Azəri
Tuesday 14th of May 2024
0
نفر 0

HÖKUMƏTİN NAİLİYYƏTLƏRİ

ÜÇÜNCÜ BÖLMƏ

HÖKUMƏTİN NAİLİYYƏTLƏRİ

Ayrı-ayrı şəxslər və cəmiyyətlər hökumətə çatmazdan və qüdrəti ələ almazdan qabaq öz hökumətləri üçün müəyyən proqramlar tökür, çox hallarda o hədəflərə çatmaq üçün öz proqramlarını da e`lan edirlər. Amma, adətən, qüdrət və hakimiyyətə çatdıqdan və zamanın keçməsindən sonra öz hədəflərinə nail ola bilmir və bə`zi hallarda dedikləri sözlərdən dönürlər, yaxud əvvəlcədən irəli sürdükləri proqram və hədəfləri tamamilə unudurlar.

Əvvəlcədən tə`yin olunmuş hədəf və arzulara nail olmamağın səbəbi ya bu ola bilər ki, hədəfləri həqiqi və pirinsipial olmamışdır; yaxud da ki, hədəfə çatmaq üçün hökumət proqramları əhatəli və kamil olmamışdır, çox hallarda da bu müvəffəqiyyətsizliyin səbəbi icraçıların ləyaqətsizliyi olmuşdur.

İmam Məhdi (ə)-ın hökumətində hədəflər həqiqi və əsldir, bəşəriyyətin vicdanında dərin köklər atmışdır, hamı da bu arzulara çatmaq ümidi ilə yaşayır. Proqramlar da Qur`an hökümləri və Əhli-beyt sünnəsinin tə`limləri əsasında tənzim edilmişdir ki, bütün sahəələrdə onların icra olunmasına tə`minat verilir. Buna əsasən, bu böyük inqilabın naliyyətləri nəzərə çarpacaq dərəcədə böyük və diqqət yetiriləsidir. Bir cümlədə demək olar ki, imam Məhdi (ə)-ın hökumətinin naliyyətləri insanların maddi və mə`nəvi ehtiyaclarını Allah Taala tərəfindən insanın vücudunda əmanət qoyulan ehtiyacları tə`min edəcəkdir.

Burada imam Məhdi (ə)-ın hakimiyyətinin naliyyətlərindən bə`zilərini qeyd edirik:

1-Geniş miqyaslı ədalət

Çoxlu rəvayətlərdə imam Məhdi (ə)-ın inqilab və qiyamının ən mühüm nailiyyətləri kimi dünyanın haqq-ədalətlə dolması qeyd edilir ki, hökumətin hədəfləri bölməsində onun barəsində söhbət etdik. Amma bu bölmədə, əvvəldə qeyd olunan həqiqətə digər bir məsələni də artırırıq ki, Ali-Muhəmmədin (s) Qaiminin hakimiyyəti dövründə ədalət cəmiyyətin bütün yönlərində və səthlərində icrada olan bir cərəyan formasına düşəcək, elə bir böyüklü-kiçikli məcmuə təşkilat və qurum qalmayacaqdır ki, onda ədalət hakim olmasın. Həmin dövrdə insanlar arasında əlaqələr məhz bu məsələ əsasında qurulacaqdır.

İmam Sadiq (ə) bu barədə buyurur: «Allaha and olsun! Soyuq və isti, evlərin içinə daxil olduğu kimi, ədaləti camaatın evlərinin içinə aparacaqdır.»[1]

Cəmiyyətdə ən kiçik ictimai qurum olan ailənin ədalət mərkəzinə çevrilməsi və ailə üzvlərinin bir-biri ilə olan əlaqələri ədalətli şəkildə bərqərar olunması bunu göstərir ki, Həzrəti Məhdi (ə)-ın dünya səviyyəli ədalət hökuməti zor gücünə deyil, əksinə Qur`anın bəyan etdiyi bir tərbiyəvi prinsip əsasında daxil olacaqdır. Belə ki, Allah Taala insanlara ədalətli olmağı və ehsan etməyi əmr edir.[2] İmam (ə) insanları bu qanun əsasında tərbiyə edəcək və belə bir fəzada bütün insanlar ilahi və insani vəzifəsinin hökmü ilə başqalarının hüquqlarına, hətta rütbə və məqam baxımından heç bir ictimai mövqeyə malik olmasa belə, hörmət qoyacaqdır.

