstənin həddini bəyan edərək belə buyurub: “Bu onun özundən asılıdır, çünki qadın öz fiziki durumunu digərlərindən daha yaxşı başa düşür”. Əba Cəfərdən (ə) rəvayət olunur ki, doğuşuna yaxın olan hamilə qadınlar və südü az olan analar Ramazan ayının orucunu tutmaya bilərlər. Çünki onların oruc tutmağa taqətləri olmur. Sonradan orucun qəzasını tutmalı və sədəqə verməlidirlər”.
     Həmçinin hamiləliyin ilk aylarında da ortaya çıxan bəzi dözülməz hallar, ürək bulanması, sürətlə qidalanmaq hamilədə xəstə hökmünü ortaya çıxarır. Əlbəttə, hər kəsin vəziyyəti fərqli ola bilər. Habelə, hamiləliyin axır vaxtlarında da oruc tutmaq ana üçün dözülməzdir. Çünki uşağın inkişafı axır üç ayda sürətlə artır. Axır iki ayında isə, uşağın çəkisi iki bərabər olur. Bu zaman döl birbaşa ananın qanı ilə qidalandığından, dölün qidaya olan ehtiyacı ananı kifayət qədər yeməyə sövq edir. Belə ki, iştahanın artması səbəbilə mədə fasiləsiz çalışır. Bu vaxt ana az miqdarda, lakin tez-tez yeməlidir. Əgər süd vermək səbəbilə ananın südü azalarsa və bununla da körpənin qidalanmağında problemlər ortaya çıxarsa, onda imam Hadinin (ə) hədisindən istifadə edərək deyə bilərik ki, bu qisim analar oruclarını daha sonra qəza edəcəklər. Hədisin mətni bu cürdür: “Əgər uşaq üçün dayə tutmaq mümkündürsə, dayə tutulmalı və bu halda ana öz orucunu qəza etməməlidir. Bu hal onun üçün mümkün olmazsa, orucunu yeməli və körpəsini əmizdirməlidir. Daha sonra imkan düşəndə orucunun qəzasını tutmalıdır”.
     
     

Hamilə qadının oruc tutmasına dair şəri hökmlər


     – Əgər hamilə qadın orucun bətnindəki uşağa zərəri olacağından qorxsa, oruc tutmamalı və hər gün üçün fidyə verməlidir. Sonralar orucun qəzasını tutmalıdır. (Ayətullah Xamenei “Şəri suallara cavab”, 803 və 806-cı suallar)
      – Əgər süd verən qadın oruc tutma nəticəsində südünün azalması və ya quruması səbəbilə körpəsinə zərər olacağından qorxsa, oruc tutmamalıdır. O, hər gün üçün fidyə verməli və sonralar orucun qəzasını tutmalıdır. (Ayətullah Xamenei “Şəri suallara cavab”, 747-ci sual)
     Diqqət: İki il ardıcıl hamilə qalan qadın əgər şəri üzrü olduğuna görə oruc tuta bilməsə, təkcə orucun qəzası ona vacib olur. Əlbəttə əgər onun şəri üzrü orucun bətnindəki körpəyə və ya dünyaya gələn körpəsinə zərəri olacağından irəli gələn qorxudursa, orucun qəzasından əlavə hər gün üçün fidyə də verməlidir. Habelə, əgər orucun qəzasını şəri üzrü olmadan gələn ilin Ramazan ayınadək tutmasa, qəza və fidyədən əlavə qəza orucunu təxirə salma kəffarəsi də ona vacib olur. (Ayətullah Xamenei “Şəri suallara cavab”, 806-cı sual)
     

Fidyənin miqdarı


      Fidyə, bir müdd təamdan ibarətdir və yoxsula verilməlidir. Bir müdd=750 qr. yеməkdir. (Ayətullah Xamenei “Şəri suallara cavab”, 747, 752 və 806-cı suallar)
     
