Azəri
Monday 23rd of December 2024
0
نفر 0

«YEDDİ HƏRF» VƏ «YEDDİ OXUNUŞ» HAQDA NAZİL OLMUŞ RƏVAYƏTLƏRİN ARAŞDIRILMASI

«YEDDİ HƏRF» VƏ «YEDDİ OXUNUŞ» HAQDA NAZİL OLMUŞ RƏVAYƏTLƏRİN ARAŞDIRILMASI

HƏDİSLƏRİN MƏTNİ

Əhli-sünnə alimləri öz kitablarında Qur᾽anın «yeddi hərf» və «yeddi oxunuş»u haqda bir çox hədis və rəvayətlər nəql etmişlər. Burada onlardan bir neçəsini araşdırmağı məqsədəuyğun görürük.

1. Təbəri, Yunus və Əbi Kəribdən, onlar da İbni Şəhabdan, o da İbni Abbasdan və o da Peyğəmbərdən (s) nəql etdiyi hədisdə deyir:

Peyğəmbər (s) buyurur: «Cəbrail Qur᾽anı mənə yalnız bir səbkidə oxudu. Mən də onu bir müddət həmin səbkidə oxuyurdum. Sonra mən ondan bunun sayını artırmasını xahiş etdim. O da, qiraətlərin sayını artırıb yeddiyə çatdırdı.»

Bu hədisi Müslim öz kitabında Hərmələdən, o da İbni Vəhəbdən və o da Yunusdan nəql etmişdir. (Səhih Müslüm. 2-ci cild, 202-ci səh).

2. Buxari, Əbi Kəribdən, o da Əbdürrəhman ibni Əbi Leyladan, o da babası Ubeyy ibni Kə᾽bdən nəql edərək yazır: «Məsciddə idim, bir şəxs daxil olub namaz qılmağa başladı. Qiraəti xoşuma gəlmədiyi üçün ona bir neçə irad tutdum. Sonra başqa birisi daxil olub tam başqa bir qiraətlə namaz qılmağa başladı. Mən onun da qiraətinə irad tutdum. Yaranmış anlaşılmazlığı aradan qaldırmaq üçün hər üçümüz Peyğəmbərin (s) yanına getdik. O həzrəti gördükdə dedim: Bu iki nəfər məsciddə qiraətləri bir-birindən fərqli namaz qılırdılar və mən hələ bu vaxta qədər onların qiraətinə bənzər qiraət eşitməmişdim. Peyğəmbər (s) onların qiraətlərini dinləyib hər ikisini alqışladı. Bu əhvalat məndə şübhə hissi yaratdı, lakin bu hiss, cahiliyyət dövründəki hisslərimdən fərqli idi. Peyğəmbər (s) mənim nigaran qaldığımı görüb əlini ahəstəcə sinəmə qoydu. Xəcalət hissi bütün vücudumu bürüdü. O həzrət buyurdu: “Ey Ubeyy! Mənə, Qur᾽anın yalnız bir səbkidə oxunması əmr olundu. Lakin mən, bunun ümmətim üçün bir qədər asan olmasını istədim. İkinci dəfə əmr olundu və mən yenə də öz xahişimi təkrar etdim. Bu əhvalat üç dəfə təkrar olundu və mən öz xahişimi üçüncü dəfə də təkrar etdim. Bu dəfə mənə Qur᾽anın yeddi səbkidə oxunması əmr olundu. Sonra mənə dedilər: İstəklərin tə᾽xirə düşdüyü üçün onların hər birinin müqabilində bir şey istəyə bilərsən. Belə olduqda mən ikinci istək olaraq, Allah-taaladan ümmətin bağışlanmasını istədim! Üçüncü istəyimi isə hamının mənə ehtiyacı olacağı günə saxlamışam.»

Bu rəvayəti bir qədər qısa şəkildə Müslim də öz kitabında nəql etmişdir. Təbəri də digər ravilərə istinad edərək bu rəvayəti bir qədər fərqli şəkildə öz kitabında gətirmişdir.

3. Təbəri, Əbi Kəribdən, o da Süleyman ibni Sərddən və o da Ubeyy ibni Kə᾽bdən nəql edərək deyir: «Günlərin bir günündə məscidə daxil oldum və orada olduğum müddət ərzində namaz qılanların qiraətini dinləməyə başladım. Lakin, onlardan birinin qiraəti məni lap təəccübləndirdi. Ondan bu qiraəti kimdən öyrəndiyini soruşdum. O, «Peyğəmbərdən (s)»-deyərək cavab verdi. Sonra onu Peyğəmbərin (s) yanına aparıb qiraətini dinləməsini xahiş etdim. Peyğəmbər (s) onu dinlədikdən sonra öz razılığını bildirdi. Dedim: Ya Rəsuləllah! Sizin mənə öyrətdiyiniz qiraət bu şəxsin qiraəti ilə bir qədər fərqlidir. Buyurdu: «Həm onun, həm də sənin qiraətin tamamilə düzgündür.» Dedim: Ya Rəsuləllah! Həm mənə, həm də ona afərin deyirsiniz?!

Sonra əlini sinəmə vurub bu duanı etdi: “İlahi! Ubeyin qəlbindəki şəkk-şübhəni ondan uzaq et!”

Ubeyy deyir: Qorxu hissi büs-bütün vücudumu bürüdü. Sonra Peyğəmbər (s) buyurdu: «Günlərin bir günündə yanıma iki mələk gəldi. Onlardan biri Qur᾽anı yalnız bir səbkidə oxumağımı əmr etdi, ikinci mələk isə dedi: Bir qədər də əlavə et! Dedim: Bu xahişi mən də ondan etdim. Dedi: Elə isə iki səbkidə oxu! Biz bu xahişi bir neçə dəfə təkrar etdik. Səbkilərin sayı yeddiyə çatdıqda daha ondan heç bir şey istəmədik.»

