Şübhəsiz, Əhli-Beyt ¢ məktəbinin nəfis inci xəzinələrindən olan və ardıcıllarının vasitəsilə qorunub saxlanılan mədəni-maarif mirası islami maarifin müxtəlif yönlərində olan hərtərəfli bir məktəbdir. Bu məktəb qeyd olunan zülal çeşməsindən mümkün qədər su içməyə qabiliyyəti olan iste`dadlı insanları tərbiyə etmiş, İslam ümmətinə bu məktəbin yolunu gedən böyük alimlər və dahi şəxsiyyətlər təqdim etmişdir. Bu böyük alimlər də mütəmadi olaraq əsrlər boyu – həm islam cəmiyyətinin daxilində, həm də xaricində – müxtəlif ideologiyalar və məzhəblər müqabilində düzgün mövqe seçərək, onlara ən dolğun və qənaətbəxş cavablar vermişlər.
“Ümumdünya Əhli-Beyt ¢” cəmiyyəti öhdəsinə aldığı bu məs`uliyyətli vəzifəni yerinə yetirmək və İslamla müxalif olan müxtəlif firqə və məzhəb başçıları tərəfindən risalət hüdudları və onun həqiqətlərinə qarşı yönələn ardıcıl hücumlar qarşısında onu müdafiə etmək üçün Əhli-Beyt ¢ və bu haqq məktəbin davamçılarının üslubunu davam etdirmək əzmindədir.
Bu xüsusda Əhli-Beyt ¢ məktəbi alimlərinin dəyərli kitablarında mövcud olan təcrübələr öz növbəsində misilsizdir. Çünki onlar əql və bürhan əsasında olan dərin elmi üsullara arxalanır və boş təəssübkeşlikdən və nəfsani istəklərdən uzaqdır, onun dinləyiciləri mütəxəssis alimlər və mütəfəkkirlərdir ki, onlara sağlam fitrətin qəbul etdiyi və əqlin bəyəndiyi bir tərzdə xitab edir.
“Ümumdünya Əhli-Beyt ¢” cəmiyyəti həqiqət aşiqləri üçün bu məktəb alimlərinin, yaxud bu şərəfli məktəbin ardıcılı olmaq və Allahın ne`mət verdiyi şəxslərin yazdığı müasir zəngin elm və mə`rifət xəzinəsini onlara təqdim etmək üçün yeni bir mərhələni qarşıya qoymuşdur. Bundan əlavə, qədim şiə alimlərinin də bu məqsədlə yazdığı nəfis əsərlər onların ixtiyarına verilir ki, haqq axtaranlar üçün bir hədiyyə olmuş, “Ümumdünya Əhli-Beyt ¢” cəmiyyətinin bəşərin əqli səviyyəsinin yüksələrək təkamülə çatdığı, ruhun çox sür`ətlə inkişaf etdiyi bir əsrdə bütün dünyaya təqdim etmək istədiyi həqiqətlərə yol açılmış olsun.
Əziz oxuculardan xahiş edirik ki, özlərinin dəyərli tənqid və təkliflərini yazıb bizə göndərsinlər. Eləcə də, bütün alimləri, müəllif və mütərcimləri, mədəni-maarif mərkəzlərini də`vət edirik ki, əsl İslam mədəniyyətinin yayılmasında öz köməklərini əsirgəməsinlər.
Allah-taaladan aciz surətdə istəyirik ki, bu azacıq işi bizdən qəbul etsin, bizi Özünün xüsusi nəzərləri sayəsində və yer üzündəki höccətinin – İmam Məhdi ™-ın himayəsində qərar versin!
Bu dəyərli kitabın müəllifi Ayətullahül-üzma Seyyid Əbül-Qasim Xoi (rəhmətullahi əleyh)-in ulu ruhuna dua edir, onu Azərbaycan dilinə tərcümə edən İsmail Əhmədov cənablarına, eləcə də kitabın çapa hazırlanmasında zəhmət çəkən bütün şəxslərə, xüsusilə tərcümə bölməsinin əməkdaşlarına dərin minnətdarlığımızı bildiririk.
“Ümumdünya Əhli-Beyt ¢” cəmiyyətinin mədəni-maarif şö`bəsi
MÜƏLLİFDƏN
﴿هَـذَا بَيَانٌ لِّلنَّاسِ وَهُدًى وَمَوْعِظَةٌ لِّلْمُتَّقِينَ﴾
Bismillahir-Rəhmanir-Rəhim
Hələ kiçik yaşlarımdan Qur᾽an oxumağa və onun sirləri ilə tanış olmağa yüksək maraq göstərirdim. Hər bir həqiqi müsəlman, hətta hər bir həqiqətsevər insan Qur᾽anı oxuyub dərk etməyə və onun dərin sirlərindən agah olmağa sə᾽y etməlidir. Çünki Qur᾽an bəşəriyyəti haqqa hidayət edən və onların xoşbəxt həyatını tə᾽min edən səmavi kitabların ən sonuncusu və kamilidir. Qur᾽an hər şeyi açıq-aşkar bəyan edən, hamı üçün xeyirli olan ilahi nur mənbəyidir. Qur᾽an lüğət alimləri üçün ən böyük söz mənbəyi, qrammatika alimləri üçün aşkar izahlar toplusu, fiqh alimləri üçün ən canlı şahid, filosofların axtardığı maarif, xətiblər üçün fəsahətli bəyan tərzləri, əxlaq alimləri üçün isə ən gözəl etik mənbə və dərslikdir.
