Nübüvvət bölməsinin üçüncü əsas məsələsi başqaları üçün Həqiqi peyğəmbərlərin iddiasının doğruluğunu və yalançı iddiaçıların yalanını isbat etməkdən ibarətdir?
Əgər insan günaha və əql tərəfindən çirkinliyi dərk edilən işlərə mürtəkib olsa, artıq ona etimad edilməyəcəkdir. İsmət şərtini əldə əsas tutmaqla bir kəsin iddiasının yalan olduğunu isbat etmək olar. Xüsusilə, əgər o, insanları əql və fitrət ilə müxalif olan işlərə dəvət etsə, yaxud sözlərində ziddiyyət aşkar olunsa onun sözünün yalan olması daha tez aşkar edilər.
Digər tərəfdən də hər hansı şəxsin keçmişi pak-pakizə ola bilər və onunla şəxsi-qərəzi olmayanlar onun düzdanışan olmasını hər an təsdiq edib bu barədə xatircəm ola bilərlər. Xüsusilə, əgər əql də onun dəvətinin möhtəvasının düzgünlüyünə şahidlik etsə. Bir şəxsin peyğəmbərliyi digər bir peyğəmbərin əvvəlcədən xəbər verib onu təqdim etməsi və həqiqət axtaran şəxslər üçün heç bir şəkk-şübhəyə yer qalmadığı qədər sübuta yetməsi də mümkündür. Amma əgər camaat üçün yəqinlik və xatircəmlik gətirən əlamətlər olmasa, digər peyğəmbərlərdən bu barədə heç bir xəbər gəlib çatmasa, təbiidir ki, nübüvvətin isbat olunması üçün digər bir yola ehtiyac duyulacaqdır. Mütəal Allah da Özünün hikmətinə uyğun olaraq bu barədə çıxış yolu açaraq peyğəmbərlərə “ayələr” adlandırdığı möcüzələr vermişdir ki, onların iddiasının doğruluğu sübut olunsun.
Deməli, həqiqi peyğəmbərlərin iddiasının doğruluğu üç yolla isbat oluna bilər:
1.Xatircəmlik gətirən əlamət və şahidlər yolu ilə. Məsələn, onun həyatı boyu düzlüyü, doğruçuluğu, yolundan azmaması, həmişə haqq yolda və ədalətli olması məlum olsun. Amma bu yol o peyğəmbərlərin barəsində doğrudur ki, insanların arasında uzun illər yaşamış və onların arasında xoş rəftarı ilə məşhur olmuşdur. Amma bir peyğəmbər cavan yaşlarında, xalqın onun şəxsiyyət və rəftarını tanımazdan öncə peyğəmbərliyə çatsa, bu yolla onun iddiasının doğruluğunu isbat etmək olmaz.
2.Əvvəlki, yaxud onunla müasir olan peyğəmbərlərin təqdim etməsi ilə. Bu yol da o insanlara məxsusdur ki, özündən əvvəlki digər peyğəmbəri tanımış olsun. Bundan əlavə, onun verdiyi xəbər və təsdiqlədiyi şəxs barədə əldə məlumat olsun. Təbiidir ki, bu yol ilk peyğəmbər barəsində mövcud olmayacaqdır.
3.Möcüzə göstərməklə.* Bu mövzu yüksək səviyyəli, geniş olduğundan onu daha artıq izah edirik.
MÖCÜZƏNİN TƏRİFİ
Möcüzə Allahın iradəsi ilə nübüvvət iddiası edən şəxsdə baş verən və onun iddiasının doğruluq əlaməti olan xariqüladə işlərə deyilir. Göründüyü kimi, bu tərif üç məsələni əhatə edir:
a) Müəyyən xariqüladə hadisələr və varlıqlar vardır ki, adi səbəb və amillər vasitəsilə vücuda gəlmir.
b) Bu xariqüladə işlərdən bəziləri Allahın iradəsi və Onun xüsusi izni ilə peyğəmbərlər vasitəsilə zahir olur.
v) Belə xariqüladə bir iş peyğəmbərin iddiasının doğruluq əlaməti ola bilər və bu halda o möcüzə adlandırılır.
İndi yuxarıda qeyd olunan üç məsələ ilə əlaqədar əlavə izah veririk.
