“Məryəm” surəsini oxumağın fəzilət və mükafatı
İmam Sadiq (ə) buyurur: “Hər kəs davamlı şəkildə “Məryəm” surəsini tilavət etsə, can, var-dövlət və övlad baxımından ehtiyacsız olar. Bu şəxs son mənzildə həzrət İsa ibn Məryəmin dostlarından olar. Ona, bu mənzildə Süleyman ibn Davudun (ə) dünyadakı mülkünə bərabər bir mülk bağışlanar.” (“Məcməül-bəyan”, “Məryəm” surəsinin başlanğıcı)
“Taha” surəsini oxumağın fəzilət və mükafatı
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kəs “Taha” surəsini tilavət etsə, qiyamət günü bu şəxsə mühacir və ənsarın savabı verilər.” (Həmin mənbə, c. 7, s. 1)
İmam Sadiq (ə) buyurur: “Taha” surəsinin tilavətini tərk etməyin. Çünkü Allah-Təala bu surə və onu tilavət edən şəxsi sevir. Allah-Təala qiyamət günü bu surəni oxuyan şəxsin əməl naməsini sağ əlinə verər. Allah-Təala həmin şəxsi müsəlman olduğu müddətdə etdiyi əməllərə görə sorğu-suala çəkməz və son mənzildə bu şəxsə o qədər mükafat verər ki, o şad olsun.” (“Təfsiri-nurus-səqəleyn” c. 3, s. 367)
“Ənbiya” surəsini oxumağın fəzilət və mükafatı
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kəs “Ənbiya” surəsini oxusa, Allah-Təala onun hesabını yüngülləşdirər (qiyamət günü onunla sorğu-sualı asan edər) və Quranda adı çəkilmiş peyğəmbərlər bu şəxsə salam göndərərlər.” (Həmin mənbə, c. 3, s. 412)
İmam Sadiq (ə) buyurur: “Hər kəs “Ənbiya” surəsini sevərək (diqqət və tədəbbürlə) oxusa, qiyamət günü nemət dolu behiştdə peyğəmbərlərə həmdəm məqamında olar və həyatı boyu xalqın gözündə əzəmətli qərar verilər.” (Həmin mənbə, c. 3, s. 412)
“Həcc” surəsini oxumağın fəzilət və mükafatı
İmam Sadiqdən (ə) belə nəql olunur:
“Hər kəs üç gündən bir “Həcc” surəsini oxusa, elə bir il olmaz ki, bu şəxs Həcc səfərinə getməsin. Əgər bu şəxs səfərdə dünyadan köçsə behiştə daxil olar.”
Ravi belə söyləyir: “Ərz etdim ki, bu şəxs şiə məzhəbinin müxaliflərindən olsa necə?”
Həzrət buyurdu: “Onun əzabından bir hissəsi azalar.” (“Səvabul-əmal”, s. 247, h. 393)
“Muminun” surəsini oxumağın fəzilət və mükafatı
Həzrət Peyğəmbər (s) buyurur: “Hər kəs “Muminun” surəsini tilavət etsə, mələklər qiyamət günü onu ruh və imanla müjdələyərlər. Ölüm mələyi bu şəxsin ruhunu çıxarmaq üçün nazil olarkən, ona elə bir müjdə verər ki, həmin şəxsin gözləri işıqlanar.” (“Məcməül-bəyan”, c. 7, s. 98)
İmam Sadiq (ə) buyurur: “Hər kəs “Muminun” surəsini tilavət etsə, Allah-Təala onun həyatını xoş sonluqla bitirər. Bu şəxs zikr olunan surəni cümə günləri tilavət etsə, onun məkanı Firdovs cənnətində peyğəmbərlər və ilahi mələklərlə birgə olar.” (“Ruhul-məani”, c. 18, s.2)
source : ابنا