İmanla yanaşı olan hər biri saleh əməlin insanın əbədi xoşbəxtliyə çatmasında müstəqil rola malikdir, yoxsa onların məcmusu onun xoşbəxtliyinə çatmasına səbəb olur? Həmçinin bunun müqabilində də belə bir sual yaranır ki, hər bir günah əməl təklikdə insanın əbədi əzaba düşməsinə səbəb olur, yoxsa, onların məcmusu belə bir təsirə malikdir? İkinci halda əgər bir şəxs yalnız imana, yaxud təkcə saleh əmələ sahib olsa, onun aqibəti necə olacaqdır? Eləcə də əgər bir şəxs yalnız küfr edərsə, yaxud (küfr etmədən) təkcə günahlara mürtəkib olarsa, onun axır-aqibəti necə olacaqdır? Əgər imanlı bir şəxs çoxlu günahlara düçar olarsa, yaxud kafir bir şəxs çoxlu yaxşı əməllər görərsə, onda bədbəxt olacaq, yoxsa xoşbəxt? Hər iki halda əgər bir şəxs həyatının bir qismini iman və əməli-salehlə, digər bir qismini isə küfr və günahkarlıqla keçirmiş olarsa, onda onu hansı aqibət gözləyir?
Bu kimi məsələlər İslamın zahir olduğu ilk dövrlərdən etibarən araşdırılmış, xəvaric kimiləri inanmışlar ki, kəbirə günahlara mürtəkib olmaq müstəqil surətdə insanın əbədi bəxbəxtçiliyə düşməsinə səbəb olur. Hətta bu iş insanın küfrünə və mürtəd olmasına belə səbəb olur. Mürciə kimi digər firqələrin inancına görə isə təkcə iman əbədi səadət üçün kifayətdir, günaha mürtəkib olmaq möminin səadətinə zərər və xələl gətirmir.
Amma həqiqət bundan ibarətdir ki, hər günah küfrə və əbədi bədbəxtçiliyə səbəb olmur, hərçənd günahların çoxluğunun imandan çıxmağa da səbəb olması mümkündür. Digər tərəfdən, imanın varlığı ilə hər günahın bağışlanması və heç bir pis təsir qoymaması da düzgün təsəvvür deyildir.
Bu dərsdə əvvəlcə iman və küfrün həqiqəti barəsində izah verəcək, sonra onların insanın əbədi səadət və bədbəxtliyində nə dərəcədə əhəmiyyətə malik olduğunu araşdıracağıq. Qalan məsələləri isə növbəti dərsdə bəyan edəcəyik.
İMAN VƏ KÜFRÜN HƏQİQƏTİ
İman ruhi və qəlbi bir halətdir. O hər hansı bir məfhumla bağlı anlayışa malik olmaq və ona meyl etmək nəticəsində hasil olur. Bu iki amilin hər birinin zəif və ya güclü olması ilə əlaqədar iman da, ya kamal həddinə çatır və ya azalır. Əgər insan hər hansı bir şeyin varlığı barədə (zənn və güman yolu ilə olsa da) məlumat tapmazsa, ona iman gətirə bilməz. Amma agahlıq və məlumat da təklikdə kifayət etmir. Çünki agahlıq tələb edən işlər onun ürəyinin istədiyinin və təbii meyllərinin əksinə ola bilər və ya onun əksinə meyl edə bilər. Buna görə də o, əməli və onun törəmələrini yerinə yetirmək qərarına gələ bilər. Hətta onların əksinə olan qərar qəbul edə bilər.
Qurani-kərim Firon və onun yaxınları haqqında belə buyurur:
«Onlar zülm etdiklərinə və özlərini uca tutduqlarına görə ilahi ayələri inkar etdilər. Halbuki, onların haqq olmağına yəqinlikləri var idi.»
Həzrət Musa (ə) Firona xitabən buyurur:
«Şübhəsiz, ayə və möcüzələrin dünyanın Pərvərdigarından başqa bir şəxsin nazil etmədiyini bilirsən.»
