Azəri
Wednesday 26th of June 2024
0
نفر 0

İnsan üçün ən ali ləzzət nədir?

İnsan üçün ən ali ləzzət nədir?

 Ləzzət, insanın öz arzuladığı və sevdiyi şeyə qovuşmaqdan, duyduğu qəlb halətidir. Əgər bir şeyə məhəbbətiniz yoxdursa, ona qovuşmağın da ləzzəti yoxdur. Hətta insan arzuladığı şeyə qovuşduğundan xəbərsiz olarsa, yenə də ləzzət duya bilməz. Demək, ləzzəti duymaq üçün arzulanan şeyə qovuşmaq kifayət deyildir. Ləzzəti duymaq üçün bu şeyə qovuşduğunu dərk etmək də şərtdir. Arzulanan şeyi tanımaq, ona qovuşduğunu anlamaq, ləzzətin duyulmasında əsas amillərdəndir. Ləzzətin dərəcəsi insanın diqqətindən və dərketmə qüvvəsindən asılıdır. Müxtəlif insanların eyni bir şeyi yeməkdən duyduqları ləzzət müxtəlif ola bilər. İnsan bir yeməyə nisbətən digər yeməkdən daha çox ləzzət ala bilər. Burada yeməyin dadı yox, insanın hansı yeməyi daha çox sevməsi şərtdir. Eyni bir elmlə məşğul olan iki tələbədən biri öyrəndiyi elmdən daha çox ləzzət ala bilər. Demək, ləzzətə münasibətdə insanın istəyi olduqca əhəmiyyətlidir.

Ləzzətin davamı da şəraitdən asılıdır. Ləzzət alanın, ləzzət verənin, ləzzət verən şeyə istəyin aradan getməsi ilə ləzzət də tükənir. Lakin bu şərtlər ümumi və adi ləzzətlərə aiddir. Deyilən şərtlərdən asılı olmayan həqiqi ləzzətlər də vardır.

Məsələn, elmə yiyələnmək üçün alimin vücudu və elm sifəti tələb olunur. İnsanın özündən, Allah-təalanın öz zatından xəbərdarlığında isə elm, alim, mə’lum kimi müxtəliflik yoxdur. Əgər məhəbbət üçün sevən, sevilən və sevgi şərtdirsə də, insanın özünə sevgisində bu müxtəliflik mövcud deyildir. İnsan özünə daha istəkli olduğundan, özündən daha çox ləzzət aparır. Bütün digər ləzzətlər insanın özündən apardığı ləzzətin kölgəsindədir.

Adi halda ləzzətin yoxluğu diqqətsizlikdəndir. Əgər insan xarici amillər, böyük təhlükələr və ya diqqətini təmərküzləşdirmək səbəbindən xarici aləmdən ayrılıb özünə qapıla bilsə, böyük bir ləzzət duyar. Əgər haqqında ölüm hökmü çıxarılmış insan qəfildən bu hökmün ləğv olunduğunu eşitsə, olduqca böyük ləzzət alar. Bu ləzzətin səbəbi əldən verilmiş dünya həyatının geri qaytarılmasıdır. Bu misal insanın həyata və özünə sevgisini aşkar göstərdiyi üçün mövzumuz üçün faydalıdır.

Demək, insan ya öz vücudundan, ya öz kamilliyindən, ya da ehtiyaclı olduqlarından ləzzət aparır. Əgər insan öz varlığını onu ehtiyacsız edə biləcək bir varlığa  bağlasa, ən ali ləzzəti əldə etmiş olar. Əgər insan öz vücudunu həmin ali varlıqla bağlılıq vasitəsi bilsə, öz müstəqilliyi yox, həmin varlığın müstəqilliyindən ləzzət alar.

Beləcə, insanın həqiqi istəklisi onun ən yüksək ləzzət aldığı elə bir mövcuddur ki, insanın varlığı bilavasitə ona aiddir. Əsl ləzzət həmin mövcudla əlaqənin müşahidəsidir.

Meyillərin zirvə nöqtəsi və amalın sonu
Əvvəlki araşdırmalardan aydın oldu ki, insanın fitri meyilləri sonsuzluğa yönəlmişdir və bu meyillər üçün dayanacaq yoxdur. Nəhayətsiz istəklər insana məxsus sifətlərdəndir. Qovuşduğu heç bir istək onu qane etmir. İnsanla heyvan arasındakı ən mühüm fərqlərdən biri də budur. Rassel yazır: «İnsan və heyvan arasındakı ən mühüm fərqlərdən biri budur ki, heyvandan fərqli olaraq insanın meyilləri qeyri-məhduddur və bu meyilləri tam qane etmək mümkünsüzdür».

Bu meyillər müxtəlif vaqiələrlə əlaqəli olsa da, nəhayətdə bir-birlərinə bağlanaraq vahid bir şeylə razı salına bilinərlər və bu yeganə şey elm, qüdrət, gözəllik və kamilliyin tükənməz başlanğıcı ilə əlaqədir. Vücud gücləndikcə, onda kamilləşməyə və vəhdətə meyil artır. İlk əvvəl bədəndə səpələnmiş qüvvələr, kamilləşmə tələbindən vəhdətə doğru yönəlirlər.