Məhdi (ə)-ın quracağı cəmiyyətdə ədalət Qur`an əsasında olan əsl bir mədəniyyətdir, onu yalnız öz şəxsi mənfəətini güdən Qur`an və əhli-beyt tə`limlərindən kənarda tərbiyə alan azsaylı insanlar poza bilər ədalətsevərlik hakimiyyəti bu az saylı qruplarla ciddi şəkildə mübarizə aparacaq, onların inkişaf edib kök atmasına heç bir vəch ilə icazə verməyəcək, xüsusilə onların hakimiyyət səviyyəsinə nüfuz etməsinin qarşısını alacaqdır. Bəli, belə bir genişsəviyyəli və hərtərəfli əhatə edən ədalət Məhdi (ə)-ın hökumətinin əldə etdiyi nailiyyətlərdəndir və beləliklə də o həzrətin inqilabının ən ali və dünya səviyyəsində ədalətin bərqərar edilməsindən ibarət olan hədəfi kamil şəkildə həyata geçəcək, zülm, haqsızlıq, başqalarının haqqına təcavüz etmək və s. cəmiyyətin bütün sahələrindən, hətta ailə üzvlərinin bir-biri ilə qarşılıqlı əlaqələrindən belə, götürüləcəkdir.

2-İnsanların ideoloji, əlaqi və imani cəhətdən inkişaf edib təkamülə çatması

Əvvəlki bölmədə qeyd etdik ki, cəmiyyətdə ədalətin bütün yönləri əhatə etməsi insanların düzgün tərbiyəsi, cəmiyyətdə Qur`anla Əhli-beyt mədəniyyətinin yayılması ilə baş verəcəkdir. İmam Məhdi (ə)-ın hakimiyyəti dövründə çoxlu rəvayətlərdə insanların ideoloji, əxlaqi və imani cəhətdən inkişaf etməsi aşkar şəkildə bəyan edilmişdir.

İmam Baqir (ə) buyurur: «Bizim Qaim qiyam edən zaman özünün (mərhəmətli) əllərini Allah bəndələrinin başına çəkəcək, onun bərəkəti ilə insanların əql qüvvələri kamala çatacaqdır.»[3]

Bütün yaxşılıqlar və gözəlliklər insan əqlinin kamala çatması ardınca əldə olunur, çünki əql insanın daxili yol göstərəni –peyğəmbəridir ki, onun insanın ruh və cisminə hakim kəsildiyi surətdə insanın təfəkkür və əməli inkişafa, düzlüklərə və təkamülə doğru hidayət olunacaq, Allaha bəndəçilik yolu –həqiqi səadətə çatmaq yolu açılacaqdır.

İmam Sadiq (ə)-dan «əql nədir?» –deyə soruşulduqda, həzrət buyurdu: «Əql o şeydir (həqiqətdir) ki, onun vasitəsi ilə Allaha ibadət edilir və onun (yol göstərməsi) vasitəsilə cənnət əldə olunur.»[4]

Bəli, bugünkü cəmiyyətlərdə imamın olmadığı və hakimiyyətdə olmadığı cəmiyyətdə şəhvət qüvvələri əqlə qələbə çalmış, inadkar nəfs və onun istəkləri insanın və ayrı-ayrı qrupların yeganə hakiminə çevrilmişdir, bu vəziyyətin nəticəsi də ayrı-ayrı insanların hüquqlarının aradan getməsi, ilahi dəyərlərin unudulmasından ibarətdir. Lakin və`dəsi verilən ilahi ədalət hakimiyyəti dövranında Allah höccətinin hakimiyyəti nəticəsində –o, külli əqldən ibarətdir –insanların əql qüvvələri bütün tədbirlərinin sükanını əlinə alacaq, kamala çatmış əql insana yaxşılıqlardan və gözəlliklərdən başqa heç bir fərman verməyəcəkdir.

3-İttihad və həmrə`ylik

Rəvayətlərə əsasən, imam Məhdi (ə)-ın dünya səviyyəli hakimiyyəti altında olan cəmiyyət bir-biri ilə müttəhid, səmimi olacaqdır. Məhdi (ə)-ın dövlətinin bərqərar olduğu bir dövürdə Allah bəndələrinin qəlbində kin-küdurətə, düşmənçiliyə yer olmayacaqdır.

