Azəri
Tuesday 7th of May 2024
0
نفر 0

MƏHDİ (Ə)-IN HƏYATININ VİLADƏTDƏN ATASININ ŞƏHADƏTİNƏ QƏDƏRKİ DÖVRÜ

MƏHDİ (Ə)-IN HƏYATININ VİLADƏTDƏN ATASININ ŞƏHADƏTİNƏ QƏDƏRKİ DÖVRÜ

 MƏHDİ (Ə)-IN HƏYATININ VİLADƏTDƏN ATASININ ŞƏHADƏTİNƏ QƏDƏRKİ DÖVRÜ

İmam Məhdi (ə)-ın həyatının bu dövründə çox mühüm incəliklər vardır ki, onlardan bə`zilərini aşağıda qeyd edirik:
İmam Məhdi (ə)-ın şiələrə tanıtdırılması

12-ci imamın təvəllüdü gizli şəkildə baş verdiyi üçün şiələrin Allah təalanın son höccətini tanımaqda səhvə və azğınlığa düşməsi qorxusu var idi. Buna görə də imam Həsən Əsgəri (ə) vəzifəli idi ki, öz övladını şiənin böyük şəxsiyyətlərinə və e`timad etdiyi şəxslərdən bə`zilərinə tanıtdırsın ki, onlar da bu mübarək təvəllüd xəbərini dirgər Əhli-beyt ardıcıllarına çatdırsınlar və bununla da o həzrətin təqdim olunması ilə yanaşı, Allah təallanın son höccətinə qarşı yönəlmiş təhdidlər də aradan getsin.

Böyük şiə alimlərindən və İmam Həsən Əsgəri (ə)-ın xas şiələrindən olan Əhməd ibni İshaq deyir:

İmam Əsgəri (ə)-ın hüzuruna getdim və ondan sonrakı imamın kim olması barəsində soruşmaq istədim, lakin mən sözə başlamazdan əvvəl həzrət buyurdu: «Ey Əhməd! Həqiqətən mütəal Allah Adəmi yaratdığı dövrdən heç vaxt yer üzünü Öz höccətlərindən boş qoymamışdır və qiyamət gününə qədər də belə bir iş etməyəcəkdir! Məhz Allahın höccətinin vasitəsi ilə bəlalar yer üzündən dəf edilir və onun (varlığının) bərəkətinə yağış yağır, yerin məhsulları bar verir.» Ərz etdim: «Yəbnə Rəsulillah, sizdən sonrakı imam və canişin kimdir?»

O həzrət sür`ətlə evin içərisinə getdi və üzü on dörd gecəlik ay kimi parlayan üç yaşlı gözəl bir oğlanı gətirib buyurdu: «Ey Əhməd ibni İshaq! Əgər mütəal Allahın və Onun höccətlərinin yanında əziz olmasaydın, bu oğlumu sənə göstərməzdim! Həqiqətən o, Peyğəmbəri Əkrəmlə eyni adda və eyni künyədədir. O bir kəsdir ki, yer üzü zülm və haqsızlıqla dolduğu zaman yer üzünü haqq-ədalətlə dolduracaqdır.» Dedim: «Ey mənim ağam, bir nişanə vardırmı ki, qəlbim onunla aram olsun?»

Bu zaman o uşaq dil açıb danışmağa başladı və çox gözəl ərəb ləhcəsi ilə buyurdu:

اَنا بَقيةُ اللهِ فى اَرْضِهِ والمُنْتَقِمُ مِنْ اَعْدائِهِ...

«Mən Allah təalanın yer üzündə saxladığı höccətəm ki, Allah düşmənlərindən intiqam alacağam. Ey Əhməd ibni İshaq! Öz gözünlə gördüyün halda, nişanə axtarma!»

