Azəri
Thursday 26th of December 2024
0
نفر 0

İSLAM NÖQTEYİ-NƏZƏRİNDƏN AİLƏNİN MÖVQEYİ

 

İnsan orqanizmi müxtəlif hissələrdən təşkil olunduğu və onların arasında təbii rabitə mövcud olduğu kimi, cəmiyyət də ailələr adlanan kiçik vahidlərdən təşkil olunub. Ailənin bütün üzvləri arasında qarşılıqlı anlaşma, səmimiyyət və mehribanlıq hakim olsa və bütün üzvlər bir-birləri ilə zəncir kimi sarsılmaz əlaqə yarada bilsələr, habelə onların arasında birlik və xüsusi bağlılıq mövcud olarsa, orada düzgün və kamil bir təşkilat meydana gələr. Nəticədə, sağlam və güclü özülə malik, səadətə çatmaq üçün üzvlərinin bütün qüvvələrini səfərbər edən ailə yaranar.

Əgər bunun əksinə olarsa, həmin kiçik vahidlər arasında ziddiyyətlər yaranar və ailə hərc-mərclik ucbatından dağılıb aradan gedər. İsanın fitrəti öz həyatını qoruyub davam etdirməyi tələb edir. Bu məqsədə çatmaq üçün o, hər vasitə ilə çalışır. İnsanın bu hədəfini təmin etmək üçün ən yaxşı və ən asan yol nəsil yetişdirməkdir. Çünki, övlad insanın vücudunun bir hissəsi və onun həyatının davamı deməkdir. Fitrətin bu kəskin istəyinə ailənin təşkil edilməsi ilə cavab verilir.

İnsanın fəaliyyətlərinin mühüm bir hissəsi və onun iqtisadi çarpışmaları ailənin yaşayış ehtiyaclarını ödəmək üçün nəzərdə tutulur.

Ailənin yaranma səbəbləri haqqında müxtəlif fikirlər mövcuddur. Bəziləri nikahın və ailənin təşkilini cinsi ehtirasların təmin olunmasına xidmət etdiyini bildirirlər. Digərləri məsələnin iqtisadi tərəfini qabardırlar və deyirlər ki, nikah iki ailə arasındakı ticarətin bir növüdür. Belə fikirlər nikahın əsil hədəfindən, onun ictimai zərurət olmasından və yeni insan nəsli yetişdirmək məqsədindən çox uzaqdır. Alman sosioloqu Muller evlənmənin səbəbləri barəsində belə deyirdi:

«Fərdləri evlənməyə sövq edən üç amil var: İqtisadi ehtiyac, övlada yiyələnmək meyli və eşq. Hər bir cəmiyyətdə bu amillərin olmasına baxmayaraq, onların əhəmiyyəti müxtəlif dövrlərdə bir-birindən fərqli olmuşdur. Bəşər həyatının əvvəllərində iqtisadi amilin əhəmiyyəti daha böyük idi. Halbuki, qədim sivilizasiyalarda övlada yiyələnmək meylləri bu günkü cəmiyyətlərdən qat-qat üstün olmuşdur».

İslam ailə təşkili məsələsini təşviq etməklə yanaşı, ümumi mənəvi təmizliyi qorumaq üçün ən yaxşı vasitə rolunu oynayır.

«Allah sizin üçün özünüzdən [yəni öz cinsinizdən] zövcələr yaratdı. Zövcələrinizdən də sizin üçün oğullar və nəvələr əmələ gətirdi, pak nemətlərdən sizə ruzi verdi». 

İslam cavanların cinsi qüvvələrinin öz təbii yolundan çıxmasının qarşısını almaq üçün və onlara bu ehtirasların təzyiqindən nicat verməkdən ötrü ailə başçılarına həddi-büluğa çatan vaxt cavanların evlənməsi üçün lazım olan vəsaitin hazır edilməsini tövsiyə edir. Çünki, özləri üçün ailə qurmaq imkanına malik olmayan cavanlar cinsi ehtirasların təsiri altında fəsad və müxtəlif təhriklərlə üzbəüz qalırlar. Ona görə də İslam dini ata-anaları öz övladlarını evləndirmək işində məsul hesab edir. Bununla valideynlər övladlarının imanının və əxlaqının qorunmasına böyük yardım göstərmiş olurlar. İslam ailə ocağının təşkilini müxtəlif fəsad və pozğunluqların qarşısını almaq üçün yeganə yol sayır. Həqiqətən sağlam ailə həyatı insan cəmiyyətinin xoşbəxt yaşayışını təmin edən mühüm amillərdəndir.