O özünün iman gətirməməsinə baxmayaraq camaata belə deyirdi:
«Mən sizin üçün, özümdən başqa bir məbud tanımıram.»
Amma qərqolma ərəfəsində belə deyir:
«Mən Bəni-İsrailin iman gətirdiyi məbudun olmasına iman gətirdim.»
Əvvəldə də qeyd olundu ki, məcburiyyət əsasında olan iman həqiqi iman səviyyəsində çatmır və heç vaxt ilahi dərgahda qəbul olunmur. Deməli, imanın həqiqəti qəlbən yönəlmə və ixtiyar üzündən olmaqdan ibarətdir. Amma elm və agahlıqda isə belə deyil. Çünki o ixtiyarsız olaraq da hasil ola bilir. Deməli, imanı ixtiyari və qəlbi bir əməl hesab etmək, yəni əməlin məfhumunu genişləndirməklə imanı da əməl saymaq olar.
Amma küfr kəlməsi bəzən “imanın olmaması” mənasına işlədilir. İmana malik olmamaq (istər bəsit şəkk və cəhalət üzündən olsun, istər mürəkkəb cəhalət üzündən, istərsə də müxalif meyllər, qəsdən olan inkar və ya inadkarlıq üzündən olsun) küfr adlandırılır. Bəzən sonuncu qismə, yəni, inad və inkara aid edilir ki, bu da imanın ziddi hesab olunur.
İMAN VƏ KÜFRÜN HƏDDİ
Qurani-kərim ayələri və rəvayətlərdən məlum olduğu kimi, əbədi səadətə çatmaq üçün imanın ən aşağı səviyyəsi Allaha, axirətdəki cəza və mükafatlara iman gətirmək, peyğəmbərləri və onlara nazil olanların düzlüyünü təsdiq etmək, bunun ardınca da Mütəal Allahın göstərişlərinə, əmr və fərmanlarına müəyyən mənada (icmali) əməl etməyə dair qərara gəlməkdən ibarətdir. Onun ali mərtəbəsi isə peyğəmbərlərə və ilahi övliyalara məxsusdur.
Küfrün ən zəif mərtəbəsi isə tövhidi, nübüvvəti, məadı inkar etmək, onlarda şəkk-şübhədə olmaq, yaxud Mütəal Allah tərəfindən peyğəmbərlərə nazil olmasını bildiyi şeyləri – dinin zəruri məsələlərini inkar etməkdir. Küfrün ən pis mərhələsi isə düzgün olduqlarını bildiyi halda bütün bu həqiqətləri, inad üzündən inkar etmək və haqq din ilə mübarizə etməyə dair qəti qərara gəlməkdir. Deməli, şirk də (yəni tövhidin inkar olunması) küfrün nümunələrindən biridir. Münafiqlik də aldadıcılıq və zahirdə özünü müsəlman göstərməklə yanaşı olan batini küfrdür. Münafiqin (niqablı kafirin) iman və insanlıqdan süqutu başqa kafirlərdən artıqdır. Belə ki, Quranda buyurulur:
«Həqiqətən münafiqlər cəhənnəm odunun ən aşağı mərtəbələrindədir.»
Burada qeyd olunmalı məsələ budur ki, fiqhdə irəli çəkilən kəsilən heyvanın paklığı, nikaha icazə, irs aparmaq və s. kimi hökmlərin üsuliddində qeyd olunan iman və küfrü tələb etmir. Çünki bir şəxsin şəhadət kəlmələrini deməsi və nəticədə İslam fiqhinin hökmlərinin onun üzərində cərəyan etməsi mümkündür, halbuki o tövhid və nübüvvətin məzmununa qəlbən iman gətirməyə bilər.
Digər məsələ budur ki, əgər birinin üsuliddin barədə məlumat kəsb etməyə qüdrəti olmasa və misal üçün, dəli və ya ağılsız olsa, yaxud mühitin, şəraitin münasib olmadığına görə haqq dini tanıya bilməsə, həmin qədər üzürlü sayılacaqdır. Amma məlumat üçün imkan ola-ola təqsirə yol versə və şəkk halında qalsa, yaxud dəlil olmadan dinin üsul və zəruriyyətlərini inkar etsə, üzürlü sayılmayacaq və əbədi əzaba düçar olacaqdır.
