Azəri
Tuesday 14th of May 2024
0
نفر 0

TƏVƏKKÜLÜN İNSAN HƏYATINDA ROLU

Təvəkkülün insan həyatındakı əhəmiyyətli rolunu, təvəkkül haqqında yanlış fikirlərin ortaya çıxdığını nəzərə alaraq, bu barədə söz açmağı lazım bilirik.

Təvəkkül “vəkalət” sözündən götürülmüşdür. İslam ensiklopediyasında təvəkkül, insanın Allahı özünə güvəncli bir arxa qərar verməsinə deyilir. Yə`ni insan Allahı vəkil tutaraq bütün işlərini Ona tapşırır. Rəvayətlərin birində göstərilir ki, Peyğəmbər (s) Cəbrayıldan (ə) Allaha təvəkkül barəsində soruşdu. Cəbrayıl (ə) cavabında dedi: “Təvəkkül, insanın yaradılmışın ona bir ziyan və xeyir yetirməməsinə, bir şey bağışlayıb, ondan bir şey almamasına olan elmidir. Həmçinin, təvəkkül insanın xəlqdən (yaradılmışdan) mə`yus olub əlini üzməsidir. Elə ki, bəndə bunu dərk etdi, Allahdan  qeyrisi üçün iş görməz, Ondan qeyrisinə bel bağlamaz, ondan özgəsinə əl açmaz. Bu Allaha təvəkkülün mə`nasıdır.”[1]

Qur`ani-kərimdə təvəkkül haqqında çoxlu ayələr mövcuddur ki, o cümlədən, bu ayəni misal göstərmək olar:

“...Gərək mö`minlər (hər işdə) Allaha təvəkkül etsinlər!”[2]

Bu ayədə Allah təvəkkülü imanın ayrılmaz bir hissəsi kimi təqdim edir.

İnsan müsbət nəticələr əldə etsin deyə, dünyəvi işlərində özünə vəkil seçdiyi kimi, əksər işlərini onun ixtiyarına verdiyi kimi, yaxşı olardı bir Allah bəndəsi olaraq bütün işlərində Allaha arxalanıb, öz işinə Onu vəkil tutardı. Bununla o, onu sıxan, darıxdıran əksər iztirablardan yaxa qurtarmış olardı. Başqa sözlə desək, öz ehtiyaclarını tə`min etmək istəyən kəsin qarşısında üç yol vardır:

1.Öz gücünə e`timad etmək;

2. Başqalarına güvənmək, onların köməyinə göz dikmək;

3.Allaha arxalanıb, Ondan qeyrisinin köməyinə göz yummaq.

Burada insanın Allaha təvəkkülü, Allahın rübubiyyətini dərk etməsindən qaynaqlanır. Çünki, insan Allahı tam ixtiyar sahibi olaraq tanıyarsa, artıq başqasının qapısına getməyə, Allahdan qeyrisinə əl açmağa ehtiyac görmür. Həzrət Əli (ə) dualarının birində deyir: “İlahi! Sən dostlarına [başqalarından daha] yaxınsan. Sənə təvəkkül edənlərin işlərini yoluna qoymaq üçün onların özündən daha çox hüzura maliksən. Onların sirlərindən xəbərdarsan, fikirlərindən keçənlərə agahsan, baxışlarının hüdudlarını bilirsən.”

Davamında buyurur: “[Dostlarının qəlblərində gəzdirdikləri] sirləri sənin yanında aşkardır, Səni görmək həsrəti  ilə qəlbləri qandır. Əgər tənhalıq onları sıxsa, dəhşətə gəlsələr, Səni yad etməklə təskinlik tapar, müsibətlərə tuş gəlsələr sənə pənah gətirər, dərgahına üz tutarlar. Onlar bilirlər ki, bütün işlərin ixtiyarı Sənin əlindədir.”[3]

İmam Baqir (ə) Allaha təvəkkül etməyin faydası haqqında buyurur: “Allaha təvəkkül edən kəs məğlub olmaz, Ona pənah aparan şəxs yenilməz.”[4]

Allaha iman və təvəkkül əksər peyğəmbərlərin də`vətinin sərlövhəsində yer almışdır. Bu üzdən Allaha imanın nişanələrindən biri Ona təvəkkül etməkdir.