Bir gün Peyğəmbər (s.ə.v.v) minbərdən xalqa belə buyurdu: «Ey müsəlman milləti! Sizin qızlarınız ağacdakı yetişmiş meyvələr kimidirlər. Əgər vaxtı çatdıqda meyvə dərilməsə, günəş işığı və başqa amillər onu korlayar. Qızlarınızı da vaxtında ərə verməsəniz fəsadlar yarana bilər. Çünki onlar da bəşərdirlər və onların da insani ehtiyaclarına cavab verilməlidir».

İmam Baqir (ə)-ın yaxın adamlarından biri olan Əli ibni Əsbat, o Həzrətə yazdığı məktubda belə deyirdi: «Qızlarıma layiq və münasib həyat yoldaşı tapa bilmirəm. Vəzifəm nədir?» Həzrət cavabında belə yazmışdı:

«Ürəyin istədiyi cavanların tapılmasını gözləmə. Çünki, Peyğəmbər (s.ə.v.v) buyurub: Əgər qızlarınıza evlənmək üçün cavanlar elçilik etsələr və onların dini və əxlaqi cəhətdən eyibləri olmasa, qızlarınızı belələrinə ərə verin. Bundan qeyri surətdə oğlan və qızlarınızın fəsada düşməklərindən ehtiyat edin».

İslam evlənmək məsələsində heç bir maneə yaratmır. Əksinə, bunu ictimai mənafeyə xidmət kimi qiymətləndirir və bu yolda var gücü ilə çalışır. Evlənmək insanın cismini və ruhunu sakitləşdirməklə yanaşı, bəşər səadətinin təməlini də qoyur, cəmiyyətdə əxlaqi və cinsi stabillik yaradır. Çünki, ruhunda təşviş və nigaranlıq olan şəxslər həqiqi səadətə çata bilmirlər.

İslam nöqteyi-nəzərindən insani bağlılıq ürəklərin müqəddəs bağlılığı və rahatlıq amilidir. Nikah ona görədir ki, bunun sayəsində hər iki tərəf sağlam və rahat yaşamaq imkanı əldə edirlər. Bu da ona paklıq və təmizlik bəxş edir.

«Sizin üçün onlarla ünsiyyət edəsiniz deyə öz cinsinizdən zövcələr xəlq etməsi, aranızda dostluq, sevgi və mərhəmət yaranması da Onun qüdrət nişanələrindəndir».  ]

İslam dini ailə üzvləri arasında əlaqələri möhkəmlətmək məqsədilə, buna aid olan bütün qayda-qanunları göstərir və onları çox dəqiqliklə tanıtdırır. Qurani-Kərim evlənməni «möhkəm peyman» adlandırır  və ondan məqsədin maddi hədəflər olmadığını göstərir. Ailə üzvləri arasında mənəvi vəhdətin yaranması üçün, İslam onların bütün vəzifələrini kamil surətdə müəyyən etmişdir.

«Ər və arvadın bir-birlərinin boynunda qarşılıqlı haqları vardır.»  

Ər iqtisadi məsələlərə və ailənin maddi cəhətdən təmin edilməsinə cavabdehdir. Qadın isə övladın qayğısına qalmaq, onların tərbiyəsi ilə məşğul olmaq və ailə işlərinin tənzim edilməsi vəzifəsini öhdəsinə alır.

İslam dini qadının öz fitri vəzifələrini yerinə yetirməyi tövsiyə edir və onun hüquqlarının tapdalanmasına icazə vermir. Dinimiz qadının həm evdə, həm də ondan xaricdə ağır işlərlə həddən artıq məşğul olmasını qəbul etmir.

Əlbəttə, evdən xaricdə qadının işləməsinə zəruri hallarda icazə verilir. Amma həm fərdi, həm də ictimai işlərdə qadının yad kişilərlə birgə fəaliyyəti mümkün qədər məhdud olmalıdır.

