71-ci xütbə
İmam Əli əleyhis-salamın xalqa Peyğəmbərə (səlləllahu əleyhi və alih) salavat və salam göndərməyi təlim etdiyi xütbələrindəndir.
Allahım! Ey yerləri açıb-genişləndirən və göyləri yığıb-saxlayan! Ey bədbəxtliyi seçən ürəkləri, səadət və xoşbəxtliyi seçən qəlbləri yaradan! Özünün ən böyük salavat və salamlarını və ən çox bərəakətini ondan əvvəlki peyğəmbərlərə gələnləri (vəhy və risaləti) xətm edən, bağlı qalan yolları (bəşərin səadət və ucalıq yolunu) açan bəndən və elçin Məhəmməd üçün qərar ver. O, haqqı (din və şəriəti) haqla (əqli və elmi dəlillərlə) aşkarladı, batilin və nadürüstlüklərin (cahiliyyət dövrü fitnələrinin) coşub-daşmasının önünü kəsdi, (yolundan dönən və çıxanların), azğınlıqların hökmranlığını yox etdi. Vəzifəsinin ağırlığı onun öhdəsinə qoyulduqda, var gücü ilə dözdü, Sənin əmrinlə qalxdı (haqq olan dini, elm və maarifi camaata öyrətdi). İrəliyə keçmədən və geridə qalmadan, iradə və qərarında süstləşmədən Sənin razılığını qazanmağa (risalətin təbliğinə) tələsdi. Sənin vəhyini qorudu, əhd-peymanını saxladı və atəşi alovlandırana qədər (Allahı tanımaq elm və biliklərini xalq arasında yayana qədər) Sənin fərmanının icrasında israr etdi, əyri yolda (nadanlıq və fitnə yolunda) olanlara haqq yolu aşkar edib göstərdi. Fitnə və azğınlıqlara qərq olmuş ürəklər o Həzrətin vasitəsilə doğru yola yönəldilər. O böyük şəxs aydın nişanələri və şəriət hökmlərini ucaltdı. O, Sənin doğru əmrinin və Sənin elminin, sirlərinin xəzinəsidir. Qiyamət günündə (yaxşı və pis əməl sahiblərinə) Sənin tərəfindən şahiddir. Haqq yolu üçün peyğəmbər edilib, Sənin xalqa göndərilən rəsulun və elçindir.
Allahım! Öz rəhmət və ehsan kölgəndə onun üçün geniş bir yer aç. Ona (haqq olan elmi və maarifi yaymaq yolunda çəkdiyi əziyyətlərin müqabilində) fəzl və kərəmindən yaxşı mükafat ver. Allahım, onun binasını əvvəlki qurucuların binasından (onun dinini sələfi olduğu peyğəmbərlərin dinindən) uca (zəfərli) et. Onun məqamını yanında əziz et, nurunu (haqq yolda yandırdığı çırağını bütün dünya əhalisinin ondan bəhrələnməsi üçün) tamamla. Onun risalətinin mükafatı olaraq şahidliyini qəbul edilən, sözlərini bəyənilən et ki, o, düz danışan və haqla batili bir-birindən ayıran idi. Allahım! Bizlərlə onu yaşayışı gözəl, nemətləri əbədi, istəkləri bəyənilən və yerinə yetirilən, çox asayişli, gözəl ərməğan və töhfələrlə istirahət məkanı olan yerdə qovuşdur.
72-ci xütbə
İmam Əli əleyhis-salamın Bəsrədə Mərvan ibn Həkəm barədə buyurduğu kəlamlarındandır.