İmam Əli (ə) buyurur:

وَلَوْ قَدْ قامَ قائِمُنا... لَذَهَبْتِ الشَّحْناءُ، مِنْ قُلُوبِ الْعِبادِ...

«Bizim Qaimimiz qiyam edən zaman bəndələrin qəlbindən kin-küdurət gedəcəkdir.»

O dövrdə kin-küdurət və düşmənçilik üçün heç bir bəhanə qalmayacaqdır: çünki ədalətin dövranı gələcək, heç kəsin haqqı tapdalanıb aradan getməyəcək, şəhvət pərəstlik deyil, əql qüvvəsinin fəaliyyət dövranı olacaqdır.[5] Buna əsasən, kin-küdurət və düşmənçilik üçün heç bir əsas qalmayacaqdır. Buna görə də insanların indiyə qədər pərakəndə və bir-birindən uzaq olan qəlbləri ünsiyyət və ülfət tapacaq, hamı Qur`anın buyurduğu qardaşlığa qayıdacaq,[6] sanki doğma qardaş olaraq bir-birinə qarşı mehribançılıq göstərəcəklər.

İmam Sadiq (ə), Məhdi (ə)-ın gözəl dövranını vəsf edərək buyurur: «(O dövranda) Allah Taala pərişan və pərakəndə qəlblərin arasında vəhdət və ülfət bərqərar edəcəkdir.»[7]

Burada Allahın xüsusi inayətinin rol oynaması da təccüblü deyildir çünki bu səmimiyyət və mehribançılıq elə bir həddə çatacaqdır ki, onun bu günkü dövranda –maddi çəkişmələrin və təzadların böhranlı səviyyəyə çatdığı bir dövrdə təsəvvür olunması olduqca çətindir.

İmam Sadiq (ə) buyurur: «Bizim Qaimimiz qiyam edən zaman (cəmiyyətdə) həqiqi dostluq və səmimiyyət bəyan olunacaqdır. Ehtiyacı olan hər bir şəxs əlini din qardaşının cibinə salaraq ehtiyacı olan qədər götürəcək və din qardaşı onun bu işinə mane olmayacaqdır.»[8]

4-Ruhi və fiziki sağlamlıq

Bu günkü bəşəriyyətin ən böyük çətinliklərindən biri də əlacı olmayan ağır xəstəliklərdən ibarətdir ki, bu da müxtəlif amillərin, o cümlədən ekoloji mühitin, müxtəlif kimyəvi, atom, mikrob və sair kimi silahların işlədilməsi nəticəsində aludə olmasından ibarətdir. Həmçinin, insanların bir-biri ilə qanunsuz əlaqələri, meşələrin və su ehtiyatlarının aradan aparılması da cüzam, taun fələc, infarkt və yüzlərlə bu kimi xəstəliklərin yaranma səbəbidir. Bu günkü yüksək səviyyəli müalicə üslübları belə, onları müalicə etməkdə acizdir. Cismi xəstəliklərə uzun siyahıya malik olan ruhi xəstəlikləri də əlavə etmək lazımdır ki, həyatı insanlar üçün çox acınacaqlı və dözülməz bir vəziyyətə salmışdır. Bu da dünyaya və insanlara hakim olan yanlış əlaqələrin nəticəsidir.

Ədalətin yayıldığı, fəzilətlərin və gözəlliklərin hökmranlıq etdiyi, rabitələrin qardaşlıq və bərabərlik əsasında qurulduğu dövlətdə Məhdi (ə)-ın kərim dövlətində insanların həm fiziki, həm də ruhi xəstəlikləri aradan gedəcək, onun ruhu və bədən qüvvələri qəribə şəkildə güclənəcəkdir.

İmam Sadiq (ə) buyurur: «Həzrəti Qaim qiyam edən zaman Allah xəstəlikləri mö`minlərdən uzaqlaşdıracaq, onlara sağlamlıq əta edəcəkdir.»[9]

Elmin qəribə şəkildə inkişaf etdiyi halda o həzrətin dövlətində heç bir əlacsız xəstəlik qalmayacaq, təbabət nəzərə çarpacaq dərəcədə inkişaf edəcəkdir. Həmçinin, o həzrətin vücudu səbəbi ilə xəstələrin çoxu şəfa tapacaqdır.

