Azəri
Tuesday 25th of June 2024
0
نفر 0

MÜAVİYƏNİN NAMAZ QILARKƏN Bismillah AYƏSİNİ UNUTMASI

MÜAVİYƏNİN NAMAZ QILARKƏN Bismillah AYƏSİNİ UNUTMASI

Beyhəqi, Malik ibni Ənəsdən nəql etdiyi hədisdə deyir: «Müaviyə Mədinədə namaz qılarkən Həmd surəsini «Bismillah...» ayəsi ilə oxudu, sonrakı surələrdə «Bismillah...» ayəsini qiraət etmədi. Surəni oxuduqdan sonra təkbir deməyib səcdə etdi və beləliklə namazı başa vurdu. Namaz sona çatdıqdan sonra onun arxasında namaz qılan onlarla mühacir Müaviyəyə e᾽tiraz edərək dedilər: «Bismillah...» deməyi unutdun, yoxsa namazı ixtisara saldın?! Müsəlmanların bu e᾽tirazından sonra Müaviyə sonrakı namazlarda oxuduğu hər surədən əvvəl «Bismillah...» ayəsini oxuyur və səcdəyə gedərkən təkbir (Allahu Əkbər) deyirdi.[1]

Bu rəvayəti Beyhəqi başqa bir yerdə bir qədər fərqli olaraq nəql edir. Rəvayətdə deyilir: «Müaviyə nə “Həmd”, nə də sonrakı surələri «Bismillah...» ayəsi ilə oxumadı. Mühacirlərlə yanaşı namazda iştirak edən Ənsar da Müaviyəyə e᾽tiraz etdi». Bu rəvayəti Hakim də öz kitabında nəql edir və sonra deyir: «Buxari və Müslüm bu rəvayəti səhih hədislər sırasına daxil etmişlər».

Bismillah AYƏSİNİN NAMAZDA OXUNMASI

Bu məzmunda nəql olunmuş bir çox rəvayətlərdən belə mə᾽lum olur ki, Peyğəmbər (s) «Bismillah...» ayəsini Qur᾽anın bütün surələrindən əvvəl oxumuş və buna böyük əhəmiyyət vermişdir. Biz bu rəvayətlərdən bir neçəsinə bir qədər əvvəl işarə etdik. Qətadə Malik ibni Ənəsdən nəql etdiyi hədisdə deyir: Peyğəmbər (s) “Həmd” surəsini mədd ilə (bir qədər uzadaraq) «Bismillahir-Rəhmanir-Rəhim» ayəsi ilə başlayardı. O, həm «Bismillah», həm «Rəhman», həm də «Rəhim» kəlmələrini bir qədər uzadaraq (məd ilə) oxuyardı.

Şərik, Ənəsdən nəql etdiyi hədisdə deyir: Peyğəmbər (s) «Bismillah...» ayəsini ucadan oxyardı.

Hakim bu rəvayəti nəql etdikdən sonra deyir: Bu hədisi nəql edən ravilər tamamilə e᾽timad olunası kəslərdir.

Əsqəlani deyir: Muəmmər ibni Süleymanın arxasında sübh və məğrib namazlarını qılardım. O, “Həmd” surəsindən əvvəl və sonra «Bismillah...» ayəsini ucadan oxuyar və deyərdi: Namaz qılarkən hər zaman atama iqtida edərdim. Atam da deyərdi ki, əksər hallarda Ənəsin camaat namazlarında iştirak edərdim. Və o da daim Peyğəmbərin (s) camaat namazlarında iştirak etdiyini deyərdi. Onlar hamılıqla namaz qılarkən bütün surələrdən əvvəl «Bismillah...» ayəsini oxuyardılar.

Hakim deyir: Bu hədisi nəql edən ravilər tamamilə e᾽timad olunası kəslərdilər.

Əbu Nəamə, Ənəsdən nəql etdiyi hədisdə deyir: İstər Peyğəmbər (s), istər Əbu Bəkr, istərsə də Ömər «Bismillah...» ayəsini ucadan oxumazdılar.