Deyilənə görə, Mərvan ibn Həkəm «Cəməl» döyüşündə əsir düşdükdə İmam Həsən və İmam Hüseyn əleyhimas-salam vasitəsilə Əmirəl-möminin əleyhis-salamdan bağışlanmasını istəmişdir. Həmin iki böyük şəxs onun barəsində demişlər: «Ya Əmirəl-möminin, Mərvan sənə bey’ət edir». Həzrət onu azad edərək buyurmuşdur:
Osman öldürüldükdən sonra o mənə bey’ət etmədimi? (Ondan sonra da «Cəməl» döyüşündə iştirak etdi.) Mənim onun bey’ətinə ehtiyacım yoxdur. Onun bey’ət üçün mənə əl uzatmağı (məkr, hiyləgərlik və əhdinə vəfasızlığı ilə məşhur olan) yəhudinin əl verməsi kimi bir şeydir. Öz əli ilə mənə bey’ət etsə də, hər an arxası ilə hiylə və məkr işlədəcəkdir.[1] Agah olun, o, itin burnunu yalaması tək (çox qısa müddət) əmirlik və hakimlik edəcəkdir. (Mərvanın hakimiyyəti təxminən dörd ay on gün olmuşdur) O, dörd rəisin atasıdır.[2] Çox çəkməz ki, camaat ondan və övladlarının əlindən qanlı-qadalı günlər (qətl-qarət, onların əlindən bir çox çətinliklər) görərlər.[3]
73-cü xütbə
İmam Əli əleyhis-salamın camaatın Osmana bey’ət etmək əzmində olduğu vaxt buyurduğu kəlamlarındandır.
Siz bilirsiniz ki, xəlifəliyə mən hamıdan daha layiqli və hamıdan daha üstünəm. (Bununla belə, onu xəlifə seçirsiniz.) Allaha and olsun, müsəlmanların işləri nizam-intizamla davam edənədək (onların arasında fitnə-fəsad qopmayanadək) və başqasının xilafəti zamanında məndən başqasına zülm olunmayanadək xəlifəliyi (başqasına) buraxıram. (Öz haqqımı tələb etmir, ona göz yumuram.) Bu, (Haqq-təalanın məzlumlara əta etdiyi) əcr və savabı əldə etməyə, sizin vurğunu olduğunuz dünya malına, zinətinə (başçılıq və rəhbərliyə) rəğbətim olmadığına görədir.[4]
74-cü xütbə
İmam Əli əleyhis-salamın Bəni-Üməyyənin onu, Osmanın qətlində iştirakda ittiham etmələrini eşitdikdə buyurduğu kəlamlarındandır.
Bəni-Üməyyənin məni tanıması onları məndə eyb axtarmaqdan çəkindirmədimi? İslamdakı keçmişim nadanların məni ittiham etmələrinin qarşısını almadımı?[5] (Mənim sözlərimin bu camaata təsiri olmayacaq, çünki) Allah-təalanın nəsihət olaraq buyurduğu[6] mənim dilimdən (sözlərimdən) daha bəlağətli və gözəldir. (Bununla belə təsiri olmadı.) Mən dindən çıxanlara dəlil gətirir, dinə şübhə edənlərlə isə düşmənçilik edirəm. (Mənim dəlil və sübutlarımdan biri də budur ki, məni Osmanın qanının tökülməsində şərik bilməkləri tək) haqqa oxşar işlər Qur’ani-Kərimlə tutuşdurular.[7] Allah bəndələri öz sinələrində olanlara uyğun cəzalandıracaqdır.[8]
75-ci xütbə
İmam Əli əleyhis-salamın (insanları dünya və axirət səadəti qazandıran bəyənilən sifətlərə rəğbətləndirmək üçün buyurduğu) kəlamlarındandır.
