Azəri
Friday 27th of December 2024
0
نفر 0

MÜTALİƏ ÜÇÜN

MÜTALİƏ ÜÇÜN

BİR İBTİDAİ CƏMİYYƏTİN TƏDQİQİ

İbtidai cəmiyyətlərdə həyat tərzi və rəftarlarla daha yaxından tanış olmaq üçün müasir dövrdə dünyanın bə`zi nöqtələrində yaşayan qəbilələrdən birini seçərək onların mədəniyyət və davranışlarını araşdırırıq.

Nümunə üçün Avstraliyanın cənub-şərqində yaşayan “diri”, yaxud “murduz” qəbiləsini seçmişik. Hal-hazırda da Avstraliyanın yerli əhalisi sivilizasiya, həyat səviyyəsi və tərzi baxımından qədim və yeni daş dövründə, yə`ni təqribən miladdan 8-10 min il öncə yaşayan bir cəmiyyətə oxşayır.

Avropoidlərin qara irqli adlandırdıqla Avstraliyanın yerli əhalisinin şokolada bənzər qəhvəyi rəngi, enli burunları, içəri batmış gözləri, geri çəkilmiş alınları, çox qalın sümükləri, saf tükləri vardır kişilərinin saqqalı həddən artıq sıxdır. Onlar ilin əksər vaxtlarında çılpaq gəzir, soyuq havalarda isə əyinlərinə kenquri, yaxud səhra siçanının dərisini geyinirlər. Yalnız kişilər silah asmaq üçün bellərinə kəmər bağlayırlar.

“Diri” qəbilələri bölgədə dağınıq halda yaşamalarına baxmayaraq, eyni dilə malikdirlər bir-birləri ilə əlaqə yaradaraq ehtiyac duyulan əmtəələri mübadilə edirlər. Bə`zi vaxtlar onların arasında qarşıdurma və müharibə də müşahidə olunur.

“Diri”lər yalnız heyvanları ovlamaqla dolanırlar. Onların ov aləti uzun və möhkəm ağacdan hazırlanmış nizədir ki, onun başına iti uclu daşlardan və bitki lifləri keçirilmişdir. Bu silahı kamana qoymadan, əllə ova tərəf atırlar. Yerli əhali digər ovçuluq vasitələri kimi yonulmuş daşlardan hazırlayaraq itilədikləri bıçaq və baltadan istifadə edirlər. Bu qəbilənin yaşayış yerləri daxmalar, buynuz və ağac yarpaqlarından yarımkürə şəklində hazırlanan, yalnız bir tərəfində bacası olan çox sadə alaçıqlardır.

“Diri” qəbilələrinin kökü matri və karuru adlı iki qəbiləyə gedib çıxır ki, onların özü də müxtəlif tayfalara bölünürlər. Bu qəbiləni digər qəbilələrdən ayıran ən mühüm xüsusiyyət onların totemidir. Totemə e`tiqad bəsləmək təxminən “Diri” tayfalarının hamısında müşahidə olunur və hər bir qəbilənin özünün ayrıca totemi vardır. Matri tayfaları qaz, ipəkqurdu, dəvəquşu, qırğı, it - karuru tayfaları isə ilan, qarğa, səhra siçanı, qurbağa və yarasanı totem kimi qəbul edərək onlara sitayiş edirlər.

Hər bir ailədə totem ananın əlində olur və ailənin qalan üzvləri də ona sitayiş edirlər. Nəslin silsiləsi də ana tərəfindən qorunur. Hər bir tayfanın idarəçiliyi pinaro adlanan ən yaşlı kişinin öhdəsinə düşür. Pinarolar matri və karuru tayfalarında qrup halında qəbilə rəisliyinə tə`yin olunur və onlardan biri həmişə başqalarından üstün hesab edilir. Ayinlər və müxtəlif mərasimlər keçirilən zaman ən əsas rolu da həmin şəxs ifa edir.