Şübhəsiz ki, hər təşkilat və qurumun müəyyən bir başçıya ehtiyacı var. Ailə də özü-özlüyündə təşkilatdır və onun da məsuliyyətini öhdəsinə alan bir rəhbər olmalıdır. Başçısız qurum isə hərc-mərcliyə düçar olur və nəticədə məhv olub aradan gedir. Buna görə də ailənin başçılığını kişiyə və ya qadına tapşırmaq lazımdır. İndi görəsən onlardan hansı biri bu vəzifəyə daha layiqdir? Əlbəttə, bu təşkilatın məsuliyyətini qəbul etməyə, övladların qəyyumluğunu öhdəsinə almağa, başçılıq vəzifələrini yerinə yetirməyə və ailənin idarə olunmasının ağır yükünə dözməyə kişi qadından daha layiqlidir. Kişi ailədə hərc-mərcliyin qarşısını almağı qadından daha yaxşı bacarar. Qadının fitrətində mehribanlıq və məhəbbət daha dərin kökə malikdir. Ancaq kişi təbiət etibarilə hiss və atifədən daha çox əqlə tabe olur. Ona görə də «fikir» məsuliyyət qəbul etməkdə «mehribanlıqdan» daha münasibdir. İslam ailəyə başçılıq üçün kişini seçmişdir. Bu isə ailədə qadınla məsləhətləşmək, həmkarlıq və qarşılıqlı anlaşma ilə ziddiyyət təşkil etmir. Kişi ailəni ürəyi istədiyi kimi idarə etməməlidir. İslam kişini ailə başçısı təyin etsə də, qadına qarşı zor işlətməyi bəyənilməz bir iş sayır.

«[Qadınlar] açıq-aşkar pis bir iş görməyincə, özlərinə verdiyiniz şeylərin [mehriyyənin] bir hissəsini geri qaytarmaq məqsədilə onlara əziyyət verməyin. Onlarla gözəl rəftar edin».  

Kişi ailənin məsulu və keşikçisidir. Qadın da evin, ərinin və övladlarının məsuliyyətini öz öhdəsinə almalıdır. Bizim əsrdə ər-arvad münasibətlərinin və ailə tellərinin bu qədər zəifləməsi, habelə boşanmaların sayının artması, ən əhəmiyyətsiz və kiçik hadisələr üzündən ailələrin dağılması, nikahın məsuliyyətinə və həyati məsələlərə diqqətsizlik ucbatından olur.

Bir çox şəxslər evlənmə məsələlərində səmimiyyət və həmkarlıq, qadınla kişinin xüsusiyyətlərinin uyğun gəlib-gəlməməsinə diqqət yetirmir, ailə qurarkən ən çox sərvət, şəhvət və zahiri gözəlliklərə fikir verirlər. Mənəvi və ruhi məsələlərə əhəmiyyət verilmədiyi üçün yenicə qurulmuş ailə həyatı tez bir zamanda sarsılır, müxtəlif xüsusiyyətli ər-arvad arasındakı ziddiyyətlər günbəgün artır və dərinləşir. Ailədə hərc-mərclik, nizamsızlıq hökm sürdükdə isə o, tez bir zamanda dağılır. İslam ailədə belə münasibətləri qəti şəkildə rədd edir. Ailənin təşkili sərvət, şəhvət və zahiri gözəlliklərə görə olmamalıdır. Nikah iman, iffət və əxlaqi fəzilətlərə əsasən bağlandıqda və ailə İslami qaydalar əsasında idarə olunduqda, yuxarıda göstərilən arzuolunmaz hallar heç vaxt meydana çıxmır.

İslam Peyğəmbəri (s.ə.v.v) belə buyurur:

«Qadınla yalnız onun gözəlliyinə görə evlənən şəxslər, bu izdivacda xoşuna gəldiyi və axtardığı şeyləri tapa bilməyəcək. Təkcə sərvətə görə evlənənləri isə, Allah-taala özbaşına buraxar. Ona görə də sizə imanlı və iffətli zövcələr seçmək lazımdır».