Əhməd ibni İshaq deyir: Bu sözləri eşidəndən sonra imamın evindən şad halda çıxdım.[1]

Həmçinin Məhəmməd ibni Osmandan[2] və şiənin böyük şəxsiyyətli alimlərindən bir neçəsindən belə nəql olunur:

Şiələrdən qırx nəfərlə birlikdə İmam Həsən Əsgəri (ə)-ın yanına getdik. O həzrət övladını bizə göstərib buyurdu: «Məndən sonra bu, sizin imamınız və mənim canişinimdir. Ona itaət edin və məndən sonra öz dininizdə pərakəndə olmayın, əks halda həlak, olarsınız. (Bilin ki) bu gündən sonra onu heç vaxt görməyəcəksiniz.»[3]

Qeyd etmək lazımdır ki, tövsiyə olunmuş sünnələrdən və dini proqramlardan biri də körpə dünyaya gələn zaman onun üçün əqiqə və qurbanlıq etmək, qoyun kəsmək və camaatın bir qrupuna təam verməkdən ibarətdir. Bu da övladın salamatçılığı və ömrünün uzun olmasında çox tə`sirə malikdir. İmam Həsən Əsgəri (ə) dəfələrlə öz övladı üçün əqiqə kəsmişdi[4] ki, bu gözəl sünnəyə əməl etməklə eyni zamanda, şiələrdən çoxlarını da 12-ci imamın təvəllüdündən agah etmiş olsun.

Məhəmməd ibni İbrahim deyir: İmam Həsən Əsgəri (ə) bir qoyun kəsib öz şiələrindən biri üçün göndərdi və buyurdu: «Bu, övladım Məhəmmədin əqiqəsidir.»[5]
Mö`cüzələr və kəramətlər

İmam Məhdi (ə)-ın təvəllüdünün ilk dövrlərində və qeybət dövründən sonra maraqlı hadisələrdən biri o həzrətdən baş verən mö`cüzəli işlərdir ki, o həzrətin vasitəsi ilə gerçəkləşmiş və adətən, həyatının bu dövründən qəflət edilmişdir. Biz onlardan yalnız bir nümunəni qeyd etməklə kifayətlənirik.

İbrahim ibni Əhməd Nişapuri deyir: Əmir ibni Ovf (o, zalım bir hakim idi və şiələri öldürmək üçün əlindən gələni əsirgəmirdi) məni öldürmək istədikdə çox qorxuya düşdüm, vəhşət hissi bütün varlığımı əhatə etdi. Öz əhli-əyalım və qohum-qardaşla sağollaşdım, sonra İmam Həsən Əsgəri (ə) –ın evinə getdim ki, onunla da vidalaşım. Nəzərdə tutmuşdum ki, ondan sonra qaçım. İmamın evinə daxil olduğum zaman o həzrətin yanında üzü on dörd gecəlik ay kimi parıldayan bir oğlan uşağı gördüm. Belə ki, onun üzündəki nurdan heyrətə daldım. Az qalırdı ki, nəzərdə tutduğum şeyləri (ölümdən qorxduğum üçün qaçmaq qərarını) unudum.

Bu zaman uşaq mənə dedi: «Ey İbrahim, qaçmağa ehtiyac yoxdur! Tezliklə mütəal Allah onun şərini səndən uzaqlaşdıracaqdır!»

Bu zaman heyrətim daha da artdı, İmam Həsən Əsgəri (ə) –a dedim: «Sənə fəda olum! Bu uşaq kimdir ki, mənim qəlbimdə olanlardan xəbər verir?!» İmam buyurdu:« O mənim övladım və məndən sonrakı canişinimdir...»

İbrahim deyir: Allahın lütf və mərhəmətinə ümidvar olduğum halda çölə çıxdım: 12-ci imamın dediyinə etimad etmişdim. Bir neçə gündən sonra Əmim məni, Əmr ibni Ofun qətlə yetirilməsi xəbəri ilə müjdələdi.[6]
Müxtəlif suallara cavab

İmamət səmasının sonuncu parlaq ulduzu həyatının ilk dövrlərindən başlayaraq şiələrin müxtəlif məsələlər barəsindəki suallarına qənaətbəxş, möhkəm və tutarlı cavablar verir, onları xatircəm edirdi. Nümunə olaraq aşağıdakı rəvayəti ixtisarla nəql edirik:

Şiənin böyük şəxsiyyətlərindən olan Sə`d ibni Əbdullah Qummi, İmam Həsən Əsgəri (ə)-ın vəkili Əhməd ibni İshaq Qummi ilə birlikdə müəyyən sualların cavablarını almaq üçün İmam Həsən (ə)-ın hüzuruna gəlir. O, bu görüşü belə nəql edir:

