MÜBAHİLƏ AYƏSİ
Allah-taala müqəddəs Quranda buyurur:
«(Ya Peyğəmbər!) Sənə risalət gəldikdən sonra, səninlə mübahisə edənlərə de ki: «Gəlin uşaqlarımızı və uşaqlarınızı, qadınlarımızı və qadınlarınızı, biz özümüzü, siz də özünüzü çağıraq. Sonra dua edib deyək: «Allahın lənəti yalancılara olsun.»
Tarix və təfsir kitablarının müəllifləri İslam tarixində baş vermiş bir hadisəni nəql edilər ki, bu hadisə Peyğəmbərin (s) Əhli-beytinin (Əli Fatimə, Həsən və Hüseyn) Allah yanında olan hörmət və əzəmətini və o cümlədən müsəlmanlar arasındakı məqamlarını aşkar edir.«Mübahilə» adı ilə məşhur olan rəvayət belədir:
«Nəcran» xristianlarlndan ibarət bir heyət həzrət Peyğəmbərin yanına gəlib, peyğəmbərlik (İsa Məsih və s.) haqqında onunla mübahisə və mücadilə etmək istədilər. Bu vaxt Allah-taala, yuxarıdakı ayəni Peyğəmbərə (s) nazil edib buyurdu ki, Əli, Fatimə, Həsən və Hüseyni (ə) çağırıb, onlarla birlikdə çölə çıxsın. Xristianlar də öz növbəsində özləri, uşaqları və xanımları ilə birlikdə çölə çıxsınlar, birlikdə dua edib Allahdan yalan deyənlərə lənət diləsinlər.»[54]
Zəməxşəri «Kəşşaf» təfsirində belə yazmışdır: Peyğəmbər (s) Nəcran xristianlarını mübahiləyə dəvət etdiyi zaman onlar dedilər: «İcazə verin qayıdaq və bu barədə bir qədər fikirləşək. Onlar öz aralarında məsləhətləşib, öz fikir sahiblərinə müraciət edərək dedilər: Ey Əbdül-Məsih! Bu haqda nəzərin nədir? O, cavab verdi: Ey xristianlar! And olsun Allaha, siz yaxşı bilirsiniz ki, Məhəmmədə Allah tərəfindən haqlı kitab göndərilmişdir. Allaha and olsun ki, bu vaxta qədər bir peyğəmbər ilə mübahilə edən heç bir millətin böyükləri diri qalmamışdır. Əgər onunla mübarizə etsəniz hamınız həlak olacaqsınız. Bunlara baxmayaraq əgər, yenə öz dininizdə qalmaq istəyirsinizsə bu adamı (Məhəmmədi) tərk edin və mübahilə etmədən öz ölkənizə qayıdın.
Bu əsnada gördülər ki, həzrət Peyğəmbər (s) Hüseyn qucağında, Həsən isə əlindən tutmuş halda və arxasınca xanım Fatimə və ondan sonra da Əli (ə) gəlirlər. Peyğəmbər (s) onlara buyurdu: Mən dua edərkən siz amin deyərsiniz.
Nəcran keşişi bu mənzərəni görəndə xristianlara üz tutub dedi: «Ey xristianlar! Mən elə nurlu simalar görürəm ki, əgər Allah istəsə onların vasitəsi ilə dağı yerindən qoparar. Onlarla mübahilə etməyin, yoxsa həlak olarsınız və Qiyamət gününə qədər yer üzündə bir nəfər də olsun xristian qalmaz».
Buna görə də onlar Peyğəmbərə (s) dedilər: «Ey Əbul-Qasim! Biz qərara gəldik ki, səninlə mübahilə etməyək və sən öz dinində qalasan, biz də öz dinimizdə».
Həzrət Peyğəmbər (s) buyurdu: «Əgər mübahilə etmirsinizsə, onda İslam dinini qəbul edin və müsəlmanların xeyir və şərlərində şərik olun». Xristianlar bu təklifi qəbul etmədilər.
Həzrət Peyğəmbər (s) buyurdu: «Onda sizinlə müharibə etməli olacağam. Onlar deilər: Bizim ərəb milləti ilə müharibə etməyə qüvvəmiz yoxdur. Amma sizinlə müqavilə bağlamağa hazırıq. Müqavilənin məzmunu aşağıdakı kimi olsun:
Bizimlə müharibə etməyəsiniz, bizi hədələməyəsiniz və bizi öz dinimizdən ayırmayasınız. Biz də söz veririk ki, hər ildə sizə iki min dəst paltar verək. Yarısını Səfər, yarısını isə Rəcəb ayında. Bundan əlavə, dəmirdən hazırlanmış otuz dəst zireh verməyə hazırıq».