İNSANIN ƏBƏDİ XOŞBƏXTLİYİNDƏ İMANIN VƏ ƏBƏDİ BƏDBƏXTLİYİNDƏ KÜFRÜN TƏSİRİ
İnsanın həqiqi kamalı ilahi dərgaha yaxınlıqla, onun süqutu isə Mütəal Allahdan uzaqlıqla əlaqədardır. Buna diqqət yetirməklə Allaha, Onun təkvini və təşrii rübubiyyətinə iman (bu, məad və nübüvvətə imanı zəruri edir) bir növ insanın həqiqi təkamülünün pöhrəsinə oxşayır. Allahın bəyəndiyi işlər isə həmin pöhrənin qol-budağına və yarpaqlarına, meyvələri isə axirət aləmində zahir olan əbədi səadətə oxşayır. Deməli, əgər bir şəxs öz qəlbində iman toxumunu cücərtməsə, bu bərəkətli ağacı əkməsə, əksinə, onun yerinə zəhərli küfr və günah toxumu səpsə, Allah verən istedadları zay etmiş və elə bir ağac cücərtmiş olur ki, onun meyvəsi cəhənnəmdəki zəqqum ağacının meyvəsidir. Belə bir şəxsin əbədi səadətə çatması heç vaxt mümkün deyildir və onun gördüyü yaxşı işlər bu dünyanın sərhədlərindən aşmayacaqdır.
Səbəbi də budur ki, insanın hər ixtiyari işi, onun ruhu üçün nəzərdə tutulan hədəfə doğru olan bir hərəkətdir. Əbədiyyət aləminə, ilahi dərgaha yaxınlığa etiqadı olmayan bir şəxsin belə bir hədəf və məqsədi nəzərə alması, eləcə də öz əməl və rəftarlarına belə bir istiqamət verməsi necə mümkün olar bilər?! Təbiidir ki, belə şəxs Allah tərəfindən əbədi səadət gözləyə bilməz. Kafirlərin yaxşı əməllərinə gəldikdə isə, yalnız bunu demək olar ki, bu əməl onların əzablarının müəyyən qədər yüngülləşməsinə səbəb olur. Çünki bu cür əməllər özünəpərəstiş və inadkarlıq ruhiyyəsini müəyyən qədər zəiflədə bilər.
BU BARDƏ OLAN QURAN AYƏLƏRİ
Quran insanın əbədi səadətində imanın əsaslı və mühüm rolunu xatırlatmış, yüzlərlə ayədə imanın ardınca saleh əməli qeyd etmişdir. Bundan əlavə, bir neçə ayədə də imanı yaxşı əməlin axirət səadətinə mühüm təsir göstərdiyini bildirir:
«Mömin olan halda yaxşı əməl görən hər bir mömin kişi və qadın behiştə daxil olacaqdır.»
Digər tərəfdən isə, kafirlər üçün cəhənnəm və əbədi əzab nəzərdə tutmuş, onların (yaxşı) əməllərini puç və səmərəsiz hesab edir:
«Rəbbini inkar edənlərin (dünyadakı yaxşı) əməlləri fırtınalı bir gündə küləyin sovurub apardığı külə bənzəyir. Onlar (dünyada) etdikləri əməllərdən heç bir fayda (savab) əldə edə bilməzlər. Budur (haqq yoldan) azıb uzaqlaşmaq.»
Başqa bir ayədə buyurulur ki, kafirlərin əməllərini havada toz kimi pərakəndə edərik:
«Onların etdikləri hər hansı bir (yaxşı) əməli Biz qəsdən (havada uçan) dağınıq zərrərlərə (toz dənələrinə) döndərərik!»
