Azəri
Thursday 26th of December 2024
0
نفر 0

İMAM ZAMANLA GÖRÜŞƏNLƏR-4

«İyirmi Dördüncü Görüş»
Fəridətül-İslam təxəllüslü mərhum Şeyx Əli Kaşani deyir:

Günlərin bir günü axşam çağı “dağlıq” adlı məntəqədə mərhum Ayətullah Kuhistaninin qəbul otağında şam namazını qılmaqla məşğul idim. Bir də gördüm ki, fədası olduğum İmam Zaman (ə) otağa daxil olub arxası qibləyə və üzü mənə tərəf dayandı. Təşəhhüddə oturaq halda öz-özümə fikirləşdim ki, əgər namazımı kəsib onunla salamlaşsam, bəlkə bu ona xoş gəlməz və mənimlə təmasda olmadan çıxıb gedər. Elə isə qoy namazımı kəsməyib bir qədər səbr edim. Əgər mənimlə danışmaq istəsə, namazdan sonra da danışar. Namazımı qılıb qurtardım, lakin namaz əsnasında Həzrət namazın bə`zi sözlərini mənimlə birgə təkrar edirdi. Xüsusilə də sonuncu səcdədə daha yüksək əhval-ruhiyyə ilə oxuduğum bu zikri – «Ya mən ləhud-dunya vəl-axirə, irhəm mən ləysə ləhud-dunya vəl axirə!» (Ey o kəs ki, dünya da, axirrət də ona məxsusdur, rəhm et o kəsə ki, nə dünya və nə axirət onundur!) İmam Zaman (ə) da daha yüksək əhval-ruhiyyə ilə dəfələrlə onu təkrar etdi. Amma elə ki, namazın salamını deməyə başladım, İmam Zaman (ə) dərhal getdi.


«İyirmi Beşinci Görüş»
Seyyid Həsən Əbtəhi deyir ki, cavan vaxtlarımda bir dəfə mərhum Hacı Molla Ağacandan soruşdum: Nə üçün İmam Zaman (ə)-ı görə bilmirəm? Buyurdu: Çünki, yaşın azdır. Dedim: Əgər ləyaqətdən söz getsə, onda heç kim belə onunla görüşməyə layiq deyil. Əgər o özü lütf etsə, hətta az yaşlı uşaq olsaq belə bu səadəti bizlərə nəsib edər.

Bu sözüm ona çox xoş gəldi və dedi: Düz deyirsən. Siz sabah axşam İmam Rza (ə)-ın ziyarətgahında axşam namazı vaxtı hazır olun ki, intizarın sona çatacaq.

Həmin gecə ziyarətgahda oldum. Əhval-ruhiyyəm də çox yaxşı idi və mən İmam Zaman (ə)-ın görüşünə nail olacağıma ümid bəsləyirdim. Amma buna müvəffəq ola bilmədim və bundan olduqca təsirlənərək şam yeməyi üçün evə gəldim. Evin yolu dar və qaranlıq küçələrdən keçirdi. Birdən, uzaqdan bədənindəki bütün paltarları, hətta başında yaşıl əmmaməli bir alicənab seyyidin gəldiyini gördüm. Mənə yaxınlaşıb salam verdi, mən də salamının cavabını verdim, amma belə bir qeyri-adi görüşdən dərin fikirə daldım. Fikirləşdim ki, görəsən bu şəxs kim idi? Bu fikirlə müsafirxanaya çatdım. Molla Ağacan məni görcək, bir söz demədən bu misra ilə başlanan bir qəzəli söyləməyə başladı:

Sirlər xəzinəsinin gövhəri o idi ki, keçdi...

Onu dinlədikdən sonra halım tamamilə dəyişildi və başa düşdüm ki, yolda qarşılaşdığım həmin alicənab şəxs İmam Zaman (ə) imiş.


«İyirmi Altıncı Görüş»
Seyyid Həsən Əbtəhi deyir ki, ilahi övliyalardan biri mənə istəklərin yerinə yetməsi üçün «Səlamullahil-kamilut-tamm» duasını oxumağı tövsiyə etmişdi. Mənim isə o vaxtlar fədası olduğumuz İmam Zamanla (ə) görüşməkdən artıq heç bir istəyim yox idi. Bunun üçün də gecələr, xüsusilə də gecə yarısından sonra açıq səma altında bu duanı bütün qaydaları ilə oxuyurdum. Duanın sonundakı «Ya Mövlayə! Ya Sahibəzzəman! Yəbnə Rəsulillah! Hacəti kəza və kəza.» (Ey sərvərim! Ey Sahiəzzəman! Ey Peyğəmbər övladı!) ibarətində qeyd olunan “kəza və kəza” kəlmələrinin yerinə istək və hacətimi deyirdim: «Hacəti ru`yətukə və suhbətukə.» (İstəyim səni görmək, səninlə söhbət etməkdir.) Duanın sonunda bir daha hacətin dilənməsi göstərilir ki, mən yenə həmin bu hacəti istəyirdim.

Bir gün cümə axşamı gecə saat 12 radələrində Məşhəddə Gövhərşad məscidinin həyətində, açıq səma altında bu duanı oxumaqla məşğul idim. Deyə bilərəm ki, həmin vaxt məsciddə məndən savay kimsə yox idi və məscidin həyətini yalnız bir neçə çıraq işıqlandırırdı. O vaxtlar mən İmama “istiğasə” (köməyə çağırma) namazından sonra həmin ziyarəti oxuyurdum. Duadakı «Ya mövlayə! Ya Sahibəzzəman, yəbnə Rəsulillah! Hacəti ru`yətukə və suhbətukə.» “Ey sərvərim! Ey Sahibəzzaman! Ey Peyğəmbər övladı! İstəyim səni görmək və səninlə söhbət etməkdir.” – ibarəsinə çatdıqda, birdən gördüm ki, günbəzin kənarındakı “qiblə” qapısından məscidə elm əhlinə bənzər nurani və yaraşıqlı bir seyyid daxil oldu. Onu görcək, fədası olduğumuz İmam Zaman (ə) olduğuna yəqin etdim. Bunun üçün də tam yəqinliklə ziyarətimi kəsib ona tərəf yaxınlaşdım. O da sanki, məni görmürmüş kimi, başını aşağı salıb ziyarətgaha tərəf gedirdi. Heybət və alicənablığı mənə onunla kəlmə kəsməyə mane olurdu. Mən də onun ardınca ziyarətgaha daxil oldum və öz-özümə dedim: Hardan bilim ki, o fədası olduğumuz İmam Zaman (ə)-ın özüdür? Nəhayət, qarşısında dayanıb ziyarətnaməni oxumağa başladım. Lakin, bir anlıq fikrim ondan yayındı və gördüm ki, artıq o yoxdur.