İbtidai dini təfəkkürlərin əsas ideoloji əsaslarından olan sehr və cadu “diri” qəbilələri arasında da müşahidə olunur. Xalq arasında “konki” adlandırılan qəbilənin sehrkar təbibləri xüsusi mövqe sahibidirlər. Bu məsələdə konkilərin kuçi adlandırılan fövqəl-təbii varlıqlarla birbaşa və sıx əlaqə yaradaraq bu qəbilənin inancına görə, Avstraliya qəbilələrinin əcdadı sayılan və mura-mura adlandırılan qədim pəhləvanların ruhları ilə də bilavasitə əlaqədə olmasına inanılır.

Özünün sirli və qeybi qüvvəsini mura-muradan alan konki, kuçilərlə yaratdığı əlaqə sayəsində xəstəlikləri sağaldar, yuxuları yozar, natəmiz ruhları və əziyyət verən şeytanları da qəbilə üzvlərinin başından dəf edə bilər. O, həm də gözəgörünməz və sirli tərzdə dağdakı büllur daşı, yaxud sümüyü qəbilənin düşmənlərinin bədəninə sancaraq onları öldürmə də qadirdir. O, guya istədiyi şəxsin bədənindən piy və yağları çıxarıb ondan sehirli bir məhlul hazırlaya bilir.

“Diri”lər inanırlar ki, insanların bədənindən piyin oğurlanması, onların ölümünün əsas amili olacaqdır. Buna görə də hər hansı bir şəxs öldükdə onun qohum-əqrəbaları konkinin yanına gedərək ondan bu ölümün səbəbkarını tapmasını istəyirlər. Onların əqidəsinə görə, konki öz qeyri-adi qüvvəsindən istifadə etməklə onun bədənindən yağların kim tərəfindən oğurlanmasını və bu əməli ilə onun ölümünə bais olduğunu aşkar edə bilər.

Bu tayfaya görə, ölüm labüd və təbii bir iş olmayıb sehr və cadunun tə`siri və ya qeybdə olan ruhların törətdiyi təxribatlar və yaxud da kuçinin vasitəsilə baş verir. Onlar inanırlar ki, xəstəliklər xəbis, murdar ruhların (kuçilərin) əməli sayəsində baş verir və əzazil ruhların mənfi tə`sirlərini xəstənin bədənindən çıxarmağa, və onun sağlamlığını bərpa etməyə qadir olan yeganə şəxs də odur.

“Diri”lərin əqidəsinə görə ölümün düşmənlərin nəzərdə tutulan şəxsə tərəf sümüklə işarə etməsi ölümün başqa səbəblərindəndir. Belə ki, hər hansı bir şəxsin düşməni başqası ilə əlbir olaraq xüsusi sehirli ritualları yerinə yetirir, gizli şəkildə insan cəsədinin bud sümüyünü götürərək nəzərdə tutduğu şəxsə tərəf tuşlayır. Sonra sehrli ofsun və zikrləri deməklə sirli əməlləri yerinə yetirir, onu xəstələndirir və ölümünə səbəb olur.

Buna əsasən, yerli əhali kimsə xəstələndikdə ilk növbədə konkidən sümüyü kimin ona tərəf tuşladığını aşkar etməsini istəyir; kimsə ittiham olunarsa xəstənin yaxınlarından bir dəstəsi intiqam almaq üçün bir yerə toplaşır və qəbilə başçısının rəhbərliyi ilə onu qətlə yetirməyi qərara alırlar. “Diri” qəbiləsi  arasında bu intiqamalma əməli “pinya” adlandırılır.