Başqa bir ayədə onların əməlini ilğıma bənzədir:
«Kafirlərin əməlləri düzəngah yerdə olan ilğıma bənzəyir ki, susuz adam onun su olduğunu təsəvvür edir, amma onun yanına gəlib çatdıqda heç bir şey tapa bilməz. O öz əməlinin yanında ancaq Allah cəzasını tapar. (Allah da) onun cəzasını (layiqincə) verər. Allah tezliklə haqq-hesab çəkəndir.»
«Yaxud dərin dəryalardakı zülmət kimidir. Onu bir dalğa, onun üzərindən də başqa bir dalğa, onun da üzərində bulud – zülmət üstündən zülmət örtər. Əlini çıxartdığı zaman hardasa onu görməz. Allah hər kəsə nur bəxş etməsə, onun nuru olmaz.»
Digər ayələrdə buyurulur ki, dünyaya məftun olanların işlərinin nəticəsi onlara elə bu dünyada veriləcək, axirətdə isə heç bir bəhrələri olmayacaqdır:
«Dünya həyatı və onun zinətlərini istəyən şəxslərin paylarını onlara verərik və ondan heç bir şey azaldılmaz. Axirətdə isə atəşdən başqa heç nələri olmaz. Dünyada gördükləri işlər və puç əməllər də zay olar.»
İMAN VƏ ƏMƏLİN QARŞILIQLI ƏLAQƏSİ
Məlum oldu ki, əbədi bədbəxtçiliyin əsl səbəbi küfr, əbədi səadətin də əsl səbəbi imandır. Şəxsin əbədi və möhkəm imanı onun əbədi səadətinə zəmanət verir, hərçənd, günaha mürtəkib olması məhdud zaman ərzində əzaba düşməsinə səbəb olur. Digər tərəfdən də daimi küfr əbədi bədbəxtçiliklə nəticələnir və bunun varlığı ilə heç bir yaxşı iş sahibinin axirət səadətinə səbəb olmaz.
Onu da qeyd etdik ki, iman və küfrün güclü və zəif mərhələləri vardır, belə ki, böyük günahların çoxluğunun imanı aradan aparması, eləcə də yaxşı işlərin görülməsinin küfrün kökünün zəiflətməsi və onda imana şərait yaratması da mümkündür.
Buradan imanla əməlin əlaqəsi barədə sual meydana çıxır və bu dərsdə həmin məsələ araşdırılır.
İMANLA ƏMƏLİN ƏLAQƏSİ
Yuxarıda qeyd olunanlardan aydın olur ki, iman elm və meyllərdən qaynaqlanan ruhi bir halətdir və imanlı şəxsin, imanlı olduğu şeylərə əməl etməyə dair icmali şəkildə qərara gəlməsini tələb edir.
Deməli, həqiqətlərdən agah olan, amma onun tələbinin heç birinə əməl etməyəcəyini qərara alan şəxsin həmin şeylərə imanı olmayacaqdır. Hətta əgər əməl edib-etməməsi barədə şübhədə olsa yenə də iman gətirməmiş sayılır. Qurani-kərim buyurur:
“Ərəblər (çöl ərəblərindən bir qrupu Peyğəmbərə) dedilər: “Biz iman gətirdik.” De: Siz iman gətirməmisiniz. Deyin ki, “İslamı qəbul etmişik”, iman hələ onların qəlblərinə daxil olmayıb.”
Həqiqi imanın da müxtəlif mərhələləri vardır və onun hər bir mərtəbəsi bununla əlaqədar olan bütün vəzifələri yerinə yetirməyi gərəkli etmir. Mümkündür ki, şəhvət və ya qəzəb kimi hislər imanı zəif olan şəxsi günaha tərəf çəksin. Lakin belə də olmamalıdır ki, üsyankarlığa və imanın gərəkli etdiyi şeylərlə həmişə müxalifət etməyi qərara alsın. Əlbəttə, şəxsin imanı nə qədər güclü və kamil olarsa, ona münasib olan əməllərin yerinə yetirilməsindəki təsiri də bir o qədər çox olacaqdır.