Peyğəmbər (s) bunula razılaşdı və belə buyurdu: «And olsun o Allaha ki, canım onun əlindədir, az qalmışdı həlakət Nəcran əhalisinə üz gətirsin. Əgər onlar mübahilə etsəydilər, şübhəsiz insan sürətindən çıxıb heyvan (donuz və meymun) sürətinə düşərdilər və bu düzənliklər onlar üçün odlu bir cəhənnəmə çevrilərdi. Çox zaman keçmədən Nəcran əhalisinin hamısı, hətta ağacdakı quşlar da belə, həlak olardılar. Bir il keçməzdi ki, xristianların hamısı məhv olub aradan gedərdi».[55]
Zəməxşəri bu hadisəni nəql etdikdən sonra yuxarıda qeyd olunan Mübahilə ayəsinin təfsirinə və Əhli–beytin (ə) məqamını bəyan etməyə və Möminlərin anası Aişədən rəvayət etdiyi bir hədislə onların yüksəkliyini izah etməyə başlamışdır.
O, öz sözünün bir hissəsində belə deyir: Allah-taala bu ayədə Əhli-beyti (ə) həzrət Peyğəmbərin (s) özündən qabaq zikr etmişdir. Bununla Allah-taala onların xüsusi məqamlarına və öz dərgahında olan xüsusi mövqelərinə işarə edərək bildirmək istəyir ki, onlar böyük bir mənəvi dəyərə və rəhbər olmaq haqqına malikdirlər. Bu ayə Əshabi-kəsanın haqqında nazil olmuşdur. (Əshabi-kəsa ifadəsi o adamlara deyilir ki, Peyğəmbərin (s) əbasının altına yığışdılar və Təthir ayəsi onların barəsində nazil oldu. Onlar Peyğəmbər, Əli, Fatimə, Həsən və Hüseyndən ibarətdir.)
Bu ayə Əhli-beytin (ə) fəzilət və üstünlüyünə ən böyük və ən möhkəm sübutdur. Həmçinin bu hadisə Peyğəmbərin (s) nübüvvətinin doğruluğuna ən aydın bir sübutdur. Çünki, heç kəs tərəfindən xristianların mübahiləni qəbul etməkləri nəql olunmamışdır.[56]
Bilmək lazımdır ki, Mübahilə ayəsi İslam qoşunu ilə kafir qoşunun qarşı-qarşıya durmağını göstərir. Burada İslam cəbhəsinin önündə dayananlar hidayət rəhbərləri və ümmətin arasında olan ən müqəddəs və ən şərəfli şəxslərdir. Hansı ki, Allah onları bütün pislik və günahlardan uzaq etmişdir. Onların sözləri və duaları geri qayıtmazdır.
Qurani-kərim, Əhli-beyt (ə) vasitəsi ilə İslam düşmənləri ilə qarşı-qarşıya durdu və onların düşmənlərini lənət və əzaba layiq adamlar kimi tanıtdırdı. Əgər Əhli-beytin (ə) sözləri, əməlləri və yolları doğru olmasaydı, Allah heç baxt belə bir əzəmətli məqamı onlara verməzdi və Quran bu şəkildə onların haqqında söhbət açmazdı. Fəxr Razi öz «Təfsiri-kəbir» kitabında Zəməxşərinin nəql etdiyi həmin rəvayəti kamil şəkildə nəql etdikdən sonra, sözlərinə bir cümlə də əlavə etmişdir:
«Bilmək lazımdır ki, bu hədisin doğruluğu barədə bütün təfsirçilər və hədis söyləyənlər həmrəydirlər.»[57]
Əllamə Təbatəbai öz təfsirində bu ayə barəsində bəhs etdikdən sonra mübahilədə iştirak edənlərin həzrət Peyğəmbər (s), Əli, Fatimə, Həsən və Hüseyndən (ə) ibarət olduğunu bəyan edərək buyurmuşdur:
Hədis nəql edənlərin hamısı, o cümlədən Müslüm, Termezi və bu kimi böyük hədis kitabları yazan alimlər də onu öz kitablarında yazaraq təsdiq etmişlər.
Həmçinin böyük təfsirçilər, o cümlədən Təbəri, Əbül-Fida, İbn Kəsir, Süyuti və bu kimi alimlər də o hədisin doğruluğunu təsdiq edərək öz təfsir kitablarında nəql etmişlər.
