Azəri
Thursday 26th of December 2024
0
نفر 0

QUR᾽ANIN TƏHRİFƏ OLAN BAXIŞI

QUR᾽ANIN TƏHRİFƏ OLAN BAXIŞI

QUR᾽ANIN TƏHRİF OLUNMAMASINA DƏLALƏT EDƏN AYƏLƏR

Artıq təhrifin nə olduğu və onun hansı amillər üzündən yarandığı bəlli oldu.

Lakin, bu nəzəriyyənin tamamilə əsassız və batil olduğuna dəlalət edəcək bir sıra ayələr də vardır və biz onlardan bir neçəsini misal olaraq burada qeyd edirik.

Birinci ayə:

إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ

«Şübhəsiz ki, Qur᾽anı Biz nazil etdik və sözsüz ki, Biz də onu [hər cür təhrif və təbdildən – artırıb-əksiltmədən] qoruyub saxlayacağıq.» (Hicr-9).

Buradan belə mə᾽lum olur ki, Qur᾽an nazil olduğu ilk gündən Allah-taala tərəfindən təhrif və dəyişikliklərdən qorunub saxlanılmış və qiyamət gününədək toxunulmaz olaraq qalacaqdır.

Lakin «təhrif nəzəriyyəsinin» tərəfdarları bu ayəni müxtəlif mə᾽nalarda təfsir etməyə çalışmışlar:

1. Ayədə qeyd olunan «zikr» kəlməsindən məqsəd Qur᾽an deyil, Peyğəmbərdir (s). Belə ki, Təlaq surəsinin 10-11-ci ayələrində zikr deyildikdə, Peyğəmbər (s) nəzərdə tutulur.

قَدْ أَنزَلَ اللَّهُ إِلَيْكُمْ ذِكْرًا، رَّسُولًا يَتْلُو عَلَيْكُمْ آيَاتِ اللَّهِ

«Allah sizin üçün Qur᾽anı nazil etmiş və iman gətirib yaxşı işlər görənləri zülmətdən nura [küfrdən imana] çıxartmaq üçün Allahın açıq-aşkar [halal-haramı bəyan edən] ayələrini sizə oxuyan bir peyğəmbər göndərmişdir.»

Göründüyü kimi burada haqqında xəbər verilən şəxs Peyğəmbər (s) özüdür.

Yə᾽ni, Allah-taala həzrət Məhəmmədi (s) peyğəmbərliyə tə᾽yin etdikdən sonra bu ayəni nazil etməklə onu xoşagəlməz hadisələrdən qoruyacağını bildirmək istəmişdir.

Cavab: Ayəyə verilən bu təfsir tamamilə səhv və əsassızdır. Çünki ayədə istifadə olunan «İnzal» və «Tənzil» kəlmələri (nazil etmək – nazil olmaq) mə᾽nalarını daşıyır. Demək «zikr» deyildikdə hər iki ayədə Peyğəmbər (s) deyil, Qur᾽an nəzərdə tutulur. Və əgər «zikr» deyildikdə Peyğəmbər (s) nəzərdə tutulsaydı, «irsal» (göndərmək) və ya buna oxşar ifadələrdən istifadə olunardı.

Əgər burada «zikr» deyildikdə Peyğəmbərin (s) nəzərdə tutulduğunu fərz etsək, bir qədər əvvəl misal olaraq qeyd etdiyimiz Hicr surəsinin 9-cu ayəsindən üç ayə əvvəl «zikr» deyildikdə, Peyğəmbərin (s) nəzərdə tutulduğunu deyə bilməyəcəyik.

وَقَالُواْ يَا أَيُّهَا الَّذِي نُزِّلَ عَلَيْهِ الذِّكْرُ إِنَّكَ لَمَجْنُونٌ

«[Müşriklər peyğəmbərə] belə dedilər: Ey özünə kitab nazil olunan kəs! Həqiqətən sən divanəsən!» (Hicr-6).

Göründüyü kimi «və qalu ya əyyuhəlləzi nuzzilə ələyhiz-zikru innəkə ləməcnun» ayəsində «zikr» deyildikdə, Peyğəmbərə (s) nazil olmuş Qur᾽an nəzərdə tutulur.

2. Deyirlər: Qur᾽anın qorunması deyildikdə, onun təhrif və təbdildən qorunması deyil, eyb və nöqsanlardan qorunması və onun haqq olmasının sübutu nəzərdə tutulur.

Cavab: Gətirdikləri bu dəlilin birinci dəlildən daha əsassız və batil olduğu göz qabağındadır. Əgər onlar Allahın, Qur᾽anı kafirlərin tənqid və iradından qorumasını nəzərdə tuturlarsa, gəldikləri nəticənin batil olduğuna şəkk etməməlidirlər. Çünki Qur᾽an hər şeydən daha çox kafirlərin tənqid və iradlarına məruz qalmışdır. Demək ayədən məqsəd, heç də kafirlərin tutduqları irad və nöqsanlar deyildir.