Bir sözlə, iman onun təfərrüatına əməl etməyi zatən tələb edir və həmin zəruri təsirinin miqdarı da onun şiddətli və ya zəif olmasına bağlıdır. Nəhayət, hər hansı bir işi yerinə yetirməyi, hansısa bir işi tərk etməyi şəxsə vacib edən də məhz onun iradə və qərarıdır.
ƏMƏLİN İMANLA OLAN ƏLAQƏSİ
Hər hansı bir əməl ya imanla uyğundur, ya da uyğun deyil. Birinci halda imanı gücləndirərək qəlbə nuranilik bəxş edir. İkinci halda isə imanının zəifləməsinə və qəlbin zülmətə düşməsinə səbəb olur. Deməli, mömin şəxsdə baş verən saleh əməllər onun imanından qaynaqlanmaqdan əlavə, imanın qüvvət və sabitliyini də artırır, daha artıq yaxşı işlər görməsinə şərait yaradır. Yaxşı əməlin imanın kamal həddinə çatmasındakı rolunu aşağıdakı ayədən başa düşmək olar:
“Pak söz (və etiqad) Allaha doğru yüksələr və pak sözü də saleh əməl qaldırar.”
Bir çox ayələrdə də yaxşı əməl sahiblərinin iman, nur və hidayətlərinin artmasından söhbət açılır.
Digər tərəfdən, imana müxalif olan məqsədlər qarşıya çıxarsa və yaramaz işlər görülərsə, eyni zamanda, şəxsin imanı da onların qarşısını ala biləcək səviyyədə olmazsa, onun imanı zəifləməyə doğru gedər, günahın təkrarlanması üçün zəminə yaranar. Bu minvalla davam edərsə şəxsin daha böyük günahlara düşməsinə və onların təkrarlanmasına səbəb olar və nəhayət, iman aradan getmək və (nəuzubillah) küfrə və nifaqa (münafiqliyə) çevrilmək təhlükəsi altına düşər.
Qurani-kərim işləri nifaqla nəticələnən şəxslər barəsində buyurur:
“Allahla bağladıqları vədə xilaf çıxdıqları (ona əməl etməmələri) və yalan danışdıqlarına görə, Allah da onların qəlblərinə, Onunla görüşəcəkləri günə qədər nifaq saldı.”
Başqa bir ayədə buyurulur:
“Sonra da Allahın ayələrini yalan hesab edib onları məsxərəyə qoymaqla pislik edənlərin aqibəti lap pis oldu!”
Bundan əlavə də, bir çox ayələrdə günahkarların küfr, zülm və qəsvətlərinin (daşürəkliliklərinin) artma məsələsindən söhbət açılır.
NƏTİCƏ
İmanla əməlin qarşılıqlı əlaqəsi, eləcə də onların insanın səadətində təsirinə diqqət yetirməklə xoşbəxt həyatı kökləri yeganə Allaha, və Onun peyğəmbərlərinə, mələklərə, qiyamətə və ilahi cəzaya elə iman gətirmək, gövdəsi isə iman tələbi olan şeylərə əməl etməkdən ibarət olan ağaca bənzətmək olar ki, heç bir vasitə olmadan göyərir. Onun budaqları və yarpaqları imandan qaynaqlanan yaxşı və layiqli əməllər, meyvəsi isə əbədi səadətdir. Təbiidir ki, əgər kökü olmazsa heç vaxt ağacın gövdəsi, budağı və yarpağı da olmaz, nəticədə meyvə də gətirməz.
Lakin kökün mövcud olması heç də həmişə ondan budaq və yarpağın cücərməsi xoşagələn meyvələr verməsi demək deyil. Əksinə, bəzən mühitin münasib olmaması və ya müxtəlif təbii fəlakətlər nəticəsində qol-budaq açmır. Nəticədə nəinki xoşagələn meyvələr vermir, hətta qurumaqla nəticələnir.
Bu da mümkündür ki, ağacın budağına, gövdəsinə, hətta, kökünə peyvənd vurmaqla başqa bir ağaca dönsün. Bu da imanın küfrə (mürtədliyə) çevrilməsinə bənzəyir.