Sualları soruşmaq istədiyim zaman İmam Həsən Əsgəri (ə) övladına işarə edərək buyurdu: «Mənim gözümün nurundan sual et!» Bu zaman uşaq mənə üz tutub buyurdu: «Nə istəyirsənsə soruş!...» Soruşdum: «كهيعص (müqəttəə hərflərindəndir) dedikdə, məqsəd nədir?» Buyurdu: «Bu qeybi, xəbərlərdən olan hərflərdir. Allah Özünün (peyğəmbəri və) bəndəsi olan Zəkəriyyanı ondan agah etmiş, sonra onu Həzrət Məhəmməd üçün xatırlatmışdır. Hadisə belə olmuşdu: Həzrəti Zəkəriyüa Allahdan istədi ki, Pənc Təni-ali-əbanın adlarını ona öyrətsin. Mütəal Allah Cəbraili ona nazil edərək bu adları ona öyrətdi. Zəkəriyya Məhəmməd, Əli, Fatimə, Həsən kimi müqəddəs adları dilinə gətirdiyi zaman çətinlikləri və qəm-qüssələri aradan qalxırdı, amma Hüseynin adını yad edən zaman qəhər boğazını tutur və bu işdən heyrətə dalırdı. Bir gün dedi: «Pərvərdigara» nə üçün o dörd nəfəri yad edən zaman qəm-qüssələrim və nigarançılıqlarım aradan gedir, rahat oluram və qəlbim aramlaşır, amma Hüseynin adını dilimə gətirən zaman göz yaşlarım axır və naləm ucalır?» Allah təala ona İmam Hüseyn (ə)-ın hadisəsini xəbər verib buyurdu: كهيعص(bular hadisənin rəmzidir): كاف Kərbəlanın rəmzi, هاء xanədanının şəhid olmasının rəmzi, ياء Yezidin adına kinayədir ki, İmam Hüseynə zülm etmişdir. عين O həzrətin susuzluğuna və ətəşinə işarədir. صاد imam Hüseynin səbir və müqavimət əlamətidir.»

Dedim: «Ey Mənim mövlam, nə üçün camaatın özlərinə imam tə`yin etmək və seçməsi qadağan olunmuşdur?. Buyurdu: İmam (seçmək dedikdə sənin məqsədin) islahatçı imamdır, yoxsa fəsad törədən imam? Dedim: «Saleh imamdır (ki, cəmiyyəti islah etsin).» Buyurdu: «Heç kəsin başqasının batinində və qəlbində olanlardan xəbərdar olmadığına və onun məsləhət və düzgünlük yoxsa fəsad və təxribatçılıq barəsində fikirləşdiyini bilmədiyinə görə, ehtimal verilmirmi ki, camaatın seçdiyi bir müfsid (və təxribat əhli, günahkar) olsun?» Dedim: «Bəli mümkündür.» Buyurdu: «Səbəbi elə budur.»[7]

Qeyd etmək lazımdır ki, rəvayətin davamında imam Məhdi (ə) bunun üçün digər bir səbəb də bəyan etmiş, sonra da sair suallara cavab vermişdir ki, ixtisara riayət olunsun deyə, onları burada qeyd etmirik.
Maddi hədiyyələrin alınması

Şiələrin dini proqramlarından biri mə`sum imamlar üçün maddi hədiyyələr və xüms-zəkat haqqının göndərilməsi idi. Onlar bu hədiyyələri qəbul etdikdən sonra cəmiyyətin fəqir-füqəranın ehtiyacını tə`min edirdilər.

İmam Həsən Əsgəri (ə)-ın vəkillərindən olan İbni İshaq deyir: Şiələrdən bə`zilərinin bir qədər mal-dövlətini (xums-zəkatını) 11-ci imamın hüzuruna apardım ki, o həzrətə təhvil verəm. Həzrətin ay kimi parlaq üzlü kiçik oğlu imamın hüzurunda dayanmışdı. İmam Həsən Əsgəri övladına üz tutub buyurdu: «Oğlum, şiələrinin və dostlarının hədiyyələrini aç!» Uşaq dedi: «Ey mənim mövlam, özümün pak əlimi napak hədiyyələrə, halalla haramın qarışığına və çirkin mal dövlətə uzadımmı?!» İmam Həsən Əsgəri (ə) mənə dedi: «Ey ibni İshaq, bunların içərisindəkiləri çıxart ki, halal-haramını bir-birindən ayırsın.» Mən birinci kisəni çıxartdım, uşaq dedi: «Bu kisə Qum şəhərinin filan məhəlləsində yaşayan filankəsdəndir (onun öz adını və yaşadığı məhəllənin adını dedi). Onun içində altmış iki əşrəfi vardır. Onun 45 əşrəfisi sahibinin öz ata-anasından irs apardığı daşlı-çınqıllı torpağ sahəsinin satışından əldə edilmiş, on dörd dinarı isə satdığı doqquz paltarın qiymətidir. Qalan üç dinarı da dükanların icarə puludur.»

