Azəri
Monday 30th of December 2024
0
نفر 0

İSANIN (Ə) ZÜHUR ETDİYİ ƏSR


Ulul-əzm və şəriət sahibi olan peyğəmbərlər həmişə elə bir dövrdə peyğəmbərliyə çatırdılar ki, bəşər cəmiyyətləri müxtəlif cəhətlərdən azğınlığa və tənəzzülə doğru getsin; haqqın ayırd edilməsi mümkün olmasın. Yaxud elə bir vaxtda seçilirdilər ki, əvvəlki şəriətlər dünyapərəst və mənfur şəxslərin sui-istifadəsinə məruz qalır, onların dəxaləti nəticəsində azğınlığa çəkilir və ilahi kitablar təhrif edilirdi.
Həzrət İsa (ə) da belə bir şəraitdə peyğəmbərliyə seçilmişdir. Belə ki, əvvəlki ilahi şəriət yə’ni, həzrət Musanın şəriəti iki cəhətdən təhrif və tənəzzülə mə’ruz qalmışdı. Birincisi, yəhudi alimlərindən ibarət olan Əhbarlar tərəfindən təhrif edilirdi. Yəhudiliklə əlaqədar olan bəhslərdə qeyd etdiyimiz kimi, özünü Əhbar və Rəbbani adlandıran yəhudi alimləri həzrət Musanın be’sətindən onlarla il keçdikdən sonra yəhudilərin müqəddəs kitabını yazmağa başlamış və Allahın kitabına bir çox şeylər artırmışlar; bundan əlavə, Allahın kitabında (Tövrat) ürəkləri istədiyi kimi dəyişikliklər etmişlər. Qur’an bu həqiqəti dəfələrlə xatırladaraq buyurur:
«Yəhudilərdən bir qismi (Tövratdakı) sözlərin yerini dəyişib təhrif endir və dillərini əyərək dinə (islama) tə’nə vurmaq məqsədilə (sənə qarşı): «Eşitdik və qəbul etmədik...».
Başqa bir ayədə buyurulur:
«O özlərinə zülm edənlər onlara deyilən (əmr olunan) sözü dəyişdirdilər («Bizi bağışla» mə’nasında işlədilən «hittə» sözünə gülərək onu «buğda» mə’nasında olan «Hintə» sözü ilə əvəz etilər). Biz də o zalimlərə etdikləri haqsızlığa görə göydən şiddətli əzab göndərdik.
Başqa bir ayədə isə belə buyurulur:
«(Ey mö’minlər!) İndi onların (yəhudilərin) sizə inanacaqlarına ümidmi edirsiniz? Halbuki (Musa dövründə) onların içərisində elələri vardır ki, Allahın kəlamını (Tövratı) dinləyib anladıqdan sonra, onu bilə-bilə təhrif edirdilər.»
Digər bir ayədə buyurulur ki, yəhudi alimləri Allahın kitabını öz istədikləri kimi yazırdılar:
«Vay o şəxslərin halına ki, öz əlləri ilə (istədikləri kimi) kitab (Tövrat) yazıb, sonra (onun müqabilində) bir az pul almaqdan ötrü: Bu Allah tərəfindəndir – deyirdilər. Öz əlləri ilə (təhrif olunmuş) kitab yazdıqlarına görə vay onların halına! Qazandıqları şey üçün vay onların halına.»
Qur’anın yəhudilər barəsində ifşa etdiyi digər bir gerçəklik də onların Tövratda olan həqiqətləri gizlətməsi və yalnız onun cüz’i bir miqdarını aşkar etməsidir. (Onlar yalnız Əhbarların mənafeyi ilə uyğun gələn hissələri aşkar edirdilər).
«...De ki: Musanın insanlara bir nur və hidayət yol olaraq gətirdiyi kitabı (Tövratı) kim nazil etmişdir? Siz onu vərəqlərə yazıb göstərir, bir çoxunu da gizlədirsiniz...»