Yox, əgər onlar Qur᾽anın özünəməxsus bəyan tərzini və başqalarının onunla mübarizə etməyə qadir olmadıqlarını nəzərdə tuturlarsa, demək lazımdır ki, bu barədə düzgün nəticəyə gəlmişlər. Lakin heç də nəzərdən qaçırmaq olmaz ki, Qur᾽an nazil olduğu ilk gündən bu yüksək xüsusiyyətə malik olmuşdur. O ki, qaldı onun toxunulmazlığına, bu məsələ Qur᾽anın zati xüsusiyyətlərindən deyildir. Belə ki, Allah-taala belə bir toxunulmazlıq xüsusiyyətini ona nazil olduqdan sonra vermişdir. Buna əsasən deyə bilərik ki, zati toxunulmazlıq onun təhrifə qarşı zati istehkamı və müqavimət göstərməsidir. Bunun isə yuxarıda qeyd olunan ayənin mə᾽na və məfhumu ilə heç bir əlaqəsi yoxdur.

Əvvəla ona görə ki, Qur᾽an əvvəldən malik olduğu üstün xüsusiyyətlərlə öz müxaliflərinə qarşı sinə gərmiş və özünü lazımınca müdafiə edə bilmişdir. Təbiidir ki, belə bir halda onun heç bir xarici mühafizəkara ehtiyacı olmayacaqdır.

Digər tərəfdən isə ayə Qur᾽anın toxunulmazlığına, nazil olarkən deyil, yalnız nazil olduqdan sonra zəmanət verir.

3. Deyirlər: Doğrudur, ayədə Qur᾽anın toxunulmazlığından söhbət açılır, lakin burada hansı Qur᾽an nəzərdə tutulur? Onların fikrincə, burada yalnız zəmanənin imamında olan Qur᾽an nəzərdə tutula bilər. Çünki ayənin zahiri mə᾽nasından onun ümumi xarakter daşıdığını müşahidə etmirik.

Cavab: Bu fərziyyə bir qədər əvvəl qeyd olunan fərziyyələrdən daha zəif və əsassızdır. Çünki Qur᾽anın toxunulmaz qalması, ilk növbədə onu gündəlik tilavət edən camaat üçün lazımdır. O ki, qaldı zəmanənin imamında olan Qur᾽ana, o, lövhi-məhfuzda və ya mələklərin yanında olan Qur᾽an kimi toxunulmaz qalacaqdır. Sanki birisi hədiyyə vermək istədiyi şəxsə deyir: Mən sizin üçün bir hədiyyə göndərmişəm, lakin onu ya özüm, ya da dostlarımdan biri qoruyub saxlayacaqdır.

Daha təəccüblüsü budur ki, onlar «toxunulmaz» dedikdə bütün Qur᾽anlar deyil, yalnız bir Qur᾽anı nəzərdə tuturlar. Onlar belə güman edirlər ki, «zikr» deyildikdə, kağız üzərində yazılmış və üzərindən oxunan ayələr nəzərdə tutulur. Halbuki, bu tamamilə yanlış bir fərziyyədir. «Zikr» deyildikdə Allah tərəfindən Peyğəmbərə (s) nazil olmuş Qur᾽an nəzərdə tutulur. Mövcud olan Qur᾽an nüsxələri isə, Peyğəmbərə (s) nazil olmuş orijinal nüsxənin zahiri formasıdır. Bu Qur᾽an nüsxələri isə zaman keçdikcə köhnəlib aradan gedər. Belə ki, toxunulmaz dedikdə, kağız üzərinə köçürülmüş, zaman keçdikcə çürüyərək aradan gedəcək nüsxələri deyil, Allah tərəfindən Peyğəmbərə (s) nazil olan və əməli-saleh insanların qəlblərindəki Qur᾽anı nəzərdə tutmalıyıq. Belə bir Qur᾽an dünya durduqca duracaq və orada istifadə olunan ifadələrdən heç biri təhrif və təbdilə mə᾽ruz qalmayacaqdır.

4. İrəli sürülən fərziyyələrə cavab verilsə də, şübhə doğuran bir məsələ də vardır və o da bundan ibarətdir ki, əgər «təhrif nəzəriyyəsinin» tərəfdarları Qur᾽anın bu ayəsində də (Hicr-9) təhrifə yol verildiyini ehtimal etsələr və ya bu ayə ilə Qur᾽anın təhrif olunmasını sübuta yetirmək istəsələr, onların iddiaları bir o qədər də inandırıcı olmayacaqdır. Çünki təhrif olunduğu ehtimal olunan bir ayə ilə Qur᾽anın təhrif olunmasını isbat etmək həm məntiqdən uzaq, həm də sağlam əql və düşüncə ilə qəbul olunması qeyri-mümkün olan bir işdir. Lakin burada olduqca böyük əhəmiyyət kəsb edən bir məsələyə toxunmaq lazımdır. O da, Peyğəmbərin (s) Əhli-beyti tərəfindən Qur᾽an ayələrinin təhrif olunub-olunmaması haqda nəql olunan rəvayətlərin mö᾽təbərliyini qəbul edib-etməməkdən ibarətdir. Yə᾽ni, Qur᾽anın təhrif olunub-olunmamasına dair e᾽tibar baxımından onlar tərəfindən nəql olmuş hədis və rəvayətlərə istinad edən kəslər, bu məsələnin həllində heç bir çətinliklərlə üzləşməzlər. Onlara qarşı kin-küdurət bəsləyən, buyurduqlarına istinad etməyən kəslər isə təhrif və bu kimi bir çox məsələlərdə çətinliklərlə üzləşəcək, əldə etdikləri nəticə isə batil və əsassız olacaqdır.