İmam Əsgəri (ə) buyurdu: «Əziz oğlum! Düz dedin, indi bu kişiyə göstər ki, bu mal-dövlətdən hansıları haramdır.» Uşaq tam diqqətlə haram sikkələri ayırdı və onların haram olma səbəbini aydın şəkildə bəyan etdi.

Sonra digər bir kisəni çıxartdım, uşaq onun sahibinin adını, ünvanını və yaşadığı yeri dedikdən sonra buyurdu: «O kisədə əlli əşrəfi vardır ki, ona əl vurmaq bizim üçün rəva deyildir.» Sonra mal-dövlətin napak olma səbəbini bir-bir bəyan etdi.

Bu zaman İmam Həsən Əsgəri (ə) buyurdu: «Oğul can, düz dedin!» Sonra Əhməd ibni İshaqa üz tutub buyurdu: «Bunların hamısını sahiblərinə qaytar, yaxud xəbər göndər ki, onları sahiblərinə çatdırsınlar. Bizim onlara heç bir ehtiyacımız yoxdur!»[8]
Atanın cənazəsinə namaz

İmam Məhdi (ə)-ın irticaçı şəraitdə və qeybət dövrünün başlanmasından öncəki həyatının son hadisəsi o həzrətin öz atasının pak cəsədinə meyyit namazı qılması olmuşdur. 11-ci imamın xidmətçisi Əbul-Ədyan bu barədə deyir:

İmam Həsən Əsgəri (ə) şərif ömrünün axır günlərində bir neçə məktubu mənə verib dedi: «Bunu Mədain şəhərinə apar. 15 gündən sonra Samirraya qayıdacaq, mənim evimdən nalə və şivən səsləri eşidəcək və (mənim bədənimi) qüsul verilən yerdə görəcəksən.» Dedim: «Ey mənim sərvərim! Əgər belə bir hadisə olsa, sizin canişininiz və sizdən sonrakı imam kim olacaqdır?» Buyurdu: «Hər kəs mənim məktublarımın cavabını səndən istəsə, o, məndən sonrakı imam olacaqdır.» Dedim: «Başqa bir nişanə də buyurun.» İmam buyurdu: «Mənə cənazə namazı qılan şəxs məndən sonra imam olacaqdır.» Dedim: «Yenə nişanələr buyurun.» Buyurdu: «Kisələrdə olanlardan xəbər verən kəs məndən sonra imam olacaqdır (amma imamın heybət və əzəməti kisədə nə olduğunu soruşmağıma mane oldu.)