İmam Baqir (ə) buyurur: «Hər kəs biz Əhli-beytin Qaimini görsə, əgər bir xəstəliyə düçar olmuşsa şəfa tapacaq, əgər zəifliyə düçar olmuşsa qüdrətli olacaqdır.»[10]

5-Çoxlu xeyir bərəkətin nazil olması

Ali-Məhəmmədin (s) Qaiminin hökumətinin böyük nailiyyətlərindən biri də misilsiz xeyir-bərəkətin nazil olmasıdır. Onun dövləti qurulan hər tərəf yaşıllaşacaq, təbiət canlanacaqdır. Asiman yağışını yağdıracaq, yer hər bir şeyi cücərdəcək, ilahi xeyir-bərəkət hər yerə aşıb-daşacaqdır.

İmam Sadiq (ə) buyurur: ...«Allah Taala onun (İmam Məhdinin) səbəbi ilə asimanların və yerin xeyir-bərəkətini cari edəcəkdir. (Onun dövləti günlərində) asiman yağış yağdıracaq, yer bitkiləri cücərdəcəkdir.»[11]

O həzrətin hökuməti sayəsində heç bir səhra boş qalmayacaq, bütün torpaq sahələri canlanacaq və şad və xürrəm olacaqdır.

Bu kimi nəzərə çarpacaq, böyük dəyişikliklər və misilsiz inkişafların səbəbi budur ki, Məhdi (ə)-ın dövranı yaxşılıqların, təqvanın çiçəkləndiyi, iman güllərinin çiçək açdığı bir dövran olacaqdır, insanlar hər bir sinifdən olsalar belə, ilahi tərbiyə altında qərar tutacaq, öz rabitələrini ilahi dəyərlər əsasında bərqərar edəcəkdir, Allah da və`də vermişdir ki, belə bir pak mühiti xeyir-bərəkətdən sirab etsin.

Qur`ani Kərim bu barədə buyurur:

وَلَوْ أَنَّ أَهْلَ الْقُرَى آمَنُواْ وَاتَّقَواْ لَفَتَحْنَا عَلَيْهِم بَرَكَاتٍ مِّنَ السَّمَاءِ وَ الاَرْضِ

«Əgər abadlıqların əhalisi iman gətirib, təqvalı olsaydılar, hökmən asimanın və yerin xeyir-bərəkət qapılarını onların üzünə açardıq.»[12]

6-Fəqirlik və yoxsulluğun kökünün kəsilməsi

Bütün təbii sərvətlərin İmam Məhdi (ə) üçün aşkar olduğu, yerin və göyün bərəkətlərinin onun zamanında olan insanlar üçün aşkar olduğu, müsəlmanların beytül-malının ədalətli şəkildə bölüşdürdüyü bir dövrdə fəqirlik və yoxsulluq üçün əsla yer qalmayacaq, bəşəriyyət İmam Məhdi (ə)-ın dövləti sayəsində həmişəlik olaraq fəqirlik bəlasından xilas olacaqdır.[13]

Onun hakimiyyəti dövründə iqtisadi əlaqələr qardaşlıq bərabərlik prinsipi əsasında formalaşacaq, şəxsi mənfəət öz yerini ürəyiyananlıq, qəmxarlıq, din qardaşları ilə bərabərliyə verəcəkdir. Bu halda hamı bir-birinə vahid bir ailənin üzvüləri kimi nəzər salacaq və hamı başqasını özü kimi hesab edəcək, onların arasında vəhdət, birlik və yeganəlik hiss olunacaqdır.

İmam Baqir (ə) buyurur: «(İmam Məhdi (ə)) hər ildə iki dəfə insanlara bəxşiş, hər ayda iki dəfə ruzi (məişət ehtiyaclarını) əta edəcəkdir və (bu işdə) camaatın arasında müsavata əməl edəcəkdir. Nəhayət (insanlar o qədər ehtiyacsız olacaqdır ki,) heç şəxs zəkat almağa ehtiyac duymayacaqdır.»[14]

Rəvayətlərdən aydın olur ki, insanların zənginləşib heç bir şeyə ehtiyaclı olmaması onların qənaət və ehtiyacsızlıq ruhiyyəsinə görədir. Başqa sözlə desək, insanlar xaricdən çoxlu mal-dövlət sahibi olaraq ehtiyacsız olmazdan öncə, batindən ruhlarını ondan ehtiyacsız edəcək və Allah Taalanın Öz fəzl və kərəmi ilə onlara əta etdiklərinə razı olacaqlar. Buna görə də başqalarının mal-dövlətinə göz dikməyəcəklər.