Bu tayfalar quraqlıq və qəhətlik hallarını aradan qaldırmaq üçün də konkiyə müraciət edirlər. Avstraliyanın cənub-şərq rayonları quraqlıq və susuz ərazilərdir bə`zən bu yerlərdə dalbadal bir neçə il quraqlıq və qəhətlik olur. Bu bölgənin yerli əhalisi quraqlığı aradan götürmək üçün konkiyə müraciət edir. Belə ki, onlar yalnız konkidən kömək diləməklə iqlim şəraitini dəyişdirmək, yağış yağdırmağın mümkünlüyünə inanırlar. Onlar həm də inanırdılar ki, buludlar qablar kimidir və səmanın yüksək səhralarında məskən salan mura-muralar yağış suyunu onların daxilində ehtiyat saxlaya bilər. Buna görə də yağış diləmək üçün keçirdikləri xüsusi mərasimlər dərinliyi təqribən 35 santimetr, uzunluğu 1.5 metr və eni təqribən 1 metr olan çala qazır, onun üzərinə buynuz və ağac yarpağından hazırlanmış alaçıq qoyurlar. Daha sonra bir dəstə qəbilə ağsaqqalı alaçığın içərisinə daxil olur və konki orada onların bilək damarını iti bir daşla kəsir; bu zaman qan fəvvarə vuraraq ətrafdakıların bədəninə sıçrayır. Onlar öz ayaqqablarını qanla doldurur və qanın yağışın rəmzi olmasına inanmaqla bu qanları səmaya səpirlər. Bu mərasimin davamı olaraq, qəbilənin qocasından tutmuş cavanına qədər bütün üzvləri alınları ilə alaçığa hücum edir və onu dağıdaraq altını üstünə çevirirlər. Alaçığı dağıdıb onu deşmək buludların deşilməsinin, qanın axması isə yağışın yağmasının rəmzidir. Onlar daha sonra uzun-uzadı ah-nalə və yalvarışla mura-muralardan yağış nazil etmələrini istəyir, bununla da quraqlıq və qəhətlik təhlükəsindən xilas olacaqlarına ümid bəsləyirlər. Bu mərasimin ardınca yağış yağmasa, mura-muraların onların əlindən qəzəbləndiyini zənn edirlər. Əgər quraqlıq uzun müddət davam edərsə bunu düşmənlərin hiyləsi hesab edir və onların sehrlərinin asimandan gələn yağmurun qarşısını aldığını güman edirlər.

“Diri”lərin digər bir mərasimi mura-muraya tə`sir etmək üçün qum təpəsinin altında dəfn edilməsinə inandıqları Minka” adlı mura-mura ilə əlaqədar ayini yerinə yetirirlər. Bu ayini totemləri qara ilan və ya kərtənkələ olan tayfalar keçiririrlər. Onlar inanırlar ki, bu mərasimi yerinə yetirməklə minkanın diqqəti onlara yönələcək, onun bərəkətindən qara ilan və kərtənkələlərin sayı çoxalacaqdır.

Bu mərasim aşağıdakı qaydada yerinə yetirilir:

Əvvəlcə, qəbilənin kişiləri bir yerə toplaşır və minkanın olmasını güman etdikləri yerə doğru hərəkət edirlər. Daha sonra həmin yeri fərziyyələrinə görə mura-muranın dəfn olunduğu yer olan torpağın rütubətli layına qədər qazırlar. Bundan sonra qazıntı işini öz gümanlarına görə, minkanın dirsəyinə çatmaq üçün çox diqqətlə davam etdirirlər. Sonra iki kişi onun üstündə dayanır və başqaları onların biləklərindəki damarları kəsirlər ki, qanları minkanın üstünə tökülsün. Bu zaman minkanın həyat yoldaşını çağırır və silah götürüb həyəcanlı halda bir-birlərinə hücum edirlər. Bu işi öz qəbilələrinin qərargahına çatana qədər davam etdirirlər. Bu zaman qəbilədə qalan qadınlar onları qarşılayaraq uca səslə qışqırır və irəli çıxırlar. Qadınlar öz kişilərini müdafiə və müharibədən əl çəkmək əlaməti olaraq oğlanlarını onların başları üzərində saxlayırlar. Qəbilənin kişiləri daha sonra öz yaralarından topladıqları qanı minkanın şərti ifrazatı ilə qarışdırır və qum təpələrinə səpirlər. Onların təsəvvürünə görə bu əməl xeyir-bərəkətin nazil olmasına, qara ilanların və kərtənkələlərin çoxalmasına səbəb olacaq.