4. Təbəri, Əbu Kəribdən, o da atasına istinad edərək Əbdürrəhman ibni Bəkrədən və o da Peyğəmbərdən (s) nəql edərək deyir: «Cəbrail nazil olub dedi: Qur᾽anı yalnız bir səbkidə oxu! Mikayıl (mələk), ondan əlavə etməsinə xahiş etməyimi məsləhət gördü. Mən də ondan əlavə etməsini xahiş etdim. Cəbrail dedi: Elə isə iki səbkidə oxu! Mən səbkilərin sayı yeddiyə çatana qədər ondan xahiş etdim. Sonra dedi: Bu səbkilər artıq kifayət edər. Lakin diqqət yetirmək lazımdır ki, əzab ayələri mə᾽na baxımından rəhmət (bağışlama) və rəhmət ayələri əzab ayələrinə çevrilməsin.»

5. Təbəri, Əhməd ibni Mənsurdan, o da Abdullah ibni Təlhədən, o da atasından nəql edərək deyir: «Günlərin bir günündə bir şəxs Ömər ibni Xəttabın qarşısında Qur᾽an oxuyur. Ömər bu qiraətə qane olmayıb ona e᾽tiraz edir. həmin şəxs deyir: Peyğəmbər (s) mənim qiraətimi dinləmiş və düzgünlüyünü təsdiq etmişdir. Ömər bu sözlərə də inanmayıb onu Peyğəmbərin (s) yanına aparır. həmin şəxs deyir: Ya Rəsuləllah! Məgər mən hüzurunuzda Qur᾽an oxuduqdan sonra siz qiraətimin düzgünlüyünü təsdiq etmədinizmi? Peyğəmbər (s) buyurur: «Bəli!» Ömər bu əhvalatdan çox narahat olur. Belə ki, Peyğəmbər (s) onun narahatlığını hiss edir və əlini sinəsinə qoyub üç dəfə bu sözləri təkrar edir: Şeytanı özündən uzaq et!» Sonra buyurur: «Ömər, bu qiraətlərin hamısı tamamilə düzdür. Lakin diqqət yetirmək lazımdır ki, əzab ayələri mə᾽na baxımından rəhmət, rəhmət ayələri isə əzab ayələrinə çevrilməsin.»

Təbəri buna oxşar başqa bir əhvalatı, Ömər ibni Xəttab və Hişam ibni Həkəm arasında baş verdiyini də Yunus ibni Əbdül Ə᾽ladan nəql etmişdir.

Bu əhvalatı Buxari, Müslüm, Termizi də öz kitablarında gətirmişlər.

6. Təbəri, Məhəmməd ibni Musənnadan, o da İbni Əbi Leyladan, o da Ubeyy ibni Kə᾽bdən nəql edərək deyir: «Peyğəmbər (s) Ğəffar qəbiləsinin yanında olarkən Cəbrail onun yanına gəlir və deyir: «Ya Rəsuləllah! Allahın sənə Qur᾽anı öz davamçılarına yalnız bir səbkidə öyrətməyini və onların bu səbkidə oxumalarını əmr edir. Peyğəmbər (s) buyurur: «Allahın bizə rəhm etməsini istəyirəm. Çünki mənə iman gətirmiş şəxslər belə bir ağır hökmü icra etməyə qadir deyildirlər.» Ubeyy deyir: Cəbrail ikinci dəfə yerə enərkən ona bu xəbəri çatdırır: Allahın sənə Qur᾽anı iki səbkidə oxumağını əmr edir. Peyğəmbər bir daha həmin xahişi təkrar edir. Bu əhvalat bir neçə dəfə təkrar olur və nəhayət Cəbrail dördüncü dəfə nazil olduqda Peyğəmbərə (s) Qur᾽anı yeddi səbkidə oxumaq icazəsini verir. Bu qiraətlərin hər birindən istifadə edən şəxs, onların tamamilə düzgün olmasına əmin olmalıdır. (Səhihi Müslüm. 2-ci cild, 203-cü səh.).

7. Təbəri, Əbi Kəribdən, o da Zərrdən, o da Ubeydən nəql edərək deyir: «Peyğəmbər (s) Məra-əhcar qəbiləsinin yanında olarkən Cəbrail onun yanına gəlir. Peyğəmbər (s) ona deyir: «Mən heç bir savadı olmayan və içərilərindən çoxlu yaşlı qadın və kişi olan bir ümmətə peyğəmbər olaraq göndərilmişəm.» Cəbrail onun nə demək istədiyini başa düşüb deyir: «Elə isə Qur᾽anı yeddi səbkidə qiraət edin.» (Səhihi-Termiz,. 11-ci cild, 64-cü səh.).

8. Təbəri, Əmr ibni Osman Osmanidən, o da Məqbəridən və o da Əbu Hüreyrədən nəql edərək deyir: Peyğəmbər (s) buyurdu: «Qur᾽an yeddi səbkidə nazil olmuşdur. Onu istədiyiniz bu səbkilərin hər hansı birində qiraət edə bilərsiniz. Lakin diqqət yetirmək lazımdır ki, qiraət zamanı əzab ayələri mə᾽na baxımından rəhmət, rəhmət ayələri isə əzab ayələri ilə əvəz olunmasın.»

9. Təbəri, Ubeyd ibni Əsbatdan, o da Ubeyy Sələmədən və o da Əbu Hüreyrədən nəql edərək deyir: «Peyğəmbər (s) buyurur: «Qur᾽an yeddi səbkidə nazil olmuşdur. Orada Əlim, Həkim, Ğəfur, Rəhim kimi ifadələr bir-birinin yerində işlənmişdir.»

10. Təbəri, Səid ibni Yəhyadan, o da Abdullah ibni Məs᾽uddan nəql edərək deyir: «Surələrdən birinin ayələrinin sayının 35 və ya 36 olması haqda bir-birimizlə mübahisə edirdik. Mübahisəyə son qoymaq üçün Peyğəmbərin (s) yanına getmək qərarına gəldik. Evə daxil olduqda, Peyğəmbərin (s) Əli ibni Əbi Talib (ə)-la birlikdə nə haqdasa söhbət etdiyini gördük. Mətləbi açıqladıqda qəzəbdən Peyğəmbərin üzünün rəngi dəyişdi. Sonra bizə tərəf gəlib buyurdu: «Keçmiş ümmətlər bu kimi mə᾽nasız ixtilaf və qarşıdurmaların nəticəsində məhv olub aradan getmişlər.» Bizdən ayrılıb Əliyə (ə) təklikdə nə isə dedi. Sonra Əli (ə) üzünü bizə tutub buyurdu: «Allahın peyğəmbəri Qur᾽anı öyrəndiyiniz kimi qiraət etməyi əmr edir.» (Təfsiri-Təbəri, 1-ci cild, 9-15-ci səh).

