Azəri
Sunday 5th of May 2024
0
نفر 0

Din alimi uşaq əlinə saqqal verməz

Təəssüf edirəm ki, artıq 47 yaşım var və dini bir məkanda yaşayıb, dini nəşrdə çalışıram. Bu xarakteristikalar məni ciddi, əxlaqlı, xeyirxah danışmağa vəzifəli edir...

Həm təəssüf, həm...

Təəssüf edirəm ki, artıq 47 yaşım var və dini bir məkanda yaşayıb, dini nəşrdə çalışıram. Bu xarakteristikalar məni ciddi, əxlaqlı, xeyirxah danışmağa vəzifəli edir. Əslində bütün bunlar faydalı ikən içimdəki tikanlı, xəfdən, ilməli cavab vermək həvəsi – bəlkə də gənclik odu təəssüfə səbəb olur.
Azərbaycanın qələm baxımından kasıb mətbuatında tanınması yerli olan Zamin Hacının Ayətullah Safi Gülpayiqani haqqında “tutasan bunun...” ifadələrini həzm edə bilmədim. Bunun çox səbəbi var, biri də Zamin Hacının əslən Məhəmməd Ləvai ya Günel Mövlud olmaması və bircə yazıda onları çox xatırlatmasıdır. Varlığı cəmiyyət üçün faydalı bir gəncin deyərdim ki, sərxoşcasına ağzını köndələn qoyması mənim üçün ağrı oldu.
Şahvələd Çobanoğlu məhz bu Zamin Hacının qələmini haqq tərəzisi sayaraq Akif Nağını ittiham edirdi: “Akif Nağı özünə bu sualı versin: ona niyə ironik yanaşır, onu niyə qəbul etmirlər? Nədən? Niyə o, Zamin Hacının qələminə düşüb? …Zamin Hacı sıradan bir yazar deyil. O, Azadlıq yazarıdır. Bəli, sərt yazır, lakin bu, onun qüsuru yox, qiyməti və üstünlüyüdür. O, heç kəsi hədəf seçməkdən çəkinməz. Amma nə üçün hədəf seçər? Şəxsi marağı, partiya marağı varmı? Mənafe güdərmi? Hamı bilir ki, yox! İstedadı və ağlı bir yana qalsın, onun vicdanı bir ölkə üçün örnəkdir. İllərdir heç bir maraq və mənafe güdmədən, heç nə qazanmadan yazır. Qarşılaşdığı basqılardan çəkinmədən, dayanmadan yazır. Ölkənin ən çox oxunan yazarıdır. Şişirdib-eləmirəm, onun yazması bu gün bizim ölkədə azadlığı bərqərar edən amillərdən biridir. Şübhəsiz, ona hücum bu ölkənin azadlığına olan hücumdur…”