Bir sözlə, qeyd olunan işlərə iman gətirmək insanın səadəti üçün əsas amildir. Lakin bu amilin kamil təsir qoymasının şərti budur ki, saleh əməl və bəlaları dəf etmək, ziyanları aradan aparmaq və günahlardan çəkinməklə lazım olan məqsədə doğru addım atılsın.
Vacib əməlləri tərk etmək və haram işlərə qurşanmaq iman ağacının kökünü zəiflədir, bəzən onun tamamilə quruması ilə nəticələnir. Eləcə də düzgün olmayan əqidələrlə peyvənd vurmaq onun mahiyyətinin dəyişməsinə səbəb olur.
BİR NEÇƏ MÜHÜM MƏSƏLƏ
İslam mədəniyyəti ilə kifayət qədər tanışlığı olmayan, insani və mənəvi işləri səthi və zahiri meyarlar əsasında dəyərləndirən, failin (əməli icra edənin) niyyət və məqsədinə – hüsni-failə (bu, hüsni-fel müqabilindədir) diqqət yetirməyən və ya işin dəyərinin meyarını yalnız başqalarının dünyəvi həyatının asayişindəki təsirində təsəvvür edənlərin bəziləri İslami maarif və əqidələrin çoxunun düzgün təfsir və tərifində inhirafa düçar olur və ya onları düzgün şəkildə dərk edib açıqlamaqda aciz qalırlar. O cümlədən, imanın rolu və onun saleh əməllə olan əlaqəsi, eləcə də küfr və şirkin öldürücü təsirləri, qısamüddətli və kiçikhəcmli əməllərdən bəzilərinin böyükhəcmli və uzunmüddətli işlərdən üstünlüyünü bəyan etməklə inhirafa, azğınlığa düçar olurlar. Məsələn, onlar başqalarının asayişi və rifahı üçün müəyyən şeylər ixtira edənlərin, yaxud millətlərinin azadlıq və istiqlaliyyəti yolunda çalışanların, hətta, Allaha və qiyamət gününə azacıq belə imanları olmasa da, axirətdə yüksək məqama və dəyərli mərtəbələrə nail olacaqlarını güman edirlər. Bəzən o qədər ifrata varırlar ki, həqiqi səadət üçün lazım olan imanı insani dəyərlərə, fəhlə kütlələlərinin bu dünyadakı qələbələrinə olan inam kimi izah edirlər və hətta “Allah” məfhumunu belə, məfhumi bir dəyər hesab edərək onu ideal əxlaqi səciyyələrlə bərabər tuturlar!!!
Keçən dərslərdə bəyan olunan mətləblərdən bu kimi təsəvvürlərin zəif və səhv cəhətlərini başa düşdük. Lakin bu cür fikirlərin hazırkı əsrdə çox yayılmasını, eləcə də gələcək nəsillər üçün törədə biləcəyi təhlükələri nəzərə alaraq, bu barədə daha artıq izah verməyi məqsədə uyğun görürük.
Əlbəttə, bu kimi məsələlərlə bağlı lazımi qədər təhqiqat aparmaq daha geniş imkanlar tələb edir. Buna görə də kitabın üslubuna uyğun olaraq deyilən mətləblərin əqidəvi yönünə diqqət yetirməklə onların yalnız ən ümdələrini bəyan edirik.
İNSANIN HƏQİQİ KAMALI
Əgər alma ağacını barsız söyüd ağacı ilə müqayisə etsək, alma ağacının ona nisbətən daha artıq dəyərə malik və səmərəli olduğunu görərik. Bu mühakimə yalnız insanın meyvə ağacından istifadə etməsinə görə deyildir, əksinə, meyvəli ağac daha artıq kamil vücuda malik olduğundan və ondan daha artıq əsərlər vücuda gəldiyindən, zatən daha dəyərli sayılır. Amma elə həmin bu alma ağacı müəyyən xəstəliyə düçar olaraq təkamül yolundan çıxarsa, öz dəyərini əldən verəcəkdir. Hətta, başqaları üçün müəyyən infeksiya və ziyanların da mənşəyi olması gözlənilir.