Təvəkkül xarici rəftar olmayıb qəlbi işlərdən hesab olunur. Buna görə də təvəkkülü işdən-gücdən əl çəkib tənhalığa qapılmaq, səhərdən axşama kimi ibadət edəcəyim təqdirdə Allah da mənim ruzimi yetirəcək deyib işdən boyun qaçırmaq kimi başa düşməməliyik. Şübhəsiz bu fikir kökündən yanlışdır. Bu yolu tutub gedənlər səhv istiqamətdə hərəkət edirlər. Rəvayətlərin birində deyilir: “Peyğəmbər (s) bir dəstə camaatı bekar oturan gördü. Onlara dedi: “Siz kimsiniz?” Dedilər: “Biz təvəkkül edənlərik.” Həzrət (s) cavablarında buyurdu: “Yox, elə deyil. Siz başqalarına artıq yüklərsiniz.”[5]

İslam maarifindən yetərincə xəbəri olmayanlar elə bilirlər ki, təvəkkül maddi imkanlardan imtina etməkdir. Onların fikrincə, əgər kimsə maddi imkanlardan istifadə edirsə, deməli onun Allaha təvəkkülü yoxdur. Əslində təvəkküllün yoxluğu nə maddi ne`mətlərdən istifadə edən kəslə bağlıdır, nə də təvəkkülə malik olmaq bir kəsin maddi ne`mətlərdən imtina etməsi ilə əlaqədardır. Elə tənbəl insanlar var ki, “ver yeyim, ört yatım, gözlə canım çıxmasın” deyib, gözlərini bir tikə çörəyə dikərək yerlərindən tərpənmirlər. Belələrinin iş görməyə halları da olmur. Onlardan soruşanda ki, niyə işləmirsən, deyirlər: “Biz Allaha təvəkkül edirik. Ruzi Onun əlindədir, Allah Özü ruzimizi yetirəcək!”

Həqiqətdə bu söz onların tənbəlliklərini pərdələyən zahiri bir örtükdür. Əslində onların Allaha təvəkkülü yoxdur, yalan deyirlər. Əlbəttə, təvəkkülü olan insanlar da olur.

Qeyd etdiyimiz kimi, təvəkkül qəlbi bir işdir və Allaha arxalanmaq mə`nasınadır. Yə`ni insan qəlbində Allaha arxalanıb. Bu baxımdan, ola bilsin insan təvəkkülün ən ali dərəcəsinə çatsın və eyni halda Allahın buyruğuna əsaslanaraq maddi ne`mətlərdən də istifadə etsin. Mümkündür ki, belə bir kəs hamıdın çox işləsin, işə hər kəsdən daha ciddi yanaşsın, amma bununla belə öz işindən daha çox Allaha e`timad etsin. Ümumiyyətlə Allahın tənbəl, bekar insandan xoşu gəlmir. Allah insana vəzifəsi olaraq zəhmət çəkməyi, işlə məşğul olmağı buyurmuşdur. Çünki ilahi hikmət bu dünyanın işlərinin səbəblər silsiləsi ilə hərəkət etməsini vacib edir. Allahı tanıyan kəs bilir ki, dünya işləri ilahi hikmətin tələibnə müvafiq olaraq səbəblər vasitəsilə həyata keçir. İnsanın təkamülü həmin sistemin dərkinə bağlıdır. Məhz həmin sistemin vasitəsilə insan imtahana çəkilir. Belə olmazsa insan təkamüldən qalar. İnsanın təkamülü bəndəlik vəzifələrinin yerinə yetirilməsi ilə müəyyənləşir. Bəndəliyin özü də insanlıq əlaqələri ilə səciyyələnir. Nəhayət, insanlıq əlaqələri də öz növbəsində səbəblər sistemində dərc edilmişdir.

Beləliklə, insan tənhalığa çəkilib, ancaq ibadətlə məşğul olsa və gündəlik həyatında bir işdən yapışmasa, ilahi hikmətin əksinə əməl etmişdir. Belə olan surətdə, onun Allahdan ruzi gözləməsi əbəsdir.

 

 

 

 

Mövlana demişkən:

 

Gər təvəkkül edəcəksən, iş gör, qalx erkən

Əvvəl ək, becər, sonra Cabbara söykən.

 

Buna görə də ilahi hikmət insanın öz istəklərinə çatması, ehtiyaclarını tə`min etməsi üçün Allahın xəlq etdiyi vasitələrdən yararlanmasını zəruri edir. Əgər Allahdan quru xahiş etməklə insanın ruzisi yetişsəydi, onda kimsə ruzi dalınca getməz və insanlar imtahan olunmazdı. Deyəndə ki, hədəfinə çatmaq üçün Allahın qərar verdiyi vasitələrdən istifadə et, bu, o demək deyil ki, sənin ruzi verənin torpaqdır, ya işdir və ya digər səbəblərdir. Bunların hamısı Allah tərəfindən verilmişdir. Ruzinin özü də Allahın əlindədir. Sənin vəzifən səbəblərin dalınca getməkdir. Bununla ilahi hədəflər dünya sistemində həyata keçmiş olur.