Yəhudi alimlərinin bu kimi təhrifləri nəticəsində insaniyyətə böyük zərbə dəydi; hidayət və nur mənbəyi olan kitab mövhumat və xurafatlarla dolduruldu; ilahi peyğəmbərlərə yaramaz, əxlaqsız və nalayiq nisbətlər verildi. Bunlardan daha dözülməz olan işlər qarşıya çıxdı; onlar bu kimi üzdəniraq xüsusiyyətləri Allaha da aid etdilər. Allahın kitabı Bəni-İsrail qövmünün tarix kitabına və onların sərgüzəştlərini əks etdirən dastanlar məcmuəsinə çevrildi. Bu iş elə bir səviyyədə aparıldı ki, yəhudi böyükləri müqəddəs kitabın mühüm əqidəvi bəhslərini, o cümlədən məad və sair əqidələr barədə olan mətləbləri oradan çıxartdılar. Bütün bu təhriflər azmış kimi, yəhud qövmünün firqələrə parçalanması ilə müqəddəs kitabın nüsxələrində də ixtilaflar yarandı; firqələrdən hər biri kitabın bir hissəsini azaldıb-artırır, digər hissələrini isə rədd və ya qəbul edirdilər.
Bu kimi işlər nəticəsində şəriətin qorunması və ilahi hökmlər üçün müəyyən bir me’yar təyin edilməsi mümkün olmadı; düzgün və haqq əqidənin tə’yin edilməsi üçün heç bir imkan qalmadı ki, əgər Allahın bəndələri həqiqət və qurtuluş yolu ilə getmək istəsələr, heyrət və sərgərdançılığa düçar olmasınlar. Belə bir vəziyyət şəriət sahibinə malik olan digər bir peyğəmbərin zühurunu tələb edirdi.
İkinci cəhət romalıların istilası idi. Miladdan 63 il qabaq Fələstin ölkəsi Roma imperatorluğu tərəfindən işğal edildi. Romalılardan əvvəl yunanlar da Fələstini işğal etmişdilər. Yunanıstan elm, mədəniyyət və svilizasiya mərkəzi olduğundan, ora elmi-mədəni şəxsiyyətlər tərəfindən idarə olunduğundan Fələstin əhalisi nisbətən dinc şəraitdə və müəyyən qədər ədalətli şəraitdə yaşaya bilirdi. Amma romalılar Fələstini istila etdiyi vaxt yerli əhaliyə divan tutdu və camaatın çoxu başqa ölkələrə köçməyə məcbur oldu.
Həzrət İsa (ə)-ın təvəllüdü ilə eyni zamanda romalılar tərəfindən Fələstinə padşah tə’yin edilən Herodosi Kəbir vəfat etdi. Onun üç oğlu var idi. Herodosun ölümündən sonra Fələstin ölkəsi üç oğulun arasında bölüşdürüldü. Yəhudiyyə, Samirə və İumiyyə hissələri böyük oğul Yerusəlimə çatdı, Cəlil gölü və Hərya ikinci oğul Herodos Antipasa düşdü; Cəlil gölünün şimalı isə kiçik oğul Flippə aid edildi. Ölkənin bölüşdürülməsi və bunun ardınca üç qardaşın yerli camaatla kəskin və amansız rəftarları nəticəsində Fələstində hərc-mərclik yarandı; nəticədə ictimai-siyasi böhranlar hər tərəfi bürüdü.
Belə bir şəraitdə təbiidir ki, yəhudi qövmü məğlub edilmişdi və yadların təzyiqləri altında olan qövm kimi çox ağır və dözülməz şəraitdə yaşayırdı; onlar mütəmadi olaraq həzrət Məsihin zühurunu gözləyirdilər. Yəhudilərin müqəddəs kitabının bir neçə yerində həzrət Məsihin zühuru müjdəsi verilmişdi. O cümlədən, Davudun Məzamirində, ikinci məzmurda 2-7-ci ayələr; Əş’iya Nəbi peyğəmbərin kitabının 9-cu fəslinin 6-cı ayəsində; Həzqil peyğəmbərin kitabının 32-ci fəslinin 23-cü ayəsində və 37-ci fəslin 32-ci ayəsində qeyd olunub.
Buna görə də həzrət Məsihin zühur etməsi yəhudilər üçün əvvəlcədən mə’lum və məqbul bir məsələ idi. Onlar inanırdılar ki, Məsih Bəni-İsrail qövmündəndir və bu qövmün xilası üçün zühur edəcəkdir. Buna görə də ən ağır və böhranlı şəraitlərdə onun intizarını çəkirdilər. Belə bir şəraitdə həzrət Məsih (ə) Fələstin diyarında Bəni-İsrail qövmü arasında dünyaya gəlib peyğəmbərliyə seçildi.