Müəllif:

Nəql olunmuş rəvayətlərdən belə mə᾽lum olur ki, Peyğəmbər (s) qıldığı bütün gündəlik namazlarında «Bismillah...» ayəsini oxumuş və bu məsələyə xüsusi diqqət yetirmişdir. Lakin Ənəsin «Peyğəmbər (s) namaz qılarkən «Bismillah...» ayəsini oxumazdı» nəql etdiyi rəvayətdən başqa bir mə᾽na əldə etməliyik. Bəlkə də o bunu deməkdə Peyğəmbərin (s) «Bismillah...» ayəsini ucadan oxumamasını nəzərdə tutmuşdur.

Belə ki, nəql olunmuş sonuncu rəvayəti bunun üçün dəlil hesab edə bilərik. O deyir: Peyğəmbər (s), «Bismillah...» ayəsini ucadan oxumazdı...

Ənəsin nəql etdiyi rəvayətdə «Peyğəmbər (s) Bismillah... ayəsini oxumazdı yox, Peyğəmbər (s), Bismillah... ayəsini ucadan oxumazdı» deməsini bu məsələyə dair ikinci bir dəlil hesab edə bilərik.

Onun özündən nəql olunmuş başqa bir rəvayətdə deyilir: «Peyğəmbər (s) bizimlə namaz qılarkən onun Bismillah... deməsini eşitməzdik.»

Bütün bunları nəzərə alaraq deyə bilərik ki, Ənəsin nəql etdiyi rəvayətlər arasında heç bir ziddiyyət mövcud deyildir.

Müslimin nəql etdiyi: İstər «Peyğəmbər (s), istər Əbu Bəkr, istərsə də Ömər namaz qılarkən Həmd surəsinin nə əvvəlində və nə də sonunda Bismillah... ayəsini oxumazdı» rəvayətinə gəldikdə isə, qeyd etməliyik ki, rəvayət Vəlid ibni Müslim Təriş tərəfindən nəql olunmuşdur. Və onun kimliyi və e᾽timad olunub-olunmaması mühəddislər arasında sual doğuran məsələlərdən birinə çevrilmişdir. Belə ki, «Təhzibut-təhzibdə» deyilir: Alimlərin bə᾽zilərinin fikrincə Vəlid ibni Müslim səhvə çox yol verər və hədis nəql edərkən hədisin kimlər tərəfindən olduğunu qeyd etməzdi.

Qeyd olunan rəvayətlə ziddiyyət təşkil edən üçüncü rəvayət, Qətadənin Ənəsdən nəql etdiyi rəvayətdir. Orada deyilir: Peyğəmbər (s), Əbu Bəkr, Ömər və Osman namazı «Əlhəmdu lillahi Rəbbil aləmin» ayəsi ilə başlayırdılar.

Bəlkə də bu rəvayət başqa bir mə᾽na daşıyır. Deyə bilərik ki, «Əlhəmdu lillahi Rəbbil aləmin» deyildikdə, ayənin özü deyil, ümumilikdə Həmd surəsi nəzərdə tutulur. Çünki Həmd surəsi bə᾽zən «Fatihətul-kitab» da adlandırılmışdır.

Belə bir təfsirə əsasən, deyə bilərik ki, Peyğəmbər (s), Əbu Bəkr, Ömər və Osman namazı Bismillahsız deyil, «Fatihətul-kitab» surəsi ilə başlamışlar.

Bu məzmunda digər rəvayətlər də nəql olunmuşdur və Şafei onların məhz belə bir mə᾽na daşıdığını qeyd etmişdir.

Apardığımız araşdırmalardan belə mə᾽lum olur ki, nəql olunmuş rəvayətlər bir-biri ilə heç bir ziddiyyət təşkil etmir və Peyğəmbərin (s) namaz qılarkən oxuduğu surələrdən əvvəl «Bismillah...» ayəsini oxuması tamamilə düzgündür.