“Diri”lərin başqa bir e`tiqadına görə, günəş gecələr bir bacaya daxil olub yerin altında hərəkət edir, səhərlər isə şərq tərəfdə yerləşən digər bir bacadan çıxıb yuxarı qalxır. Onlar kəhkəşanı asimanın çayı hesab edir və səmanın özünü isə Yer kimi ağacları, çayları və s. şeyləri olan bir ölkə sanırlar. Bu insanların düşüncələrinə görə ölülərin ruhları və mura-muralar burada yaşayırlar və ölülər həmin yerlərələ gedib çatdıqda oraların səfalı yer olduğunu görəcəklər. Ölülər oradan yerə enməyə və ətrafda gəzib-dolanmağa, və yaxud yuxuda insanlarla görüşməyə qadirdirlər. Belə olan təqdirdə, sağ olanların vəzifəsi  görüşə gələn ölü üçün yemək hazırlayıb onun qəbri üstə aparmaq və onunçün tonqal qalamaqdır. Çünki, əks halda ölülər qəzəblənib dirilərə əzab-əziyyət  verərlər.

Bu qəbilələrdən bə`ziləri səmada yaşayan fövqəl-təbii varlıqlara inanırlar. O nə mura-muralardır, nə də əcdadların ruhları; səmavi, əzəli, əbədi, sonradan xəlq olunmayan, xilqətdən əvvəl mövcud olmuş, onaheç bir oxşar tapılması mümkün olmayan bir qocadır.

“Diri” qəbilələri bu qocanı səma məmləkətinin başçısı hesab edərək onun çox qədim zamanlarda onların bütün adət-ən`ənələrinin əsasını qoyan ilk şəxs olduğuna inanırlar. Bu qoca murander, biyamban, buncil, muşkanqha, nurli və s. kimi adlarla çağırılır. Amma əksər hallarda onun adını çəkmir və bu adların yerinə bizim atamız adlandırırlar.

Bu qəbilələrdən bə`ziləri səmavi atanın insanların işinə diqqət yetirməsini inkar edirlər. Digər bir qrup isə onun  həmişə insanların əməl və rəftarlarına nəzarət etdiyinə inanır. Bu qəbilələrin e`tiqadları barəsində aparılan digər tədqiqatlar göstərir ki, Avstraliyanın bütün yerli tayfaları hər halda müəyyən formada böyük, əzəli və əbədi bir  tanrıya  e`tiqad bəsləyirlər.

Bu qəbilələrin e`tiqadlarından biri də can verən şəxslərin başı üzərində keçirdikləri mərasimdir. Belə ki, can verən şəxsin qohumları iki dəstəyə bölünürlər. Onun ata, bibi, əmilər, övladlar və həyat yoldaşı kimi yaxın qohumlarından bir dəstə can verənin ətrafına toplaşır, dünyadan getdiyi zaman özlərini cənazəsinin üstünə atırlar. Digər bir dəstə isə - yə`ni ana, xala, dayı bacıları isə ondan uzaq duraraq baxışlarını ondan qaçırmağa çalışırlar. Sonra bu qrupun kişiləri meyit üçün qəbir hazırlayır hər iki dəstə yas saxlamağa başlayır. Onların əzadarlıq mərasimləri belə keçirilir: birinci dəstə öz bədənini hüzn əlaməti olaraq ağ rəngə, ikinci dəstə isə qırmızı rəngə boyayır. Onlar meyidi qəbirə qoymazdan əvvəl soruşurlar ki, kim sənin ölümünə bais olmuşdur? Bu zaman cənazəni çiyninə götürən iki kişi gözlənilmədən qəbiləyə tərəf fırlanaraq onun ölümünə səbəb olan şəxsi göstərirlər. Sonra ölünü qəbirə qoyur, yalnız Avstraliyanın yerli əhalisinə məxsus olan qəribə adətlərlə onu dəfn edirlər. Yerli əhali ölmüş şəxsin bədənindəki yağ və piylərin sehirli xüsusiyyətinə inandığından vəfat edən şəxslə qohumluğu olan qəbilənin yaşlı şəxslərindən birini qəbrin içinə göndərirlər. O, ölünün üzündən, bud, bilək və qarnından bacardığı qədər piy çıxarır və qəbrin ətrafında dayanan şəxslərə yemək üçün paylayır. Bir-birinin piyini yemələri qadağan olunan ata və övladlardan başqa, meyidin yaxın adamlarının hamısına ölünün piyindən müəyyən pay düşməlidir. “Diri”lər inanırlar ki, bu piyi yemək ölülərin xüsusiyyətlərinin, qüvvə və iste`dadlarının onların öz bədənlərinə keçməsinə səbəb olur. Bu mərasimin davamı olaraq, qəbri torpaqla doldurarkən onun üstünə böyük budaqlar düzürlər. Ölünün bütün yaxın adamları oradan dağılışır, ruhunu narahat etməmək üçün heç kəs onun barəsində danışmır, yaxud ona işarə etmir. Meyit qəbilənin nüfuzlu şəxslərindən olarsa, onun qəbrinin üstündə bir neçə gün müxtəlif yeməklər qoyarlar; qış fəsli olarsa, qəbrin üzərində tonqal qalayarlar.