«İyirmi Yeddinci Görüş»
Ayətullah Şeyx Məhəmməd Əli Əraki Qum elmi hövzəsinin tanınmış alimlərindən biri olmuşdur. Kimsə onun yüksək elmi məqam və təqvaya malik olduğuna şübhə etmir. “Alimlərin xəzinəsi” kitabının müəllifi onun ikinci cildinin 64-cü səhifəsində yazır: “Bu əhvalat müəllifə 1393-cü ilin Rəbius-sani ayının 26-da çərşənbə axşamı nəql olunub.

Hacı Ərakidə ərdə olan qızım Məkkəyə həcc ziyarətinə getmək istəyirdi, amma oradakı izdihamdan təvafını rahat və kamil yerinə yetirə bilməyəcəyindən narahat idi. Bir gün ona dedim: Əgər ziyarət zamanı «Ya Hafizu! Ya Əlim!» (Ey [hər şeyi] qoruyan! Ey [ hər şeyi] bilən!) – zikrini ardıcıl olaraq təkrar etsən, Allah-təala sənə kömək edər. Nəhayət, həcc ziyarətinə gedib qayıdandan sonra orada başına gələni mənə nəql etdi: Ziyarət zamanı mənə tövsiyə etdiyiniz zikri ardıcıl olaraq təkrar etməklə, şükür Allaha, ziyarəti çox rahat yerinə yetirdim. Ziyarət günlərinin birində sudanlılar böyük bir izdiham yaratdılar. Təvaf etməzdən əvvəl öz-özümə fikirləşdim ki, görəsən bu qədər insanın içində necə təvaf edəcəyəm? Heyf ki, burada məni qoruya biləcək məhrəm olan bir şəxs yoxdur. Birdən qulağıma belə bir səs gəldi: İmam Zamandan kömək istə ki, rahat təvaf edə biləsən. Dedim: İmam Zaman (ə) haradadır? Cavab verdi: Qarşında gedən həmin bu şəxsdir.

Baxıb gördüm ki, qarşımda alicənab bir şəxs gedir və təxminən, özündən kənara bir metr ətrafı tamamilə boşdur. Həmin səs bir daha mənə dedi: O dairəyə daxil ol və həmin şəxsin ardınca təvaf et! Mən də dərhal həmin dairəyə daxil olub İmam Zaman (ə)-ın ardınca hərəkət etməyə başladım. Mən ona o qədər yaxın idim ki, əlimi uzatsaydım ona toxuna bilərdim!

Sakitcə əlimi onun əbasına sürtüb sonra üzümə çəkdim. Elə hey öz-özümə deyirdim: Qurbanın olum ey İmam! Canım sənə fəda olsun ey İmam! O qədər sevinirdim ki, hətta ona salam verməyi belə unutdum. Bir sözlə, kimsə mənə toxunmadan yeddi dəfə Kə`bəni təvaf etdim və gördüyüm həmin izdiham məni əsla narahat etmədi. Təəccüb edirdim ki, bu qədər insandan biri də olsun həmin dairəyə daxil olub mənə toxunmurdu.

Onun yeganə istəyi elə bu olduğundan daha Həzrətdən başqa bir şey istəməmişdi.”

 

 
«İyirmi Səkkizinci Görüş»
Mərhum şeyx Məhəmməd Təqi Bafiqi, Rza şah Pəhləvinin zülmkar rejiminə baş əyməyən mübariz alimlərdən biri olmuşdur. Zalım şah dəfələrlə onu zindana salmış və ucqar məntəqələrə sürgün etmişdir. “Alimlərin xəzinəsi” kitabının müəllüfi yazır: “Şeyx Məhəmməd Təqi Bafiqi “ədilləyi-ərbəə”yə (şəriətdə əhkamların istixracı üçün dödr əsas dəlil) əsasən, İmam Zamanı (ə) görməyi tam mümkün məsələ hesab edirmiş. Hər hansı bir şeyin mümkünlüyünə ən yaxşı dəlil isə onun həyatda baş verməsidir. Bir halda ki, minlərlə insan İmam Zaman (ə)-ı görmüş, onu tanıyaraq söhbət etmişlər!”[1] Müəllif qeyd olunanları ətraflı şərh etdikdən sonra Mərhum Bafiqidən onunla əlaqəli olan bir neçə başqa əhvalat da nəql edir ki, onlardan birini şeyx Məhəmməd Təqi Bafiqinin qardaşı, alim, zahid höccətül-İslam Molla Əsədullahın dilindən nəql edir. Deyir ki, o bu əhvalatı 1369-cu ilin səfər ayında mənə dadışdı:

Qardaşım dəfələrlə İmam Zamanla (ə) görüşmüş və onunla söhbətlərini mənə nəql etmişdir. Amma tapşırmışdı ki, nə qədər ki,mən sağam onları kimsəyə danışmayam. Lakin indi o, dünyasını diyişdiyi üçün sizə həmin görüşlərdən bir neçəsini nəql etmək istəyirəm. Onlardan biri budur:

Bir vaxtlar qərara gəlmişdim ki, Nəcəf-Əşrəfdən piyada Məşhədə İmam Rza (ə)-ın ziyarətinə gedəm. Yola düşdüyüm vaxt qış fəsli idi. İran ərazisinə daxil oldum. Hər tərəf böyük dağ və dərələrlə əhatə olunurdu. Hava isə olduqca soyuq və ardı kəsilmədən qar yağırdı. Bir gün qürub vaxtı qarlı-boranlı bir havada yol kənarında bir qəhvəxanaya çatdım. Öz-özümə dedim: Axşam burada qalıb səhər yenə yoluma davam edərəm. Qəhvəxanaya daxil oldum, orada bir neçə “yezidi kürdü” oturub qumar oynayırdı. Öz-özümə dedim: İlahi nə edim? Axı, bunları pis işlərdən çəkindirmək mümkün deyil və mən də onlarla birlikdə burada otura bilmərəm. Hava isə çöldə olduqca soyuqdur. Beləcə, qəhvəxanadan eşikdə dayanıb götür-qoy edirdim. Hava da get-gedə qaralırdı. Birdən, belə bir səs eşitdim: Məhəmməd Təqi! Bura gəl. Səs gələn tərəfə getdim, gördüm ki, yaraşıqlı və alicənab bir şəxs yaşıl ağacın altında oturub məni özünə tərəf çağırır. Ona yaxınlaşıb salam verdim. Salamımı alıb buyurdu: Məhəmməd Təqi, ora sənin yerin deyil! Ağacın altına girdikdə hiss etdim ki, oranın havası olduqca mülayimdir, orada həm istirahət etmək olar, həm də qalmaq. Ətraf soyuq və qarla örtülsə də ağacın altı olduqca mülayim və tamamilə quru idi. Beləcə, gecəni İmam Zaman (ə)-ın yanında qaldım və bacardığım qədər onun hüzurundan istifadə etdim.

