Azəri
Wednesday 22nd of May 2024
0
نفر 0

QURANİ-KƏRİMİN «NÜMUNƏ» TƏFSİRİ ƏSASINDA

Sual 90: Cinlər nə üçün gözə görünmür?
Cavab: «Cin», insanın hiss üzvlərinin duymadığı varlıq mə’nasını verir. «Məcnun» da «cin» kəlməsindəndir və «ağıl qüvvəsi fəaliyyətsiz olan insan»a deyilir. Ana bətnindən bürünmüş uşaq «cənin», torpağı ağaclarla örtülmüş bağ «cənnət» adlanır.
Qur’ani-kərimin buyuruğuna əsasən insan torpaqdan, cin isə odun şəffaf şö’ləsindən yarandığı üçün insan cini görə bilmir. Qur’an ayələrinə əsasən də, cin insan kimi mö’min və ya kafir ola bilər. «Biz cin və insanı yalnız ibadətdən ötrü yaratdıq»[88].
Allah-təalaya səcdə əmrindən boyun qaçıran İblis, əslində cin tayfasındandır. O, yalnız ibadətcil olduğundan, mələklərlə bir cərgədə dayanmışdı.
 Qur’ani-kərimin 114 surəsindən biri «Cinn» surəsidir. Bu surədə onların dilindən buyurulur:
«Şübhəsiz ki, aramızda əməlisalehlər də vardır, əməlisaleh olmayanlar da. Biz müxtəlif firqələrə ayırılmışıq»[89].
«Doğrusu, biz haqq yolu göstərən Qur’anı dinlədiyimiz zaman, ona iman gətirdik»[90].
«Şübhəsiz ki, aramızda müsəlmanlar da var, yoldan çıxanlar da»[91].
Son nəticə olaraq bunu deyə bilərik ki, İblis cin tayfasından olduğundan, onun davamçısı şeytanlar da bu tayfanın iman gətirməmiş üzvlərindəndir.
Sual 91: İnsan meymundan yarana bilərmi?
Cavab: Təbiətşünas alimlər arasında insanın yaranışı haqqında iki nəzəriyyə mövcuddur. Transformizm adlanan birinci nəzəriyyənin tərəfdarları bu fikirdədirlər ki, canlı aləm başlanğıcda bu günki formasında olmayıb. Guya ilk əvvəl okeanın müxtəlif nöqtələrindəki bir hüceyrəli bəsit cansız varlıqlar xüsusi bir şəraitdə canlı varlığa çevrilmişlər. Guya mikroskopik ölçüyə malik olan bu canlılar ilk əvvəl bir növdən digərinə, sonra sudan quruya, daha sonra isə qurudan havaya keçmişlər. Bu təkamülün son yetkin halqası isə, insandır.
İkinci nəzəriyyəyə görə isə, bütün canlılar, eləcə də insan ilk yaranışda bu günkü formasında olmuşdur. Bu baxışın tərəfdarları bütün növ dəyişiklikləri inkar edirlər.
Bu iki nəzəriyyə arasındakı mübahisələr fransız təbiətşünası Lamark (XVII-XIX əsr) və ingilis təbiətşünası Darvinin (XIX əsr) yeni sübutlarla çıxışlarından sonra daha da qızışmışdır.
Bu gün təbiətşünas alimlərin əksəriyyətinin təkamül nəzəriyyəsi tərəfdarı olduğunu nəzərə alıb, onların sübutlarını nəzərdən keçiririk.
Arxeoloji qazıntılar zamanı tapılmış müxtəlif dövrlərə aid skletlər arasındakı oxşarlıq yalnız təkamül nəzəriyyəsi ilə izah olunur. Ayrı-ayrı dövrlərə məxsus sümüklər arasında ciddi oxşarlıqlar vardır. Mühüm görünən sübutlardan biri isə, bütün canlıların bətndəki «cənin» formaları arasındakı oxşarlıqdır.
Təkamül nəzəriyyəsi tərəfdarlarının sadaladığı bu dəlillər, «insan meymundan yaranmışdır» deməyə əsas verirmi?
Təkamül nəzəriyyəsi, başqa sözlə, darvinizm bir dənə də olsun nə əqli, nə də təcrübi dəlilə malikdir. Bir növdə qismən dəyişiklik ‒ mutasiya artıq təcrübi yolla qəbul olunmuşdur. Yə’ni cod tüklü qoyundan zərif tüklü qoyun doğula bilər. Amma meymundan insan yaranması mutasiya deyil. Bu ehtimal darvinist təbiətşünaslar tərəfindən təcrübi sübuta yetirilmədiyindən, nəzəriyyə olaraq qalır.
