İMAMƏT (2)
Müsəlmanların imam və başçısı, Rəsuli-əkrəmin (s) canişini kimi xalqın dini və dünyəvi işlərinin idarə olunmasını öz öhdəsinə götürmək istərkən gərək bir sıra imtiyazlara malik olsun.
Günah, xəta və səhvdən uzaq olsun ki, ictimaiyyəti səadətə doğru yönəldə bilsin və xalqa rəhbərlik etməyə haqqı olsun. Çünki özü təmiz olmayan şəxs xalqı doğru yola yönəldə bilməz.
İmam gərək qeyb aləmi ilə təmas və ünsiyyətdə olsun, tükənməz ilahi elmdən faydalana bilsin. Deməli, belə olduqda, o, islam maarifinin həqiqətlərini və hökmlərini olduğu kimi müsəlmanlara çatdıra bilər. Çünki oda başqa adamlar kimi güman və zənn əsasında fikir söyləsə və adi bəşəri elmlərdən istifadə etsə, onun dedikləri xatircəmlik yaratmayacaq, xalq islam maarifinin həqiqətlərinə yetişməyəcək.
İmam Tanrı tərəfindən Rəsuli-əkrəm (s) vasitəsilə və ya ondan qabaqkı imam vasitəsilə təyin olunmalıdır. Çünki Tanrıdan və peyğəmbərdən savayı heç kəs bir şəxsin məsum olması barəsində hökm verə bilməz.
Buna görədə imamın seçilməsini ümumi xalqın öhdəsinə buraxmaq düzgün deyil, çünki camaat çox zaman müəyyən şəxsləri pak və məsum hesab edir, ancaq həqiqətdə onlar pak deyillər . Camaat bu günkü zahiri vəziyyətə görə bir şəxsin paklığını görüb təsdiq edir, lakin gələcəkdə onların xətaya düçar olacağından xəbərdar deyillər.
Yalnız və yalnız Allahdır ki, indidən və gələcəkdən, zahir və batindən xəbərdardır. O bilir ki, hansı şəxsiyyəti Rəsuli-əkrəmdən (s) sonra xalqa rəhbərlik və cəmiyyətə imamlıq etməyə təyin etmək olar.
Qurani-məcid belə buyurur:
“Allah daha yaxşı bilir ki, xalqın dini və dünyəvi rəhbərliyini və risalət işini kimin öhdəsinə tapşırsın”.
Kim peyğəmbərin (s) canişini kimi təyin edilmişdir?
İslam peyğəmbəri Muhəmməd (s) Allahın fərmanı ilə bütün vəsiləri və canişinlərini xalqa bəli etmişdir, onların adını bir-bir çəkmişdir, onların imamət hüququnu müəyyən etmişdir. Xüsusilə Əmirəl-möminin Əlinin (ə) canişinlik məqamını dəfələrlə xalqa xatırlatmışdır. Tarix kitablarına, hədis toplularına müraciət etməklə məlum olur ki, o Həzrət iyirmi üç illik peyğəmbərlik və risalət dövründə hər qarşıya çıxan münasib zamanda Əlinin (ə) canişinlik məsələsini irəli sürmüş və söyləmişdir. Burada iki məqama diqqət yetirməklə kifayətlənirik. Bunlardan biri Rəsuli-əkrəmin (s) besətinin ilk çağına, o birisi isə o Həzrətin ömrünün son dövrünə təsadüf edir.
1. Nübüvvət və imamət bölünməz tamdır.
Təqribən Rəsuli-əkrəmin (s) peyğəmbərlik məqamına yetişməsindən üç il keçmişdi ki, bu ayə nazil oldu:
“Öz yaxın qohumlarını ilahi əzabından qorxut, onları Alaha pərəstişə dəvət et”.
Təfsirçilər bu ayənin təfsiri barəsində belə yazırlar:
Allah-təala Rəsuli-əkrəmə (s) fərman verdi ki, öz yaxın qohumlarını bir olan Allaha pərəstişə dəvət etsin. Həmin gün peyğəmbər (s) yaşı on beşdən artiq olmayan Əliyə (ə) göstəriş verdi ki, yemək hazırlasın. Sonra Əbdülmüttəllibin 40-a qədər övladını dəvət etdi ki, öz risalətini onlara bildirsin. O gün yeməkdən sonra peyğəmbərin əmisi Əbul Ləhəb öz əsassız və boş sözləri ilə məclisi dağıtdı.