Səhər sübh namazını onunla birgə qıldım və mənə dedi: Artıq hava işıqlanır, gedək.  Dedim: İcazə verin hər zaman sizinlə olum və sizə xidmət göstərim. Buyurdu: Mənimlə gələ bilməzsən. Dedim: Bəs, bundan sonra sizin xidmətinizə harada çatım? Buyurdu: Bu səfərdə iki dəfə sənin yanına gələcəyəm və sən məni görəcəksən. Görüşümüzün biri Qumda, ikincisi isə Səbzivarın yaxınlığında olacaq. Bunu deyib qeyb oldu.

İmam Zamanla (ə) görüşə can atdığımdan şövqlə yoluma davam edib bir neçə gündən sonra Quma çatdım və həm Həzrəti Mə`sumə (ə)-ı ziyarət etmək, həmdə İmam Zaman (ə)-ın görüşünə nail olmaq üçün üç gün orada qaldım. Amma o həzrətlə görüşə bilmədim.

İmam Zamanla (ə) görüşə bilmədiyimdən bərk narahat idim. Beləcə, yoluma davam edib bir aydan sonra Səbzivara yaxın bir məntəqəyə yetişdim. Uzaqdan Səbzivarı görüb dedim: Nə üçün və`dəyə əməl olunmadı? Qumda İmam Zaman (ə)-ı görmədim, bu da Səbzivar! Bu fikirdə idim ki, birdən, at ayaqlarının səsini eşitdim. Arxaya baxıb gördüm ki, İmam Zaman (ə) mənə tərəf gəlir. Mənə yaxınlaşıb dayandı və salam verdi. Mən də salamının cavabını verib ona olan məhəbbətimi bildirərək dedim: Ağa, Qumda mənimlə görüşəcəyinizə söz vermişdiniz, amma müvəffəq olmadım. Buyurdu: Məhəmməd Təqi, biz (filan gün filan saatda) sənin yanına gəldik, sən isə bibim Həzrət Mə`sumə (ə)-ın ziyarətgahından çıxırdın. Tehranlı bir qadın səndən şər`i məsələ soruşurdu və sən də başını aşağı salıb sualına cavab verirdin. Mən də sənin yanında dayanmışdım, amma fikir vermədiyindən çıxıb getdim.


«İyirmi Doqquzuncu Görüş»
Mərhum Məhəmməd Təqi Bafiqi (Allah ona rəhmət etsin) İmam Zamanla (ə) əlaqə yaratmaqda o qədər güclü və o qədər təqvalı bir şəxsiyyət idi ki, nə zaman bir istəyi olsaydı, dərhal Cəmkəran məscidinə gedər və hacətini İmam Zaman (ə)-dan alardı. “Alimlər xəzinəsi” kitabının müəllifi bu əhvalatı Qumun elmi hövzəsinin böyük alimlərindən birindən nəql edir:

Ayətullah hacı seyyid Məhəmməd Rza Gülpayeqani buyurardı ki, Ayətullah Əbdülkərim Hairinin dövründə dörd yüz tələbə Qum hövzəsinə cəm olub onun tələbələr üçün təqaüd üzrə nümayəndəsi mərhum hacı şeyx Məhəmməd Təqidən qış əbası istəyirlər. Şeyx Bafiqi tələbələrin istəyini mərhum Əbdülkərim Hairiyə çatdırır. Əbdülkərim Hairi deyir: Dörd yüz ədəd əbanı haradan tapaq? Şeyx Bafiqi deyir: Fədası olduğumuz İmam Zaman (ə)-dan alarıq. Hacı şeyx Əbdülkərim Hairi deyir: Bu qədər şeyi o həzrətdən almaq üçün mənim heç bir yolum yoxdur. Şeyx Bafiqi deyir: İnşaallah, mən İmam Zaman (ə)-dan alaram.

O, cümə günü axşam Cəmkəran məscidinə gedib orada İmam Zamanla (ə) görüşür. Səhəri gün Şeyx Əbdülkərim Hairinin yanına gəlib deyir: İmam Zaman (ə) buyurdu ki, sabah sizə dörd yüz əba verəcəkdir.

Cümə günü səhər tacirlərdən bir nəfər dörd yüz əba gətirib hövzəyə təhvil verdi.

 

«Otuzuncu Görüş»
Şeyx Mehdi Muəzzi buyurur: Mərhum Şeyx Mürtəza Tehranın zahid və təqvalı alimlərindən olmuşdur. O, belə bir əhvalat nəql edir:

Mərhum seyyid Əbdülkərim Mahmudi cümə axşamları İmam Zamanla (ə) görüşərdi. O, deyir: Bir cümə axşamı Reydə həzrət Əbdüləzimin ziyarətgahında fədası olduğum İmam Zamanla (ə) görüşdüm. Mənə dedi: Seyyid, gəl birlikdə cəddim Əli ibn Musa Rza (ə)-ın ziyarətinə gedək. Dedim: İxtiyarınızdayam, hara istəyirsinizsə gedək. Birlikdə bir neçə addım atdıqdan sonra gördüm ki, artıq İmam Zaman (ə)-ın ziyarətgahına çatmışıq. Birlikdə ziyarət edib yenidən həmin qaydada geri qayıdıb, bir anın içində Tehranda olduq. Yenə İmam Zaman (ə) buyurdu: İndi də gəl, hacı seyyid Əli Müfəssirin ziyarətinə gedək (onun qəbri imamzadə Abdullanın ziyarətgahının içindədir). İmam Zamanla (ə) qəbirə yaxınlaşdıqda, gördüm ki, mərhumun ruhu qəbirin kənarında dayanıb həzrətə öz ehtiramını bildirir. Sonra Seyyid Əli mənə dedi: Seyyid! Hacı şeyx Mürtəzaya mənim salamımı çatdır və de ki, nə üçün dostluğa riayət etmir və bizi görməyə gəlmir? Niyə bizi unudub?

İmam Zaman (ə), Seyyid Əliyə dedi: Hacı şeyx Mürtəzanı üzürlü hesab et, başı bərk qarışıqdı. Onun yerinə özüm gələcəyəm.