Fitri meyillərdən hər birinin istəyi sonsuzluğa yönələrək, nəhayətdə bir-birləri ilə qovuşurlar. Əslində meyillər, bir məqsədə müxtəlif cəhətlərdən yönəlmiş ayrı-ayrı baxışlardan doğur. Müxtəlif istiqamətlərdən axtarılan bu məqsəd mütləq kamil varlığa bağlılıq, yə’ni Allah-təala ilə yaxınlıqdır. İnsan öz yaradanı ilə məhz bu məqamda kamil əlaqəyə yetişir və özünü ona aid bilir. Məhz bu mərtəbədə bütün əşyalar Allahın müqəddəs zatında həll olur və hər bir mövcud öz tutumu ölçüsündə Allahın cəlal və camal nurundan faydalanır. Məhz bu məqamda insanın fitri meyli, varlıq həqiqətlərini tanımaqla rahatlanır. Bu mərtəbədə insan sonsuz qüdrət çeşməsinə yol tapır və istədiyi işləri yerinə yetirmək üçün güc əldə edir. Elə bu mərtəbədə də ən böyük məhbuba, ən böyük məhəbbətə nail olur. Başqa sözlə, ali məqamla yaxınlığı ən aydın şəkildə müşahidə etməklə, ən üstün ləzzətləri duyur. «Qəmər» surəsinin 55-ci ayəsində buyrulur: «Qüdrətli sultanın yanında, haqq yerdə əyləşmişlər». İnsanın fitri meyillərinin tə’mini, yalnız Allaha yaxın məqama çatmaq üçün vasitədən başqa bir şey deyildir. Başqa heç bir şey kamillik əsl kamal hesab olunmur. Əsl kamillik yalnız insana məxsus olması ilə müəyyən edilmir. İnsan yalnız sadəcə canlı olmaq çərçivəsindən çıxıb, Allaha yaxınlaşma yolunda addım atdıqda, həqiqi insan olur. Bu addımı atmazdan əvvəl, insan üçün iki hal mümkündür: ya həqiqəti sezəcək iste’dadlar hərəkətə gəlməyib, ya da insan heyvan səviyyəsinədək alçalıb. Qur’ani-şərifdə iman və Allahı tanıma iste’dadını itirmiş kafirlər haqqında buyrulur:

«Allah yanında ən pis canlı, küfr edənlərdir»[1].

«Allah yanında yer üzündə gəzən canlıların ən pisi, dərk etməyən karlar və lallardır»[2].

«Onların qəlbləri vardır, lakin anlamazlar. Onların gözləri vardır, lakin görməzlər. Onların qulaqları vardır, lakin eşitməzlər. Onlar heyvan kimi, bəlkə heyvandan da azğındırlar»[3].

Fitri istəkləri tam tə’min etmək mümkündürmü?
Fitri istəklər sonsuzluğa yönəlmişsə, onları tam tə’min etmək necə mümkün olar? Zəif, təbii və qazanılmış qüvvələri məhdud insan, bu işin öhdəsindən gələ bilərmi? Fitri istəklərin tam tə’min olunmasının mümkünlüyünün sübutu, elə fitrətin özüdür. Fitri istəklər varlıq qanunlarından doğmuşdur. Məsələn, yer üzündəki dartınmalar cazibə qüvvəsinin varlığına dəlildir.

Fitri istəklərin tam tə’mininə ölümün mane ola bilməsi yanlış fikirdir. Ölüm yalnız dünya həyatına son  qoyur və yalnız fiziki qüvvələrə aiddir. İnsanın fitri istəyi təbiətin fövqündə durur və əbədidir. Əlbəttə ki, əbədilik təkcə fitrətə aid deyil. Yaranış nizamına nəzər salsaq görərik ki, ən kiçik zərrələrdən planetlərədək, bütün mövcudlar həmin nizama tabedir. Əbədilik həmin bu nizamın qanuni nəticəsidir. Elm inkişaf etdikcə, bu nizamın əzəməti daha da aşkarlanır. Sənayenin inkişafı və müxtəlif ixtiralar uyğun nizamın tə’siri altında gerçəkləşir. Ümumi nizamın nəticəsində yaranmış yeniliyi təsadüfi hesab etmək olmaz. Bu yenilik əzəmətli varlıq mexanizminin bir elementidir. Varlıq aləminin  məqsədyönlü hərəkətinə bu element də öz tə’sirini göstərir. İnsanın fitri meyillərinin mövcudluğu da, ümumi nizamın zərurətlərindəndir. Bu meyillər insanın tərəqqi, təkamül və xoşbəxtliyi üçün mühüm amildir. Əgər insanın xoşbəxtliyi yalnız dünya səadətindən ibarət olsaydı, sonsuz istəklərə nə hacət var idi?!

Əgər fitri istəklər tam tə’min olunmaq imkanından məhrum olsaydı, insana belə bir qüvvənin verilməsinə nə ehtiyac var idi?! İnsana yol göstərib, bu yolun bir başını bağlamaq, varlıq aləmini hikmətlə qurmuş Allaha yaraşan sifət deyil. İnsanı mövcud olmayan bir məqsədə də’vət etmək yalandır. Yalnız yalançılar insanı aldadıb, onun əzab-əziyyətindən ləzzət ala bilərlər. Allah-təala isə belə bir sifətdən tamamilə uzaqdır. Aşağıdakı ayələr dediklərimizə əyani sübutdur:

«Məgər onlar düşünmürlərmi ki, Allah göyləri və yeri yalnız haqq-ədalətlə yaratmışdır?!»[4].

«...Allahı xatırlayaraq deyərlər: «Sən bunları boş yerə yaratmamısan!»[5].

«Biz yeri, göyü və onların arasında olanları oyun-oyuncaq yaratmadıq»[6].

«Yoxsa, sizi əbəs yerə yaratdığımızı və huzurumuza qayıtmayacığınızı güman edirsiniz?»[7].

Allahla agah və kamil əlaqə ağlasığandırmı?
Ötən araşdırmalardan gəldiyimiz nəticəyə əsasən, insanın fitri istəkləri yalnız Allah-təala ilə kamil əlaqə yolu ilə tam tə’min oluna bilər. Belə bir əlaqə fəlsəfi dəlillərlə sübuta yetir. Bütün yaranmışlar öz yaradanı ilə qırılmaz əlaqəyə malikdir. İnsanın vücudu, Allahla bağlılıq vasitəsidir. Əgər insan özünü tanısa, əmin olar ki, onun vucudu Allah ilə əlaqənin özüdür. Beləcə, insan Allahla kamil əlaqəni tapıb, onu müşahidə edə bilər.