Məktubları Mədainə apardım və cavablarını aldım. Həzrətin buyurduğu kimi, 15-ci gün Samirraya daxil olduqda o həzrətin evindən nalə və şivən səslərinin ucaldığını eşitdim. Yaxınlaşdıqda imam Həsən Əsgəri (ə)-ın cənazəsini qüsul verilən yerdə gördüm. O həzrətin qardaşı Cə`fər İmamın qapısında dayanmışdı. Şiələrdən bir qrupu da qardaşının ölümündə ona başsağlığı verir və (onun imamətini) təbrik edirdilər! Öz-özümə fikirləşdim ki, əgər bu (Cə`fər) imam olsa, onda imamət puça çıxacaqdır. Çünki onu tanıyır və bilirdim ki, şərab içir, qumar oynayır, tar-qaval çalır! Lakin nişanələri axtarmaq fikrində olduğum üçün irəli gəldim və başqaları kimi (onun imamətini) təbrik etdim, qardaşının ölümünü başsağlığı verdim, lakin o, heç bir şey (o cümlədən, məktubların cavabı) barəsində məndən bir söz soruşmadı. Bu zaman evin xidmətçilərindən biri olan Əqid çölə çıxdı və Cə`fərə xitabən dedi: «Ey mənim sərvərim, qardaşın (İmam Həsən Əsgəri) kəfənlənmişdir. Ayağa qalxıb ona namaz qıl!» Mən Cə`fər və şiələrdən bir qrupu ilə birlikdə evə daxil oldum. 11-ci imamın kəfənlənib tabuta qoyulduğunu gördüm. Cə`fər irəli gəldi ki, qardaşına meyyit namazı qılsın, lakin təkbir demək istədiyi zaman buğdayı rəngli, dişləri dürr kimi parlayan bir cavan uşaq gəldi, Cə`fərin paltarından tutub dedi: «Ey Əmi, dala çəkil, mən atama namaz qılmağa (səndən) artıq layiqəm!» Cə`fər rəngi qaçmış halda geri çəkildi. O uşaq irəli gəlib imama namaz qıldı, sonra (mənə) buyurdu: «Gətirdiyin məktubların cavabını mənə ver!» Məktubları ona verdim və öz-özümə fikirləşdim ki, bu iki nişanə onun imam olacağına dair nişanələrdəndir. Kisələrin barəsində isə hələ bir söz deməmişdir. Cə`fərin yanına getdim, o, dərindən ah çəkirdi! Şiələrdən biri ondan soruşdu: «Bu uşaq kimdir?» Cə`fər dedi: «Allaha and olsun ki, onu heç vaxt görməmişəm və tanımıram!»

Əbul-Ədyan sözünə davam edərək deyir: Biz oturmuşduq ki, Qum əhlindən bir dəstə adam gəlib imam Həsən Əsgərini axtarmağa başladı. O Həzrətin şəhadətindən agah olduqda dedilər: «Kimə başsallığı verək?» Camaat Cə`fəri ona göstərdilər. Onlar da Cə`fərə salam verib, həm imamətini təbrik etdilər, həm də başsağllığı verdilər. Sonra Cə`fərə xitabən dedilər: «Bizim yanınımızda müəyyən məktublar və pul vardır. De görüm, onlar kimdəndir, nə qədər mal-dövlətdir?» Cə`fər heyrətlənmiş halda yerindən qalxıb dedi: «Bizdən qeyb elmi istəyirsinizmi?!» Bu halda xidmətçi evdən çıxıb dedi: «Filankəslərin və filankəslərin məktubları sizin yanınızdadır (məktubları yazanların adlarını və ünvanlarını dedi), sonra dedi: Həmçinin sizin yanınızda bir qədər kisə də vardır ki, onda min dinar qızıl pul vardır, onların içərisində on dinarın üstündəki şəkillər pozulmuşdur.» O məktubları və pulları ona verib dedilər: «Bunların cavabını sənə deyən şəxs imamdır.»[9]


[1] Kamalu din ikinci cild otuz səkkizinci bab birinci hədis səh 80

[2] Kiçik qeybət dövründə imam Məhdi (ə) ikinci xas naibidir ki, qeybət dövründə onun tərcümeyi halı gələcəkdir

[3] Kamalu din ikinci cild 43-cü bab hədis 2 səh 162

[4] Yenə orada 42-ci bab

[5] Yenə orada səh 158

[6] İsbatul hüda üçüncü cild 7-ci fəsil səh 700

[7] Kamalüdin ikinci cild 43-cü bab 21-ci hədis səh 190

Bu sözün əlavə izahı kitabın birinci fəslində İmamın Allah tərəfindən seçilməsi bölməsində qeyd olundu

[8] Kamaludin ikinci cild 43-cü bab 21-ci hədis səh 190

[9] Yenə orada 25-ci hədis səh 123

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İslam yaxınlığın zaman və məkanı üçün xüsusi şəraiti təyin edibdirmi?
Qadın öz pulu ilə həccə getmək istəyir, amma əri icazə vermir və getməyə ...
CAHANIN ƏN ŞƏRƏFLI QONAĞI
Kumeyl duasının şərhi
Quranın hikmətləri bir daha təsdiqləndi
GÜNAHKARIN TÖVBƏSİ QƏBULDUR
ƏL-QƏSƏS ‏ SURƏSI
Bu gün bəzi rəvayətə görə Xanım Zəhranın (s) Şəhadətidir
İ.Əliyevə göndərilən məktubda İslamçı jurnalistlərin də adı var
İNSANIN FORMALAŞMA MƏRHƏLƏLƏRI-3

 
user comment