Bu firqənin davamçıları Zeyd ibni Əli ibni Hüseyn ibni Əli ibni Əbu Talibi özlərinə imam seçdikləri üçün belə adlandırılmışlar. Bir çox tarixi sənədlərdən belə bir qənaətə gəlmək olur ki, Zeyd ibni Əli heç vaxt imamlıq iddiası etməmiş, atası və qardaşı Məhəmməd ibni Əlinin e᾿tiqadına zidd olan heç bir əqidəyə əsaslanmamışdır. Bu səbəbdən də onu bu firqənin banisi hesab etmək tamamilə əsassız olardı. Lakin onun tərəfdarları qiyam etdiyi zaman, xüsusilə şəhid olarkən onu imam kimi qələmə verərək Zeydiyyə firqəsinin bünövrəsini qoymuşlar. Bu və növbəti dərslərimizdə Zeydiyyə firqəsinin e᾿tiqadları barədə söhbət açacaq və onun ətrafında araşdırmalar aparacağıq.
ZEYD İBNİ ƏLİNİN TƏRCÜMEYİ-HALI
Zeyd ibni Əli şiələrin dördüncü imamı Əli ibni Hüseyn ibni Zeynəlabidinin oğludur. Zeydin doğum və şəhadət günü barədə səhabələr və tarixçilər müxtəlif fikirdədirlər.
Doğulduğu il Hicrətin 67, 75, 78, 79 və 80-cı illəri, şəhid olduğu il isə Hicrətin 120, 121 və 122-ci illəri göstərilmişdir. Lakin Zeydin Hicrətin 122-ci ilində 42 yaşında ikən şəhid olması həqiqətə daha yaxındır. Demək, onun Hicrətin 80-cı ilində doğulması daha mö᾿təbər hesab olunmalıdır. Tarixçilərin qeyd etdiklərinə və alimlərin e᾿tirafına görə, Zeyd zəmanəsinin görkəmli alim, fəqih, müfəssir və hədisşünası olmuşdur. Həddindən artıq təqvalı, pəhrizkar və mö᾿min bir şəxs olan Zeyd gecələrini ibadətlə keçirər və çox sadə həyat tərzi sürərdi. Onun şagirdlərindən biri olan Əbu Hənifə deyir: «Zeyd dövrünün ən savadlı şəxsiyyəti idi, mən həmin vaxtlar ondan daha elmli və natiqlik iste᾿dadına malik olan ikinci bir şəxs görmədim.»
Zeyd ibni Əlinin imamiyyə alimlərinin arasında xüsusi yeri vardır. Şeyx Mufid onun barəsində deyir: «Zeyd ibni Əli ibni Hüseyn, qardaşları arasında həzrət Məhəmməd Baqirdən sonra ən bacarıqlı və iste᾿dadlı şəxs hesab olunurdu. O, olduqca abid, pəhrizkar, zahid, səxavətli, fəqih və şücaətli bir şəxs idi. Xeyirli işlərə də᾿vət, pis işlərdən çəkindirmək və cəddi Hüseyn ibni Əlinin intiqamını almaq məqsədilə qiyam etdi. Qur᾿anla çox ünsiyyətdə olduğu üçün ona «Həliful Qur᾿an» (Qur᾿anla əhd-peyman bağlayan) ləqəbi verildi.[1]
Şeyx Bəhaəddin Amili onun barəsində deyir: Zeydin haqqında yaxşılıqlardan başqa heç bir şey xatırlaya bilmirəm. İmamlarımız daim onu xoş sözlərlə yad edər və ruhuna rəhmət oxuyardılar. İmam Sadiq (ə) hər zaman onu xatırlayarkən deyərdi: «Allah əmimə rəhmət etsin.»[2]
Cabir ibni Yəzid rəvayət edərək deyir: «Eşitmişəm ki, imam Məhəmməd Baqir (ə) qardaşı Zeyd ibni Əlini xatırlayarkan bu ayəni tilavət edərdi:
«...Mənim yolumda əziyyətə düçar olanların, vuruşanların və öldürülənlərin günahlarının üstünü Allahdan bir mükafat olaraq, əlbəttə, örtəcək...»[3]
Daha sonra isə buyurardı: «And olsun Allaha! Zeyd bu ayənin ən aşkar nümunəsi idi.» Cabir ibni Yəzid deyir: Məhəmməd Baqir ələyhissəlamdan qardaşı Zeyd barədə soruşduqda buyurardı: «Elə bir şəxs barədə sual verirsiniz ki, o, vücudu elm və təqva ilə dolu bir insan və sülaləsinin böyük şəxsiyyətlərindən olmuşdur.»