Rəsuli -əkrəm (s) ikinci dəfə məclis təşkil etdi. Yeməkdn sonra öz dəvətini elan etdi söylədi:
“Mən Allah tərəfindən peyğəmbərliyə seçilmiş və yüksəlmişəm. Dünya və axirət xeyrini sizin üçün gətirmişəm. Alah-təala mənə əmr etmişdir ki, sizi Onun tərəfinə çağırğm”.
Sonra Rəsuli-əkrm (s) elə həmin məclisdə belə söylədi:
“İndi sizlərdən kim hazırdır ki, mənim arxamda dursun və tərəfimi saxlasın? O adam mənim qardaşım, vəsim və canişinim olsun”.
Əli (ə) dərhal ayağa qalxdı və hazır olduğunu bildirdi. Rəsuli-əkrəm (s) ona üz tutub buyurdu:
-Otur.
O öz sözünü üç dəfə təkrar etdi. Hər üç dəfədə Əlidən (ə) başqa kimsə cavab vermədi.
Bu anda peyğəmbər Həzrətləri orada olanlara üz tutub belə söylədi:\
“Bu cavan (Əli) sizin aranızda mənim qardaşım, vəsim və canişinimdir. Onun ardınca gedin və onun sözlərinə qulaq asın”.
Bu hadisə sünni və şiə tarixində təsdiq olunub və onda heç bir şəkk-şübhə yoxdur. Həmin məsələ bir daha sübut edir ki, imamət və peyğəmbərlik məsələsi bir-birindən ayrılmazdır. Alahın peyğəmbəri xalqa təqdim və elan edildiyi kimi, ondan sonra həmin gün xalqın imam və başçısı da elan edilir.
Əslində bilməliyik ki, nübüvvət və imamətin özülünü eyni şey təşkil edir. Bu iki məqam zəncir həlqələri kimi bir-birinə bağlıdır. İmamət bir növ risalət proqramının ardı və davamıdır. İmam və canişin peyğəmbərin getdiyi yolu, yerinə yetirdiyi işləri edir. Bircə məsələ var ki, peyğəmbər dinin əsas və bünövrəsini qoyan, imam isə onu bəyan edəndir.
2. Ğədir hədisi
Peyğəmbər-əkrəm (s) ömrünün son ilində Tanrı evində olan həcc ziyarətindən qayıdan zaman Ğədr Xum adlı bir yerdə dayandı. Bu yerdə müsafirlərin yolları bir-birindən ayrılırdı. Hamının onu görə biləcəyi hündür bir yerdə dayandı. Sonra Əlinin (ə) canişinlik məsələsini yüz min nəfərə yaxın toplaşan adamlara elan etdi. Əlinin (ə) əlini yuxarı qaldırdı. Camaat hamısı bu vəziyyəti görürdü. Peyğəmbər dedi:
“Ey camaat! Mən sizin vəliniz və ixtiyar sahibi olduğum, sizin canınıza və malınıza hakim olduğum kimi, Əli də sizin mövlanız və vəlimizdir. Mən hər kimin mövlasıyamsa, Əlidə onun mövlasıdır”.
Beləliklə, bütün camaat üçün bir daha məlum oldu ki, Əli (ə) Rəsuli-əkrəmin (s) birbaşa canişinidir. Həmin gün camaat bu ali məqama görə Əliyə (ə) təbrik sözləri dedilər.
Hətta həmin gün Ömər Əliyə (ə) belə söylədi:
“Bəh-bəh. Sən mənim mövlam və bütün müsəlmanların mövlası oldun!”
Bəli, islam peyğəmbəri Əmirəl-mömininin canişinlik məsələsini öz ölümündən iki ay yarım qabaq neçənci dəfə olaraq təkrar-təkrar elan etdi ki, camaat bunu bilsin. Yəni camaat bilsin ki, o Həzrətin vəfatından sonra müsəlmanların rəhbəri və başçısı kimdir.
