Azəri
Monday 23rd of December 2024
0
نفر 0

Dünya düzəninin məntiqi

QURANDA
DÜNYAŞÜNASLIĞIN
ƏSASLARI

Dünya düzəninin məntiqi

Dünyada hökm sürən qanunauyğunluq və nizamlı düzənə əsaslanan bəzi fizika alimləri dünyanın məntiqli bir quruma malik olduğunu söyləyirlər. Əgər dünya qanun-qayda üzrə bərqərar olmasaydı, heç bir alim kainatdakı hadisələri və təbiət proseslərini elmi şəkildə araşdıra bilməzdi. Bütün elmi və fəlsəfi axtarışlar dünyanın məntiq üzərində düzənləndiyini təsdiqləyir. Albert Eynşteyn bu barədə belə deyir:
     «Dünyanın sirlərini öyrənmək məqsədilə ağıl və məntiqin azacıq da olsa işıq saçması üçün dünya qurumunun özünün məntiqi düzənə malik olmasına inanmaq gərəkdir. Ehtiyacları dərk etmək üçün güclü meyl və hərarətli bir istək lazımdır. Belə bir istək və meyl şübhəsiz ki, Kepler və Nyuton kimi zəka sahiblərində olmuşdur» [20]. Müasir fiziklərdən biri olan Çarlz dünyanın məntiq qurumu barədə belə söyləyir:
     «Alimlər bir işə başlamazdan öncə ürəklərində güclü iman olmalıdır. Ən çətin vəzifələri yerinə yetirməkdə insan üçün dərin iman hissi olduqca zəruridir. Sual oluna bilər: – Nə üçün? Cavab çox sədədir: – İnsan şəxsən arxayın olmalıdır ki, dünyada bir nizam və qayda-qanun vardır. İnsanın huşu və zehni həmin nizam və qanun üzrə fəaliyyət göstərir və gerçəklikdə baş verən hadisələrin qanunauyğunluğunu bu sayaq psixoloci bir durumla təhlil etməyə girişir. Belə bir iman və etiqad olmadan insan ürəkdən çalışa bilməz. Başqa bir tərəfdən məntiqi köklərə söykənən insan zəkası nizamsız və qanun-qaydasız bir dünyanı necə dərk edə bilər? Nizamsız dünya anlaşılmaz bir dünya olaraq qalar, burada xaos və hərc-mərclik olar.
     Həqiqət ondan ibarətdir ki, imanın özü insan üçün nizamlı və anlaşıqlı bir dünyadır. Nizamlı və qanun-qaydalı dünyaya olan iman insanları xurafat dövründən müasir elmi tərəqqi dövrünə gətirib çıxarmışdır. İnsan pillə-pillə çeşidli dəyişmələrlə üzləşərək iman sayəsində çağdaş elmi inkişafa yiyələnmişdir [21].
     

