Valideynə yaxşılıq və hörmət etməyin əhəmiyyəti aşağıdakılardır: 1. Valideynə yaxşılıq etmək tövhidlə yanaşı qeyd edilir: Allahdan qeyrisinə ibadət etməyin, valideynlərinizə ehsan (yaxşılıq, kömək) edin [1]. Allaha ibadət edin və Ona heç bir şeyi şərik qoşmayın! Ata-anaya yaxşılıq edin! [2] [3] Ona heç bir şərik qoşmayın; ata-anaya yaxşılıq edin Rəbbin yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi (onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. [4] (Oğlum!) Allaha şərik qoşma. Doğrudan da, Allaha şərik qoşmaq böyük zülmdür! (Ağır günahdır!) Biz insana ata-anasına (yaxşılıq etməyi, valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı) tövsiyə etdik. [5] Bu ayələrdən istifadə olunur ki, Allaha şərik qoşmaqdan sonra ən böyük günah ağ valideyn olmaqdır. Digər cəhətdən məlum olur ki, ən mühüm vacib ata–anaya ehsan və yaxşılıq etməkdir. 2. Peyğəmbərlərin (ə) valideynlərinə ehtiramı Bu mühüm dərsi, bəzi ayələrdə peyğəmbərlərdən (ə) öyrənirik. Allah Quranda Yəhya (ə) peyğəmbər barəsində buyurur: (Yəhya) ata-anasına qarşı da olduqca itaətkar (nəvazişkar) idi[6] İsa peyğəmbər (ə) barədə isə buyurur: O, məni anama qarşı olduqca itaətkar (nəvazişkar) etdi, (heç kəsə qarşı) zülmkar, asi (dikbaş) eləmədi! [7] 3. Bütün insanlara ata–analarına hörmət etmək tövsiyə olunub Quranıın bəzi ayələrində insanlara valideynlərinə hörmət və yaxşılıq etmək tövsiyə olmuşdur. Biz insana ata-anasına yaxşılıq etməyi (onlarla gözəl davranmağı) tövsiyə etdik. [8] Bu ayədən məlum olur ki, ehtiram və yaxşılıq təkcə musəlman ata-ana üçün deyil. Hər kəs ata ya anadırsa övladının hörmətinə layiqdir. Çünki ayədə «والدين» kəlməsi qeyd və şərtsiz gəlmişdir. Deməli, bu ayə dinindən asılı olmayaraq bütün ata–analara aiddir. Əgər (ata-anan) bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, (bu işdə) onlara itaət etmə. (Qalan) dünya işlərində onlarla gözəl keçin (onlara itaət et) [9]. Bu ayənin məzmunu budur ki, ata–ana hətta kafir olsalar belə, (Allaha şərik qoşmaq və günahlar istisna olmaqla) insan bütün işlərdə onlara itaət etməlidir. Valideynlərin kafir olmalarına baxmayaraq onlarla dünyada gözəl rəftar et. 4. Tövsiyə valideynlərə deyil, övladlaradır Bəzi ayələrdə valideynin haqqına riayət etməyə təkid olunur. Amma ata–anaya övladın haqqı barəsində az sifariş olmuşdur.
Rəbbin Ondan başqasına ibadət etməməyinizi və ata – anaya (öz valideynlərinizə) yaxşılıq etməyinizi qəti hökm etdi. Əgər onlardan biri və ya hər ikisi sənin yanında qocalıq çağlarına çatsalar (onların zəhmət yaxud sərt davranışları müqabilində narahatlığını büruzə vermə, hətta) onlara «uf» demə, üstlərinə qışqırma, kobud söz demə və onlara xoş söz de. [10] Biz insana ata – anasına ( xüsusilə anaya) yaxşılıq etməsini tövsiyə etdik. Çünki anası onu (vücud yükünü) çətinliklə daşıyıb və əziyyətlə yerə qoyub... Nəhayət o, öz (cisim və ağıl) qüvvəsinin kamal həddinə və qırx yaşına çatanda deyər: Ey Rəbbim! Məni ilhamlandır və müvəffəq et ki, mənə və ata – anama verdiyin nemətin şükrünü yerinə yetirim və Sənin razı qaldığın saleh əməllər edim... [11] 5. Valideynə təşəkkür, Allaha şükrlə yanaşı qeyd edilir: (Biz insana buyurduq: ) "Mənə və ata-anana şükür et. [12] Ayədə Allaha şükürlə ata–anaya təşəkkür birgə qeyd olunur. İmam Rza (ə) buyurur: Allaha şükür edənə əmr etmişdir ki, Özünə və valideynlərinə şükür etsin. ata–anasına təşəkkür etməyən insan, Allaha da şükür etməmişdir. 6. Ata–anaya təvazökarlıq aşkar şəkildə olmalıdır Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına salıb: "Ey Rəbbim! Onlar məni körpəliyimdən (nəvazişlə) tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et!" – de. [13] Ayədən istifadə olunur ki, insan ata–anasına qarşı təvazökarlıq və mərhəməti aşkar şəkildə nümayiş etdirsin ki, valideynlər bu nəvazişi və itaətkarlığı hiss etsinlər. 7. Ata–anaya yaxşılıq cihaddan əfzəldir Əziz Peyğəmbərimizin (s) səhabələrindən olan Cabir nəql edir : Bir cavan Peyğəmbərin (s) hüzuruna gəlib dedi: “Mən istəyirəm cihadda iştirak edim. Lakin anamın məndən başqa bir kəsi olmadığı üçün, mənim cihadda iştirak etməyimi istəmir.” Rəsulullah (s) buyurdu: “Qayıt get ananın yanına. And olsun məni peyğəmbərliyə seçənə, bir gecə ananın yanında qalman Allah yolunda bir il cihad etməyindən daha üstündür. [14] 1. “əl-Bəqərə” surəsi, 83-cü ayə 2. “ən-Nisa” surəsi, 36-cı ayə 3. “əl-Ənam” surəsi, 151-ci ayə 4. “əl-İsra” surəsi, 23-cü ayə 5. “əl-Loğman” surəsi, 13, 14-cü ayələr 6. “əl-Məryəm” surəsi, 14-cü ayə 7. “əl-Məryəm” surəsi, 32-ci ayə 8. “əl-Ənkəbut” surəsi, 8-ci ayə 9. “əl-Loğman” surəsi, 15-ci ayə 10. “əl-İsra” surəsi, 23-cü ayə 11. “əl-Əhqaf” surəsi, 15-ci ayə 12. “əl-Loğman” surəsi, 14-cü ayə 13. “əl-Isra” surəsi, 24-cü ayə 14. “Bihar əl-ənvar”, c.71, səh. 59 (Məhəmmədbaqir Məclisi)
|