3. Səqəleyn hədisi.
Rəsuli-əkrəm (s) ömrünün son günlərində yenə də camaata belə söylədi:
“Ey camaat! Mən sizin aranızdan gedirəm, sizin üçün iki ağır, qiymətli şey qoyuram: Quran və itrətim (Əhli-beytim). Bu iki amildən yapışsanız və bu iki yadigarımın ardınca getsəniz, yoldan azmazsınız”.
4. Cabirin hədisi.
Cabır ibn Əbdullah Ənsari belə söyləyir: “İşlərin valisi (hökmdarı) haqqında ayə nazil olarkən Allahın rəsulu Muhəmmədə (s) dedim:”
- Ya Rəsuləllah! Biz Allahı və onun Rəsulunu tanımışıq. Vacibdir ki, bu ayədə itaəti bizim üçün vacib buyurulan işlərin valisini də tanıyaq. İşlərin valisi dedikdə kim Nəzərdə tutulur. Bunu bizə izah edin.
Rəsuli-əkrəm (s) buyurdu:
- Ey Cabir! Onlar mənim canişinlərim və məndən sonra gələn imamlardır. Onların birincisi Əli ibn Əbu Talibdir. Sonra bu sıra ilə gəlir:
Həsən ibn Əli
Hüseyn ibn Əli
Əli ibn Hüseyn
Muhəmməd ibn Əli
Bu ad Tövratda Baqir adı ilə məşhurdur, sən onun zamanını qocalıqda dərk edəcəksən, onu hər vaxt görsən, mənim salamımı yetir.
Muhəmməd ibn Əlidən sonra qalanları bu ardıcılıqıa gəlir:
Cəfər ibn Muhəmməd
Musa ibn Cəfər
Əli ibn Musa
Muhəmməd ibn Əli
Əli ibn Muhəməd
Həsən ibn Əli
Ondan sonra onun övladı gəlir, onun adı və künyəsi mənim adım və künyəm ilə birdir.
O elə bir şəxsiyyətdir ki, Allah-təala onu bütün dünyaya üstün və hakim təyin etmişdir. Xalqın nəzərindən qeyb olub gizli qalan odur. Onun qeyb olması və gizli qalması çox uzun bir müddət çəkəcəkdir. O zamanadək ki, imanı möhkəm və əzimli olan onun imamlığına əqidəsi olanlar qalacaqdır.
Əlbəttə Rəsuli-əkrəmin (s) canişinlərinin adları yazılan hədislər çoxdur, biz yuxarıdakı hekayəti nümunə üçün nəql etdik.
Əvvəlki dərslərdə oxuduğumuz kimi, imam məsum olmalı və qeyb aləmi ilə sıx bağlı olmalıdır. Peyğəmbərimiz Rəsuli-əkrəmdən (s) sonra, on iki imamdan başqa heç kəsin barəsində məsumluq haqqında iddia edən olmamışdır, eyni zamanda, heç kəs bu on iki nəfər kimi elm və maarif mövzularını bəyan edə bilməmişdir.
Bu mövzunu isbat etmək üçün bir şey kifayət edər:
Əlinin (ə) “Nəhcül-bəlağə” kitabını və ya başqa imamların söhbətlərini mütaliə edin.
İMAM DİNİN MÜHAFİZƏÇİSİDİR
İmam, heç bir vaxt yeni din və şəriət yaratmır. Həqiqətdə, onun vəzifəsi islam peyğəmbərinin (s) şəriətini olduğu kimi qoruyub saxlamaq, onu təbliğ və təlim etməkdir. İmam (ə) insanları Muhəmməd peyğəmbərin (s) dininə doğru çağıraraq, onları müqəddəs dinlə yaxından tanış edir.
İmam ən elmli şəxsdir
İmam dinin bütün əsaslarını, hökmlərini, Quranın məna və şərhini olduğu kimi bilməli və anlamalıdır. Deməli, imam Allah tərəfindən ona bəxş olunan elmə və peyğəmbərin (s) vasitəsilə öyrəndiyi təlimlərə əsasən ən elmli bir şəxs olmalıdır. Bəli, yalnız belə bir elmin sahibi insanların etimadını qazanaraq, islamın həqiqətini anlatmaqda ən gözəl yardımçı və rəhbər ola bilər.