Varlıq aləminin vəhdəti


     Quranın irəli sürdüyü kainat düzənində ən önəmli məsələ dünyanın – yəni bütövlükdə varlıq aləminin vəhdəti mövzusudur. Kainatın bütün təbəqə və tərkib hissələri bir-biri ilə bağlı və ahəngdar bir münasibətdədir. Dünyanın tərkib hissələri bir-birindən ayrı, təcrid olunmuş və rabitəsiz deyildir, bəlkə aləmin hər bir hissəsi onun başqa hissələri ilə əlaqədə olub bütövlükdə dünyanın ümumi vəhdətini təşkil edirlər.
     Dünyanın vəhdəti məsələsini filosofların çoxu qəbul edir. Lakin bu vəhdətin necə anlaşılması məsələsində müxtəlif baxışlar vardır.
     Ümumi şəkildə isə adətən dünyanın vəhdəti barədə iki baxış sistemi vardır:
     1. Mexaniki vəhdət
     Bu baxış mexaniki düşüncə tərzindən qaynaqlanır. Belə ki, həmin təsəvvürə görə dünyanın tərkib hissələri sanki bir maşının müxtəlif hissələrindən ibarətdir. Burada hər bir hissə özünə aid bir işi yerinə yetirir. Əgər maşının bir hissəsində dəyişiklik baş versə, bütün maşın dəyişər, onun hərəkəti pozular. Təbiət aləmində də belə bir vəziyyət müşahidə edilir: dünyanın bir qismində dəyişiklik baş verərsə, bütün sistemdə dəyişmələr yaranar.
     2. Orqanik vəhdət
     Bu baxışa görə, dünyadakı əlaqə və bağlılıq, bir bədənin üzvləri arasındakı bağlılıq kimidir: yəni bütün varlıq aləmi üçün vahid bir həyat prinsipi vardır. İnsanın bədənində ruh adlı bir önəmli amil vardır və həmin ruh bütün orqanizmi idarə edir. Təbiət aləmində də buna bənzər külli nəfs vardır və həmin külli nəfs təbiətin və dünyanın bütün tərkib hissələrini idarə edir, onlara hakim olan bir qüdrət kimi çıxış edir.
     Adətən materialist filosoflar mexaniki vəhdət nəzəriyyəsinə inanır və həmin təlimi əsas düşüncə tərzi kimi qəbul edirlər. İlahiyyatçılar isə kainatın orqanik vəhdətini daha məntiqli bir model kimi tanıyırlar.
     İndi baxaq görək dünyanın vəhdəti Quran ayələri işığında necə açıqlanır.
     Mülk surəsi, 1-ci ayədə göstərilir ki, hər şeyin hökmü və ixtiyarı Allah ilədir:
     Hökm (hər şeyin ixtiyarı) əlində olan Allah nə qədər uca, nə qədər uludur. O, hər şeyə qadirdir!
     Həmin surənin 3-4-cü ayələri isə kainatın ardıcıl vəhdətini bəyan edir:
     Mülk surəsi, 3-4-cü ayələr:
     Yeddi Göyü (bir-birinin üstündə) qat-qat yaradan da Odur! (Ey insan!) Sən Rəhmanın yaratdığında heç bir uyğunsuzluq görməzsən. Bir gözünü qaldırıb (səmaya) bax, heç orada bir yarıq, çatdaq (nöqsan) görə bilərsənmi?!
     Sonra gözünü qaldırıb iki dəfə bax. Göz orada (axtardığını tapmayıb) zəif, yorğun düşərək yenə də sənə tərəf qayıdacaqdır!
     Bu ayələrə görə, varlıq aləmi elə yaradılmışdır ki, burada heç bir nizamsızlıq və pərakəndəlik nişanələri yoxdur. Əgər insan diqqətlə nəzər salsa, heç bir şəkk-şübhə olmadan varlıq aləminin tərkib hissələrinin bir-biri ilə bağlılığını anlayar və dünya düzənindəki vəhdəti dərk edər. Kainat və ya varlıq aləmi vahid bir düzəndən ibarətdir. Dünyanın vəhdəti Allahın birliyindən irəli gəlir, yəni kainat düzənindəki nizam və vəhdət tovhid düşüncəsi ilə uzlaşır. Başqa bir ayədə təkallahlıq prinsipinə görə dünyanın vəhdəti vurğulanır. Allah bir olduğu səbəbdən kainat da bir qanun və nizamla düzənlənib. İkiallahlıq dünyanın nizam və vəhdətinin pozulması deməkdir.
     Ənbiya surəsi, 22-ci ayə:
     Əgər Yerdə və Göydə Allahdan başqa tanrılar olsa idi, onların ikisi də (müvazinətdən çıxıb) pozulardı. Ərşin sahibi olan Allah müşriklərin (Ona) aid etdikləri sifətlərdən tamamilə uzaqdır.
     Eyni zamanda Qurani-kərim dünyadakı nizamı əsaslandırılmış və yetərli bir tərzdə bəyan edir. Hər şey yerli-yerində, bütöv və yetərli bir qaydada nizama salınır. Bu isə dünyadakı vəhdətə dəlalət edir. Əgər dünyanın hissələri bir-biri ilə yetərincə əlaqədə olmasaydı, bu düzəndə vəhdət olmasaydı, varlıq aləmi kamil və möhkəm olmazdı.
     Nəml surəsi, 88-ci ayə:
     (O gün) dağlara baxıb onları donmuş (hərəkətsiz durmuş) zənn edərsən, halbuki onlar bulud keçdiyi kimi keçib gedərlər. Bu, hər şeyi bacarıqla, yerli-yerində edən Allahın gördüyü işdir. O, etdiyiniz bütün əməllərdən xəbərdardır!
     