     Sual: 750. Hamiləliyin ilk aylarında qadına oruc tutmaq vacibdirmi?
     Cavab: Təkcə hamiləliyin orucun vacibliyi üçün hеç bir manеəsi yoxdur. Amma oruc tutmaqla qadının özü və ya bətnində olan uşağı üçün zərər təhlükəsi olsa və bu təhlükə ağıl qəbul еləyən bir еhtimaldan doğsa, onda o qadına oruc tutmaq vacib dеyildir.
     Sual: 751. Əgər hamilə qadın oruc tutmağın bətnində olan uşağa zərər olub-olmamasını bilməsə, onda oruc tutmaq ona vacib olarmı?
     Cavab: Əgər oruc tutmaqla qadının bətnində olan uşaq üçün zərər təhlükəsi olsa və bu təhlükə ağıl qəbul еdən еhtimaldan doğsa, onda ona vacibdir ki, orucunu açsın; bеlə olmazsa, onda vacibdir ki, orucunu tutsun.
     Sual: 753. Həmd olsun Allaha ki, hamiləlikdən sonra mənə bir övlad vеrdi və o, hal-hazırda süd əmir. İnşaallah qarşıdan mübarək ramazan ayı gəlir və mənim də oruc tutmağa imkanım var. Lakin mən fiziki cəhətdən zəif olduğum üçün oruc tutanda südüm quruyur. Əlhəmdu-lillah, uşaq da hər on dəqiqədən bir məndən süd istəyir. Mən nə еtməliyəm?
     Cavab: Əgər oruc tutmaqla südün azalması və ya quruması uşağınıza zərər təhlükəsi yaratsa, onda icazə vеrilir ki, orucunuzu yеyəsiniz və hər günə bir “müdd” fəqirə vеrməklə orucun qəzasını tutasınız.
      (“Şəri suallara cavab”, Ayətullah Xamenei)

 

 

Çox arvadlılıq

 