İmamiyyə məktəbinin ravilərinin nəql etdiyi hədislərə əsasən, Zeyd ibni Əli qiyam etməzdən əvvəl altıncı imam Cə᾿fər Sadiq (ə)-la məşvərət etmiş və o həzrət də buyurmuşdur: Ey Əli! Əgər qətlə yetirilib zibillikdə dar ağacından asılmağa razısansa, belə et (qiyam et!)»
Zeyd o həzrətlə xudafizləşib getdiyi zaman imam Cə᾿fər Sadiq (ə) buyurmuşdur: «Vay o kəslərin halına ki, qiyam harayını eşidib ona yardımçı olmasınlar!»[4]
İmam Rizadan (ə) nəql olunan rəvayətdə deyilir: «Zeyd ibni Əli Peyğəmbər sülaləsinin böyük alimlərindən biri olmuşdur. O, Allahın razılığı üçün qəzəblənib Allah düşmənləri ilə cihad etdi və Allah yolunda da şəhid oldu.»[5]
ZEYD İBNİ ƏLİNİN MÜƏLLİM VƏ ŞAGİRDLƏRİ
Qeyd etdik ki, Zeyd ibni Əli zəmanəsinin böyük alimlərindən biri olmuşdur. Zəmanəsinin böyük ustadlarından təhsil almaqla yanaşı, şagirdlərin tə᾿lim-tərbiyəsi ilə də ciddi məşğul olurdu. Onun təhsil aldığı müəllimlərdən aşağıdakıların adlarını çəkmək olar:
Atası Əli ibni Hüseyn Zeynəlabidin (ə), qardaşı Əbu Cə᾿fər Məhəmməd Baqir (ə), Əban ibni Osman, Ubeydullah Əbi Rafe və Urvət ibni Zubeyr.
Məşhur şagirdlərindən də bə᾿ziləri aşağıdakılardan ibarətdir:
Övladları İsa ibni Zeyd, Məhəmməd ibni Zeyd, Hüseyn ibni Zeyd və Yəhya ibni Zeyd.
Həmçinin Əbu Hənifə, Mənsur ibni Mö᾿təmir, Harun ibni Sə᾿d, Müaviyət ibni İshaq, Əbulcarub Ziyad ibni Munzir, Həsən ibni Saleh, Əli ibni Saleh, Məhəmməd ibni Əbdürrəhman, Məhəmməd ibni Müslim, Əmr ibni Xalid Əlvasiti, Muəmmər ibni Xeysəm Hilali, Qeys ibni Rəbi, Süfyan ibni Əbissəmət, Məhəmməd ibni Əbdullah (Nəfs Zəkiyyə) və onun övladları və qardaşları İbrahim, İdris, Yəhya və Seyyid Musa.
ZEYD İBNİ ƏLİNİN ELMİ ƏSƏRLƏRİ
1. «Əl-məcmuül fiqhi», «Əl-məcmuül hədisi» və «Əl-musnəd» kitabları Zeydin yazdığı əsərlərdən hesab edilir. Zeydiyyə alimləri bu kitabların onun tərəfindən yazıldığını bildirirlər. Onlar bu kitablara şərh və izahlar da yazmışlar. Verilən şərhlərdən biri də qazi Əllamə Şərəfuddin Hüseyn ibni Əhməd Səyağinindir (h.q.1221).
2. «Ğəribul-Qur᾿an təfsiri»; Əgər bu kitabın Zeydə mənsub olunması düzgün olarsa deməliyik ki, bu kitab anlamı çətin olan Qur᾿an ayələrinə şərh verən ilk təfsirlərindəndir.
3. «Əs-sifvətu»; Qur᾿an ayələrindən istifadə olunaraq Əhli-beytin fəziləti haqda olduqca sadə dildə yazılan bir kitabdır.