QƏBİRLƏRİN ZİYARƏT OLUNMASI HAQDA NƏQL OLunMUŞ HƏDİSLƏR

Bu məzmunda kifayət qədər hədis və rəvayət nəql olunmuşdur. Biz isə yalnız İbni Teymiyyə adı ilə məşhur olan Əhməd ibni Əbdül-həkimin babası Əbdüssəlam ibni Abdullahdan nəql olunmuş hədislərə işarə etmək istəyirik. İlk növbədə onun «Əl-muntəqa» adlı kitabında nəql etdiyi hədislər haqda söhbət açacaq və sonra başqalarından nəql olunmuş digər hədislərə də işarə edəcəyik.

1. Əbdüssəlam ibni Abdullah ibni Əbdül-həkim ibni Teymiyyə, Bəridədən nəql etdiyi hədisdə deyir: Peyğəmbər (s) buyurmuşdur: «Mən sizə qəbirləri ziyarət etməyi qadağan etmişdim. Lakin Allah-taala ananın qəbrini ziyarət etməyi Məhəmmədə icazə verdi. Siz də qəbirləri ziyarət edin və bilin ki, onları ziyarət etməklə axirət gününü xatırlamış olursunuz.

2. Əbu Hüreyrədən nəql etdiyi hədisdə deyir: Peyğəmbər (s) anasının qəbrini ziyarət edib ağladı. Əshab da onun ağladığını görüb ağladı. Sonra üzünü onlara tutub buyurdu: Allah-taaladan anamın bağışlanması üçün dua etməyimi istədim. Lakin o mənə buna icazə vermədi. Sonra Ondan anamın qəbrini ziyarət etməyə icazə istədim. O mənim bu istəyimi qəbul etdi və anamın qəbrini ziyarət etməyə icazə verdi. Siz də qəbirləri ziyarət edin. Çünki qəbirləri ziyarət etmək insana ölümü xatırladır.

3. Abdullah ibni Əbi Məleykədən nəql etdiyi rəvayətdə deyir: Günlərin bir günündə Ayişə qəbiristanlıq tərəfdən gəlirdi. Onu görcək dedim: Ey mö᾽minlərin anası! Haradan gəlirsən?

Dedi: Qardaşım Əbdürrəhmanın qəbrinin ziyarətindən.

Dedim: Məgər Peyğəmbər (s) qəbirləri ziyarət etməyi haram etməmişdirmi?

Dedi: Bəli, bir vaxtlar Peyğəmbər (s) qəbirləri ziyarət etməyi haram etmişdi, lakin sonra bu qadağanı aradan götürüb qəbirləri ziyarət etməyi tövsiyə edərdi.

İbni Teymiyyə rəvayəti nəql etdikdən sonra deyir: Bu rəvayəti Əsrəm də özünün «Sünən» adlı kitabında nəql etmişdir.

Müəllif:

Bu rəvayəti təkcə İbni Teymiyyə və Əsrəm deyil, Şeyx Məhəmməd Hamid Fəqinin «Muntəq»aya yazdığı haşiyədə dediyi kimi, İbni Macə, Hakim və Bəğəvi tərəfindən «Şərhus-sünən»də də nəql olunmuşdur.

4. Əbu Hüreyrədən nəql etdiyi hədisdə deyir: Peyğəmbər (s) qəbiristanlığa gəldi, üzünü qəbirlərə tutub buyurdu: «Salam olsun sizə ey mö᾽minlər! Biz də sizə qovuşacağıq». İbni Teymiyyə rəvayəti nəql etdikdən sonra deyir: Bu rəvayəti Əhməd ibni Hənbəl, Müslüm və Nəsai də nəql etmişdir. Lakin Əhməd ibni Hənbəlin Aişədən nəql etdiyi bu sözlər əlavə olunmuşdur. Peyğəmbər (s) sonra buyurdu: İlahi! Bizi onların savabından məhrum etmə və onlardan sonra bizi sınağa çəkmə (ki, biz bunun öhdəsindən gələ bilməyək).

5. Bəridədən nəql etdiyi rəvayətdə deyir: Peyğəmbər (s) əshaba etdiyi tövsiyələrin birində buyurdu: Qəbirləri ziyarət edərkən sizdən biriniz desin: Salam olsun sizə ey ölülər, salam olsun sizə ey dünyasını dəyişmiş mö᾽min və müsəlmanlar! Biz də Allahın istək və iradəsi ilə sizə qovuşacağıq. Allah-taaladan bizim və sizin bağışlanmasını diləyirik.

