Azəri
Tuesday 7th of May 2024
1
نفر 0

MÖ᾿TƏZİLƏ (3)


ƏQİDƏLƏR (2)
 

 

1. «Mənzilətun beynəl-mənziləteyn»in mə᾿nası nədir?

2. Nə üçün mö᾿təzilə nöqteyi-nəzərində əmr be mə᾿ruf və nəhy əz münkər üsulidindən sayılır?

 

 

4. MƏNZİLƏTUN BEYNƏL-MƏNZİLƏTEYN
Doqquzuncu dərsin əvvəlində qeyd olunduğu kimi, mö᾿təzilə firqəsinin yaranmasının ən mühüm səbəbi böyük günahlara mürtəkib olanlar və onların aqibəti barədə idi. Mürciə firqəsi böyük günahlara mürtəkib olanları mö᾿min hesab etdikləri halda, xəvaric onları kafir sayır. Amma mö᾿təzilə ardıcılları belə şəxslərin imanla küfr arasında olduqlarına e᾿tiqadlıdırlar. Yə᾿ni, onlar nə mütləq şəkildə kafir, nə də kamil şəkildə mö᾿min deyillər. Bu məzhəb nöqteyi-nəzərindən belə şəxslərin yeri «mənzilətun beynəl-mənziləteyn» adlandırılmışdır. (İman və küfr arasında yerləşən bir mövqe).

Mö᾿təzilə məzhəbinin məşhur alimlərindən olan qazi Əbdül Cəbbar (H.Q. 415) bu barədə belə deyir: «Böyük günahlara mürtəkib olanlara nə kafir demək olar, nə də mö᾿min. Belə şəxslər fasiq adlanırlar. Buna görə də onların hökmü nə kafirlərin, nə də mö᾿minlərin hökmü ilə eyni deyildir. Burada üçüncü bir hökm vardır ki, biz onu «mənzilətun beynəl-mənziləteyn» tə᾿biri ilə ifadə edirik. Deməli, böyük günaha mürtəkib olan şəxs nə kafirin məqamına malikdir, nə də mö᾿minin.»[1]

Mö᾿təzilə məzhəbi böyük günaha mürtəkib olanları fasiq adlandıraraq, onları mö᾿minlərin cərgəsindən xaric etməsinin səbəbi belə izah edirlər: İman yalnız qəlbi e᾿tiqaddan ibarət deyildir və bu e᾿tiqaddan doğan göstərişlərə əməl etmək də imanın bir hissəsidir. Buna görə də əgər bir şəxs qəlbdə inanıb dildə iqrar etsə, lakin əməldə böyük günahlara mürtəkib olsa, onu mö᾿min hesab etmək olmaz. Bu şəxslər digər tərəfdən mütləq şəkildə kafir də sayılmırlar.

Deməli, onun yeri küfr ilə imanın arasındadır. Buna görə də Qazi Əbdül Cəbbar mükəlləfləri savab və ya cəzaya layiq olmaq baxımından iki dəstəyə bölmüşdür:

1. Savaba layiq olanlar; bunlar Allah övliyalarıdır.

2. Cəzaya layiq olanlar; bunlar da Allahın düşmənləridir.

O daha sonra ikinci dəstəni də yenidən iki dəstəyə bölür:

1. Ağır cəzaya malik olanlar; kafirlər, münafiqlər və mürtədlər.

2. Nisbətən az cəzaya layiq olanlar; bunlar fasiqlər, yə᾿ni böyük günahlara mürtəkib olan şəxslərdir.[2]

MÖ᾿TƏZİLƏ ARDICILLARININ «MƏNZİLƏTUN BEYNƏL MƏNZİLƏTEYN» HAQDA SÜBUTLARI
Mö᾿təzilə ardıcılları böyük günahlara mürtəkib olan üçüncü dəstənin hökmünü, yə᾿ni onların küfr ilə iman arasında olduğunu isbat etmək üçün iki dəlil gətirmişlər.

Birinci dəlil:

Müsəlman firqələri böyük günah edən şəxslərin necə adlandırılması məsələsində ixtilaflıdırlar. Xəvaric onları fasiq və müşrik hesab edir, Zeydiyyə məzhəbi onları ilahi ne᾿mətlər qarşısında küfr etdikləri üçün fasiq adlandırır, Həsən Bəsri və ona tabe olanlar bu kimi şəxsləri münafiq sanır və mürciə firqəsi onlara fasiq mö᾿min adı verir. Göründüyü kimi, müsəlmanlar böyük günahlara mürtəkib olan şəxsləri necə adlandırmaqda ixtilafa düçar olmuşlar. Amma onların hamısı həmin şəxsin fasiq olmasında fikir birliyinə malikdirlər. Buna görə də biz, müsəlmanların fikir yekdilliyini nəzərə alıb, böyük günahlara mürtəkib olanları fasiq adı ilə tanıyırıq, lakin onları münafiq, müşrik yaxud ne᾿mətə kafir olan və ya mö᾿min adlandırmaqdan çəkinirik.