11. Qurtubi, Əbu Davuddan, o da Ubeydən nəql edərək deyir: Peyğəmbər (s) buyurdu: «Mənə Qur᾽anın bir və ya iki səbkidə oxunması təklif olundu. Mələklərdən biri yanıma gəlib iki səbkidə oxumağı tövsiyə etdi. Sonra iki və ya üç səbkidə oxunması təklif olundu. Mələk yenə də yanıma gəlib üç səbkidə oxumağı tövsiyə etdi. Bu əhvalat bir neçə dəfə təkrar olundu və Qur᾽anın oxunma səbkisinin sayı yeddiyə çatdırıldı. Sonra mənə deyildi: İstərsən “Əliymən”, istərsən “Səliymən”, istərsən “Əziyzən”, istərsən də “Həkiymən” oxu. Lakin əzab ayələrini rəhmət ayələri ilə əvəz etmə.»

Qur᾽anın müxtəlif səbkilərdə oxunmasına dair nəql olunmuş rəvayətlərin xülasəsini nəzərinizə çatdırdıq. Gələcək fəsillərdə bu rəvayətlərin əsassız olduğu haqda ətraflı söhbət açacağıq.

RƏVAYƏTLƏRİN ZƏİF NÖQTƏLƏRİ

Qur᾽anın yeddi səbkidə oxunmasına dair nəql olunmuş rəvayətlərin hamısı əhli-sünnə mənbələrində nəql olunmuşdur. Biz burada daha çox əhəmiyyət kəsb edən rəvayətləri nəzərinizə çatdırdıq. İndi isə onların zəif nöqtələrinə toxunacaq və nə qədər əsassız olduqlarını sübuta yetirməyə çalışacağıq.

1. Bu rəvayətlər Zürarənin İmam Baqirdən (ə) nəql etdiyi hədisin məzmunu ilə tamamilə ziddiyyət təşkil edir. Hədisdə deyilir: «Qur᾽an birdir, o bir olan Allah tərəfindən nazil olmuşdur. Qiraətdə yaranmış ixtilaflar isə qarilər tərəfindən meydana gəlmişdir.» (Üsuli-kafi, Nəvadir fəsli, 12-ci rəvayət).

Fəzl ibni Yəsar İmam Sadiqdən (ə) Qur᾽anın yeddi səbkidə nazil olması haqda soruşdu. İmam (ə) cavabında deyir: «Bu yalanı Allahın düşmənləri uydurmuşlar. Qur᾽an bir olan Allah tərəfindən yalnız bir səbkidə nazil olmuşdur.» (Üsuli-kafi, Nəvadir fəsli, 13-cü rəvayət).

Qur᾽an və Peyğəmbərdən (s) sonra insanların dini məsələlərdə müraciət edə biləcəkləri ən mö᾽təbər mənbə Peyğəmbərin (s) hər bir eyb, günah və nöqsandan uzaq olan Əhli-beytidir. Onların bütün əmr və qadağaları bizlər üçün qanundur.

Belə bir halda onların tövsiyə və buyuruqları ilə ziddiyyət təşkil edən hədis və rəvayətlər heç bir əhəmiyyət kəsb etməməlidir.

2. Rəvayətlərin məzmununda nəzərə çarpan ixtilaflar onların öz e᾽tibarını itirməsinə səbəb olur.

1) Məsələn, rəvayətlərdən birində deyilir: «Mikayıl, Peyğəmbərə (s) Cəbraildən oxunuş səbkilərinin artırılmasını xahiş edir. O da, Peyğəmbərin (s) xahişini və müsəlmanların Qur᾽anı bir səbkidə oxumağa qadir olmamalarını nəzərə alaraq, Allahın izni ilə onların sayını yeddiyə çatdırır. Digər rəvayətdə isə bu işin həzrət Mikayılın tövsiyəsi olmadan həyata keçdiyi göstərilir.

2. Rəvayətdən birində deyilir: Ubeyy məscidə daxil olub orada bir şəxsin ona tanış olmayan bir səbkidə qiraət etdiyini eşidir. Digər bir rəvayətdə isə, məsciddə olarkən oraya iki nəfər şəxsin gəldiyi və onun qiraəti ilə zidd olan bir səbkidə qiraət etdikləri göstərilir.

3. Bə᾽zən verilən cavabların suallarla müvafiq olmadığının şahidi oluruq. Məsələn, İbni Məs᾽udun nəql etdiyi rəvayətdə deyilir: Surələrdən birinin ayələrinin sayının 35 və ya 36 olması haqda bir-birimizlə mübahisə edirdik. Mübahisəyə son qoymaq üçün Peyğəmbərin (s) yanına getmək qərarına gəldik. Əhvalatı ona danışdıq. Əli (ə) Peyğəmbər (s)-la bir qədər söhbət etdikdən sonra bizə tərəf gəlib buyurdu: Allahın peyğəmbəri sizə öyrəndiyiniz kimi qiraət etməyi əmr edir. Göründüyü kimi sualla verilən cavab arasında heç bir əlaqə yoxdur.

4. Qur᾽anın yeddi müxtəlif səbkilərdə nazil olması mə᾽na və məfhum baxımından heç bir əhəmiyyət kəsb etmir. Qur᾽anın müxtəlif səbkilərdə nazil olması ayələrin müxtəlif, bəlkə də ziddiyyətli mə᾽nalar verməsinə səbəb ola bilər. Qur᾽anın ən başlıca hədəfi isə, bəşəriyyətin nadanlıq və cəhalətdən uzaqlaşıb haqqa, ədalətə hidayət olmalarıdır.

YEDDİ OXUNUŞ SƏBKİNİN MƏ᾽NA VƏ MƏFHUMU

Bu haqda bir çox nəzəriyyələr irəli sürülmüşdür. Biz onlardan bə᾽zilərini burada qeyd edəcək və onların mənfi xüsusiyyətlərinə toxunacağıq.

1. SİNONİM KƏLMƏLƏR

Birinci nəzər: Yeddi oxunuş səbki deyildikdə, eyni mə᾽nalar verən sinonim kəlmə və ya ifadələr nəzərdə tutulur.