Peyğəmbəri Əkrəm (s) Məhdi (ə)-ın dövlətinin xüsusiyyətlərini bəyan edərkən buyurur:

«...Allah Taala ehtiyacsızlıq ruhiyyəsini bəndələrin qəlblərində qərar verəcəkdir.»[15]

Halbuki, zühurdan öncə insanlardakı lik və heç bir şeyə qane olmamaq kimi hislər yanlış rəqabətlərin, mal-dövlətin yığılıb anbarlarda bir-birinin üstünə yığaraq ehtiyacsızlara verməməyin əsas amili olacaq.

Bir sözlə, İmam Məhdi (ə)-ın dövranında həm batini, həm də xarici ehtiyacsızlıq hakim olacaqdır. Digər tərəfdən də külli miqdarda mal-dövlət və sərvət ədalətli şəkildə bölüşdürüləcək, qənaət insanların əxlaqi xüsusiyyətinə çevriləcəkdir.

Peyğəmbəri Əkrəm (s) İmam Məhdi (ə)-ın insanlara bəxşiş etməsi söylədiyi kəlamdan əvvəl buyurur:

«Allah Taala Mühəmməd ümmətinin qəlblərini ehtiyacsızlıq hissi ilə dolduracaq, Məhdi (ə)-a məxsus olan ədalət onların hamısını əhatə edəcək, belə ki, həzrəti Məhdi əmr edəcəkdir ki, bir nəfər nida edərək belə desin: «Kimin mal-dövlətə ehtiyacı vardır?» Bundan sonra camaatın arasından yalnız bir nəfər ayağa qalxacaq! İmam ona buyuracaqdır: Xəzinədarın yanına get və ona de ki: «Məhdi fərman verir ki, mənə filan qədər mal verəsən.» Xəzinədar ona deyər: «Paltarını gətir! Sonra onun paltarının arasını mal-dövlətlə doldurar, onu çiyninə alanda peşman olub deyər: «Nə üçün Mühəmməd ümməti arasında mən hamıdan artıq həris olum?!»

Sonra malı qaytarmaq istəyir, lakin ondan qəbul etməzlər. Ona deyilər: Biz əta etdiyimizi bir daha geri götürmərik.»[16]

7-İslamın mütləq hakimiyyəti və küfrün məhv edilməsi

Qur`ani Kərim üç yerdə və`də vermişdir ki, Allah Taala müqəddəs islam dinini bütün dünya dinlərinə qalib edəcəkdir:

هُوَ الَّذِي أَرْسَلَ رَسُولَهُ بِالْهُدَى وَدِينِ الْحَقِّ لِيُظْهِرَهُ عَلَى الدِّينِ كُلِّهِ...

«O həmin Allahdır ki, Öz Peyğəmbərini hidayət və haqq dinlə göndərmişdir ki, o dini bütün dünya dinlərinə qalib etsin.»[17]

Şəkk yoxdur ki, Allah Taalanın və`dəsi hökmən gerçəkləşəcəkdir və onda pozuntuya yol yoxdur. Çünki Allah Taala buyurur:

...إِنَّ اللّهَ لاَ يُخْلِفُ الْمِيعَادَ

Həqiqətən Allah Öz və`dəsinə xilaf çıxmaz. (Ali İmran 9)

Lakin mə`lum olduğu kimi Peyğəmbəri Əkrəm (s) və ilahi övliyaların göstərdikləri ciddi-cəhdlərin varlığı ilə, belə indiyə qədər və`dəsi verilən bu mübarək gün həyata keçməmişdir[18] və bütün müsəlmanlar buna ümid bəsləyirlər ki, bu gün gəlib çatsın. Əlbəttə, bu real bir arzudan ibarətdir ki, onun kökü məsumların bəyanlarına qayıdır.