Varlıq aləmi ayə kimi


     Qurani-Kərimə görə varlıq aləmi Haqqın ayəsi – yəni dəlil və nişanəsidir. Varlıq aləmi bütün çeşidli və müxtəlif təzahürləri ilə vahid, qadir Allahın, aləmin məbdəsi sayılan Haqqın nişanələridir.
     «Ayə» sözü əlamət və nişanə mənasında işlənir. Qurani-Kərimdə ayə sözü 382 dəfə işlənib. Varlıq aləminin ümumi həqiqətləri «ayə» məfhumu ilə ifadə olunur. Allahın kamil və yenilməz qüdrəti, yetkin hikməti ayələr vasitəsilə varlıq aləmində zahir olur. Bu yöndə, Göylərin və Yerin xilqəti, gecə-gündüzün növbələşən hərəkəti Allahın hikmət və qüdrət nişanələri və dəlilləri kimi bəyan edilir.
     Ali-İmran surəsi, 190-cı ayə:
     Həqiqətən, Göylərin və Yerin yaradılması, gecə ilə gündüzün bir-birini əvəz etməsi (bir-birinin ardınca gəlib-getməsi) ağıl sahibləri üçün (Allahın varlığını, qüdrətini, kamalını və əzəmətini sübut edən) qəti dəlillərdir.
     Ənkəbut surəsi, 44-cü ayə:
     Allah Göyləri və Yeri haqq olaraq (lazımınca) yaratmışdır. Həqiqətən, bunda (bu yaradılışda) möminlər üçün bir ibrət vardır.
     Bu ayədə (ərəbcə variantında) «ayə» sözü ibrət və dəlil mənasında işlənib.
     Varlıq aləmindəki hadisələr, təbiətin nizam və düzənində qarşılaşdığımız ardıcıl və qanunauyğun hallar Allahın qüdrət və hikmət dəlilləri kimi anlaşılır. Göydən Yer üzünə yağışın enməsi, burada çeşidli bitki və meyvələrin bitməsi Aləmlərin Rəbbi olan Allahın qüdrət nişanələridir. Quşların havada uçuşu, fəzada dayana bilməsi də Haqqın hikmət və qüdrət nişanələridir. Gecələr insanlar üçün rahatlıq və dincəlmək üçün, gündüzlər isə çalışma və iş üçündür. Gecə-gündüzün bu nizamla yaranması da Allahın hikmət nişanələridir.
     Nəml surəsi, 86-cı ayə:
     Məgər gecəni onların istirahəti üçün (qaranlıq) yaratdığımızı, gündüzü isə (işlərini görmək, ruzi qazanmaq üçün) işıqlı etdiyimizi görmürlərmi? İman gətirən bir tayfa üçün bunda (Allahın vəhdaniyyətinə və qüdrətinə dəlalət edən) əlamətlər vardır.
     Varlıq aləmi sanki insanların ixtiyarına verilir: Günəş insan üçün işıq və hərəkət mənbəyidir. Günəş şüaları həyat qaynağı olmaqla mikrobları məhv edir, bitkilər Günəş işığında böyüyür. Çaylar da insanın xidmətindədir; onların suyu ilə tarlaları suvarır və məhsul yetişdirirlər. İnsanlar dənizdən də faydalanır, dəniz sularında gəmilər hərəkət edir. Dənizdə olan müxtəlif təbii sərvətlər – balıq, mirvari və s. insanların istifadəsi üçündür. Bütün bu sadalanan nümunələr Allahın hikmət və qüdrət nişanələri sayılır.
     Nəhl surəsi, 7-ci və 10-14-cü ayələr deyilənləri yetərincə təsdiq edir.
     Nəhl surəsi, 7-ci ayə:
     Onlar sizin yüklərinizi özünüzü yormadan çata bilməyəcəyiniz bir ölkəyə (bir yerdən başqa yerə) daşıyırlar. Həqiqətən, Rəbbin şəfqətli və mərhəmətlidir.