İnsan da digər canlılarla müqayisədə həmin hökmdədir. Əgər öz layiqli kamalına çatsa və öz fitrətinə münasib olan əsərlər zahir etsə, onlardan (digər canlılardan) daha dəyərli olacaqdır. Amma azğınlığa düçar olarsa, heyvanlardan da alçaq və zərərli olması mümkündür. Belə ki, Qurani-kərim bəzi insanları canlıların ən pisi və heyvanlardan da azğın hesab edir.
Digər tərəfdən, əgər bəzi adamlar alma ağacını yalnız çiçəklənən vaxta qədər görmüş olsalar, onun təkamülünün son həddinin elə bundan ibarət olduğunu və bundan artıq heç bir kamala malik olmayacağını təsəvvür edərlər. Eləcə də insanın orta səviyyədə olan kamalını müşahidə edənlər onun son kamal və həqiqətini dərk edə bilməzlər. İnsanın həqiqi dəyərini yalnız o kəslər tanıya bilər ki, onun yekun və son kamalından agah olsunlar.
Amma insanın həqiqi kamalı maddi və təbii kamallar kimi deyildir. Çünki əvvəllər bəyan olunduğu kimi, şəxsin insaniyyəti onun mələkuti ruhuna bağlıdır. İnsanın təkamülü də həqiqətdə onun ruhunun təkamülüdür ki, özünün ixtiyari fəaliyyətləri ilə əldə olunur. İstər onun daxili və qəlbi fəaliyyətləri olsun, istərsə də xaricdəki və bədənin üzvləri ilə olan fəaliyyətləri. Həmçinin belə bir kamal hissi təcrübələr və kəmiyyət tipli müqayisələrlə tanıyıb dəyərləndirmək olmaz və nəticə etibarı ilə, təbiidir ki, ona çatmaq yolunu da təcrübi vasitələrlə tanımaq olmaz. Deməli, özü belə kamal mərhələsinə çatmayan, hüzuri elm və qəlbi müşahidə ilə onu dərk edə bilməyən şəxslər onu əqli dəlil, yaxud ilahi vəhy və asimani kitablar yolu ilə tapmalıdır.
Amma ilahi vəhy, Quran ayələri və Əhli-beytin (ə) sözləri nəzərindən danılmaz bir məsələdir ki, insanın son kamalı onun vücudunun elə bir mərhələsidir və “qürbi ilahi” təbiri ilə qeyd olunur. Onun səmərəsi axirət aləmində zahir olacaq əbədi nemətlər və Allahın razılığıdır. Onun ümumi yolları ictimai və fərdi həyatın bütün yönlərini əhatə edən Allaha itaət edib təqvalı olmaqdan ibarətdir.
Əqli nəzərdən isə, bu mətləbə dair müəyyən fəlsəfi müqəddimələrə ehtiyac duyulan çox mürəkkəb dəlillər gətirmək olar ki, burada onların ən sadəsini təqdim edirik.
ƏQLİ DƏLİL
İnsan fitri olaraq sonsuz kamal istəyir. Elm və qüdrət də onun nümayəndələrindəndir. Öz ardınca sonsuz ləzzətlər və əbədi səadət gətirən belə bir kamal insana o zaman müyəssər ola bilər ki, elm, və qüdrətin sonsuz mənbəyi olan Kamali-Mütləq ilə, yəni Allah-taala ilə əlaqə qursun. “Qürb” adlanan kamal da məhz bu əlaqədir.
İnsanın yaradılışında əsas məqsəd kimi nəzərdə tutulan kamal Mütəal Allahın dərgahına yaxınlıq və Onunla əlaqə sayəsində hasil olur. Bu kamalın ən aşağı mərtəbəsinə, yəni imanın ən zəif mərtəbəsinə malik olmayan bir insan hələ meyvə verməyən, nübarı da ələ gəlməyən bir ağaca bənzəyir. Belə ağac isə xəstəlik nəticəsində meyvə vermək qabiliyyətini əldən verərsə səmərəsiz və meyvəsiz ağaclardan da alçaq səviyyəli olacaqdır.
