Fəlsəfi məsələlər çox qədimdən araşdırılsa da, müstəqil şəkildə olmamışdır. Fəlsəfi fikirləri bütün elmlərdən ayrı və müstəqil şəkildə öyrənməyi lazım bilən ilk şəxs tanınmış yunan filosofu Aristotel1 oldu. O, bu sahadə öz nəzəriyyələrini məqalə şəklində yazmağa başlamış, lakin bu elmə heç bir ad qoymamışdı. Sonralar Aristoteldən qalan əsərləri cəm edib ensiklopediya halına gətirdilər. Yuxarıda qeyd etdiyimiz elmi sahə, yə’ni Aristotelin fəlsəfi fikirləri bu kitabda fiziki elmlərdən sonra yer tutdu. Bu elmin xüsusi bir adı olmadığı üçün onu «Metafizika», yə’ni «fiziki elmlərdən sonrakı elm» adlandırdılar. Bu ad həmin elmə ensiklopediyanın tərtibinə əsasən qoyulmuşdu. Tədricən bu məsələ unuduldu və alimlər belə bir qənaətə gəldilər ki, metafizika bu elmin mahiyyətinə əsasən meydana gəlmişdir. Belə ki, Aristotelin fəlsəfi fikirləri ilahiyyata və ümumi əqli məsələlərə aid olduğu üçün belə adlandırılmışdır. Beləliklə, metafizika öz həqiqi mə’nasını itirib, «Transfizika –fizikadan başqası» anlamını kəsb etdi. Bu məsələ ilk növbədə Avropa filosoflarının arasında meydana gəlmiş və yayılmışdır.
İsa Məsihin (ə) peyğəmbərliyindən sonra xristianlıq dininin geniş yayılması fəlsəfi fikirlər üçün yeni bir mərhələ oldu. Bu mərhələni antik fəlsəfə (Sokrat, Platon, Aristotel fəlsəfəsi) ilə xristian dini tə’limlərinin qarşılıqlı əlaqələri təşkil edirdi. Bu qarşılıqlı əlaqələr Avropa kilsələrində tədris olunan «Sxolastik fəlsəfəni» (Scholasticos) meydana gətirdi. Sxolastik fəlsəfə təhrif olunmuş Bibliya2 tə’limlərini əsas götürərək özünəməxsus bir fəlsəfi sistem yaratdı. Sxolastika nümayəndələri bu sistemi yaratmaqla Avropada yeganə fəlsəfə təmsilçisinə çevrildilər. Avropa fəlsəfəsinin ən böyük «bədbəxtliyi» də, məhz bu olmuşdur.
Sxolastika tə’limində metafizika kor-koranə şəkildə qəbul olunur, dünyanın fiziki mənzərəsi yalnız Ptolomeyin1 baxışları ilə izah edilirdi. Onlar öz tə’limləri ilə ziddiyyət daşıyan hər hansı bir nəzəriyyəni rədd edir, həmin nəzəriyyə sahiblərinə divan tuturdular. Fizika alimlərinin hələ 13-14-cü əsrlərdəki cəhd və kəşfləri sxolastikanın, xüsusilə də bu fəlsəfi cərəyan nümayəndələrinin dünyanın fiziki mənzərəsi yönündəki tə’limlərinin yanlış olduğunu aydınlaşdırırdı. Sxolastika dünyanın geosentrik sistemə tabe olduğuna inanırdı. Geosentrik sistem Ptolomey tərəfindən əsaslandırılmış antik fiziki nəzəriyyədir. Bu nəzəriyyəyə görə Yer hərəkətsiz olub kainatın mərkəzi sayılır və Günəş daxil olmaqla bütün səmavi cisimlər Yerin ətrafında dövr edirlər. Geosentrik dünya sisteminə qarşı duran nəzəriyyə Heliosentrik sistemidir. Heliosentrik sistem isə Kainatın mərkəzini Yer deyil, Günəş haseb edir. Hələ qədimdən nəzəri şəkildə söylənilmiş bu fərziyyə, nəhayət, 16-cı əsrdə polyak astronomu Nikolay Kopernik (1473-1543) tərəfindən isbat olundu. Sxolastika tə’limlərinin elmi şəkildə özünü doğrultmaması Avropada fəlsəfi fikirlərə tamamilə kölgə saldı. Bütünlükdə Avropa Sofizmə, eləcə də hər şeyə şübhə ilə yanaşmağa meyl etdi. Onlar –əgər bu gün Geosentrik tamamilə səhv bir nəzəriyyə olması isbat olundusa, digər fəlsəfi fikirlərin də yalan olmadığına zəmanət varmı? –deyə düşünürdülər.