İkinci ayə:

وَإِنَّهُ لَكِتَابٌ عَزِيزٌ

«Şübhəsiz ki, o [Qur᾽an], çox dəyərli, qiymətli bir Kitabdır.

لَا يَأْتِيهِ الْبَاطِلُ مِن بَيْنِ يَدَيْهِ وَلَا مِنْ خَلْفِهِ تَنزِيلٌ مِّنْ حَكِيمٍ حَمِيدٍ

Nə öncə, nə də sonra batil ona yol tapa bilməz. [Şeytan onun bir sözünü, bir hərfini belə dəyişə bilməz]. O, hikmət sahibi və şükrə, tə᾽rifə layiq olan [bütün işləri bəyənilən] Allah tərəfindən nazil edilmişdir.» (Fussilət 41-42).

Ayənin məzmunundan belə mə᾽lum olur ki, Qur᾽an bütün kitablardan fərqli olaraq toxunulmaz qalmış və öz müqəddəsliyini qoruyub saxlaya bilmişdir.

«Təhrif nəzəriyyəsi»nin tərəfdarları, qeyd etdiyimiz ayə barəsində irəli sürdükləri fərziyyədə deyirlər: Qur᾽anın toxunulmazlığı deyildikdə, burada bəyan olunan hökm və qanunların yalan, eyb və nöqsanlardan uzaq olduğu nəzərdə tutulur. Onlar bu barədə Əli ibni İbrahim Qummidən nəql olunmuş rəvayətə istinad edirlər. O öz təfsirində İmam Baqirdən (ə) bu rəvayəti nəql edir: «Qur᾽an nə ondan əvvəl nazil olmuş Zəbur, Tövrat və İncil ilə, nə də sonradan yazılmış kitablarla batil olunar.»

Mərhum Təbərsi «Məcməul Bəyan»da İmam Sadiqdən (ə) nəql etdiyi hədisdə deyir: «Qur᾽anda keçmiş ümmətlər və gələcəkdə baş verən hadisələr haqda doğru və düzgün mə᾽lumatlar verilir. Burada nə yalan, nə də heç bir əsası olmayan fərziyyələr görmək olar.»

Cavab: Ayəni belə mə᾽nalandırmaq heç də düzgün olmazdı. Çünki burada misal olaraq qeyd olunan iki rəvayətin bu mətləblə heç bir əlaqəsi yoxdur. Belə ki, rəvayətlərdə yalnız Qur᾽anın, əvvəlki səmavi kitabların (Zəbur, Tövrat, İncilin) batil olunması, keçmiş ümmətlər və gələcək haqda verilən mə᾽lumatların həqiqət olması bildirilir.

Qur᾽anın [batini və zahiri] xüsusiyyətlərini bəyan edən və ümumiyyət xarakteri daşıyan ayələrə müraciət etdikdə isə, zaman və məkandan asılı olmayaraq, hətta qiyamət gününədək Qur᾽ana batil əqidələrin, yalan və iftiraların yol tapmayacağının və toxunulmaz olaraq qalacağının şahidi oluruq. Və əgər ayəni, yalnız Qur᾽anda yalan və iftiralara yol verilmədiyi kimi mə᾽nalandırsaq, onda Qur᾽anın tarix boyu tağut rejimlərə, batil ən᾽ənə və əqidələrə zəfər çalmasını və bu kimi digər əhəmiyyətli məsələləri nəzərdən qaçırmış olarıq.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

KİTAB ƏHLİNİN ƏFV OLUNDUĞUNU BƏYAN EDƏN AYƏNİN NƏSXİ
Xanım Fatimeyi-Zəhranın(s.ə) mübarək mövlud günü
İSRAİL REJİMİ VƏ ONUN ÇİRKİN NİYYƏTLƏRİ (1)
Ramazan ayında şərab içməyin cəzası
Dünya möminin zindanı, kafirinsə behiştidir
ALTINCI FƏSİL: MƏHDİLİK ƏQİDƏSI BARƏSİNDƏ YARANAN MANEƏLƏR VƏ XOŞAGƏLMƏZ ...
Niyə Şiələr namazları cəm edərək ( Zöhr,Əsr və Məğrib ,İşa) qılırlar?
İMAM MƏHDİ (Ə) QURAN VƏ RƏVAYƏTLƏRDƏ
Quranda burucdan məqsəd nədir?
ƏHLİ-HƏDİS (4)

 
user comment