İbni Teymiyyə hədisi nəql etdikdən sonra deyir: Əhməd ibni Hənbəl, Müslüm, İbni Macə də bu rəvayəti öz kitablarında nəql etmişlər.[2]

6. İbni Ömər Peyğəmbərdən (s) nəql etdiyi hədisdə deyir: «Kim Allahın evini ziyarət etdikdən sonra mənim qəbrimin ziyarətinə gələrsə, sanki məni sağlığımda ziyarət etmiş olur.» Bu rəvayəti Təbərani özünün «Əvasit» və Beyhəqi «Sünən» adlı kitablarında nəql etmişlər.

7. Başqa bir rəvayətdə deyilir: Peyğəmbər (s) buyurmuşdur: «Kim mənim qəbrimi ziyarət etsə, ona hökmən şəfaət edərəm.»

Bu rəvayəti İbni Udən özünün «Kamil» və Beyhəqi «Sünən» adlı kitabında nəql etmişlər.

8. Ənəs Peyğəmbərdən (s) nəql etdiyi hədisdə deyir: «Kim məni vəfat etdikdən sonra Mədinədə ziyarət edərsə, mən də qiyamət günü ona şəfaət edəcək və gördüyü işlərə şəhadət verəcəyəm.[3]

9. Əbu Hüreyrə, Peyğəmbərdən (s) nəql etdiyi hədisdə deyir: «Qohum-əqrəbasının qəbrini ziyarət edən, mərhuma salam verən şəxs oradan qalxmazdan əvvəl, ziyarətinə gəldiyi şəxsin salamını alar və onunla ünsiyyətdə olar. Bu rəvayəti Əbu Şeyx və Deyləmi də öz kitablarında nəql etmişlər.

10. Əbu Hüreyrə, Peyğəmbərdən (s) nəql etdiyi başqa bir hədisdə deyir: «Tanış qəbrin kənarından keçib ona salam verən şəxslər dərhal salamının cavabını alarlar.»

Bu rəvayəti Xətib Bağdadi, İbni Əsakir, İbni Nəccar və başqaları da nəql etmişlər. «Kənzul-ummalda» rəvayət nəql olunduqdan sonra müəllif deyir: Hədis sənəd və nəql edən şəxslər baxımından mö᾽təbər və e᾽tibarlıdır.

Müəllif «Kənzul-ummalda» qəbirləri ziyarət etmək və onları öpmək barədə səksənə yaxın hədis və rəvayət nəql etmişdir. Maraqlananlar bu kitaba müraciət edə bilərlər.[4]

11. Əbu Hüreyrə Peyğəmbərdən (s) nəql etdiyi hədisdə deyir: «Mənə salam göndərən hər bir kəsin salamını Allah-taala mənə çatdırır və mən də cavab olaraq ona öz salamımı göndərirəm.[5]

12. İbni Ömər Kə᾽bə evindəki «qara daşı» (həcərül-əsvəd) təbərrük məqsədi ilə öpüb əl çəkmək barəsində deyir: “Peyğəmbər (s) qara daşı öpər və ona əl çəkərdi.” Biri onun sözünü kəsib soruşdu: “Ehtimal vermirsənmi ki, ziyarət zamanı izdiham olduğuna görə bu iş bizim üçün çətin və ya qeyri-mümkün olsun?!” Cavabında dedi: “Ehtimalını, “belə ola bilsin”ləri kənara qoy! Çünki mən Peyğəmbərin (s) Həcərül-əsvədi öpüb ona əl çəkdiyini öz gözlərimlə gördüm.»

Bu rəvayəti Buxari də öz kitabında Əhməd ibni Hənbəlin «Müsnəd» kitabından nəql etmişdir.

13. İbni Abbas deyir: Ömərin qara daşı öpüb ona əl çəkdiyini öz gözlərimlə gördüm. Bu işi Peyğəmbərdən (s) də görərdik. Bu rəvayəti Təyalisi və başqaları da nəql etmişlər.

