Ümumiyyətlə yaradılışın başlanğıc və sonu barəsində olan üslublar bir-birindən fərqlidir. Hədis əhli, mütəkəllimlər, filosoflar, ariflər, təcrübi və təbii elmlər tərəfdarlarının hər biri özünəməxsus yol və üsluba malikdirlər. Hədis əhli üsulidinə aid məsələlərdə də füruidin məslələri kimi təslim və tabeçilik tərəfdarı olub hər bir təfəkkür, deduksiya və məntiqlə müxalifdirlər. Onların fikrincə, din sahəsində olan məsələlərin heç birində — istər üsulidinlə bağlı məsələ olsun, istərsə də füruidinlə — bəhs edərək dəlil gətirmək olmaz. Həmin sahədə mütləq şəkildə sükut etmək lazımdır. Kitab və sünnədə Allah-taalanın diri, alim, qadir, iradə sahibi və ədalətli olması bildirilib. Biz peyğəmbərlərin sözlərinə e`tiqad bəslədiyimiz üçün onların hamısını qeydsiz-şərtsiz qəbul etməliyik. Məsələn, ədalət və adilin nə olması və Allah-taalanın hansı məntiqi dəlilə əsasən ədalətli olması barəsində düşünməyimizin heç bir lüzumu yoxdur. Bu məsələlər barəsində düşünmək bid`ət və haramdır.
Təbii ki, bu qrup üçün ədalət adlı məsələ yoxdur, yə`ni onlar heç vaxt özlərini ilahi ədalət barəsində qarşıya çıxan suallara cavab vermək zərurətində görmürlər.
Bu nəzərin əsassız olması aydın məsələdir. Biz «Fəlsəfənin əsasları və realizm üsulu» kitabının beşinci cildinin müqəddiməsində bu fikrin əsassızlığı barəsində söhbət etmişik və burada bir daha həmin məsələyə qayıtmağı lazım bilmirik.
Digər qruplar isə təfəkkür və düşüncəni mümkün sayıb müxtəlif yollarla bəhs və araşdırmalar aparıblar.
Mütəkəllimlər ədalət məsələsində iki dəstəyə bölünüblər. Onların bir qrupu, yə`ni əş`ərilər öz təfəkkürlərində bu nəticəyə gəliblər ki, ədalət sifəti, Allahın işlərindən başa düşülən və ondan ayrılan bir sifətdir. Onların fikrincə, heç bir iş öz zatında ədalət və ya zülm deyildir. Hər hansı bir iş, Allahın işi olduğu üçün ədalətdir. Bundan da əlavə, Allahdan başqa - istər müstəqil nəzərə alınsın, istərsə də qeyri-müstəqil, heç bir fail yoxdur. Buna görə də zülm heç bir mə`na daşımır. Onlar ədalət məfhumuna «O, Allahın işidir və ədalət olduğu üçün Allahın işi deyil, Allahın işi olduğu üçün ədalətdir» ifadəsindən başqa bir tə`rif tapmayıblar.
Təbii ki, bu qrupun fikrincə heç bir qayda-qanun da mövcud deyildir. Məsələn, ədalət prinsipinə əsaslanaraq tam qətiyyətlə Allahın xeyirxah şəxsə mükafat verərək günahkarı cəzalandıracağını deyə bilmərik və həmçinin qəti şəkildə Allahın Qur`anda verdiyi və`dələrə əməl edəcəyini də iddia edə bilmərik. Bəlkə məsələ belədir ki, Allah-taalanın xeyirxahları mükafatlandırması və günahkarları cəzalandırması ədalətdir. Amma birdən bunun əksini etsə, onun işi yenə də ədalət olacaq. Allahın verdiyi və`dəyə əməl etməsi də ədalətdir, etməməsi də! Həmçinin Allahın vücuda gəlmək imkanı olan şeyi vücuda gətirməsi də ədalətdir, gətirməməsi də. Çünki ədalət Onun etdikləridir.