Məsələn, «əccil», «əsri᾽» və «is᾽ə» kəlmələrinin hər üçü «tələsmək» mə᾽nasını verir. Bu məzmunda nəql olunmuş rəvayətlərə əsasən Qur᾽anı, eyni mə᾽na daşıyan, lakin yazılışı bir-biri ilə fərqli olan ifadələrlə qiraət etmək olar. Bu nəzəriyyənin tərəfdarları belə bir fikir irəli sürmüşlər ki, eyni mə᾽na daşıyan sinonim ifadələri Osmanın xilafəti dövründə Qur᾽an nüsxələrində görmək olardı. Qiraətdə yaranmış ixtilafları nəzərə alaraq, Qur᾽anın orijinal formada yazılması və bir-biri ilə fərqlənən nüsxələrin yandırılması əmr edilir. Təbəri və digər müfəssirlər bu nəzəriyyəyə xüsusi diqqət yetirmişlər. Həmçinin Qurtubi və İbni Əbdul-Birr Qur᾽anın yeddi səbkidə oxunmasına gəldikdə, bu nəzəriyyənin alimlərin bir çoxu tərəfindən irəli sürüldüyünə işarə etmişlər.

NƏZƏRİYYƏNİ SÜBUTA YETİRƏCƏK DƏLİLLƏR

Əbu Bəkr və Əbu Davudun nəql etdikləri rəvayətlərlə yanaşı, bu nəzəriyyəni sübuta yetirəcək digər dəlillər də vardır.

1. Yunus, İbni Şəhabdan nəql edərək deyir: «Sə᾽d ibni Museyyib deyir: «Nəhl» surəsinin 13-cü ayəsində «[Biz, müşriklərin: Qur᾽anı] Məhəmmədə bir insan öyrədir! – dediklərini də bilirik» deyildikdə, Peyğəmbərin (s) vəhy katiblərindən biri nəzərdə tutulur. Ayələr nazil olduqca Peyğəmbər (s) onu imla edir, o isə ayələri kağız üzərinə köçürürdü. Ayələrin sonunda gələn «səmiun əlimun» və «əzizun həkimun» kimi ifadələrlə qarşılaşdıqda, Peyğəmbərdən (s) onlardan hansı birini yazmalı olduğunu soruşar və o həzrət də cavabında buyurardı: «Elə yazdıqların düzdür.» Bu səbəbdən də o, özündə qürur və təkəbbürlük hiss etdi. Bə᾽zən bunu özünə böyük fəxr bilib deyərdi: «Peyğəmbər (s) ayələrdə istifadə olunan bə᾽zi ifadələrin yazılmasını mənə həvalə etmişdi. Mən də onları istədiyim kimi yazırdım.»

2. Ənəsin dediklərinə istinad edərək deyir:

 O, «Şübhəsiz ki, gecə [namaz qılmaq üçün yataqdan] qalxmaq [çox çətin olsa da] daha əlverişli və [o zaman] söz demək [Qur᾽an oxumaq, dua etmək] daha münasibdir!» ayəsindəki «əqvəm» kəlməsini «əsvəb» kimi qiraət edən zaman yoldaşları ona irad tutaraq deyirdilər. Ey Əba Həmzə! Ayədə «əsvəb» deyil, «əqvəm»dir. Cavabında demişdi: «əqvəm, əsvəb və əhda kəlmələrinin hər üçü eyni mə᾽na daşıyır.»

3. İbni Məs᾽udun qiraətinə istinad edərək deyir:

«[Onların cəzası] ancaq dəhşətli, tükürpədici bir səs [Cəbrailin qışqırtısı] oldu» ayəsində «səyhətən vahidətən» birləşməsini «zəyqətən vahidətən» kimi oxumuşdu. «Səyhə» və «zəqyə» eyni mə᾽nalı sözlər olub, dəhşətli və tükürpədici səs mə᾽nasını daşıyır.

4. Təbəri, Həmmama istinad edərək Məhəmməd ibni Bəşşar və Ubeyy Saibdən nəql edib deyir: Əbu Dərda «Həqiqətən [Cəhənnəmdəki] zəqqum ağacı günahkar [kafir] kimsənin yeməyidir» ayəsində «təamul əsim» birləşməsini «təamul yətim» kimi oxumuşdu. Əbu Dərda ayəni bir neçə dəfə təkrar edir, lakin onu dinləyən şəxs ayənin mə᾽nasını başa düşmür. Sonra o, ayəni bir qədər də dəyişərək «təamul facir» kimi oxumağa başlayır. Çünki «facir» və «əsim» kəlmələri eyni mə᾽na daşıyır.

5. Bu məzmunda nəql olunmuş rəvayətlərdən belə nəticəyə gəlirik ki, Qur᾽an, əzab ayələri rəhmət və rəhmət ayələri əzab ayələri ilə əvəz olmamaq şərtilə yeddi müxtəlif səbkilərdə oxuna bilər. Eləcə də ayədəki eyni mə᾽nalı sinonim sözlər bir-biri ilə əvəz oluna bilər.

Cavab: Gətirilən dəlilləri bir neçə səbəbdən əsassız hesab edə bilərik.

1) Yeddi oxunuş səbkisi deyildikdə, ilk növbədə bunu nəzərdə tutmaq lazımdır ki, sinonim sözlər Qur᾽anın bütün ayələrində deyil, yalnız bir neçə yerində nəzərə çarpır. Belə bir halda, heç bir zərurət olmadan eyni mə᾽nalı ifadələri bir-biri ilə əvəz etmək nə dərəcədə düzgün ola bilər?!

2) Qur᾽an öz fəsahət və bəlağəti ilə bütün səmavi kitablardan fərqləndiyi və əbədi mö᾽cüzə olduğu bir halda, Peyğəmbər (s) orada istifadə olunan eyni mə᾽nalı sözlərin bir-biri ilə əvəz olunmasına icazə verə bilərdimi?