İslami hədislərdə insanlar evlənməyə və ailə qurmağa təşviq edilirlər. Səhv və ağılsız bəhanələrlə ailə qurmayan şəxslər kəskin şəkildə tənqid olunurlar.

Rəsuli-Əkrəm (s.ə.v.v) buyurur:

«Evlənmək və nikah mənim ayinlərimdəndir. Bu ayinə əməl etməyənlər məndən deyildirlər».

İslam nöqteyi-nəzərindən alçaq, əxlaqsız və şəriətə riayət etməyən adamlarla evlənmək bəyənilmir. İslam Peyğəmbəri (s.ə.v.v) belə buyururdu:

«Çirkin və bulanıq bataqlıqların ətrafında bitən bitki və güllərdən dərməyin».

O Həzrətdən soruşdular: «Bataqlıq ətrafındakı bitkilər nədir?»

Peyğəmbər (s.ə.v.v) belə cavab verdi:

«Tərbiyəsiz və imansız ailədə böyümüş gözəl qadınlar».

Təbiidir ki, əxlaqi və dini qayda-qanunlara riayət etməyənlər ailənin səadət və xoşbəxtliyini təmin edə bilməzlər. Ona görə də İslam nikahda hər iki tərəfin yüksək əxlaqi keyfiyyətlərə malik olmasına xüsusi diqqət yetirir. Fəsad törədə biləcək nəslin yaranmasına səbəb olan imansız ailələrdən çıxmış adamlarla evlənməyi məsləhət görmür. Cavanlar ailə qurarkən İslamın qayda-qanun və tövsiyələrinə diqqət etsələr, gələcəkdə möhkəm və əsil müsəlman ailəsinin yaradılmasına səbəb ola bilərlər. Müasir dövrdə bəzi cavanlar elə təsəvvür edirlər ki, həyat yoldaşı seçməyin düzgün yolu evlənənə qədər bir-birlərilə gəzib-dolanmaq və müəyyən münasibətlərdə olmaqdadır. Halbuki, bu cür qanunsuz təmaslar əksər hallarda fəsad və əxlaqi pozğunluqlarla nəticələnir. Məhz bu məqsədlə öz müqəddəratını «gələcək Həyat yoldaşına» tapşıran, bir müddətdən sonra səhv etdiyini başa düşən aldanmış qızların statistikası adamı dəhşətə gətirir. İnsanların bir-birlərini yaxşı tanıması adətən uzun illər boyu davam edən münasibətlər nəticəsində baş verir və qısa müddət ərzində gələcək «ər-arvad» heç vaxt bir-birləri barəsində düzgün və obyektiv təsəvvürlər əldə edə bilməzlər. İnsanların əxlaqi və ruhi xüsusiyyətləri onların müxtəlif hadisələrlə və həyati sınaqlarla üzləşdiyi vaxt daha yaxşı üzə çıxır. Səbir və dözümlülük, mətanət, fədakarlıq və sair insani keyfiyyətlər çətin məqamlarda, həyatda qarşıya çıxan təbii imtahanlarda bəlli olur. Amma gəzinti, əyləncə və eyş-işrət vaxtı belə xüsusiyyətlər çox nadir hallarda aşkar edilir. Görəsən bulvarda, kinoda, restoranda və ya digər əyləncə yerlərində görüşməklə, kiminsə xüsusiyyətlərini lazımi şəkildə müəyyənləşdirmək olarmı? Əlbəttə, qəlbi məhəbbət hissi ilə döyünən gənclər heç vaxt öz nöqsanlarını biruzə vermir, əksinə süni şəkildə olsa da, özlərini ən yaxşı xüsusiyyətlərə malik adamlar kimi göstərməyə çalışırlar. Ehtirasların coşğun bir dövründə belə münasibətlər vasitəsilə cavanlar bir-birlərinə obyektiv qiymət verə bilərlərmi? Bu şəraitdə qurulan ailə həyatı adətən, axıradək tab gətirə bilmir. Bu cür «tanışlıq» nəticəsində qurulan ailədə ər-arvad sonradan öz eyb və nöqsanlarının şahidi olurlar.

İslam dini hər bir şəxsə evlənməzdən qabaq öz gələcək həyat yoldaşının zahiri qiyafəsini görməyə icazə verir və onun ruhi, əxlaqi xüsusiyyətləri haqda ətraflı məlumat əldə etməyi tövsiyə edir.