İnsanın özünü tanmasını bütün filosoflar mümkün hesab edir. Əgər insan ətrafa diqqətini yayındırmayıb, nəfsin bəlalarından qurtara bilsə, özünü asanlıqla tanıya bilər. Özünütanıma biliyi insanda mövcud olsa da, dərketmə qüvvəsini lazımsız işlərə sərf edən insan bu bilikdən xəbərsiz qalır. Əgər o diqqətini təmərküzləşdirə bilsə, özünütanıma qüvvəsi aşkarlanar.

İnsanın Allahla bağlılığı, hikmət mütaliəsi yolu ilə də sübut oluna bilər. Bu bağlılıq iki müstəqil varlıq arasındakı bağlılıq deyildir. Bu bağlılıqda Allah-təala müstəqil, insan isə qeyri-müstəqildir. Qeyri-müstəqil olduğu üçün də Allaha ehtiyaclıdır. İnsanın vücudu bu bağlılığın vasitəsidir.

Öz həqiqətini müşahidə edən insan, özünü Allaha aid bilir. Qeyri-müstəqil bir vücudun bağlılığını dərk etmək, bu vücudun qəyyumu olan müstəqil vücudu dərk etmədən, qeyri-mümkündür. Güzgüdə əks olunmuş günəş şüasını anlamazdan əvvəl, günəşi anlamaq lazım gəlir. «Şə’baniyyə» münacatında oxuyuruq: «Bizim qəlb gözümüzü öz nəzər nurunla özünə tərəf işıqlandır ki, bu gözlər sənin əzəmət mə’dəninə dikilsin, ruhlarımız müqəddəs dərgahına yönəlsin». İnsanın öz həqiqətinin müşahidəsi, ilahi camal və cəlal nurunun müşahidəsindən ayrı deyil. «Özünü tanımayan Rəbbini tanımaz».

İnsanın varlığı nə qədər əhatəli və yüksək mərtəbədə olarsa, diqqəti nə qədər təmərküzləşərsə, ilahi nurdan da bir o qədər faydalanar. Uyğun münacatda deyilir: «Bizi öz izzətinin ən gözəl nuruna nail et ki, yalnız səni tanıyıb, səndən qeyrilərindən üz döndərək».

İnsan öz bağlılığını, asılılığını daha çox dərk etdikcə, həqiqi və müstəqil ilahi varlığa daha çox yaxınlaşır, hətta Allahın zatının kamil aynasına çevrilir. Rəcəb ayının duasında bu gerçəklik belə ifadə olunur: «Səninlə onlar arasında ayrılıq yoxdur. Sadəcə, onlar sənin bəndələrindir. Onların çarəsi sənin əlindədir, onların əvvəli sənsən, qayıdacaqları da sənsən».

Belə bir əlaqəyə nail olmaqla, insanın həqiqət və qüdrət istəyi tam tə’yin olunur. İnsan öz həqiqi istəyinə çatmaqla, ali bir ləzzət duyur. Bu ləzzətin ən kamil mərtəbəsi o zaman əldə edilir ki, insan özünü unudaraq, Allahdan qeyrisinə möhtac olmur, dünya əyləncələrinə bağlanmır. «Zahidlərin münacatı»-nda oxuyuruq: «Qarşılaşacağımız gün gözlərimizi öz görüşün üçün işıqlandır».

Ən sadə yol
Allahın müqəddəs dərgahı ilə əlaqəyə inanmaq üçün ən sadə yol, Allah-təalanın öz peyğəmbərləri vasitəsi ilə insanlara minnət qoyaraq göstərdiyi yoldur: «Biz peyğəmbərləri müjdə gətirən və əzabla qorxudan kimi göndərdik ki, peyğəmbərlərdən sonra insanların Allaha qarşı bəhanə yeri qalmasın»[8]. İlahi peyğəmbərlər insanları Allaha yaxınlığa, elm və qüdrət çeşməsi ilə əlaqəyə də’vət etmişlər. Eləcə də, insanlara əbədi, sonsuz, istədikləri ne’mətlər və’d olunmuşdur: «Onlar üçün Rəbbinin dərgahında dilədikləri hər şey vardır»[9], «Orada onların ürəkləri istəyən, göz oxşayan hər şey olacaqdır»[10], «Etdikləri əməlin mükafatı olaraq, mö’minlər üçün göz oxşayan necə ne’mətlər saxlandığını kimsə bilməz!»[11].

Yuxarıdakı ayələrdən mə’lum oldu ki, fitri istəkləri tam qane edə biləcək ne’mətlər, yalnız Allah dərgahındadır. Dünya həyatının məhdudluğu, ötəriliyi və insan üçün son mənzil olmamasının xatırladılması, peyğəmbərlərin də’vətinin səciyyəvi xususiyyətidir. «Ə’la» surəsinin 16-17-ci ayələrində buyrulur: «Siz dünyanı üstün tutursunuz, halbuki axirət daha xeyirli və əbədidir».

«Səbə’» surəsinin 7-ci ayəsində kafirlərin peyğəmbərlərə qarşı çıxmasının əsas səbəbi göstərilir: «Kafirlər dedilər: «Parçalanıb dağıldıqdan sonra yenidən yaradılacağınızı xəbər verən adamı göstərəkmi?». Növbəti ayədə kafirlərin dilindən buyrulur: «Görəsən yalan uydurur, yoxsa bir dəliliyi var?»[12]. Ayənin davamında Allah-təala kafirlərə belə cavab verir: «Xeyir, axirətə inanmayanlar özləri əzab və azğınlıq içindədirlər».