Belə bir zamanda yeni bir təfəkkür formalaşdı. Bu təfəkkür «Empirizm fəlsəfəsindən» ibarət idi. Empirizm fəlsəfəsi hər şeyin təcrübəyə bağlı olduğunu iddia edir və insan idrakının təcrübədən kənarda olan hər hansı bir şeyi isbat etməyə qadir olmadığını söyləyirdi. Bu təfəkkür tərzinə hələ 14-cü əsrdə ingiltərəli filosof Uilyam Okkamda (1285-1349) təsadüf etmək olar (Nominalizm). Sonralar isə Empirizm fəlsəfəsi Frensis Bekon (1561-1626), Tomas Hobbs (1568-1679), Con Lokk (1632-1704) və Devid Yum (1711-1778) tərəfindən müxtəlif şəkillərdə inkişaf etdirilmişdi. Empirizm dalğası bütün Avropanı «Təcrübəyə bağlılıq» ruhuna qərq etdi.
Avropalıların fəlsəfədən şübhəyə düşdükləri bir dövrdə digər tərəfdən görkəmli fransız filosofu Rene Dekart1 yeni bir fikirlə çıxış etməyə başladı. Dekart avropalıların «şübhəsini» öz fikirlərinin əsası qərar verdi. O şübhənin mövcudluğunu həqiqətin mövcudluğuna dəlalət edən başlıca amil hesab edirdi. Sonralar Dekart öz fəlsəfəsini «Goqito erqo sum – düşünürəmsə, deməli mövcudam» prinsipi üzərində sistemləşdirdi. Dekartın bu prinsipində yanlış məqamların olduğunu ikinci fəsildə açıqlayacağıq. Lakin qeyd etmək lazımdır ki, bu filosofun Sofizm cərəyanından olan müasirləri ilə mübarizəsindəki nailiyyətləri inkarolunmazdır. Dekart riyaziyyatda analitik həndəsənin, kosmoqoniyada Günəş sisteminin təbii inkişafının, fiziologiyada reaksiyaların reflektor hadisəsinin ilk elmi təsvirlərinin banisi sayılır. Onun məhz bu elmi nüfuzu öz fəlsəfəsinin vüs’ət tapmasında mühüm rol oynamışdır.
Müasir Avropa fəlsəfəsinin formalaşması haqda danışarkən İmmanuil Kantın1 da rolunu qeyd etmək lazımdır. Onun klassik alman idealizminin yaranmasında da xüsusi xidmətləri olmuşdur. Kant fəlsəfəsi özünün tənqidi çıxışları ilə fərqlənmişdir. Bu fəlsəfəyə tənqidi fəlsəfə (critical philosophgy), yaxud transsendental idealizm deyilir. Kant empirizm dalğasından, başqa sözlə desək «Təcrübəyə bağlılıq» ruhundan tam xilas ola bilməmişdi. Bununla belə o, metafizikaya, xüsusilə də Allaha inanmağın zəruri olduğunu deyirdi. Yalnız, Kant təcrübədən kənarda qalan bu varlıqların dərkolunmazlığını iddia edirdi. Bu filosofa görə bizim hiss üzvləri ilə dərk edə bilmədiyimiz şeylər «özündə şey» sayılmalıdır. «Özündə şey» isə dərkolunmazlıqdır.