4. «Həcc əməlləri»; Həcc mərasiminin qayda-qanunları barədə yazılmış əməliyyə risaləsi.
5. «Alim və ümmətə peyğam». Zeyd bu kitabda edəcəyi qiyamın hədəf və məqsədini şərh edir.
Yuxarıda adları çəkilən kitablar Zeyd ibni Əliyə mənsub edilmiş və tarixçilər tərəfindən az-çox təsdiq olunmuşdur.
ZEYD İBNİ ƏLİNİN QİYAMI
Zeyd ibni Əlinin həyatı və Bəni-üməyyəyə qarşı etdiyi qiyam islam tarixinin ən parlaq səhifələrindən birini təşkil edir. Zeyd, cəddi Hüseyn ibni Əlinin intiqamını almaq məqsədilə, Peyğəmbər (s) sünnəsini məhv edərək aradan aparmış və bir çox bid᾿ətlərə səbəb olan Bəni-üməyyəyə qarşı qiyam etdi. Qiyam etməkdə ilk məqsədi müsəlmanları Allahın kitabına də᾿vət etmək, Peyğəmbərin (s) sünnəsini yaşatmaq və meydana gəlmiş bid᾿ətləri aradan qaldırmaq idi.
Zeyd ibni Əli bir müddət gizli şəkildə ətrafına silahdaş yığıb onlara hərbi tə᾿limlər keçirdi. Qiyam edəcəyini rəsmən e᾿lan etdikdə alimlərin bir çoxu, o cümlədən Əbu Hənifə onu müdafiə edərək müsəlmanlara bu qiyama qoşulmağın vacibliyinə dair fətva verdi.[6]
Bir qədər əvvəl qeyd olunduğu kimi, imamiyyə məzhəbinin başçıları və mə᾿sum imamlar Zeydin qiyamını dəstəkləmiş və müsəlmanları bu qiyama qoşulmağa də᾿vət etmişlər. Tarixi mənbələrdə qeyd olunur ki, on beş min nəfərdən ibarət olan könüllü dəstə Zeydə birləşərək qiyamda iştirak etmələrinə hazır olduqlarını bildirdilər. Lakin o zaman Kufənin valisi olan Yusif ibni Ömər Səqəfi, Zeydin qiyam edəcəyindən xəbərdar olub Bəni-üməyyəyə tə᾿cili olaraq döyüşə hazır olmağın zəruriliyini çatdırır. Zeydin ordusu tam hazırlıqlı vəziyyətə düşməzdən əvvəl onlara qarşı hücum başlanır. Çarəsizlikdən üç yüz nəfərlik kiçik bir ordu ilə döyüşə atılıb həmin döyüşdə tərəfdarları ilə birlikdə şəhid olur. Zeydin bədəni Əməvilərin əlinə düşdükdə, onlar vəhşicəsinə onun başını bədənindən ayırıb Hişam ibni Əbdülməlikə göndərdilər. Sonra cəsədini Kufə zibilliyində dar ağacından asdılar və bir müddət qaldıqdan sonra yandırıb külünü Fərat çayına tökdülər.
Zeydin qiyamı oğlu Yəhya tərəfindən Xorasanda davam etdirildi. Eyni zamanda imam Həsən (ə)-ın nəvəsi (Nəfs Zəkiyyə ləqəbi ilə məşhur olan) Məhəmməd ibni Əbdullah ibni Həsən Musənna Hicazda və qardaşı İbrahim ibni Əbdullah İraqda qiyama qoşularaq Bəni-üməyyə və Bəni-abbas sülaləsinə böyük təhlükə yaratdılar.
--------------------------------------------------------------------------------
[1] Əl-irşad, Şeyx Mufid.
[2] Ə᾿yanuş-şiə /1-ci cild. Şeyx Bəhaəddin Amilidən nəql edilməklə.
[3] Ali-İmran-195.
[4] Üyunu Əxbarur-riza/1-ci cild, Biharul Ənvar/46-cı cild.
[5] Üyunu Əxbarur-riza/1-ci cild, Biharul Ənvar/28-ci cild.
[6] Mənaqibu imam Əbu Hənifə/1-ci cild/İbni Bəzzaz.
source : الشیعه