Min ilin adı bir gündə bada…

Bir gün xəbər gəldi ki, Zamin Hacı ölümlə hədələnib. Ona zəng edib yazılarına görə təhdid ediblər. Dedilər ki, 2001-ci il yanvarın 18-də Zamin Hacını oğurlamağa cəhd edilib. Öz sözləri: “Sifətimə bihuşedici qaz vurub, oğurlamaq istədilər. Sadəcə, mən ayıq tərpənib ətrafda olan insanları köməyə çağırdım, belə olan halda həmin adamlar qaçıb getdilər. O zaman mən Nəsimi Rayon Polis İdarəsinə müraciət etdim. Faktla bağlı cinayət işi qaldırdılar. Amma iki ay sonra “nəticə olmadığına görə” iş bağlandı”.
Mən Qum şəhərində yerləşən HaqqYolu İnstitutunda sayt və nəşriyyələr (eyni adlı jurnal və qəzet) üzərində çalışıram. 2011-ci il üçün təqvim nəşr etdik – plakat-təqvim. Şəhidlər sırası Cavad Xanla başladı, Hüseyn Cavidlə davam etdi, ortada Elmar Hüseynov yer aldı, sonda Mübariz İbrahimov digər iki şəhid yoldaşı ilə sıranı tamamladı. Bəli, biz Qum şəhərində, dini elmlər mərkəzində yaşayırıq. İrana qara eynəklə baxsan belə bizim fəaliyyətlərimiz bəyaz, şəffaf və azərbaycançıdır. Yurd, din, həqiqət uğrunda şəhidlərin sırası hazırlananda mən zərrəcə tərəddüd etmədən mərhum Elmar Hüseynovun şəklini əlavə etdim. Yuxarılardan yalnız təşəkkür eşitdim. Bütün bu yorucu dastanı ona görə danışıram ki, sevgili vətənimizdə haqq sözü gündəmdə saxlayan hər bir qələm sahibi bizim üçün əzizdir. Bu baxımdan Zamin Hacı da yad deyil. Sabah qəfil bir güllə (Allah eləməmiş) bu gəncin də həyatına son qoysa biz onu sevgi ilə yada salacağıq. Amma…
O düz 10 il məndən sonra dünyaya göz açıb. Dünya dayanıb onu gözləməyib, işini görürdü. Zamin Hacı hələ bətndə olanda biz kommunist, nökər xislətli müəllimlərə etiraz olaraq lampaları açıb altına kağız qoyardıq ki, sinif qaranlıq olsun və bu adamların iyrənc simasını görməyək. Politexnik institutunun hərbi kafedrasının polkovniki Maretski azəri tələbələrə “sukin sını” deyəndə və mən bir kənd uşağı olaraq ayağı qalxıb “üzr istəməlisən” çığıranda, institutdan qovulmaq təhlükəsi ilə üzləşəndə Zaminin cəmi 10 yaşı vardı. Bu mübarizə yolunda son rəqibimiz rüşvətxor xəfiyyələr oldu – milli təhlükəsizliyi qorumalı olanlar öz otaqlarında televizorun səsini qaldırıb dindar soydaşlarını şərləyir, rüşvət oxuyurdular. Onlar üçün ölkədə İranın, Türkiyəınin, ərəb ölkələrinin, Mossadın hansı oyunlardan çıxmasının fərqi yox idi, onları bir şey maraqlandırırdı: pul! Sonrası…
Bu füzulili balasının (Zamin Hacı) Azərbaycan mətbuatına gəlişi, nəzərəçarpan varlığı mənim üçün adi olmadı. Bütün yazılarını oxumamağımın səbəbi yalnız vaxt darlığıdır. Adı çəkiləndə xoş hisslər keçirdiyim bu gənc haqqında elə bu gün belə eşitdim: “Zamin Hacı din alimi haqqında əskik sözlər yazıb!” Mən Zaminin “hər şeyə inanacaq duruma gətirilmişlər” qövmündən olmadığım üçün yazını axtardım. Bəli… “Mediaforum.az saytında İranın yüksək vəzifəli din xadimi Lütfullah Saqi (Safi) Qolpayeqani adlı bir adamın fikirlərini oxudum. Bu adam deyib ki, İran xaricdəki idman yarışlarına qadınları göndərir, nəticədə ölkədə günah artır, quraqlıq olur. Bəlkə bunu bizim adi yas mollası desə fikir verməyib keçərsən, ancaq bu Lütfullah ağılda kəslər İran kimi zırpı dövləti idarə edirlər. Bizim də bəxtimizdən böyrümüzə bu cür dövlət düşüb, xalqımızın çoxu belə sarsaq bir rejimdə çürüyür. YAP bunun yanında toya getməlidir. Bu Lütfullahın keçi saqqalından tutub Hollandiyaya, Kanadaya, lap elə Hindistana aparasan, deyəsən, burda qadınlar yeri gələndə lap lüt gəzirlər, bəs yağış niyə yağır? İranda bu “üləmalardan” biri də yazda deyibmiş ki, zəlzələ qadınların dini geyimlərə əməl etməməsinə görə Allahın qəzəbi üzündəndir. Təsəvvür elə, 21-ci əsrdir, hələ də qadın çarşabı ilə zəlzələ arasında əlaqə axtaranlar var. Bəlkə bunu şairanə desə, poetik söyləsə maraqlı olardı, ancaq adam tam ciddi deyir…” – bunları Zamin yazıb.
Birinci ağlıma gələn bu oldu ki, yəqin sərxoş olub. Onu sifarişlə yazı yazmaq həddinədək alçalda bilmədim.