Qurani-Kərimdə qadınlara aid nazil olmuş bəzi ayələr haqqında yanlış düşüncələr mövcuddur. Biz onlardan bəzisinə toxunacağıq. Daha çox mübahisələrə səbəb olan (ən çox da qeyri-müsəlmanlar tərəfindən dinimizə qarşı təhqir kimi səslənən) məsələlərdən biri çox arvadlılıqdır. İlk öncə bu məsələ ilə bağlı üzləşdiyim bir hadisəni nəzərinizə çatdırmaq istərdim: San Fransiskoda keçirilən konfransda İslam haqqında çıxış edərkən, konfrans iştirakçılarından bir qadın mənə belə bir iradla müraciət etdi: “İslam dini eyni vaxtda bir kişiyə dörd qadınla evlənməyə icazə verdiyi halda nəyə görə bir qadına dörd kişi ilə evlənməyi qadağan edib? İslam dinindəki ədalət budurmu?!” Mən ona belə cavab verdim: “Sizin ölkədə subay gənclərin ehtiras¬larını söndürməkdən ötrü qadınlardan ibarət xüsusi barlar (salonlar) vardır. Kön¬lündən eyş-işrət keçən gənclər oraya gedib, pullarını köçürdükdən sonra istədiyi qadınlarla qeyri-qanuni cinsi əlaqədə olurlar. Bəs, nə üçün bu ölkədə kişilərdən ibarət salonlar yoxdur ki, könlündən eyş-işrət keçən qadınlar oraya daxil olub öz cinsi rahatlıqlarını təmin etmək üçün istədikləri kişilərlə vaxt keçirə bilsinlər?” Sual verən qadın susdu, daha danışmadı.... Mən isə sözümə davam etdim: “Çünki qadın təbiətən birdən çox kişini qəbul edə bilmir və şərəfli qadın öz iffətini, izzətini yalnız bir kişinin arvadı olmasında görür. (Hətta şəriətimiz buna icazə verdiyi halda bəzi qadınlar əri öləndən sonra başqasına ərə getməyə belə razı olmurlar). Bundan əlavə, qadın birdən çox kişiylə evlənərsə, nəsil qorunmaz və uşağın atası bilinməz. Həmçinin, kişi uşağın ondan (onunku) olmasına qarşı çox həssasdır. Digər tərəfdən, əgər qadın birdən çox kişiylə evlənmiş olsa, həmin kişilərin sperması qadının bətnində qarışdığından, uşağın kimə nisbət edilməsi şübhəli qalar. O maneələrdən biri də budur: kişi öz arvadı ilə yaxınlıq etmək istəyəndə, öz qadınının yanında başqa kişini görür...”
     Belə bir sual yaranır: görəsən, Allah-Taala kişiyə birdən çox qadınla evlənməyi vacib əmr kimi buyurmuşdur, yoxsa halal bir iş kimi? Çünki vacib və halal hökmü bir-birindən fərqlənir. Vacib o əmələ deyilir ki, insan onu mütləq yerinə yetirməlidir. Əks halda günah etmiş olar. Halal isə o işə deyilir ki, insan onu edib-etməməkdə ixtiyar sahibidir. Əgər o işi yerinə yetirməsə, ona heç bir günah yazılmaz.
     Qurani-Kərimin ayələrində kişiyə müəyyən şərtlər əsasında birdən çox qadınla evlənməyin halal olduğu göstərilir. Allah-Taala “Nisa” surəsinin 3-cü ayəsində belə buyurub: “Əgər yetim qızlarla (evlənəcəyiniz təqdirdə) ədalətlə rəftar edə bilməyəcəyinizdən qorxar¬sınızsa, o zaman sizə halal olan (bəyəndiyiniz) başqa qadınlardan iki, üç və dörd nəfərlə nikah bağlayın! Əgər (onlarla da) ədalətlə dolanmağa əmin deyilsinizsə, o halda təkcə bir nəfər (azad) qadın və ya sahib olduğunuz kənizlə evlənin (yaxud: o halda təkcə bir nəfər azad qadınla evlənin və ya əlinizin altında olan kənizlərlə kifayətlənin). Bu, ədalətli olmağa (ədalətdən kənara çıxmamağa) daha yaxındır”.
