QEYBƏT VƏ PİSLİYƏ DANIŞIQ XƏSTƏLİYİNİN MÜALİCƏSİ Qeybətin iki növ müalicəsi var: qısa yolla və əhatəli. Qeybətin qısa yolla müalicəsi üçün insan bəsirət gözünü açıb qeybət mövzusundakı ayə və hədislərin təhlilinə vaxt ayırmalıdır. Allahın qəzəbini və Qiyamət gününün əzabını yada salmaq, qeybətin dünyəvi zərərlərini xatırlamaq lazımdır. Qeybət qarşı tərəfin qulağına çata bilər və arada düşmənçilik yaranar. Qarşı tərəf də eyni cür cavab verib qeybətə əl atsa buna razı olmazsan. Özünə qıymadığını başqasına qıymamaq insanlıq vəzifəsidir. Bundan sonra insan dilini gözləyər və danışmazdan öncə yaxşıca fikirləşər. Bu yolla qeybəti tədricən tərk etmək olar. Qeybətin əhatəli müalicəsində öncə qeybətin səbəblərini müəyyənləşdirmək lazım gəlir. Qeybətin bir sıra səbəbləri var: 1. İnciklikdən yaranmış qəzəb insanı qeybətə aparır. İnsan bu yolla qəzəbini soyutmaq istəyir. 2. Biri ilə düşmənçilik səbəbindən onun eyibləri zikr olunur. 3. Cəmiyyətin bir şəxsə hörmətini görəndə həsəd yaranır və insan qeybət etməklə qarşı tərəfi alçaltmaq istəyir. 4. İnsan bekarçılıqda insanların qeybətini etməklə vaxt keçirir. Əslində, onun kimisə alçaltmaq fikri olmur. 5. Qarşı tərəfə istehza qeybətə aparır. 6. İnsan başqalarını alçaltmaq vasitəsi ilə özünü böyütmək istəyir. O qarşı tərəfi təhqir etməklə öz üstünlüyünü önə çəkir. Əgər bu səbəblər aradan qaldırılarsa, qeybət xəstəliyinə əlac olunar. 7. Bir pis işdə günahkar olmadığını sübuta yetirmək üçün insan qarşı tərəfi alçaltmaq istəyir. 8. Öz günahını yüngülləşdirmək üçün başqalarının da bu günaha yol verdiyini önə çəkən insan qeybətə aludə olur. Məsələn, haram mal yeyən biri başqalarının da haram yediyini izhar edir. Belə bir üzr günahdan da pisdir. Bu sayaq qeybətdə nəinki insan günahdan yaxa qurtarmır, hətta başqa bir günaha batır. 9. Dostlarla bir araya gəlmək də qeybət səbəbindəndir. Dostlar bir şəxsin qeybətini edərkən onlarla həmrəylik xatirinə insan qeybətə yol verir. Belə bir vəziyyətdə qeybət edən şəxs insanların razılığını Allahın razılığından üstün tutur. 10. Kiminsə sənin haqqında pis söz danışacağını güman edib onu qabaqlamaq istəyirsən və eyiblərini sadalayırsan. Bu yolla qarşı tərəfin deyəcəyi sözləri tə`sirsizləşdirmək istəyirsən. Əslində, bu işinlə Allah yanında е’tibardan düşürsən. Çünki zənn-gümana əsaslanıb kiminsə haqqında pis sözlər danışmaq qeybətdən başqa bir şey deyil. 11. Bə`zən insan bir şəxsə hansısa eyibinə görə can yandırıb öz təəssüfünü bildirir və beləcə günaha batır. 12. Bə`zən birinin eyibindən xəbər tutun insan Allahın razılığına xatir öz qəzəbini bildirir. Bir çoxları bu iki qisim qeybəti lazımınca qiymətləndirmir. Onların nəzərincə mərhəmət və qəzəb səbəbindən Allahın razılığı yolunda başqalarının eyibini dilə gətirmək olar. Allahın razılığı üçün mərhəmət və qəzəb yaxşıdır. Buna baxmayaraq qeybət haramdır və bəyənilmir. Mərhəmət və ya qəzəb səbəbindən bir başqasını alçaltmaq olmaz. Əgər dilimizin ixtiyarınızı əlimizə alsaq, Allah-tәalanın tövfiqi ilə özümüzü hifz edə bilərik. Əks təqdirdə qeybət bizi cəhənnəmə aparasıdır. Dördüncü fəsil