Antiiran eynəyi

Azərbaycanda ictimai fikir deyilən bir zadın gözlərə taxtığı neçə eynəkdən biri antiiran eynəyidir. Bu eynək Şəhriyarı da özü kimi göstərmir. Bu eynəkdən gözlərə gülümsəmək müşkül məsələdir. Dişlərini göstərib hırıldasan belə şirə, canavara, kaftara bənzədəcəklər.
Mən Zamin Hacının əndazəni nə üçün bu həddə aşmasının səbəbini bilmirəm. Amma İranın alimləri, din insanları, hətta sənət adamları haqqında yalnız pisi yazmaq cərəyandır, fərdi münasibət deyil.
Diplomatik görüşlərdə tərəflər ağız-ağıza öpüşsələr də münasibətlər problemsiz deyil. Tərəfsiz ekspertlərin rəyincə, Azərbaycan kiçik bir ölkə olaraq “hərədəngetdi” oynamağa məcburdur, amma bu mansibətlərdə Dinə münasibət də təsirsiz deyil. Yəni ABŞ, İsrail, Qərb, nə bilim hansısa zinazadə olmasa belə Azərbaycanda İslam qorxusu var. Əlbəttə ki, hamıdan qabaq yuxarıdakılar üçün. İranda İslam hökuməti qurulandan sonra kasıblar bir şey itirməyib və rejimin əsas dəstəyi də onlardandır. Amma oliqarxlar… Onlar İranda da, Azərbaycanda da, Türkiyədə də var və belələrinin kübar həyatı üçün İslamdan qorxulu bir şey yoxdur.

Zaminin zamini

Bəli, Bakıda, yüzdən artıq qərbyönlü təşkilat qələm sahiblərinə maya qoyur. Onlar da yaradılmış fəzada qul olaraq yox, inanaraq mövzulara antiiran eynəyindən baxırlar.
Qayıdaq Zamin Hacıya:” İran Milli Teleradio Şirkətinin saytında Azərbaycan bayrağına sataşma, həmçinin bəzi nazir, deputat və məmurlarımızın İsrail agenti kimi təsvir olunması əslində Ağır Cinayətlər Məhkəməsində iki Livan vətəndaşına 15 il həbs cəzası verilməsinin cavabı idi. Bizim Femida xala bu livanlıları İran xüsusi xidməti SEPAH-ın tapşırığıyla Bakıda İsrail səfirliyinə terror hazırlamaq ittihamıyla tutub. İran hakimiyyəti də guya öz ağlıyla bunun cavabını belə verdi. Bayrağımızda səkkizguşəli ulduzun yerinə 6 guşəli David ulduzunu - yəhudilərin milli simvolunu çəkməklə. Hələ iranlıların saytda yazdığı söhbətlərin içində daha gülməlisi var idi. Guya bizim dövlət xadimləri İsrailin hansısa kurslarını keçiblər. Səfeh söhbətdir, baxmayaraq ki, İsrailin Azərbaycanda müəyyən işlər görməsi sirr deyil. Məsələn, Bakı kəndlərində çiyələk əkirlər, Ceyhan limanından neftimizi alırlar, “İçərişəhər” metro stansiyası üzərində isə mason simvolu olan piramida tikiblər. O piramida ki, 20 milyon dollara qədər dövlət pulumuzu “happ” eləyib udub, hələ də abıra minmir, hər gün bir yeri uçur. Metro Tağı camaatdan aldığı əlavə 10 qəpiyi də onun yamağına vursa xeyri olmayacaq. Masonluğun kökündə azad bənnalar durur, biz belə görünür ki, bənnalığı da batırmışıq, masonluğun “içinə etmişik” - osmanlı türkləri demişkən.
Bəs mən iranlıların niyə bu kurs məsələsində səfehlik yapdığını söylədim, onu da izah eləyim.
Ağalar, siz, deyəsən, bizim yapokratiyadan bixəbərsiniz, onu ən azı yəhudilər qədər tanısaydınız bilərdiniz ki, bu rejimin yeganə kursu pul yığmaq, eyş-işrət, korrupsiyadır. Burada heç bir ideoloji yön-zad yoxdur. Kim çox pul verirsə, onun da havasına oynayırlar. Ağlınız olaydı, siz də ordan-burdan avara livanlı tapıb səfirlik fotosu çəkdirincə pul basıb hökumətin elə özündən istədiyiniz qədər videokaset alardınız. Amerika okeanın o tayından bizim hakimiyyətin xislətini bilir, siz burdan-bura bilmirsiniz. Savadsızlıq və xəsisliyin axırı belə olur - 15 il…” Yox, mən bu sətirləri Zamin Hacını qınamaq üçün yada salmadım. Yada saldım ki, İran mövzusu müəllif üçün yad mövzu deyil və onun orijinal yanaşması təqdirəlayiqdir. Amma jurnalist zümrəsinə təpkidə Zaminin zamini varmı?
Ey kaş Zamin Mediaforumdakı başqa bir xəbəri də oxuyaydı: “Yerevanın Avan və Nork Maraş icmaları məhkəməsi Ermənistan vətəndaşı Gevorq Ayrapetyana 12, İran vətəndaşı olan azərbaycanlı Bəhman Baqeriyə isə 10 il həbs cəzası kəsib. Məhkəmə qapalı keçirilib. Məhkəmə Ayrapetyanı və Baqerini Azərbaycana casusluqda təqsirli bilib. İttihama görə, Ayrapetyan Ermənistan Silahlı Qüvvələri haqqında məlumatları Baqerinin köməyi ilə Azərbaycan xüsusi xidmət orqanlarına ötürürmüş. Hər iki şəxs 2009-cu ildə tutulublar…” Bu siyasətdir və onun min üzü var.