14. Əbu Cəfər deyir: İbni Abbas Kə᾽bə evinin divarını öpüb alnını oraya qoydu və bu işi üç dəfə təkrar etdi.

15. Əkrəmə İbni Abbasdan nəql etdiyi rəvayətdə deyir: «Peyğəmbərin (s) alnını «qara daşın» üzərinə qoyduğunu dəfələrlə öz gözlərimlə gördüm.[6]

16. Davud ibni Saleh deyir: Günlərin bir günündə Mərvan üzünü Peyğəmbərin (s) qəbrinə qoyan bir şəxsi görüb bərk qəzəbləndi. Boynundan yapışıb möhkəm sıxaraq ondan soruşdu: «Heç bilirsənmi nə edirsən?!» Çətinliklə də olsa deyir: «Bəli, bilirəm nə edirəm». Mərvan onun üzünə diqqətlə baxdıqda görür ki, o Əbu Əyyub Ənsaridir. Əyyub ona deyir: «Günlərin bir günündə Peyğəmbərin (s) yanında idim. Bir qədər söhbət etdikdən sonra buyurdu: Layiq və əməli-saleh insanlar sizə dini rəhbər olduqları zaman din üçün ağlayıb, qəm-qüssə çəkməyin. Din üçün o zaman ağlayıb kədərlənin ki, dininiz naşı və nalayiq insanların əlinə düşmüş olsun».

Bu rəvayəti Hakim də özünün «Mustədrək» adlı kitabında nəql etdikdən sonra onun mö᾽təbər olduğunu təsdiq edir.

«Qara daşı» öpmək, əl çəkmək, onun üzərinə üz qoymağa dair nəql olunmuş rəvayətləri İbni Teymiyyə də özünün «Əl-muntəqa» adlı kitabında nəql etmişdir.

17. İbni Əsakir nəql etdiyi rəvayətdə deyir: «Bir çöl ərəbi Peyğəmbərin (s) qəbri üzərinə gəldi, bir ovuc torpaq götürdüb üz-gözünə sürtdü və dedi: Ya Rəsuləllah! Qur᾽anda deyilir ki, «Onlar [mö᾽minlər] bir-birlərinə qarşı durduqları zaman sənə pənah gətirsinlər». Mən də özümə zülm edib [günaha düçar olub] sənə pənah gətirmişəm. Mənim Allah-taaladan bağışlanmağımı istə.»

Qəbirdən belə bir səs eşidildi: «Ey insan! Sən artıq bağışlandın.» İbni Əsakir deyir: Bu əhvalat Əli (ə)-ın hüzurunda baş vermişdir.

20. İbni Əsakir nəql etdiyi sonuncu rəvayətdə deyir: «Bilal Peyğəmbərin (s) qəbri üzərinə gəldi, üzünü qəbrin üzərinə qoyub həzin-həzin ağladı. Həsən və Hüseyn də onun yanına gəlib həsrətlə qəbrə baxdılar. Bilal onları görcək ayağa qalxdı, məhəbbət göstərərək üz-gözlərindən öpdü və şirin dillə söhbətə tutdu.

ALUSİNİN ŞİƏ MƏZHƏBİNƏ VURDUĞU TÖHMƏT

Bir qədər əvvəl Razinin şiə məzhəbi haqda irəli sürdüyü təhqiramiz nəzəriyyə ilə tanış oldunuz. Təəssüflər olsun ki, belə bir xəstəliyə Alusi də mübtəla olmuşdur.

«Ağ sap qara sapdan fərqlənincəyə qədər yeyib için»[7] ayəsini təfsir edərkən deyir: Şiələr gün çıxdığı zaman oruc tutmağa başlayırlar. Onların əqidəsinə əsasən, oruc tutan hər bir şəxs gün çıxana qədər yeyib-içməkdə tamamilə azaddır.