XARİQÜLADƏ İŞLƏR
Bu dünyada baş verən hadisələr əksər hallarda müxtəlif sınaqlar və təcrübələrlə, məlumat əldə ediləcəyi mümkün olan səbəb və amillərlə baş verir. Fiziki, kimyəvi, psixoloji və s. kimi hadisələrin əksəriyyəti buna misal ola bilər. Amma nadir hallarda bu hadisələrdən bir qrupu digər bir yolla baş verir və onların səbəb və amillərinin hamısını hissi və təcrübi sınaqlar vasitəsilə tanımaq olmaz. Müəyyən şahidlər bu cür hadisələrin baş verməsində başqa amillərin təsirli olduğunu göstərir. Belə ki, murtazların (yoqların) gördükləri heyrətli işlər buna misal ola bilər. Müxtəlif elm sahələrində mütəxəssis olanlar bu işlərin maddi və təcrübi elm qanunları əsasında baş vermədiyini təsdiq edirlər. Bu işlər xariqüladə işlər adlandırılır.
İLAHİ XARİQÜLADƏ İŞLƏR
Xariqüladə işləri iki ümumi bölmədə təsnif etmək olar: Onlardan birincisinin adi səbəb və amillərə malik olmamağına baxmayaraq onların qeyri-adi səbəbləri müəyyən qədər bəşərin ixtiyarındadır və xüsusi təlimlər və məşqlərlə onları əldə edə bilər. Murtazların işləri bunlara misal ola bilər. Digər bir qismi isə elə xariqüladə işlərdir ki, onlar yalnız Allahın xüsusi izni ilə həyata keçə bilər, onların ixtiyarı da Allahla əlaqəsi olmayan insanlara həvalə edilmir. Buna görə də belə işlər iki əsas xüsusiyyətə malikdir:
1.Bu kimi işlər öyrənməli və öyrədilməli deyildir. 2.Daha güclü qüvvələrin təsirinə məruz qalmır və başqa amillər tərəfindən məğlub edilmir.
Bu cür xariqüladə işlər Allahın seçilmiş və heç vaxt yollarını azmayan və həvayi-nəfsə uymayan bəndələrinə məxsusdur. Lakin təkcə peyğəmbərlərə də məxsus deyil. Bəzən başqa ilahi övliyalar da onlardan istifadə edirlər. Buna görə də kəlam istilahında onların hamısını möcüzə adlandırmırlar. Adətən peyğəmbərlərdən başqaları tərəfindən həyata keçən bu cür görünən işləri kəramət adlandırırlar. Eləcə də qeyri-adi ilahi elmlər də nübüvvət vəhyi ilə xülasələnmir. Bəzən belə elmlər başqalarına da verilir. Bunlar ilham, təhdis və s. adlanır.
Eləcə də ilahi və qeyri-ilahi olan iki xariqüladə işin ayırd edilməsi də məlum olur. Yəni əgər xariqüladə işin görülməsi öyrənib-öyrədilmək xüsusiyyətinə malik olsa, yaxud başqa bir fail onun qarşısını ala bilsə, yaxud davam etməsini dayandırıb onun təsirini aradan qaldırsa, o zaman bu, ilahi xariqüladə iş sayılmayacaqdır. Bu kimi hallarda şəxsin əqidə və əxlaq pozğunluğunu, şəxsi mənafe güdməsini onun Allahla əlaqədə olmamasının, işlərinin nəfsani və şeytani olması kimi başa düşmək olar.
Burada digər bir məsələni də qeyd etmək yerinə düşərdi. İlahi xariqüladə işlərin failini Allah olduğunu (bütün məxluqata, o cümlədən adi hadisə və varlıqlara qarşı failiyyətindən əlavə) hesab etmək olar. Çünki onların vücuda gəlməsi Allahın xüsusi izn və icazəsinə bağlıdır. Onları mələk və peyğəmbərlərə də aid etmək olar. Çünki onlar vasitə, yaxud yaxın fail ünvanına malikdirlər. Qurani-kərim ölülərin dirildilməsini, xəstələrə şəfa verilməsini, quş xəlq edilməsini həzrət İsaya (ə) verilən möcüzə olduğunu bildirmişdir. Bu iki nisbət arasında heç bir təzad yoxdur. Çünki bəndələrin failiyyətinin arxasında Allahın failiyyəti durur.