Bir sözlə Qur᾽an, alimlərin bütün sahələrdə apardıqları təhqiqatların tükənməz elm və bilik xəzinəsidir.
İctimai və siyasi elmlər, həyat və məişət qanunları, bəşəriyyətin ictimai idarəetmə üsulları və s. Qur᾽anda hamının başa düşə biləcəyi bir tərzdə bəyan edilmişdir. Bir çox dini elmlər məhz bu səmavi kitabdan bəhrələnmiş və zaman keçdikcə vahid məktəb kimi formalaşmağa başlamışdır. Qur᾽an dünyaya hakim olan bir çox qanunları kəşf etmiş və insanlar üçün sirr olaraq qalan bir çox məsələlərin üzərindən zülmət pərdəsini qaldırmışdır.
Bu müqəddəs kitab, mövcud olan həqiqi din üçün əbədi mö᾽cüzə və mükəmməl qanunlar məcmusudur. Bütün bunların mənim uşaq ikən Qur᾽ana həvəs göstərməyimdə və onun sirləri ilə tanış olmağımda çox tə᾽siri olmuşdur. Mən müntəzəm olaraq Qur᾽anın açılmayan sirlərinə yol tapmağa sə᾽y edir və buna nail olduqda özümdə Qur᾽ana qarşı oyanan yüksək rəğbətin daha da artdığını hiss edirdim.
Beləliklə də, müxtəlif təfsir kitablarını araşdırır və orada, haqqında söhbət açılan mövzulara diqqət yetirirdim. Mütaliə zamanı Qur᾽anın nə qədər fəsahətli və hikmətli olmasının, Allah-taalanın mütləq və tükənməz elminin və insanların onu dərk etməkdə necə də aciz qaldıqlarının şahidi olurdum. Belə bir qənaətə gəlirdim ki, insan özünü Allah-taalanın elm və qüdrəti qarşısında nə qədər kiçik və aciz hesab etsə də, o, təsəvvür etdiyindən daha aciz və daha gücsüzdür. Qur᾽an təfsirini mütaliə etdikcə onun əzəməti mənim nəzərimdə daha da ucalır, insanın bilik və məharəti isə bir o qədər kiçilir və dəyərsizləşirdi.
Yazılmış təfsir kitablarını mütaliə edərkən belə bir qənaətə gəldim ki, təfsir alimlərinin Qur᾽an ayələrindən əldə etdikləri cüz᾽i mə᾽lumatlar yalnız onun açılmayan sirlərinin bir hissəsini təşkil edir. Onlar əldə etdikləri mə᾽lumatları bir yerə toplayaraq kitab halına salmış və müxtəlif ünvanlar altında ona təfsir adını vermişlər. İlk baxışda bu təfsirlər Qur᾽anın açılmayan sirlərinin hamısını aşkara çıxarmalı və toxunulmayan mövzuları təfsir halında izah etməli idilər. Amma bu qeyri-mümkündür. Çünki insan kimi əql və şüur baxımından naqis olan bir varlığın elmi hər şeyi əhatə edən kamil bir varlığı tamamilə dərk etməsi və onun ayələrini ətraflı şəkildə yozması qeyri-mümkündür.
Amma necə olursa-olsun, biz bu yolda böyük zəhmətlər çəkən və ömürlərinin sonunadək Qur᾽an ayələri ətrafında araşdırmalar aparan təfsir alimlərinin gördükləri işləri qiymətləndirməli və onları lazımınca dəyərləndirməliyik.
Çünki onlar bu müvəffəqiyyətə, qəlblərinə saçan Qur᾽an nuru ilə nail olmuş və bu yolda əllərindən gələni əsirgəməmişlər. Ümumiyyətlə, adi insanlardan Qur᾽anın mükəmməl və nöqsansız təfsir yazmasını gözləmək düzgün təvəqqö deyildir.
Lakin onlardan bə᾽zilərinin böyük və bəlkə də bağışlanmaz bir nöqsanı vardır. O da bə᾽zi alimlərin Qur᾽anın əzəmət və böyüklüyündən xəbərsiz olduqları halda, ayələrini öz ixtisaslarına uyğun olaraq tərcümə etmələridir. Məsələn, dilçi alimlər Qur᾽anı yalnız lüğət və qrammatik qanunlar əsasında, filosoflar fəlsəfi qanun və terminlərə uyğun şəkildə və bə᾽ziləri də yeni elmi üsullarla təfsir etməyə çalışmışlar. Onlar belə güman etmişlər ki, Qur᾽an məhz bu nöqteyi-nəzərdən nazil olmuşdur. Bütün bunlarla yanaşı, təfsir kitablarında bə᾽zən başqa bir üslubla da qarşılaşırıq. O da bə᾽zi alimlərin Qur᾽anı öz şəxsi rə᾽yləri və heç bir e᾽tibarı olmayan şəxslərin söylədikləri rəvayətlərə əsaslanaraq təfsir yazmalarıdır.