Buna əsasən, Allahın bu vəlisinin hakimiyyəti dövründə tohid kəlməsi «Əşhədu əlla ilahə illəllah, Əşhədu ənnə Muhəmmədən rəsulullah şüarı hər yerdə deyiləcək, şirk və küfrdən əsər-əlamət qalmayacaqdır.

İmam Baqir (ə( ayəsinin təfsirində buyurur[19]

وَقَاتِلُوهُمْ حَتَّى لاَ تَكُونَ فِتْنَةٌ وَيَكُونَ الدِّينُ كُلُّهُ لِلّه...

Bu ayənin təvili hələ gəlməmişdir. Bizim Qaimimiz qiyam edən zaman onun zamanını görənlər bu ayənin təvilini görəcəklər və hökmən (o dövürdə) Mühəmmədin dini gecənin çatdığı hər bir yerə çatacaqdır (yə`ni dünya səviyyəli olacaqdır). Belə ki, yer üzərində necə ki, Allah taalanın buyurduğu (və`də verdiyi kimi) şirkdən heç bir əsər əlamət qalmayacaqdır [20]

Əlbəttə, islamın bu cür dünya səviyyəli olması bu müqəddəs dinin haqq və gerçək bir din olması səbəbilədir ki, Məhdi (ə)-ın dövranında daha aşkar şəkildə olacaq, bütün insanları özünə cəlb edəcəkdir, yalnız günahkarlıq və tüğyançılıq üzündən ona qarşı çıxanlar istisnadır ki, Həzrəti Məhdi (ə)-ın qılıncı – Allahın intiqam qılıncı vasitəsilə onlardan intiqam alınacaqdır.

Bu bölmədə araşdırılan axırıncı məsələ bundan ibarətdir ki, İmam Məhdi (ə)-ın hökuməti sayəsində yaranan əqidəvi vəhdət dünya səviyyəli vahid bir cəmiyyətin təşkil olunması üçün çox münasib bir zəminədən ibarətdir və dünya etiqadda həmin yeganəlik və ittihadın ardınca tohid quruluşu və qanunundan ibarət olan bir cəmiyyəti qəbul edəcək, daha sonra onun sayəsində özünün fərdi və ictimai əlaqələrini vahid bir əqidə və məramdan irəli gələn meyarlar əsasında tənzim edəcəkdir. Bu bəyana əsasən, bütün insanların əqidə cəhətindən vahid din bayrağı altında birləşməsi ciddi ehtiyac və zərurətdir ki, İmam Məhdi (ə)-ın hökuməti dövründə bərqərar olunacaqdır.

8-Ümumi təhlükəsizlik

Məhdi (ə)-ın yaxşılıqların tam mə`nadahəyatın bütün sahələrində əhatəli olduğu hakimiyyəti dövründə ən böyük ilahi ne`mətlərdən, biri kimi, insanın ən ali arzularından olan təhlükəsizlik və asayişin bərqərar edilməsidir.

İnsanlar o zaman vahid bir əqidə və mərama tabe olaraq öz cəmiyyətlərini yüksək əxlaqi prinsiplər əsasında qursa və ədalət onların fərdi və ictimai həyatlarının hər bir sahəsində bərqərar olunsa, onda artıq təhlükəsizliyin aradan getməsi və qorxu üçün heç bir bəhanə yeri qalmayacaqdır. Hər kəs ilahi və insani hüquqlarına nail olduğu, hətta hakimlər təbəqəsindən və ya onlardan aşağı səviyyələrdə belə olmasından aslı olmayaraq təcavüzkarlıqdan və haqqı tapdalamaqdan çəkinərsə, onda ümumi və ictimai təhlükəsizlik qərarlaşacaqdır.