«Təğabun» surəsinin 7-9-cu ayələrində buyrulur: «Kafirlər öldükdən sonra dirilməyəcəklərini iddia edirlər. De ki, Rəbbimə and olsun ki, mütləq diriləcəksiniz. Sonra da etdiyiniz əməllər sizə xəbər veriləcəkdir. Bu, Allah üçün çox asandır. Elə isə Allaha, onun peyğəmbərinə və nazil etdiyimiz nura iman gətirin. Allah etdiyiniz əməllərdən agahdır. Allahın sizi cəm edəcəyi gün, qarşılıqlı aldanma günüdür. Kim Allaha iman gətirib yaxşı əməllər etsə, günahlarının üstü örtülər və altından çaylar axan cənnətlərə daxil edilər. Belələri cənnətdə əbədi qalar. Budur ən böyük uğur».

İsra surəsinin 97-98-ci ayələrində isə belə buyrulur: «Biz qiyamət günü onları üzləri üstə sürünə-sürünə kor kimi məşhərə çəkərik. Onların düşəcəkləri yer cəhənnəmdir. Cəhənnəmin odu əskildikcə onu şö’lələndirərik. Bu, ayələrimizi inkar etdiklərinə və «torpaq, sümük olduqdan sonra yenidən dirələcəyikmi?» dediklərinə görə onların cəzasıdır».

Allahın göndərdiyi peyğəmbərlər insanları də’vət edib, və’d verməklə kifayətlənmədilər. Onlar Allah dərgahı ilə, elm və qüdrət mənbəyi ilə əlaqənin tə’sirlərini açıq-aşkar nümayiş etdirdilər ki, insanlar həqiqi elm və qüdrət qazanmağın yolunu tapsınlar. İllahi elmlərdən istifadə etməklə insan fövqəl’adə qüdrətlər əldə edə bilərdi.

Heç bir yerdə təhsil almamış peyğəmbərlər qeybi xəbərlər verməklə, sirli görünən məsələləri açmaqla, elm və hikmət incəliklərindən danışmaqla sübut etdilər ki, Allah dərgahı ilə əlaqə mümkündür. Bu məsələyə işarə ilə Qur’ani-kərimdə buyrulur:

«Adəmə bütün adları öyrətdi»[13].

«Biz ona elm öyrətdik»[14].

«Biz uşaq ikən ona hikmət verdik»[15].

«Dedilər: «Beşikdəki uşaqla necə danışaq?». Cavab verdi ki, mən Allahın bəndəsiyəm, O mənə kitab verib, peyğəmbərliyə seçdi»[16].

«Sizə yediyiniz və evlərinə yığdıqlarınızdan xəbər verimmi?»[17].

«Bizə quşların dili tə’lim olundu»[18].

İnsana Allah dərgahından əta olunmuşların ən üstünü, İslam peyğəmbərinə nazil olmuş Qur’ani-kərimdir. Geri qalmış bir cəmiyyətdə təhsil görməmiş bir fərdə nazil olmuş bu kitab, onunla mübarizəyə qalxanları Qur’anın surələri mislində bir surə gətirməyə çağırdı. Düşmənlərin çoxluğuna baxmayaraq, kimsə bu işin öhdəsindən gələ bilmədi.

İlahi peyğəmbərlər öz xariqül’adə işləri, təbii qüvvələrə qələbəsi, maddi əsarətdən azadlıqları ilə sübut etdilər ki, ilahi dərgahla əlaqə yaratmaq olar.

Həzrət Salehin dağın içindən diri dəvə çıxarması, Həzrət İbrahimin dəhşətli oddan nicat tapması, Həzrət Musanın əsasının əjdahaya dönməsi, Həzrət İsanın ölüləri diriltməsi, Həzrət Süleymanın canlı və cansız qüvvələri ram etməsi insanın ilahi dərgahla əlaqəsini əks etdirən nümunələrdir.

«Hədisi-qüdsi»-də Allah-təala buyurur: «Ey mənim bəndəm, mənə itaət et ki, səni özüm kimi edim. Mən nəyə «ol» desəm olur. Səni elə edərəm ki, hər nəyə «ol» desən, olar».

İlahi rabitə vasitəsi ilə insana əta olunmuş qeyri-adiliklər, kəramətlər sadalansa, cildlərlə kitab bağlamaq olar. Bütün deyilənlərə göz yumaraq ilahi rabitəni inkar etmək və başqalarını da azdırmaq, rəva deyildir.

Bəşəriyyətin əlində ilahi rabitənin həqiqətini sübut edəcək faktlar olmasaydı da, heç olmaya təcrübə üçün peyğəmbər göstərişlərinə əməl etmək lazım idi. Bu mövzu insan xoşbəxtliyində o qədər əhəmiyyətlidir ki, onun həqiqət olub-olmadığını yoxlamaq üçün istənilən fədakarlığa getməyə deyər. Bə’zi ideologiyaları yoxlamaq üçün dünya ne’mətlərindən müvəqqəti də olsa, əl çəkmək lazım gəlir. Amma peyğəmbər buyruqlarını sınaqdan keçirmək üçün heç bir məhrumiyyət vacib deyil. Əksinə, dini göstərişlərə əməl edən insan, başqalarına nisbətən dünya ne’mətlərindən daha çox faydalanır. Bəli, dindar insan şərab içmir. Amma insanın düşüncəsinə və orqanizminə zərərli bir şeydən imtina etmək məhrumiyyət deyil. Milçək nəcasətdən ləzzət duyur. Amma milçəyin münasibəti nəcasətin necəliyinə dəlil deyil. Narkaman üçün narkotikasız dünya cəhənnəmdir. Əslində isə, narkotika özü cəhənnəmdir. Bir sözlə, ilahi yola qədəm qoymuş insan, heç bir faydalı ne’mətdən məhrum olmur.

Peyğəmbərlərin təmənnasız olaraq bu yolda çəkdikləri min bir əzab-əziyyət, insaflı adamı düşündürməyə bilməz. Allahın elçiləri xəbər verirlər ki, insanın səadəti Allahla rabitədədir. Görək bu xəbər, yoxsa bir alimin kəşfi daha əhəmiyyətlidir?