Bir müddət sonra Kant idealizmi məşhur filosof Georq Vilhem Fridrix Hegel2 tərəfindən inkişaf etdirildi. Hegel alman idealizminin əsas nümayəndələrindən sayılır. O, materiyanın deyil, ruhun əsas və birinci olduğuna inanırdı. Lakin Hegelin varlıq barədə sistemləşdirdiyi tə’lim, həqiqəti bir növ inkar etmək idi. Bu tə’lim thesis-antithesis-synthesis kimi formalaşan «inkarı inkar qanunu» idi. Bu qanun iki əks şeyin vəhdətini tərənnüm edir. Bu vəhdət, həm də mübarizədir. İki əks şey bir-biri ilə mübarizə edir və nəticədə şey öz əksini «inkar» edərək məhvə mə’ruz qoyur. Lakin bu elə məhvdir ki, ondan inkarı inkar edən üçüncü bir şey törəyir. Deməli, birinci şey – thesis, ikinci onu inkar edən əkslik – antithesis və nəhayət yaranmış üçüncü şey, inkarı inkar edən – synthesis -dir. Hegelin bu təfəkkürü 19-cu əsrdə «Sol hegelçilər»in meydana gəlməsinə səbəb oldu. Onların lideri Karl Marks1 idi. Marks, Hegelin idealizmini darmadağın edərək radikal bir materializmin bünövrəsini qurdu. Qeyd etmək lazımdır ki, Hegelçiliyin materialistcəsinə təhlil olunmasında, Marks, bilavasitə alman ateisti Lüdviq Feyerbaxın2 müstəsna tə’siri altında olmuşdur. Marks Hegelin «inkarı inkar qanunundan» daha kəskin və ateist nəticələr çıxarmışdı. O, bu qanunu ümumiləşdirərək dialektika və tarixi materializmin əsasını qoydu. Dialektika və tarixi materializmə görə iqtisadi amillər hər hansı bir cəmiyyətdə onu inkar edən əkslik rolunu oynayır. Bu əksliyin həmin cəmiyyəti inkar etməsindən yeni bir cəmiyyət meydana gəlir. Marks bu qanuna əsasən, inkişaf etmiş bütün kapitalist cəmiyyətlərinin sosializmə keçəcəyini düşünürdü. Biz Marksizmin nə qədər gülünc bir nəzəriyyə olduğunu «Sosializm, Kapitalizm və İslam iqtisadiyyatı» kitabında bəyan edəcəyik.
Kantdan başlayaraq Almaniyada idealizmin formalaşdığı bir dövrdə Fransa filosofları «təcrübəyə doğru geriyə» şüarını irəli sürdülər. Bu, yaranmaqda olan yeni bir təfəkkürün, «Pozitevizm fəlsəfəsi»nin şüarı idi. Pozitevizm fəlsəfə və metafizikaya qarşı daha «qəddar» mövqe tutmuşdu. Bu məktəbə görə, ümumi əqli məsələlərdən bəhs edən fəlsəfə və metafizika adlı heç bir şey yoxdur. Pozitevizmin banisi Ogüst Kont3 sayılır. İngiltərədə isə bu fikri inkişaf etdirən və vüs’ət almasına kömək edən Herbert Spenser1 olmuşdur. Pozitevizmin metafizikaya qarşı radikal mövqeyi Avropa fəlsəfəsində daha dərin böhran yaratmışdır.