Allah rəhmət eləsin o kişiyə ki, ağıllı sözü eşidir və qəbul edir, doğru yola çağırıldıqda ona tərəf gedir, yol göstərənin (Həzrəti Peyğəmbərin və mə’sum İmamların) belindən yapışaraq (dünya və axirətin çətinliklərindən) xilas olur. Pərvərdigarına (onun əmrlərinə) itaət edir, (Allahın buyurduqlarına uyğun rəftar edir), öz günahından qorxur, xalis əməli (riya və özünü göstərməkdən uzaq olan əməli) öncədən göndərir, gözəl və layiqli rəftar edir, onun üçün (axirətdə) ehtiyat toplananları (ibadət və bəndəliyin savab və mükafatını) qazanır və qadağan edilmişlərdən (çirkin əməl və söz) uzaq durur. Oxu düz hədəfə vurur (həmişə Allahı nəzərində saxlayır), dünya malının yerinə axirət malı toplayır (dünyaya göz yumaraq əbədi səadəti qazanmağa çalışır), öz nəfsi istəklərinə qalib gəlir və arzularını yalan sanır. Dözümü özünün nicat və qurtuluşuna, öz minik vasitəsinə çevirir, (müsibətlərdə səbri öz şüarına çevirir, yük daşıyan dəvə tək dünyanın ağrı-acılarına qatlaşır), təqva və pərhizkarlığı öz ölüm anına azuqə yığır. Aydın bir yola (İslam şəriətinə) qədəm qoyur və parlayan (aşkar və aydın olan) əsas yoldan uzaqlaşmır (yolsuzluğa ayaq basmır). Həyatın bir neçə günlük möhlətini qənimət sayır və fürsəti əldən vermir (Allahın və Peyğəmbərin razılığına səbəb olan iş görür, ömrünü boş yerə başa vurmur) ölümə hazır olur (dünyaya bel bağlayır, onu qəfil yaxalayan ölümə hazır olur) və əməlindən (layiqli əməl, Allaha bəndəlik və xalqa xidmətindən) azuqə toplayır.
76-cı xütbə
İmam Əli əleyhis-salamın kəlamlarındandır. (Sə’d ibn As Osmanın təyinatı ilə Kufədə hakim olduğu vaxt Mədinəyə Həzrət üçün hədiyyə və məktub göndərərək bildirmişdi ki, mən Osmandan başqa heç kimə belə qiymətli hədiyyə göndərməmişəm. Həzrət onun məktubunu oxuduqdan sonra buyurmuşdu:)
Bəni-Üməyyə Məhəmmədin (səlləllahu əleyhi və alih) mirasından (o Həzrətin bərəkətindən əldə olunmuş qənimətlərdən) mənə anası sağılarkən dəvə balasına verilən süd qədər az verirlər. Allaha and olsun, onlara hakim olsam qəssab cigər tikələrini və ya torpağa bulaşmış qarını atdığı kimi onları uzağa ataram. (Seyyid Rəzi buyurur).
Başqa bir rəvayətdə التُّرابُ الْوَذَمَةَ göstərilir və bu da اَلْوِذامَ التَّرِبَةَ-nin əksinədir. Həzrət əleyhis-salamın buyurduğu لَيُفَوِّقُونَنِى sözünün mənası budur ki, beytülmaldan mənə dəvənin «فُواقِ »kimi az verirlər. «فُواق» dəvə balasına anasının südündən bir dəfə verməyə deyilir. «وِذامُ» sözü «وَذَمَةٍ» kəlməsinin cəm formasıdır, yerə düşüb torpağa bulaşmış qarın, yaxud ciyər parçası mənasındadır.
77-ci xütbə
İmam Əli əleyhis-salamın duada buyurduğu kəlamlarındandır:[9] Allahım, məni (günahımı) bağışla ki, Sən onu daha yaxşı bilirsən. Mən yenə dönsəm (ikinci dəfə onu törətsəm) sən bağışlanmağı da mənə qaytar. Allahım, mən özümlə bağladığım və mənim ona vəfalı olduğumu görmədiyin əhdimi (əməl etməyi öhdəmə götürdüyüm itaət və bəndəliyi) bağışla. Allahım, dildə Sənə yaxınlaşmaq istəyimi, ürəyimin onun əksinə olmasını (işin əvvəlində Sənə yaxınlaşmaq üçün ibadət və bəndəlik etsəm də, ondan sonra beynimə riya və özünü göstərmək kimi fikirlər gəldiyinə görə) bağışla. Allahım, gözümün ucunun işarələrini (gözünün ucu ilə işarə edib möminə əziyyət verməyi və ya onun qeybətini edib arxasınca pis danışmağı), boş söhbətlərimi, ürəyimin arzularını və dilimin büdrəmələrini bağışla.