Qəribədir, görəsən Alusi bu mə᾽lumatları hansı mənbədən əldə edib və hansı dəlil və sübutlara əsasən, belə bir nəticəyə gələ bilmişdir?! O, şiələrin hələ qədimdən məskun olduğu və əhalinin əksəriyyətini təşkil etdiyi Bağdad şəhərində yaşamış və ilk təhsilini orada almışdır. Belə bir şəraitdə, o əhalinin hətta yaşayış tərzinə nəzər salıb düzgün nəticəyə gələ bilərdi.

Bütün bunlarla yanaşı, o, şiə alimlərinin tə᾽lif etdikləri mö᾽təbər şəriət kitablarından da xəbərsiz deyildir. Lakin təəccüb doğuran budur ki, görəsən belə bir şəraitdə onu bu nəticəyə gəlməyə və heç bir əsası olmayan və eyni zamanda müsəlman məzhəbləri arasında ixtilafa səbəb olacaq belə bir nəzəriyyə irəli sürməyə vadar edən nə olmuşdur?

Bəli, müsəlmanlar arasında ixtilafların yaranmasına və fikir ayrılıqlarının meydana gəlməsinə səbəb olan məhz bu kimi qərəzli nəzəriyyə və şər᾽i fətvalar olmuşdur. Kim bilir, bəlkə də bütün bunlara səbəb gözə görünməyən, lakin pərdə arxasında fəaliyyət edən başqa mənfi ünsürlərdir? Bəlkə də ədavət toxumunu səpməklə müsəlmanlar özləri balta sapına çevrilir və bir-birlərinin qatı düşməni olurlar?!

MÜƏLLİFİN HİCAZ ALİMLƏRİNİN BİRİ İLƏ APARDIĞI ELMİ MÜBAHİSƏ

Hicri-qəməri 1353-cü (Miladi 1932-ci) ildə Kə᾽bə evini ziyarətə getdik. Peyğəmbər (s) məscidində Zeynulabidin adlı olduqca savadlı bir qoca məscidə nəzarət edir, möhürlə namaz qılan şəxslərdən möhürlərini alır və onları möhürlə namaz qılmağa qoymurdu.

Ona yaxınlaşıb dedim: Peyğəmbərin (s) hərəmində müsəlmanların icazəsi olmadan onların şəxsi əşyalarına toxunmaq və ona sahib olmaq olarmı?

Dedi: Xeyr.

Dedim: Belə isə hansı haqla müsəlmanların mallarını qarət edirsən? Halbuki, onlar Allahın birliyinə və həzrəti Məhəmmədin (s) haqq olaraq peyğəmbərliyə göndərildiyinə şəhadət verirlər.

Dedi: Onlar müsəlman deyil, müşrikdirlər. Möhürü özləri üçün büt edib onlara səcdə edirlər.

Dedim: İstəyirsənmi bu barədə bir qədər ətraflı söhbət edək?

Dedi: Bu lap yerinə düşərdi!

Onunla saatlarla söhbət etdim, nəhayət tutduğu işdən peşman olub üzr istəməli oldu. Allah-taaladan bağışlanmasını istəyib dedi: Mən təəssübkeş və inadkar insan deyiləm. Bu günə qədər həqiqət bəlli olmadığı üçün səhvə yol vermişəm.

Sonra o məndən başqa mövzular ətrafında da müzakirə etməyimizi xahiş etdi. Biz gecələr Peyğəmbər (s) məscidinə gəlir, orada müxtəlif mövzular ətrafında bəhs edir və fikir mübadilələri aparırdıq. Oraya müxtəlif məzhəblərdən olan şəxslər gəlir və bizim məclislərimizdə iştirak edirdilər. Mədinədə olduğum on gün ərzində hər gün Peyğəmbər məscidinə gəlir və oraya toplaşanları maraqlandıran suallara cavab verirdik. Nəticədə həmən şəxs şiə məzhəbinə qarşı tutduğu qərəzli mövqedən əl çəkib bu məzhəbə ehtiramla yanaşmağa başladı.