PEYĞƏMBƏRLƏRİN MÖCÜZƏLƏRİNİN XÜSUSİYYƏTLƏRİ
Möcüzənin tərifində qeyd olunan üçüncü mətləb bundan ibarətdir ki, peyğəmbərlərin möcüzələri onların öz iddialarında doğru olmaqlarının nişanəsidir. Buna görə də xariqüladə bir iş kəlam terminində möcüzə adlandırılan zaman Allahın xüsusi izninə istinad verilməkdən əlavə, peyğəmbərin peyğəmbərliyinin dəlili kimi qeyd olunur. Əgər bu məsələ ümumi götürülsə, imamət iddiasında olan şəxsin də iddiasının doğruluğuna dəlil olacaqdır. Beləliklə də, kəramət istilahı Allah övliyalarından baş verən digər ilahi xariqüladə işlərə aid olacaqdır. Bu da murtazların (yoqların) əməlləri, sehr və kahinlik kimi şeytani və nəfsani qüvvələrə istinad edilən xariqüladə işlərin müqabilində durur. Bu kimi əməllər həm öyrənib-öyrədilməyə qabildir, həm də daha güclü qüvvə tərəfindən məğlub edilir. Adətən, onların ilahi olmamasını bu işləri göstərənlərin əqidə və əxlaqlarının fasid olması ilə bilmək olar.
Digər bir məsələ budur ki, peyğəmbərlərin möcüzələri onların nübüvvət iddialarının doğruluğunu birbaşa isbat edir. Amma risalət məzmununun doğruluğu, onların möcüzədən qeyri yollarla təbliğ etdikləri fərmanlara itaət etmək zərurəti isə başqa yollarla sübut olunur. Başqa sözlə desək, əqli dəlillə peyğəmbərlərin nübüvvəti, nəqli dəlillərlə isə onların risalətinin möhtəvası isbat olunur.
BİR NEÇƏ ŞÜBHƏNİN HƏLLİ
Möcüzə ilə əlaqədar müəyyən şübhələr irəli gəlir ki, onları qeyd edərək bu barədə izahat veririk:
Birinci şübhə. Hər bir maddi varlığın xüsusi bir səbəbi vardır. Bunu elmi təcrübələrin köməyi ilə müəyyən etmək olar. Sınaq və təcrübə vasitələrinin nöqsanlı olmasına görə hər hansı bir hadisə və varlığın səbəbinin naməlum qalmasını həmin varlıqlar üçün adi səbəbin mövcud olmamasına bir dəlil kimi göstərmək olmaz. Deməli, xariqüladə işləri yalnız bu ünvanla qəbul etmək olar ki, onlar naməlum səbəb və amillərdən irəli gəlmişlər. Ən çoxu budur ki, onların səbəblərinin məlum olmadığı bir dövrdə bu səbəblərdən agahlığı möcüzəli bir iş hesab etmək olar. Amma elmi sınaqlar vasitəsilə tanınmağa qabil olan səbəblərin inkar olunması səbəb-nəticə prinsipinin pozulmasına gətirib çıxartdığından rədd edilir.
Bunun cavabı budur ki, səbəb-nəticə prinsipi heç vaxt hər bir asılı varlıq və məlul üçün yalnız bir illətin sübut olunmasını tələb etmir. Amma hər bir illətin də hökmən təcrübi vasitələr ilə tanınmasının zəruri olması heç də illiyyət prinsipinin tələbi deyildir və bu məsələ ilə əlaqədar heç bir dəlil gətirmək olmaz. Çünki elmi təcrübə və sınaqların həddi təbii işlərlə məhdudlaşır və heç vaxt təbiətin fövqündə dayanan varlığın olub-olmamasına təcrübə vasitələri ilə sübuta yetirmək olmaz.
Amma möcüzənin tanınmaz səbəblərdən agah olmaq kimi təfsir olunması düzgün deyildir. Çünki əgər bu agahlıq adi səbəblər vasitəsilə əldə olunarsa, digər adi hadisələrlə heç bir fərqi olmayacaqdır və onu xariqüladə iş hesab etmək olmaz. Əgər qeyd olunan agahlıq qeyri-adi surətdə baş vermiş olsa, xariqüladə bir iş olacaq, Mütəal Allahın xüsusi izninə istinad verilsə və nübüvvətin doğruluğuna dəlil gətirilsə, möcüzənin (elmi möcüzənin) qismlərindən biri olacaqdır. Həzrət İsanın (ə) camaatın evlərində nə yeməsi və nəyi ehtiyat saxlaması ilə bağlı agahlığı o Həzrətin möcüzələrindən biri hesab olunurdu. Lakin möcüzəni həmin qism ilə sona çatdığını da demək olmaz.