 

 
 
«Otuz Birinci Görüş»
Böyük alim və müctəhid Ayətullah-üzma Seyyid Əbül-Həsən İsfahani dövrünün tanınmış fəqih və ustadlarından biri olmuşdur. Onun vasitəsiz olaraq İmam Zamanla (ə) görüşü, verdiyi hökmlərinin “böyük qeyb dövrü”ndə İmam (ə) tərəfindən təsdiq olunması şübhəsizdir. Ümumiyyətlə, böyük qeyb dövründə çox az müctəhidə rast gəlinir ki, İmam Zamanın (ə) xass ikram və ehtiramı ona nəsib olsun.

İmam Zaman (ə)-ın bu böyük şəxsiyyətə və ümmətin rəhbərinə bəxş etdiyi kəramətlərdən biri də ona yazdığı məktublarıdır. Bu isə İmamın ona olan rəğbətini göstərir. Məktublardan biri “Əməlisaleh alimlərin zinəti” ləqəbini almış Şeyx Məhəmməd Kufi Şüştərinin vasitəsilə göndərilir. Məktubda deyilir:

“Xalqın qulluğunda dur və hamının səninlə əlaqə saxlamasına şərait yarat. Evinin dəhlizini görüş üçün tə`yin et ki, onlar səninlə rahat ünsiyyətdə ola bilsinlər. Hər zaman camaatın xahiş və istəklərini yerinə yetirməyə çalış və bil ki, biz də sənə köməyimizi edəcəyik.”


«Otuz İkinci Görüş»
Seyyid Həsən Əbtəhi deyir ki, 1332-ci hicri şəmsi ilində Kufəyə getmişdim. Orada fədası olduğumuz İmam Zamanla (ə) görüşən hacı Şeyx Məhəmməd Kufi adlı bir şəxslə görüşdüm. O, bizə belə bir əhvalat nəql etdi:

İraqla Hicaz arasında maşın işləmədiyi vaxt bir dəfə Məkkəyə getdim. Qayıdarkən dəstədən geri qalıb yolu itirdim. Yoluma davam edib bir bataqlığa düşdüm. Dəvəmin ayağları palçığa batdığından hərəkət edə bilmirdi. Mən də dəvənin üstündən düşə bilmirdim və dəvəni ölüm ayağında görüb uca səslə fəryad edərək İmam Zaman (ə)-ı köməyə çağırdım. «Ya Əba Salihil-Məhdi, ədrikni!» (Ey Əbu-Saleh Mehdi, dadıma çat!) Bunu bir neçə dəfə təkrar etdim və bir də gördüm ki, uzaqdan mənə tərəf bir süvari gəlir. Amma bataqlığa batmayıb onun üzəri ilə hərəkət edirdi. Süvari mənə yaxınlaşıb dəvənin qulağına dedi: Qapıya qədər. Dəvə dərhal ayaqlarını çıxarıb Kufəyə tərəf sür`ətlə hərəkət etməyə başladı. Üzümü ona tutub soruşdum: Sən kimsən? Buyurdu: Mən Mehdiyəm. Dedim: Daha sizi necə görə bilərəm? Buyurdu: Nə vaxt istəsən.

Dəvə Kufə şəhərinin qapısına çatdıqda yerə oturdu. Mən də həmin kəlməni dəvənin qulağına təkrar etdim. Dedim: Sənə deyiblər qapıya qədər. O da dərhal yerindən qalxıb məni evimin qapısına qədər apardı, amma bu dəfə oturan kimi öldü.

Hacı Şeyx Məhəmməd Kafi o qədər pak və təqvalı bir şəxsiyyət idi ki, insan onun həqiqətdən uzaq, hətta bircə kəlmə deməsinə ehtimal vermirdi. Sonra o sözlərinə davam edərək dedi: Bu əhvalatdan sonra iyirmi beş dəfə İmam Zamanla (ə) görüşə nail oldum.

Mən bu görüşlərdən bə`zilərini mərhum hacı molla Ağacana nəql etdiyim zaman mənə dedi: Onlardan bə`ziləri mükaşifə halında olub. O, olduqca pak və təqvalı bir şəxs olduğu üçün elə bilmişdir ki, İmam Zamanla (ə) aşkarda görüşmüşdür.


«Otuz Üçüncü Görüş»
Mərhum şeyx Vərram “Tənbihul-xatir və Nüzhətun-nazir”də yazır: Əli ibn Cə`fər Mədaini Ələvi nəql edir ki, Kufədə təqvalı və zahidliyi ilə tanınan qısaboy bir qoca vardı. Bir gün atamın təşkil etdiyi məclisdə həmin qoca da iştirak edirdi və o, atama belə bir əhvalat nəql etdi:

Bir dəfə Kufənin arxa nahiyəsində yerləşən Cö`fi adlanan qədim məsciddə idim. Gecə yarısı ibadətlə məşğul olduğum zaman üç nəfər içəri daxil oldu. Onlardan biri məscidin ortasına gəlib yerə oturdu və sonra əlini yerə çəkdi. Birdən, yerdən çeşmə tək su qaynamağa başladı. O, əvvəl dəstəmaz alıb, o biri iki nəfərə də dəstəmaz almağı əmr etdi. Onlar da dəstəmaz aldılar. Həmin şəxs qarşıda durub namaz qılmağa başladı, o iki nəfər də ona iqtida edərək namaza başladılar. Mən də ayağa qalxıb həmin şəxsə iqtida edərək namaz qılmağa başladım. Namazın salamını verib qurtardıqdan sonra quru torpaqdan su çıxdığından təəccüblənib sağ tərəfimdə oturan şəxsdən soruşdum: Bu şəxs kimdir? Dedi: O, İmam Həsən Əskəri (ə)-ın övladı İmam Zaman (ə) dır. Bunu eşitcək yerimdən qalxıb həmin şəxsə yaxınlaşdım və salam verib əlindən öpdüm. Sonra ondan soruşdum: Ey Peyğəmbər övladı! Seyyid şərif Ömər ibn Həmzə barədə nə deyə bilərsiniz? O, haqq yoldadırmı? Buyurdu: O, indi haqq yolda deyildir, amma haqqa hidayət olacaq və ömrünü dəyişməzdən əvvəl məni görəcəkdir.

Əli ibn Cə`fər Mədaini deyir: Bu əhvalatı kimsəyə danışmadım və onun baş verməsindən uzun müddət keçdi. Beləliklə, Şərif Ömər ibn Həmzə vəfat etdi və mən onun İmam Zamanla (ə) görüşüb-görüşmədiyini bilmədim.