Ədaləti inkar etməmələrini iddia etmələrinə baxmayaraq, ədalət barəsindəki açıqlamaları əməldə onların ədaləti inkar etmələrini göstərir. Buna görə də əş`ərilərin müxalifləri, yə`ni şiələr və mö`təzilə ardıcılları «Әdliyyə» adı ilə məşhurlaşıblar və bu, o deməkdir ki, əş`ərilərin dedikləri ədalətin izahı deyil, inkarıdır.
Bu qrup baxımından da təbii ki, ilahi ədalət barəsində heç bir məsələ irəli sürülə bilməz. Bunlar ədalət barəsində yaranan suallara cavab verməkdə, hətta birinci qrupdan da azaddırlar.
Onlar öz fikirlərində «tənzih» (Allahı nalayiq sifətlərdən pak bilmə) yolunu tutmaq və Allahı yaradılışda şirk və zülmdən uzaqlaşdırmaq istəyiblər. Buna görə də, bir tərəfdən Allahdan başqa hər bir şeyin işlərdə tə`sir qüvvəsinə malik olmasını rədd ediblər və digər tərəfdən də ədalət sifətini Allahın işlərindən sonrakı məqamda yerləşdiriblər. Belə ki, işlərin pislik və yaxşılığının əqli olmasını kökündən inkar edərək deyiblər ki, hər hansı bir işin ədalətli olmasının yeganə mə`nası, onun Allaha nisbət verilməsidir. Onlar dedikləri bu müqəddimədən belə bir nəticəyə gəliblər ki, Allah-taalanın fail olmaqda şəriki yoxdur və O, heç vaxt zülm etməz.
Amma onlar əslində Allahın yerinə, bəşəriyyətə olmazın zülmlərini rəva görən zalımları münəzzəh edərək onlara bəraət qazandırıblar. Çünki bu növ təfəkkür tərzindən alınan ən sadə və aydın nəticə budur ki, filan zalım heç nə etmir, bəlkə bütün şeyləri Allah edir. Bəs Allah etdiyi üçün də həmin iş zülm deyil, tam ədalətdir. Çünki bu məktəbin fikirlərinə əsasən ədalət, işin yalnız Allahın işi olmasından başqa mə`naya malik deyil. Digər tərəfdən də Allahdan başqa heç bir iş görən və tə`sir qüvvəsi olmadığı üçün varlıq aləmində heç cür «zülm» yoxdur. Bəlkə də Abbasi xəlifələrindən olmuş Mütəvəkkil kimi zalımların əş`əriləri himayə etmələrinin səbəbi onların sözlərinin zalımların istədikləri mə`nanı verməsidir.
Sizcə bu məntiq və nəticə ilə məzlum və zülmə düçar olmuş şəxs, dini baxımdan hansı vəzifəni daşıyır və o nə etməlidir? Sualın cavabı çox aydındır.
Amma, «Bu mütəkəllimlər Qur`anın bəşəriyyətin zalımlarına nisbət verdiyi çoxlu zülmlər və bu ilahi kitabın, zülm və zalımlarla mübarizə sahəsində insanların öhdələrinə qoyduğu vəzifələr barəsində nə deyirlər?» sualını əş`ərilərin özlərindən soruşmaq lazımdır.
Digər mütəkəllimlər, daha doğrusu tanınmış kəlam alimləri əş`ərilərin bu məntiqini kəskin şəkildə tənqid və rədd ediblər. Onlar nə Allahdan başqasının tə`sir qüvvəsinə malik olmasını, nə də əməli tövhid bəhanəsi ilə bəşəri zülmü rədd ediblər. Әş`əri olmayan mütəkəllimlər, yə`ni Şiə və mö`təzilənin kəlam alimləri işlərin gedişinin Allaha nisbət verilib-verilməməsini nəzərə almadan, ədaləti dünyanın işlərində gerçək həqiqət kimi qəbul edərək işlərin yaxşı və pis olmasının əqli və zati olmasına qail olublar.