Mə᾽lum məsələdir ki, sonuncu səmavi kitab olan Qur᾽an Qiyamətə qədər bəşəriyyətin istinad edəcəyi yeganə ilahi mənbədir və onun mö᾽təbərliyinin əsaslı dəlillərindən biri də bu müqəddəs Kitabın orijinallıq və toxunulmazlıq məsələsidir. Əgər Qur᾽anda belə dəyişikliklərin aparılmasına icazə verilsə və ümumiyyətlə belə bir şey mümkün olsa, onda artıq bu Kitab nə orijinal sayılar və nə də onun mö᾽cüzə olmasından danışmağa dəymir. Əziz oxucular! Fikrimizi daha aydın şəkildə çatdırmaq üçün misal olaraq «Yasin» surəsinin bir neçə ayəsini məhz Qur᾽anın özündə işlənən sinonim sözlərlə əvəz edib sizin mühakimənizə verirəm.

“Yasin. Vəzzikril həkim. İnnəkə ləminəl ənbiyai. Əla təriqin səviyy. İnzalil həmidil kərim. Lituxəvvifə qovmən ma xəvvəfə əslafəhum fəhum sahun.”

Hansı bir ağıllı insan qəbul edə bilər ki, Peyğəmbər (s) Allahın əmanəti olan müqəddəs Kitabda belə dəyişikliklərin aparılmasına icazə versin!? Əgər belə bir şey mümkün olsa, onda Qur᾽anın təhrif edilməsini məqbul sayanlara gözaydınlığı vermək lazımdır. Çünki bu iddialara əsasən, Peyğəmbər (s) özü şəxsən belə bir işə icazə vermiş olur.

Allah özü şahiddir ki, bu sözlər yalan və iftira, eyni zamanda bağışlanmaz günahdır.

Allah-taala Öz peyğəmbərinə xitabən buyurur:

قُلْ مَا يَكُونُ لِي أَنْ أُبَدِّلَهُ مِن تِلْقَاء نَفْسِي إِنْ أَتَّبِعُ إِلاَّ مَا يُوحَى إِلَيَّ إِنِّي

«Onlara de ki: Mən onu özbaşına [istədiyim kimi] dəyişə bilmərəm. Mən ancaq mənə gələn vəhyə tabe oluram».

 Bu əmrdən sonra o həzrət bu kimi dəyişikliklərə yol verə bilərdimi?!

Rəvayətlərdən birində deyilir: Peyğəmbərin (s) Bərra ibni Azibə öyrətdiyi duaların birində belə bir ifadə var idi: «Və nəbiyyukəlləzi ərsəltə». Bərra burada «nəbi» kəlməsini «rəsul» sözü ilə əvəz edir. Bu sözlərin mə᾽na baxımından bir-biri ilə o qədər də fərqli olmamasına baxmayaraq, Peyğəmbər (s) belə bir dəyişikliyin aparılmasını ona qadağan edir. (Tibyan, 58-ci səh.).

Şəxsən özü tə᾽lim etdiyi bir duanın mətninin əvəz olunmasına bu qədər diqqətli olan bir peyğəmbər, Allah tərəfindən nazil olmuş və qiyamət gününədək toxunulmaz qalacağına və᾽də verilən Qur᾽an ifadələrini bir-biri ilə əvəz edə bilərdimi?! Peyğəmbərin (s) Qur᾽anı yeddi səbkidə oxumasını iddia edən şəxslər isə, ilk növbədə bu iddianı sübuta yetirməli və nümunə olaraq bir neçə mətləbə işarə etməlidirlər. Həqiqətən əgər belə bir qiraət üsulu mövcud olsaydı, bu günə qədər mütləq qorunub saxlanılardı. Qur᾽ani-Kərimdə bu haqda deyilir:

إِنَّا نَحْنُ نَزَّلْنَا الذِّكْرَ وَإِنَّا لَهُ لَحَافِظُونَ

«Şübhəsiz ki, Qur᾽anı Biz nazil etdik və sözsüz ki, Biz də onu [hər cür təhrif və təbdildən, artırılıb-azalmadan] qoruyub saxlayacağıq.» (Hicr-9).

2. Rəvayətlərdən belə mə᾽lum olur ki, Qur᾽anın müxtəlif səbkilərdə qiraət olunmasının əsas səbəbi, onun bir səbkidə oxunmasının müsəlmanlar üçün olduqca çətin olması olmuşdur. Qiraətin asanlaşması məqsədilə Peyğəməbrin (s) xahişi ilə onların sayı yeddiyə çatdırılır. Lakin təəssüf hissi ilə qeyd etmək lazımdır ki, qiraətlərin çoxalması nəinki müsəlmanların xeyrinə olmamış, hətta ixtilaf və ayrı-seçkiliyin yaranmasına da səbəb olmuşdur. Belə ki, onlardan bə᾽ziləri digərlərini fərqli qiraətlərinə görə küfrdə ittiham etmişlər. Bu səbəbdən də xəlifə Osman, Qur᾽anın orijinal nüsxəsindən istifadə etməyi və digər nüsxələrin yandırılmasını əmr edir.

Buradan bir neçə nəticəyə gələ bilərik.

1. Qur᾽anın müxtəlif səbkilərdə oxunması müsəlman ümmətinə ağır nəticələr verdi və bu böhran Osmanın xilafəti dövründə daha aşkar şəkildə zahir oldu.

Belə bir halda biz, qiraətlərin artırılmasına və bunun həyata keçməsinə dəlalət edən rəvayətlərin mö᾽təbərliyinə istinad edə bilmərik. Bir halda ki, bu məzmunda nəql olunmuş digər rəvayətlərdə Peyğəmbərin (s) qiraətlərdə mövcud olan ixtilaflara qarşı çıxması və hətta bə᾽zi hallarda qəzəbləndiyinin də şahidi oluruq. Ötən fəsillərdə bu mətləbə dəlalət edən bir neçə rəvayəti nəzərdən keçirdik, növbəti fəsillərdə bu mövzuya bir daha qayıdacağıq.

2. Müsəlmanların Qur᾽anı yalnız bir səbkidə qiraət etməyə qadir olmamalarına gəldikdə isə, bu tamamilə yanlış və əsassız bir dəlildir. Çünki İslamı qəbul etmiş ilk şəxslər milliyyətcə ərəb idilər və Qur᾽anın orijinal nüsxəsini tələffüz etmək onlar üçün heç də çətin olmamışdır. Hətta Osmanın xilafəti dövründə belə, milliyyətcə ərəb olmayan ətraf məntəqələrin İslamı qəbul etmiş sakinləri də belə bir çətinliklə üzləşməmişlər.