Bə`zi “diri” qəbilələri ölünün dünyaya qayıda biləcəyinə inanır. Buna görə, də bu işin qarşısını almaq üçün vəfat edən şəxsin ayaqlarının baş barmaqlarını iplə bir-birinə möhkəm bağlayır, əllərinin baş barmaqlarını da arxa tərəfdən bir-birinə birləşdirirlər. Gecə ikən bir dəstə qəbrin ətrafını süpürür və torpağın üzərində onun ayaq izlərinin qalıb-qalmadığını görmək üçün səhər onun dəfn olunduğu yerə baş çəkirlər. Ayaq izləri göründükdə ölünün öz qəbrindən razı olmadığını və buna görə də qəbirdən çıxdığını güman edir, qəbri yararaq ölünü yenidən başqa bir yerdə dəfn edirlər.

“Diri”lərin digər bir ayini qəbilə yeniyetmələrinin həddi-büluğa çatdıqları vaxt keçirdikləri mərasimdir. Onlar inanırlar ki, belə mərasimlərdə qocalardakı sifətləri, xüsusiyyətləri və e`tiqadları gənclərə keçirməyə nail ola bilirlər. Mərasimin qaydası belədir ki, oğlan və ya qız həddi-büluğa çatdığı zaman kamil qadına, yaxud kamil kişiyə çevrilmələri üçün onların ölüb yenidən dirilən kimi qələmə vermək lazımdır. Bu məqsədlə, xüsusilə oğlanlar üçün qəbilə başçısının nəzarəti altında bir neçə ay davam edən mərasim həyata keçirilir. Bu mərasimin (zahirən ölmək) təşkil olunması üçün oğlanları bir yerdə oturdur, iti uclu bir çubuqla onların qabaq dişlərini çıxardır və onu on səkkiz düym dərinliyində bir yerdə basdırırlar. Bu dişlər bir il həmin yerdə qalmalıdırlar. Doqquz, ya on yaşlarına çatdıqda oğlanlar üçün sünnət mərasimi də yerinə yetirilir. Bu zaman ata oğulun üzərinə əyilir və ona ad qoyur. Sonra isə yerli camaatın dilində “kulpi” adlanan bir mərasimin növbəsi çatır. Belə ki, nəzərdə tutulan yeniyetmə ilə uzaq əmizadəlik qohumluq münasibəti olan qoca kişilər onu özündən xəbərsiz səhraya aparırlar. Sonrakı gün səhər çağı onun ətrafına toplaşaraq gözlərini bağlamasını təklif edirlər. Sonra qocalardan biri digərinin qolunu iplə möhkəm bağlayır və dirsək tərəfdən damarını kəsir ki, onun qanı cavanın bədəninə axsın. Əgər qoca kişi qanaxma nəticəsində zəifləsə, digər bir qoca öz damarını kəsir ki, onun da qanı yeniyetmənin bədəninə axsın. Bu ritualı oğlanın bütün bədəni qana qərq olana qədər təkrar edirlər. Yerlilər belə zahiri ölümlə şücaət və mərdanəliyin qocalardan yeniyetmələrə keçməsinə və yeniyetmələrin qəlbinin güclü və qüvvətli olacağına, artıq qan gördükdə qorxmayacaq qədər müharibə və döyüşlərə hazır olacağına inanırlar. Belə mərasimlərin keçirilməsinin digər bir səbəbi kimi qocaların ruh və ağıllarının  yeniyetmələrə tə`sir göstərməsi, onların hamısını vahid qan və sifətə malik olmasına çalışmağı qeyd etmək olar.