     Çox arvadlılıqda əsas məqsədlərdən biri qadının cəmiyyətdə ərsiz və ya arxasız qalma-masıdır. Çünki bu cür qadınlar fərdi və ictimai həyatlarında bir çox çətinliklərlə üzləşirlər. Ümumiyyətlə, hər bir qadın öz ərinin birinci arvadı olmaq istəyir və başqa bir çıxış yolu və yaxud kiminsə birinci arvadı olmasına müvəffəq olmadıqda, ikinci arvad olmağa razılaşır. Daha aydın desək, həmin qadın ərsiz qalmaqdansa, kiminsə qanuni arvadı olmasını üstün tutur.
     Həmçinin, kişi ikinci qadın ilə evlənmədə ixtiyar sahibi olduğu üçün birinci qadın ondan evlənməməyi tələb edə bilməz. Digər tərəfdən, birinci qadının razılaşmaqdan başqa çıxış yolu da yoxdur. Çünki boşanmaq nə məqsədə uyğundur, nə də məsələnin həllidir. Əgər indi o, birinci xanım sayılırsa, boşanandan sonra ya ərsiz, ya da kiminsə ikinci və ya üçüncü xanımı olacaq. Bu səbəbdən həmin qadın ərinin birinci qadını olmasını boşanmaqdan üstün tutacaq.
     Amma bəzi İslam alimlərinin rəyinə görə qadının haqqı vardır ki, ərə gedərkən əqd zamanı şərt kəssin: “Mənim razılığım olmadan ikinci qadınla evlənə bilməzsən”. Bəzi alimlər isə bu şərtin doğru olmadığını söyləyirlər, çünki ədalətlə rəftar edə biləcəyi təqdirdə kişi iki, üç, dörd qadınla evlənə bilər.
     Məsələyə başqa tərəfdən yanaşaq: Cəmiyyətdə kişi və qadının say bərabərliyini nəzərə alsaq, kişilərin qadınlardan az olmasının şahidi olarıq.
     Bunun bir səbəbi də kişilərin müharibə və s. kimi hadisələrdə dünyalarını dəyişməsidir. Əgər qadınların kişilərdən sayca çox olması real faktdırsa və hər bir kişiyə birdən çox qadın düşürsə, nə üçün evlənməyə qadağa qoyulmalıdır? Axı, ailə qurmaq üçün kişilər azlıq təşkil edirsə, ailə qurmaq arzusunda olan qadınlar nə etməlidirlər? Onları himayəsiz buraxmaq olarmı? Axı onların da öz həyatlarını, rahatlıqlarını təmin etmək üçün haqqı vardır.
     Gəlin, başqa növlərə nəzər salaq. Adətən, aparılan müşahidələr say etibarı ilə müqayisədə erkək cinsinin dişi cinsindən azlıq təşkil etdiyini göstərir. Yüz ədəd yumurta üzərində cinsi növlülüyü təyin etmək üçün tədqiqat aparılsa, toyuqların sayı xoruzların sayından çox olacaq. Toyuğun sayca çox olmasının bir səbəbi budur: toyuq bizə yenə də yumurta verir və biz o yumurtadan ya yeyir, ya da o yumurtanı toyuq və ya xoruz çıxarması üçün saxlayırıq.
     Yaxud yüz xurma ağacı əkilsə, onlardan çoxu dişi, azı erkək çıxacaq. Çünki meyvəni gətirən dişi ağaclardır. Yəni dişi xurma ağacı həm xurma, həm də xurma ağaclarının toxumlarını gətirir. Ətrafa diqqət etsək, bütün varlıq aləmində dişi cinsin funksiyasının bu cür olduğunun şahidi olarıq. Səbəbi isə odur ki, erkək cinsi dişi cinsini mayalandırır, o isə məhsul verir.
     İslam ölkələrinə nəzər salsaq, görərik ki, iki qadınla rəsmi evlənənlərin sayı cəmi 3%-ə çatır. Məgər bu, böyük göstəricidir? Bundan əlavə, İslam şəriəti halalın qarşısına elə bir şərt qoymuşdur ki, az adam onun öhdəsindən gələ bilər. Həmin şərt ədalət prinsipidir. Kişi, ancaq ədalətə riayət edəcəyinə əmin olduğu təqdirdə birdən çox qadınla nikah bağlaya bilər.
     3% hesabı, yəni yüz nəfərdən cəmi üçünün iki arvadlı olması deməkdir. O üç nəfərin iki arvadlı olmasına səbəb olan amilləri də unutmamalıyıq. Bəlkə bi¬ri¬nin arvadı yataq xəstəsidir. Onun üçün ikinci arvadla nikah bağlamaq zərurəti meydana çıxır. O nə etməlidir? O, ikinci arvadı almaqdan ötrü, xəstə arvadı boşanmalıdırmı? Yoxsa gedib başqa qadınla zina etməlidir? Axı, xəstə qadını boşamaq da olmaz, onun öz kişisinə ehtiyacı vardır. Başqa qadınla zina etmək isə haramdır.