Bir gün o zahid şəxs bu əhvalatı atama nəql edirdi, elə bu vaxt onlara yaxınlaşıb hər şeyi inkar edən şəxs kimi dedim: Məgər siz demədinizmi ki, o dünyasını dəyişməzdən əvvəl İmam Zaman (ə)-ı görəcək? Dedi: Sən hardan bilirsən ki, o İmam Zamanla (ə) görüşməmişdir?

 Bir müddət sonra məclislərdən birində Şərif Ömər ibn Həmzənin, Şərif Əbulmənaqib ləqəbi ilə tanınan oğlu ilə görüşdüm. O mənə dedi: Bir gün atam xəstə olduğu vaxt yanında oturmuşdum. Onun taqəti tamamilə qurtarmış rəngi də qaçmışdı. Gecənin sonuna yaxın evin bütün qapılarını bağlamağıma baxmayaraq, birdən gördüm ki, evə bir şəxs daxil olub. Lakin üzünün heybətindən onun haradan girdiyini soruşmağa cür`ət etmədim. O, atamın yanında oturub onunla yavaş-yavaş söhbət etməyə başladı. Atam isə onu dinləyə-dinləyə elə hey göz yaşları axıdırdı. Sonra isə o, qalxıb getdi. Gözümüzdən itdikdən sonra atam dedi: Məni oturdun. Biz də onu oturtduq. Atam gözlərini açıb dedi: Yanımda oturan həmin şəxs hara getdi? Dedim: Haradan gəlmişdisə oradanda çıxıb getdi. Dedi: Ardınca gedin və onu geri qaytarın. Baxıb gördük ki, qapılar yenə də bağlıdır və ondan heç bir əsər-əlamət yoxdur. Qayıdıb atama dedik ki, qapılar həmişəki kimi bağlıdır və ondan heç bir əsər-əlamət yoxdur. Dedi: O şəxs İmam Zaman (ə) idi. Bunu dedikdən sonra vəziyyəti daha da ağırlaşdı və bir neçə gündən sonra vəfat etdi.


«Otuz Dördüncü Görüş»
Seyyid Həsən Əbtəhi deyir ki, bu əhvalatı Məşhəd sakini hacı Heydəri adlı e`tibarlı bir şəxsdən eşitmişəm. Bu əhvalat Şeyx Məhəmməd Razinin “Asarül-Höccə” kitabında da (səh. 80) qeyd olunub. Hacı Əli Heydəri buyurur:

Mən bu əhvalatı Tehranda mərhum Ayətullah Həbibullah Rəştinin oğlu Şeyx İshaq Rəştidən eşitmişəm. Sonra Dəməşqə həzrət Zeynəb (ə)-ın ziyarətinə getdiyim vaxt bu əhvalatı Seyyid Möhsün Cəbəl Amulidən də eşitdim. O deyirdi ki, Şərif Əli Hicazda hakimiyyətdə olduğu dövrdə Məkkəyə getmişdim. Məndə belə bir hiss yaranmışdı ki, ziyarət vaxtı İmam Zamanla (ə) görüşəcəyəm. Bunun üçün də həccin əməllərini yerinə yetirdiyim zaman İmam Zaman (ə) barədə xeyli fikirə daldım. Amma həmin il mən bu şərrəfə nail ola bilmədim. Ziyarəti qurtardıqdan sonra vətənə qayıtmaq qərarına gəldim. Amma baxıb gördüm ki, Məkkə ilə Livanın arasında xeyli məsafə var. Bunun üçün də mən ən yaxşı yolu Məkkədə qalmaqda gördüm. Ümid edirdim ki, bəlkə növbəti Həcc mərasimində İmam Zaman (ə)-ı görə biləcəyəm. Beləliklə, həmin il Məkkədə qaldım. Lakin sonrakı, ondan sonrakı və beləcə, orada qaldığım beş və ya yeddi il ərzində İmam Zaman (ə)-ı görə bilmədim.

Bu müddət ərzində Məkkə hakimi Şərif Əli ilə də tanış oldum və vaxtaşırı bir-birimizə get-gəl də edirdik. Şərif Əli Məkkə seyyidlərindən olub, yalnız dörd mə`sum imamı qəbul etdiyi üçün Zeydi məzhəbinə mənsub idi. Son illərdə aramızdakı səmimiyyət daha da güclənmişdi. Sonuncu ziyarət zamanı hiss etdim ki, deyəsən, bu il də İmam Zamanla (ə) görüşməyə müvəffəq olmayacağam. Narahatlığımı aradan qaldırmaq üçün Məkkənin ətrafındakı dağlardan birinə qalxdım. Dağın başına çatdıqda baxıb gördüm ki, dağın o biri tərəfi yaşıl çəmənlikdir. Öz-özümə dedim: Axı, nə üçün neçə il Məkkədə olsam da, bir dəfə də olsun bura gəzməyə gəlməmişəm? Çəmənliyin ortasına çatdıqda gördüm ki, orada bir çadır qurulmuş, onun içində də bir neçə nəfər oturmuşdur. Aralarında alim və alicənab şəxs kimi görünən birisi çadırın ortasında oturub, sanki yanındakılara dərs deyirdi. Ondan bu sözləri eşitdim: “Cəddəmiz Həzrət Zəhra (ə.s)-ın övladı və nəsilindən olanlar dünyalarını dəyişdikləri zaman onlara imamət və vilayət təlqin olunur və onların hər biri dünyalarını həqiqi və kamil imanla dəyişir.”

Elə bu vaxt bir nəfər tələm-tələsik gəlib dedi: Şərif Əli ölüm ayağındadır, tez özünüzü çatdırın! Bu xəbəri eşitcək, dərhal Məkkəyə tərəf yola düşdüm və birbaşa Şərif Əlinin qəsrinə getdim. İçəri daxil olduqda, onu doğrudan da ölüm ayağında gördüm. Əhli-sünnə alim və qaziləri onun ətrafında oturub ona sünni məzhəbinə uyğun təlqin edirdilər. Amma o, bir kəlmə də olsun təkrar etmirdi. Oğlu da kənarda oturub bundan narahat idi. Birdən, gördüm ki, çadırın ortasında oturub dərs deyən həmin şəxs qəsrə daxil oldu və Şərifin yanına gəlib başı üzərində orturdu. Amma mə`lum idi ki, onu yalnız mən görürdüm. Çünki, yalnız mən ona nəzər salır, başqaları isə bundan tamamilə xəbərsiz idilər. Amma nədənsə, mən də ona nə salam verə bildim, nə də yerimdən tərpənə bildim.