Şeyx Zeynulabidin müzakirələrimizin nəticəsini «Ummul Qura» jurnalında çap etdirəcəyinə söz verdi. Onun fikrincə söhbətlərimiz haqsevər və təəssübsüz insanlar üçün olduqca xeyirli ola bilərdi. Bu səbəbdən də söhbətlərimizin məqalələr şəklində çap olunmasına böyük əhəmiyyət verirdi. Hətta jurnalın bir nüsxəsini mənə göndərəcəyinə söz verdi. Lakin verdiyi sözə əməl etmədi. Bəlkə də mövcud şəraiti nəzərə alıb fikrindən dönmüş və ya qarşısına çıxan maneələr onu verdiyi sözə əməl etməməyə vadar etmişdir.

İMAM HÜSEYN (Ə)-IN TÜRBƏTİNİN FƏZİLƏTİ

Əbu Yə᾽la öz kitabında və İbni Əbi Şəybə və Səid, Mənsurun «Musnəd» adlı kitabında Əmirəl-mö᾽minin Əli ibni Əbu Talib (ə)-dan nəql etdiyi hədisdə deyir: «Günlərin bir günündə Peyğəmbərin (s) yanına getdim. Onun gözlərini yaşlı görüb təəccüb etdim. Soruşdum: Ya Rəsuləllah! Sizi narahat edən bir kəsmi vardır? Ağlamağınızın səbəbi nədir?

Buyurdu: Ya Əli, bir qədər əvvəl Cəbrail mənim yanımda idi. O deyir ki, Hüseyn Fərat çayının yaxınlığındakı səhrada amansızcasına qətlə yetiriləcəkdir. Onun türbətinin ətrini duymaq istəyirsənmi? Dedim: “Bəli, ya Rəsuləllah.” Əlində tutduğu torpağı ovucuma töküb dedi: “Al iylə.” Torpağa bir qədər baxdıqdan sonra ixtiyarsız olaraq ağladım.»

Təbərani özünün «Böyük tarix» adlı kitabında Ümmi Sələmədən nəql edərək deyir: Gecə yarısı Peyğəmbər (s) yuxudan ayılıb ibadətlə məşğul idi. Yuxudan ayılıb onun olduqca qəmgin və mə᾽yus olduğunu gördüm. O, həsrətlə əlindəki qırmızıya çalan torpağa baxır və sanki nəyinsə həsrətini çəkirdi.

Soruşdum: Ya Rəsuləllah! Bu nə torpaqdır belə?

Buyurdu: “Cəbrail deyir ki, Hüseyn İraq torpağında qətlə yetiriləcəkdir. Mən ondan Hüseynin qətlə yetiriləcək torpaqdan bir qədər gətirməsini istədim. Əlimdə gördüyün torpaq oranın torpağındandır.”

İbni Əbi Şəybə, İbni Macə Təyalisi və Əbu Nəim bu rəvayəti Ümmi Sələmədən və Malik ibni Ənəsdən nəql etmişlər.



[1] Sünәni Beyhəqi, 2-ci cild, 49-cu sәh.

[2] Ibni Tеymiyyә bu bеş rәvayәtin hamısını özünün «Әl-müntәqa» adlı kitabında nәql еtmişdir, 2-ci cild, 116-cı sәh.

[3] Kәnzul-ummal, 8-ci cild, 99 vә digәr sәhifәlәr.

[4] Kәnzul-ummal, 8-ci cild, 99 vә digәr sәhifәlәr.

[5] Sünәni-Beyhəqi, 5-ci cild, 245-ci sәh.

[6] Sünәni Beyhəqi, 5-ci cild, 74-cü sәh.

[7] Bәqәrә-187

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

HƏTTA PEYĞƏMBƏRLƏR DƏ HƏZRƏT MÜHƏMMƏD (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ ...
Kəlamın möcüzəsi
Bu fəsildə ağamız və başçımız Əmirəl-möminin Əli əleyhis-salamın ...
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?
İmam Səccad (ə) –ın həyatına bir baxış
Əli (ə) Hira mağarasında
QURANİ-KƏRİMDƏ ŞƏRAB HAQQINDA
İSLAMDA ZIYARƏTIN YERI
Günahın tə`sirləri
İslam dininin təkcə haqq din olmasına baxmayaraq, nəyə görə Quranda digər ...

 
user comment