     Belə olan təqdirdə kişi nə üçün ona halal olan ikinci qadınla evlənməməlidir?
     Statistik hesablamalar göstərir ki, üç qadınla evlənən kişilərin sayı mində birə çatır. Dörd qadınla evlənən kişilərin sayı isə beş mində birə çatır.
     Məgər bu, böyük göstəricidir? Çox arvadlılıq məsələsini problemə çevirmək nə dərəcədə doğrudur? Məgər Allah-Taala insanlar üçün nəyin xeyirli, nəyin zərərli olmasını bilmirmi? Əlbəttə ki, Allahın nazil etdiyi hökmlərdə bir sıra hikmətlər vardır. İstər insan o işdəki hikməti anlasın, istərsə də yox. Bu, İlahi hökmə xələl gətirməz. O hikmətləri görməyənlər isə əlbəttə ki, məsələyə öz bəsit düşüncələri ilə yanaşmalı olacaqlar.
     “Ədalətlə rəftar edə bilməyəcəksiniz” ayəsinin anlamı
     Bəzi təfsirçilər isə Quarani-Kərimin ayələrini düzgün başa düşə bilmədiyindən Allah-Taalanın çox arvadlılığı haram etdiyini söyləyirlər.
     Onlar aşağıdakı ayələri dəlil gətirirlər: “Əgər ədalətlə dolanmağa əmin deyilsinizsə, o halda təkcə bir nəfər qadın və ya sahib olduğunuz kənizlə evlənin! Bu, ədalətli olmağa daha yaxındır” (“Nisa” surəsi, ayə 3). “Siz hər nə qədər cəhd göstərsəniz də, heç vaxt arvadlar arasında ədalətlə rəftar etməyi bacarmazsınız. Barı, (birisinə) tamamilə meyl göstərib, digərini asılı vəziyyətdə (nə ərli kimi ərli, nə də boşanmış kimi boşanmış) qoymayın. Əgər özünüzü islah edib belə hərəkətlərdən çəkinsəniz, (Allah sizi bağışlar). Həqiqətən, Allah bağışlayan və rəhm edəndir!” (Nisa surəsi, ayə 129)
     Həmin təfsirçilər bu iki ayənin mənasından belə başa düşürlər ki, Allah çox arvadlılığa icazə vermir, hətta onun mümkünsüzlüyünü vurğulayır. Çünki iki arvad arasında ədalətlə dolanmaq əsas şərtdir. Ayədə isə “Siz hər nə qədər cəhd göstərsəniz də, heç vaxt arvadlar arasında ədalətlə rəftar etməyi bacarmazsınız” söyləyir. Belə olduğu halda birdən çox qadınla evlənmək qeyri-mümkündür.
     Yaxşı olar ki, həmin təfsirçilər ayələrin mənalarına daha diqqətlə yanaşsınlar. Çünki ayədə deyilir: “Siz hər nə qədər cəhd göstərsəniz də, heç vaxt arvadlar arasında ədalətlə rəftar etməyi bacarmazsınız. Barı, (birisinə) tamamilə meyl göstərib digərini asılı vəziyyətdə (nə ərli kimi ərli, nə də boşanmış kimi boşanmış) qoymayın”. Göründüyü kimi, çox arvadlılıq hökmü olduğu kimi qalır. Sadəcə olaraq, bu ayənin təfsiri onların başa düşdükləri tərzdə deyil.
     Əgər Allah-Taala bu ayədə çox arvadlılığın hökmünü ləğv etmiş olsaydı, onda həmin ayə “Siz hər nə qədər cəhd göstərsəniz də, heç vaxt arvadlar arasında ədalətlə rəftar etməyi bacarmazsınız” cümləsi ilə tamamlanardı və mübahisəyə yer qalmazdı. Amma ayənin sonuna nəzər saldıqda görürük ki: “Barı, (birisinə) tamamilə meyl göstərib digərini asılı vəziyyətdə (nə ərli kimi ərli, nə də boşanmış kimi boşanmış) qoymayın” ayə çoxarvadlılığı isbat edir.