İmam Əli (ə) buyurmuşdur: «Bizim əlimizlə (və bizim hökumətimizdə) ağır günlər ötüb keçəcək... Bizim Qaimimiz qiyam edən zaman kin-küdurətlər qəlblərdən çıxacaq, hətta heyvanlar da bir-biri ilə yanaşı yaşayacaq. (O dövrdə o qədər təhlükəsiz bir mühit icad olunacaqdır ki), qadın özünün bütün zinətləri belə, İraqdan Şama gedəcək və heç bir şey onu qorxutmayacaqdır.»[21]

Əlbəttə, ədalətsizlik, hərislik və kin-küdurətlər dövründə yaşadığımız hazırkı dövrdə belə bir ideal cəmiyyətin təsəvvür olunması çox çətindir, lakin qeyd olunduğu kimi, əgər bütün çirkinliklərin və pisliklərin amillərinə diqqət yetirsək və bu amillərin haqq hökumətinin hakimiyyəti dövründə kökünün kəsiləcəyini nəzərə alsaq, onda biləcəyik ki, əmin-amanlıq cəmiyyətinin gerçəkləşməsinə dair verilən ilahi və`də labüdür.

Allah-Taala Qur`ani-Kərimdə buyurmuş:

وَعَدَ اللَّهُ الَّذِينَ آمَنُوا مِنكُمْ وَعَمِلُوا الصَّالِحَاتِ لَيَسْتَخْلِفَنَّهُم فِي الْأَرْضِ كَمَا اسْتَخْلَفَ الَّذِينَ مِن قَبْلِهِمْ وَلَيُمَكِّنَنَّ لَهُمْ دِينَهُمُ الَّذِي ارْتَضَى لَهُمْ وَلَيُبَدِّلَنَّهُم مِّن بَعْدِ خَوْفِهِمْ أَمْنًا يَعْبُدُونَنِي لَا يُشْرِكُونَ بِي شَيْئًا وَمَن كَفَرَ بَعْدَ ذَلِكَ فَأُوْلَئِكَ هُمُ الْفَاسِقُونَ

«Allah sizdən olub iman gətirənlərə... və`də vermişdir ki, yəqin şəkildə yer üzərində onları xəlifə (və Özünün canişinləri) qərar versin... Qorxuda və nigarançılıqda olduqlarından sonra əmin-amanlıq və asayişi onlara əta edəcək.»[22]

İmam Sadiq (ə) bu ayənin barəsində buyurmuşdur: «Bu ayə Qaim imamın və onun köməkçilərinin barəsində nazil olmuşdur.»[23]

9-Elmin inkişaf edib genişlənməsi

İmam Məhdi (ə)-ın hökuməti dövründə islami və insani elmlərdə çoxlu sirlər kəşf olunacaq, bəşərin elmi təsəvvür olunmayacaq dərəcədə geniş səviyyəli mərhələyə catacaqdır.

İmam Sadiq (ə) buyurur: «Elm və bilik 27 hərfdən ibarətdir, peyğəmbərlərin gətirdikləri(elm) yalnız iki hərfdən ibarətdir. İnsanlar indiyə kimi o iki hərfdən başqa şeylə tanış deyillər. Bizim Qaimimiz qiyam edən zaman qalan 25 hərfi də aşkar edərək camaatın arasında yayacaq, əvvəlki iki hərfi də onlara qatacaq, məcmu halında 27 hərfi yayacaqdır.»[24]

Aydındır ki, elmi inkişaf hər bir sahədə baş verəcəkdir. Çoxlu rəvayətlərdə işarə şəklində qeyd olunur ki, o dövrdəki sənayenin hazırkı sənaye ilə olan fərqi həddindən artıq çox olacaqdır.[25]

Necə ki, hazırkı sənaye və texnologiya əvvəlki əsrlərlə müqayisədə nəzərə çarpacaq dərəcədə fərqlənir.

Burada bə`zi rəvayətləri qeyd edirik.

İmam Sadiq (ə) İmam Məhdi (ə)-ın hökuməti dövründə rabitə əlaqələrinin necəliyi barəsində buyurur: «Qaimin dövranında mö`min yerin şərqində olduğu halda, yerin qərbində olan qardaşını görəcəkdir.»[26]

Həmçinin buyurur: «Bizim Qaimimiz qiyam edən zaman Allah-Taala şiələrimizin eşitmə və görmə qabiliyyətlərini artıracaq, belə ki, o həzrət dörd fərsənglik bir məsafədə öz şiələri ilə danışacaq, onlar da eşidəcək və onun özünü görəcəklər. Halbuki həzrət öz yerində qərarlaşmış olacaq.»[27]

Həzrəti Məhdi (ə)-ın hökumətin rəisi, qərarların qəbul etmə mərkəzi və rəhbəri ünvanı ilə camaatın halından və insanların vəziyyətindən agah olması ilə əlaqədar buyurulur: «Əgər bir kəs öz evində bir söz desə, bundan qorxacaqdır ki, olmaya evinin divarları bu sözü xəbər versin.»[28]

Hazırkı dövrdə kütləvi informasiya vasitələrinə diqqət yetirməklə həmin rəvayətlərin dərk olunması çox asan olur, lakin mə`lum deyildir ki, həmin vasitələrdən daha inkişaf etmiş formada istifadə ediləcəkdir, yoxsa da daha mürəkkəb sistemlər hazırkı dövrdə olan vasitələrin yerinə geçəcəkdir.