İslam alimləri təkamül nəzəriyyəsini inkar etmir. Amma bu nəzəriyyəni qəbul etmək üçün zəruri olan dəlillərə də malik deyil!
Sual 92: Behiştdə hansı ne’mətlər vardır?
Cavab: Qur’ani-kərimdə behiştin maddi və mə’nəvi ne’mətlərindən ətraflı şəkildədanışılmışdır. Səkkiz qapısı olan behiştdə, mö’minləri səkkiz böyük ne’mətin gözlədiyi bildirilmişdir:
1. Yamyaşıl behişt bağları, göz yaşı tək duru bulaqlar;
2. Bütün xəstəliklərdən və ağrılardan uzaq sağlamlıq;
3. Asayiş və əmin-amanlıq;
4. Kin-küdurətsiz, xəyanətsiz açıq ürək;
5. Məhəbbətlə müşayiət olunan qardaşlıq;
6. Taxtlarda üz-üzə əyləşib, kimsənin kimsəyə arxa çevirməməsi;
7. Yorğunluq və zəhmətdən uzaq təravət;
8. Mövcud ne’mətlərin əbədiliyi[92].
Maraqlıdır ki, bütün bu ne’mətlər təqvalı insanlara və’d edilir. Amma bu ne’mətlər haqqında eşidib, öz günahlarına peşman olan insanlar da mə’yus edilmir. Allah-təala Qur~anda belə buyurur: «Qullarıma xəbər ver ki, Mən, həqiqətən, bağışlayan və rəhm edənəm»[93].
Sual 93: Qur’ani-kərimdə zeytun, xurma və üzümün adı nə üçün xüsusi qeyd edilir?
Cavab: «Nəhl» surəsinin 11-ci ayəsində buyurulur: «...Sizin üçün əkin, zeytun, xur-ma, üzüm və bütün meyvələrdən yetişdirir». Nə üçün ayədə zeytun, xurman və üzümün adı xüsusi çəkilir?
Bə’ziləri həmin dövrdə ərəbistanda bu meyvələrin geniş yayıldığını səbəb göstərirlər. Lakin Qur’an hökmləri zaman və məkanla məhdudlaşmadığından, həmin fikir qəbul edilə bilməz.
Həyatını bağçılığa sərf etmiş böyük alimlərin fikirincə, meyvələr arasında bu üç meyvə qədər qidalısı yoxdur. İnsan orqanizmi üçün zeytun yağı qədər faydalı ikinci bir yağ mə’lum deyil. Bu yağ orqanizmin enerji ehtiyaclarının ödənməsində olduqca mühüm rol oynayır. Əksər yüksək kalorili yağlar çətin həzm olunursa, zeytun yağı həzm prosesinə kömək edir. Həzrət Əli ibn Musa ər-Riza (ə) buyurur: «Zeytun, yaxşı qidadır. Ağızda xoş qoxu yaradır, bəlğəmi aparır, üzə təravət verir, əsəb sistemini gücləndirir, qəzəb alovunu söndürür». Bütün bu əhəmiyyətlərinə görə, Qur’anda zeytun «mübarək ağac» adlandırılır.
Ayədə zikr olunmuş ikinci meyvə ‒ xurmanın tərkibi, kalsium və fosforla zəngindir. Kalsium sümükləri möhkəmləndirir, fosfor beyinin fəaliyyətini tənzimləyir. Xurma, əsəb yorğunluğunu aradan qaldırır, görmə qabiliyyətini artırır. Son dövrdə aparılan araşdırmalara əsasən, xurmanın çox yeyildiyi məntəqələrdə xərçəng xəstəliyinə az təsadüf olunur.
Üzümü «təbii əczaxana» adlandırırlar. Xüsusiyyətlərinə görə, ana südünə oxşar olan ətdən iki dəfə çox bədənin hərarətini artırır. Üzüm zəhəri tə’sirsizləşdirir, qanı saflaşdırır, revmatizmi aradan qaldırır və güclü mikroböldürücü tə’sir göstərir. Həzrət Peyğəmbər (s) buyurur: «Sizin üçün ən yaxşı təam çörək, ən yaxşı meyvə isə üzümdür».