HƏZRƏT İSA (Ə) VƏ MƏRYƏM
Bu dərs Qur’ani-Kərimin və İncilin həzrət İsa (ə) və onun anası həzrət Məryəm (ə) haqda buyurduqlarına, eləcə də o iki böyük şəxsiyyətin təvəllüd və be’sətinə həsr edilmişdir.
QUR’AN NÖQTEYİ-NƏZƏRİNDƏN HƏZRƏT MƏRYƏM (Ə)
Qur’ani-kərim Məryəmin anası və İmranın həyat yoldaşının nəzr əhvalatını belə bəyan edir: İmranın həyat yoldaşı Məryəmə hamilə olduğu zaman nəzr etmişdi ki, oğul dünyaya gətirərsə onu Allah dininə xidmətçi vəqf etsin».
«(Ya Məhəmməd!) İmranın zövcəsinin (Hənnənin): «Ey Rəbbim, bətnimdəkini Sənə xidmətkar (qul) olmaq üçün nəzir edirəm. (Bu nəziri) məndən qəbul et! Əlbəttə, Sən eşidən və bilənsən!» - dediyini xatırla.»
Amma övladını dünyaya gətirəndən sonra onun qız olduğunu gördü, kədərləndi; həsrətlə öz nəzrinin yerinə yetirilməsində nakam qaldığını güman edib Allahla belə razi-niyaz etdi:
«Onu (bətnindəkini) doğduğu zaman: «Ey Rəbbim! Mən qız doğdum», - söylədi. Halbuki Allah onun nə doğduğunu və oğlanın qız kimi olmadığını yaxşı bilirdi. Hənnə: «Mən onun adını Məryəm qoydum, Məryəmi və onun nəslini məl’un (daşqalaq olunmuş) Şeytandan (Şeytanın şərindən) Sənə tapşırıram» - dedi.»
Beləliklə, aydın olur ki, Allah-taala Məryəmi ilk əvvəldən Öz diqqətində saxlamış və seçilmiş bir qadın kimi Öz mərhəmətinə layiq görmüşdü. Çünki, qeyd olunan ayələrin davamında Məryəm üçün gözəl tə’lim-tərbiyə və inkişaf nəzərdə tutulmuşdur.
«Belə olduqda, Rəbbi Məryəmi yaxşı qəbul etdi, onu gözəl bir fidan kimi böyütdü və Zəkəriyyaya tapşırdı. Zəkəriyya hər dəfə Məryəmi ibadət etdiyi mehraba girdikdə, onun yanında bir ruzi olduğunu görərdi. (Zəkəriyya): «Ya Məryəm, bunlar sənin üçün haradandır?» - dedikdə, o,: «Allah tərəfindəndir!» - deyə cavab verərdi. Həqiqətən, Allah istədiyi şəxsə hədsiz ruzi verər!»
Qur’ani-kərim nöqteyi-nəzərindən həzrət Məryəm xüsusi nəzarət altında və ilahi mərhəmət sayəsində inkişaf edib, Allah tərəfindən onun üçün göndərilən behişt ne’mətlərindən bəhrələnmiş, öz Rəbbinə ibadət etməklə ruhi-mə’nəvi yüksəlişə çatmış və pakizə olmuşdur. O, Allahın seçilmiş bəndəsi olsun deyə, Zəkəriyya kimi ilahi peyğəmbərin nəzarəti altında böyümüşdü. Çünki o, gələcəkdə həm özü Allah nişanələrindən biri olacaq, həm də ən böyük ilahi şəxsiyyətlərdən birini, yə’ni, həzrət İsanı dünyaya gətirəcəkdi. Məhz buna görə də Allah-taala Qur’ani-kərimdə həzrət Məryəm barəsində belə buyurur:
«(Ya Məhəmməd!) Xatırla ki, bir zamanlar mələklər belə demişdilər: «Ya Məryəm, həqiqətən Allah səni seçmiş, (eyblərdən) təmizləmiş, (cəmi) aləmlərin qadınlarından üstün tutmuşdur.»