İkinci dəlil:

Şəriətdə mö᾿min kəlməsi öz leksik mə᾿nasında deyil, istilahi mə᾿nada işlədilir. Ümumiyyətlə bu söz tə᾿rifə layiq olan şəxslərə deyilir. Çünki, Allah-taala hər yerdə mö᾿min kəlməsini gözəl sifətlərlə yanaşı zikr etmişdir. O cümlədən:

«Həqiqətən, mö`minlər nicat tapmışlar! (Cənnətə nail olmaqla mətləblərinə çatıb əbədi səadətə qovuşmuşlar!)»[3]

Yenə buyurur:

«Mö`minlər yalnız o kəslərdir ki, Allah adı çəkiləndə (Onun heybət və əzəmətindən) ürəkləri qorxudan titrəyər, Allahın ayələri oxunduğu zaman həmin ayələr onların imanlarını daha da artırar, onlar ancaq öz Rəbbinə təvəkkül edər.»[4]

Yaxud başqa bir yerdə:

«Həqiqətən, mö`minlər ancaq Allaha və Onun Peyğəmbərinə iman gətirən, ümumi bir iş üçün Peyğəmbərlə bir yerdə olduqda ondan izn almamış bir yerə getməyən kimsələrdir...»[5]

Bu barədə ətraflı mə`lumat əldə etmək üçün Qazi Əbdül Cəbbarın «Şərhül-üsulil-xəmsə» kitabına müraciət edə bilərsiniz.

TƏNQİD VƏ ARAŞDIRMALAR
Birinci dəlilin araşdırılması:

Aydındır ki, İslami firqələr böyük günaha mürtəkib olan şəxsin fasiq olmasında fikir yekdilliyinə malikdirlər. Amma bu fikir birliyi bundan artıq heç bir şeyə dəlalət etmir. Başqa sözlə desək, müsəlmanların bu fikir birliyinə əsaslanıb, yalnız böyük günah edən şəxslərin fasiq olduğunu isbat etmək olar. Amma belə şəxslər üçün üçüncü bir mövqe nəzərdə tutmaq, onları həm kafir, həm də mö᾿min hökmündən xaric etməyə gəldikdə isə, qeyd etmək lazımdır ki, bu məsələdə ortaq bir məxrəcə gəlmək mümkün deyildir. Halbuki, mö᾿təzilə firqəsi həmin şəxsin mö᾿minlə kafir arasında qərar tutduğunu isbat etmək üçün dəlil axtarırlar.

Müsəlmanlar arasında böyük günahlara mürtəkib olan şəxsin mö᾿min, kafir və ya müşrik adlandırılması ilə bağlı yaranan ixtilaflardan da aydın olur ki, belə şəxslər nəhayətdə bu iki yerdən birinə malikdir və onlar üçün ayrı bir ünvan axtarmaq yersizdir.

İkinci dəlilin araşdırılması:

İkinci dəlil araşdırılarkən iki məsələni diqqət mərkəzində saxlamaq lazımdır:

1. Görəsən iddia etmək olarmı ki, hədis və rəvayətlərdə xüsusi mə᾿nada işlənən bir söz, leksik mə᾿nadan istilahi mə᾿naya keçsin? Məsələn, Peyğəmbərin (s) buyurduğu «Əssəlatu me`racul mu`min» hədisində, «səlat» kəlməsinin «me᾿racul-mö᾿min» mə᾿nası üçün yaradılmasını iddia etmək olarmı? Necə iddia etmək olar ki, Qur᾿an ayəsində mö᾿min kəlməsi mədh və əzizləmə mə᾿nasında işlənməklə yanaşı, öz leksik mə᾿nasından mö᾿təziləçilərin nəzərdə tutuduğu istilahi mə᾿naya keçmişdir?!

2. Qur᾿an ayələrinə müraciət etməklə, nəzərə almaq lazımdır ki, mö᾿min kəlməsi heç də mədh və əzizləmə ilə yanaşı deyildir. Qur`ani-kərimin Nisa surəsinin 92-ci və Əhzab surəsinin 36-cı ayələrini də buna misal çəkmək olar.

5. Əmr be mə᾿ruf və nəhy əz münkər;

Mö᾿təzilə məzhəbinin e᾿tiqadi prinsiplərindən beşincisi əmr be mə᾿ruf və nəhy əz münkərdir.