Ailənin səadəti ilk növbədə qadınla kişi arasındakı rabitənin və onların birgə yaşayışının necəliyindən asılıdır. Onların rabitələri nə qədər möhkəm olsa, o qədər də ailə xoşbəxtliyi artıq olacaq. Ruhi bağlılıq və çətinliklər qarşısında fədakarlıq həqiqi ailə səadətinin bərqərar olması üçün əsas şərtlərdəndir.

İslam dinində ailə mühitində yaşayan kişi və qadınlar üçün hüquqlar müəyyən edilmiş və onların hər birinin vəzifələrini dəqiq göstərən qayda-qanunlar təyin olunmuşdur. Bundan əlavə, əxlaqi cəhətdən də ailənin səadətini təmin edən göstəriş və tövsiyələr nəzərdə tutulmuşdur. İslam Peyğəmbəri (s.ə.v.v) belə buyurur:

«Ümmətimin ən yaxşı kişiləri öz ailəsi ilə xoş rəftar edənlərdir».

«Sizlərdən ən yaxşınız öz ailəsi ilə daha yaxşı rəftar edən kəslərdir və mən sizin hamınızdan çox öz ailəmlə xoş rəftar edirəm».

İslam dini qadının öz əri ilə xoş rəftarını «müqəddəs cihad» sayır.

Peyğəmbər (s.ə.v.v) belə buyurur:

«Qadının cihadı öz əri ilə yaxşı davranmaqdır». Müasir dövrdə cavanların evlənməsinə mane olan amillərdən biri də, ailə qurmaq üçün nəzərdə tutulan xərclərin həddindən artıq ağır olmasıdır. Cavanların əksəriyyəti belə böyük maddi imkanlara malik deyildirlər və bu da onların vaxtında ailə qurmasının qarşısını alır. İslam dini evlənmə xərclərinin indiki qədər yüksək olmasının qəti əleyhinədir və izdivacın ən sadə şəkildə, yüngül xərclərlə həyata keçirilməsini tövsiyə edir.

İslam Peyğəmbəri (s.ə.v.v) belə buyurur:

Qadının qədəmlərinin düşərgəli və mübarək olması, onun istəklərinin asanlığında və mehriyyəsinin az olmasındadır».

Şübhə yoxdur ki, ailə ixtilafları zamanı qadının əlində «ağır mehriyyə» adlı təzyiq vasitəsi olsa, özünü daha sərt aparar və tərslik edər. Həmin tərslik də ailənin dağılması ilə nəticələnə bilər. Bir gün Rəsuli-Əkrəm (s.ə.v.v) öz yaxın adamları ilə birgə söhbət edirdi. Bu zaman cavan bir qadın ona yaxınlaşıb salam verdi və dedi: «Ey Allahın Rəsulu! Mən bir cavanla evlənmək istəyirəm».

Peyğəmbər (s.ə.v.v) ətrafındakı cavanlara üz tutub buyurdu: «Kim bu qadınla evlənmək istəyir?» Bir nəfər buna razı olduğunu dedi. Həzrət (s.ə.v.v) ondan soruşdu: «Onun mehriyyəsini nə ilə ödəyəcəksən?» Həmin adam heç nəyə malik olmadığını bildirdi. Həzrət (s.ə.v.v) buyurdu: «Xeyr! Belə olmaz».

Digər bir cavan evlənməyə hazır olduğunu bildirəndə, Peyğəmbər (s.ə.v.v) ondan soruşdu: «Quran oxumağı bacarırsanmı?»

Cavan müsbət cavab verdikdə, Həzrət (s.ə.v.v) belə buyurdu: «Bu qadına Quran oxumağı öyrətsən, səni onunla evləndirərəm.»

İslam maddi çətinliklərin ailə qurmağa maneçilik törətməsinin əleyhinədir və sadə üsullarla evlənməyi təklif edir. İslam dini kasıbların məhrumiyyətlərinin üzərinə başqa çətinliklərin əlavə olunmasını istəmir.

«[Ey möminlər!] Aranızda olan subay kişiləri və ərsiz qadınları, əməlisaleh kölə və kənizlərinizi evləndirin. Əgər onlar yoxsuldurlarsa, Allah öz lütfü ilə onları dövlətli edər».  