ƏLİ (Ə) SƏHABƏLƏRİN ƏN FƏZİLƏTLİSİ İDİ
Həzrət Əli (ə) səhabələrin ən üstünü və ən fəzilətlisi id. O, İslam peyğəmbərindən sonra İslam ümmətinin birinci şəxsiyətidir. Amma bununla belə, onun barəsində həddindən artıq olan bəzi xurafatlar boş, əsassız və haramdır. Həzrət Əliyə (ə) Allahlıq nisbəti verən, onu Allaha oxşar sayan hər bir şəxs kafirdir və müsəlmanların cərgəsindən xaric olmuşdur. Biz belə şəxslərin küfrlə dolu etiqadlarından uzağıq. Təəssüflər olsun ki, bu şəxslərin küfrlə dolu etiqadları bəzən “şiə” adı ilə qarışıq düşərək, səhv anlayış bağışlayiır. Şiələrin pak etiqadlarının “ğüluvv” (Əliallahi) edən şəxslərin etiqadı ilə səhv salınması bəzən bir çox xoşagəlməz halara səbəb olur. Bir halda ki, bütün şıə alimləri öz kitablarında belə şəxslərin (Əliallahi) müsəlman olmadığını, İslamdan xaric olduğunu dəfələrlə bəyan etmişlər.
BİZİM ZƏMANƏ İMAMIMIZ
Dünyaya bir islahatçı ruhani şəxsiyətin gəlişi, onun bu dünyanın cöhrəsini dəyişdirəcəyi, zülm və sitəm dolu bir dünyada ədalət və insaf aləmi yaradacağı məsələsi bütün səmavi kitablarda və dini əqidələrdə vardır. İslam Peyğəmbəri (s) şiə və sünni rəvayətlərinin bir çoxunun təsdiq etdiyi kimi belə buyurmuşdur:
“Dünya zülm və sitəmlə dolu olan bir dövrdə (bəşər cəmiyyəti vəhşi bir icmaya çevrilən zaman) mənim on birinci övladım zühur edəcəkdir. Onun adı və künyəsi mənimlə eynidir, yəni Muhəmməd Əbülasimdir. Onun zühur etməsilə bütün bədbəxtliklərə son qoyulacaq və islam öz həqiqi mənasında bütün dünyada yayılacaqdır”.
On ikinci imam Həzrət Mehdinin (ə.f.) xüsusiyyətləri sünni və şiə rəvayətlərində nəql edilmişdir, onlardan bir qismini burada veririk.
O Həzrət Peyğəmbərin, Əlinin, Fatimənin və Hüseynin övladıdır. İmam Hüseynin doqquzuncu övladı, İmam Sadiqin altinci övladi, İmam Rzanın dördüncü övladı olmaqla, İmam Həsən Əskərinin birbaşa övladıdır;
Onun iki qeybəti (qeyb olması) vardır ki, bunlardan birinin müddəti qısa, o birinin müddəti uzun olacaqdır;
İkinci qeybətin müddəti o qədər uzun çəkəcək ki, imanı möhkəm olmayan adamlar yavaş-yavaş tərədüd və şəkk-şübhədə olacaqlar;
O Həzrətin ömrü uzun olacaqdır;
Zühur edəndə dünya ədalət və insafla dolacaq, bütün dünyada ilahi hökumət bərqərar olacaqdır.
Bu xüsusiyyətlər, yüzlərlə sünni və şiə rəvayətlərində verilən başqa cəhətlər ona görə nəql olunur ki, camaat özünü yalandan Mehdi kimi qələmə verən adamları tanısın, onlara aldanmasın və düz yoldan çıxmasın.
On ikinci imam Həzrət Mehdi (ə.f.) hicri qəmərı iki yüz əlli beş və ya əli altıncı ildə Samirrə şəhərində dünyaya gəldi. O Həzrətin atası dünyadan gedən ilədək, yəni hicri yüz altmışıncı ilə kimi çox adamlar o Həzrəti İmam Həsən Əskərinin (ə) evində uşaq çağında görmüşdülər. Onda imamlıq, böyüklük və əzəmət nişanələri hamıya bəlli idi və İmam Həsən Əskəri (ə) özü də vəziyyətin imkan verdiyi kimi Həzrət Mehdinin (ə.f.) imamlığını camaata xatırlatmışdı.