İnsaf dinin… yox-yox, İnsanlığın yarısıdır

Amma Zamincan, bütün bu ilmələrin Ayətullah Safi Gülpayiqaniyə nə dəxli var? Bu pir, arif, Azərbaycanı sevən (İran dövlətini Ermənistanla əlaqələrinə görə tənqid edən alimlərdəndir), öz alimlik vəzifəsini yerinə yetirən insanı nə üçün çirkaba batırırsan? Bu pir alim hətta həmin sözləri demişsə də sənin ittihamlarına, söyüşünə layiq deyil. Mürəkkəb qurtaranda ayaqyolu suyu ilə düşmənə yazarlar, dost!
İranda din alimləri, “təqlid mərcəsi” deyilən alimləri barmaqla saymaq olar. Bu insanlar dövlət işlərinə, dövlət də onların işlərinə müdaxilə etmir. Din alimi elə bəyanat verir ki, XİN-nin sütunları silkələnir. Amma yenə din aliminə gözün üstə qaşın var deyə bilmirlər. İslamda təqlid mərcəsi adlanan alimlərdən böyük şəxs yoxdur. Onlar sadə yaşayır, bütün həyatlarını dini mütaliələrə sərf edib, xalqın suallarını cavablandırırlar. Sən isə…
“Bir neçə məktub aldım, telefon zəngləri oldu, oxucular xahiş edirdi ANS-dən yazım. Mirşahin orda müxalifətin seçkini uduzması haqda hansısa birtərəfli, qeyri-obyektiv veriliş yaymışdı, camaat da bundan əsəbləşmişdi. Hətta bəziləri qabağa gedib bu verilişin guya ANS-də yoxlamaların nəticəsi olmasını araşdırıb tapdığını da söylədi.
Yenə yazıram: mən ANS-ə baxmıram. O üzdən Mirşahinin orda müxalifət və qəzetlər haqda söylədiklərini şərh edə bilmərəm. Heç maraqlı da deyil…” Doğrudanmı, başqa bir dövlətdə yaşı 80-i keçmiş qoca alimin söz arası iki kəlməsi ANS-dən, az qala ölkənin ictimai fakir atasına çevrilmiş bir şirkətdən maraqlıdır?
“Tərbiyəsizlik təkcə söyüş söymək deyil ki, həm də söyüş qazanmaqdır!” Sən pirani bir alimi söydün. Düşünmə ki, söyüş qazanmadın. Amma şəxsən mənim hazırkı mövqeyim qılınc siyirməyə imkan vermir. Həm də buna lüzum görmürəm. Azərbaycanda neçə jurnalist zülmə qarşı çıxır ki, birini də biz hədəfə alaq!
Çox istərdim ki, bu mövzuya (əlbəttə ki, bütün mövzulara) daha diqqətlə yanaşasan. O ki qaldı Ayətullah Gülpayiqaniyə, mən səni Quma dəvət edirəm. Din alimləri dövlət məmurları kimi əlçatmaz deyil. Qapısında 10 dəqiqə gözləsək, qəbuluna düşərik. Özün gör, danış. Olsun ki, sənin ittihamlarına səbəb olmuş sözlər heç o insanın ağzından çıxmayıb. Ayətullah Gülpayiqanı yaşı ötmüş, yumaq kimi ağappaq bir pirdir. Eynən Həzrət Peyğəmbər kimi ağ saqqalı var!

Arzu Eyvazov
HaqqYolu


source : 184.154.47.229
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Gündəlik beş namaz nə üçündür?
İmam Əliyyən Nəqi(ə.s) haqqında
İmam Zamanın (ə) səhabələrinin xüsusiyyətləri
Xanım Zeynəbin (s) hərəmi ziyarətə açıldı
Quranda şirk (Allaha şərik qoşmaq)
İmam Hüseynin (ə) şəfaəti hər 2 dünyada olacaq
Doqquzuncu imam imam həzrət Məhəmməd Təqi (ə)
İmam Əliyyibnil-Hüseyn Zeynül-abidin (əleyhissəlam)
Müqəddəs Quran və əsas insan haqları (3)
MÜHARIBƏDƏN QAÇMAQ

 
user comment