Sual 27: Bildiyimiz kimi qəşş edib özündən getmək və bihuş olmaq məsum imama yad olan və ona yaraşmayan bir haldır. Lakin nəql olunan rəvayətlərdən belə məlum olur ki, İmam Əli (ə) gecələrini ibadətlə keçirdiyi zaman Allahın əzəmətindən bihuş olar və qurumuş xurma ağacı tək yerində hərəkətsiz qalardı. Rvayətlərdən birində deyilir: İmam Səccad (ə) ölüm ayağında olduğu zaman qardaşına deyir: Bizim ailəmizdə kimsə huşunu itirməz.Bunu dedikdən sonra Əzrailin gəlişi ilə qardaşının əlini sıxaraq onunla birdəfəlik vidalaşır.
Bu da bizə məlumdur ki, insan huşunu itirdiyi zaman onun beyini öz işini dayandırır və insan ətrafda olanları əsla dərk edə bilmir. Bütün bunlar isə İmam Əli (ə) barədə nəql olunan rəvayətlərlə ziddiyətlik təşkil edir. Bu barədə açıqlama verə bilərsinizmi?
Cavab: Imamın məsumluq məqamına layiq olmayan hal ağıl və dərrakənin tamamilə itirilməsi və dəlillik adlanan xəstəliyə tutulmasıdır. Lakin İmam Əli (ə)-mın ibadət zamanı bütün yad düşüncələrdən ayrılaraq ruhən aləmlərin Rəbbinə bağlanması tam fərqli bir haldır. Belə bir hal tək İmam Əli (ə)-ma deyil, bəlkə digər məsum imamlarda da müşahidə olunmuşdur. İmam Baqir (ə)-mın namaz qılarkən oğlunun su quyusuna düşməsini, İmam Səccad (ə) ibadətdə olduğu zaman evinin od tutub yanmasını lakin onların bütün bunlardan xəbərsiz olmalarını buna misal çəkmək olar.1
______________________________________________
1- Mərhum Nəraqinin ,,Camius-səadat”-adlı kitabında deyilir: Döyüşlərdən birində İmam Əli (ə)-mın ayağına ox batır və öxun bir hissəsi onun ayağında qalır. Həzrəti Fatimə (ə) həkimlərə bu işi Əli (ə) namaz qılarkən görmələrini məsləhət görür və onlar oxu onun ayağından məhz namazda çıxara bilirlər. Lakin deyə bilər ki, necə ola bilər ki, namaz üstə oxun ayağından çıxarılmasını hiss etməyən bir şəxs başqa bir vaxt namaz qılarkən məscidə axil olan və məscid əhlindən kömək istəyən diləncinin səsini duysun və ruku halında ona öz üzüyünü bağışlasın? Cavabında deyirik: Qəlb namaz halında bir neçə mərhələdə qərar tutur.Onun birinci mərhələsi Allaha üz tutmaq və yalnız Onu xatırlamaqdır.Sonraki mərhələləri isə diğər məxluqata diqqət yetirməkdir. Ən son mərhələ isə Allahın zikrində qərq olmaqdır. Məlum məsələdir ki,belə bir hal yəni, Allahın zikrində qərq olmaq daimi olmamış bəlkə namazın bir hissəsində təzahür etmişdir. Lakin bütün namaz boyu qəlbən Allaha bağlanmışdır. Ruku halında dilənçiyə öz üzüyünü sədəqə verməsinə gəldikdə isə bunun heçdə Allaha qəlbi bağlılığın zəif olması ilə heç bir əlaqəsi yoxdur. Çünki əslində ibadətdə ibadət etmiş və bu işin hər ikisini də, yəni həm namaz qılmağı, həmdə sədəqə verməyi Allahın Özü əmr etmişdir. Və Əli (ə) hər iki vacib ibadəti ən gözəl tərzədə bir yerdə yerinə yetirmişdir. Bir sözlə hər iki əməl Allaha itaət və Allaha bəndəlikdən savayı bir şey olmamışdır.)
Qeyd olunan hallar peyğəmbər və imamlarda Allahın əzəmət və heybətinə olan böyük iltifat və idrakın ən yüksək dərəcəsinə çatdıqda əldə olunur. Bu səbəbdən də onlar daim belə bir mənəvi halın qorunub saxlanılmasına can atmış və Allah-Təaladan bu işdə onlara yardımçı olmasını istəmışlər. Bundan qeyrisini isə özləri üçün böyük nöqsan bilmiş və hər zaman Allah-Təaladan bağışlanmalarını diləmişlər. Belə ki, daim Allahın heybət və əzəməti qarşısında kiçilib Ondan bağışlanma diləmək özünü insanın ruh və vücudunda da biruzə verir və nəticədə qəşş etməyə oxşar hal müşahidə olunur. Lakin əgər hər iki halətin baş verməsinə diqqət yetirəriksə nəzərə çarpacaq fərqlərin olduğunun şahidi olarıq. Belə ki, insan adi halda xəstəlik və ya müxtəlif səbəblər üzündən qəşş etdikdə bədən orqanları ilə beyin arasındaki əlaqə kəsilir və insan hərəkətsiz qalır.Bir haldaki, Allahın heybət və əzəməti qarşısında qəşş edən məsum ibadətini axıra qədər davam edir və Allahla olan əlaqəsini bir anda olsun kəsmir. Buradan belə bir qənaətə gəlmək olur ki, məsumlarda ibadət zamanı müşahidə olunan halət adi qəşş etmə ilə tamamilə fərqli olmuş və onların arasında heç bir oxşarlıq olmamışdır.
************