O Həzrətin atası dünyadan köçən ildən sonra Həzrət Mehdi xalqın nəzərindən qeyb oldu. Abbasi xəlifələri onu öldürmək məqsədi daşıyırdılar və bütün mənada niyyətləri bu idi ki, onu ələ keçirsinlər. Kiçik (səqir) qeybət adlanan təqribən 70 il müddətində şiələrin o Həzrətlə əlaqəsi kəsilməmişdir. Çünki bu müddətdə o Həzrət dörd nəfəri bir-birinin ardınca özünə nayib təyin etmişdi ki, camaat onlara müraciət etsin, onların vasitəsilə öz dini ehtiyaclarını və elmi tələblərini imama çatdırsınlar və eyni zamanda imamdan cavab alsınlar. Lakin hicri üç yüz iyirmi doqquzuncu ildə o Həzrətin dördüncü nayibi dünyadan getdi və bu tarixdən etibarən böyük qeybətin (qeybəti-kübra) dövrü başlandı. O Həzrət özü üçün bir daha nayib təyin etmədi. Camaat dini maarif və ehkamlar sahəsində göstəriş almaq üçün böyük din alimləri və fəqihlərə müraciət etməli oldular.
İndi böyük qeybətdən min ildən çox vaxt keçmişdir və şiələr o ədalət və haqq məzhərinin gəlişini gözləyirlər ki, gəlib müsəlmanların bədbəxtliklərinə son qoysun, onlara həqiqi islama və səadətə yetişmək yolunda rəhbərlik etsin.
Əlbəttə, İmam Zamanın (ə.f.) gəlişini gözləmək o mənada deyildir ki, bütün müsəlmanlar əlini əlinin üstünə qoyub islam hədəflərini irəli aparmaq yolunda heç bir tədbir görməli deyillər, təkcə o Həzrətin gəlişini gözləyirlər. Əvvəllər də böyük alimlərin qədim vaxtlarda dediyi kimi, bütün müsəlmanların vəzifəsi budur ki, hər bir şəraitdə islam maarifi və ehkamının bərqərar olması və genişlənməsi yolunda çalışsınlar. Zülm, sitəm və günah müqabilində dözüm və səbr göstərsinlər, bütün imkanları ilə mübarızə aparsınlar.
Başqa ifadə ilə desək, çalışmaq lazımdır ki, ədalət və insaf höküməti üçün zəmin yaradılsın, yəni cəmiyyəti bu tərzdə tərbiyə etmək lazımdr. Əgər cəmiyyətdə zülm və cəfa hökm edərsə, hamı ona etiraz etməlidir. Xülasə, hər bir müsəlmanın vəzifəsi budur ki, islam və iman yolunda fədakarlıq etsin, həmişə Mehdinin (ə.f.) gəlişini qarşılamağa hazır olsun – yəni öz həyatını elə tərzdə təmin etsin ki, o Həzrətin qoyduğu qanunlara uyğun olsun və o Həzrətlə bir sırada qədəm qoya bilsin.
Əvvəlcə qeyd olunduğu kimi, Həzrət İmam Zaman (ə.f.) hicri iki yüz altmışıncı ildən indiyədək qeyb olmuş və o Həzrətin zühuru heç kəs üçün məlum deyil. Əgər bir nəfər o Həzrətin zühuru üçün tarix təyin edərsə, bizim borcumuzdur ki, onu təkzib edək və dediklərini qəbul etməyək.
Bəli, o gün ki, zülm və cövr ən yüksək dərəcəsinə çatacaqŞ o gün ki, camaat zülm və sitəmdən yorulacaq və hamı həqiqi ədalətin bərqərar olmasını istəyəcək, yəni düşüncə tərzi dəyişəcək, o gün ki, Tanrı xalqın məsləhətinə uyğun on ikinci imamın zühurunu zəruri biləcək, onda o Həzrət zühur edəcək, dünya bir mədəniyət mərkəzinə və cənnətli gülüstana çevriləcəkdir.