Bir kəşfi reallaşdırmaq üçün böyük miqdarda güc və vəsait sərf olunur. Amma peyğəmbər göstərişlərini sınamaq üçün cüz’i bir sə’y də göstərilmir. Əminliklə deyə bilərik ki, «insan zərərdədir».

Ayə və rəvayətlərdəki sübutlar
Gətirdiyimiz əqli dəlillər, Qur’an və rəvayətlərə əsaslanırdı. Bə’zi nəqli sübutlara da işarə edildi. İndi isə, başqa bir qisim dəlilləri qeyd edəcəyik. Qur’ani-şərif insanı fitrətən Allahçı tanıtdırır. Qur’an bildirir ki, insan ilkin yaranışında Allahını müşahidə etmişdir. Bu dünya həyatı, insanın ilkin yaranışında verdiyi bəndəlik və’dinin sınağı üçündür. «Zariyat» surəsinin 56-cı ayəsində buyrulur: «Mən cinləri və insanları yalnız ibadət üçün yaratdım».

Bu sınaqda insanın qarşısına müxtəlif şəraitlər çıxır və insan hər hansı bir yolu azad şəkildə seçir: «...Hansınızın daha gözəl əməl sahibi olacağını sınayıb bilmək üçün göyləri və yeri altı gündə yaradan Odur»[19].

Beləcə, həyatın alatoran yollarında yalnız Allahı sevənlər, Ona pənah aparıb, Onun razılığını düşünənlər doğru və təhlükəsiz yolu tapa bilirlər. «Bəqərə» surəsinin 165-ci ayəsində buyrulur: «İman gətirənlərin Allaha məhəbbəti daha qüvvətlidir».

Başqa bir ayədə belə buyrulur: «De ki, əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin»[20].

«Maidə» surəsinin 16-cı ayəsində oxuyuruq: «Allah onun lütfünə sığınanları əmin-amanlıq yollarına yönəldir, onları öz izni ilə zülmətdən nura çıxarır və doğru yola yönəldir».

«Loğman» surəsinin 22-ci ayəsində isə belə buyrulur: «Yaxşı əməl sahibi olub Allaha təslim olan şəxs, ən möhkəm ipdən yapışmışdır».

Uyğun mövzuya «Nisa» surəsinin 175-ci ayəsində də toxunulur: «Allah ona iman gətirən və ondan möhkəm yapışan kimsələri öz lütfünə alıb, onları doğru yola yönəldir»[21].

Ayələrə əsasən Allahın razılığını düşünənlər, nəhayətdə onun görüşünə nail olduğu halda dünya bər-bəzəyinə könül verənlər, öz fitri məhbublarından məhrum olaraq, üzücü əzaba qovuşurlar:

«Dön Rəbbinə, sən Ondan, O da səndən razı olan halda! Bəndələrimin zümrəsinə daxil ol! Cənnətimə varid ol!»[22].

«O gün neçə-neçə üzlər tutulub qaralacaqdır»[23].

«O gün neçə-neçə üzlər sevinib güləcəkdir»[24].

«Bizimlə qarşılaşacaqlarına ümid etməyib, dünyanı bəyənib ona bel bağlayan və ayələrimizdən qafil olanların ‒ məhz onların qazandıqları günahlara görə düşəcəkləri yer cəhənnəmdir»[25].

«De ki, əgər atalarınız, oğullarınız, qardaşlarınız, övrətləriniz, qəbiləniz, qazandığınız mallar, kasad olacağından qorxduğunuz ticarət, xoşunuza gələn məskənlər sizə Allahdan, Onun peyğəmbərindən və Allah yolunda cihaddan əzizdirsə, Allahın əmri gələnə qədər gözləyin»[26].

«Xeyir, o gün onlar Rəbbinin mərhəmətindən məhrum olacaqlar»[27].

Peyğəmbər (s) hədisləri və Əhli-beyt rəvayətlərində uyğun mövzuda sübutlar çoxdur. Qüdsi hədislər, münacat və dualardan bə’zi məqamları zikr edirik:

Me’rac hədislərində Allah-təalanın Həzrət Peyğəmbərə (s) belə buyurduğu nəql olunur: «Mənim razılığımı qazanmış şəxsə üç sifət əta etdim: ona elə bir şükr öyrətdim ki, haqqı itirməkdən uzaq olsun; unutmayacağı bir zikr; bəndələrin məhəbbətindən üstün bir məhəbbət. Məni sevsə, onu sevərəm və bəndələrim arasında sevimli edərəm. Öz cəlal və əzəmətimə doğru qəlb gözünü açaram. Onu xüsusi elmlərdən xəbərsiz qoymaram. Gecənin qaranlığı və gündüzün işığında onunla danışaram ki, başqaları ilə söhbəti kəssin. Özümün və mələklərin sözünü ona eşitdirərəm, xalq üçün gizli olanı ona bildirərəm. Əqlimi öz mə’rifətimdə qərq edər və ağlına canişin olaram. O deyər: «Xudavənda, sən özünü mənə tanıtdın və səni tanımaqla, bəndələrinə möhtaclıqdan qurtardım. And olsun izzət və cəlalına! Əgər sənin razılığın mənim tikə-tikə doğranmağımda olsa, sənin razılığını üstün tutaram». «Ey mənim bəndəm, bir şəxs yer və göy əhlinin namazını qılıb, orucunu tutsa, mələklər tək yeməkdən çəkinib yoxsullar tək geyinsə, buna baxmayaraq, qəlbində dünya məhəbbəti olsa, ad-sana və dünya bər-bəzəyinə meyl göstərsə, məndən uzaq olacaq, məhəbbətimi qəlbindən çıxaracaq, məni unutması üçün qəlbinə qaranlıq salacaq, məni tanımaq ne’mətimi dadızdırmayacam».