Deməli, təvəkkül edən işdən, zəhmətdən yayınmamalıdır, təvəkkül etməyənlər tənbəlliyə qurşanırlar. Bu iki dəstənin fərqi, onların qəlbi bağlılıqlarındadır. Təvəkkül edən, Allaha itaət niyyətilə Allaha söykənib ümid edərək iş görür, amma əqidəsiz, təvəkkül etməyən kəs öz ruzisini işdə çalışmaqda və ya başqasının əlində axtarır. Mö`min Allahdan başqa heç kimə ümid etmir. O bütün olanları Allahdan bilir. Əgər əli bütün səbəblərdən üzülsə, onun Allaha olan ümid çırağı zəifləmir. Çünki Allah tərəfindən bəndəyə çatan hər bir işin hikmətə əsaslandığını, onun xeyrinə olduğunu dərk edir. Allah heç vaxt Öz bəndəsini onun xeyrinə olan işdən məhrum etməz.

Mə`lum məsələdir ki, dünya mexanizmi səbəblər sisteminin əsasında formalaşır və insan da həmin sistemin zəncirvari bağlılığında onun bir halqası olaraq öz istəklərinə çatması üçün iş görməlidir. Başqa bir tərəfdən iş görmək, başqaları ilə ünsiyyətdə olmaq insanın imtahana çəkilməsinə şərait yaradır. Çünki insan imtahan olunmasa təkamülə üz tutmaz. İnsan cəmiyyətə qatılıb müxtəlif şəraitlərə düşməklə  bərkdən-boşdan çıxır, insanlarla ünsiyyətdə qarşılıqlı hüquqlara riayət etməklə öz təkamülünə zəmin yaradır.

Deyirlər bir gün həzrət Musa (ə) xəstələnir. Bəni-İsrailin böyükləri ona baş çəkməyə gedirlər və deyirlər: “Əgər filan otu dəmləyib suyunu içsən sağalacaqsan. Həzrət Musa (ə) deyir: “Müalicəyə ehtiyac görmürəm, Allah Özü mənə şəfa verəcəkdir!” Həzrət Musa (ə) bir müddət bu halla yaşayır, amma özündə yaxşılığa doğru bir irəliləyiş hiss etmir. Axırı Allah ona vəhy göndərir ki, izzət və cəlalıma and olsun, sənə deyilən otla özünü müalicə etməyənə qədər sənə şəfa verən deyiləm.

Həzrət Musa (ə) həmin otdan istifadə edəndən sonra sağalır, amma Bəni-İsrailə dediyi sözə görə qorxuya düşür. Yenə də Allahdan ona xitab gəlir: “Ey Musa, sən öz [yanlış] təvəkkülünlə bizim hikmətimizi batil etmək istəyirdin? Otların kökündə şəfabəxş tə`sirləri, min bir dərdə dərman olan faydalı xüsusiyyətləri qoyan kimdir?

Hədislərin birində deyilir ki, zahidlərdən biri şəhərdən çıxıb dağların qoynunda özünə məskən salır və deyir: “Mən heç kimə ağız açmayacağam, Allah mənim ruzimi yetirməyincə kimsənin qapısını döyməyəcəyəm!” Bu minvalla yeddi gün gəlib keçir, amma zahidə yemək-içmək gəlib çıxmır. Ölümcül hala düşmüş zahid inildəyib ərz edir: “Pərvərdigara! Ya mənim ruzimi yetir, ya da tez canımı al ki, bundan artıq əziyyətə düşməyim!” Allahdan xitab olur: “İzzət və cəlalıma and olsun, camaata qaynayıb-qarışmayana qədər sənə ruzi verən deyiləm.” Zahid dağdan enib şəhərə daxil olur. Camaatın arasına daxil olanda, onun zəifləmiş vücudunu görənlər ona su, yemək verirlər. Bu zaman Allah-təala zahidə xitab edir: “Ey Zahid, sən öz  əməlinlə Mənim hikmətimi batil etmək istəyirdin. Məgər bilmirsən ki, bəndəmin ruzisini ona bəndələrimin əli ilə yetirmək Mənim üçün səbəblərsiz (silsilə səbəblər bağlantısı olmadan) yetirməkdən daha əzizdir!”[6]