Təbiidir ki, hər bir şəxs öz yaşayışını təmin etmək üçün daim çalışır. Amma evləndikdən sonra ailə-məişət problemlərini həll etmək üçün daha artıq səy göstərir. Buna görə də evlənmək həyat səhnəsində inkişaf amilinə çevrilə bilər. Qərb ölkələrində cinsi pozğunluqların artması və qadın-kişi münasibətlərindəki misilsiz açıq-saçıqlıq cavanların ailə qurmasına mane olan və tədricən nikahın əhəmiyyətini heçə endirən səbəblərdəndir.

Əyyaşlıq və cinsi azadlıq cavanlar arasında evlənməyə olan meyilləri kəskin surətdə azaldır.

Qərbdə nikahın sayının azalması və boşanmaların artması «mədəni cəmiyyət»lərdə ailə əsaslarının açıq-aşkar dağılma prosesinin sürətlənməsini göstərir.

Məşhur sosioloq Vill Dorant yazır:

Yeni cəmiyyətlərdə ailə təməli düzgün qoyulmur və əksər hallarda o, cinsi əlaqə əsasında qurulur. Buna görə də tez bir zamanda öz möhkəmliyini itirir. Ər və arvad hər biri öz «şəxsi» həyatını yaşayır. Onlar arasında əvvəllər mövcud olan coşğun ehtiraslar soyuyur və əlaqələr zəifləyir. Bir-birlərini aldatmaq halları və ardıcıl xəyanətlər görünməyə başlayır.

Böyük şəhərlərdə ailə qurmaq məsələsi demək olar ki, tənəzzül etməkdədir. Kişilərin öz həyat yoldaşlarından uzun müddət zövq ala bilmələri problemə çevrilib. Cinsi ehtiraslara əsaslanan evlənmələrin sayı günbəgün artır. Belə şəraitdə ər-arvadın qarşılıqlı xəyanətləri və ailəyə sədaqətin mənasız bir iş olması adi hal alır. Ailə öz müqəddəsliyini itirir, üzdəniraq adətlər ictimaiyyətdə ümumi bəlaya çevrilir.»

Dünya xalqları İslamda qadına verilən hüquqlardan, yüksək mövqedən və həqiqi azadlıqlardan xəbərsizdirlər. Qərbdəki qadın «azadlığı» isə cəmiyyətdə əxlaqsızlığın artmasından başqa bir şeyə gətirib çıxarmayıb.

İslam dini öz hüquq və azadlıqları çərçivəsində qadına yüksək imtiyazlar verir və bununla yanaşı, onların cəmiyyətdə fəsadlara səbəb ola biləcək hər hansı formada davranışının qarşısını alır.

«Mömin olub yaxşı işlər görən kişi və qadına xoş həyat nəsib edəcək və etdikləri yaxşı əməllərə görə mükafatlarını verəcəyik».  

İslam nöqteyi-nəzərindən kişi və qadın bir-birlərini təkmilləşdirirlər. Zəriflik və ya sərtlik onların heç biri üçün məziyyət hesab olunmur.

Allah onların dualarını qəbul edərək cavab verdi: «İstər kişi, istərsə də qadın olsun, mən heç birinizin əməlini puça çıxarmaram. Siz bir-birinizdənsiniz».   

Əxlaqi fəzilətlərə və yüksək imana malik olan bir çox qadınlar həqiqi səadətə nail olurlar. Amma nəfsani istəklərə, şəriətə zidd olan meyllərə uyan bir çox kişilər bədbəxtliyə düçar olurlar.

İslamın ilk çağlarında qadınların hüququ, imtiyaz və mövqeyi o qədər yüksəlmişdi ki, bəzən İslam hökuməti qadınlarla bağlı məsələlərə müdaxilə etməyə məcbur olurdu. Bütün sünni və şiə mənbələrinin təsdiq etdiyi belə bir tarixi hadisə diqqətəlayiqdir. Bir gün ikinci xəlifə Ömər minbərə çıxıb belə dedi: «Hər kəs 500 dirhəmdən artıq mehriyyə versə, onun artıq hissəsini müsadirə edib beytul-mala qatacağam!»