Başqa bir yerdə buyurulur:
«Məryəm oğulu (İsanı) və (bakirə) anasını (qüdrətimizdən yaranmış) bir mö’cüzə etik».
QUR’AN NÖQTEYİ-NƏZƏRİNDƏN HƏZRƏT İSA (Ə)
Qur’ani-Kərimdə həzrət Məryəmin, ilahi ruhun üfürülməsi nəticəsində İsaya hamilə olması və İsanın təvəllüdünün necəliyi barədə bir neçə ayə nazil olmuşdur. O cümlədən, “Məryəm” surəsində buyurulur ki, Məryəm öz qohum-əqrəbasından ayrılıb şəhərdən çıxaraq şərq istiqamətində bir nöqtəyə getdiyi zaman Ruhul-qudus bəşər sifətində onun yanında zahir oldu. Pak bir qadın olan Məryəm əvvəlcə ondan qorxub Allaha pənah apardı. Ruhul-qudus dedi ki, mən Allahın göndərdiyi şəxsəm; gəlmişəm ki, sənə pak bir övlad əta edəm. Məryəm soruşdu ki, heç bir kişi ilə təmasda olmadığım və özüm də iffətli bir qadın olduğum halda, oğlan uşağına sahib olmağım necə mümkündür? Cavab verildi ki, bu iş hökmən olacaq və Allah üçün bu iş çox asandır. Biz istəyirik ki, onu camaat üçün ilahi bir nişanə və öz tərəfimizdən rəhmət qərar verək. Nəhayət həzrət Məryəm İsaya hamilə oldu; təvəllüdü yaxınlaşdığı zaman ailəsindən uzaqlaşıb bir ağacın altına getdi və övladını dünyaya gətirdi. İsa (ə) doğulduğu anlarda doğuşun ağrısından qıvrılan anasına toxtaqlıq verib deyir ki, Allahın sənin ayaqların altında bir çeşmə qaynatmışdır; quru xurma ağacını tərpət ki, sənin üçün təzə tər xurma tökülsün. Xurmadan ye və bulağın suyundan iç və öz gözünü (övladına görə) aydın et.
Allah-taala Qur’ani-kərimdə İsanı Allahın bəndəsi hesab edir. Onu ilahi ayə və nişanə hesab edərəkbildirir ki, İsa dünyada və axirətdə böyük məqam sahibidir; ilahi dərgaha yaxın olanlardandır. Allah-taala onu Bəni-İsrailin sui-qəsdindən və hiylə və məkrindən amanda saxlamışdır.
Həzrət İsa (ə) uşaqlıq çağlarının əvvəlindən peyğəmbərliyə seçilir. Həzrət Məryəm övladını götürüb şəhərə gətirmək istədiyi zaman Allah tərəfindən ona əmr olunur ki, sükut etmək orucu tutsun və camaatla danışmasın. Ondan bir şey soruşulduqda həzrət İsanı göstərsin; cavab verməyi körpənin öhdəsinə qoysun. O, öz qövmünün yanına qayıtdığı zaman ondan, tə’nə vuraraq, atasız övladın necə dünyaya gəlməsini soruşduqda, İsanı göstərir və işarə ilə ondan cavab almalarını başa salır. Camaat deyir:
«...Beşikdə olan uşaqla necə danışaq?»
Bu zaman həzrət İsa (ə) özü cavab verir:
«...Mən, həqiqətən Allahın quluyam. O mənə kitab (İncil) verdi, özümü də peyğəmbər etdi».
Bütün ilahi peyğəmbərlər həmişə mö’cüzə və nişanələrlə peyğəmbərliyə seçildiyindən, Allah-taala İsa peyğəmbər barəsində buyurmuşdur ki, onun özünü və anasını ayət və nişanə qərar verdik. Ananın ailə qurmadan övlad sahibi olması, körpə yaşlarında övladın camaatla danışması ilahi mö’cüzələrdəndir. Bundan əlavə, Qur’ani-Kərimdə o həzrət üçün çoxlu mö’cüzələr də bəyan olunmuşdur:
«Sizin üçün palçıqdan quşa bənzər bir surət düzəldib ona üfürərəm, o da Allahın izni ilə quş olar. Anadangəlmə korları, cüzam xəstəliyinə tutlanları sağaldır və Allahın iznilə ölüləri dirildərəm. Mən evlərinizdə yediyiniz və yığıb saxladığınız şeyləri də sizə xəbər verərəm.»