78-ci xütbə
İmam Əli əleyhis-salamın Xəvariclə döyüşə gedərkən bəzi səhabələrinə (Əş’əs ibn Qeysin qardaşı Əfifə) buyurduğu kəlamlardandır. O, Həzrətə ərz etmişdi:
Ey Əmirəl-möminin, (Xəvaricin üstünə) bu vaxt yola düşsən, qorxuram ki, zəfər çalmayasan və öz məqsədinə çatmayasan. Bu xəbəri nücum elmindən əldə etmişəm.
Həzrət buyurdu:
Həmin saatda yola çıxanların bəla və pisliklərdən uzaq olduğu hər hansı bir saat göstərə biləcəyini güman edirsən? O saatda səfərə çıxanların ziyan və çətinliklə üzləşəcəyi bir saatdanmı çəkindirirsən? Kimsə sənin bu sözlərinə inanarsa Qur’anı yalan sanar,[10] İstədiyini əldə etmək və istəmədiklərindən uzaqlaşmaq üçün Allahdan kömək istəməyə ehtiyacı qalmaz. Sənin sözlərindən belə çıxır ki, göstərişinə uyğun rəftar edən kəs Allahına deyil sənə həmd və şükr etməlidir. Çünki güman edirsən ki, onu xeyir götürdüyü, ziyandan amanda qaldığı saata yönəldən sənsən.
Bu sözlərdən sonra Həzrət üzünü camaata tutaraq dedi:
Ey camaat, onunla biyabanda və dənizdə yolu tapmaq (səfərdə yolları bilmək, ibadət vaxtlarını öyrənmək, qibləni təyin etmək, gəminin yolunu müəyyənləşdirmək və s. kimi işlər) üçün lazım olan (ehtiyacınız olan qədər) həddi çıxmaqla, nücum elmini öyrənməkdən çəkinin.[11] Çünki nücumu öyrənmək kahinilk və qeybdən xəbər verməklə nəticələnər.[12] Münəccim kahin kimi, kahin isə sehrkar[13] kafir kimidir. Kafir (cəzası) oddadır (əzab çəkməkdir). (Buna görə də münəccimin sözlərinə və əməllərinə inanmayın.) Allahın adının köməkliyi və yoldaşlığı ilə səfərə çıxın.[14]
79-cu xütbə
İmam Əli əleyhis-salamın «Cəməl» döyüşü başa çatdıqdan sonra qadınları pisləyərkən buyurduğu kəlamlardandır. (Aişə və onun arxasınca gedənləri də pislədiyi güman edilir.)
Ey camaat! Qadınların iman, irs və ağıldan payları azdır. İmanlarındakı çatışmazlıq heyzli günlərində namaz qılmayıb, oruc tutmamalarına görədir. Ağıllarının nöqsanı isə buna görədir ki, (İslamda) iki qadının şahidliyi bir kişinin şahidliyi yerinədir. İrs və pay baxımdan çatışmazlıqları onlara çatan miras kişiyə çatan mirasın yarısı qədər olduğuna görədir. Pis qadınlardan uzaq durun, yaxşılarından isə çəkinin. Bəyənilmiş söz və əməllərdə onlara itaət etməyin[15] ki, nalayiq söz və əməllərə tamah salmasınlar (və sizləri onu yerinə yetirməyə məcbur etməsinlər).
80-ci xütbə
İmam Əli əleyhis-salamın (camaatı tərkidünyalığa və Allahın nemət və bəxşişlərinə şükr etməyə təşviq etdiyi) kəlamlarındandır.
Ey camaat! Zöhd və dünyaya bel bağlamamaq (nişanələri) arzuları azaltmaq və (Allahın) nemətlərinə şükr etmək, haramlardan uzaqlaşmaqdır. Bu üç şeyə nail olmasanız (hər üçünü yerinə yetirə bilməsəniz, onlardan ikisini tərk etməyin: birincisi), haram sizin dözümünüzə üstün gəlməsin (dözümlü olun və günaha batmayın) və (ikincisi, Allahın) nemətlərinə görə şükr etməyi unutmayın. (Çünki bunu etməsəniz) Allah-təala (qiyamətdə əzab üçün) aydın-aşkar dəlillər (peyğəmbərlər və ağlın dəlilləri) və (hamınızın əlinin altında olan) aydın (səmavi) kitablar vasitəsilə sizlər üçün üzr istəməyə yer qoymamışdır.