KİMİN QEYBƏTİNİ ETMƏK OLAR? Bilməliyik ki, müəyyən məqamlarda qeybət haram sayılmır. Məsələn, şəri hakim qarşısında şəhadət zamanı deyilənlər günah deyil. Hətta icazə verilən məqamlarda da qeybətdən çəkinmək faydalıdır. İcazə verilən məqamlarda qeybət edən şəxs buna vərdiş еdib icazə verilməyən məqamlarda da başqalarının eyibindən danışa bilər. Qeybətin haram olmadığı məqamlar: 1. Bir şəxsə zülm olunmuşsa, o haqqını ala biləcək şəxsə zalımdan danışa bilər. Bir şərtlə ki, məzlum zalımın başqa eyiblərini sadalamasın. Məsələn, bir şəxs döyülmüşsə, onu döyən şəxsdən tədbir görəcək tərəfə şikayət edə bilər. Amma əsəbləşib həddi aşmaq, zalımın başqa eyiblərini açıqlamaq olmaz. Unutmamalıyıq ki, məzlum yalnız tədbir görəcək şəxsə şikayət edə bilər. 2. Əgər caiz bir işdə məşvərət aparılırsa mövzudan kənara çıxmaq olmaz. Məsələn, bir şəxs soruşur ki, qızımı filankəsə verim, yoxsa yox? Belə məqamlarda qarşı tərəfi mövzu ilə bağlı mə`lumatlandırmaq olar. 3. Mö`mini tanımadığı bir günahkardan uzaqlaşdırmaq üçün ona zəruri həddə mə`lumat vermək olar. Bu işdə məqsəd mö`mini hifz etmək olmalıdır. 4. Xəstənin məxfi eyiblərini müalicə məqsədi ilə həkimə açıqlamaq. 5. İki şərtə riayət etməklə şahid və ya rəvayətçinin eyibini açıqlamaq: Qarşı tərəfin dediklərini rədd etmək üçün həddində danışmaq; yalnız qarşı tərəfin göstərişinə əməl etmək istəyən şəxsə danışmaq. 6. Bir şəxs özünü başqa cür təqdim edirsə, dörd şərtlə onun kimliyini bildirmək olar. Həmin tərəf xilaf bir hökm versə, onun alim olmadığı bilinməsə, xalq ona sualla müraciət etsə, danışan qarşı tərəfi alçaltmaq fikrində olmasa. 7. Bir şəxs “topal”, “keçəl”, “uzun” kimi ləqəblərlə məşhursa, onu tez bir vaxtda tanıtdırmaq üçün bu ləqəblərdən istifadə etmək olar. Amma həmin şəxs ləqəblə yada salınmasını xoşlamazsa, bu işdən çəkinmək lazımdır. 8. Açıq-aşkar olan eyibi demək olar. Məsələn, bir şəxsi hamı şərabxor kimi tanıyırsa, bunu dilə gətirməyin eybi yoxdur. 9. Şər`i hakim qarşısında şəhadət vermək vacib olduğu vaxt tələb olunan həqiqətləri demək günah deyil. Əksinə, şəhadəti gizlətmək qadağandır. 10. Bid`ətçi və azğın insanlar haqqında danışmaq caizdir. 11. Kafirlərin, din düşmənlərinin qeybəti caizdir. 12. Bir şəxs öz əslini təhrif edirsə, onun kimliyini açıqlamaq haram deyil. Məsələn, bir şəxs özünü tanınmış alimin oğlu kimi tanıtdırırsa, onun yalanını açıqlamaq olar. 13. Kimsənin tanımadığı adam haqqında danışmaq haram deyil. Məsələn, bir şəxs deyirsə ki, bir nəfər qumar oynayırdı, bu haram deyil. Beşinci fəsil