Deməli, imanın insanın əbədi səadət və kamalındakı rolu buna görə mühüm əhəmiyyət kəsb edir ki, insan ruhunun əsl xüsusiyyətləri və səciyyələri Mütəal Allahla agahlıq və ixtiyar üzündən olan əlaqə ilədir və bu əlaqə olmadıqda insan özünə layiq olan kamaldan və onun əsərlərindən məhrum olacaqdır. Başqa sözlə desək, onun insaniyyəti feliyyət mərhələsinə çatmayacaqdır. Halbuki, düzgün olmayan seçim nəticəsində belə yüksək istedadları məhv edib aradan aparsa özünə qarşı ən böyük zülmü rəva görmüş olar və əbədi cəzaya layiq görülər. Qurani-kərim belə insanlar haqqında buyurur:
“Həqiqətən Allah yanında canlıların ən pisi küfr edərək iman gətirməyən kimsələrdir.”
Bir sözlə, iman insanın kamal və səadətə doğru irəliləməsinə, küfr isə onun süqut edərək bədbəxtçiliyə düşməsinə səbəb olur və təbiidir ki, bunlardan axıra hansı biri qalsa, insanın müqəddəratını da o həll edəcəkdir.
MƏQSƏD VƏ NİYYƏTİN ROLU
Yuxarıda qeyd olunan prinsipə nəzər yetirməklə aydın olur ki, insanın hər bir ixtiyari işinin həqiqi dəyəri onun həqiqi kamala, yəni Allah-taalanın dərgahına yaxınlaşmağa qoyduğu təsirinə bağlıdır. Hərçənd müəyyən (hətta bir neçə vasitə ilə başqalarının təkamülünə zəmin yaradan vasitələr olsa belə) işlər hüsn və fəzilət hesab olunsa da onların işi görən şəxsin səadətindəki təsiri onun ruhunun təkamülünə təsir qoyması ilə şərtlənir.
Digər tərəfdən, xaricdə baş verən işlərin və əməllərin failin (işi görənin) ruhu ilə olan əlaqəsi iradə vasitəsi ilə gerçəkləşir ki, bu da (iradə) onun vasitəsiz olan işidir. Bir işə olan iradə o işin nəticəsinə olan meyl və şövqdən yaranır və bu məqsəd də məhz insanın ruhunun daxilində, məqsəddə tutduğu hədəfə doğru hərəkət yaradır və işi iradə etməyin formalaşmasını cilvələndirir. Deməli, iradə üzündən olan işin dəyəri failin (iş görənin) niyyətinə tabedir, bir felin özünün hüsnü və gözəlliyi, onu görənin gözəlliyi olmadan insanın ruhunun təkamülündə və əbədi səadətində heç bir təsir göstərməyəcəkdir. Məhz buna görə də maddi və dünyəvi hədəflər əsasında görülən işlər əbədi səadətdə heç vaxt səbəb olmayacaq, cəmiyyətə göstərilən ən böyük xidmətlər belə, özünü göstərmək (riyakarlıq) məqsədi ilə olsa, onu görən şəxs üçün azacıq belə fayda verməyəcəkdir. Əksinə, onun ruhi cəhətdən tənəzzülə uğramasına da səbəb olması mümkündür. Buna görə də Qurani-kərim saleh əməllərin insanın axirətdəki səadətindəki təsirini iman və təqərrüblə (Allaha yaxınlıq məqsədi) şərtləndirmişdir.
Bir sözlə, yaxşı iş, əvvəla, başqalarına xidmət etməklə bitmir. İkincisi, başqalarına xidmət etmək də fərdi ibadətlər kimi, o zaman yekun kamal və əbədi səadət üçün təsirli olacaqdır ki, ilahi məqsəddən qaynaqlanmış olsun.