QEYBƏT ZAMANI XALQIN VƏZİFƏSİ
İmam Zamanın (ə.f.) özündən nəql edildiyi kimi, camaatın qeybət dövründə vəzifəsi budur ki, dini işlərdə, şəriət ehkamlarının icrasında və ictimai vəzifələrinin ifasında alimlərə və təqlid qaynağı sayılan rütbəli müctəhidlərə müraciət etsinlər, həyatın bütün sahələrində onların göstərişlərinə uyğun əməl etsinlər.
Aydındır ki, böyük alimlər və möhtərəm müctəhidlər özlərindən heç bir fitva vermirlər, onlar Quran, peyğəmbər və pak imamların kəlamlarından istifadə etməklə xalqa hökmlər verirlər. Hətta onlara müraciət etmək peyğəmbərə, imama və Qurana müraciət etmək deməkdir. Onlarla müxalıfətdə olmaq isə Quran və İmam Zamanla (ə.f.) müxalifət etməkdir.
İNSANIN MİN İL VƏ DAHA ÇOX YAŞAMASI MÜMKÜNDÜRMÜ?
Alimlər və araşdırıcılar söyləyirlər ki, ömür uzunluğu ölümün əsas səbəbi deyil, əsl səbəb bədənin bütün üzvlərində və ya onlardan bir qismində baş verən pozuntulardır Belə olmasa, ölüm də tez baş verməz. Bu pozuntular qocalıqdan qabaq və təbii ömür prosesində baş verərsə, cavan adam da ölər, belə olmasa ölüm ancaq qocalıqda insanı yaxalayardı.
Buna görə də bir adam özünü həmin pozuntulardan qoruya bilərsə, uzun ömür sürər və ölümün vaxtını uzada bilər.
Qəzet və jurnallarda oxuduğumuz kimi, alimlər elə bir ixtira etmək istəyirlr ki, onun köməyi ilə bədənin uzun ömür sürməsi üçün onun qabiliyyətini artırsınlar. Deməli, bəşərin daha uzun ömür sürmək qabiliyyəti vardır, amma gərək o, ölümü tezləşdirən amillərin qarşısını alsın.
Bu hesabla əgər bir nəfərin güclü və sağlam beyni, ürəyi, əsəbləri, böyrək, ciyər və mədəsi varsa, bütün sağlamlıq qaydalarını bilib onlara riayət edərsə, yemək və içməyin xüsusiyyətlərini bilməklə onlardan lazımınca faydalanarsa, heç bir maneəsiz adi adamların yaşadığı ömürdən bir neçə qat çox yaşaya bilər və bəlkə də min il ömür sürər.
Əlbəttə, indiki şəraitdə hər bir adam bunu edə bilməz, ancaq belə bir fərdin olması (məsələn, imam kimi) zəruri olarsa – Tanrı onun yaradılış quruluşunu və gerçəklikdən faydalanma yolunu elə şəkildə tanzimləyər ki, müəyyən dərəcədə uzun ömür yaşaya bilsin. Biz əqli və nəqli dəlillərlə sübut etdik ki, İmam Zamanın (ə.f.) varlığı dünyaya zəruridir, eyni zamanda bəşər üçün uzun ömür də mümkündür, gərək onun şərtlərinə riayət edilsin. Alah-təala istədiyi şəxs üçün uzun ömür imkanı verə bilər. Deməli, Allah-təala İmam Zaman (ə.f.) üçün də uzun bir ömür təyin edə bilər.
Şiə əqidəsinə görə, on ikinci imam hicri iki yüz əlli beş və ya iki yüz əlli altıncı ildə dünyaya gəlmiş, indiyədək və bundan sonrakı bir müddətə kimi Tanrının istədiyi qədər diri qalacaqdır. Bu məsələdə heç bir elmi və təbii uyğunsuzluq və çətinlik yoxdur.
Bundan əlavə əgər adi qanunlarla bir fərdin ömrü bu qədər davam etməsə də, Allah-təalanın sonsuz qüdrətinə əsasən istisna olaraq bir fərdin ömrü uzun sürə bilər və o şəxs cavan da qala bilər.