İNCİL NÖQTEYİ-NƏZƏRİNDƏN HƏZRƏT İSA (Ə)
Dördlük təşkil edən İncillərdə həzrət Məryəmin şəxsiyyəti barəsində çox da geniş məlumat yoxdur; yalnız qeyd olunur ki, o, təqvalı və pak-pakizə olmuşdur. Amma onun həzrət İsaya hamilə olması və İsanın təvəllüdü barədə nisbətən geniş mətləblər verilmişdir. Mətta İncilində İsa barəsində belə oxuyuruq:
«İsa Məsihin təvəllüdü belə oldu: Yusifin əqdinə gətirilən Məryəm ər evinə getməkzən qabaq Ruhul-qudusun vasitəsi ilə hamilə oldu. Yaxşı əməl sahibi olan və Məryəmin camaat qarşısında rüsvay olmamasını istəyən Yusif gizli şəkildə qərara aldı ki, ondan ayrılsın. Yusif hələ bu fikirdə olduğu zaman Allahın mələyi yuxuda ona zahir olub dedi: Ey Davudun oğlu Yusif! Məryəmi öz evinə aparmaqdan qorxma, çünki onun bətnində olan Ruhul-qudusdandır. O, bir oğlan dünyaya gətirəcək və sən onu İsa adlandıracaqsan; çünki o, öz qövmünü günahlardan xilas edəcəkdir».
Bu işlər baş verdi, nəhayət Allah-taala peyğəmbərin vasitəsi ilə e’lan etdi:
«Bakirə bir qız hamilə olub dünyaya bir oğlan uşağı gətirəcəkdir ki, Əmanuyil [yə’ni, Allah bizimlə] adlandırılacaqdır».
Yusif yuxudan ayıldı və mələyin göstərişinə əməl edərək Məryəmi öz evinə gətirdi. Amma Məryəm öz oğlunu dünyaya gətirən zamana qədər onunla yaxınlıq etmədi və oğlanın adını İsa qoydu Muka İncilinin birinci və ikinci bablarında da həzrət İsa (ə)-ın təvəllüdü bəyan edilir. İsa (ə) İncilin rəvayətlərinə əsasən, 30 yaşında İordaniya çayında Yəhyanın əli ilə tə’mid qüslu etdi və sudan çıxandan sonra peyğəmbərliyə seçildi. Markos İncilində belə oxuyuruq: «Bu zaman İsa Cəlil nasirəsindən gəldi və İordaniya çayında Yəhyadan tə’mid aldı. İsa sudan çıxan zaman gördü ki, asiman yarılıb və Ruhul-qudus göyərçin surətində ona tərəf nazil oldu və asimandan bir avaz eşitdi ki: Sən mənim əziz oğlumsan, səndən razıyam. Dərhal Allahın ruhu onu çöllərə apardı. Qırx gün çöllərdə qaldı, şeytan onu vəsvəsə edirdi. İsa vəhşi heyvanların arasında idi və mələklər ona xidmət edirdi». İsa (ə) qırx günlük müddətdən sonra Kəfər Nahuma gedir və camaata tə’lim və moizəni başlayır. Dördlük təşkil edən İncillərin başqa yerində İsanın mö’cüzələrinə ümumi halda çoxlu diqqət yetirilmişdir.
Gələcək dərslərdə İsanın tə’limləri və məsihilik əqidəsini araşdıracağıq.

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

Mәhrәm vә nаmәhrәmlik mәsәlәlәri
Təhəccüd, gecə, ibadət
NÜBUVVӘT VӘ IMAMӘTӘ IMAN
Həccin əzəməti hansı əməldə özünü daha çox göstərir?
VARLIQ BƏXŞ EDƏN SƏBƏBİN XÜSUSİYYƏTLƏRİ
DÜNYA INSANLIQ MӘKTӘBIDIR!
Qadının ailə qurması və atanın icazəsi
HÖKUMƏTIN DAVAM ETMƏ MÜDDƏTI
HӘQIQI REGIONAL ISLAM
İGIRMI BIR YAŞLI CAVAN MƏKKƏNIN BAŞÇISI

 
user comment