[1] Gizlində əhd-peymanını sındıracaq, əhdinə vəfasız çıxacaq, bey’ətini külək sanaraq pozacaqdır. Bu cümləni Mərvanın alçaqlığını göstərmək üçün buyurmuşdur. Daha sonra, onu məzəmmət edərək sözünü davam etmişdir.
[2] Dörd rəis dedikdə oğlanları-sonralar xəlifə olan Əbdülməlik, Misirin valisi olan Əbdüləziz, İraq valisi Bəşr və Cəzirənin valisi Məhəmməd-nəzərdə tutulur. Onlar da hiylə, məkr və camaatı azdırmaqda atalarına tay idilər.
[3] Bəzilərinin dediyinə görə, dörd rəis dedikdə hər dördü sonradan xəlifə seçilmiş Əbdülməlik ibn Mərvanın oğlanları Yezid, Süleyman, Vəlid və Hüşam nəzərdə tutulur.
[4] Mən xəlifəliyi ona layiq olmayan kimsəyə buraxıram ki, dünyada böyüklük və rəhbərlik qazanmaq niyyətində olmadığımı bilsinlər. Bu sözlərim höccətin tamam olması və azğınları doğru yola yönəltmək üçündür.
[5] Bəni-Üməyyə sözlərimdə və əməlimdə nifaq, ikiüzlülük olmadığına əmin olduqları halda, nəyə görə məni ittiham edib deyirlər ki, Osmanın qətlinin təşkilatçısı mən olmuşam, üzdə bir iş görməsəm də, gizlində camaatı onu öldürməyə vadar etmişəm. Onlar bilmirlərmi ki, mən söz deməkdə və əməldə heç kimdən qorxmuram? Əgər Osmanı öldürmək istəsəydim, bunu gizlində etməzdim və aşkarda onun qatillərinə yoldaş olardım.
[6] Qur’ani-Kərimin Hucurat surəsinin 12-ci ayəsində buyurulur: «يَا أَيُّهَا الَّذِينَ آمَنُوا اجْتَنِبُوا كَثِيرًا مِّنَ الظَّنِّ إِنَّ بَعْضَ الظَّنِّ إِثْمٌ وَلَا تَجَسَّسُوا وَلَا يَغْتَب بَّعْضُكُم بَعْضًا أَيُحِبُّ أَحَدُكُمْ أَن يَأْكُلَ لَحْمَ أَخِيهِ مَيْتًا فَكَرِهْتُمُوهُ وَاتَّقُوا اللَّهَ إِنَّ اللَّهَ تَوَّابٌ رَّحِيمٌ» Ey Allaha və Peyğəmbərə iman gətirənlər. Çox zənnə-gümana qapılmayın. Şübhəsiz ki, zənlərin bəzisi günahdır. Bir-birinizin eybini, sirrini arayıb-axtarmayın. Bir-birinizin qeybətini etməyin (yəni, başqasının dalınca danışmayın). Sizdən biriniz öz ölmüş qardaşının və dindaşının ətini yeməyə razı olarmı? Xeyr. Bu sizdə ikrah hissi oyadar. Ölmüş qardaşınızın ətini yeməkdən ikrah etdiyiniz kimi, onun qeybətini etməkdən də çəkinin. Allahdan qorxun, qeybət etmisinizsə, tövbə edin, Allah günahları bağışlayan və mehribandır. Əhzab surəsinin 58-ci ayəsində buyurulduğu kimi: «وَالَّذِينَ يُؤْذُونَ الْمُؤْمِنِينَ وَالْمُؤْمِنَاتِ بِغَيْرِ مَا اكْتَسَبُوا فَقَدِ احْتَمَلُوا بُهْتَانًا وَإِثْمًا مُّبِينًا» Mömin kişiləri və qadınları incidilməyə layiq bir iş görmədikləri halda incidənlər, şübhəsiz ki, öz üzərlərinə böhtan, iftira və açıq-aydın bir günah götürmüşlər.