3. Rəvayətlərdən belə mə᾽lum olur ki, Osmanın xilafəti dövründə meydana gəlmiş böhran Peyğəmbərin (s) zamanında da mövcud olmuşdur. Lakin o həzrət hüzurunda Qur᾽an oxuyan hər bir qarinin özünəməxsus səbkisini təsdiq etmiş və bu ixtilafın müsəlmanlar üçün rəhmət və böyük ne᾽mət olduğunu bildirmişdir. Bu halda müsəlmanlar hansı səbəblər üzündən Peyğəmbərin (s) izn verdiyi bir şeyi Osmanın xilafəti dövründə qadağan etmişlər.

Yoxsa, xəlifə müsəlmanların çətinliklərini Peyğəmbərdən (s) daha yaxşı dərk edir və bu məsələləri o həzrətdən daha mükəmməl bilirdi?!!

Bu kimi dəlillərin əsassız olduğu o qədər asanlıqla sübuta yetirilir ki, artıq heç bir əlavə dəlilə ehtiyac duyulmur. Hətta Süyuti və sünnü məzhəbinin fəal davamçılarından olan tanınmış nəhv mütəxəssisi Hafiz Cəmaləddin də, son illər bu kimi rəvayətlərin həqiqətdən uzaq olduğunu e᾽tiraf etmişlər. (Tibyan 61-ci səh).

Rəvayətlərin batil və əsassız olması tamamilə göz qabağındadır və onların qondarma olmasına şübhə yoxdur.

İkinci nəzər: Bu barədə irəli sürülmüş ikinci nəzəriyyədə deyilir: Yeddi oxunuş səbki deyildikdə, ayələrin yeddi hissəyə bölündüyü nəzərdə tutulur. Bunlar əmr, halal, haram, möhkəm, mütəşabih, məsəl və Zəcr ayələridir. Bu nəzəriyyənin tərəfdarları Yunus ibni Məs᾽uddan nəql olunmuş rəvayətə əsaslanırlar. Rəvayətdə deyilir: Peyğəmbər (s) buyurur: İlk səmavi kitab yalnız bir səbkidə nazil olmuşdur və o yalnız bir fəsildən ibarət idi. Qur᾽an isə yeddi fəsil və yeddi səbkidən ibarətdir. (Əmr, halal, haram, möhkəm, mütəşabih, məsəl və Zəcr). Belə isə, Qur᾽anın haram etdiyini özünə haram, halal etdiyini halal bil; Əmr olunduğunuz şeylərə əməl edin, yasaq etdiyi şeylərdən uzaq olun; Məsəl ayələrindən ibrət götürün; Möhkəm və mütəşabih ayələrə iman gətirib əməl edin.

Cavab: Bu nəzəriyyə də bir neçə səbəbdən tamamilə batil və əsassızdır.

1. Rəvayətlərin zahiri mə᾽nasından mə᾽lum olur ki, yeddi oxunuş səbki deyildikdə, heç də ayələrin yeddi fəslə bölündüyü nəzərdə tutulmur;

2. Bu rəvayətlər Əbi Kureybin nəql etdiyi rəvayət ilə tamamilə ziddiyyət təşkil edir. İbni Məs᾽ud rəvayəti nəql edərək deyir: Allah-taala Qur᾽anı beş səbkidə nazil etmişdir. Halal, haram, möhkəm, mütəşabih və məsəl;

3. Rəvayətin məzmunundan qəti nəticəyə gəlmək bir o qədər də asan deyildir. Çünki zəcr və haram sözləri eyni mə᾽na daşıyır. Demək, Qur᾽andakı fəsillərin sayı yeddi deyil, altı olmalıdır.

Əlavə olaraq qeyd etmək lazımdır ki, Qur᾽anda haqqında söhbət açılan bir çox mövzular bu fəsillərin heç birinə daxil olunmamışdır. Məsələn yaradılış, mə᾽ad, peyğəmbərlərin və keçmiş ümmətlərin sərgüzəştləri və s. Əgər bu nəzəriyyənin tərəfdarları bu kimi mövzuları möhkəm və mütəşabih ayələr fəslinə aid etmək istəyirlərsə, gərək zahiri mə᾽naları aşkar olduğu üçün bütün mövzular «möhkəm» ayələr fəslinə daxil edilsin. Belə olduqda biz, Qur᾽anı artıq yeddi deyil, yalnız iki fəslə bölməli olacağıq. Çünki Qur᾽ani-Kərimdə bəyan olunan mövzular mə᾽na baxımından ya aşkar (möhkəm) və ya mübhəmdirlər (mütəşabih).

Üçüncü nəzər: Yeddi fəsil haqda irəli sürülən digər nəzəriyyələrdən biri də Qur᾽an ayələrinin əmr, qadağa, insanlarda rəğbət və qorxu hissi yaratma, dini mübahisələr, keçmiş ümmətlərin əhvalatları və çəkilən məsələlərə bölünməsidir. Bu nəzəriyyəyə əsaslananlar Məhəmməd ibni Bəşşarın istidlal etdiyi rəvayətə istinad edirlər. Rəvayətdə deyilir: Peyğəmbər (s) buyurur: Qur᾽an yeddi səbkidə nazil olmuşdur. Onlar əmr, qadağa, insanlarda rəğbət və qorxu hissi yaratma, mübahisə, əhvalat və məsəl ayələrindən ibarətdirlər.

FƏsahƏtli ibarƏtlƏr

Bu nəzəriyyəni irəli sürənlər iddia edirlər ki, Qur᾽an o dövrün tanınmış yeddi böyük qəbilənin istifadə etdikləri ifadələrlə nazil olmuşdur.

Yeddi qəbilə aşağıdakılardan ibarətdir:

«Qüreyş, Huzeyl, Həvazən, Yəmən, Kənanə, Təmim və Səqif.» Əbhəri və Beyhəqi kimi alimlər bu nəzəriyyəyə əsaslanmışlar.

Cavab: Bu nəzəriyyəni də bir neçə səbəbdən əsassız hesab edə bilərik.

