Qeyd olunanlara diqqət yetirməklə varlıq bəxş edən səbəb üçün bir neçə mühüm xüsusiyyəti qeyd etmək olar:
1.Varlıq bəxş edən səbəb bütün nəticələrin kamallarına daha kamil şəkildə malik olmalıdır ki, hər bir varlığa onun tutumu qədərində əta edə bilsin. Amma maddi və vasitə olan səbəblər yalnız nəticənin dəyişikliyi üçün şərait yaradır, onların və öz nəticələrinin kamallarına malikolma zərurəti yoxdur. Məsələn, torpağın bitkinin kamalına malik olmasının, yaxud ata-ananın övladın kamalına malik olmasının zərurəti yoxdur. Amma varlıq bağışlayan Allah bəsit və bölünməz olduğu halda vücud kamallarının hamısına malik olmalıdır.
2.Varlıq bəxş edən səbəb öz nəticəni yoxluqdan varlıq aləminə gətirir və başqa sözlə onu yaradır. Onu yartmaqla öz vücudundan heç bir şey azalmır. Amma təbii faillərdə iş tamamilə başqa cürdür. Onların işi mövcud nəticənin vəziyyətini dəyişdirmək, enerji və qüvvə sərf etməkdən ibarətdir. Vacibül-vücudun zatından hər hansı bir şeyin ayrılması fərz edilsə ilahi zatın dəyişilməsini və bölünməsini zəruri edir ki, bunun da batil bir şey olması sübut olundu.
3.Varlıq bəxş edən səbəb həqiqi səbəbdir. Buna görə də nəticənin qalması üçün onun varlığı zəruridir. Amma vasitə olan səbəblərdə nəticənin qalmasında onlara ehtiyac yoxdur.
Buna əsasən sünni mütəkəllimlərinin bəzilərindən nəql olunan “aləmin qalıb davam etməsində Allaha ehtiyacı yoxdur” kimi sözlər, eləcə də qərb filosoflarının bəzilərinin dediyi “təbiət aləmi bir dəfə həmişəlik üçün işə salınan olduğu üçün və artıq, Allahın idarə etməsinə ehtiyacı olmayan saata bənzəyir” kimi sözlər həqiqətdən çox-çox uzaqdır. Halbuki varlıq aləmi özünün bütün işlərində Mütəal Allaha ehtiyaclıdır, əgər bir anlığa varlıq əta etməsə, heç bir şeyin vücudu qalmaz.
ZATİ SİFƏTLƏR
dünyaya varlıq bəxş edən səbəb – Mütəal Allah vücudun bütün kamallarına malikdir, həmçinin hər bir varlıqda mövcud olan hər növ kamal Onun tərəfindəndir və onu mövcudata, məxluqlara bəxş etməklə Öz kamalından heç nə əskilmir. Mətləbin daha yaxşı düşünülməsi üçün aşağıdakı misallardan istifadə etmək olar: Müəllim öz elmindən şagirdlərə öyrədir, amma onun elmindən heç nə azalmır. Əlbəttə, Mütəal Allah tərəfindən varlıq və vücud kamallarının verilməsi bu misallarla müqayisə olunmayacaq dərəcədə yüksəkdir. Bu barədə ən yaxşı cümlə bəlkə də bu ola bilər: Bütün varlıq aləmi Allahın müqəddəs Zatının nuru və cilvəsidir, belə ki, bu, aşağıdakı ayədən də bu məlum olur:
“Allah göylərin və yerin nurudur.”
Sonsuz ilahi kamallara diqqət yetirməklə kamala dəlalət edən və özündə heç bir nöqsan və məhdudiyyət daşımayan hər növ məfhum Allah-taalaya aid edilə bilər. Belə ki, Quran ayələrində, rəvayətlərdə və Məsumların (ə) münacatlarında nur, kamal, camal, məhəbbət, nuranilik və s. kimi məfhumlar Allah-taalaya aid edilir. Amma İslami kəlam, fəlsəfə və əqidə kitablarında “ilahi sifətlər” ünvanı ilə irəli çəkilənlər sifətlərin müəyyən qədəridir. Onlar zati və feli sifətlər olaraq iki yerə bölünür. Buna görə də əvvəlcə bu bölgü barəsində izahat verəcək, daha sonra onların ən mühümünü isbat edəcəyik.
ZATİ VƏ FELİ SİFƏTLƏR
Mütəal Allaha aid edilən sifətlər ya Allahın zatına aid olunan və Onun kamalına dəlalət edən həyat, elm, qüdrət kimi məfhumlardır. (Allahın) yaxud da xaliqiyyət və raziqiyyət kimi Mütəal Allahla Onun məxluqları arasında olan rabitədən irəli gələn məfhumlardır. Birinci qismə aid olan sifətlərə zati sifətlər, sonunculara isə feli sifətlər deyilir.
Bu iki qism sifətlər arasında əsaslı fərq bundan ibarətdir ki, birinci dəstədə Allahın müqəddəs Zatı ona aid olunan sifətlərlələ eynilik təşkil edir. Lakin ikinci dəstə sifətlər Mütəal Allah ilə məxluqat arasında əlaqədən irəli gəlir. Allahın zatı ilə məxluqatın zatı bu əlaqənin qarşılıqlı tərəfləri kimi nəzərə alınır. Məsələn, “xaliqiyyət” sifəti varlıq aləminin Allahın zatından olan asılılıqdan irəli gəlir və Allah və Onun məxluqatı bunun iki tərəfini təşkil edir. Allahın müqəddəs zatı və məxluqların zatı xaricində isə ayrılıqda yaratmaq adlı həqiqi bir şey mövcud deyildir. Əlbəttə, Mütəal Allah Öz zatında yaratmağa qüdrətlidir, lakin qüdrət Onun zat sifətidir, yaratmaq məfhumu isə əlavə bir məfhum olub fel məqamından irəli gəlir. Buna görə də “yaratmaq” feli-sifətlərdən sayılır. Amma yaratmağa qadir olmaq məsələsinə gəldikdə isə bu, qüdrət sifətinə qayıdır.
Allahın zati sifətlərinin ən mühümü həyat, elm və qüdrətdir. Eşitmək və görməyə gəldikdə isə əgər eşidilənlərə və görülənlərə alim olmaq, yaxud eşitmək və görməyə qadir olmaq nəzərə alınsa, bu halda eşitmək və görmək “əlim” və “qədir” sifətlərinə qayıdır. Əgər onlardan məqsəd fel olaraq eşitmək və görmək olsa, bu halda o, eşidən və görən Zatın eşidilməyə və görülməyə qabiliyyəti olan əşyalar arasındakı əlaqəsindən əldə olunur. Bu da feli-sifətlərdən sayılmalıdır. Belə ki, bəzən elm də həmin mənada işlədilir və “feli elm” adı ilə tanınır.
Bəzi mütəkəllimlər kəlam və iradəni də zati sifətlərdən hesab etmişlər ki, bu barədə sonralar söhbət olunacaq.
source : الشیعه