Qeyd etmək lazımdır ki, mövcud təfsirlərin əksəriyyətində müəyyən nöqsan və çatışmazlıqlar vardır. Buna görə də hər bir alim təfsirə başlamazdan qabaq öz şəxsi rə᾽y və nəzərlərini kənara qoymalı, Qur᾽anın həqiqi mə᾽nasına yol tapıb, ixtisar və yersiz əlavələrə yol vermədən təfsir etməlidir. Başqa sözlə desək, Qur᾽an müfəssirin şəxsi rə᾽yi ilə deyil, Qur᾽anın öz zahiri ayələri ilə təfsir olunmalıdır.
Sözün əsl mə᾽nasında həqiqi müfəssir o kəsdir ki, fəlsəfə bəhslərindən agah, əxlaqi dəyərlərə yiyələnmiş və fiqhin dərinliklərinə yol tapmış olsun. O, yaşadığı cəmiyyəti yaxşıca tanımalı və orada baş verən prosesləri bir sosioloq kimi araşdırmağa qadir olduqdan sonra Qur᾽anı təfsir etməlidir. Qur᾽anda işarə olunan digər elmlərə gəldikdə də, bu üsuldan istifadə etməli və Qur᾽anı həmin elmin tələbatını ödəyəcəyi qaydada təfsir etməlidir. Bəli, hər bir müfəssir ilk növbədə Qur᾽anın bütün elm və fəsillərindən agah olmalı, bu barədə lazım olan mə᾽lumatları əldə etdikdən sonra Qur᾽anı təfsir etməyə başlamalıdır. Belə olduqda, o neçə cilddən ibarət olan Qur᾽an təfsirinin elmi, əxlaqi, sosioloji, fiqhi və s. ensiklopediyasını tə᾽lif edə bilər.
Bütün bunları nəzərə alaraq belə qərara gəldim ki, Qur᾽anın bütün gözəlliklərini bəyan edə biləcək bir təfsir yazım. Bu müqəddəs işdə Allah-taaladan mərhəmət və kömək etməsini, bütün səhv və batil təfəkkürdən məni qorumasını diləyirəm.
* * *
Bu təfsirdə qrammatik qanunlara və ədəbi mövzulara işarə etməyəcək, əvəzində isə Qur᾽anın müxtəlif mə᾽nalarına toxunan mövzular haqqında söhbət açacağıq. Çünki Şeyx Tusi «Tibyan»da, Təbərsi «Məcməul-bəyan»da, Zəməxşəri «Kəşşaf»da qrammatik və ədəbi mövzular ətrafında geniş mə᾽lumatlar vermiş və nəzərə çarpan bütün çətinlikləri qismən də olsa, aradan qaldırmışlar və biz yalnız onların toxunmadıqları mövzulara işarə edəcək və müxtəsər şəkildə təfsir edəcəyik. Burada, siz əziz oxucuların diqqətini bir neçə məsələyə cəlb etmək istəyirəm:
a) İstinad etdiyimiz mövzular bunlardan ibarətdir:
1. Qur᾽anın zahiri ayələri;
2. Qur᾽anın hamıya bəlli olan açıq-aşkar ayələri;
3. Sənəd baxımından mö᾽təbər olan mütəvatir hədis və rəvayətlər;
4. Əhli-beyt (ə) tərəfindən nəql olunmuş hədislər;
5. Sağlam fitri əql. Çünki əql xarici və batini dəlil hesab olunur.
Belə ki, Peyğəmbər (s) və onun pak Əhli-beyti bizim üçün zahiri (xarici) dəlil hesab olunur.
b) Adətən təfsir etmək istədiyimiz ayəni digər ayələrin məfhumu ilə izah etməyə çalışacağıq. Bir sözlə, Qur᾽anı dərk etmək üçün ilk növbədə onun özündən və eyni zamanda təfsir etdiyimiz ayələrə dəlalət edən hədis və rəvayətlərdən – sübut və dəlil kimi – istifadə etmişik.
Müqəddimədə təfsirin özü ilə bilavasitə bağlı olan mətləblərə işarə edilmişdir. Bu mə᾽lumatlar, təfsir elmində hələ toxunulmayan məsələlərin açılmasında və müfəssirin təfsir sahəsində istifadə etdiyi üsullardan agah olmasında xeyirli ola bilər. Biz bu kimi məsələləri təfsirə başlamazdan əvvəl araşdırır və adını «Qur᾽an təfsirinə giriş» qoyuruq.
Burada Qur᾽anın e᾽cazı, dəyişikliyə yol verilməzliyi, əbədi olaraq vahid formada qalaraq qorunacağı və bu kimi mətləblər ətraflı izah edilmişdir. Bu kitabı yazıb başa çatdırmaqda Allah-taaladan müvəffəqiyyət istəyir və həmçinin Ondan bu kiçik işimi Qur᾽ana xidmət kimi qəbul etməsini diləyirəm.