1. Bir qədər əvvəl qeyd olunan rəvayətlərdə yeddi fəsil deyildikdə, tam başqa bir mə᾽na nəzərdə tutulurdu.

2. Yeddi qiraət səbkini yeddi ləhcə kimi mə᾽nalandırmaq, Əmrin bu haqda dedikləri ilə tamamilə zidd bir fikirdir. O deyir: Qur᾽an yalnız Muzərr ləhcəsində nazil olmuşdur. Əmr, İbni Məs᾽udun «hətta hiynə» kəlməsini «ətta hiynə» kimi oxumasına e᾽tiraz edir. Ona yazdığı məktublardan birində deyir: Qur᾽an Huzeyl ləhcəsində deyil, Qüreyş ləhcəsində nazil olmuşdur və camaata da məhz bu səbki öyrətməlisən.

3. Osman üç Qüreyş tayfasına göstəriş verərək deyir: Əgər Zeyd ibni Sabitin qiraəti ilə ixtilafınız olsa, Qüreyş qiraətini əsas tutun. Çünki Qur᾽an Qüreyş ləhcəsində nazil olmuşdur.

4. Başqa bir rəvayətdə deyilir: Əmr və Hişam, Furqan surəsini müxtəlif səbkilərdə qiraət etdikləri üçün aralarında ixtilaf yaranır və Peyğəmbərin (s) yanına gəlib onun hüzurunda həmin surələri qiraət etmək qərarına gəlirlər. Onların hər biri qiraət edib qurtardıqdan sonra, Peyğəmbər (s) hər ikisinin düzgünlüyünü təsdiq edib buyurur: «Qur᾽an yeddi səbkidə nazil olmuşdur, onların hansı biri ilə qiraət etsəniz düzdür.» (Səhihi-Buxari).

Hişam və Əmrin Qüreyş qəbiləsindən olması mə᾽lum olduğu halda, qiraət baxımından onların arasında heç bir ixtilaf ola bilməzdi və bu halda yeddi qiraət səbkilərini, yeddi ləhcə kimi mə᾽nalandırmaq olmaz.

5. Əgər bu nəzəriyyəyə əsaslananlar Qüreyş ləhcəsinin bu ləhcələr arasında olmadığını nəzərdə tuturlarsa, onda onlar qiraəti asanlaşdırmaq əvəzinə, onu daha da qəlizləşdirmiş olurlar. Çünki Qüreyş ləhcəsi ərəb qəbilələrinin mö᾽təbər hesab etdikləri ləhcələrdən biri olmuşdur və onlar istifadə etdikləri ifadələrin həqiqətən ərəb kəlməsi olub-olmadığını məhz Qüreyş ləhcəsi ilə müqayisə edirdilər.

Əgər onlar digər ləhcələrin Qüreyş ləhcəsilə tamamilə eyni olduğunu nəzərdə tuturlarsa, onda onları yeddi hissəyə bölməyin heç bir lüzumu olmayacaqdır. Çünki Qur᾽ani-Kərimdə Qüreyş ləhcəsinə oxşar əlliyə yaxın ləhcədən istifadə olunmuşdur.

Beşinci nəzər:

Muzərr ləhcəsi: Yeddi oxunuş səbki deyildikdə, yalnız Bəni-Muzər qəbiləsinə mənsub olan yeddi (Qüreyş, Əsəd, Kənanə, Huzeyl, Təmim, Zəbbə və Qeys) qəbiləsinin istifadə etdikləri ləhcələr nəzərdə tutulur.

Cavab: Dördüncü nəzəriyyəyə tutulan irad və nöqsanlar bu nəzəriyyəyə də şamil olunur.

Altıncı nəzər:

Qiraətlərdəki ixtilaflar: Bu nəzəriyyənin tərəfdarları yeddi səbki deyildikdə, yeddi qiraət üsulunu nəzərdə tuturlar. Onlar nəzəriyyələrini bəyan edərkən deyirlər: Apardığımız araşdırmalardan sonra belə bir nəticəyə gəldik ki, Qur᾽an məhz yeddi qiraət üsulunda nazil olmuşdur.

1. Bə᾽zən, yalnız kəlmənin mə᾽na və quruluşu deyil, hərəkəsi (sait hərfləri) dəyişilir. Məsələn, «Hunnə əthəru ləkum» cümləsindəki zəmmə ilə (u) oxunan «əthəru» «əthərə» oxunur.

2. Bə᾽zən hərəkənin əvəz olması ilə cümlənin quruluş və mə᾽nasında da dəyişiklik baş verir. Məsələn, «Rəbbəna baid əsfarəna – Ey Rəbbimiz! Səfərlərimizin arasını [məsafəsini] uzaq et!» (Səba-19).

3. Bə᾽zən hərflər dəyişildikdə yazılış formasında heç bir dəyişiklik baş vermir, mə᾽na isə tamamilə əvəz olunur. Məsələn, «nunşizuha – nunşiruha» kəlməsi həm (z), həm də (r) hərfi ilə tələffüz olunur. Belə ki, «nəşərə» (yaymaq), «nəşəzə» isə (uzaq etmək) mə᾽nasını verir.

4. Bə᾽zən kəlmənin yazılış forması dəyişilsə də, mə᾽nası olduğu kimi qalır. Məsələn, «kəl ihnil-mənfuş» (dağlar isə didilmiş yun kimi olacaqdır) ayəsi, «Kəssovfil mənfuş» oxunmuşdur. Çünki «ihn» və «sovf» eyni mə᾽nanı (didilmiş yun) daşıyır.

5. Bə᾽zən qiraətdə yaranmış ixtilaflar həm kəlmənin yazılış formasının, həm də mə᾽nasının əvəz olunmasına səbəb olur. Məsələn, «və təlhin mənzud» (salxım-salxım sallanmış banan ağacları altında) ayəsi «və təl᾽in mənzud» kimi oxunmuşdur.

6. Bə᾽zən qiraətlərdə ifadələr bir-birindən ya əvvəl, ya sonra (yə᾽ni yerləri dəyişilərək) tələffüz olunur. Məsələn, «və caət səkrətul movti bil həqqi» (ölüm məstliyi həqiqətən gəlir) ayəsi «Və caət səkrətul həqqi bilmovti» oxunmuşdur.