Digər bir hədisdə belə nəql olunur ki, Allah-təala buyurdu: «Heç bir bəndəm ona vacib etdiyim əməllərdən başqa bir əməllərlə mənə yaxınlaşa bilməz. Vacibdən sonra müstəhəb əməllərlə yaxınlığa can atar ki, onu sevim. Elə ki onu sevdim, eşidən qulağı, görən gözü, danışan dili, tutan əli olaram. Çağırışına cavab verər, istədiyini əta edərəm».

Növbəti hədisdə oxuyuruq: «Ey Adəm övladı! Mən möhtac olmayacaq bir ehtiyacsızam. Əmrimə iatət et ki, səni də ehtiyacsız edim. Mən elə bir diriyəm ki, ölməzəm. Əmrimə itaət et ki, səni elə dirildim ki, ölməyəsən. Mən istədiyimə «ol» deməklə olur. Əmrimə itaət et ki, istədiyinə «ol» deyəndə olsun».

Həzrət Əli (ə) şə’ban ayının münacatında Allaha belə ərz edir: «Yüksəlişimizi, ilahi dərgahına yetişməkdən doğmuş asayişdə qərar ver. Öz nəzər nurunla iç gözümüzü işıqlandır ki, bu gözlər pərdələrdən nüfuz edib əzəmət mə’dəninə çatsın, ruhlarımız müqəddəs dərgahına bağlansın. Bizi əzəmət nuruna qovuşdur ki, səni tanıyıb, səndən qeyrisindən üz döndərək».

«Kumeyl» duasında Allah dərgahına belə ərz olur: «İlahi, tutaq ki, əzabına səbr etdim, bəs fəraqına necə səbr edəm? Tutaq ki, atəşinin istisinə dözdüm, bəs cəlalının seyrindən məhrumluğa necə dözüm?».

Həzrət (ə) buyurur: «Hər şeydən əvvəl Allahı gördüm». Ondan «Allahı gördünmü» soruşulanda belə cavab verdi: «Görmədiyim bir kəsə necə ibadət edim?!»

İmam Hüseyn (ə) «Ərəfə» duasında Allah-təalaya belə ərz edir: «İlahi! Əlamətlərinin müxtəlifliyi və halətlərin dəyişməsindən belə anladım ki, məqsədin, özünü hər şeydə mənə göstərməkdir. Xudaya! Get-gəl, iş-güc görüşündən uzaqlığın səbəbidir. Mənə elə bir xidmət yetir ki, bu xidmət məni Sənə çatdırsın. Varlığında sənə möhtac olan hər şeyi sənin varlığına necə dəlil gətirirlər? Məgər Səndən kənarda kimin zühuru var ki, o, Sənin zühuruna səbəb olsun?! Nə vaxt bilinməlisən ki, dəlilə ehtiyacın olsun?! Nə vaxt uzaq olmusan ki, əlamətlərinlə sənə çatsınlar?! Kor olsun o göz ki, Səni qarşısında görmür. O bəndə sevdasında zərərə düşdü ki, məhəbbətindən ona bəhrə verməmisən. Xudaya! Əlamətlərinə üz tutmağı əmr etmisən. Bizi qəlb gözümüzün işığında özünə tərəf qaytar... Ey Rəbbim! Bizə öz elmindən tə’lim et, bizi qoru. Bizi gerçək yaxınlarının həqiqətinə qovuşdur, cəzb əhli yolunda rəhbərlik buyur. Bizi öz tədbir və ixtiyarınla, tədbir və ixtiyarından qane et. Dostlarının qəlbinə işıq salıb, öz birliyini tanıtdıran Sənsən. Aşiqlərinin qəlbindən əğyarı çıxartmaqla, yalnız özünü dost tutmalarını tə’min edən Sənsən. Sənsən o insanların munisi ki, hər şey onları qorxudur. Sənsən o insanlara yol göstərən ki, onlar üçün əlamətlər aşkarlanıb. Səni əldən verən nə tapa bilib? Səni tapan insan nəyi əlindən çıxarıb? Sənin yerinə başqasını bəyənən, həqiqətən naümid olub. Sənin dərgahından üz döndərən... Ey mə’budum! Bizi öz rəhmətinə daxil et ki, sənə çataq. Öz fəzlinə cəzb et ki, sənə üz tutaq... Sən özünü hər şeyə tanıtdırmısan, xəbərsiz qalan yoxdur. Sənsən hər şeydə özünü mənə tanıtdıran. Səni hər şeydə aşkar gördüm və Sənsən hər şeyə aşkarlanan».

İmam Zeynəl Abidin (ə) «Xaifin» münacatında Allaha belə ərz edir: «Öz müştaqlarını, gözəl görüşünün tamaşasından kənar etmə».

«Rağibin» münacatında isə, belə deyilir: «Qüdsi nuruna xatir, rəhmət və lətafətinə xatir, səndən istəyirəm ki, arzu etdiklərimi həqiqətə çevirəsən: firavan kəramət, gözəl ən’am, səninlə yaxınlıq, görüşündən faydalanma».

«Müridin» münacatında ərz olunur: «İlahi! Bizə öz vüsal yolunda rəhbərlik et. Sənə aparan ən yaxın yolu göstər. Sənsən mənim məqsədim. Başqası üçün yox, sənin üçün gecələri oyaq qalmışam. Sənin görüşündür mənim gözümün nuru. Arzum sənin vüsalındır. Heyranlığım Sənin məhəbbətində, məqsədim razılığındadır. Son istəyim Səninlə yaxınlıqdır».

«Mühibbin» münacatında oxuyuruq: «Ey mənim mə’budum! Bizi öz yaxınlığın üçün seçdiyin, dostluğunu xalis etdiyin, öz qəzavü-qədərindən razı saldığın, nəzərlərini özünə çəkdiyin, razılığınla minnət qoyduğun, özündən uzaq salmadığın... bəndələrindən qərar ver».

«Mütəvəssilin» münacatında ərz olunur: «Bizi öz görüş günündə gözlərinə nur verdiyin, yanında doğrular mənzilinə varis etdiyin bəndələrdən qərar ver».