Göründüyü kimi təfsirçilər Əhli-beytin (ə) kimlər olduğunu və onları sevməyin nə dərəcədə vacib olduğunu və ümmət içərisində hansı məqam və hörmətə sahib olduqlarını aydın surətdə bəyan ediblər. Öncə dediyimiz ayələrdə Qurani-kərim Əhli-beytin (ə) Əli, Fatimə, Həsən və Hüseyndən (ə) ibarət olduğunu və onların pakizəliyini və ruhi-mənəvi üstünlüyünü isbat edirdi. Bu ayədə isə Allah-taala, Peyğəmbər (s) Əhli-beyti (ə) vasitəsi ilə İslam düşmənləri ilə mübahilə etdiyini bəyan edərək, onların böyük və şərafətli məqamlarını izah edir. Əgər Əhli-beyt (ə) Allah yanında yüksək və özünəməxsus hörmətə malik olmasaydılar, heç vaxt Peyğəmbərə (s) əmr olunmazdı ki, onları Allah düşmənləri ilə mübahilə etməyə və əzabın nazil olmasını istəməyə aparsın. Həmçinin, onlara dualarının qəbul olacağını vəd etməzdi.
Bu ayədə övladlar və qadınlardan söz getsə də əziz Peyğəmbərimiz (s) yalnız, o dörd nəfəri özü ilə birlikdə mübahiləyə aparmaqla bizə başa salmışdır ki, ümmətin qadınlarının ən seçilmiş nümunəsi həzrət Fatimə (ə), və müsəlman övladlarının ən bəyənilmişi Həsən və Hüseyndir (ə). Qurani-kərim onları Peyğəmbərə (s) mənsub etmişdir. Quranın aşkar təbiri ilə onlar Peyğəmbərin (s) öz övladları hesab olunurlar. Özümüz kəlməsində isə Quran, həzrət Əlini (ə) Peyğəmbərin (s) özü kimi hesab etmişdir.
SALAVAT AYƏSİ
Allah-taala müqəddəs Quranda buyurur:
«Allah və Onun mələkləri Peyğəmbərə salavat göndərirlər. Ey möminlər! (Siz də) ona salavat və salam göndərin.»[58]
Öncə qeyd etdiyimiz ayələrdə Qurani-kərim, Əhli-beytin (ə) paklıq və ülviyyətini, İlahi rəhbərliyini, onları sevməyin vacib olmasını və onların uca məqamlarını bəyan etdi.
Quran təfsirçiləri də Peyğəmbərin (s) hədislərindən istifadə edərək, Əhli-beytin (ə) kimlərdən ibarət olduğunu müəyyən etmişlər. Bu ayədə (salavat ayəsində) isə Allah-taala Peyğəmbər (s) və onun Əhli-beytinə (ə) salavat və salam göndərməyi göstəriş vermişdir. Qeyd edək ki, bu onlardan başqa heç kimə məxsus deyildir. Bunun vasitəsi ilə Quran onların dəyər və məqamlarını ucaltmışdır. Əsas məqsəd budur ki, xalq onların rəhbərlik ləyaqətinə malik olduqlarını və ümmətin həyatındakı ilahi vəzifələrini yaxşı başa düşsünlər. Fəxr Razi öz təfsirində Peyğəmbərdən (s) bu mübarək ayənin barəsində rəvayət edilən hədisi bu şəkildə nəql etmişdir: Peyğəmbərdən soruşdular: Ey Allahın Peyğəmbəri! Sizə hansı qaydada salavat göndərək? O Həzrət (s) onların cavabında belə deməyi tövsiyə etdi:
«Əllahummə səlli əla Muhəmmədin və ali Muhəmməd, kəma səlləytə əla İbrahimə və ali İbrahimə və barik əla Muhəmmədin və əla ali Muhəmməd, kəma barəktə əla İbrahimə və əla ali İbrahim, innəkə həmidun məcid.»
«Ey Allah! Məhəmməd və onun Əhli-beytinə salavat və rəhmət göndər, necə ki, İbrahim və onun Əhli-beytinə salavat və rəhmət göndərdin və Məhəmməd və onun Əhli-beytinə bərəkət ver, necə ki, İbrahim və onun Əhli-beytinə bərəkət verdin. Şübhəsiz, sən ibadət olunmuş və böyüksən.»
Fəxr Razi bu hədisi deməzdən əvvəl, bu ayəni təfsir edərkən belə demişdir:
«Bu ayə Şafeinin sözünü sübuta yetirir. (Şafei deyir: Namazın təşəhhüdündə Peyğəmbərə (s) salavat göndərmək vacibdir, qalan yerlərdə isə vacib deyil, çünki, əmr olunan işin icrası vacib olar.)»[59]