Sual 94: «Zikr əhli» kimdir?
Cavab: «Nəhl» surəsində «bilmədiyinizi zikr əhlindən soruşun» buyurduğunda, kimə müraciət olunması nəzərdə tutulur?
İmam Əli ibn Musa ər-Riza (ə) buyurur: «Zikr əhli bizik və bizdən də soruşmalısınız». İmam Baqir (ə): «Zikr Qur’an, zikr əhli isə, Peyğəmbərin (s) Əhli-beytidir. Onlardan da soruşmaq lazımdır»[94].
İbn Abbas uyğun ayənin təfsirində deyir: «Zikr əhli Məhəmməd, Əli, Fatimə, Həsən və Hüseyndir».
Zikrin mə’nası agahlıq və xatırlama olduğundan, bu sözün Qur’ani-kərimə aid edilməsi tam məntiqəuyğundur. Qur’an zikr hesab olunduğu təqdirdə, Peyğəmbər (s) və onun əhli-beytinin (ə) zikr əhli olması inkaredilməzdir.
Təəccüblü də olsa, bə’ziləri «zikr əhli»ni «kitab əhli» kimi tərcümə etmişdir. İmam Əli ibn Musa ər-Riza (ə) «zikr əhli» ifadəsini yəhudi və məsihi alimlərinə aid edənlərə belə buyurur: «Sübhanəllah! Məgər belə bir şey mümkündürmü?! Əgər biz yəhudi və məsihi alimlərinə müraciət etsək, onlar bizi öz məzhəblərinə də’vət edərlər. Zikr əhli bizik!»[95].
Yuxarıda deyilənlərdən aydın oldu ki, insan onu maraqlandıran məsələ barədə mütəxəssisə müraciət etməlidir. Hər bir şəxs öz xəstəliyinin müalicəsi üçün e’tibarlı həkim axtardığı kimi, dini məsələlərdə də ən ədalətli və ən alim müctehidə üz tutmalıdır.
Sual 95: İslam dini qadına nə verdi?
Cavab: İslamdan əvvəl təkcə cahil ərəblər arasında yox, o dövrün ən mədəni sayılan ölkələrində belə qadına bir əşya kimi baxılırdı. Sözsüz ki, ərəb cəmiyyətində qadın şəxsiyyəti daha alçaq bir şəkildə təhqir olunurdu. Cahiliyyət dövrünün məşhur şe’rlərindən birində deyilirdi:
Oğullar olsa da, oğlumuz bizim,
Qızlarsa, oğludur düşmənimizin.
Uyğun dövrdə tayfalararası müharibələrdə əsir düşən qadınlar, adətən, orada ərə gedər və əsirlər geri qaytarılanda düşmən tərəfdə qalmağa üstünlük verərdilər. Cahil ərəblər bu sayaq hadisələrə əsaslanaraq, yenicə doğulmuş qız övladını diri-diri torpağa basdırardılar. İslam dininə qədərki dövrdə qadının real vəziyyəti belə idi.
Qur’an nazil oldu və cahil ərəblərin çirkin əməllərini mühakimə etdi: «Onlardan birinə qızı olduğu üçün müjdə verdikdə, qəzəbindən üzü qapqara qaralır. Bu müjdənin pisliyi üzündən öz tayfasından qaçıb gizlənir. Görəsən, o, körpəni zillət içində saxlayacaq, yoxsa torpağa basdıracaq? Görün, necə də pis mühakimə yürüdürlər!»[96].
İslam Peyğəmbərinə (s) qızının olması xəbər veriləndə, ətrafda bu xəbəri eşidənlərin qanı qaraldı. Həzrət (s) buyurdu: «Bu nə halətdir sizdə görürəm?! Allah-təala qoxulamaq üçün mənə bir çiçək verib. Əgər onun ruzisinə görə qəmginsinizsə, ruzisini Allah yetirəcək»[97].
Digər bir hədisdə Həzrət (s) buyurur: «Qız nə gözəl övladdır! Məhəbbətli, köməkçi, munis, pak, həm də pak edən»[98].
Həmin dövrdə qız, qadın haqqında bu sayaq sözlər demək, yalnız Allahın lütfü ilə mümkün olurdu. Peyğəmbər (s) qızı Fatimənin əlini öpəndə, hətta yaxınları belə təəccüblənərdi.