Ruzi təkcə maddiyyata aid olmur. Mə`nəvi qazanclar, o cümlədən elm də ruzidir. Bu baxımdan ola bilsin kimsə tənbəllik üzündən elm öyrənməyin arxasınca getməsin. Bə`zən də deyirlər, mən Allaha təvəkkül edəcəm, O Özü elmi mənə mərhəmət edəcək. Bu fikirlərinə qüvvət olaraq mə`sumlardan deyilmiş bu rəvayəti də bəhanə gətirirlər: “Elm,  oxuyub-öyrənməklə hasil olmur. Elm elə bir nurdur ki, Allah onu istədiyi kimsənin qəlbinə yerləşdirir.”[7]

Bəli, elm Allahdan gəlir və Onu istədiyi kəsə verir, amma bizim öhdəmizə düşən vəzifə dərs oxumağımızdır. Bacardığımız qədər çalışmaq, ciddi şəkildə işdən yapışmaq bizim borcumuzdur. Biz bütün mümkün fürsətlərdən istifadə etməliyik. Kimsə yanlış anlamamalıdır ki, zəhmətsiz, tər tökmədən alim ola bilər. Zəhmətə qatlaşmadan dünya ne`mətlərinə çatmaq olmaz.

İnsanın əldə etmək istədiyi bütün ne`mətlər Allahın ixtiyarındadır. Səbəblər toplusunün özü əsas təyinedici amil deyil, onlar ne`mətlərin əldə edilməsi üçün Allahın qərar verdiyi vasitələrdir. Çünki Allah həmin vasitələr və vəsaitlər yolu ilə ruzimizin əldə edilməsini istəyir. Əlbəttə, ola bilsin bir iş görmədən və ya vasitə və vəsait olmadığı üçün Allah Öz lütfü ilə bizə təsəvvür etmədiyimiz ne`mətləri versin. Bunun əksinə olaraq, mümkündür uzun zəhmətdən sonra kifayət qədər səbəblərə əl atdığımıza baxmayaraq sonda öz istəyimizə çatmayaq. Bu onu göstərir ki, səbəblər var deyə arxayın olmaq olmaz. İnsan ancaq Allaha e`timad etməlidir. Yə`ni Allaha ümid bağlayaraq səbəblərdən yapışmalıdır.

Allaha təvəkkül etməyən insanın qəlbi daim iztirab içində olar. Onun nə rahatlığı olar, nə də xoş güzəranı. Çünki, ona arxa olacaq həqiqi dostdan qafil olub yalançı və süst arxalara e`timad edir. Buna görə də güclü olmağınız üçün Allaha təvəkkül etməliyik.

TƏQVANIN TƏVƏKKÜLLƏ ƏLAQƏSİ
 “...Kim Allahdan qorxsa (təqvalı olsa) Allah ona (hər çətinlikdən) bir çıxış yolu əta edər və ona gözləmədiyi yerdən ruzi verər. Kim Allaha təvəkkül etsə [Allah] ona kifayət edər. Allah Öz əmrini yerinə yetirəndir. Allah hər şey üçün bir ölçü tə`yin etmişdir.”[8]

Şərif ayədə təqva və təvəkkül—hər ikisi zikr olunmuşdur. Bunun özü təqva və təvəkkül arasında dərin bağlılığın olduğunu göstərir və aydın olur ki, bu ikisini bir-birindən ayırmaq mümkün deyil. Təqvanın öndə zikr edilməsi bəlkə də ona görədir ki, təqvanın əldə edilməsi təvəkkülə çatmağın müqəddiməsidir. İnsan təqvalı olmayınca həqiqi təvəkkülün nə olduğunu dərk etmir.

Şəksiz Yerin, Göyün bütün işləri Allahın əlindədir. Allahın gücü qarşısında heç bir başqa qüdrət yoxdur. Yaradılış dünyasını öz iradəsi ilə idarə edən Odur. Belə olan surətdə biz ancaq Ona e`timad etməliyik, kömək diləyən əlimizi Ona sarı uzatmalıyıq. Başqalarına hörmət göstərməyi, onların yaxşılıqları müqabilində təşəkkür etməyi Allah bizə tapşırdığı üçün, ilahi vəzifəyə əsaslanaraq onlara öz minnətdarlığımızı bildirməliyik. Bununla yanaşı yersiz tə`riflərdən, qarşı tərəfdən bir şey umduğumuz üçün onun şə`ninə yalançı tə`riflər söyləməkdən çəkinməliyik.