     Nəhl surəsi, 10-14-cü ayələr:
     Göydən sizin üçün yağmur endirən Odur. O sudan siz də, içində (heyvanlarınızı) otardığınız ağaclar və otlar da içər (ağaclar və otlar da Onun vasitəsilə bitər).
     Allah o su ilə sizin üçün əkin (taxıl, bitki), zeytun, xurma ağacları və bütün meyvələrdən yetişdirir. Düşünüb-daşınanlar üçün bunda (Allahın vəhdaniyyətini sübut edən) dəlillər vardır!
     O, gecəni və gündüzü, Günəşi və Ayı sizə (sizin mənafeyinizə) tabe etdi. Ulduzlar da Onun əmrinə tabedir. Doğrudan da, bunda ağılla düşünənlər üçün ibrətlər vardır!
     Allah Yer üzündə yaratdığı cürbəcür şeyləri (heyvanları, bitkiləri, meyvələri və s.) də sizin ixtiyarınıza verdi. Öyüd-nəsihət qəbul edənlər üçün, sözsüz ki, bunda da (Allahın qüdrətini və əzəmətini bildirən) əlamətlər vardır!
     Təzə ət (balıq əti) yeməyiniz, taxdığınız bəzək şeylərini (inci, sədəf, mərcan) çıxartmağınız üçün dənizi də sizə ram edən Odur. (Ey insan!) Allahın nemətindən sizin ruzi axtarmağınız üçün sən gəmilərin onu yara-yara üzüb getdiyini görürsən. Bəlkə, (bundan sonra Allahın nemətlərinə) şükr edəsiniz!
     Bir sözlə, hər şeyi insanlara ram edən, onların ixtiyarında qoyan Allahdır və düşünən kəslər bunları dəlil və ibrət kimi dərk edir.
     Casiyə surəsi, 12-13-cü ayələr:
     Gəmilərin Onun əmri ilə dənizdə üzməsi və sizin də Onun kərəmindən (orada) ruzi axtarmanız üçün dənizi sizə ram edən Allahdır!
     Göylərdə və Yerdə nə varsa, hamısını Öz tərəfindən sizin ixtiyarınıza qoyan da Odur. Həqiqətən, bunda düşünən bir qövm üçün ibrətlər vardır!
     Hətta qadın və kişilərin cüt yaranması da Allahın hikmət nişanəsidir.
     Rum surəsi, 21-ci ayə:
     Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaratması da Onun qüdrət əlamətlərindəndir. Həqiqətən, bunda (bu yaradılışda) düşünən bir qövm üçün ibrətlər vardır!
     Ariflərin etiqadına görə, yaradılış və xilqət ona görə «aləm» adlanır ki, burada mövcud olan bütün varlıq nümunələri Allahın hikmət və qüdrət əlamətləri və Onun sifətlərinin təzahürüdür. Əzizəddin Nəsəfi məşhur «əl-İnsanül-kamil» əsərində belə yazır: «Bil ki, Allah-Taala varlıqları yaradarkən onların ümumi adını aləm qoydu. Çünki varlıq aləmindəki nümunələr Allahın vücuduna, Onun qüdrət, elm və idrakına dəlalət edən əlamətdir» [22].
     Varlıq aləminin Allahın əlamət və nişanəsi olduğunu bəyan etməklə başqa bir sual ortaya qoyuruq. Bu nişanə hansı növdən və necədir? Yəni varlıq aləminin Allahın varlığına dəlalət etməsi hansı qism dəlillər sırasına aiddir?
     Dəlillər üç qismdir:
     – Birinci növ dəlillər şərti işarə və analoq xarakteri daşıyır. Bir şeyi başqa bir şey üçün şərti işarə və əlamət kimi nəzərdə tutduqda belə bir dəlil münasibəti yaranır. Məsələn, söz və məna arasında olan münasibət şərti işarə xarakteri daşıyır, yəni söz hər hansı bir mənaya işarə edən şərti kod kimi təsəvvür edilir. Hər bir dildə müəyyən mənalar üçün həmin dilə xas sözlər işlənir.