     Bundan başqa, əgər hökm ləğv olunsaydı, onda “Siz nə qədər cəhd göstərsəniz də” kəlməsi nə üçündür? Əgər Allah o hökmü “ədalətlə rəftar etməyi bacarmazsınız” ifadəsi ilə ləğv edibsə, biz nəyə cəhd göstərə bilərik? Deməli, “cəhd göstərmək” sözü hökmün qalmasına sübutdur. Əslində, Allah-Taala kişilərdən imkanları daxilində ədalətə riayət etməyi tələb edir. Allah-Taala belə buyurur: “Barı, (birisinə) tamamilə meyl göstərib, digərini asılı vəziyyətdə (nə ərli kimi ərli, nə də boşanmış kimi boşanmış) qoymayın”. Yəni, Allah kişilərə arvadlardan birisinə çox meyl göstərib, o birisini asılı vəziyyətdə, (yəni nə ərli kimi ərli, nə də boşanmış kimi boşanmış) qoymamağı tövsiyə edir.
     Əgər çox arvadlılıq hökmü ləğv olunsaydı, ayələrdə “birisinə daha çox meyl edib, o birisini asılı vəziyyətdə qoymayın” deyilməzdi. Deməli, Allahın kişilərə bu şəkildə tövsiyə etməsi iki arvadla nikahın səhih olmasını bildirir.
     Digər tərəfdən, əgər birdən çox qadınla evlənmək haram olsaydı, ilk növbədə Peyğəmbərimiz (s) özü xanımlarını boşayıb yalnız birini saxlayardı.
     Bəs, ayədəki “ədalət” kəlməsi hansı mənanı ifadə edir?
     Bu ayədə Allah-Taalanın bizdən tələb etdiyi ədalət şərti mütləq ədalət deyil, əksinə, mümkün ola bilən, yəni insanın gücü çata bilən ədalətdir. Belə ki, burada ədalət, kişinin öz arvadları ilə bərabər vaxt keçirməsi, onların xərclərini eyni tərzdə ödəməsi kimi məsələlərdə bərabərliyə riayət etmə anlamını ifadə edir. Təbii ki, kişinin bir qadını üçün israfçılıq edib, o birisi üçün xəsislik etməsi ədalətdən deyil. İslam dini nə israfçılığı, nə də xəsisliyi bəyənir. Lakin kişidən arvadlar arasında məhəbbət baxımından ədalətlə rəftar etməsi tələb olunmur. Kişi birini o birindən çox sevə bilər. Qəlblə bağlı olan sevgi-məhəbbət iradəyə tabe olmadığından ədalət şərti bu məsələyə aid edilmir. Çünki qəlb istər-istəməz ikisindən birinə daha çox meyl edəcək. Amma bu meyl bir qadına o qədər güclü olmamalıdır ki, digəri asılı vəziyyətdə qalsın, (yəni, ayədə vurğulandığı kimi, nə ərli kimi ərli, nə də boşanmış kimi boşanmış olsun).
     Peyğəmbərin (s) xanımı Həzrət Aişə deyir: “Rəsulullah (s) gecələrini qadınları arasında bölüşdürərdi və ədalətlə rəftar edərdi. Sonra da duasında deyərdi: “İlahı! Bu, mənim gücüm çata bilən ədalətlə dolanmağımdır. Sənin malik olduğun, mənim isə malik olmadığım ədalətdə məni qınama!” Burada Peyğəmbərin malik ola bilmədiyi ədalət sevgi-məhəbbətlə bağlıdır. Təbii ki, o da bir qadınını digərlərindən çox sevirdi, lakin gecələri bərabər şəkildə bölüşdürərdi.
     Nəzərə almaq lazımdır ki, birdən çox qadınla nikah bağlamaq sosial problemləri həll etmək zərurətindən də irəli gələ bilər.
     Qeyd etdiyimiz kimi, iki qadınla evlənənlərin sayı yüzdə üç nəfərə, üç qadınla evlənənlərin sayı mində bir nəfərə, dörd qadınla evlənənlərin sayı isə beş mində bir nəfərə çatır.
     Bu say, göründüyü kimi, elə də böyük bir problem deyil. Lakin qəlblərində xəstəlik olanlar, İlahi hikmətdən xəbərsiz olanlar, çox arvadlılıq məsələsini qabartmaqla İslama böhtan atmaq və İslam işığına kölgə salmaq istəyirlər.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ISLAM FӘLSӘFӘSI
Quran təfsirinin qayda-qanunları
Əhli-sünnə alimlərinin kütləvi surətdə qırılmasına qərar
Peyğəmbər (s) və onu xatırladan hər şeyin təbərrük olması
BRAHMAN AYİNİ (2)
DÜNYANIN QURULUŞU ONUN ZATIDIRMI?
Putin Netanyahu ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə edib
ÖLÜM ANLAYIŞI
İMAMƏT
Sədaqət, bəsirət, aram qəlb, İlahi diqqət – zakirlərin xüsusiyyətləri

 
user comment