Orada iştirak edən qadınlardan biri Ömərə etiraz edib dedi: «Sizin bu əmriniz Allah hökmlərinin ziddinədir! Çünki, Allah-taala belə buyurur:

«Onlardan [qadınlardan] birinə çoxlu mal vermiş olsanız da, heç bir şeyi geri almayın». 

Ömər öz səhvini başa düşüb belə dedi: «Kişi səhv etdi, qadın isə həqiqəti dedi.» Bu tarixi hadisə bir daha İslamda qadının hansı yüksək mövqeyə malik olmasını sübut edir. Bir qadın xəlifə qarşısında etiraz edir və o da, cəmiyyətin hüzurunda öz səhvini etiraf edərək, Allah qanunlarına zidd olan göstərişini ləğv etməyə məcbur olur.

Bəli, İslam qadınları əsarət və köləlikdən qurtarıb, onlara kişilərlə bərabər hüquqlar verən bir dindir. Bu bərabərlik riyazi bölgülər əsasında deyil, fitri və təbii xüsusiyyətlərə görədir. Bu, zatən və mahiyyətcə mütləq bərabərlik deyil. Yaşayış şəraitində vəzifə etibarilə qadınla kişinin bərabərliyi yalnız xəyal aləmində mümkündür.

İslam öz qanunvericiliyində bəşərin təbii və fitri ehtiyaclarını həmişə nəzərə alır. Bu səbəbdən də qadınla kişinin təbii bərabərliyini təsdiq edir, mümkün olmayan şəraitdə isə məsələyə başqa meyarlarla yanaşır.

586-cı ildə Fransada dini şura qadınlar haqqında belə bir qərar çıxarmışdı: «Qadınlar kişilərə xidmət etmək üçün yaradılmış bir növ insandır».

Son əsrə qədər Avropa ölkələrində qadınlar hətta mülkiyyətdən istifadə etmək hüququndan məhrum idilər. İngiltərədə 1850-ci ildə qəbul edilmiş qanuna görə, qadınlar ölkə vətəndaşları sayılmırdılar və heç bir mülkiyyət hüququna malik deyildilər. Hətta əyinlərindəki paltarları da onların mülkiyyəti hesab edilmirdi! Səkkizinci Henri isə qadınlara dini kitab oxumağı qadağan edən bir fərman vermişdi.

1882-ci ildə Britaniyada təsdiq edilmiş yeni bir qanuna görə qadınlar həmin dövr üçün «misilsiz» hüquq əldə edirdilər. Onlar qazandıqları pulu istədikləri kimi xərcləyə bilər və öz ərlərinə təhvil verməmək ixtiyarı qazanırdılar!

Amma İslam dini 14 əsr bundan qabaq qadının xüsusi mülkiyyətə sahib olması və onun iqtisadi cəhətdən müstəqilliyini elan etmişdi. Qadın ticarətdən, hədiyyədən və sair yolla əldə etdiyi maliyyə vəsaitlərini ərindən asılı olmayaraq, istədiyi kimi xərcləməkdə azad və müstəqildir. Həqiqətən bu qanun İslam dini üçün iftixar sayılır.

«Kişilərin öz qazandıqlarından öz payı, qadınların da öz qazandıqlarından öz payı vardır».  

Mülkiyyətlə bağlı hüquqlardan əlavə, İslam dini evlənmək məsələsində də qadına azadlıq və müstəqillik verir. İslam nöqteyi-nəzərindən qadının razılığı olmazsa, onu heç kim ərə getməyə məcbur edə bilməz. Ümumiyyətlə, qadınla əlaqədar elə bir məsələ yoxdur ki, İslam qanunları onu ən yaxşı şəkildə həll etməmiş olsun.