Nəhayət “səbəb-nəticə prinsipi ilə əlaqədar bu hadisə ilə digər xariqüladə işlər arasındakı fərq nədən ibarətdir?” sualı qalır.
İkinci şübhə: Allahın əbədi qanunu bu əsasda olmuşdur ki, hər bir varlığı xüsusi illət vasitəsilə vücuda gətirsin. Qurani-kərimin ayələrinə görə, Allahın qayda-qanununda heç bir dəyişiklik baş verməz. Buna əsasən ilahi qanunlarda dəyişiklik hesab olunan xariqüladə işlər (adətin pozulması) belə ayələrin vasitəsilə inkar olunur.
Bu şübhə eynilə əvvəlki şübhəyə oxşayır. Fərq bundan ibarətdir ki, orada sırf əqli dəlil gətirilirdi, burada isə Quran ayələrinə istinad edilir. Cavabı da budur ki, varlıqların səbəb və illətlərinin yalnız adi səbəb və illətlər vasitəsilə məhdudlanmasını Allahın dəyişməz qayda-qanunlarından hesab etmək dəlilsiz bir sözdür və eynilə bir şəxsin “hərarətin səbəbi yalnız odla məhdudlaşır” - deyə iddia edərək ilahi qayda-qanunlarda dəyişiklik olmamasını deməyə bənzəyir! Belə iddialar qarşısında demək olar ki, müxtəlif nəticələr üçün səbəblər çoxluğunun mövcud olması, qeyri-adi səbəblərin adi səbəblərin yerinə keçməsi dünyada həmişə mövcud olan bir işdir və buna görə də onu ilahi qanunlardan, səbəblərin yalnız adi səbəblərdə çərçivələnməsi onda dəyişiklik hesab olunmalıdır ki, bu da Quran ayələrində inkar edilmişdir. Hər bir halda ilahi qanunlarda dəyişikliyin inkar olunmasına dəlalət edən ayələrin adi səbəblərin başqa şeylə əvəz oluna bilməməsini dəyişiklik qəbul etməyən qanunlardan biri kimi hesab olunması əsassızdır. Əksinə, çoxlu Quran ayələri möcüzələrin və xariqüladə işlərin baş verməsinə dəlalət edir və bu məsələni düzgün olmamasına möhkəm bir dəlildir. Yuxarıdakı ayələrin düzgün şərhini təfsir kitablarında axtarmaq lazımdır. Burada qısa şəkildə qeyd edirik ki, bu qəbildən olan şərif ayələr illətlərin çoxluğunu, qeyri-adi illətlərin adi illətlərin yerinə keçməsini inkar deyil, məlulun illətdən kənara çıxmasını inkar etməyə nəzər yetirir. Hətta, bəlkə də demək olar ki, bu ayələrdən dəqiq məlum olan şey qeyri-adi illət və səbəblərin təsiridir.
Üçüncü şübhə. Qurani-kərimdə qeyd olunur ki, camaat təkrar olaraq Peyğəmbərdən (s) möcüzə və xariqüladə iş göstərməsini tələb edirdi və o Həzrət belə istəkləri yerinə yetirməkdən imtina edirdi. Əgər möcüzənin gətirilməsi nübüvvətin isbatolunma yoludursa, islam Peyğəmbəri (s) bu yoldan niyə istifadə etmirdi?
Cavabı budur ki, bu cür ayələr o Həzrətin nübüvvətinin hər üç yolla (doğru əlamətlər, əvvəlki peyğəmbərlərin xəbərləri, möcüzə təqdim edilməsi ilə) isbat edildikdən və höccət tamam olunduqdan sonra inadkarlıq, yaxud başqa qərəzli məqsədlərlə möcüzə tələbetmə istəyi ilə əlaqədardır və ilahi hikmət də belə istəklərin yerinə yetirilməsini tələb etmirdi.