Müsəlmanların fəlsəfİ baxışları
İslam dininin zühur etdiyi gündən müsəlmanlar arasında fəlsəfi fikirlər mövcud olmuşdur. Belə ki, «Qur’ani-Kərim» öz İlahi də’vətində insanları əqli nəticələr vasitəsilə metafizikaya, Allaha, mələklərə və Axirət gününə inam bəsləməyə səsləyirdi. Lakin fəlsəfə müsəlmanlar arasında xüsusi bir elm şəklində VIII əsrdən e’tibarən geniş yayılmağa başladı. Bu bir tərəfdən müsəlmanların sıralarında ilahiyyat məsələləri ilə bağlı ciddi ixtilafların baş qaldırdığı, digər tərəfdən isə Abbasi xəlifələrinin yunan, hind və iran fəlsəfə kitablarını ərəb dilinə tərcümə etdirib, geniş yaydıqları zamana təsadüf edir. Hələ ilkin mərhələlərdən başlayaraq, İslam alimləri bütün əqli elmləri fəlsəfə kimi tanıyırdılar. Onlar tarix, ədəbiyyat, dilçilik, təfsir, hədis, üsul və fiqh kimi nəqli elmləri çıxmaq şərti ilə ilahiyyat, cəbr, həndəsə, astronomiya və musiqi kimi bütün əqli elmləri fəlsəfənin tərkib hissəsi hesab etmişlər.Bu baxımdan, fəlsəfə ümumi bir elm olduğundan onun üçün xüsusi bir tə’rif və mövzu göstərilməmişdir. Bu mərhələdə İslam mütəfəkkirləri fəlsəfəni aşağıdakı hissələrə bölmüşlər:
1.Nəzəri fəlsəfə; Bu növ fəlsəfə əşyanın olduğu kimi tədqiqinə varır, onun malik olduğu kəmiyyət və keyfiyyətləri araşdırır. Nəzəri fəlsəfə də öz növbəsində üç hissədən ibarətdir:
a) İlahiyyat; ali təbəqəli fəlsəfə. Bu fəlsəfənin mövzusu ümumi şəkildə varlıqdır. Başqa sözlə desək, bu fəlsəfə var olan hər bir şeyin kim və ya nə olduğundan asılı olmayaraq, ümumilikdən söhbət açır. Demək, bizim düşündüyümüzün əksinə olaraq «İlahiyyat» fəlsəfəsi, təkcə «Allahın» varlığından danışmır. Lakin «Allah» məfhumu bu elmin ən ali mövzusu olduğu üçün «İlahiyyat» adı ilə tanınmışdır.
b) Riyaziyyat; orta təbəqəli fəlsəfə. Bu fəlsəfə isə əşyaya hakim olan riyazi qanunlardan bəhs edir. Cəbr, Həndəsə və Musiqi1 elmləri bu hissənin əsas bölümləridir. Cəbr ədədlərə, Həndəsə xətlərə, Musiqi isə səs və notlara hakim olan riyazi qanunları təsdiq edir. Bu elmlərin əsas və ortaq olmaq şərti ilə iki xüsusiyyəti var. Əvvəla, burada qanunların şamil olduğu mövzular yalnız xarici aləmdə müəyyən maddi predmetə bağlanır. Zehni təsəvvürdə isə onları müəyyən maddi predmetə bağlamaq zəruri deyil; məsələn: 3, 5, 10 rəqəmləri xarici aləmdə, yalnız maddi predmetlərin (ağac, ev, daş və s.) əsasında özlərini göstərirlər. Zehni təsəvvürdə isə bu zərurət aradan gedir. İkinci xüsusiyyət isə bu elmlərdə qanunların riyazi və dəyişməz olmasıdır.
v) Təbii və fiziki elmlər; aşağı təbəqəli fəlsəfə. Bu hissəyə aid olan fəlsəfə əşyanın təbii və fiziki fəlsəfələrini araşdırır. Fizika, kimya, fiziologiya, biologiya və s. kimi elmlər buraya daxildir.
2.Əməli fəlsəfə, yaxud əxlaq və hüquq fəlsəfəsi; bu fəlsəfə insanın əməl və hərəkətləri haqda söhbət açır, rəftarının yaxşı və ya pis olduğunu açıqlayır. Bu növə Əxlaq, Ailə hüquqları, Hüquq və Siyasət daxildir.
Müsəlman alimləri fəlsəfənin növləri arasında nəzəri fəlsəfənin birinci hissəsinə, yə’ni «İlahiyyat»a tədricən daha çox üstünlük verməyə başladılar. İslam filosofları bu elmlə daha ətraflı maraqlanır, nəzəriyyələr irəli sürürdülər. Beləliklə, əvvəllər ümumi ad olaraq bütün əqli elmləri şamil edən fəlsəfə müsəlmanlar arasında «İlahiyyat» kimi qəbul olundu.