«Moftəqirin» münacatında deyilir: «Sinəmin yanğısını yalnız vüsalın sərinlədə bilər. Qəlbimin alovunu söndürə biləcək şey, yalnız sənin görüşündür. Yalnız Sənin nəzərlərin şövqümü sirab edə bilər. Sənə yaxınlaşmasam, rahatlanmaram. Bu yaxınlıq olmasa, qəm-qüssədən qurtulan deyiləm».

«Arifin» münacatında oxuyuruq: «Bizi məhbubu ilə görüşə gözü işıqlandırılanlardan qərar ver. Məhəbbətin necə də şirindir, yaxınlığın necə də dadlıdır. Bizi qovulmaq və uzaq düşməkdən qoru».

«Zakirin» münacatında belə buyrulur: «Ey mənim mə’budum! Heyran könüllər sənin vurğunundur. Düşüncələr mə’rifətin ətrafında toplanmışdır. Qəlblər yalnız səni xatırlamaqla rahatlanır. Görüşünə çatmayan insan, sakitlik tapmır... Səni xatırlamaqdan başqa bütün ləzzətlərdən, səninlə ünsiyyətdən başqa bütün rahatlıqlardan, Səninlə yaxınlıqdan başqa bütün sevinclərdən, Sənin itaətindən başqa bütün işlərdən tövbə edirəm».

«Zahidin» münacatında deyilir: «Qəlblərimizdə öz məhəbbət ağacını sanc və məhəbbət nurunu tamamla ...  Görüş günü gözlərimizi işıqlandır.

Ötən söhbətlərdən alınan nəticələr
Elmi və əməli, fərdi və ictimai sahələrdə göstərilən fəaliyyətlər, yalnız həqiqi kamilliyə çatmaq məqsədi daşıdıqda insani olur. İnsan özündən asılı olmayaraq, hansısa bir istiqamətdə çalışır. Əqli cəhətdən kamil olan insan öz adına sadiq qalaraq, insanlığa can atmalıdır. İnsan öz fəaliyyətinə insani istiqamət vermək üçün təkamül yolu və bu yolun son nöqtəsini tanımalıdır. İnsanın hərəkəti onun biliyi və iradəsindən asılı olduğu üçün ünvanı bilmədən hərəkət etmək qeyri-mümkündür. Amma hədəfə çatmadan onu yaxşı tanımaq mümkünsüzdür. Demək, bu tanıma hələ ki, zehni təsəvvür yolu ilə mümkündür.

Bəşər təkamül yolunu heç şübhəsiz ki, daxili ruhani qüvvələrinin hesabına keçə bilər. Fitri meyillərin istiqamətlənməsi, həqiqi kamilliyi tanımaq üçün ən yaxşı üsuldur. Hər bir meylin göstərdiyi istiqamətlərin düşünülməsinin nəticəsi, insanı sonsuzluğa sövq edir və müvəqqəti ləzzətlər puç görünür. Aydındır ki, elm və qüdrət mənbəyi olan Allahla əlaqə yaratmadan, heç bir istək tam tə’min olmaz. Yalnız əzəmətli ilahi nurun sayəsində insan özünün və bütün varlıq aləminin həqiqətini müşahidə edə bilir. Bu zaman insanın həqiqət axtarma meyli tə’min olunur. Eləcə də, sonsuz ilahi qüdrətin nüfuzu ilə, insan istədiyinə çatır. İnsanın məğlubedilməz qüdrət istəyi tə’min olunur. Məhz bu zaman insan sonsuz camal və kamal sahibi olan məhbubunun vüsalına yetişir, özünü rəhmət ağuşunda müşahidə edir. Bütün istəklərin mə’şuq tərəfindən məhəbbətlə tə’min olunması necə də ləzzətlidir.

Bu məqama çatmış insan, Allahın razılığından başqa heç nə haqqında düşünmür. Məhz bu məqamda insan öz vücudunu kamilliyə yetişmiş bir halda müşahidə edir və ən ali ləzzətə nail olur. Bu məqamdakı insan özünə məhəbbəti unudaraq, Allaha məhəbbətlə yaşadığından Allahı özü üçün yox, özünü Allah üçün istəyir.

Demək, insanın həqiqi məhbubu Allah-təala, insanın həqiqi kamilliyi isə, Allahla əlaqə və yaxınlıqdır. Bütün digər qüvvələr məhz bu məqsədə çatmaq üçün sərf edilməlidir. Bu istiqamətdən kənara atılan istənilən bir addım, insanı məqsəddən uzaqlaşdıracaq və zərərə salacaqdır.

Bir neçə suala cavab
Birinci sual: Əgər insanın həqiqi məqsədi Allahla yaxınlıq məqamıdırsa, bu məqama çatmaqla insan ən böyük ləzzətə nail olursa, necə olur ki, fitrətən ləzzət və səadət axtarışında olan əksər insan bu ünvanı tapa bilmir?

Cavab: İnsanın həqiqi səadətə, kamilliyə və ləzzətə nail olması o zaman mümkündür ki, insan bu gerçəkləri tanısın və təsdiq etsin. Lakin əksər insanlar yaranışın əsil məqsədini və həqiqi kamilliyi tanımırlar. Lakin bütün insanlar dünya ne’mətlərini tanıyır və onların ləzzətindən xəbərdardırlar. Ona görə də, bütün qüvvələr dünya ne’mətlərinin əldə olunmasına sərf edilir. Dünya ne’mətlərinin seçimində, insanlar arasında fərq mövcuddur. Hər kəs öz düşüncəsi və zövqünə uyğun olaraq müəyyən ne’mətlərə üstünlük verir. Həqiqi kamilliyi tanımaq fitri xüsusiyyət olsa da, mə’lumatsızlıq səbəbindən əksər insanın göstərişə  ehtiyacı var.