Allaha təvəkkül və e`timad edən kəs ruzini Allahdan gözləyir. Bunun üçün də başqalarına yaltaqlanmağa ehtiyac duymur, ona kömək edəcəklər deyə, yersiz olaraq onların qarşısında kiçilmir. Onun-bunun qarşısında yaltaqlanmaq, əyilmək insanın izzət-nəfsi ilə bir araya sığmır.

Bəli, Allah-təala, övliyalar, ata, ana, müəllim kimi boynumuzda böyük haqları olan kəslərin qarşısında təvazökar olmağı buyurmuşlar. Həmçinin nəsəbləri Peyğəmbərə (s) çatdığı üçün seyyidlərin, peyğəmbər zürriyyələrinin önündə Allaha itaət, Peyğəmbərə (s) hörmət məqsədilə təvazökar davranmağı tövsiyə etmişlər. Allah-təala ata-anaya yaxşılıq etməyi, onlara ehtiram qoymağı Özünə ibadət və bəndəlik mərtəbəsindən sonra zikr edir: “Rəbibn yalnız Ona ibadət etməyi və valideynlərə yaxşılıq etməyi [onlara yaxşı baxıb gözəl davranmağı) buyurmuşdur. Əgər onların biri və ya hər ikisi sənin yanında [yaşayıb] qocalığın ən düşkün çağına yetərsə, onlara: “Uf” belə demə, üstlərinə qışqırıb acı söz söyləmə. Onlarla xoş danış! Onların hər ikisinə acıyaraq mərhəmət qanadının altına alıb: “Ey Rəbbim! Onlar məni körpəliyimdən tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et”– de.”[9]

İmam Səccad müəllimin haqqı barədə buyurur: “Sənə elm öyrədən kəsin [sənin boynunda olan] haqqı odur ki, onun qarşısında tə`zim edəsən; (təvazökar davranasan). Onun olduğu məclisi böyük tutub sözlərinə gözəl şəkildə qulaq asasan, yanında hündürdən danışmayasan, üzünü ona sarı tutasan. Əgər kimsə ondan sual soruşsa, cavab verməkdə onu qabaqlama. Onun oturduğu məclisdə başqası ilə söhbət etmə, başqasının qeybətini danışma.”[10]

Dünya tamahı ilə başqasının qarşısında təvazökarlıq edən kəs, əslində yaltaqlıq etmişdir. Onun işinin batini şirkdir və həqiqətdə Allahı gücsüz bildiyi üçün başqasına üz tutmuşdur. Allahı tanıyan, Ona olan mə`rifəti kamala yetmiş və təvəkkül məqamını kəsb etmiş şəxs heç vaxt başqasına ümid bağlamaz. Allahın buyurduğu bu ayəyə: “Məgər Allah Öz bəndəsinə kifayət deyilmi?!”[11] –cani-dildən iman gətirən şəxs heç vaxt başqasına əl açmaz.

 

--------------------------------------------------------------------------------

[1] “Bihar”, c. 17, s. 138.

[2] “Ali-İmran”, 122.

[3] “Nəhcül-bəlağə”, xütbə-218, s. 719.

[4] “Müstədrəkül-vəsail”, c. 11, səh. 217.

[5] “Müstədrəkül-vəsail”, c. 11, s. 217.

[6] Molla Mehdi Nəraqi. “Camiüs-sadat”, c. 3, s. 228-229.

[7] “Bihar”, c. 1, s. 225.

[8] “Talaq”, 2-3.

[9] “İsra”, 23, 24.

[10] “Bihar”, c. 2, s. 42.

[11] “Zumər”, 36.


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

HƏZRƏT FATIMƏ (S.Ə) KIMDIR?
Quranda nümunəvi qadın
Novruz: yeni il, yaz bayramımız-ən qədim el bayramımız
Haram aylarda müharibə aparmaq barəsində İslamın nəzəri nədir?
Bu gün həzrəti Zeynəbi Kübranın (s) mövludu günüdür
Salam cənab prezident İlham Əliyev!
NƏSX EDƏN VƏ NƏSX OLUNMUŞ AYƏLƏRİN ARAŞDIRILMASI
Hamı İman Silahına!
ӘMR SAHİBLӘRİ KİMLӘRӘ DEYİLİR?
Bu gün İslam Peyğəmbəri Muhəmməd ibn Abdullahın və İmam Həsən Muctəbanın ...

 
user comment