Qeyd etdiyimiz kimi, «İlahiyyat» varlıq aləmini qeydsiz-şərtsiz araşdırır. Bu elmin mövzusu konkret şəkildə nə maddə, nə də metafizikadır. Varlığın, yaxud «vücudun» ümumi qanunları, xüsusiyyətləri və s. bu elm vasitəsilə açıqlanır. Yə’ni, misal üçün hər hansı bir maddəni götürsək, onunla bağlı olan «səbəbiyyət» qanunu bizim üçün aşkarlanar. Burada söhbət maddənin bir nəticə kimi hansı səbəbdən vücuda gəlməsi, yaxud da bir səbəb kimi hansı nəticələr doğurmasından gedir. Bu qanunun (Səbəbiyyət) həmin maddəyə hakim olması onun maddə olduğundan irəli gəlmir. Sadəcə, maddənin «mövcud olması» onun bu qanunla əlaqəli olduğunu açıqlayır. Lakin bu maddənin qeyri-üzvi, elastik və radioaktiv olub-olmaması, bilavasitə onun maddə olması ilə bağlıdır. Beləliklə, birinci qanun (Səbəbiyyət) fəlsəfənin, sonrakılar (qeyri-üzvilik, elastiklik, radioaktivlik) isə fizikanın mövzularıdır.
Məşşaİ fəlsəfəsİ
XI-XII yüzilliklərdən başlayaraq İslam filosofları iki əsas fəlsəfi cərəyana ayrılmağa başladılar. Bunlardan biri «Məşşai fəlsəfəsi» idi. «Məşşai» sözü yeriyən deməkdir. Bu söz Aristotelin davamçılarını özündə cəm etmiş «Peripatetik» (yunanca: perepateo - gəzişirəm, yeriyirəm) məktəbdən götürülmüşdür. Bunu Aristotelin Likey xiyabanlarında gəzişərək fəlsəfi mühazirələr söyləməsi ilə izah edirlər. Məşşai fəlsəfi cərəyanının önündə şərqin görkəmli filosofu İbn Sina1 durur. İbn Sina Farabidən sonra Aristotel nəzəriyyələrinə varis çıxan ən böyük filosof sayılır. Onun sistemləşdirdiyi Məşşai fəlsəfəsinin əsas xüsusiyyəti həqiqətin kəşf olunmasında yalnız əqli yollara istinad etməsindən ibarətdir. Məşşai filosofları hesab edirlər ki, həqiqətin kəşf olunması üçün əqli sübutlar kifayət edir. Bunun üçün həqiqət axtaranın əməli mərhələlər keçməsi, ruhunu paklaşdırması zəruri deyildir.Məşşai fəlsəfəsi İslam dünyası üçün mütləq bir fəlsəfə sistemləşdirə bilməsə də, müsəlmanlar arasında uzun əsrlər boyu hakim fəlsəfi nəzəriyyə olmuş və geniş yayılmışdır. Bu fəlsəfənin Bəhmənyar ibn Mərzban2, Nəsirəddin Tusi1, İbn Bacə2 kimi görkəmli nümayəndələri olmuşdur.
İşraq fəlsəfəsİ
İbn Sinadan başlayaraq Məşşai fəlsəfəsinin sistemləşərək genişləndiyi bir dövrdə yeni bir fəlsəfi cərəyan zühur etdi. Bu fəlsəfi cərəyana görkəmli Azərbaycan filosofu Şihabəddin Sührəvərdi1 başçılıq edirdi. Sührəvərdi həm Platonun2, həm də Aristotelin fəlsəfi fikirləri ilə tanış idi. O, yaratdığı fəlsəfəyə «İşraq fəlsəfəsi» (intuitiv fəlsəfə) adını vermişdi. Sührəvərdiyə görə həqiqətin kəşf olunması üçün iki yolun mövcudluğu zəruridir:1.Aşkar əqli dəlillər, isbat və istidlallar (deduksiyalar3).
2. Əməli mərhələlər keçərək ruhun paklanması ilə İlahi nurdan kömək almaq.
İşraq sözünün mə’nası «Nur saçmaq» deməkdir. Cərəyanın «İşraq» adlandırılması həqiqətin kəşf olunmasında Sührəvərdinin zəruri bildiyi İlahi nurla əlaqədardır. O, bütün mövcudatı nur və zülmətdən ibarət bilirdi. Sührəvərdiyə görə nur ilə zülməti seyr etmək və nəhayət, nurlar-nuru Allahı tapmaq lazımdır. İşraqilər özlərini Platonun varisləri hesab edirlər. Məşşai və İşraq fəlsəfi cərəyanları arasında ən əsaslı ixtilaf işraqilərin həqiqəti kəşf etməkdə zəruri bildikləri ikinci şərtdir (ruhun paklanması). Lakin Aristotel ilə Platon arasında, məhz bu məsələdə, fikir ayrılığı olduğunu heç kəs sübut edə bilməmişdir.