     İkinci növ dəlillər təbii dəlillər sırasına daxildir; məsələn, öskürək sinədə və ya boğazda olan narahatlığa dəlalət edir, üzün rənginin qızarması əsəbiliyə dəlalət edir.
     Üçüncü növ isə əqli dəlillər adlanır. Səbəb-nəticə münasibəti və ya mühərriklə hərəkət arasındakı əlaqə bu növə aid edilir.
     Varlıq aləminin Allahın varlığına dəlalət etməsi əqli dəlillər sırasındadır. Varlıq aləminin davamlı və sistematik bir nizama malik olması, burada ardıcıl nizam-intizam və qanun-qaydanın bərqərar olması bir Allahın varlığına dəlalət edir və belə olmasa, dünyanın nizamı başqa dəlil ilə izah və şərh edilə bilməz. Qaliley demişdir ki, «Təbiət aləmi riyazi hərflərlə yazılmışdır» [23]. Bu tezis varlıq aləminin ayə və dəlil olduğunu göstərir. Təbiət aləmində müşahidə edilən nizamlı varlıq nümunələri, onların vahid bir sistem kimi qurulması Allahın varlığına dəlalət edən əqli nişanədir.
     Hər bir şey Allahın varlığı üçün ayədir.
     Hər bir ayə göstərir ki, Allah birdir.
     «Varlıq aləmi Haqqın ayəsi və nişanəsidir» dedikdə bunu hər kəs başa düşə və dərk edə bilməz. Quran ayələri bu məsələni xüsusi vurğulayır və bəyan edir ki, təkcə ağıl və düşüncə sahibləri (qövmi-yəqilun), zəka sahibləri (ululəlbab), anlaq və dərrakə yiyələri (qövmi-yəfqəhun), elm və bilgi sahibləri (qövmi-yələmun), mütəfəkkirlər (qövmi-yətəfəkkurun), ən önəmlisi isə iman və təqva sahibləri (qövmi-yəttəqun) varlıq aləmini Allahın ayə, dəlil və nişanəsi kimi anlayırlar.
     Rum surəsi, 24-cü ayə:
     Sizə həm qorxu, həm də ümid verən (sizi vurmasından qorxduğunuz, dalınca isə yağış yağmağına ümid bəslədiyiniz) ildırımı göstərməsi, Göydən yağmur endirib öləndən sonra (onunla) torpağı diriltməsi də Onun qüdrət əlamətlərindəndir. Şübhəsiz ki, bunda ağıllı düşünən bir qövm üçün ibrətlər vardır.
     Bəqərə surəsi, 118-ci ayə:
     (Müşriklərdən olan) cahillər dedilər: «Nə olaydı ki, Allah bizimlə də danışaydı, bizə də bir ayə gələydi!» Onlardan əvvəl gələn cahillər (yəhudi və xaçpərəstlər) də buna bənzər sözlər demişdilər. Onların qəlbləri bir-birinə bənzəyir. Biz tam yəqinliklə iman gətirənlərə dəlillərimizi açıqcasına göstərdik.
     

 

 

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ŞİƏNİN MƏŞHUR HƏDİS ALİMLƏRİ
FİDYƏ AYƏSİNİN NƏSXİ
Rəcəb, tövbə və duaların qəbul olunan Mübarək Ay daxil olur – Bu gecənin ...
ELMİ SİRLƏR
Dəccal kimdir
“Xəlqi-aləm səbəbi Zəhrada (s.ə) imiş” şeri
İslam təlimləri nəzərindən insandan başqa sair canlı varlıqlar üçün də ...
NƏHCÜL-BƏLAĞƏ MƏKYUBLAR
MƏSUMLARIN NURLU KƏLAMLARINDAN
Dünya düzəninin məntiqi

 
user comment