7. Bə᾽zən də ayəyə əlavə və əskiltmələr etməklə mə᾽na baxımından nöqsanlar yaradılır. Məsələn, «Tis᾽ə və tis᾽unə nə᾽cətən unsa» (Onun doxsan doqquz dişi qoyunu var).

«Və əmməl ğulamu fəkanə kafirən və kanə əbəvahu mu᾽minin» (Oğlana gəldikdə o, kafir idi, onun ata-anası (isə) mö᾽min kimsələr idi). «Fə innəllahə min bə᾽di ikrahihinnə ləhunnə ğəfurun rəhim» (Kim cariyələri zinakarlığa məcbur edərsə, [bilsin ki,] onların bu məcburiyyətindən sonra, əlbəttə, Allah [zinakarlığa vadar olanları] bağışlayar və rəhm edər).

Belə ki, birinci ayəyə [ehtiyac duyulmadığı bir halda] «unsa – dişi», ikinci ayəyə «kafirən – kafir» və «kanə – oldu, idi», üçüncü ayəyə isə «ləhunnə – həqiqət o cariyələrə, qadınlara» ifadələri əlavə olunmuşdur.

Cavab: Beşinci nəzəriyyədə yeddi oxunuş səbkisinə verilən izahatların xülasəsi bundan ibarət idi. Bu nəzəriyyəni də bir neçə səbəbdən əsassız hesab etmək olar.

1. Yeddi oxunuş səbkisini belə bir tərzdə mə᾽nalandırmağın heç bir mə᾽na və məfhumu yoxdur. Ümumiyyətlə, adları çəkilən şəxslərin qiraətdə mövcud olan ixtilaflardan əsla mə᾽lumatları olmamışdır.

2. İxtilafa səbəb olan amillərdən biri də, ayələrin mə᾽nalarının dəyişilib-dəyişilməməsidir. Bir halda ki, biz bu iki müxtəlif amili eyni şey hesab etməməliyik. Çünki dəyişilən yalnız kəlmənin zahiri formasıdır – istər mə᾽na dəyişilsin, istərsə də dəyişilməsin – belə olduqda qiraətdə heç bir dəyişiklik baş verməyəcəkdir. Çünki qiraətin əvəz olunmasına səbəb mə᾽na deyil, kəlmələrin yazılış formasıdır.

Bu səbəbdən də iki qismə bölünən qiraəti eyni hesab etməliyik və belə olduqda qiraət səbkilərinin sayı yeddi deyil, altı göstərilməlidir.

3. «Təlhin» kəlməsinin «təl᾽in» və «nunşizu» sözünün «nunşiru» kimi oxunması ixtilafa səbəb olan digər amillərdən hesab olunur. Göründüyü kimi, hər iki ifadədə hərflər dəyişilməklə «ha» hərfinin «ayn» hərfilə, «təlhin» sözünün «təl᾽inlə», «za» hərfinin «ra» hərfilə və «nunşizuha» kəlməsinin «nunşiruha» ilə əvəz olunması qiraətdə müəyyən dəyişikliklər yaradır. Göründüyü kimi, fərq yalnız qiraətdə nəzərə çarpır və bu səbəbdən də bu iki fərqliliyi eyni hesab etməməliyik. Çünki daha çox əhəmiyyət kəsb edən yazılış deyil, qiraətdir.

4. Nəql olunmuş rəvayətlərdən mə᾽lum olur ki, Qur᾽an yalnız bir səbkidə nazil olmuşdur. Lakin, sonralar Peyğəmbərin (s) xahişi nəticəsində onların sayı yeddiyə çatdırılmışdır.

Mə᾽lum olduğu kimi, Qur᾽anın bir səbkidə nazil olması bu kimi ixtilafların yaranmasına səbəb ola bilməzdi. Belə bir halda yeddi oxunuş səbki deyildikdə, qiraətdə yaranmış yeddi ixtilafı nəzərdə tutmaq nə dərəcədə düzgün olardı?

5. Qur᾽ani-Kərimin əksər ayələri qarilər tərəfindən eyni səbkidə tilavət olunur. Qiraətdə nəzərə çarpan fərqləri nəzərə aldıqda isə yeddi deyil, səkkiz üslub haqqında danışmalıyıq.

6. Əmr və digər ravilərin nəql etdikləri rəvayətlərdən belə mə᾽lum olur ki, qarilər arasında mövcud olan ixtilaflar yalnız kəlmələrin tələffüzündə olmuşdur və bu ixtilaflar yeddi qiraət üsulunun yalnız birini təşkil edir. Lakin Peyğəmbər (s) heç vaxt bu kimi ixtilafların aradan qaldırılması üçün qiraətlərin iki, üç və sonra yeddi səbkiyə çatdırılmasına ehtiyac duymamışdır. Ümumiyyətlə, qiraətlərin Cəbrailin vasitəsilə iki, üç və nəhayət yeddi üsluba qədər artırılmasını yaranmış ixtilaflar ilə əlaqələndirmək olarmı?!

Cəzairi nəhayət bir qədər orta mövqe tutaraq bu barədə demişdir: Yeddi qiraət səbki barəsində bir çox nəzəriyyələr irəli sürülmüşdür ki, onların əksəriyyəti tamamilə yanlış və əsassızdır. Sanki bu nəzəriyyənin tərəfdarları Peyğəmbərdən (s) nəql olunmuş «Qur᾽an yeddi səbkidə nazil olmuşdur» hədisindən əsla agah deyildirlər. (Tibyan, 59-cu səh).

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Rəcəb, tövbə və duaların qəbul olunan Mübarək Ay daxil olur – Bu gecənin ...
ELMİ SİRLƏR
Dəccal kimdir
“Xəlqi-aləm səbəbi Zəhrada (s.ə) imiş” şeri
İslam təlimləri nəzərindən insandan başqa sair canlı varlıqlar üçün də ...
NƏHCÜL-BƏLAĞƏ MƏKYUBLAR
MƏSUMLARIN NURLU KƏLAMLARINDAN
Dünya düzəninin məntiqi
MƏNTIQI QƏBUL ETMƏK
«YEDDİ HƏRF» VƏ «YEDDİ OXUNUŞ» HAQDA NAZİL OLMUŞ RƏVAYƏTLƏRİN ...

 
user comment