Əmr be mə᾿ruf və nəhy əz münkərin vacib olmasında müsəlmanlar arasında heç bir ixtilaf yoxdur. Sadəcə olaraq, onun necəliyi və şərtləri barədə fikir ayrılığı vardır.

Bütün İslam firqələri əmr be mə᾿ruf və nəhy əz münkəri füruidindən sanır, onu fiqhi məsələlər arasında araşdırırlar. Amma mö᾿təzilə ardıcılları onu üsulidin məsələlərindən hesab edirlər. Çünki əvvəldə qeyd olunduğu kimi, onlar əməli də imanın bir hissəsi sayırlar. Buna görə də əməli bir məsələ olan əmr be mə᾿ruf və nəhy əz münkər mö᾿təzilə məzhəbi nöqteyi-nəzərindən əqidə üsullarından hesab olunur.

MÖ᾿TƏZİLƏ MƏZHƏBİNİN BAŞQA ƏQİDƏLƏRİ
Mö᾿təzilə ardıcıllarının, bütün mö᾿təzilə firqələrinin müvafiq olduqları beş üsuldan əlavə, müttəfiq olmadıqları bə᾿zi əqidələri də vardır. Burada həmin üsulların bə᾿zisini xülasə şəkildə bəyan edirik:

1. İnsan, gördüyü bütün işləri öz ixtiyarı ilə həyata keçirir, onun əməlinin yaxşı və ya pis olması onun özünə aid edilir. Hər bir şəxs bu əməllərin əsasında cəza və ya mükafata layiq görülür. Allah pak və münəzzəhdir və heç vaxt insanların günah, mə᾿siyət, küfr və zülmləri Ona nisbət verilməz.

2. Qur᾿an Allahın kəlamı və onun yaratdığıdır.

Allahın kitabı Həzrət Məhəmməd (s.ə.v.v.)-in peyğəmbərliyə məb᾿us olunması ilə eyni zamanda vücuda gəlmişdir və qədim deyildir.

3. «Riza» (razılıq) və «qəzəb» xüsusiyyəti sifət deyil, vəziyyətdir. Çünki bu xüsusiyyətlər sabit vəziyyət deyillər və dəyişəndirlər. Buna görə də Allahı bu iki sifətlə vəsf etmək olmaz. Unutmaq olmaz ki, Allahın zatı sabitdir. Deməli, qəzəb və razılıq kimi sifətləri ilahi savab və cəza (yə᾿ni behişt və cəhənnəm) hesab etmək lazımdır.

4. Allahın ədaləti tələb edir ki, O, heç bir əməli Öz ədalətinin xilafına görməsin. Aqil şəxs özünün xeyir və məsləhətinə olan şeydən başqa bir iş görməz. İlahi hikmət də bəndələrin xeyrinə olan şeyləri tələb edir. Buna görə də Allahın öz bəndələrinə zülm etməsi, şər işləri vücuda gətirməsi, məsləhət olan işlərdən göz yumması qeyri-mümkündür. Allahın Öz bəndələrini qeyri-mümkün olan işlərə mükəlləf etməsi mümkün deyildir. Hətta əql də hökm edir ki, Allah heç bir məxluqa, taqəti çatmayan işlər əmr etməz.[6]

 

--------------------------------------------------------------------------------

[1] Qazi Əbdül Cəbbar, «Şərhül-üsulil-xəmsəti».

[2] Qazi Əbdül Cəbbar, «Şərhül-üsulil-xəmsəti».

[3] Mu᾿minun-1.

[4] Ənfal-2.

[5] Nur-62.

[6] Miyan Məhəmməd Şərif, «Tarixi fəlsəfə dər islam».


source : الشیعه
1
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İslam yaxınlığın zaman və məkanı üçün xüsusi şəraiti təyin edibdirmi?
Qadın öz pulu ilə həccə getmək istəyir, amma əri icazə vermir və getməyə ...
CAHANIN ƏN ŞƏRƏFLI QONAĞI
Kumeyl duasının şərhi
Quranın hikmətləri bir daha təsdiqləndi
GÜNAHKARIN TÖVBƏSİ QƏBULDUR
ƏL-QƏSƏS ‏ SURƏSI
Bu gün bəzi rəvayətə görə Xanım Zəhranın (s) Şəhadətidir
İ.Əliyevə göndərilən məktubda İslamçı jurnalistlərin də adı var
İNSANIN FORMALAŞMA MƏRHƏLƏLƏRI-3

 
user comment

Kaylyn
Woah nelly, how about them appels!
پاسخ
0     0
2011-09-13 11:09:28