O, üzünü Şərifə tutub buyurdu: «Qul, əşhədu ən la ilahə illəllah.» “De ki, Allahdan başqa mə`bud yoxdur.” Şərif dedi: «Əşhədu ən la ilahə illəlalh.» “Şəhadət verirəm ki, Allahdan başqa mə`bud yoxdur.” Buyurdu: «Qul, əşhədu ənnə Muhəmmədən rəsulullah.» “De ki, şəhadət verirəm Məhəmməd Allahın peyğəmbəridir.” Şərif dedi: «Əşhədu ənnə Muhəmmədən rəsulullah.» “Şəhadət verirəm ki, Məhəmməd Allahın peyğəmbəridir.” Buyurdu: «Qul, əşhədu ənnə Əliyyən huccətullah.» “De ki, şəhadət verirəm Əli Allahın yer üzərindəki höccət və dəlilidir.” Şərif dedi: «Əşhədu ənnə Əliyyən huccətullah.» “Şəhadət verirəm ki, Əli Allahın yer üzərindəki höccət və dəlilidir.” O, bu minvalla mə`sum imamların adını çəkir, Şərif də onun ardınca bir-bir təkrar edirdi. Beləcə, fədası olduğumuz İmam Zaman (ə)-ın adına çatdıqda, buyurdu: «Ya Şərif, qul, əşhədu ənnəkə huccətullah.» “Ey şərif! De ki, şəhadət verirəm sən Allahın yer üzərindəki höccət və dəlilisən.” Şərif də dedi: “Şəhadət verirəm ki, sən Allahın yer üzərindəki höccət və dəlilisən.”

Bu vaxt başa düşdüm ki, artıq ikinci dəfədir mən İmam Zaman (ə)-ı görməyə nail oluram. Amma təəssüflər olsun ki, mən o qədər gücümü itirmişdim ki, ona nə salam verə bildim, nə də ki, dil açıb məhəbbətimi izhar etməyə taqətim oldu.

Mərhum Ayətullah Seyyid Möhsin Cəbəl Amuli 1371-ci hicri qəməri ilində Şamda (indiki Suriya) vəfat edir və vəsiyyətinə əsasən, Həzrət Zeynəb (ə)-ın ziyarətgahına gedən yol üstə dəfn olunur.

 

 
«Otuz Beşinci Görüş»
Böyük şiə alimi Seyyid Həsən ibn Həmzə şəhidlər ağası İmam Hüseyn (ə)-ın altıncı kötücəsi olmuşdur. O, belə bir əhvalat nəql edir:

Əməlisaleh şiələrdən biri deyir ki, bir dəfə Allahın evini ziyarət etmək və həccin əməllərini yerinə yetirmək üçün səfərə çıxdım. Həmin il olduqca isti keçdiyindən bir çox namə`lum xəstəliklər yayılmışdı. Yolda karvandan ayrı düşüb geri qaldım. Aclıq və susuzluq məni taqətdən saldı və artıq yolumu davam etməyə gücüm də qalmadı. Halsızlıqdan üzü üstə yerə yıxılıb az qaldı ki, həlak olam. Birdən, qulağıma at kişnəməsinin səsi gəldi. Gözümü açdıqda qarşımda gözəl bir cavan gördüm. O, başım üzərində dayanıb əlində su ilə dolu bir qab tutmuşdu. Atdan düşüb suyu mənə verdi. Su o qədər soyuq və şirin idi ki, mən hələ o vaxta qədər eləsini içməmişdim. Ondan soruşdum: Sən kimsən ki, mənə belə bir qayğı göstərirsən? Dedi: Allahın bəndələri üzərinə tə`yin etdiyi höccət və dəlili; Mən o kəsəm ki, yer üzü zülm və haqsızlıqla dolduqdan sonra yenidən orada haqq-ədaləti bərqərar edəcəyəm. Mən Höccət ibn Həsən ibn Əli ibn Məhəmməd ibn Əli ibn Musa ibn Cə`fər ibn Məhəmməd ibn Əli ibn Hüseyn ibn Əli ibn Əbu Talibəm. Onu tanıdıqda mənə dedi: İndi aç gözlərini. Gözümü açdıqda, özümü karvanla birlikdə gördüm və elə həmin an İmam Zaman (ə) gözlərim ödündən qeybə çəkildi.

Hacı Nuri “Nəcmus-Saqib” kitabında bu əhvalatı nəql etdikdən sonra deyir: Həsən ibn Həmzə görkəmli şiə alimlərindən olmuş və onun tə`lif etdiyi əsərlərdən biri də “Qeybət” kitabıdır.

Şeyx Tusi deyir: Seyyid Həsən ibn Həmzə böyük yazıçı, agah fiqh alimi, zirək zahid və bir çox gözəl səciyyələrə malik bir şəxsiyyətdir.

 

«Otuz Altıncı Görüş»
Əli ibn İsa Ərbili ( o, Hüseyni seyyidlərindən olub Baqi ibn Ətvə Ələvi tərəfindən e`tibarlı sayılır) belə bir əhvalat nəql edir:

Atam “zeydi” məzhəbinə itaət edirdi. Bir dəfə o, həkimlərin heç cür əlac edə bilmədikdəri ağır xəstəliyə düçar oldu. O, on iki imamçı şiə məzhəbində olan mənim və digər oğullarının şiə məzhəbli olmamasından çox narahat idi. Biz ona şiəliyin haqq olduğuna dair müxtəlif dəlillər gətirib İmam Zaman (ə)-ın sağ olduğunu isbat etsək də, deyərdi: Əgər düz deyirsinizsə, onda deyin gəlib mənə şəfa versin və mən də sizin məzhəbinizi qəbul edim. O, elə hey bu sözləri təkrar edərdi: Həzrət Mehdi adlandırdığınız İmam Zaman gəlib mənə şəfa verməyincə mən sizin məzhəbinizin haqq olduğuna iman gətirməyəcəyəm.