[1] Biharul-ənvar. 52-ci cild, səh. 362

[2] Qur`anda buyurulur:  ان الله يأمر بالعدل والاحسان yə`ni «həqiqətən Allah Taala insanları ədalətə və yaxşılığa əmr edir.» Nəhl surəsi, 90

[3] Biharul-ənvar, 52-ci cild, hədis 71, səh. 336

[4] Kafi, 1-ci cild, 3-cü hədis, səh. 58

[5] Əvvəlki iki bölmədə imam Məhdi (ə)-ın dövranında ədalət və o dövürdə insanların əqli cəhətdən kamala yetmələri barəsində söhbət olundu.

[6] «Həqiqətən mö`minlər bir-biri ilə qardaşdırlar ayəsinə işarədir. Hücurat surəsi, ayə 10

[7] Kamalud din, ikinci cild, 55-ci bab, hədis 7, səh. 548

[8] Biharul-ənvar, 52-ci cild, hədis 164, səh. 372

[9] Yenə orada, hədis 138, səh. 364

[10] Yenə orada, 68-ci hədis, səh. 335

[11] Qeybəti Tusi, hədis 149, səh. 188

[12] Ə`raf surəsi, 96

[13] Müntəxəbül-əsər, 7-ci fəsil, bab 3-4, səh. 589-593

[14] Biharul-ənvar, 52-ci cild, hədis 312, səh. 390

[15] Yenə orada, 51-ci cild, səh. 84

[16] Yerə orada, səh. 92

[17] Tövbə surəsi, ayə 33, Fəth surəsi, 28, Səff surəsi, 9

[18] Bu söz sadəcə bir iddia deyil, tarixi bir gerçəklikdir. Böyük sünni və şiə təfsirçiləri bu barədə söhbət açmışlar. Fəxr Razi təfsir kitabı, 16-cı cild, səh. 40-da Qurtubi öz təfsirində 8-ci cild, səh. 21, Təbərsi Məcməul bəyanda, 5-ci cild, səh. 35-də qeyd etmişlər

[19] «Onlarla (müşriklərlə) yer üzündə fitnə-fəsad qalmayıncaya və Allahın dininin hamılıqla Allaha məxsus olduğu vaxta qədər müharibə aparın.» Ənfal surəsi, 39

[20] Biharul-ənvar, 51-ci cild, səh. 55

[21] Xisal, ikinci cild, səh. 418

[22] Nur surəsi, 55

[23] Qeybəti Nömani, 35-ci hədis, səh. 240

[24] Biharul-ənvar, 52-ci cild, səh. 326

[25] Əlbəttə, mümkündür ki, qeyd olunan rəvayətlər mö`cüzəyə də işarə etsin.

[26] Biharul-ənvar, 52-ci cild, səh. 391

[27] Yenə orada, səh. 336

[28] Yenə orada, səh. 390

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Nə üçün Peyğəmbərin(s) xəstə olduğu müddətdə İmam Əli (ə) hətta bir ...
BU HAQDA NƏQL OLUNMUŞ RƏVAYƏTLƏR
HƏZRƏT FATIMƏ (S.Ə) KIMDIR?
Quranda nümunəvi qadın
Novruz: yeni il, yaz bayramımız-ən qədim el bayramımız
Haram aylarda müharibə aparmaq barəsində İslamın nəzəri nədir?
Bu gün həzrəti Zeynəbi Kübranın (s) mövludu günüdür
Salam cənab prezident İlham Əliyev!
NƏSX EDƏN VƏ NƏSX OLUNMUŞ AYƏLƏRİN ARAŞDIRILMASI
Hamı İman Silahına!

 
user comment