Bu mütəkəllimlərin fikrincə, işlərin yaxşı və pisliyi prinsipi bəşəri işlərin me`yarı olduğu kimi, ilahi işlərin də me`yarı ola bilər. Buna görə də həmin dəstə ilahiyyat məsələlərində həmişə həmin əslə istinad edir. Onlar bu əsası və ədalətin yaxşı, zülmün isə pis olmasının tam aydın olmasını nəzərə alaraq, həmin məsələni əxlaqi əsas kimi «rübubi» (Pərvərdigara aid məsələlər) səviyyədə irəli sürərək belə deyirlər:
Zati baxımdan ədalət yaxşı, zülm isə pisdir; sonsuz əql olan və hətta bütün ağılları ilhamlandıran Allah, ağılın yaxşı və gözəl hesab etdiyi işi tərk etməz və həmçinin ağılın pis və qəbih saydığı işi görməz.
Amma sonra işarə edəcəyimiz başqa yolla getmiş ilahi filosoflar əməli tövhid baxımından Allahın xaliq və yaradan olmasında şirk məsələsini rədd etməklə yanaşı, failliyi yalnız Haqqın zatına məxsus bilmirlər. Həmçinin işlərin yaxşı və pis olmasını Haqqın işlərindən sonrakı məqam və varlığın quruluşundan ayrılma hesab etməklə yanaşı, Allahın zülmdən pak və uzaq olmasını bildirirlər. Ilahi filosoflar işlərin yaxşı və pisliyini inkar etmirlər və əş`ərilərin nəzərini rədd edirlər. Amma onlar həmin məfhumların əhatə dairəsini yalnız insan həyatı çərçivəsi hesab edirlər. Ilahi filosoflar baxımından yaxşı və pis məfhumları Allah barəsində me`yar və miqyas rolunu oynamır və Allah-taalanın işlərini tamamilə bəşəri olan bu me`yar və ölçülərlə təfsir etmək olmaz.
Filosofların fikrincə, Allah-taala ədalətlidir, amma bu, ədalət yaxşı olduğu və Allahın iradəsi həmişə pis deyil, yaxşı işlər görmək istiqamətində olduğu üçün deyil. Allah-taala zülm etmir və O, zalım deyil. Amma bu, zülmün pis və çirkin olduğu və Allah pis işlər görmək istəmədiyi üçün də deyil. Ilahi ədalətin me`yarı, daha doğrusu ilahi ədalətin mə`nası tam başqa şeydir və bu barədə sonra danışılacaq.
Filosofların fikrincə, insanda bəşəriyyətin vicdani əxlaqını təşkil edən işlərin yaxşı və pisliyi fikri həqiqi deyil, şərti bir düşüncədir. Şərti düşüncənin dəyəri elmi və kəşf edilmə deyil, əməli dəyərdir. Onun yeganə dəyəri budur ki, o, vasitə və alət rolunu oynayır. Faili bil-qüvvə özünün iradi əməllərində kamillik hədəfinə çatmaq üçün «iş vasitəsi» kimi bu cür düşüncələr quraraq onlardan istifadə etmək məcburiyyətindədir. Allahın sırf vücud, tam kamal və xalis fe`liyyət olan müqəddəs zatı, bu qism faillik, düşüncələr və vasitələrdən istifadənin bütün formalarından uzaqdır.
Həqiqi və şərti düşüncələr arasındakı fərqin nə olması və zehnin yaxşı və pis qism düşüncələri necə düzəltməsi məsələsi isə çox ali və lətif bir bəhsdir ki, onların barəsində İslam fəlsəfəsində geniş şəkildə danışılmışdır və biz burada həmin bəhslərə daxil ola bilmərik.