Təəssüflər olsun ki, bu gün bir çox Şərq ölkələrində qadınların hüquqları lazımı formada təmin olunmur. Bu isə həmin ölkələrin ictimai, siyasi və iqtisadi vəziyyəti ilə bağlıdır. Bir çox müsəlman ölkələrində İslam qayda-qanunları deyil, qondarma və dinimizə zidd olan adət-ənənələr hökm sürür. Həmin ölkələrdə qadın hüquqlarının tapdalanmasında İslam dini deyil, bu dövlətlərin və hökumətlərin özləri günahkardırlar. İqtisadi çətinliklər şərq qadınlarının ağır vəziyyətə düşməsinə səbəb olan amillərdəndir. Belə ölkələrdə adamların bir hissəsi naz-nemət içində yaşayır, böyük bir hissəsi isə yoxsulluğa düçar olurlar. Bu şərait ailə mühitinə də təsir edir və ondan ən çox əziyyət çəkənlər isə qadınlar olurlar. Onlar öz şəri hüquqlarından istifadə edə bilmir və kişilərin öz hədlərini aşması adi hala çevrilir.

Aydındır ki, yoxsul cəmiyyətdə əxlaqi dəyərlər qiymətdən düşür, zor və ədalətsizlik bərqərar olur. Qadınların mövqeyini alçaldan səbəb məhz, həmin yoxsulluq və cəmiyyətin qeyri-islami qayda-qanunlarla yaşamasıdır.

İslam isə yoxsulluq və ədalətsizliklə mübarizə aparan bir dindir. O, sərvətin bütün adamlar arasında ədalətlə bölünməsini tövsiyə edir və qadınların hüquqlarının təmin olunması uğrunda mübarizə aparır.

Görəsən «mədəni cəmiyyət» uğrunda mübarizə aparan müasir qərb dünyasında qadın hansı məqam və dəyərə malikdir. Müasir dövrdə qadının mövqeyi demək olar ki, tənəzzülə uğrayıb. Çünki, bu dövrdə qadın kişinin heyvani ehtiraslarını doyurmaq üçün alətə çevrilib. Qadınlardan kütləvi informasiya vasitələrində, reklamlarda, restoran və ticarət mərkəzlərində təbliğat vasitəsi kimi istifadə edirlər. Amerikalı alimlərdən biri belə deyir: «Bu gün açıq sinəsini kişilərə göstərən bir qadın bir milyon, bir yumruq zərbəsi ilə adamı öldürə bilən kişi isə yarım milyon dollar pul qazanır. Amma öz elm və zəkası ilə milyonlarla insana xidmət yolunda saçını ağartmış bir alimin qazancı normal yaşayışı üçün kifayət etmir».

Professor Albert Kannolli öz məqaləsində belə bir həqiqəti açıqlayırdı:

«1919-cu ildə İngiltərə qadınları öz hüquqlarını əldə etmək üçün Parlamentlə mübarizə apardıqda, hətta ölüm və zindandan da qorxmurdular. Amma o zaman onların heç biri bilmirdi ki, gələcəkdə bu «hüquq azadlığı» qadınların ictimai vəziyyətini tam ayrı bir istiqamətdə dəyişib, onların bəzilərini pul qazanmaq üçün alətə çevirəcək. Əgər o vaxt mübarizə aparan qadınlar indi sağ olsaydılar, öz əvvəlki vəziyyətlərinin bərpa ediməsi üçün yenidən mübarizəyə başlayardılar».

0
0% (نفر 0)
 
نظر شما در مورد این مطلب ؟
 
امتیاز شما به این مطلب ؟
اشتراک گذاری در شبکه های اجتماعی:

latest article

KİTAB ƏHLİNİN ƏFV OLUNDUĞUNU BƏYAN EDƏN AYƏNİN NƏSXİ
Xanım Fatimeyi-Zəhranın(s.ə) mübarək mövlud günü
İSRAİL REJİMİ VƏ ONUN ÇİRKİN NİYYƏTLƏRİ (1)
Ramazan ayında şərab içməyin cəzası
Dünya möminin zindanı, kafirinsə behiştidir
ALTINCI FƏSİL: MƏHDİLİK ƏQİDƏSI BARƏSİNDƏ YARANAN MANEƏLƏR VƏ XOŞAGƏLMƏZ ...
Niyə Şiələr namazları cəm edərək ( Zöhr,Əsr və Məğrib ,İşa) qılırlar?
İMAM MƏHDİ (Ə) QURAN VƏ RƏVAYƏTLƏRDƏ
Quranda burucdan məqsəd nədir?
ƏHLİ-HƏDİS (4)

 
user comment