Bəli, İslam zühur etdi və qadın şəxsiyyətini alçaldan bütün ən’ənələrə son qoyuldu. İslam qanunları ilə yaşayan qadın, həzrət Fatimənin (ə) timsalında ən azad qadındır. İslam qadını oyuncağa, eyş-işrət vasitəsinə çevirənlərin ağzından vurub, ona şəxsiyyət azadlığı verdi.
Bu gün dünya istismarçıları qadına «hicabını at, azad ol», deyirlər. Əsil azadlıq isə bədən yox, şəxsiyyət azadlığıdır. Əgər çılpaqlıq azadlıqdırsa, heyvanlara həsəd aparmığımız gərəkdir! İslam dini isə, məhz şəxsiyyətini qorumaq üçün qadına çay daşı tək çılpaqlığı yox, qiymətli dürr kimi sədəfdə örtünməyi tövsiyə etdi. İslam «behişt ananın ayaqları altdadır» deməklə, qadını heç zaman görünməmiş bir məqama yüksəldib, ona mülkiyyət, seçib-seçilmək, ictimai-siyasi proseslərə qatılmaq hüququ verdi.
Sual 96: Süd necə yaranır?
Cavab: İnsanın ixtiyarına verilmiş dəyərli ilahi ne’mətlərdən biri də süddür. Qur’ani-kərimdə buyurulur: «Şübhəsiz ki, mal-heyvanda sizin üçün bir ibrət vardır. Biz onların qarınlarındakı qanla ifrazat arasında olan təmiz südü sizə içiririk»[99].
Bətnində körpə olan ana qidalanır və bu qidaların tə’siri qanda özünü büruzə verir. Qan dövranı sisteminin çıxışı, körpəni («cənin») qan dövranı sistemi ilə əlaqələnir. Körpə nə qədər ki, ana bətnindədir, bu yolla qidalanır. Uşaq doğulduqdan sonra anadakı körpəni qidalandırma çıxışı, onun döşünə ötürülür. Ananın yedikləri tam həzm olmamış bir növ qida ilə qan arasında süd yaranır. Süd nə həzm olmuş qida, nə də qandır. Ana döşündə proteinli süd hazırlanarkən, əlavə olaraq yalnız bədəndəki turşulardan istifadə olunur. Hazırlanan südün tərkibindəki vitaminlərin, duzun, fosfatın, şəkərin qandan götürüldüyü mə’lumdur. Süd qida maddələrinin qan vasitəsi ilə sorulmasından yaranır.
Elmi hesablamalara əsasən, ana döşündə bir litr südün hazırlanması üçün ən azı beş yüz litr qan bu üzvdən dövr etməlidir. Hansı ki, bir litr qanın yaranması üçün bu qandan qat-qat artıq qida qəbul olunmalıdır. Demək, ana döşündə gedən proseslərin mahiyyəti, hələ də elm üçün qaranlıqdır. Həzrət Peyğəmbər (s) buyurur: «Suyu və qidanı tam əvəz edə biləcək yeganə şey, süddür».
Sual 97: Allah-təala hansı həşərata vəhy nazil etdi?
Cavab: «Nəhl» surəsinin 68-ci ayəsində buyurulur: «Rəbbin bal arısına belə vəhy et-di: «Dağlarda, ağaclarda və alaçıqlarda (damlarda, pətəklərdə) özünə yuva sal». Növbəti ayədə isə bu vəhyin mahiyyəti açıqlanır: «O arıların qarınlarından insanlar üçün şəfa olan müxtəlif rəngli bal çıxar»[100].


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

ORUCUN MÜXTƏLİF HÖKÜMLƏRİ
Uxdud səhabələri kim idi?
SALAMUN ALEYKUM AQA. AYAT HAMAZI OLU INSAN UCUN QILDIRMAQ VACIBDIRMI ? EGER VACIBDIRSE ...
O şəxs ki namazı yatmış halda qılır onun üzü qibləyə olmağı necədir ?
SƏCDƏNİN HÖKÜMLƏRİ
İCARƏNİN HÖKÜMLƏRİ
ŞİRKƏTİN HÖKÜMLƏRİ
Nə üçün Allah təala Quranda « إنّ مع العسر يسراً » “İnnə məəl ...
QÜSLÜN HÖKÜMLƏRİ
Sual 75: Dirayətlə rəvayət arasındaki fərq nədən ibarətdir? Hədislər neçə ...

 
user comment