Filosoflar Allahdan başqasının failliyini əş`ərilərin vəsf etdiyi formada rədd etmirlər və təbii ki, bəşəriyyətin zülm törətməsi və insanların zülmün cəmiyyətdən kəsilməsi istiqamətindəki mübarizədəki vəzifə və məs`uliyyət daşımalarını qəbul edirlər. Digər tərəfdən işlərin yaxşılıq və pisliyi məsələsinin Allahın işləri üçün me`yar və miqyas edilməsini düzgün saymırlar. Islam fəlsəfəsinin heç bir yerində, əslində Allah üçün vəzifə müəyyənləşdirmək olan bu əslə istinad edilməyib.
Filosofların və Әş`əri olmayan mütəkəllimlərin fikrincə, ilahi ədalətə tutulan iradlar, həll yolu göstərilməli olan bir sıra məsələlər kimi ortaya çıxıb.
Bu arada digər bir dəstə də var və onlar iddia edirlər ki, kəlam və fəlsəfi yolların hamısı əqli və zehnidirlər və həmin yollar heç bir təcrübi və aşkar müşahidəyə əsaslanmırlar və buna görə də onlar e`tibarsızdır. Üsulidin, yə`ni yaradılışın başlanğıc və sonu ilə bağlı məsələlərdə, təbii elm alimlərinin getdikləri yollarla getmək lazımdır. Ilahi ədalət məsələsi və onunla bağlı iradlara cavabları da yaradılış ünsürləri, cari quruluşlar və onlarda olan gizli hikmətləri araşdırmaqla həll etmək lazımdır.
Biz, bu nəzəriyyənin də düz və ya səhv olması barəsində «Fəlsəfənin əsasları və realizm üsulu» kitabının beşinci cildinin müqəddiməsində söhbət etmişik və burada həmin söhbətlərin bir daha təkrar edilməsini lazım bilmirik. Maraqlananlar həmin kitaba müraciət edə bilərlər.
Ilahi ədalətin sonra deyəcəyimiz iradları, bu dəstə üçün də həll yolları axtararaq cavab verilməli olan məsələlərdəndir. Həmin məsələ bunlar üçün hətta daha ciddidir. Çünki filosof və mütəkəllimlərin Allahın varlığı və Onun sifətlərinin bə`zisini isbat etmək üçün istifadə etdikləri yolların yalnız biri dünyanın möhkəm və həkimanə quruluşa malik olmasıdır və onların yolları bu bir yolla məhdudlaşmır. Buna görə də onlar ədalət və zülm məsələsinin iradlarını məntiqi yolla həll edə bilməsələr, onların Allah barəsindəki e`tiqad və imanlarına heç bir xələl gəlmir. Çünki Allahın varlığı yaradılış quruluşları yollarından başqa digər yollarla onlar üçün qətidir. Allahın varlığı və ədalətli olması onlar üçün başqa yollarla tam aydın olduğu üçün, onlar məsələlərin müfəssəl izahının öhdəsindən gələ bilməmələrinə baxmayaraq, yaradılışda ilahi ədalət məsələsinə ümumi iman gətirirlər. Amma bu yol bu dəstə üçün yeganə yoldur. Buna görə də onlar yaradılışda ədalət və zülm və ən yaxşı yaradılış baxımından izah və yozumu çətin olan məsələlərlə qarşılaşsalar, onların Allah barəsindəki iman və düşüncələrinin əsası titrəyir. Mə`lumdur ki, bu güzgü, ilahi ədalətin əks etdirilməsində azacıq çirkli olsa və ya onun əksini göstərsə, iş kökündən dəyişəcək.
Bu qrupun fikrincə, ədalət və zülm müəmması həll edilməyincə, Allahın varlığı barəsində qəti nəzər vermək olmaz, çünki ilahi ədalətlə bağlı iradlar Onun vücudu, yə`ni yaradılışın kamillik və tamlığına xələl gətirir.
Әllamə Hilli «Təcrid» kitabının şərhində Allahın elmi barəsindəki bəhsində deyir ki, yaradılışdakı şər və nöqsanlar barəsindəki iradların həll edilməməsi, Haqq-taalanın elm və hikmətində naqislik kimi qiymətləndirilir.