Yerli əhali bu mərasimlərin davamında qana bulaşmış yeniyetməni bir yerdə oturdur və çox iti daşlarla onun boynuna və kürəyinə zərbələr vururlar ki, sağaldıqdan sonra bu yaraların izləri əbədi olaraq onun bədənində qalsın. Sonra üzəri insan tükü ilə hörülmüş, uzunluğu bir metr – bir metr yarıma çatan ağac parçasını cavanın əlinə verirlər ki, onu havada fırlatsın. O da, əvvəlcədən tə`lim keçdiyinə görə ağacı tükürpəşdirici səs çıxan tərzdə fırladır. Onların inancına görə bu səslər mura-muranın razılıq əlamətidir. Sonra həmin ağacı yeniyetmənin əlindən alıb bir yerdə gizlədir və onu heç vaxt qadınlara göstərməməyi, təsvir etməməyi yeniyetməyə tapşırırlar. Yeniyetməni daha sonra onu tək-tənha meşə və səhralara buraxır, yaraları tamamilə sağalmamış və qanın əsər-əlaməti bədənindən getməmiş qəbiləyə qayıtmağı ona qadağan edirlər. Beləcə başlanan yalqız həyat və ayrılıq bə`zən bir neçə ay çəkir. Bu müddət ərzində heç bir qadının  yeniyetməyə yaxınlaşmağa haqqı yoxdur. Həmin gənc yaraları sağaldıqdan sonra qəbiləyə qayıdır və qohum-əqrəbasına həddindən artıq sevinc və şadlıq gətirir. Beləliklə, həmin yeniyetmə artıq yetkin və igid kişi hesab olur və qadın asılılığından qurtarır. Bu ayinin son mərhələsində bayram və şənlik məclisi təşkil olunur. Qəbilə üzvlərinin hamısı bir yerə toplaşır, rəqs edir və ayaqlarını yerə döyəcləyirlər. Bütün mərhələlər qəbilənin yaşlı kişiləri gənclərə yol göstərməyi öhdələrinə götürürlər. Onlar qəbilə əfsanələrini, maraqlı əhvalatları nəql etməklə bu ayinin hər bir hissəsinin mə`na və sirrini aydınlaşdırır, yeniyetmələrə tövsiyələr verir, onları gələcək vəzifə və məs`uliyyətləri ilə tanış edirlər.

Qeyd olunan mətləblər hal-hazırda öz həyatını davam etdirən və ibtidai dinə malik olan bir cəmiyyətin ümumi təsviri idi.

Başqa dinlərin araşdırılması zamanı bu kitabda rastlaşacağınız digər dini icmalara dair tədqiqatlar sizə ayin, e`tiqad və ideyaların qarşılıqlı müqayisəli təhlilinə imkan yaradacaqdır.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

VARLIQ BƏXŞ EDƏN SƏBƏBİN XÜSUSİYYƏTLƏRİ
DÜNYA INSANLIQ MӘKTӘBIDIR!
Qadının ailə qurması və atanın icazəsi
HÖKUMƏTIN DAVAM ETMƏ MÜDDƏTI
HӘQIQI REGIONAL ISLAM
İGIRMI BIR YAŞLI CAVAN MƏKKƏNIN BAŞÇISI
“HƏBT” (İNSANIN ƏMƏLLƏRİNİN MƏHV OLMASI, TƏSİRDƏN DÜŞMƏSİ) VƏ ...
Cəhənnəmdə əbədi qalacaq 8 dəstə
ŞӘRLӘR - ӘDALӘT PRINSIPI BAXIMINDAN
Savabını bilsəydilər onu yerinə yetirmək üçün püşk atardılar..."

 
user comment