QEYBƏTƏ TÖVBƏ Qeybətdən və digər günahlardan tövbə bir neçə ünvanla bəyan olunur: Tövbə bütün xeyirlərin əsası və açarıdır. Günahı tövbədən savayı yuyan bir şey yoxdur. Günahına tövbə qılmayan şəxs sitəmkarlardandır. Qur`an ayələri, hədislər, alimlər icması tövbənin zəruriliyini təsdiqləyir. Tövbə edən şəxs Allahın sevimlisidir. Hәzrәt Peyğəmbər (s) buyurur ki, tövbə edən Allahın dostudur. “Üsuli-Kafi”də imam Baqirdən (ə) belə nəql olunur: “Qaranlıq gecədə azuqəsini itirib sonradan tapan şəxs necə sevinirsə, Allah öz bəndəsinin tövbəsinə daha artıq sevinir.” Tövbə Allaha qarşı günahdan üz çevirib ona ibadətə üz tutmaqdır. Tövbənin bə`zi qaydaları var: İnsan gördüyü işdən peşman olsun, dərhal günahdan uzaqlaşmaq qərarına gəlsin, gələcəkdə günahı təkrarlamaq fikrində olmasın. Tövbə üçün əsas amillərdən biri günahkar dostlardan uzaqlaşmaqdır. Saleh insanlarla ünsiyyət insanı günahdan uzaqlığa sövq edir. Birinci halda tövbə edən şəxs qəflət yuxusundan oyanır, öz azğınlığını görür. İkinci halda insan doğru yol tutmaq qərarına gəlir, qəlbi dirilir. Üçüncü hal hidayət halıdır. Tövbə edən şəxs günahdan üz çevirdikdən sonra doğru yola üz tutur. Tövbə amilləri ilə tanış olaq: 1. İnsan əməllərini müsbət saymayıb onlara eyibli vә qәbаhәtli baxsın. 2. Zahir və batinini günaha meyildən qorusun. Əgər bir şəxs tövbə etdikdən sonra keçmiş günahı yada saldıqda ləzzət alırsa, bu tövbə həqiqi tövbə deyil. Günah ləzzəti bir dəfəlik insan varlığını tərk etmәyincə həqiqi tövbədən danışmağa dəyməz. 3. İnsan öz əməllərinin hesabını aparmalıdır. Bilməlidir ki, Allah onun əməllərindən razıdır, yoxsa yox. Əməlləri Allahın razılığına səbəb olduqda şükr etməli, günah olduqda tövbə qılmalıdır. Allah-tәala buyurur ki, mən ən üstün şərikəm və məndən qeyrisini şərik tutanı seçdiyi şərikə tapşıraram. 4. İnsan Allahı öz əməllərindən xəbərdar bilməlidir ki, günaha üz tutanda xəcalət çəkib dayansın. Tövbənin müəyyən sütunları var və bu sütunlarsız tövbə qеyri-mümkündür: 1. Vacib əmrləri vaxtında yerinə yetirmək və qadağalardan çəkinmək. Əgər bir şəxs vəzifələrindən xəbərsizsə, dərhal təhsilə başlamalıdır. 2. Buraxılmış əməllərin qəzasını yеrinə yetirmək. Qəzası olmayan peşimançılıq çəkib gələcəkdə günaha yol verməsə yetər. 3. Halal qida və libas sorağında olmaq. Bunların insan ruhuna böyük təsiri var. 4. Xalqın haqqını ödəmək, onları razı salmaq. Əgər peşimançılıq yolu ilə Allahın haqqı ödənirsə, xalqın haqqı onun öz razılığındadır. Əgər haqqı öhdənizdə qalmış şəxs ölmüşsə, bu haqqı onun övladına çatdırmaq lazımdır. Mal tələf olmuşsa onun qiymətini ödəmək lazımdır. 