Əksər peyğəmbərlərin ən böyük vəzifəsi, yatmış şüurları oyatmaq, unudulmuş ilahi göstərişləri xatırlatmaqdır. Dövrümüzdə bu vəzifə, peyğəmbər yolunu tanıyıb-tanıtdırmaq gücündə olanların öhdəsinə düşür. Bu insanlar həqiqi səadət yolunu göstərərək, insanların diqqətini həqiqi fitri istəklərə yönəltməlidir.

İkinci sual: Əgər insanın əsil yaranış məqsədi həqiqi kamillik məqamına çatmaqdırsa, nə üçün bu yolda insana mane olacaq aldadıcı dünyəvi istəklərə insan xarakterində yer verilir?

Cavab:

1.İnsanın kamilliyinin dəyəri onun ixtiyarı olmasındadır. İnsana mələkdən üstün olma imkanı verən, məhz onun iradə azadlığıdır. İnsanın iradə azadlığının işə düşməsi və onun qarşısında seçim üçün müxtəlif yolların açılması zəruri idi.

2.İnsanın təkamülü tədrici və mərhələli olduğundan, seçim şəraiti də davamlı olmalı idi. İnsana hər bir təkamül mərhələsində azad seçim edib, hətta bu seçimi dəyişmək imkanı verilmişdir.

Bu iki nöqtəyə diqqət etdikdən sonra insanın dünya həyatının incəlikləri aşkarlanır. Aydındır ki, insanın hərəkət, dəyişiklik, tədrici təkamül dünyasında mövcudluğu, xüsusi vasitə və imkanlar tələb edir. Bu vasitə və imkanların stimulu insanın təbii istəkləridir. Seçim imkanı da bu istəklərin öhdəsindədir. Doğru yol seçilərsə, insanın son kamilliyə irəliləməsində təbii istəklər mühüm rol oynayar. Demək, təbii istəklər yaranış fəlsəfəsi ilə heç bir ziddiyyətə malik deyil.

Üçüncü sual: Əgər həqiqi kamillik dünyəvi istəklərdən vaz keçib, Allaha yaxın məqama yüksəlməkdirsə, sözsüz ki, insanların böyük əksəriyyəti belə bir məqamdan məhrum qalacaqdır. Əgər həqiqi kamilliyə yalnız kiçik bir qrup insan nail ola biləcəksə, başqalarını insan adlandırmaq olarmı? Bu qədər insan əbədi əzaba düçar olacaqmı?

Cavab: Həqiqi kamilliyin müxtəlif mərhələləri vardır. Əgər ali mərtəbəyə çatmaq hamıya müəssər deyilsə, istənilən bir kəs aşağı mərtəbələrə nail ola bilər. Bu mərtəbələr Allaha iman və bəndəlik yolunda müəyyən bir addım atmaqla əldə edilir. Bütün istəklərə göz yumub yalnız Allahın razılığı yolunda çalışmaq, ali mərtəbənin şərtidir.

Sözsüz ki, hər bir mərtəbə üçün xüsusi şərtlər vardır. Məsələn, həqiqətləri kamil tanımaq və hər bir işi görə bilmə qüdrəti hər mö’minə nəsib olmur. Amma ömrünün sonunadək imanını qoruyan, günahların çoxluğu e’tiqadını əlindən almayan insanlar, əbədi səadətə qovuşacaqdır. O da mə’lumdur ki, əbədi behiştin də müxtəlif dərəcələri vardır. Hər bir insan malik olduğu mə’rifət, iman, saleh əməl və əxlaqı ölçüsündə mükafat alacaqdır.

Bu nəticəyə gəlirik ki, kamillik zirvəsini fəth edib son ilahi yaxşılığa çatmamış insan, insanlıq adından məhrum edilib əbədi əzaba məhkum edilə bilməz.

 

--------------------------------------------------------------------------------

[1] «Ənfal» surəsi, ayə 55

[2] «Ənfal» surəsi, ayə 22

[3] «Ə´raf» surəsi, ayə 179

[4] «Rum» surəsi, ayə 8

[5] «Ali-imran» surəsi, ayə 191

[6] «Ənbiya» surəsi, ayə 16

[7] «Mö’minun» surəsi, ayə 115

[8] «Nisa» surəsi, ayə 165

[9] «Zumər» surəsi, ayə 34

[10] «Zuxruf» surəsi, ayə 71

[11] «Səcdə» surəsi, ayə 17

[12] «Səbə´» surəsi, ayə 8

[13] «Bəqərə»surəsi, ayə 31

[14] «Kəhf»surəsi, ayə 65

[15] «Məryəm» surəsi, ayə 12

[16] «Məryəm» surəsi, ayə 29-30

[17] «Ali-imran» surəsi, ayə 29

[18] «Nəml» surəsi, ayə 16

[19] «Hud» surəsi, ayə 7

[20] «Ali-imran» surəsi, ayə 31

[21] «Nisa» surəsi, ayə 175

[22] «Fəcr» surəsi, ayə 28-30

[23] «Qiyamət» surəsi, ayə 24

[24] «Qiyamət» surəsi, ayə 22

[25] «Yunus» surəsi, ayə 7-8

[26] «Tövbə» surəsi, ayə 24

[27] «Mutəffifin» surəsi, ayə 15


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

NƏFSİ KƏLAM NƏYİ TƏLƏB EDİR
Hikmət nədir? Kimlərə verilir?
AĞAXANİYYƏ FİRQƏSİNİN YARANMASI
Allahın ərşı nə deməkdir
Ramazan ayının fəzilətləri
İSLAM FƏLSƏFƏSİ İLƏ TANIŞLİQ
HƏTTA PEYĞƏMBƏRLƏR DƏ HƏZRƏT MÜHƏMMƏD (SƏLLƏLLAHU ƏLEYHİ VƏ ALİHİ VƏ ...
Kəlamın möcüzəsi
Bu fəsildə ağamız və başçımız Əmirəl-möminin Əli əleyhis-salamın ...
Bizimlə eyni əqidədə olmayan qohumlarımızla necə rəftar edək?

 
user comment