Günlərin bir günü işa (xiftən) namazından sonra qardaşlarımla birlikdə oturmuşduq ki, birdən atamız bizi səsləyib dedi: Tez olun gəlin, ağanız İmam Zaman (ə) buradadır. Biz tez otağa daxil olduq, amma orada kimsəni görmədik. Atam əli ilə otağın qapısına tərəf işarə edərək dedi: Onun ardınca qaçın və ağanızın hüzuruna yetişin. Çünki, o, elə indicə burada mənim yanımda idi. Biz də otaqdan bayıra çıxıb nə qədər o tərəf bu tərəfi axtardıqsa, kimsəni görmədik. Çarəsiz, atamın yanına qayıdıb ondan nə baş verdiyini soruşduq. Atam isə ağlaya-ağlaya dedi: Bir şəxs mənim yanıma gəlib dedi: Ey Ətvə! Mən də ondan kim olduğunu soruşdum. Buyurdu: Mən oğullarının sahibi, onların İmam Zamanıyam, gəlmişəm sənə şəfa verəm. Sonra əlini bədənimin ağrıyan yerinə qoydu və bədənimdəki ağrı birdəfəlik aradan getdi. Bədənimin tam sağaldığını görüb başa düşdüm ki, o, İmam Zaman, həzrət Höccət ibn Həsən (ə)-dır. Tez sizi çağırdım ki, onu ziyarət edə biləsiniz. Amma təəssüflər olsun ki, siz gəlməzdən əvvəl o otaqdan çıxıb getdi.

Mərhum Hacı Nuri “Nəcmus-Saqib” kitabında yazır: Əli ibn Hüseyn Ərbili deyir: Mən bu əhvalatı Ətvənin oğullarından başqa, digər şəxslərdən də eşitmişəm. Onlar deyirdilər ki, biz Ətvəni həm zeydi məzhəbinə qulluq edərkən xəstə halda, həm də on iki imamçı şiəliyi qəbul etdiyi sağlam vaxtda da görmüşük. Sonra Əli ibn İsa Ərbili əlavə edərək deyir: Ümumiyyətlə, camaat dəfələrlə Məkkə ilə Mədinə arasındakı yolda İmam Zamanla (ə) görüşə nail olmuşlar.


«Otuz Yeddinci Görüş»
Seyyid Həsən Əbtəhi deyir ki, bir dəfə Məşhəddəki “Sahibəzzəman” məscidində əsr (ikindi) namazını qılıb qurtardıqdan sonra gördüm ki, təqva və imanına söz olmayan bir şəxs yanımda oturub dedi: Hacı ağa, bizim evimiz şəhərdən aralıdır. Beş nəfər bir otaqda qalırıq və özüm də ailəliyəm. İşığımız olmadığından axşamlar neft lampasını da söndürüb, şüşəsiz taxta qapımızı da bağlayırıq. Ona görə də gecələr qaranlıqdan göz-gözü görmür. Dünən hava çox soyuq idi və çarəsizlikdən hamımız bir yerə yığılıb yatmışdıq. Gecə yarısı yuxudan ayılıb gördüm ki, yaman susuzam. Fikirləşdim ki, əgər yerimdən dursam uşaqları taptalayacağam və hələ mə`lum deyil içməyə su tapacağam, ya yox.

Amma mən belə əqidədəyəm ki, hər bir çətinlik gərək İmam Zamanla (ə) bölüşdürülsün. Bu səbəbdən də ilk öncə ona salam verib dedim: Ağa! Əgər bizim də işığımız olsaydı, biz də barmağımızı elektrik düyməsinin üstünə qoyub otağımızı işıqlandırar, gecənin bu vaxtı qaranlığında uşaqları ayaqlamazdıq. Əgər evimiz işıqlı olsaydı, rahat su tapıb susuzluğumu dəf edərdim. Nə qədər yaxşı olardı! Bir də gördüm fədası olduğumuz İmam Zaman (ə) qarşımda dayanıb mənə buyurdular: Al bu pulu, get “Sahibəzzəman” məscidinə və orada Seyyid Həsən Əbtəhiyə verib de ki, bu pulla evinə işıq çəksinlər. Elə bu vaxt yeddi yaşlı oğlum yuxudan oyanıb İmam Zaman (ə)-ın mənə pul verdiyini gördü. O, öz baxışı ilə gözləyirdi ki, ona da pul versin. İmam Zaman (ə) ona da otuz beş tümən pul verdi.

O, bu əhvalatı o qədər inamla danışırdı ki, mən onun hətta bir kəlməsinə belə şübhə etmədim. Ona dedim: Hələ ki bu pullar sənə məxsusdur, icazə verirsənmi cibimə bərəkət üçün ondan on tümən götürüm və onun yerinə iyirmi beş tümən qoyub hələ üstəlik evinin işığını da çəkim? Dedi: Hacı ağa, ixtiyar sahibisiniz. Mən də puldan on tümən götürüb yerinə iyirmi beş tümən qoydum. O vaxtlar onun yaşadığı məhəlləyə işıq çəkdirmək çox çətin idi. Amma işıq idarəsinə müraciət edib bir az xahişdən sonra, tezliklə onun evinə işıq çəkdirə bildim. İşin xərcini hesabladıqda baxıb gördük ki, on tümən artıq qalmışdır. Mə`lum oldu ki, bu on tümən mənim əlavə olaraq verdiyim pul imiş.


«Otuz Səkkizinci Görüş»
Fədası olduğumuz İmam Zamanla (ə) görüşə nail olub, elmi suallarına cavab alan şəxslərdən biri də böyük alim Müqəddəs Ərdəbili (vəfatı 993-cü hicri qəməri ili) olmuşdur. Bu böyük şəxsiyyət təqva və ibadətdə elə yüksək məqama çatmışdır ki, hər kəsi iman və təqvada misal çəkmək istəsələr, ona oxşadırlar. Mə`lum olduğu üzrə Müqəddəs Ərdəbili bə`zi məsələlərin həllində aciz qaldığı zaman mö`minlərin əmiri Əli (ə)-ın qəbri üstə gedər, suallarını ona verər və dərhal onlara cavab alardı. Doğrudan, heyrətlənməmək olmaz! İnsan din və imamətə inam və əqidədə bu qədər yüksələ bilsin. Zəmanəsinin tanınmış alimlərindən və Müqəddəs Ərdəbilinin həyat sirlərindən agah olan tələbələrindən biri öz xatirələrində deyir:

Bir gün gecə yarısı mö`minlərin əmiri Əli (ə)-ın ziyarətgahında gəzişirdim ki, birdən nurlu bir fəzada ziyarətgaha tərəf gələn cazibəli çöhrə gördüm. Ziyarətgahın bütün qapıları bağlı olsa da maraqla onu tə`qib etməyə başladım. Gördüm ki, ziyarətgahın qapılarına yaxınlaşdıqda, birdən qıfılları öz-özünə açıldı. Beləcə, o hansı qapıya yaxınlaşıb ona əl vururdusa, dərhal açılırdı. Nəhayət, vüqarla qəbirə yaxınlaşıb Əli (ə)-a salam verdi və salamının cavabını aldı. Sonra da adi halda söhbət etməyə başladı. Bir azdan sonra hərəmdən çıxıb, şəhərdən aralanaraq Kufə məscidinə üz tutdu. Mən isə daha maraqla onu tə`qib etməyə davam etdim. O, məscidə daxil olub sonra yenə şəhərə qayıtdı. Nəcəfin şəhər qapılarına çatdıqda, artıq səhər açılırdı və camaat yavaş-yavaş yuxudan oyanıb münacata hazırlaşırdılar. Birdən, məni asqırma tutdu və heç cür özümü saxlaya bilmədim. O şəxs tə`qib olunduğunu başa düşüb geri döndü və gördüm ki, o, ustadım Ayətullah Müqəddəs Ərdəbilidir.