5. Nəfslə mübarizə aparmaq və bir daha günaha qayıtmamaq lazımdır. Əmrləri yerinə yetirmək, haramlardan çəkinmək zəruridir, bu yolda səbr etmək, razı qalmaq zəruridir. Bu məqamda mərhum Ayətullah Bürucerdinin qeybətlə bağlı buyuruqlarını yada salmaq yaxşı olar: “Əgər bir şəxs bir müsəlmanın qeybətini edərsə, vacib ehtiyata əsasən fəsad törətməmək şərti ilə həmin müsəlmandan halallıq istəməlidir. Əgər mümkün olmasa, həmin şəxs üçün bağışlanma diləmək zəruridir. Əgər qeybət yolu ilə qarşı tərəfi alçaltmışsa, imkan həddində bu zərəri aradan qaldırmaq lazımdır.” Aşağıda sual-cavab şəklində bə`zi məsələlər açıqlanmışdır: Sual: Əgər bir şəxs “filankəs paxıl və təkəbbürlü adamdır” deyirsə, bunun hökmü nədir? Cavab: Bu sözləri demək olmaz. Sual: Əgər bir şəxs on iki imamçı şiə öldükdən sonra onun arxasınca bir söz deyərsə, hökmü nədir? Cavab: On iki imamçı şiənin ölüsünün arxasınca danışmaq caiz deyil. Sual: Bir şəxs “isfahanlılar və ya qumlular pis adamdır” deyərsə, bunun hökmü nədir? Cavab: Buna icazə verilmir. Hər yerdə yaxşı və pis adamlar var. Ümumi şəkildə bir məntəqə əhlini pis saymaq olmaz. Belə danışmayın. Əgər bir məntəqə əhlindən narazı qalmısınızsa, həmin yerdə bə`zilərinin pis olduğunu deyə bilərsiniz. Pərvərdigara, bizə eyiblərimizi göstər ki, başqalarının eyiblərini dilə gətirməyək. Qeyd etməliyik ki, qeybətin günahı zinanın günahından ağırdır. Çünki qeybət zinadan daha zərərlidir. Zina edən şəxs özünə zərər vurursa, qeybətin zərəri bütün cəmiyyətədir. Qeybət nəticəsində insanlar arasındakı inam itir, ictimai rabitələr qırılır. Bütün bunlar İslam dininin prinsiplərinə ziddir. İslam ictimai bir dindir və insanlar arasında qardaşlığa sə`y göstərir. Bunu da nəzərdən qaçırmayaq ki, hər günaha qoyun açıb dindarlıq iddiasında olanları dinlə bir tutmamalıyıq. Mühitin tə`siri altında bə`ziləri zahiri dindarlıqla kifayətlənir və heç bir günahdan çəkinmir. Bə`zən də dini tə`limlərdən xəbərsizlik iman zəifliyi ilə nəticələnir. Bu səbəbdən də dini mədrəsələri artırmaq və insanların həqiqi dindarlığı üçün münasib şərait yaratmaq lazımdır. SONLUQ
DİLLƏ BAĞLI GÜNAHLAR Dillə bağlı günahlar çoxdur. Onlardan biri qeybət və mö`minlərin pisliyinə danışmaqdır. Bu günahın heç bir ləzzəti yoxdur. Az-az adamlar bu günahdan qoruna bilir. Qeybət xəstəliyinə yoluxanlar özünü müalicə etməlidir. İnsan daha çox öz eyibləri haqqında düşünməlidir. Başqasından sizə danışan şəxs sizdən də başqasına danışa bilər. Qeybətçil insandan uzaq olmaq lazımdır. Şeytan və əmmarə nəfsdən Allaha pənah aparaq. Bu amillər insan üçün çox təhlükəlidir. Dil günahlarından biri də yalandır. Yalan hər bir şərin açarıdır. Bəziləri yalana o qədər vərdiş verir ki, bunsuz yaşaya