İzah: Möcüzə göstərilməsində əsas hədəf camaatın peyğəmbərlərin dəvətini qəbul etməsi, onların qarşısında məcburi olaraq təslim olub itaətə vadar olması, eləcə də adi səbəblər əsasında cərəyan edən sistemləri bir-birinə qarışdırmaq, yaxud müəyyən əyləncə məqsədilə deyil, Allah Peyğəmbərini tanıtmaq və xalqa höccəti tamamlayaraq bəhanə yeri qoymamaq məqsədi güdürdü. Belə ki, möcüzə bu dünyaya hakim olan sistemlərdə istisna bir iş olub, bəzən camaatın istəklərini yerinə yetirmək üçün, (məsələn Salehin dəvəsində olduğu kimi) və bəzən də ibtidaən (həzrət İsanın möcüzələri kimi) baş verirdi. Belə bir hədəf də hər növ istəyə müsbət cavab verilməsini tələb etmir, əksinə, onlardan bəzilərinin qəbul edilməsi hikmətin əksinə və məqsədin ziddinədir. Məsələn, düz yolu camaatın üzünə bağlamaq, onları peyğəmbərlərin dəvətini qəbul etmək üçün təzyiqə məruz qoymaq, yaxud inadkarlıq üzündən olan, yaxud da həqiqəti axtarmaqdan başqa məqsədlərlə möcüzə istənilməsi bunlara misal ola bilər. Çünki bir tərəfdən bu kimi hallarda möcüzənin gətirilməsi bunu oyun-oyuncağa çevirir və camaat əylənmək üçün ona tamaşa edir, yaxud şəxsi mənafeni təmin etmək üçün peyğəmbərlərin ətrafına yığışırdılar. Digər tərəfdən imtahan, sınaq və azad seçki yolları bağlanırdı. Camaat ikrah üzündən təzyiq amillərinin təsirinə düşərək peyğəmbərlərə itaətçiliyi qəbul edərdilər. Bunların hər ikisi hikmətin və möcüzənin göstərilməsindəki hədəfin əksinə idi. Amma bundan başqa hallarda, eləcə də Allahın hikmətinin tələb etdiyi yerlərdə camaatın istəkləri qəbul olunurdu. Məsələn, Peyğəmbəri-Əkrəmdən (s) görünən çoxlu möcüzələrin əksəriyyəti mütəvatir nəql əsasında sübuta yetmişdir. Onların da başında həzrətin əbədi möcüzəsi olan Qurani-kərimdir ki, sonradan bu barədə izahat veriləcəkdir.
Dördünçü şübhə. Möcüzə xüsusi ilahi iznə bağlı olduğundan Mütəal Allah ilə möcüzə gətirən şəxs arasında özəl rabitə olduğunu, ona xüsusi izn verildiyini göstərir. Başqa sözlə desək, Allah Öz işini onun əli ilə, yaxud onun iradəsinin vasitəsilə həyata keçirir. Amma belə rabitənin zəruri olması o demək deyil ki, Mütəal Allah ilə möcüzə gətirən şəxsin arasında vəhy göndərmək və almaq kimi digər bir rabitə də bərqərar olsun. Deməli, möcüzəni nübüvvətlik iddiasının doğruluğuna əqli bir dəlil hesab etmək olmaz. Ən çoxu bir növ zənni və qənaətləndirici dəlil hesab etmək olar.
Cavab bundan ibarətdir ki, hətta ilahi olsa belə, xariqüladə işin öz-özlüyündə vəhy ilə əlaqəsi yoxdur. Buna görə də Allah övliyalarının kəramətini onların peyğəmbər olmasına dəlil hesab etmək olmaz. Lakin söhbət o kəslər haqqındadır ki, nübüvvət iddiası edir və möcüzəni öz iddiasının doğruluğuna bir nişanə kimi gətirir. Əgər belə bir şəxsin yalandan nübüvvət iddiası etdiyini, yəni ən ağır dünya və axirət fəsadına səbəb olan ən böyük və ən çirkin günaha mürtəkib olacağını fərz etsək onun heç vaxt Allah ilə belə bir əlaqə bərqərar etməyə ləyaqət və səlahiyyəti olmazdı. İlahi hikmət də ona möcüzə göstərmək qüdrətini verilməsini və nəticədə bəndələrin azğınlığa düşməsinə səbəb olmasını tələb etməzdi.
Bir sözlə, əql aydın şəkildə başa düşür ki, o kəsin Allahla xüsusi rabitə qurub möcüzə göstərməyə qüdrəti ola bilər ki, öz mövlasına xəyanət etməsin, Onun bəndələrinin əbədi azğınlığa və bədbəxtçiliyə düçar olmasına səbəb olmasın.
Deməli, möcüzəni gətirmək nübüvvət iddiasının düzgünlüyünə qəti əqli dəlil olacaqdır.