[7] Deməli, onu öldürənlərlə bir yerdə olmadığım və onun qətlinin təşkilatçılarından heç kimin bu işdə iştirak etməyimi demədikləri halda, əgər Allahın kitabının hər hansı bir ayəsi Osmanın qatili olmağıma dəlalət edirsə, siz ona uyğun hökm çıxararaq, mənə qarşı elə rəftar edin.
[8] Çünki siz ürəyinizdə xəlifəliyi, əmirliyi ələ keçirməyi arzuladığınıza görə, Osmanın qanını almağı bəhanəyə çevirərək camaatı aldatmaq üçün məni ittiham edirsiniz. Belə isə, Qiyamətdə öz sözlərinizin cəzasına çatacaqsınız.
[9] O kəlamlardandır ki, onda camaata tövbə etməyin və bağışlanmaq istəməyin qaydalarını öyrədir. Peyğəmbər və İmamlar əleyhimus-salam kimi mə’sumların tövbəsi xalqı öyrətmək məqsədi daşımışdır. Çünki onlar heç vaxt günaha batmamış, Allah-təalaya itaətsizlik etməmişdilər ki, tövbə və əfv diləmək niyyətinə düşəydilər.
[10] Qur’ani-Kərimin Nəml surəsinin 65-ci ayəsində buyurulur: «قُل لَّا يَعْلَمُ مَن فِي السَّمَاوَاتِ وَالْأَرْضِ الْغَيْبَ إِلَّا اللَّهُ» «De ki, Allahdan başqa göylərdə və yerdə olan heç kəs qeybi bilməz.»
[11] Qur’ani-Kərimin Ən’am surəsinin 97-ci ayəsində buyurulduğu kimi: «وَهُوَ الَّذِي جَعَلَ لَكُمُ النُّجُومَ لِتَهْتَدُواْ بِهَا فِي ظُلُمَاتِ الْبَرِّ وَالْبَحْرِ قَدْ فَصَّلْنَا الآيَاتِ لِقَوْمٍ يَعْلَمُونَ» Biyabanın və dənizin zülmətində (yol tapmaq) üçün ulduzları da sizin üçün yaradan Odur. Biz Öz qüdrət nişanələrimizi anlayan bir camaat üçün bəyan etdik».
[12] Kahinlik elə bir peşədir ki, ona yiyələnənlər cinlərin köməyilə qeybdən xəbər verir, camaatın arasında fitnə-fəsad salırlar. Qeybdən xəbər verməsi, ulduzların xeyir-ziyanla, uğurlu və nəhs günlərlə əlaqələndirilməsi, camaatın Allaha ümidini itirməsi, öz əməlinə və sözlərinə ümidvar etməsi, bunların düzgünlüyünə inandırması baxımdan münəccimin işi kahin bir kimsənin əməli və etiqadı ilə eynidir. Deməli, özünün azğınlığı və başqalarını azdırmaq baxımdan.
[13] Sehr sehrkarın dediyi söz, ya yazdığı tilsimdir ki, bununla ərlə arvad, eləcə də dostlar arasında ayrılıq salır, onları bir-birinə düşmən etmək kimi ziyanlar vurur.
[14] Əlbəttə, Haqq-təala səfərin ziyanını sizdən uzaqlaşdıracaqdır. Həzrət həmin saat Xəvariclə döyüşə yollandı və qələbə qazandı. Bu sözün özü, münəccimlərin sözünün səhv olduğunu göstərən ən böyük dəlildir.
[15] Bəyənilmiş əməl və sözlərdə onların ardınca getməmək bu deməkdir ki, əgər bəyənilmiş iş vacibatdan olsa, siz onu bəyənilmiş olduğuna görə yerinə yetirin və göstərin ki, həmin işi onlara itaətə görə etmirsiniz. Bəyənilmiş iş müstəhəbb olarsa, yerinə yetirməyin. Çünki onlara itaət etməməyə görə müstəhəb işi yerinə yetirməməyin özü müstəhəbdir. Xülasə, heç bir işdə onların sözlərinə və istəklərinə etina eməyin.