XX əsrin görkəmli filosofu şəhid Mürtəza Mütəhhəriyə1 görə bu iki filosof arasında qeyd etdiyimiz məsələ barəsində ixtilaf olmamışdır. İşraqilərin lideri Şihabəddin Sührəverdi zəmanəsinin sufiləri ilə sıx əlaqədə olduğu üçün ruhun paklanması şərtini öz cərəyanına daxil etmişdir. Tarixdə bu iki filosof arasında mübahisə mövzusunda sübuta yetmiş yalnız bir məsələ vardır ki, bu da Platonun «İdeyalar» nəzəriyyəsinin Aristotel tərəfindən qəbul olunmamasıdır. «İdeyalar» nəzəriyyəsində bizim müşahidə etdiyimiz aləmdən başqa digər bir aləmin də olduğundan söhbət açılır. Platon gördüyümüz hər bir şeyin əsl həqiqətinin həmin aləmdə yerləşdiyinə inanırdı. Bu aləm «İdeyalar» aləmi adlanır. Filosof hər bir mövcudun kökünü o aləmdə axtarır, insanın, əvvəlcə orada olub sonra isə bu aləmə gəldiyini və hər mə’lumatı orada öyrənib, sadəcə bu aləmdə hər şeyin təkrar olduğunu bildirirdi. Aristotel isə bütün bunları inkar edir və aləmin kökünü nous– nus deyilən vahid qüvvə və imkanda görürdü.
--------------------------------------------------------------------------------
1Aristotel –eramızdan әvvәl 384-322-ci illәrdә yaşamış yunan filosofu. Şәrqdә Ərәstu kimi tanınmış bu mütәfәkkir Afinada Platonun mәktәbindә oxumuşdur. Mәntiq elminin banisi sayılır.
2Bibliya – yunan dilindә kitablar demәkdir. Yәhudilik vә xristianlığa aid kitablar külliyatı –50 kitab әhdi-әtiq yәhudi tә’limlәri, 27 kitab әhdi-cәdid xristianlıq tә’limlәrini әhatә edir.
1 Ptolomey –eramızdan әvvәl 2-ci әsrdә yaşamış yunan filosofu. Geosentrik dünya sistemi nәzәriyyәsinin banisi sayılır.
1Rene Dekart –1596-1650-dә yaşamış fransız mәnşәli filosof, riyaziyyatçı, fizik vә fizioloq. Niderlandda 20 il tәhsil almışdır. Ən böyük uğuru analitik hәndәsәni yaratmasıdır. Hәndәsәdә absis vә ordinat oxlarını müstәvi üzәrindә ilk dәfә tәtbiq etdiyi üçün bu koordinatlar Dekart koordinatları adlanır.
1İmmanuil Kant –1724-1804-dә yaşamış Alman filosofudur. Köniqsberqdә anadan olmuş, klassik alman idealizmini yaratmışdır. Kosmoqoniyada kainatın dumanlıqdan yaranmasını iddia edәn «Nebulyar» hipotezini irәli sürmüşdür.
2Georq Vilhelm Fridrix Hegel – 1770-1831-dә yaşamış Alman filosofu. Klassik idealistlәrdәn sayılır.
1Karl Marks – 1818-1883-dә yaşamış, mәşhur materialist filosof, tarixi materializm-marksizmin banisi. İnqilabi fikirlәrindә proletar fәhlә sinifinin müdafiәsi mövqeyindәn çıxış etmişdir. Ən mәşhur әsәri siyasi-iqtisadla bağlı olan «Kapital» kitabıdır.
2Lüdviq Feyerbax – 1804-1872-dә yaşamış alman mәnşәli materialist vә ateist filosof . Hegel fәlsәfәsinin materializmә yönәldilmәsindә әvәzsiz rolu olmuşdur. Ateist baxışlarına görә 1830-cu ildә Erlangen universitetindәn qovulmuşdur.