bilməyəcəyini açıqlayır. Bütün bunların səbəbi iman zəifliyidir. Mö`min şəxs hansısa mənfəət səbəbindən yalan danışmır. Dil günahlarından biri də küfrdür. Dini müqəddəsliklərə qarşı təhqir, Allah və Onun rəsulunun, Qiyamətin inkarı bu qəbildəndir. Dinin zəruri hökmlərini inkar etmək də küfr sayılır. Qeybətdən çəkinin, yalan danışmayın, iftira yaxmayın, haqsız yerə şəhadət verməyin, küfrə səbəb olacaq sözlər danışmayın, vaxtınızı boş keçirməyin, qəlbləri incidəcək sözlərə yer verməyin. Əslində, dil Allahın ən böyük ne`mətlərindəndir və insan Allahı zikr etməklə, xoş sözlər danışmaqla bu ne`mətin şükrünü yerinə yetirə bilər. Təbərrük olaraq risaləni “Nəhcül-bəlağə”dən bir xütbə ilə başa çatdırırıq. Həzrət buyurmuşdur: “Günahdan çəkinən, Allahın günahdan pəhriz ne`məti əta olunmuş insanlar günahkarlarla, Allah və Onun rəsuluna tabe olmayanlarla mehriban olsalar yaxşıdır. (Onların qeybətini etməsinlər, onlara böhtan atmasınlar. Əksinə, onların doğru yola gəlməsi üçün çalışsınlar, insanların eybini yaxşılığa də`vət və pisliyə qadağa ünvanında desinlər.) İman əhlinə şükür ruhiyyəsi hakim olmalı və onları günahkarların qeybətindən çəkindirməlidir. Bəs mömin qardaşının qeybətini edib onu yol verdiyi günaha görə qınayanın halı necə olur? Yada salmırmı ki, Allah onun günahlarını örtüb və Allahın bu işi mö`min qardaşın qeybətinə səbəb olan günahdan böyükdür. Axı özü günaha batdığı halda başqasını günaha görə necə qınayır?! Əgər həmin şəxsin günahından uzaq olmuşsa da, başqa bir günaha yol verib Allaha itaətsizlik göstərmişdir. Olsun ki, həmin günah mö`min qardaşın günahından da böyükdür. And olsun Allaha, böyük günaha yol verməmişsə də, kiçik günahla itaətsizlik etmişdir. İstənilən bir halda onun xalqın pisliyini dilə gətirməsi yol vermədiyi günahdan daha böyükdür. Ey Allah bəndəsi, başqasında eyb axtarmağa, pisliyini dilə gətirməyə tələsmə. Həmin şəxs bağışlana da bilər. Özünü kiçik günahdan amanda bilmə. Olsun ki, həmin günaha görə cəzalanasan. Sizlərdən hər hansı biriniz bir başqasının eyibini bilsə, onu dilə gətirməkdən çəkinsin. Çünki öz eyiblərini daha yaxşı bilir. Başqasının batdığı günahdan uzaq olduğu üçün şükr etsin. Bu ne`mət müqabilində şükür ona başqalarının eybini dilə gətirməyə macal vermir. Mö`minlərin arxasınca pisliyə danışmağın məzəmməti haqqında qәlәmә аldığı risalə h.q. 1418-ci ilin rəbiüs-sani ayının 26-da başa çatdı. Vəssalamu ələykum və rəhmətullah Ey pak Əhli-beytə (ə) davamçı olan, Mö`minin hörmətin saxla hər zaman. Mö`minin qeybətin gətirmə dilə, Allahın əmrini yaxşıca dinlə. Ayə, hədis, ağıl , həm də ki icma, Qeybətə, pis sözə qoymuş qadağa. Bil şeytan yoludur pisliyə hər söz, Rəhmanın yolunda bağışlanma gəz.
source : http://www.alhassanain.com