Salamlaşıb hal-əhval tutduqdan sonra dedim: Bütün gecəni – ziyarətgaha daxil olduğunuz andan bu vaxta qədər sizi izləyirdim. Xahiş edirəm deyin ki, ziyarətgahda və Kufə məscidinin mehrabında kiminlə söhbət edirdiniz? O, əvvəlcə mənimlə qəti söz kəsdi ki, özü dünyadan getməmiş bu sirri kimsəyə açmayacağam. Sonra buyurdu: Övladım! Bə`zən elə olur ki, qarşıma çıxan məsələlərin həlli mənim üçün olduqca çətin və mən onların qarşısında aciz qalıram. Belə vaxtlarda həzrət Əli ibn Əbu Talibin hüzuruna gəlib suallarımın cavabını ondan alıram. Lakin, dünən gecə həzrət Əli (ə) məni İmam Zaman (ə)-ın yanına göndərdi. Dedi ki, bu gecə nəvəm Kufə məscidində olacaq. O, sənin imamın Sahibəzzamandır. Onun yanına get və bu məsələni ondan öyrən. Mən də onun dediyi kimi, Kufə məscidinə gedib mehrabda İmam Zaman (ə)-dan sualımın cavabını aldım.


«Otuz Doqquzuncu Görüş»
Mərhum Əllamə Məclisi və Əllamə Nuri belə bir əhvalat nəql edirlər:

Seyyid ibn Tavus deyir ki, bir səhər çağı İmam Zaman (ə)-ın müqəddəs sərdabəsində Həzrətin dilindən belə bir münacat eşitdim: «Allahummə, innə şiətəna xuliqət min şuai ənvarina və bəqiyyəti tinətina və qəd fəəlu zunubən kəsirən ittikalən əla hubbina və vilayətina. Fə in kanət zunubuhum bəynəkə və bəynəhum, fəsfəh ənhum, fə qəd rəziyna. Və ma kanə minha fi ma bəynəhum fə əslih bəynəhum və qassi biha ən xumsina və ədxilhumul-cənnətə və zəhzihhum ənin-nari və la təcmə` bəynəhum və bəynə ə`daina fi səxətik.» (İlahi! Bizim şiələrimiz bizim nurumuzdan və bizim torpağımızın qalığından yaranmışlar. Onlar bizə və bizim rəhbərliyimizə olan məhəbbətlərinə arxayın olaraq bir çox günahlara düçar olmuşlar. Əgər onların günahları Sənə qarşı olubsa, onları bağışla ki, bununla bizi razı salmış olarsan. Yox, əgər düçar olduqları günahları ilə özlərinə zülm ediblərsə, onda onları islah et və əvəzini bizim payımız olan xümsdən çıx (beləliklə, Həzrət xümsdən olan öz şəxsi payını şiələrinə görə fəda etmişdir), onları cəhənnəm əzabından saxla və düşmənlərimizlə birgə əzab və qəzəbinə düçar etmə!)

 

«Qırxıncı Görüş»
Mərhum Əllamə Bəhrul-Ülum (Allah ondan razı olsun) dəfələrlə fədası olduğumuz İmam Zamanla görüşə nail olanlardandır. Onun heyrətamiz kəramətlərindən alimlər söz açır və böyük həvəslə nəql edirlər. Mühəddis Qumi “Rical” kitabında onun səkkiz kəraməti və İmam Zamanla görüşü haqda söz açır. Onlardan birində deyilir ki, İmam Zaman (ə) onu çox istədiyindən hətta, sinəsinə basaraq qucaqlamışdır. Doğrudan da İmam Zaman aşiqlərinin belə məqamlara yüksəlib, ali dərəcələri qət etmələri insanı heyrətə gətirir! Görün, onlar batinlərini necə mə`nəvi zinətləndirirlər ki, hətta Allahın yer üzündə tə`yin etdiyi “höccət” və “dəlil”inin sinəsində özlərinə yer edirlər.

Deyirlər ki, bir dəfə həmişəkindən fərqli olaraq Əllamə Bəhrul-Ülum mö`minlərin əmiri Əli (ə)-ın qəbri kənarında yox, çöldə dayanıb yanıqlı-yanıqlı ağlayaraq bu misranı zümzümə edir:

“Qur`anı qəlbləri ovsulayan dilindən eşitmək nə qədər xoşdur mənə...”

Ondan bunun səbəbini soruşduqda, buyurur: Ziyarətgaha daxil olmaq istəyirdim ki, bir də gördüm ki, İmam Zaman (ə) qəbirin baş tərəfində əyləşib avazla Qur`an oxuyur. Onun səsini eşitcək, dilimə bu misra gəldi. Amma ziyarətgaha daxil olduqda isə İmam Zaman (ə) qalxıb getdi.

 

--------------------------------------------------------------------------------

[1] “Alimlər xəzinəsi”, 3-cü cild, səh. 6


source : الشیعه
0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

İmam Sadiq əleyhissəlamın dövründəki siyasi, ictimai və mədəni vəziyyət
Yəmən qüvvələri 30 İŞİD-çi terroristi öldürdü
-IKi məKtəbin Peyğəmbəri ƏKrəm ¡-in hədisini rəvayət edənlər barəsindəKi ...
Təbrizdə Azərbaycan konsulluğu yaxınlığında Nardaran Şəhidləri yad edildi
Əli(ə.s)-nin qəbrin kənarında söylədiklərindən bir hissə.
Ərəbistanının Sanada İşlədiyi Qorxunc Cinayətdə Həyatını itirənlərin sayı ...
Səadətli təvəllüd
Ədalətsiz hakim Zeynal Ağayev jurnalistləri məhkəmədən qovdu-"Nardaran işi ...
Vəhhabilər Nigeriyada 90 məktəbli qızı oğurlayıblar
Uşaq qatili olan yəhudilər südəmər Fələstinli uşağı qətlə yetirdilər

 
user comment