3Ogüst Kont –1798-1857-dә yaşamış fransız filosofu. Mәşhur fransız sosialisti, inqilabçı Sen-Simonun(1760-1825) katibi olmuşdur.
1Herbert Spenser –1820-1903-dә yaşamış ingilis filosofu, Pozitevizmin banilәrindәn biri sayılır.
1Musiqi hәlә qәdim zamanlardan filosofların diqqәt mәrkәzindә olmuşdur. Sәslәrin hormonik rәqslәri müasir fizikada da öz әksini tapmışdır. Pifaqorçular öz fәlsәfi tә’limlәrindә musiqiyә geniş yer vermişlәr. Deyilәnlәrә görә «ikinci müәllim» lәqәbi ilә tanınmış mәşhur filosof Əbu Nәsr Fәrabi(870-950) musiqini fövqәl’adә şәkildә mәnimsәmiş, musiqi vasitәsilә qarşı tәrәfin psixoloji durumunu duymağı vә ona istәnilәn psixoloji vәziyyәti aşılamağı bacarmışdır.
1İbn Sina –Əbu Əli Hüseyn İbn Abdullah 980-1037-ci illәrdә Orta Asiya vә İranda yaşamışdır. Latınlaşdırılmış adı Avissena olan bu filosof, hәm dә misilsiz tәbabәt alimi olmuşdur. Mәşşai fәlsәfәsinin banisi sayılır. Onun Aristotel fәlsәfәsinin geniş yayılmasında mühüm rolu olmuşdur. İbn Sinanın «Biliklәr kitabı», «Şәfa», «İşarat», «Tibb elminin qanunu» vә s. kitabları dünya şöhrәti qazanmışdır.
2Bәhmәnyar ibn Mәrzban – XI әsrdә yaşamış Azәrbaycan filosofudur. İbn Sinanın elminә yiyәlәnmiş әn iste’dadlı şagirdidir. Onun yazmış olduğu «Tәhsil», «Metafizikanın mövzusu», «İzahat», «Mövcudatın mәrtәbәlәri» vә başqa kitabları dünyanın bir çox dillәrinә tәrcümә olunub çapdan çıxmışdır.
1Nәsirәddin Tusi – Mәhәmmәd ibn Hәsәn 1201-1274-ci illәrdә yaşamış dahi Azәrbaycan filosofudur. Riyaziyyat, Astronomiya, Minerologiya, tәbabәt elmlәri sahәsindә әvәzsiz xidmәtlәri olmuşdur. Marağa Astronomiya Rәsәdxanasını tә’sis etmişdir. Nәsirәddin Tusi e’tiqad bәslәdiyi imamiyyә(şiә) әqidәlәrini fәlsәfi şәkildә «Tәhzibul-Kәlam» kitabında açıqlamışdır. İbn Sinanın «İşarat» kitabına gözәl şәrh yazmış bu İlahi filosofun onlarla qiymәtli kitabı günümüzәdәk elm ocaqlarında tәdris olunur.
2İbn Bacә –Əbu Bәkr Mәhәmmәd ibn Yәhya 1070-1139-cu illәrdә yaşamış әrәb filosofu, Fizika, riyaziyyat, astronomiya, tәbabәt vә musiqiyә dair bir çox mәqalә vә kitabların müәllifidir.
1Şihabәddin Sührәvәrdi –Yәhya ibn Hәbәş –1154-1191-ci illәrdә yaşamış Azәrbaycan filosofudur. Fәlsәfә vә sufiliyә dair 50-dәn çox әsәrin müәllifidir. Əqidәsi uğrunda qәtlә yetirilmiş vә «Öldürülmüş filosof» adı ilә dillәrә düşmüşdür.
2Platon –eramızdan әvvәl 428-348-dә yaşamış dahi yunan filosofudur. Sokratın şagirdi, Aristotelin müәllimi hesab olunur. 30-dan artıq fәlsәfi әsәri qalmışdır.
3Deduksiya –düşünmәk prosesindә ümumidәn xüsusiyә getmә, yekun çıxarma.
1Şәhid Mürtәza Mütәhhәri –XX әsrin görkәmli filosofu, fәqih vә sosioloqudur. Çoxlu sayda mәqalә vә kitabları çapdan çıxmışdır.